A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: NUR TƏFSİRİ (beşinci cild) Möhsin Qəraəti
Müəllif: Möhsin Qəraəti
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
  İrəli


NUR TƏFSİRİ

BEŞİNCİ CİLD

MÜƏLLİF: MÖHSÜN QƏRAƏTİ

TƏRCÜMƏ EDƏN: H. ARZU



RƏHMAN VƏ RƏHİM ALLAHIN ADI İLƏ

Həmd olsun aləmlərin Rəbbinə! Allahın salamı olsun ağamız Məhəmməd (s) və onun məsum Əhli-beytinə!

Ön söz

Qum elmi hövzəsində ümumi (səth) mərhələni bitirdikdən sonra bir qədər də “Dərsi-xaric” oxuyub, Quranla daha dərindən tanış olmaq fikrinə düşdüm. Bəzi dostlarla birlikdə bu istiqamətdə fəaliyyətə başladıq. Hərəmiz bir təfsiri mütaliə edib, xülasə şəkildə qeydlər götürürdük. Beləcə, Quranın bir neçə cüzünü sonadək mütaliə etdik.

Həmin vaxt eşitdim ki, Ayətullah Məkarim Şirazi bir qrup alimlə təfsir yazmaq qərarına gəlib. O mənim təfsir yazılarımı görüb bəyəndi və mən də onlara qoşuldum.

İyirmi yeddi cildlik “Təfsiri-nümunə”nin başa çatması on beş il çəkdi. Həmin təfsir indiyədək dəfələrlə çap olunmuş və başqa dillərə tərcümə edilmişdir. “Təfsiri-nümunə”nin təqribən yarısı yazılıb tamamlandığı vaxt imam Xomeyninin (r) rəhbərliyi ilə İslam inqilabı qələbə çaldı. Elə həmin ilk günlərdə mərhum Əllamə Şəhid Mütəhhərinin göstərişi ilə televiziyaya getdim. Artıq iyirmi yeddi ilə yaxındır ki, hər cümə axşamı İran İslam Respublikasının televiziyasında “Quran dərsləri” adı altında proqramda çalışıram.

“Təfsiri-nümunə” başa çatanadək həmin heyətlə həmkarlıq etdim. Amma bu arada belə bir fikrə düşdüm ki, radioda hamının anlaya biləcəyi bir səviyyədə təfsir dərslərinə başlayım. Bu məqsədlə “Təfsiri-nümunə”dən əlavə, başqa on təfsirdən də qeydlər götürdüm. Artıq səkkiz ildir ki, həftədə bir gün, eləcə də, ramazan ayında hər gün “Ayineye vəhy” adı altında radio verilişləri yayımlanır.

Dəfələrlə təklif edildi ki, radiodan danışdıqlarımı kitab şəklində nəşr etdirim. Öz yazılarımdan bir neçə cüzünü Ayətullah hacı Seyyid Mehdi Ruhani, Ayətullah Misbah Yəzdi üçün oxudum və öz təfsir üslubuma daha çox əmin oldum. Qeydlərimi tərtib üçün höccətül-islam Məhəmmədi və höccətül-islam Mühəddisiyə təqdim etdim. Məcmuə hazır olduqdan sonra onu Qumun “Dər-rahe həqq” müəssisəsinə verdim ki, Ayətullah Ustadinin nəzarəti altında çap olunub, maraqlananların ixtiyarına verilsin.

Həmkarlar

Qurani-kərimin ilk dörd cüzünün təfsirinin hazırlanmasında höccətül-islam Dehşiri və höccətül-islam Cəfəri həftənin yarı hissəsini Tehrana gəlib, mənə kömək etdilər.

Beşinci cüzdən on altıncı cüzədək isə höccətül-islam Seyyid Cavad Behişti və höccətül-islam Şeyx Mahmud Mütəvəssil bu müqəddəs işdə həmkarlıq etmişlər.

İmtiyazlar

1. Bu təfsirdə yalnız xüsusi zümrənin anlaya biləcəyi ədəbi, fiqhi, kəlami, fəlsəfi terminlərdən pəhriz edilmişdir.

2. Rəy əsasında təfsirdən pəhriz olunmuş, yalnız Quran ayələri və Peyğəmbər (s) Əhli-beytindən (ə) olan rəvayətlərə istinad edilmişdir.

3. Bir çox bildiriş və dərslərdə mötəbər şiə və sünni təfsirlərindən istifadə edilmiş, bəzi nöqtələr isə müəllif və əziz həmkarlar tərəfindən açıqlanmışdır.

Allahdan istəyirik ki, hər birimizə ixlas, düşüncə, əməl, təbliğ və Quran maarifinin yayılması və bu müqəddəs işi başa çatdırmaq tövfiqi mərhəmət buyurub, Quranı bizim üçün dünya, bərzəx və qiyamət nuru qərar versin.

Xalqdan istəyim budur ki, Quran təlimində yalnız tilavət, təcvid, tərtil və təvaşihlə kifayətlənməyib, Quranda düşünməyi və ona əməl etməyi əsas götürsünlər.

Alim və fazillərdən təmənnam budur ki, təbliğ və tədrisdə Quran ali bir məqsəd kimi qarşıya qoyulsun və bütün məntəqələrdəki elmi mərkəzlərdə, mədəniyyət ocaqlarında, məscidlərdə və mədrəsələrdə Quran təfsiri dərsləri təşkil edilsin.

İslam, Quran və Peyğəmbər (s) Əhli-beyti (ə) ilə tanışlığımda rolu olanlara təkbətək təşəkkür edir, onlar üçün, xüsusi ilə də ustadlarım, atam-anam üçün bağışlayan Allahdan mərhəmət diləyirəm.

Eləcə də, bu təfsirin yazılmasında, tərtibində, islahında, çapında və yayılmasında mənə yardım edənlərə və işin təkmili üçün qurucu və faydalı tənqid və təklif verənlərə təşəkkür edirəm.

Möhsün Qəraəti


 

Ayətullah hacı Seyyid Mehdi Ruhanidən bir neçə xoş söz

Rəhman Rəhim Allahın adı ilə

Bəşər həyatında, tarixi dönəmlərdə, xüsusi ilə də müsəlman tarixində böyük təsirə malik olan Qurani-kərimə onun məqamına layiq səviyyədə diqqət yetirilmədiyindən bu ilahi kitab xalq arasında qərib qalmışdır. Hansı ki, Quranda “Biz Quranı öyüd üçün asan etdik” buyurulur. Bununla belə, bir çoxları Quran dəyərlərini yaddan çıxarıb ona diqqətsizlik göstərmişlər. Necə ki, keçmiş ümmətlər haqqında Quranda buyurulur: “Onlara xatırladılanların bir hissəsini unutdular...”[1]

Qurani-məcid əvvəldən axıradək bəşər üçün ilahi göstərişlərdən ibarətdir. Bütün bu bəyanatlarla tanış olmaq zəruridir. Xüsusi ilə də bəşəriyyətin dünyəvi və əbədi səadət yolunu göstərən ayələr və onlardakı nöqtələr haqqında düşünmək lazımdır. Qurani-məciddə həzrət Peyğəmbərə (s) belə müraciət olunur: “Sənə nazil etdiyimiz mübarək bir kitabdır ki, onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri öyüd götürsünlər.”[2]

Bu müqəddimənin istəyi Qurani-məcidin bütövlükdə elə bir təfsirinin hazırlanmasıdır ki, bu təfsirdə əsas diqqət ayələrin mənasının dərk olunmasına yönəldilsin. Məlum olsun ki, hər bir ayənin məqsədi nədir, nəyə etiraz edir? Müasir dillə desək, bu təfsir “bəyani” bir təfsir olsun.

Adətən, təfsir kitabları daha çox ədəbiyyat, onun şöbələri, kəlam elmi, məzhəbi mübahisələr istiqamətində peşəkar araşdırmalarla məşğul olur. Hər bir mütəxəssis öz ixtisasına aid terminlərlə araşdırma aparır. Bundan əlavə, mövzu haqqında söhbətlər olduqca uzun çəkir və bu hal insanların Qurani-məcidlə bütövlükdə tanış olmasına mane olur. Bəziləri isə Quran ayələrini şəxsi, çox vaxt isə yanlış əqidəsinin sübutu üçün əsas gətirir.

Son zamanlar elm adamlarının ehtiyacına cavab verəcək bir təfsirin hazırlanması zəruri görünürdü. Həmin təfsirin hazırlanmasında aşağıdakı məsələlərə diqqət yetirilməli idi:

1. Təfsir həm sadə və yetərli, həm də güclü olmalı idi;

2. Quranın dərk olunmasını çətinləşdirən xüsusi terminlərdən pəhriz edilməli idi;

3. Həyat problemlərini həll edən, müsəlman cəmiyyətinə təqdim olunası, hətta tərcümə edilib bütün dünyaya yayılası (bəşəriyyəti, təqva sahiblərini hidayət edəsi) mövzular araşdırılmalı idi. Çünki Quran mətləbləri konkret bir zaman, fərd və ya cəmiyyətə aid deyil;

4. Ayələrdən alınan nəticələrdə Quran ayələrinə istinad olunmalı idi. Rəyə və şəxsi istəklərə, zəif rəvayətlərə əsaslanmaq olmazdı;

5. Həzrət Peyğəmbərin (s) göstərişi əsasında “Səqəleyn”dən (iki əmanətdən) biri olan Əhli-beytdən nəql olunmuş mötəbər rəvayətlərə diqqət yetirilməli idi.

Bu prinsiplər Möhsün Qəraətinin təfsirində nəzərə alınmışdı. Əgər həmin prinsiplərdən kənarlaşma müşahidə edilərsə, bu, məqsədli şəkildə edilməmişdir və inşallah, gələcəkdə islah olar.

Ümid edirəm ki, dəyərli alim höccətül-islam Möhsün Qəraəti elmi keyfiyyətlərindən əlavə, təfsir sahəsində zövq sahibidir və ilahi kəlmələrin lətafətini yaxşı dərk edir. Onun öz təfsirini bu üsul və imtiyazlarla sona çatdıracağına ümidvaram.

Uyğun təfsirin bir cüzdən çoxunu müəlliflə birlikdə müzakirə etdik və bəzi qeydlərimi ona bildirdim.

Əziz müəllif hər bir ayəni sadə və yetərli bir şəkildə tərcümə etdikdən sonra onun mahiyyətini şərh etmişdir. Uyğun şərhlərdə müəllifin “bildirişlər” adlandırdığı nöqtələrə toxunulmuşdur. Əslində bu nöqtələr təfsirin ruhunu açıqlayır. Düzünə qalsa, bir çox məqamlarda həmin nöqtələr müəllifin xüsusi ixtirasıdır və xüsusi təravətə malikdir.

Ümid edirəm ki, Qurani-kərim bir gün hövzə və universitetlərdə əsas mehvər olacaq. Necə ki, imam Zeynəlabidin (ə) “Səhifeye-səccadiyyə” kitabında Quranın xətm duasında buyurur: “Quran elə bir ədalət tərəzisidir ki, haqqın bəyanında dili qısa deyil.”

Ümid edirəm ki, əziz müəllifin təfsir şivəsi və ixtiraçılıq yolu Quranın ali mətləblərinin gerçəkləşməsində irəliyə doğru bir addım olacaq. İnşallah, bu addım son addım olmaz və nəzər sahibləri növbəti addımlarda bu üsulu təkmilləşdirərlər.

09 Rəbius-sani, 1414

Mehdi Hüseyni Ruhani


 

Müəllifdən

Şəmsi 1378-ci ildə ilk cildin yenidən nəşri üçün növbəti dəfə “Nur təfsirini” diqqətlə mütaliə etdim. İxtisarlar və əlavələr oldu. Allahın lütfü ilə ağlıma gələn yeni mətləblər və “Təfsiri-rahnüma”, “Nüxbətut-təfsir” kitablarındakı bəzi nöqtələr mətnlərə əlavə edildi.

Bir anlıq fikrə getdim. Düşündüm ki, cəmi iki-üç il keçmiş öz əlimlə dəyişdiyim yazı əgər qiyamətə çatsa, övliyaların, mələklərin, ən əsası Allahın nəzərindən keçsə, nə qədər dəyişəcək?! Bütün bu dəyişikliklər o zaman faydalı olur ki, işin canında qeyri-ilahi niyyət olmasın.

Hər halda xeyli zəhmət çəkdim. Amma qiyamətdə bu təfsirin bir səhifəsinin də mənim qurtuluşuma səbəb olub-olmayacağını bilmirəm!

Sözsüz ki, Quran nurdur. Təfsirdə nə nöqsan varsa, bizim nöqsanımızdır. Gülzarda torpaq gülə döndüyü kimi, ümid edirəm ki, Quranın nurani ayələri sayəsində bizim də yazılarımız nura çevrilsin. Amin!

Möhsün Qəraəti


BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM

“TÖVBƏ” SURƏSİ

9-cu surə, 129 ayə

On, on birinci cüzlər

“Tövbə” surəsinin siması

Qurani-kərimin 129 ayədən ibarət olan 9-cu, “Tövbə” surəsi hicrətin 9-cu ilində nazil olmuşdur.[3] Surənin bir hissəsi Təbuk döyüşündən öncə, bir hissəsi döyüş gedişində, digər bir hissəsi döyüşdən sonra nazil olmuşdur.

Rəvayətlərdə surənin ən məşhur adları “Tövbə” və “Bəraətdir”. Surənin “Tövbə” adlandırılmasının səbəbi bu surədə insanın tövbəsinə, ilahi lütfün qayıdışına dəfələrlə işarə olunmasıdır. Surənin “Bəraət” adlanmasının səbəbi isə, onun müşriklərdən cana doymasının elanı ilə başlamasıdır.

Bəzi təfsirçilər bu surədəki mövzuları “Ənfal” surəsinin davamı saymışlar. Onların nəzərincə, elə bu səbəbdən surə “Bismillahir-Rəhmanir-Rəhim”-siz başlamışdır. Amma bizim, peyğəmbər əhli-beytinə (ə) əsaslanan əqidəmizə görə, bu surə müstəqildir və onun “Bismillah”-sız başlamasının səbəbi onda müşriklərə qəzəbli tərzdə müraciət olunmasıdır. Çünki “Bismillah aman vermək üçün, bəraət isə amanın götürülməsi üçündür.”[4]

Surənin əhəmiyyətini anlamaq üçün həzrət Peyğəmbərin (s) bir buyruğunu xatırlamaq kifayət edir: “Bəraət” və “Tövhid” surələri yetmiş min mələyin müşayiəti ilə nazil oldu.”

 

Ayə 1:

﴿بَرَاءةٌ مِّنَ اللّهِ وَرَسُولِهِ إِلَى الَّذِينَ عَاهَدتُّم مِّنَ الْمُشْرِكِينَ

“(Bu ayələr) Allah və Onun peyğəmbəri tərəfindən müşriklərdən əhd-peyman bağladığınız kəslərə nifrət (və onlarla olan əhd-peymanın ləğv edilməsi və onlara verilən amanın aradan qaldırılması) bildirişidir.”

Nöqtələr

◘Bu surənin adı rəvayətlərdə “Bəraət” və “Tövbə” kimi qeyd olunduğundan, onun “Ənfal” surəsinin davamı yox, müstəqil bir surə olduğu anlaşılır.

◘Surənin hədələyici məzmun səbəbindən “Bismillah”sız gəlməsi göstərir ki, digər surələr sadəcə dəbdəbə xatirinə “Bismillah”la başlamamışdır. “Bismillah” həmin surələrin tərkib hissələridir.

◘Bəraət elan olunmasının səbəbi kafirlərin əhdi pozması idi. Bu məsələyə 7, 8-ci ayələrdə toxunulmuşdur. Ümumi qanunlara əsasən isə qarşı tərəf bağlanmış əhdi pozanadək bu əhdə sədaqət göstərilməlidir. 4-cü ayədə buyuruldu: “Əhdi pozmamış, fitnəyə yol verməmiş müşriklərlə müddət başa çatanadək əhdinizə vəfa qılın.” Bundan əlavə, müsəlmanlar zəif olduqlarından belə bir peyman bağlamışdılar. Əslində isə onların arzusu şirkin mümkün qədər tez aradan götürülməsidir.

Ayələrin elan olunma macərası

◘Hicrətin 8-ci ili Məkkə fəth olundu. Amma müşriklər hələ də xurafat və çaşqınlıq qatqılı ibadətlərini yerinə yetirmək üçün Məkkəyə gəlirdilər. Onların adətlərindən biri də bu idi ki, təvaf etdikləri libası sədəqə verirdilər. Birdən təvaf etmək istəyən qadının əlavə libası olmadıqda kafirlər onu çılpaq şəkildə təvaf etməyə məcbur edirdilər. Belə bir vəziyyətdə təvaf edən qadını ətrafdakılar seyr edirdilər.

Bu hal qüdrət zirvəsində olan Peyğəmbər və müsəlmanlar üçün dözüləsi hal deyildi. Həzrət Peyğəmbər (s) ilahi göstəriş intizarında olduğu vaxt Mədinədə bu surə nazil oldu. Həzrət (s) Əbu-Bəkrə göstəriş verdi ki, bu ayələri Məkkə əhlinə oxusun. Belə bir iş üçün Əbu-Bəkrin seçilməsi səbəbi onun yaşlı olması və kimsənin ona qarşı həssaslıq göstərməməsi ola bilərdi.

Amma Əbu-Bəkr Məkkəyə yaxınlaşdığı vaxt Cəbrail Allah tərəfindən belə bir göstəriş gətirdi ki, ayələri peyğəmbər ailəsindən olan bir şəxs oxumalıdır. Həzrət Peyğəmbər (s) bu iş üçün həzrət Əlini (ə) seçib buyurdu: “Mən ondanam, o isə məndən.” Həzrət Əli (ə) Əbu-Bəkri yarıyolda saxlayıb ayələri ondan aldı və Məkkəyə gedib müşriklərə oxudu.

◘Bu surədəki ayələrin Həzrət Əli (ə) vasitəsi ilə çatdırılma macərası sünnə əhlinin də kitablarında nəql olunmuşdur. Bu məsələ səhabələr, Əbu-Bəkr, Əli (ə), İbn-Əbbas, Ənəs ibn Malik, Cabir ibn Abdullah Ənsari tərəfindən rəvayət edilmişdir. Bir çox digər mənbələrdə də uyğun məsələyə toxunulur.[5]

Fəxr-Razi və Alusi kimi bəzi sünnə əhli alimləri çalışmışlar ki, bu seçimin əhəmiyyətini azaltsınlar və bu iş Həzrət Əli (ə) üçün imtiyaz sayılmasın. Onlar bildirirlər ki, uyğun iş üçün Əlinin (ə) seçilməsində məqsəd onun qəlbini ələ almaq olmuşdur. Düz belə bir məqsədlə təhlükəli iş tapşırılması mümkünsüzdür. Bir çox müşriklərin müsəlmanlarla savaşda öldürüldüyü, əksər müşriklərin qəlbində kin-küdurət alovlandığı bir vaxt uyğun ayələrin müşriklərə oxunması çox təhlükəli bir iş idi.

◘Allah-təala həzrət Musaya Fironun yanına gedib onu tövhidə dəvət etmək göstərişi verdiyi vaxt Musa dedi: “Pərvərdigara, mən onlardan birini öldürmüşəm və qorxuram ki, qisas alalar. Qardaşımı da mənimlə göndər. Halbuki Həzrət Əli (ə) bir çox şirk başçılarını öldürmüşdü. Belə bir vəziyyətdə o tək-tənha onların yanına gedib, tam aramlıqla “Bəraət” ayələrini oxudu. Bu iş Mina və Cəməreyi-əqəbə kənarı kimi həssas bir məhəldə gerçəkləşdi.

◘Həzrət Əli (ə) tərəfindən kafirlərə elan olunan nöqtələr: Bəraətin və peymanların ləğvinin elanı; növbəti ildə müşriklərə həcdə iştirakın qadağan olunması; çılpaq halda təvafa qadağa qoyulması; müşriklərin Allah evinə daxil olmasının qadağan edilməsi.

◘Quranın bir çox ayələrində Allah və Onun rəsulunun adı yanaşı çəkilir. O cümlədən: Hədiyyə və lütf məsələsində[6]; beyət məsələsində[7]; itaət və ardıcıllıq məsələsində[8]; başqalarından bəraət və üz çevirməkdə.

Bildirişlər

1. Müşriklərlə peymanı rəhbər ləğv edə bilər. (Müsəlmanlar müşriklərlə bir-birlərinə hücum etməmək barədə peyman bağlamışdılar.)

2. Əhd-peymana vəfa qılmaq lazımdır, amma heç vaxt fitnəyə təslim olmamalıyıq.

3. Bağlanmış peyman hüquqi baxımdan möhtərəm olsa da, müşriklərdən və azğınlardan qəlbən üz çevrilməsi dini bir prinsipdir.[9]

4. Qanun Allah tərəfindən verilsə də,[10] əməldə peyğəmbər də iştirak edir.

5. Bəraət qətilik və iqtidar göstəricisidir. Düşmənin fitnəkarlığı qarşısında susmaq isə zəiflikdən danışır.

6. Müəyyən şərtlər daxilində müşriklərlə peyman bağlamaq olar.

7. Düşmənin fitnə və xəyanətkarlığı səbəbindən peyman ləğv olunduqda onlara bu barədə xəbərdarlıq etmək lazımdır.

 

Ayə 2:

﴿فَسِيحُواْ فِي الأَرْضِ أَرْبَعَةَ أَشْهُرٍ وَاعْلَمُواْ أَنَّكُمْ غَيْرُ مُعْجِزِي اللّهِ وَأَنَّ اللّهَ مُخْزِي الْكَافِرِينَ

“(Ey müşriklər,) yer üzündə (azad) dolanmağınız üçün dörd ay möhlətiniz var və bilin ki, Allahı məğlub edə bilməzsiniz. Allah kafirləri zəlil edəndir.”

Nöqtələr

◘Bəraət zilhiccəayının onuncu günü (Qurban bayramı) elan olundu. Demək, dörd ay möhlət rəbius-sani ayının 10-da başa çatdı.[11]

◘Rəvayətlərə əsasən 4 ay möhlət öncədən peyman bağlamayanlara aid idi. Peyman bağlanmış insanlara isə həmin peymanda nəzərdə tutulmuş vaxta qədər möhlət verilmişdi. Bu müddət 4 aydan az və ya çox ola bilərdi.

Bildirişlər

1. Müqaviləni pozduqdan sonra düşmənə düşünmək üçün möhlət verin. (Tarixi mənbələrdə bildirilir ki, həmin dörd ay möhlət zamanı müşriklərin çoxu İslamı qəbul etdi.)

2. İqtidarda olduğunuz vaxt elan etməmiş hücuma keçməyin.

3. İslamı qəbul etmək istəməyənlər bilməlidirlər ki, haraya getsələr, Allahın hakimiyyətindən qaça bilməyəcəklər.

4. İslamla döyüş Allahla savaşdır.

5. İlahi sünnə, qayda budur ki, haqqa qayıdış imkanını əldən verdikdə insan bədbəxt olur.

 

Ayə 3:

﴿وَأَذَانٌ مِّنَ اللّهِ وَرَسُولِهِ إِلَى النَّاسِ يَوْمَ الْحَجِّ الأَكْبَرِ أَنَّ اللّهَ بَرِيءٌ مِّنَ الْمُشْرِكِينَ وَرَسُولُهُ فَإِن تُبْتُمْ فَهُوَ خَيْرٌ لَّكُمْ وَإِن تَوَلَّيْتُمْ فَاعْلَمُواْ أَنَّكُمْ غَيْرُ مُعْجِزِي اللّهِ وَبَشِّرِ الَّذِينَ كَفَرُواْ بِعَذَابٍ أَلِيمٍ

“(Bu ayələr, elan) böyük həcc günü Allah və Onun rəsulu tərəfindəndir. Allah və Onun rəsulu müşriklərdən üz çevirmişlər. (Bununla belə,) əgər tövbə etsəniz, sizin üçün daha yaxşıdır. Əgər üz çevirsəniz, onda bilin ki, heç vaxt Allahı aciz qoya bilməzsiniz. Kafirləri dərdli əzabla müjdələ.”

Nöqtələr

◘Surənin ilk ayəsində bəraət müşriklərin özünə elan olunurdusa, burada bütün xalqın müşriklərdən bəraəti, üz çevirməsi elan edilir.

◘ “Həcce-Əkbər” dedikdə ya qurban bayramı günü, ya Ərəfə günü, ya da həcc mərasimi nəzərdə tutulur.[12] Ümrə isə “kiçik həcc” adlandırılır.

Bildirişlər

1. Düşmənin özünü məzlum göstərməsinin və sizə qarşı təbliğatının qarşısını almaq üçün xalqı vəziyyətdən xəbərdar edin.

2. Təbliğdə zaman və məkan amilini nəzərdən qaçırmayın.

3. Həm təşviq, həm də hədədən istifadə edin.

4. Rabitələri kəsərkən onları bərpa etmək üçün baca saxlayın.

5. Dörd ay möhlət Allahın acizlik yox, lütfünü göstərir.

 

Ayə 4:

﴿إِلاَّ الَّذِينَ عَاهَدتُّم مِّنَ الْمُشْرِكِينَ ثُمَّ لَمْ يَنقُصُوكُمْ شَيْئًا وَلَمْ يُظَاهِرُواْ عَلَيْكُمْ أَحَدًا فَأَتِمُّواْ إِلَيْهِمْ عَهْدَهُمْ إِلَى مُدَّتِهِمْ إِنَّ اللّهَ يُحِبُّ الْمُتَّقِينَ

“Peyman bağladığınız, sizə münasibətdə öhdəçiliyini pozmayan və sizə qarşı çıxanlara yardım göstərməyən müşriklərlə peymanlarınızı müddəti başa çatanadək saxlayın. (Əhdinizə vəfalı olun.) Həqiqətən, Allah təqva əhlini sevir.”

Nöqtələr

◘Yalnız əhdi pozmuş və fitnəkar müşriklərə bəraət elan etmək olar. Bənu-Zumərə və Bənu-Xəzimə kimi əhdinə vəfa edən qəbilələrlə peymanı qorumaq lazımdır. Ayədə onlar istisna olunur.

◘Həzrət Əli (ə) buyurmuşdur: “Müddətli peymanlarınıza müddət başa çatanadək vəfa qılın. Müddətsiz peyman bağladığınız kəslərə 4 ay möhlət verin.”

Bildirişlər

1. Peymana hörmətlə yanaşanlarla bağlanmış peymanlar möhtərəmdir.

2. Hətta müşriklərlə də olsa, bağlanmış peymana vəfa qılmaq lazımdır.

3. Düşməninizə yardım göstərən şəxs sizə düşməndir. Peymanın qorunma şərtlərindən biri qarşı tərəfin İslam düşmənlərinə yardım göstərməməsidir. İslam düşmənlərinə yardım göstərən kəs bu şərti pozmuşdur və sizə düşməndir.)

4. Əhd-peymana vəfa təqva nişanəsidir.

 

Ayə 5:

﴿فَإِذَا انسَلَخَ الأَشْهُرُ الْحُرُمُ فَاقْتُلُواْ الْمُشْرِكِينَ حَيْثُ وَجَدتُّمُوهُمْ وَخُذُوهُمْ وَاحْصُرُوهُمْ وَاقْعُدُواْ لَهُمْ كُلَّ مَرْصَدٍ فَإِن تَابُواْ وَأَقَامُواْ الصَّلاَةَ وَآتَوُاْ الزَّكَاةَ فَخَلُّواْ سَبِيلَهُمْ إِنَّ اللّهَ غَفُورٌ رَّحِيمٌ

“Haram aylar ötüb keçdikdən sonra müşrikləri harada tapsanız öldürün, həbs edin, mühasirəyə salın, hər yerdə onlara pusqu qurun. Tövbə etsələr, namaz qılsalar, zəkat ödəsələr onlara yol açın (azad buraxın). Həqiqətən, Allah bağışlayan və mehribandır.”

Nöqtələr

◘Məkkədə on üç il peyğəmbəri və müsəlmanları incitmiş və hicrətdən sonra da 9 il məkrindən əl çəkməmiş kafirlər məhvə layiqdirlər.

◘ “Həys” (حیث) sözü həm zaman, həm də məkanla bağlı işlədilir.

◘İmam Baqir (ə) buyurmuşdur: “Şirkdən tövbə yolu iman gətirməkdir.”[13]

Bildirişlər

1. Bütün dəvət mərhələlərini adladıqdan sonra müşriklər yenə də düşmənçiliyə əl atarsa, onların məhvi üçün bütün yollardan istifadə edin. Məsələn, öldürün, əsir götürün, yollarını bağlayın, mühasirəyə salın.

2. Həm qətiyyət, həm də mülayimlik lazımdır.

3. Səmavi din azadlığı qəbuldur. Amma düşüncə azğınlığı, ağıl və insanlığın süqutu dözüləsi deyil.

4. Müsəlmanlar daim fitnəkarları nəzarətdə saxlaalı, bir növ pusquda dayanmalıdırlar.

5. Müsəlmanların təhlükəsizlik şəbəkələri hətta sərhəd xaricində fitnəkarları nəzarət altında saxlamalıdır.

6. Fitnəkar düşmənlərin məhvi üçün bütün sərhədlərə və nüfuz yollarına nəzarət edilməlidir.

7. Hətta döyüş gedişində tövbəni qəbul edək. Çünki İslam düşmənçilik və intiqam yox, mərhəmət və böyüklük dinidir.

8. Tövbə əməllə müşayiət olunmalıdır. Əməlsiz tövbələrə aldanmayaq.

9. Şirkin tövbəsi iman gətirməkdir. Həqiqi tövbə nişanəsi namaz və zəkatdır.

10. Namaz ibadətlərin birincisidir. Dini şüarlara (namaz və zəkata) hörmətlə yanaşanlara qarşı çıxmayaq.

 

 

 

Ayə 6:

﴿وَإِنْ أَحَدٌ مِّنَ الْمُشْرِكِينَ اسْتَجَارَكَ فَأَجِرْهُ حَتَّى يَسْمَعَ كَلاَمَ اللّهِ ثُمَّ أَبْلِغْهُ مَأْمَنَهُ ذَلِكَ بِأَنَّهُمْ قَوْمٌ لاَّ يَعْلَمُونَ

“Əgər müşriklərdən biri səndən aman və pənah istəsə, ona Allah kəlamını eşitməsi üçün pənah ver, sonra onu əmin-aman məkana çatdır. Çünki onlar xəbərsiz bir qövmdür.”

Bildirişlər

1. Düşmən sığınacaq istədikdə islami düşüncəni götür-qoy edib araşdırması üçün ona müsbət cavab verin.

2. Hətta müşriklər üçün də düşüncə v