A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Vəhhabilik və Peyğəmbərin (s) məzarının ziyarəti (Şeyx Nəcmüddin Təbəsi)
Müəllif: Ustad Şeyx Nəcmüddin Təbəsi
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


4)            Əzami Şafei deyir: Bu kişi (İbn Teymiyyə) hətta cənab Peyğəmbərə (s) belə cəsarət edərək demişdir: O həzrəti ziyarət məqsədi ilə səfər yükü bağlamaq günahdır[45]...

5)            Heysəmi Şafei: O, tutarlı dəlillərlə Peyğəmbərin (s) məzarını ziyarət etməyin düzgün olduğunu sübuta yetirdikdən sonra demişdir: Belə bir iradla qarşılaşa bilərik ki, siz, İbn Teymiyyənin (hənbəlilərin sonuncularından) ziyarət və ziyarət qəsdi ilə səfər etməyin şəriət baxımından qanuni olmasını imkan etdiyi bir halda, necə ziyarət və onun üçün səfər etməyin düzgünlüyünə həmfikir olmusunuz?! Bu sözü Sübki, İbn Teymiyyənin əlyazmasında görərək nəql etmişdir. İbn Teymiyyə (eşidənin ona qarşı nifrətini oyadan) uzun-uzadı sübutlarla, həzrət Peyğəmbərin (s) ziyarətini rədd etmiş, hətta ziyarət qəsdi ilə səfərə çıxmağın haramlığına, bununla da yolda namazın tam qılınmasına dair, alimlər arasında yekdil rəyin mövcudluğunu güman etmişdir. Eləcə də onun fikrincə, ziyarət barəsində olan bütün hədislər qondarmadı. Sonrakı dövrlərdə İbn Teymiyyənin fikirlərindən təsirlənmiş bir sıra şəxslər onun yolunu davam etdirmişlər?!

Yuxarıda qeyd olunan sualı aşağıdakı kimi cavablandırmaq olar: Məgər İbn Teymiyyə kimdir ki, ona əhəmiyyət verilsin və yaxud islam və dini məsələlərdə müraciət mərkəzi (mərcə) kimi tanındıqdan sonra, onun nəzəri yekdil rəyə xələl gətirsin. Bir çox alimlər onun qeyri-məntiqi sözlərini və heç də möhkəm istinadgahı olmayan dəlillərini izləmiş, onun düşüncəsiz büdrəmələrini və xam xəyallarını üzə çıxarmışdır...[46]

Fikrimizi ümumiləşdirib yekun vursaq, deyə bilərik ki, sünnə əhlinin hafiz və hədis bilicilərindən bu zəmində nəql olunan hədislər, təvatur[47] dərəcəsində yetişmişdir. Bundan əlavə səhabələrin əməli, həmçinin Bilalın Peyğəmbərin (s) məzarını ziyarət etmək üçün səfərə çıxması və o həzrəti ziyarət etməsi bütün səhabələrin gözü önündə idi. Özləri görməsəydi də xəbərini eşitmişdilər. Bununla belə heç bir etiraz etmədilər. Habelə Ömər Kəbul-əhbarı Peyğəmbərin (s) qəbrini ziyarət etmək üçün dəvət etdikdə, bu iş səhabələrdən heç birinin etirazına səbəb olmadı. Bütün bunlar, şəxsən cənab Peyğəmbərin (s) qəbrinin ziyarətinin düzgünlüyündən əlavə, bu işin üstünlüyünə və müstəhəb olmasına aydın sübutdur. Çünki, rəvayətlərin bir hissəsində ziyarətə göstəriş verilmişdir. Bütün alimlər isə yekdilliklə bu göstərişləri müstəhəb anlamına yozmuşlar. Hətta İbn Həzm bu məsələdən vacibliyi anlamış və hər bir müsəlmanın ən azı ömründə bir dəfə həzrət Peyğəmbərin (s) məzarı üzərinə getməyi vurğulamışdır.[48]

6)            Şeyx Əhməd Qəstəlani deyir: Bil ki, Peyğəmbərin (s) mübarək məzarını ziyarət etmək, insanı Allaha yaxınlaşdıran ən gözəl əməllərdəndir. Eləcə də ən uca itaətlərdən sayılan bu əməl, ali dərəcələrə nail olmaqda ən gözəl vasitədir. Hər kəsin inancı bununla fərqlənsə, islam çərçivəsindən xaric olaraq, Allah, onun rəsulu (s) və bir çox görkəmli alimlərlə müxalifətə qalxmışdır. Habelə İbn Teymiyyədən ziyarət məqsədi ilə səfərə çıxmağa dair çirkin və heyrətamiz söz nəql olunmuşdur...[49]

7)            Zəhəbinin Həsən ibn Həsənə cavabı: Həsən, Peyğəmbərin (s) dəfn olunduğu evin qarşısında dayanıb, o həzrət üçün dua edən və salam göndərən şəxsi gördükdə, o şəxsi tutduğu əməldən çəkindirmək üçün Peyğəmbərə (s) mənsub hədisə istinad etdi: “Mənim evimi bayram və şənlik üçün seçməyin və qəbirləri öz evlərinizdə basdırmayın. Olduğunuz hər yerdən mənə salam göndərsəniz, salamınız mənə yetişər.”

Zəhəbi onun cavabında deyir: Bu rəvayət sənəd baxımından mürsəldir (ravilərinin məlum olmadığı hədis). Həsən bin Həsənin istinadgahı isə, dəlalət baxımından yetərsizdir. Xoş o adamın halına ki, təvazökarçasına müqəddəs evin kənarında (Peyğəmbərin (s) qəbri olduğu yer) dayanaraq, o həzrətə salam versin; çünki, belə bir şəxs gözəl bir ziyarət yerinə yetirməklə yanaşı, ən gözəl ülvi sevgiləri büruzə vermişdir; Peyğəmbərə (s) göndərdiyi salam, yaxud qıldığı namazdan əlavə, bir ibadət də yerinə yetirmişdir. Çunki, ziyarətçiyə iki savab verilir. Biri ziyarətə görə, digəri isə Peyğəmbərə (s) göndərdiyi salam və qıldığı namaza görə. Uzaqdan Peyğəmbərə (s) salam göndərən şəxs, yalnız bir savaba (salam göndərdiyi üçün) yiyələnir və hər kim bir dəfə Peyğəmbərə (s) salam göndərərsə, uca Allah o şəxsə on dəfə salam göndərir. Ziyarətin etik qatdalarına riayət etmədən peyğəmbəri (s) ziyarət etmək, yaxud o həzrəti ziyarət edərkən qəbrin üzərinə səcdə etmək düzgün deyil. Belə bir şəxs bir tərəfdən pis iş görməyi ilə yanaşı, başqa bir tərəfdən yaxşı əməl yerinə yetirmişdir. Bu şəxsə dostcasına – səmimi şəkildə təlim[50] vermək və yol göstərmək lazımdır. Allah isə bağışlayan və mehribandır. Müsəlman şəxsin əziyyətə qatlaşaraq peyğəmbərin (s) ziyarətinə gəlməsi, orada Quran və dua səsləndirməsi və ağlaması buna görədir ki, bu şəxsdə Allah və onun rəsulunun (s) sevgisi vardır. Allah və onun rəsulu ilə dostluq, od əhlini cənət əhlindən ayıran başlıca amildir. Demək, İslam peyğəmbərinin (s) məzarının ziyarəti, insanı Allaha yaxınlaşdıran ən üstün və fəzilətli əməllərdəndir.

“Şəddur-rihal” hədisinə istinadən səfər yükü bağlayaraq, Peyğəmbərin (s) və övliyaların məzarlarını ziyarət etməyin olmamasını düzgün rədd etmək üçün, təkcə bunu demək kifayətdir ki, əgər ziyarət məqsədi ilə səfər etmək yasaqdırsa, sözsüz ki, məscidə getmək üçün səfər etmək, şəriət baxımından qanuni çəkişməsiz məsələlərdəndir. Çünki, Peyğəmbərin (s) evinə ( o həzrətin mübarək cəsədi də orada dəfn edilmişdir) yetişmək, məscidə daxil olmadan müyəssər olmur. Ora gedənlər məscidə daxil olduqda, onun üçün təhiyyət namazı qılır, sonra isə məscidin sahibinə salam göndərirlər.

8. “Seyru-əlamun-Nəbla” kitabının şərhçisi yazır: Bu məsələni açıqlamaqda müəllifin (Zəhəbinin) məqsədi, İbn Teymiyyəyə rədd cavabı yazmaqdır. Belə ki, o (İbn Teymiyyə), ziyarət məqsədi ilə səfərə çıxmağı (Şəddur-rihalı) düzgün hesab etməmişdir.[51]

9. Zeynəddin Məraği bu haqda yazır: Hər bir müsəlman inanmalıdır ki, Peyğəmbərin (s) özünü və məzarını ziyarət etmək insanı Allaha yaxınlaşdırır; çünki, bu barədə əlimizdə yetərincə hədislər mövcuddur. Allah-təala buyurur:

“Onlar (münafiqlər) özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və peyğəmbər də onlar üçün əfv istəsəydi...”[52]

Peyğəmbərə (s) ehtiram etmək onun vəfatı ilə sarsılmadığından, demək olmaz ki, Peyğəmbərin (s) xalq üçün Allahdan əfv istəməsi, habelə o həzrəti ziyarət etmək onun həyatı dövrünə məxsusdur. Bu barədə tədqiqatçı alimlərin cavabını dinləmək yerinə düşər: Ayənin ardında buyurulur:

“Allahın tövbələri qəbul edən və mərhəmətli olduğunu bilərdilər”.

Tövbələri qəbul etmək üç şərtlə həyata keçir:

1. Xalqın gəlməsi; 2. Onların tövbə etmələri; 3. Peyğəmbərin (s) (onlar üçün ) Allahdan əfv istəməsi. Əvvəlki iki şərtin doğrulması problemsizdir; çünki, gəlmək və tövbə etmək şəxsin öz əlindədir; üçüncü şərtə gəlincə isə, demək olar ki, bu, Peyğəmbərdən (s) asılıdır. O həzrət (s) isə bütün möminlərin bağışlanmasını uca Allahdan diləyir. Çünki, uca Allah Qurani-Kərimdə öz Peyğəmbərinə (s) belə buyurur:

“Öz (əməllərinin) aqibəti və imanlı kişi və qadınlar üçün (Allahdan ) əfv dilə.”[53]

Yuxarıdakı üç şərt tamamlandıqda, yəni, günahkar şəxs gələrək tövbə etdikdə, Peyğəmbər (s) də öz növbəsində onun üçün Allahdan əfv istədikdə, o zaman, Allahın tövbələri qəbul edən və mərhəmətli olduğunu bilərdilər.[54]

Qəbirlərin və övliyaların məqbərələrinin ziyarət edilməsi

Buraya qədər, əziz İslam peyğəmbərinin (s) məzarının ziyarət edilməsi haqda söhbət etdik; digər qəbirlərin ziyarətinə gəlincə isə, demək olar ki, bu işin şəriət baxımından qanuni olmasına dair yekdil rəy mövcuddur. Həzrət Peyğəmbərin (s) özü də qəbirlərin ziyarətinə gedər və müsəlmanları bu işin icrasına sövq edərdi. O həzrət (s) anası, Vəhəbin qızı Aminənin məzarını ziyarət edərdi. Müsəlmanların keçdiyi tarixi həyat yolu da onu göstərir ki, onlar daim qəbirləri ziyarət edərdilər.

Ziyarət haqqında hədislər

1. Süleyman bin Büreydə, öz atasından Peyğəmbərə (s) mənsub nəql etdiyi hədisdə deyir: “Sizləri qəbirləri ziyarət etməkdən çəkindirmişdim, bilin ki, bundan sonra qəbirləri ziyarət edin.”[55]

Mənsur deyir: Alimlərin hamısı Peyğəmbərin (s) “qəbirləri ziyarət edin” (fəzəruha) deyə buyurduğu göstərişdən, bu əməlin müstəhəb olduğunu anlamışlar. İbn Həzmin fikrincə isə: Hədisdə vurğulanan göstəriş vacibliyi çatdırır. Belə ki, hər bir insan ömründə bir dəfə də olsa, həzrət Peyğəmbərin (s) ziyarətinə getməlidir.[56]

2. Peyğəmbər (s) buyurdu: “Mən sizləri qəbirləri ziyarət etməkdən çəkindirmişdim. Sonra Məhəmmədə anasının qəbrini ziyarət etmək icazəsi verildi. Bundan sonra qəbirləri ziyarət edin, çünki məzarları ziyarət etmək, axirəti sizin yadınıza salar.” Buxarini çıxmaq şərtilə, səhih kitabları müəlliflərinin hamısı bu rəvayəti nəql etmişlər. Tirmizi məlum hədisi bu şəkildə çatdırır: “Ölü ziyarətçidən təsirlənir. Ziyarətçinin onun üçün etdiyi dua, oxuduğu Quran, habelə bağışladığı sədəqədən faydalanır. Qəbirləri ziyarət etməyin fəlsəfəsi də elə budur.”[57]         

3. Peyğəmbər (s) buyurur: “Sizləri qəbirləri ziyarət etməkdən çəkindirmişdim; lakin sonra mənim üçün başqa bir şey aşkarlandı.”[58]

4. Peyğəmbər (s) buyurdu: “Öz ölülərinizin yanına gedib onlara salam verin; çünki onlar sizin örnəklərinizdir.”[59]

5. Peyğəmbər (s) “Rəsul-həul” adlı məkanda dəfn olunmuş şəhidlərin məzarı üzərinə gələr və buyurardı: “Səbr etdiyinizə görə sizə salam olsun, çox gözəl yeriniz var.” Elə bu vaxt Əbubəkr, Ömər və Osman bir-birinin ardınca həmin yerə gəldilər. Müaviyə onlara çatdıqda artıq camaat toplaşmışdı. Peyğəmbər (s) geniş həcmli xalq kütləsinin qarşısında buyurdu: “Səbr etdiyinizə görə sizə salam olsun.”[60]

6. Ayişə deyir: Peyğəmbər (s) gecənin axır çağı ziyarət üçün Bəqi qəbristanlığına yola düşdü. Oraya çatdıqda buyurdu: “Salam olsun sizə, ey imanlı şəxslərin evinin sakinləri! Gələcəkdə sizə verilmiş vədə (ölüm) sorağınıza gəldi. Siz ölümlə qiyamət günü arasında yaşayırsınız (Bərzəx həyatı). Biz də (Allah istəsə) sizə birləşəcəyik. İlahi! Bəqinin Qürqəd əhlini əfv et.”[61]

7. İbn Məsud Peyğəmbərdən (s) nəql edir: “...Bundan sonra qəbirləri ziyarət edin; çünki bu iş dünyanı gözünüzdə kiçildər və sizə axirəti xatırladar.”[62]

8. Ənəsin İslam peyğəmbərindən nəql etdiyi hədisdə isə belə buyurulur: “Sizi qəbirləri ziyarət etməkdən çəkindirirdim; Bundan sonra isə qəbirləri ziyarət edir. Çünki, məzarların ziyarəti ölümü sizin yadınıza salar.”[63]

9. Peyğəmbər (s) buyurdu: “Mən sizləri qəbirləri ziyarət etməkdən çəkindirirdim. İndə isə hər hansı bir qəbri ziyarət etmək istəyən şəxs onu ziyarət etsin; çünki, qəbirlərin ziyarəti ürəyi yumşaq, gözü ağlar edər və axirəti yada salar.”[64]

10. Fəlhə bin Əbdullah deyir: Allahın Rəsulu (s) ilə şəhidlərin məzarlarını ziyarət etmək məqsədi ilə yola düşdük. Onların məzarlarına yaxınlaşdıqda Peyğəmbər (s) buyurdu: “Bu bizim qardaşlarımızın məzarıdır.”[65]

11. Ayişə Peyğəmbərdən (s) nəql edir: “Cəbrail mənim yanıma gələrək... buyurdu: Rəbbim sənə göstəriş verir ki, Bəqi əhlinin yanına gedərək, onların bağışlanmasını Allahdan diləyəsən.”[66]

Qəbirlərin ziyarəti məsələsində Səhabə və tabeinin[67] rəftarı

1. Əbu Cəfər (ə) buyurur: Allahın elçisinin (s) qızı Fatimə həmişə həzrət Həmzənin (Allah ondan razı olsun) qəbrini ziyarət edərdi. Xanım Fatimə onu yenidən təmir edib, nişanə olaraq bir daş qəbir üzərinə qoydu.[68]

2. Rüzəyn Əbu Cəfərdən (ə) nəql edir: Həzrət Fatimə (ə) müntəzəm olaraq iki, yaxud da üç gün fasiləsində (məzarları) ziyarət edərdi.”[69]

3. Həzrət Fatimənin məzarları ziyarət etməsi başqa bir formada idi. Əbu Cəfər (ə), İmam Baqir (ə) və Əli ibn Hüseyndən (ə) nəql olunmuşdur ki, əlavə olaraq deyilir: Həzrət Fatimə orada namaz qılar və ağlayardı. Bu əməli, həyatının sonuna kimi vaxtaşırı olaraq yerinə yetirərdi.[70]

4. İmam Əli (ə) buyurur: “Həzrət Peyğəmbərin (s) qızı Fatimə, hər cümə günü əmisi Həmzənin qəbrini ziyarət etməyə gedər, orada namaz qılar və ağlayardı.”[71]

5. İbn Əbi Məlikə deyir: Ayişəni, qardaşı Əbdürrəhmanı ziyarət edərkən gördüm (Ayişənin qardaşı Əbdürrəhman, Həbəşi adlı məkanda vəfat etmiş, elə oradaca basdırılmışdır).[72]

6. Eləcə də deyir: Bir gün Ayişəyə ziyarət üçün qəbirlərə tərəf gedərkən, “Allahın Rəsulu qəbirləri ziyarət etməkdən çəkindirmədimi?” söylədikdə, belə dedi: Doğrudur; lakin sonra ziyarət etməyə göstəriş verdi.[73]

7. İmam Baqir (ə) sevimli atası İmam Səccadın (ə) məzarını ziyarət etməyə gedərdi.[74]

8. Beyhəqi, Haşim bin Məhəmməd Əl-əmridən (Ömər ibn Əlinin övladlarından) nəql edir: Mədinədə qaldığımız zaman cümə günü dan yeri sökülməzdən öncə, atam məni özü ilə şəhidlərin məzarını ziyarət etməyə apardı. Mən atamın arxasınca gedirdim. Qəbirlərə çatdıqda atam uca səslə dedi: “Səbr etdiyinizə görə sizə salam olsun, çox gözəl yeriniz var.”

O sözünə davam edərək deyir: Atam salam verdikdə, belə bir cavab eşitdim “Sənə də salam olsun, ya Əba Əbdillah”, (və ələykumus-səlam ya Əba Əbdillah) Atam mənə baxaraq dedi: Sənmi salamın cavabını aldın? Dedim: Xeyr. Sonra isə atam məni sağ tərəfinə keçirdərək yenidən salam verdikdə, bu dəfə də salam cavabını eşitdi. Bu işi üç təfə təkrarladı və hər dəfə salam qarşılıqlı cavabla nəticələndi; Elə buna görə yerə əyilərək (Allaha) şükr səcdəsi yerinə yetirdi.[75]

9. Yəhya Ətaf təqvalı qadınlardan sayılan öz xalasından belə nəql edir: Öz Qulamımla birlikdə atıma minərək Həzrət Həmzənin  qəbrini ziyarət etməyə getdik. Bacardığım qədər namaz qıldım. Allaha and olsun ki, eşikdə səslənəcək və ya bir sözün cavabını verəcək bir kimsə yox idi. Qulamım atımın cilovunu tutaraq, yanımda dayanmışdı. Namazı bitirdikdən sonra, qalxıb dedim “Əs-səlamu ələykum”. Əlimlə isə Həmzənin qəbrinə işarə edirdim. Elə bu zaman yerin altından salamın cavabını eşitdim. Salamın cavabını, Allahın məni yaratmasının şübhəsiz olduğu kimi, aydın eşitdim. Bədənimin tükləri qalxmışdı. Daha sonra qulamımdan atımı gətirməyi istədim və atıma mindim.[76]

10. Zəhəbi bir şəxsdən nəql edir: Harun Ər-Rəşid həcc ziyarətindən sonra Mədinə şəhərinə gələrək Yəhya bin Xalidə dedi:

Mənim üçün Mədinəni və orada olan övliyaların məzarlarını tanıyan elə bir şəxs tap ki, Cəbrailin Peyğəmbərə (s) necə nazil olmasını və onun şəhidlərin məzarı üzərinə gəlməsini bizə anlatsın. Yəhya kimin yanına gedirdisə ona məni göstərirdilər. Nəhayət arxamca bir şəxs göndərərək məni yanına çağırdı. Başqa bir gecədə görüşməyi qərara aldıq. Mən təyin olunmuş vaxt əlimdə şamlarla evdən çıxdım. Sovuşduğumuz hər bir məkan və məzarın kənarında dua edirdim. O ikisi də (Harun və Yəhya) sübh azanına kimi, namaz qılmaq və dua etməklə məşğul oldular.[77]

Ziyarət edilmiş qəbirlər

Səhabələrin, əməlisaleh və imanlı şəxslərin qəbirlərini ziyarət etmək, keçmişlərdən bu günə qədər müsəlmanlar arasında ənənəvi hala çevrilmişdir. Aşağıda qeyd olunanlar , müsəlmanların səhabə və möminlərin məzarlarından bərəkət istəmələri və onları vasitəçi kimi seçmələrindən bir neçə nümunədir.

1. Bilal ibn Həmmamə Həbəşinin məzarı: O, Allahın elçisinin (s) azançısı idi. Hicrətin 20-ci ilində Dəməşq şəhərində fani dünyaya göz yummuşdur. Qəbri üzərində və vəfat tarixi qeyd edilmişdir. Allah bu bərəkətli məkanda olunan duaları qəbul edir. Bunu Bilalın qəbrini ziyarət edən və ondan bərəkət istəyən bir çox övliyalar və gözəl insanlar təcrübə etmişlər.[78]

2. Səlman Farsinin məzarı (vəfat tarixi hicri 36): Xətib Bağdadi deyir: Səlmanın qəbrinin harada yerləşməsi məlumdur. Onun məzarı Kəsra eyvanının yaxınlığında yerləşir. Qəbrin üzərində tikili inşa edilmiş və daimi olaraq xidmətçisi vardır. Mən dəfələrlə o qəbri ziyarət etmişəm.[79] İbn Couzi Qəlansi və Səmnundan nəql edir: Biz Səlmanın qəbrini ziyarət etmişik.[80]

3. Əbu Əyyub Ənsarinin məzarı (v.t.52 h.): Romada vəfat etmişdir: Hakim deyir: Xalq onun qəbrini qoruyub saxlayaraq ziyarət edirlər. Onlar qıtlıq və aclığa düçar olduqları zaman, onun vasitəsi ilə Allahdan yağış yağmasını diləyirlər.[81]

4. Misirdə “Rəsul-Hüseyn” (Hüseynin başı) ziyarətgahı: İbn Cübeyr (v.t. 614 h.) deyir: İmam Hüseynin (ə) mübarək başı gümüş bir tabutda dəfn olunmuş, üzərində isə vəsfəgəlməz və əzəmətli bir bina ucaldılmışdır. Bu müqəddəs məkana daxil olduqda heyrətamiz səhnə ilə qarşılaşdıq. Məscidin içəri hissəsində divarın bir tərəfində qara və parlaq bir daş qoyulmuşdu. Bu daş qarşısında durmuş əşyaların təsvirini hind güzgüsü kimi əks etdirirdi. Mən Hüseynin başını ziyarət edənləri öz gözümlə gördüm. Onlar heyrətamiz izdihamla qəbrə tərəf üz gətirərək gözlərini ona tərəf dikir və müntəzəm qəbrin üzərindəki parçadan təbərrük[82] götürürdülər. Onların göz yaşları insanın ürəyini qanla doldurur və daşları parçalayırdı. Allah bizə o müqəddəs ocağı ziyarət etməyi nəsib etdi.[83]

5. Ömər bin Əbdül-Əziz Əməvinin (v.t. 101 h.) qəbri: Onun qəbri Suriyada Səman diyarı [84] adlı məntəqədə yerləşir. Bu məkan hazırda ziyarətgaha çevrilmişdir.[85]

6. İmam Musa bin Cəfərin (ə) məzarı: O həzrət h.q. tarixi ilə 183 ildə şəhadətə yetirilmiş və Kazimeyn şəhərində dəfn edilmişdir. Xətib yazır: ...Həsən ibn İbrahimdən (öz əsrində hənbəlilərin ən böyük alimi) eşitdim ki, deyir:  Hər hansı bir çətinliklə üzləşdikdə, Musa bin Cəfərin (ə) məzarını səsləyər və onu vasitə seçərdim. Allah da öz növbəsində istədiyim bütün şeyləri mənim üçün asan edərdi.[86]

7. İmam Cavadın (ə) məzarı: İbn Əmmad deyir: Əbu Cəfər Məhəmməd Cavad Bağdadda dünyadan köçdü və babası Musa bin Cəfərin (ə) yanında torpağa tapşırıldı. Xalq ardıcıl olaraq bu iki qəbrin ziyarətinə gedirdilər. [87]

8. İmam Rzanın (ə) məzarı: Məhəmməd bin Mutəmməl deyir: Hədis əhlinin imamı Əbubəkr bin Xəzimə, Əbu Əli Səqəfi və bir çox böyük şəxsiyyətlərlə birlikdə Əli bin Musa Ər-Rizanın (ə) məzarını ziyarət etmək üçün Tusa (indiki Məşhəd şəhəri) yollandıq. Məhəmməd bin Muəmməl deyir: Mən İbn Xəzimənin, İmam Rzanın (ə) məzarına ehtiram və təvazökarlıqla münasibət göstərməsində təəccübə gəldim.[88]

9. Məhəmməd bin İdris Şafei: O, Şafei məzhəbinin başçısıdır. Hicrətin 204-cü ilində Misirdə kiçik Qərafə adlanan yerdə dəfn olunmuş və qəbri (Məqtəm adlı məkanın yaxınlığında) ziyarət ocağıdır. [89]

10. Hənbəlilərin imamı Əhməd bin Hənbəlin qəbri (v.t.241h.): Zəhəbi yazır: Onun zərihi (qəbir ətrafına çəkilmiş hasar) Bağdadda ziyarət məkanıdır.[90]

11. Zunnun Misrinin Məzarı (v.t.246 h.): O, Qərafədə dəfn olunmuş və qəbrinin üzərində məqbərə ucaldılmışdır.[91]

12. Hənəfilərin imamı Əbu Hənifənin qəbri (v.t.150 h.): Onun qəbri Bağdadın Əzimiyyə adlı yerindədir. Tanınmış ziyarət məkanıdır.[92] Şafeilərin imamı deyir: Hər şənbə günü Əbu Hənifənin məzarını ziyarət edərdim.

13.İsmail bin Yusif Deyləmi: Bu şəxsin məzarı Məruf Kərəxinin qəbrinin arxasında yerləşir. Məafi deyir: Xalq onun qəbrini ziyarət edir. Bu iki qəbrin arasında bir neçə qəbir fasilə salmışdır. Mən dəfələrlə onu ziyarət etmişəm.[i]

14. Məsəb bin Zübeyrin məzarı (v.t.157 h.): İbn Couzi deyir. Xalq İmam Hüseynin (ə) məzarını ziyarət etdikləri kimi Məsəbin də qəbrini “Məskən”[93] adlı yerdə ziyarət edirlər.[94]

15. Leys bin Səd Hənəfinin məzarı (misirlilərin öndəri, v.t.175 h.): O, Kiçik Qərafədə basdırılmışdır. Hazırda qəbri ziyarət məkanıdır.[95]

16. Əbu Əvanənin məzarı: Onun məzarı İsfirayn şəhərinin daxilində yerləşir. Qəbrin üzərində tikili ucaldılmışdır.[96]

17. İbn Əsakir deyir: Əbu Əvanənin qəbri İsfiraynda bir alimin dəfn edildiyi məkanda yerləşir. Camaat oranı ziyarət etməklə təbərrük götürürlər.[97]

18. İbn Səffar deyir: Babam (ziyarət üçün) Əbu İshaqın məzarına yetişdikdə, daha artıq ehtiram üçün birbaşa ora daxil olmadı; o, məzarın girəcəyini öpərək (əlində qiymətli bir əmanəti olan şəxs kimi) təzim qəsdilə ayağa qalxdı. Daha sonra o, giriş qapısından içəri daxil oldu. Əbu Əvanənin məzarına çatdıqda ona ehtiram edərək uzun bir müddət qəbrin kənarında dayandı.[98]

19. Hafiz Əbil-Həsən Əl-Amirinin məzarı (v.t.403 h.): Xalq gecələr onun qəbrinin kənarında Quran və dua oxumaqla məşğul idilər. Müxtəlif yerlərdən gəlmiş şairlərsə onun mədhində mərsiyələr oxuyur və yas məclisi keçirərdilər.[99]

20. Əl-Mötəmid Ələllahın qəbri: O, Əbul Qasim Məhəmməd bin Əl-Mötəzid Əlləxmi Əl-Əndəlusidir (indiki İspaniya). Vəfat tarixi 488-ci ilinə təsadüf edir. Şairlərdən bir qrupu Əl-Mötəmidin qəbrinin kənarında toplaşaraq onun mədhində şerlər və uzun qəsidələr oxuyur və ağlayırdılar. Bu şairlərdən biri də Əbu Bəhsdir. O öz qəsidəsində deyir: Mən sənin məzarının torpağını öpür və sənə baş əyirəm. Mən sənin məzarını qəsidə oxumaq üçün seçmişəm. Əbu Bəhr qəsidəni tamamladıqdan sonra, onun türbəsini (qəbrin üzərindəki torpaq) öpərək, bədəni və üzünə sürtdü. O, məclisdə iştrak edənlərin hamısını ağlatdı.[100] Ancaq bir kimsə bunu şirk adlandırmadı.

21. Nəsr bin İbrahim Müqəddəsinin məzarı: O, Şafei məzhəbinin öndərlərindən olub, 490-ci hicri ilində Dəməşq şəhərində dünya ilə vidalaşmış, Babis-səğir adlı məkanda torpağa tapşırılmışdır. Hazırda da onun qəbri məşhur ziyarət ocağıdır.[101]

22. Qasim ibn Firə Şatibinin qəbri: O, 590-cı hicri ilində dünyasını dəyişmiş və Qərafədə dəfn edilmişdir. Hamıya bəlli olan məzarı çoxları tərəfindən ziyarət edilir. Mən dəfələrlə onu ziyarət etmişəm.[102]

23. Əhməd bin Cəfər Xəzrəci Bəstinin (v.t.601h.) məzarı: “Neylul- ibtihac” kitabının müəllifi deyir: Bu günə kimi xalq onun qəbri kənarında izdiham yaradır və öz arzularının həyata keçməsini diləyirlər. Mən 500 dəfədən artıq onun qəbrini ziyarət etmiş və otuz dəfədən artıq orada gecələmişəm.[103]  

24. Sufyan Surinin qəbri: İbn Həbban deyir: Onun qəbri Bəsrədə Bəni Kəlib məqbərəsində yerləşir. Mən onu ziyarət etmişəm.  

25. Malik Müzəffərin məzarı: Qutbuddin deyir: Onun qəbri daim bir çoxları tərəfindən ziyarət edilir. Ramazan ayında (h.t. 659-cu ildə) orada qalmalı oldum. Qəbrini ziyarət etdikdən sonra onun barəsində öz müşahidələrimi qələmə aldım.[104]

Bütün bunlar tərcümə, tarix və hədis kitablarında qeyd edilmiş mətləblərin kiçik bir hissəsini təşkil edir. Buna əsaslanaraq tam qətiyyətlə deyə bilərik ki, Səhabələr və Tabein qəbirləri ziyarət edirdilər. Onlar xüsusilə əziz İslam Peyğəmbərinin (s) məzarını vaxtaşırı ziyarət edir və ona hörmətlə yanaşırdılar. Habelə səfər yükünü bağlayaraq pak imamların (ə), əməlisaleh şəxslərin və övliyaların məzarlarını ziyarət etmələrinə baxmayaraq, heç kəs onların əməllərini inkar etməmişdir.



Geri   İrəli
Go to TOP