A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Vəhhabilik və Peyğəmbərin (s) məzarının ziyarəti (Şeyx Nəcmüddin Təbəsi)
Müəllif: Ustad Şeyx Nəcmüddin Təbəsi
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
  İrəli


VƏHHABİ ƏQİDƏSİNƏ ƏQLİ BİR BAXIŞ

ÜÇÜNCÜ CİLD

PEYĞƏMBƏRİN (S) MƏZARININ ZİYARƏT EDİLMƏSİ

MÜƏLLİF: USTAD ŞEYX NƏCMÜDDİN TƏBƏSİ

 

TƏRCÜMƏ EDƏN:

ADİL ƏHMƏDOV

 

ALLAHIN ADI İLƏ

Artıq iki əsrdən çoxdur ki, qondarma Vəhhabi məzhəbi dağıdıcı həşərat kimi dinin canına düşmüşdür. Hansı ki, bu məzhəb sağlam zəkanın qəbul etdiyi normalarla, yaradılışdan gələn fitri meyllərlə heç bir şəkildə uyuşmur. İbn Teymiyyənin donuq və sərt fikirlərindən qaynaqlanan bu təlimin başlıca prinsiplərinə azacıq nəzər salsaq, onun təsisçilərinin dinə, şəriətin həmişəyaşarlığına, cəmiyyətdə tətbiqinə qarşı dərin kin bəslədiklərinin şahidi olarıq. Onlar dinə qarşı çirkin niyyətlərini həyata keçirmək üçün dinin zahiri tərəfini hədəfə alır və aldadıcı şüarlarla çıxış edirlər. Sanki, Peyğəmbər (s) dönəmində mövcud olmuş və cəmiyyətdə öz əksini tapmış İslama qarşı çıxır, Allahın göstərişlərini sıradan çıxartmaq üçün öncə dinin zahiri tərəfindən başlayırlar. Maraqlıdır, zahir olmadıqda batinə, forma olmadıqda məzmuna necə yetmək olar? Bütün bunlar göstərir ki, məlum məzhəbin yanlışlığını üzə çıxarmaq üçün heç də güclü elmi sübutlara ehtiyac yoxdur. Çünki onların, hətta dinin öz sübutunu tapmış zahiri tərəfinə belə müvafiq olmadıqları hər addımda özünü tam aydınlığı ilə göstərir. Onların qarşıya qoyduqları hər bir müddəanın yüzlərlə bir-birini inkar, istisna edən tərəfləri mövcuddur. Görəsən, Vəhhabiliyin təsisçisi, ondan da öndə duran İbn Teymiyyə, nə üçün Peyğəmbərin (s) məzarını ziyarət etməyin haramlığına öz şüarlarının, məqsəd və məramlarının önündə yer vermişdir? Bu müqəddəs məzarı ziyarət etmək yolu ilə Allaha yaxınlaşmırıqmı? Bu növ ziyarətlər tövhidin özünü möhkəmlətmirmi? Bütün bunlar Peyğəmbəri (s), onun göstərişlərini unutdurmaq, bu əvəzolunmaz, həmişəyaşar örnəyi müsəlmanlardan almaq, onu yaddaşlardan silmək məqsədi daşımırmı? Məşhur Əhli-sünnə alimi Qəstəlani deyir: “İbn Teymiyyənin Peyğəmbərin (s) məzarının ziyarət olunmasını qadağan etməsi, onun atdığı ən bağışlanmaz addımlardandır”[1]. Qəzali deyir: “Yaşadığı zaman Peyğəmbəri (s) görüb təbərrük edənlər, vəfatından sonra o həzrətin məzarını ziyarət edərək təbərrük etməlidir”[2]. Qərami Şafeinin təbirincə desək, İbn Teymiyyə Peyğəmbərə (s) belə hörmətsizlik edərək deyir: “O həzrəti (s) ziyarət etmək məqsədi ilə səfərə çıxmaq günahdır”[3]. Yəqin ki, vəhhabilər bacarsaydılar, Peyğəmbərin (s) məzarını belə yerlə yeksan edər, hələ bu azmış kimi Kəbəyə hörmətlə yanaşmağın, “Həcərül-əsvəd”i öpməyin haram olduğunu da iddia edərdilər. Necə ki, valideynim Ayətullah əl-üzma Fazil Lənkərani buyurur: “Şirk əqli baxımdan qeydlənə bilməz (bu və ya digər əmələ məxsus ola bilməz). Belə olan halda «Peyğəmbərin (s) məzarını öpmək haram, “Həcərül-əsvəd”i öpmək isə icazəlidir» - deyə iddia etmək yanlışdır. Onların bu yanlış fətvalarını tətbiq etdikdə “Həcərül-əsvəd”i öpməyin də şirkin bariz nümunələrindən olduğu qənaətinə gəlirik. Lakin bu şirk icazəli şirkdir. Bir halda ki, bu, açıq-aşkar rüsvayçılıqdır. Günümüzdə, müsəlmanlar daim ətrafı bürüməkdə olan bu xərçəng xəstəliyinə qarşı oyaq olmalı, özlərini, övladlarını bu növ zəhərli fikirlərdən qorumalıdırlar.

Sonda görkəmli tədqiqatçı alim Höccətül-İslam vəl-müslimin Hacı Şeyx Nəcməddin Təbəsiyə olmazın zəhmətlər bahasına ərsəyə gətirdiyi bu qiymətli əsərə və yanlış vəhhabi təliminə kəskin və qənaətbəxş cavablar verdiyinə görə minnətdarlığımı bildirir və hörmətli mütərcimə, dəftərxananın mədəni-maarif şöbəsinin həmkarlarına təşəkkür edirəm. Ümidvaram ki, çəkilən bütün bu zəhmətlər Allah dərgahında məqbul hesab ediləcəkdir.

Məhəmməd Cavad Fazil Lənkərani

 

 

 

Peyğəmbər (s) məzarının ziyarət edilməsi

Qəstəlani[4] və İbni Həcər “Əl-cövhərül-münəzzəm” kitabında İbni Teymiyyə barəsində belə söyləmişlər ki, o (İbni Teymiyyə), Peyğəmbərin (s) məzarının ziyarət etməsini (istər Şə`ddur-rihal ilə, istərsə də Şəddur-rihalsız,)[5] yasaq və haram etmişdir. Peyğəmbərin (s) məzarının ziyarət edilməsi haram hesab edilirsə, digər qəbirlərin ziyarətinin haram olmasına heç bir şübhə qalmır. O (İbni Teymiyyə) belə güman etmişdir ki, ziyarət etmək məqsədi ilə səfərə çıxmağın haram olmasına dair alimlər arasında yekdil rəy mövcuddur. Bu səfər isə namazın qəsr qılınmasına səbəb olmur.[6]

 

 

İbni Teymiyyənin nəzərini inkar edən dəlillər:

Dörd əsas dəlil ziyarətin şəriətə görə qanuni olmasını sübuta yetirir:

Birinci sübut: Quran;

Allah-təala Nisa surəsinin 64-cü ayəsində buyurur:

“Onlar (münafiqlər) özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın tövbələri qəbul edən, mərhəmətli olduğunu bilərdilər”.

 

Ziyarət, bir növ ziyarət olunan şəxsin yanında hazır olmaqdır; istər bağışlanmaq məqsədi ilə, istərsə də başqa məqsədlə. Belə bir əməlin üstün olması həzrət Peyğəmbərin (s) həyatı dövründə isbat olunursa, sözsüz ki, bu iş onun vəfatından sonra da öz qüvvəsini itirməyəcəkdir. Çünki, sevimli Peyğəmbər (s) bərzəx həyatına[7] (ölümdən sonrakı həyat) malikdir. Belə ki, o həzrət ziyarətçinin salamını eşidir və əməllərini nəzərdən keçirir.

İstəkli peyğəmbərin bərzəx həyatını açıqlayan sitatlar aşağıdakılardan ibarətdir:

1. Səmhudi Subkidən nəql edir: Alimlər bu ayədən (Ən-Nisa, 64.) ümumilik anlamışlar; yəni, peyğəmbərin hüzurunda olmaq, eləcə də Allahdan bağışlanmalarını o həzrətdən istəmək, yalnız peyğəmbərin həyatı zamanına məxsus olmayıb, onun vəfatından sonrakı dövrə də aid edilir. Elə bu cəhətdən alimlər bu ayənin o həzrətin qəbri kənarında  oxunmasını müstəhəb bilmişlər[8].

2. Qəstəlani yazır: Elə bir gün yoxdur ki, ümmətin əməlləri (gecə-gündüz gördükləri) peyğəmbərə təqdim olunmasın. Peyğəmbər (s) onları simaları və əməlləri ilə tanıyır və elə bu vasitə ilə onlara (əməllərinə) şahid olur[9].

İraqlı İbni Zərənin İbni Məsuddan nəql etdiyi hədisdə Peyğəmbər (s) buyurur: “Mənim həyatım sizin üçün faydalıdır; çünki, siz mənimlə, mən də sizinlə danışıram. Həmçinin vəfatım sizin üçün xeyirlidir, çünki, sizin əməlləriniz mənə təqdim olunur. Əməlləriniz arasında müşahidə etdiyim hər bir xeyirli iş qarşısında Allaha həmd və səna edir, onların arasında mövcud olan hər hansı pisliklərə görə, Allahdan sizin üçün bağışlanmağınızı diləyirəm.”[10]

3. İbni Əsakir və bir çox firqələrin biliciləri Məhəmməd ibni Hərbdən[11] nəql edərək yazırlar: Mədinəyə daxil olub peyğəmbərin məzarına yaxınlaşaraq onu ziyarət etdim. Sonra isə qəbrin qarşısında oturdum. Elə bu an bir bədəvi ərəb gəlib həzrətin qəbrini ziyarət etdikdən sonra dedi: Ey göndərilmişlərin ən gözəli! Allah sənə doğru kitab nazil edərək buyurdu:

“Onlar özlərinə zülm etdikləri zaman[12]... Mən isə özümə zülm etmişəm (günah etmişəm) və gəldim ki, mənim (Allahdan) bağışlanmağımı diləyəsən.” Sonra qəbirdən belə bir nida gəldi ki, sən bağışlandın. Bu hadisəni Səmhudi iki ayrı yolla Əli ibn Əbutalibdən (ə) nəql etmişdir.[13]

 

İkinci sübut: Hədislər;

Rəvayətlərə gəlincə isə demək olar ki, bu barədə müxtəlif yollarla, habelə ayrı-ayrı məzmunlarda çoxsaylı hədislər nəql olunmuşdur:

1-ci hədis:

Peyğəmbərdən (s) nəql olunmuş hədisdə deyilir: “Hər kim məni ziyarət etsə, onu şəfaət etmək mənim vəzifəm olar”.[14]

Əhli-sünnə kitablarından nəql olunan bu hədis 40 əsas qaynaqda qeyd olunmuşdur. Bu kitabların müəllifləri hafiz və hədis alimləridir; o cümlədən:

1. Übeyd ibn Məhəmməd Əl-vərraq Nişaburi (255 hicri ilində doğulmuşdur).

2. İbn Əbid-dünya Əbu bəkr Əl-Qurəyşi (təvəllüdü: 271 hicri ili).

3. Dəulabi Razi “Əl-kunu vəl-əsma” adlı kitabında (t. 310h.).

4. İbn Xuzeymə öz səhihində (t. 311h.).

5. Əbu Cəfər Əl-Əqili.

6. Əbu Əhməd bin Ədiy (t. 360h.) “Əl-Kamil” kitabında.

7. Dar Qutni (t. 385h.) öz sünənində bu hədisi gətirmişdir.

8. Əl-Mavəridi (t. 450h.) “Əl-Əhkamus-sultaniyyə” əsərində.

9. Qazi Əyyaz Maliki (t. 544h.) “Əş-şifa” kitabında.

10. İbn Əsakir öz tarixində “Mən zarə qəbrini” fəslində.[15]

11. Təqiyyüddin Subki (t. 756h.) “Şifaus-siqam” kitabında[16]

Əllamə Ləknəvi yazır: Bu hədisin (Mən zarə qəbri vəcəbət ləhu şəfaəti) (hər kim məni ziyarət etsə, onu şəfaət etmək mənim vəzifəm olar) zəif[17] olmasını sübuta yetirməyə çalışan hər bir şəxs büdrəməyə düçar olmuşdur... Bu barədə daha ətraflı məlumat almaq istəyən “Ziyarətul-qəbrin-nəbəvi” (peyğəmbərin məzarının ziyarət edilməsi) haqda yazdığım əsərlərə müraciət et.

Xatırladaq ki, sözü gedən hədisin (mən zarə qəbri...) Musa bin Hilala kimi qeyd olunan ravilərinin siqə[18] olmasında heç bir şübhə yoxdur. Musa bin Hilal barəsində isə İbn Ədiy belə söyləmişdir: Zənnimcə onun heç bir eybi yoxdur; çünki o, Əhmədin ustadlarındandır, Əhməd isə təkcə siqədən[19] nəql edir. İrad edənin özü də buna etiraf etmişdir[20].

Sübki bu hədisin sənədinin səhih[21] olmasına dair bir sıra sitatlar gətirərək deyir: Yazdığımız mətləblərdən aydın olur ki, əgər biz bu hədisin səhih olmasına irad etsək, heç olmasa hədisi qiymətləndirmək üçün ən aşağı dərəcəni nəzərdə alaraq deyə bilərik ki, bu hədis həsəndir[22].

O, sözünə davam edərək yazır: Bu və digər azacıq dəlillərlə, ziyarət barəsində deyilən hədislərin qondarma olmasını iddia edən şəxsin yalanları üzə çıxar. Görəsən o, (İbn Teymiyyə) özünə qədər heç bir alim və hədis bilicisinin, ümumiyyətlə heç bir müsəlmanın dilə gətirmədiyi öz sözlərinə görə Allah və Onun rəsulundan (s) utanmırmı? – Sübhanəllah – Bizim əldə olan məlumatımıza görə isə kimsə Musa bin Hilali və bu hədisin rəvayətçilərini yalançılıqda ittihamlandırmamışdır. Ümumiyyətlə, müsəlman olan bir şəxs necə özünə icazə verir ki, ziyarət hədislərinin qondarma olması sözünü təsdiqləsin.[23]

 

2-ci hədis:

“Hər kim ziyarət məqsədi ilə mənim yanıma gəlsə, Qiyamət günü onu şəfaət etmək mənim vəzifəm olar.” Bu hədisə 16 nəfər hafiz[24] və hədis alimi öz kitablarında yer vermişlər. Burada bir neçə nümunə ilə kifayətlənirik:

1. Fəbrani (v.t. 360h.) “Əl-möcəmül-kəbir” kitabında;

2. Hafiz bin Əs-Səkən Bağdadi (v.t. 353h.) Əs-Sünən kitabında;

3. Darqutni (v.t. 375h.) öz əmalisində onu qeyd etmişdir.

4. Əbu Nəim İsfəhani (v.t. 430h.)

5. Əbu Hamid Qəzzali Şafei (v.t. 505h.) “İhyaul-Ülum” kitabında bu hədisi gətirmişdir.[25]

 

3-cü hədis:

Peyğəmbər (s) buyurdu: “Allahın evini (Kə`bəni) ziyarət etdikdən sonra ölümümdən sonra məni ziyarət edən, sağlığımda məni ziyarət etmiş sayılar.”[26] Bu hədis “mərfu” surətində İbn Ömərdən nəql olunub.

Bu hədisə 25 sünni alimi öz kitablarında yer vermişlər. Onlardan bəzilərini nəzərdən keçirək:

1. Şeybani (v.t. 303h.);

2. Əbu Yəla (v.t. 307h.) öz müstədində bu hədisi gətirmişdir;

3. Bəğəri (v.t. 317.);

4. İbn Ədiy (v.t. 365h.) Əl-Kamil kitabında;

5. Beyhəqi (v.t. 458h.) Əs-sünən kitabında;

6. İbn Əsakir (v.t. 571h.) öz tarixində qeyd etmişdir.

 

4-cü hədis:

“Hər kim Allahın evini ziyarət edə və məni ziyarət etməyə, mənə zülm etmişdir.”

Bu hədisi bir çox hafizlər[27] nəql etmişlər; o cümlədən:

1. Səmhudi (v.t. 911h.) “Vəfaul-vəfa” kitabında;

2. Dar Qutni (v.t. 385h.) O, Malikin “Əl-muvəttə” əsərində gətirmədiyi hədisləri nəql etmişdir;

3. Qəstani (v.t. 923h.) “Əl-məvahib-əlləduniyyə”  əsərində bu hədisi gətirmişdir.

 

5-ci hədis:

“Ümmətimdən hər kəs məni ziyarət etməyə qadir olduğu halda, məni ziyarət etməsə, heç bir üzrü qəbul olunmayacaqdır.”[28]

 

Üçüncü sübut: Səhabələrin əməlləri:

1. Ömər ibni Xəttab Şam zəfərindən dönərkən Mədinəyə daxil olduqda, birinci gördüyü iş, məscidə gəlib Allahın rəsuluna (s) salam vermək oldu.[29]

2. İbni Ömər bütün səfərlərdən qayıtdıqda peyğəmbərin (s) məzarı üzərinə gələrək deyərdi: Salam olsun sənə ey Allahın rəsulu! Salam olsun sənə ey Əbu Bəkr! Salam olsun sənə ey ata![30]

3. İbni Ömər peyğəmbərin (s) qəbri kənarında dayanaraq ona salam göndərdi.[31]

4. İbni Oun deyir: Bir nəfər Nafedən soruşdu: İbni Ömər əziz peyğəmbərin (s) məzarına salam göndərirmi? Nafe dedi: Bəli, onu yüz, yaxud yüz dəfədən çox gördüm ki, qəbrin kənarına gəlib onun yanında dayanaraq deyirdi: Peyğəmbərə  (s) salam.[32]

5. Əbu Hənifə İbni Ömərdən belə nəql edir: Müstəhəbdir ki, qiblə tərəfdən peyğəmbərin qəbrinə tərəf gəlib, arxanı qibləyə çevirərək üzünü peyğəmbərin (s) məzarı səmtinə çevirəsən, daha sonra isə deyəsən...

Bütün bunlar səhabələrin əməllərindən bir neçə nümunə idi. Mərhum Əllamə Əmini, həzrət Peyğəmbərin (s) məzarını ziyarət etməyin müstəhəb olması, habelə o həzrəti ziyarət etməyin ədəb və qaydaları haqda qırxdan çox əhli-əünnə alim və fəqihlərinin sözünü öz kitablarında  gətirmişdir.[33]

 

Dördüncü sübut: Əql.

Normal və sağlam ağıl, sahibinə belə hökm edir: Allah-təalanın dəyərləndirərək böyütdüyü şəxsə təzim və ehtiram etmək gözəldir. Ziyarət də bir növ təzim və ehtiramdır. Peyğəmbərə (s) bir növ ehtiram hesab edilən onun ziyarəti, ilahi əlamətlərdən olub, düzgün və bəyənilmiş əməllərdəndir. Çünki, bu əməl, düşmən və müxaliflərin istəyinin tam əksinədir.

Şəddur-rihal” hədisinə istinad

İbn Teymiyyə şiələrin əleyhinə yağdırdığı böhtana davam edərək deyir: «Onlar (şiələr) Allahın evini ziyarət edən hacılar kimi, imamlar (ə) və övliyaların qəbrini də eynilə ziyarət edirlər.» Bu sözə görə guya ilahi şəxsləri ziyarət etmək, təkcə imamiyyə şiələrinə məxsusdur. Digər firqələr isə bu işi görmürlər.

Məhəmməd İbn Əbdül-Vəhhab belə düşünmüşdür ki, imamların, övliyaların və əziz islam peyğəmbərinin (s) məzarını ziyarət etmək üçün səfərə çıxmaq haramdır. O, öz müddəasını isbat etmək üçün deyir: Peyğəmbəri ziyarət etmək müstəhəbdir; lakin Məscidül-həram, mənim məscidim (Məscidün-nəbi) və Məscidül-əqsanın ziyarətindən başqa səfərə çıxmaq düzgün deyil.

(ərəbcə) [34]

Elə bu səbəbdən o, bu hədisə əsaslanaraq qəbirləri ziyarət etmək üçün səfərə çıxmağı haram bilmişdir.

Vəhhabilərin nəzərinin tənqidi təhlili

Qeyd edildiyi kimi, vəhhabilər Peyğəmbərin (s) və digər şəxsiyyətlərin məzarlarını ziyarət edilməsinin haram olmasına dair “Şəddur-rihal” hədisinə istinad etmişlər. Hədisin məzmununa görə göstərilmiş üç məsciddən başqa, səfərə çıxmaq düzgün hesab edilmir.

Hədisi daha aydın düşünmək üçün aşağıdakı məqamları diqqətdən qaçırmamalıyıq.

Hədisə görə bu üç məscid qoyulmuş qadağadan kənarda qalır – istisna edilir. Amma bu məscidlər nədən istisna olunur? Burada mövzu və istisna mərkəzinin (müstəsna minh) nədən ibarət olması, cümlədə açıq şəkildə öz yerini tapmır.[35] Belə hallarda ərəb dilinin qrammatik qaydalarına müvafiq olaraq, cümlənin bitmiş bir fikri ifadə etməsi və mənasının dolğun şəkildə tamamlanması üçün, məna ilə uzlaşan bir kəlmə nəzərdə tutulmalıdır. Bu kəlmənin isə iki sözdən birinin  olması ehtimalı var.

Birinci ehtimal: “Məscid” sözü.

İkinci ehtimal: “Yer” yaxud “Məkan” sözü.

 

Birinci ehtimalın izahı: Mövzu (müstəsna minh) “məscid” sözü olarsa, hədisin mənası bu şəkildə düzəlir: Namaz qılmaq üçün bu üç məsciddən əlavə, digər məscidlərə getmək qadağandır. Yəni, namaz qılmaq, yalnız, bu üç məsciddə məhdudlaşmalıdır. Bu surətdə ərəbcə işlənmiş variantda (hədisin orijinalı) “İlla” ədatı vasitəsi ilə bildirilən bu inhisarçılıq, nisbi məhdudiyyət olacaqdır (həsri-nisbi). Belə ki, Peyğəmbərin (s) göstərişi sübuti və inkarı formada məscid oxu ətrafında fırlanır. Allahın rəsulunun (s) məzarının ziyarət edilməsi isə, ümumiyyətlə mövzudan xaricdir. Bu şəkildə hədisin məzmunundan bunu anlamaq olar ki, bir şəhərdə came məscidi (şəhərin böyük və mərkəzi məscidi) olarsa, oranın əhalisin o məscidi boşlayıb, digər şəhərə müsafirət edərək oranın came məscidində namaz qılması yersizdir. Çünki, bu iki məscidin Allah yanında dəyəri və qılınan namaz qarşılığında verilən savab bərabərdir; lakin sözügedən üç məscid, müstəsna hal təşkil edir. Belə ki, orada namaz qılmaqla insan daha artıq  savab və ilahi mükafata yiyələnmiş olur.

Bu hədis yalnız “məscidlər” haqda söhbət açdığından, sair ərazilərə səfər etməyə dair açıqlama vermir.

 

İkinci ehtimalın izahı: Əgər “məkan” yaxud “yer” sözünü, zehnimizdə mövzu və istisna mərkəzi (müstəsna minh) kimi yerləşdirsək, yalnız o zaman, İbn Teymiyyə və ardıcılları öz müddəalarının isbatı yönümündə bu hədisə əsaslana bilərlər; çünki, belə olan təqdirdə hədisin mənası aşağıdakı kimi olacaqdır:

“Bu üç məsciddən başqa heç bir yerə səfər etmək olmaz.” Bu zaman “İlla” ədatı vasitəsilə ifadə olunan məhdudiyyət, həqiqi inhisarçılıq olacaqdır. (Həsri-həqiqi).

Ancaq ikinci ehtimala bir çox tutarlı və qaçılmaz iradlar olunur. Sözümüzü bu iradları açıqlamaqla davam etdiririk.

Birinci fərziyyəni qəbul etməyə məcburuq. Çünki, “məscid” sözünün mövzu (müstəsna minh) kimi nəzərdə tutulması, həm hədisin zahiri mənası (ibtidai) ilə, həm də ümumi kütlənin zehnindən keçən ilkin məna ilə üst-üstə düşür. (Təbadüri-ürfi). Təkcə belə olan halda hökm və mövzu arasında uyğunluq və qrammatik bağlılıq yaranacaqdır.

Amma “məkan” sözü istisna mərkəzi (müstəsna minh) kimi nəzərdə tutularsa, bu surətdə Allah dostlarının (imamlar və əməli salehlər) məzarlarının ziyarət edilməsi ilə hədis arasında heç bir bağlantı mövcud olmayacaqdır.

İradlar:

Birinci irad: Bu barədə Qəstəlani belə qənaətdədir ki, “məkan” sözünün nəzərdə tutulması məlum üç məkandan (üç məsciddən) başqa özgə yerlərə (o cümlədən: gözəl bir şəxsi, dostu ziyarət etmək, elm, ticarət və yaxud səfərə çıxmaq) səfər etməyin yasaq olması ilə nəticələnir. Bu “məkan” və ya “yer” sözünün nəzərdə tutulacağı təqdirdədir. Bu təqdir, öz ümumiliyinə görə dünyada olan bütün məkanları əhatə edir. Lakin, təqdirdə olan istisna mərkəzindən (müstəsna minh) məqsəd, “məscid” kəlməsidir. Bu kəlmə isə “məkan” sözü kimi geniş ümumiliyə malik olmayıb, yalniz ümumiliyə dəvət edir. Başqa sözlə, bütün əraziləri deyil, bütün məscidləri əhatə edir.

İkinci irad: Bütün İslam məzhəbləri yekdilliklə bu qənaətdədirlər ki, ticarət, elm, cihad, alimlərlə görüşmək və ya ümumiyyətlə turizm qəsdi ilə hər hansı bir yerə səyahətə çıxmağın, şəriət baxımından heç bir eybi yoxdur. Elə bu cəhətdən məlum hədisdə, nəzərdə tutulacaq təqdir “məkan” və ya “yer” sözü olarsa, sadalanan yerlərə səfər etmək düzgün sayılmamalıdır. Halbuki, məzhəblər arası vahid fikir bunun əksinədir. Demək, hədisdə nəzərdə tutulacaq söz “məscid”dir. Yəni, “bu üç məsciddən başqa, digər məscidlərə səfər etmə”. Bu təhlilə görə isə, ümumiyyətlə övliyaların məqbərələrini, xüsusilə Peyğəmbərin (s) məzarını ziyarət etməyin haram olub-olmaması hədisdə göstərilməmişdir.

Üçüncü irad: Nəzərdə tutulacaq mövzunun “məscid” sözü olacağı təqdirdə belə, onun məzmununa əməl etmək olmaz; çünki, birinci ehtimala görə hədisin mənası yalnız o üç məscidə səfər etməyin düzgünlüyündən ibarətdir. Namaz qılmaq məqsədi ilə digər məscidlərə səfər etmək düzgün hesab edilmir. Halbuki, hədislərdə bunun tam əksi- yəni, Peyğəmbərin (s) və səhabələrin şənbə günləri Quba məscidinə getmələri açıq-aydın göstərilir. Quba məscidi isə Mədinə şəhərinin 12 kilometrliyində yerləşir və sözü gedən üç məsciddən biri deyil. Bu hədisə əsasən Quba məscidinə səfər etmək haram olmalıdır; lakin, heç bir müsəlman şəxs belə bir sözü dilinə gətirməmişdir.

İbn Ömərdən nəql olunmuş aşağıdakı sitat versiyamızın əyani sübutudur. O yazır: «Həzrət Peyğəmbər (s) hər şənbə günü piyada və yaxud miniklə “Quba” məscidinin ziyarətinə gedərdi. Ömərin oğlu da bu adətə əməl edərdi.»[36]

Dördüncü irad: Bir rəvayətdə deyilir ki, Bilal səfər yükünü bağlayaraq, Peyğəmbəri (s) ziyarət etmək qəsdilə yola düşdü. İbn Əsakir belə nəql edir: Beytül-müqəddəsdən qayıdarkən, “Cabiyyə” adlanan məntəqəyə yetişdikdə, Bilal Ömərdən Şamda (indiki Dəməşq şəhəri) qalmağı istədi. Ömər bu təklifi qəbul etdi. Bələliklə Bilal Şamda qalmalı oldu.

İbn Əsakir sözünün ardında yazır: Daha sonra Bilal röya aləmində həzrət Peyğəmbəri (s) gördü. Allahın rəsulu (s) buyurdu: Ey Bilal, bu nə zülmdür? Məgər məni ziyarət etməyin vaxtı çatmayıbmı? Bilal yuxudan ayıldıqda, narahatlıq, qorxu və həyəcan bütün vücudunu bürümüşdü. Öz atına minərək oranı Mədinə qəsdi ilə tərk etdi. Mədinəyə yetişcək, Peyğəmbərin (s) məzarı üzərinə gələrək ağlamağa başladı. Elə bu an gözlənilmədən Həsən və Hüseyn (ə) ona tərəf gəldilər. Bilal hər ikisini öpərək, bağrına basdı. İmam Həsən və Hüseyn (ə) Bilaldan azan verməsini istədilər. Bilal “Allahu Əkbər” dedikdə, Mədinə şəhəri lərzəyə gəldi. “Əşhədu əlla ilahə illəllah” (şəhadət verirəm ki, Allahdan başqa Allah yoxdur) dedikdə, həyəcan Mədinədə daha da şiddətləndi. “Əşhədu ənnə Məhəmmədən rəsulullah” cümləsinə yetişdikdə, pərdə arxasında olan qadınlar evlərindən çıxaraq “Peyğəmbər məzardan baş qaldırmışdır” deyə səsləndilər. Demək olar ki, Allahın rəsulundan (s) sonra, ruzigar belə müsibəti və hüzünlü günü Mədinə şəhərinə göstərməmişdi.[37]

Hafiz Əbdül-Qəni və başqaları Bilalın Peyğəmbərdən (s) sonra yalnız bir dəfə (Peyğəmbərin ziyarəti üçün Mədinəyə gəldiyi gün) azan verdiyini söyləmişlər.[38]

Sübki yazır: Biz Peyğəmbərin (s) məzarının ziyarət edilməsinin şəriət baxımından qanuni olmasını sübuta yetirməklə, Bilalın yuxusuna əsaslanmırıq; əslində, biz Bilalın əməlinə və gördüyü işə əsaslanırıq. Ömərin xəlifəliyi dövründə görülən bu əməl, o dövrün heç bir səhabəsindən gizli qalmamış, bununla yanaşı Bilala heç bir etiraz olunmamışdır. Bilalın yuxusu isə, öz növbəsində müddəamızın təsdiqləyicisidir.[39]

“Futuh-əşşam”(şam zəfərləri) kitabında belə bir yazıya rast gəlmək olar: Ömər Beytül-müqəddəs camaatı ilə razılıq əldə etdikdən sonra Kəbul-əhbar ona yaxınlaşaraq İslam dinini qəbul etdi. Ömər onun müsəlman olmasından çox sevindi. Sonra isə ona “mənimlə Mədinəyə gəlib, Peyğəmbərin (s) məzarını ziyarət etmək və bu ziyarətdən faydalanmaq istəyirsənmi?” deyə söylədikdə, Kəbul-əhbar bu təklifi qəbul etdi. Ömər Mədinəyə daxil olduqda ilk gördüyü iş, məscidə gələrək Peyğəmbərə (s) salam vermək oldu.[40]

Beşinci irad: Ömər ibn Əbdül-Əziz barəsində bir neçə yerdə belə nəql edilmişdir: O, öz tərəfindən bir şəxsi, Peyğəmbərə (s) salam göndərmək üçün Şamdan Mədinəyə yolladı.[41]

İbn Teymiyyənin yanlış təsəvvürləri qarşısında alimlərin mövqeyi

1)            Bu haqda Qəstəlani yazır: Peyğəmbərin (s) məzarının ziyarət edilməsinin qadağan olmasına dair İbn Teymiyyənin söylədikləri ondan nəql olmuş ən çirkin məsələlərdəndir.[42]

2)            Nablosi isə yazır: Bu, İbn Teymiyyə və ardıcıllarının üzləşdiyi ilk problem deyil; çünki, o, Beytül-müqəddəsi ziyarət etmək üçün səfərə çıxmağı günah hesab etmişdir... və insanın peyğəmbər, ya övliyalar vasitəsilə Allaha təvəssül etməsinə izn verməmişdir.[43]



  İrəli
Go to TOP