A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: ISLAM VƏ ZAMANIN TƏLƏBLƏRİ
Müəllif:
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Bir qədər əvvəl qeyd etdik ki, imamların yolunu davam etməklə həm ifrat, həm də təfritdən yaxa qurtara bilərik. Bunu da qeyd etdik ki, Hənəfi məzhəbi əqli dəlillər, Hənbəli məzhəbi isə bunun tam əksi, yəni qiyas üzərində qurulmuşdur. Onların arasında olan digər iki məzhəbə, yəni Maliki və Şafei məzhəbləri də tam orta mövqe tutmamışlar. Belə ki, onlardan hər biri bəzi xüsusiyyətlərdə bu məzhəblərdən birinə meyl etmişlər.

Burada başqa bir mətləbə də işarə etmək istəyirik. O da bundan ibarətdir ki, İslam dünyasında dini əsaslarda [füruidində] müxtəlif məsələlər meydana gəldiyi kimi üsulidində də bir çox firqə və məsləklər meydana gəlmişdir. İfrat və təfritə varan Mötəzilə və Əşəri adlanan firqələri, meydana gəlmiş yeni məsləklərin ən məşhuru hesab etmək olar.

MÖTƏZİLƏ VƏ ƏŞƏRİLƏR

Mötəzilə, dövrünün ən ziyalı təbəqəsi hesab olunurdu. Onlar ifrata vararaq, yeni fikirlər irəli sürürdülər. Qurani-kərimin surələrindən biri «Cin» adlandırıldığı və həmin surənin 1-ci ayəsində «[Ya Peyğəmbər!] De: Mənə vəhy olundu ki, bir dəstə cin Quranı dinləyib dedilər...» deyildiyi bir halda, onlara belə bir varlığın mövcud olmasını qətiyyətlə inkar etmişlər. Onlar tək cini deyil, dərk edə bilmədikləri hər bir şeyi inkar və təkzib etmişlər. Əşəri isə onların tam əksinə olaraq, hər bir şeyin hiss olunası məna və məfhumu olduğunu nəzərdə tuturdular. Məsələn, filankəs gəldi, dedi... və s. dedikdə, kiminsə ayağı ilə gəlməsini deyil, müəyyən fikir və əqidədə olduğunu nəzərdə tuturuq. Onlar o qədər ifrata varmışlar ki, hətta Quranda istifadə olunan bəzi məcazi ifadələrin həqiqi məna daşıdığını hesab etmişlər. Əhməd ibni Hənbəldən (Allah taxtda oturmuşdur) dedikdə, nəyin nəzərdə tutulduğunu soruşduqda deyir: «Bu bizə məlum deyildir və kiminsə bu haqda bir şey soruşmağa haqqı yoxdur. Quran da Allahın taxtda oturmağı haqda xəbər vermir. Lakin taxtın nədən ibarət olduğu və Allahın taxta necə oturması bizə bəlli deyildir. Quranın başqa bir ayəsində Allahın cism olmadığı və bütün varlıqları əhatə etdiyi göstərilir: «Allah bütün varlıqlarladır.» Belə olduğu bir halda Allahın necə taxtı ola bilər və Allah onun üzərində necə otura bilər?!». Əhməd ibni Hənbəl fikrini bu sözlərlə bitirir. Bunun artıq bizə heç bir əlaqəsi yoxdur.

Bu kimi məsələlərlə yanaşı, ifratçı mötəzilənin müqabilində əşəri əksinə olaraq «Allah qiyamət günü gələcəkdir» {Bax: ayənin mənbəyi yoxdur} ayəsini Allahın qiyamət günü adi insan kimi məhşərə gələcəyini mənalandırmışlar. Əgər kimsə «bu insanın ağıl və şüuru ilə ziddir» demiş olsaydı, əşəri qətiyyətlə «ağılın və şüurun bu kimi məsələlərə müdaxilə etməyə heç bir haqqı yoxdur» cavabını verərdilər.

İmamların bu məsələdə təklif etdikləri yol daha məntiqi, ifrat və təfritdən tamamilə uzaqdır.

Burada İslam tarixində meydana gəlmiş və İslama ağır zərbə vurmuş donuq və qeyri-fəal ideoloji cərəyanlar barədə söhbət açmaq istəyirik. İlk dəfə belə bir cərəyan «xəvaric» adı ilə meydana gəlir.

Bir çox günahsız insanları, o cümlədən Əli (ə)-ı qətlə yetirməklə yanaşı, xəvaric digər cinayətlərə əl atmaqla da, İslama ağır zərbələr vurmuşdur.

XƏVARİCİN TARİXÇƏSİ

Bir anlıq xəvaricin tarixçəsinə nəzər salaq: Sonralar xəvaric adlanan bu firqə əvvəllər Əli (ə)-ın yaxın səhabələrindən olmuş və Süffeyn döyüşündə onun ordusunda iştirak etmişlər. Süffeyn döyüşü bir neçə ay davam edir. Bəzən atəşkəs elan olunsa da, tarixçilər bu döyüşün dörd ay davam etdiyini qeyd etmişlər. Döyüşdə Əli (ə)-ın ordusunun qalib gəldiyi anda, Müaviyənin müşaviri Əmr ibni As, Əli (ə)-ın səhabələrinin avamlığından istifadə edərək, hiyləyə əl atır. Əhvalat belə baş verir:

Hər iki qoşun qarşı-qarşıya durur. Əli (ə) Müaviyəyə döyüşdən əl çəkməyi təklif edir. Lakin Müaviyə buna razı olmayıb, qoşuna döyüşə hazırlıq əmrini verir. Döyüş Əli (ə)-ın qoşununun üstünlüyü ilə keçir. Müaviyənin qoşunu darmadağın olduğu son anda Əmr ibni As, Quran vərəqlərini toplayıb onları nizələrə keçirib meydana atılaraq deyir: «Sizinlə bizim aramızdakı Allahın kitabıdır. Yaranmış belə bir vəziyyətdə Əli (ə)-ın qoşununun böyük bir hissəsi bütün döyüş qaydalarına göz yumub, «Quran aramızdadır!» şuarı ilə döyüş meydanını tərk edirlər. Ordunun qalan hissəsinə rəhbərlik edən Malik Əştər bunun hiylə olduğunu başa düşüb, heç bir tədbirə əl atmır. Döyüş başa çatdığı bir anda qoşunun böyük bir hissəsi bu hiyləyə uyaraq, düşmənlə mübarizə aparmaqdan boyun qaçırır. Onlar Əli (ə)-ın yanına gəlib deyirlər: «Malikə əmr et, qoşunu geri çəksin. Aramızda Qurandır». Əli (ə) buyurur: «Bütün bunlar hiylədir. Müaviyə məğlub olduğu üçün bu hiyləyə əl atmışdır. O, nə Quran əhlidir, nə də Qurana etiqadı vardır». Səhabələr onunla razılaşmayıb deyir: «Xeyr! Necə olursa-olsun, aramızdakı Qurandır! Deyirsən Qurana qılıncla cavab verək?! Deyirsən Quranın ehtiramını saxlamayaq?!». Əli (ə) buyurur: «Biz Qurana ehtiram etməyə xatir döyüş əmri veririk. Sözsüz ki, Quranın ehtiramını qorumalıyıq. O, Quranın ki, Allah tərəfindən nazil olmuş və bizim qəlblərimizdədir. Kağız parçalarına yazılan Quran ayələrinə də ehtiram etməliyik, lakin hansının daha çox əhəmiyyət kəsb etdiyinə diqqət yetirməliyik». Məgər bu dar düşüncəli insanlar bunu başa düşürdülərmi? Onlar hey Malikin silahı yerə qoymasını təkid edirdilər. Yaranmış belə bir ağır şəraitdə Əli (ə) məcbur olub, Malikə geri çəkilməsinə xəbər göndərir. Malik döyüşü başa vurmağına icazə istəyir. Onlar özlərinə cürət verib, Maliki «kafir» adlandırır və döyüşdən əl çəkmədiyi təqdirdə, Əli (ə)-ı öldürəcəklərini bildirirlər. Əli (ə) bir daha Malikə belə bir xəbər göndərir: «Əgər məni sağ görmək istəyirsənsə, geri dön!». {BAX: bu cümlə mənbə ilə əsaslandırılsaydı, daha yaxşı olardı}

Döyüş dayandırıldı. Dedilər: «Gərək bizimlə sizin aranızda Allahın kitabı hökm etsin». Əli (ə) buyurur: «Qoy elə də olsun». Sonra belə bir təklif irəli sürürlər ki, hər iki tərəfdən bir nəfər seçilib hökm çıxarsın və onlar nə hökm çıxararsa, o da icra olunsun. Müaviyə bu işə Əmr ibni Ası təyin edir. Əli (ə) Abdulla ibni Abbası məsləhətə göndərib buyurur: «Meydanda sözünü deyə biləcək adam Abdulladır». Həmin dar düşüncəli şəxslər bu dəfə də etiraz edərək deyirlər: «Onun səninlə qohumluq əlaqəsi var. Gərək bitərəf bir şəxs seçilsin». Əli (ə) buyurur: «Elə isə qoyun Malik Əştər getsin». Bunun müqabilində «onun da seçilməsinə razı deyilik» deyərək, özləri yığışıb, Əli (ə)-a qarşı müsbət münasibət bəsləməyən Əbu Musa Əşəri adlı olduqca sadəlöv və bacarıqsız bir şəxsi seçirlər. Əbu Musa Əşəri, Əmr ibni Asın tələsinə düşdükdə, öz səhvlərin başa düşürlər. Lakin səhvlərini etiraf etməyib ona müxtəlif don geydirməyə başlayırlar. Onlar demədilər döyüşdən əl çəkməklə əvvəldən biz səh etmişik, demədilər səhvimiz Əbu Musanı seçməkdə olmuşdur. Dedilər: «Səhvimiz onda oldu ki, bu iki nəfərin həkəmiyyətini (qəzavətini) qəbul etdik. İnsanın hökm çıxarmağı küfrdür. Çünki Quran «Lak hukmə illə lillah – hökm ancaq Allahındır» deyir». Onlar ancaq bunu şüar edərək, daim Allahdan bağışlanmalarını istəyirdilər. Əli (ə)-ın yanına gəlib dedilər: «Gərək sən də tövbə edəsən«. Əli (ə) buyurdu: «Həkəmiyyət səhv bir işi idi və bunu siz etdiniz, lakin bu heç də küfr deyildir». Dedilər: «Xeyr, gərək sən də tövbə edəsən».

Əli (ə) buna razı olmadıqda, onu küfr etməkdə ittiham etdilər. Sonralar onlar özləri saysız-hesabsız cinayətlər törədərək, «xəvaric» adlandırıldılar. Xəvaric müstəqil firqə halına düşərək,özləri üçün fiqi qanunlar tərtib etdilər.

Tərtib olunan fiqhi qanunlar olduqca məhdud və qapalı idi. Xəvaric özlərində başqa bütün firqələri və böyük günaha düçar olan hər bir şəxsi kafir hesab edirdi. Tərtib etdikləri fiqhi qanunları cəmiyyət qəbul edib və əməli olaraq yerinə yetirə bilmədiyi üçün çox az bir zamanda parçalanmağa düçar oldu.

Xəvaric bütün xəlifələri nədəsə günahlandırır və onlara qarşı müxalif mövqe tuturdular. Osmanın hakimiyyət dövrünün ilk illərini müsbət qarşılayır, son illərin siyasətini isə tənqid edirdilər. Əli (ə)-ı da həmçinin Həkəmiyyət məsələsinədək dəstəkləyir, bu əhvalatdan sonra isə - nəuzubillah – onu küfr etməkdə ittiham edirdilər. Müaviyə ilə açıq-aşkar düşmənçilik edir və ona Əli (ə)-dan daha çox nifrət edirdilər. Beləliklə, süquta uğradıqları son günədək zəmanələrinin bütün xəlifələrinə qarşı müxalif mövqe tutmuşlar.

ƏLİ (Ə)-IN BAXIŞLARINDA XƏVARİCİN MAHİYYƏTİ

Əli (ə)-ın buyurduğu kimi: «Xəvaricin pis niyyəti yox idi, sadəcə olaraq onlar dar düşüncəli və sadəlöv şəxslər idilər.»

Nəhcül Bəlağənin 59-cu xütbəsində Müaviyə və xəvaric arasında olan fərqi belə izah edir: «Məndən sonra xəvarici öldürməyin. Onlar Müaviyənin adamları ilə çox fərqlidirlər. Xəvaric axmaq amallarda haqqı axtarırlar, lakin onlar əvvəldən batil və ona da nail olmuşlar.»

Başqa bir yerdə (xəvarici aradan götürdükdən sonra) buyurur: «Fitnəni mən aradan götürdüm və məndən başqa kimsə buna cürət etməzdi»[16].

Haqlı idi də. Allaha şükr etməliyik ki, bu əhvalatlar baş verərkən, Əli (ə)-ın kənarında olmamışıq. Çünki əgər o zaman olsaydıq çox güman ki, imanımızı qoruyub saxlaya bilməzdik. O illərdə olsaydıq, bəlkə də «Cəməl» və «Süffeyn» döyüşlərində iştirak edərdik. Amma xəvaric döyüşündə iştirak edəcəyimizi güman etmirəm. Çünki, onlar Əli (ə)-ın dediyi kimi, gecələrini sübhədək ibadətdə keçirir, gündüzlərini oruc tutrdular. Namaz qılmaqdan alınları və diz qapaqları qabar bağlayardı. Onlarla kim döyüşməyə cürət edərdi?! Bunun öhdəsindən yalnız Əli (ə) gələ bilərdi. Çünki zahirdə riyakar və yalançı olmadıqlarını iqrar etsə də, onların zahirinə baxmayırdı. Əsas da budur. Əgər münafiq olmasaydılar, bir o qədər də əhəmiyyət kəsb etməzdi. Amma yox, onlar günlərini ibadətlə keçirir, oruc tuturdular. Lakin onların İslama olan zərəri düşmənlərdən daha qorxulu idi. Əgər o vaxt Əli (ə) öz qılıncını xəvaricə qarşı siyirməsəydi, əgər Əli (ə) belə bir təqvaya malik olmasaydı, ondan sonrakı xəlifələr xəvaricin öhdəsindən gələ bilməzdilər. Lakin Əli (ə) qabağa gəldiyi üçün qoşun da döyüş meydanına atılır. Qoşun belə bir qənaətə gəlmişdi ki, əgər xəvariclə mübarizə aparmaq haqq olmasaydı, Əli (ə) döyüş meydanına gəlməzdi.

Bu əhvalat baş verməzdən əvvəl günlərin bir günündə Əli (ə) səhabələrinin biri ilə küçədən keçərkən, evlərdən birindən həzin səslə «Məgər axirətdən qorxan, Rəbbinə ümid bəsləyən, gah səcdəyə qapanıb, gah da ayaq üstə durub gecə saatlarını ibadət içində keçirdən müti bəndə [kafirlərlə] birdirmi?!»[17] ayəsini oxunduğunu eşidir. Səhabə heyrətə gələrək, yerində donub deyir: «Xoş həmin şəxsin halına!». Əli (ə) buyurur: «Xeyr! Ona qibtə etmə.» Bir neçə müddətdən sonra xəvaric meydana gəlir və həmin şəxs təsadüfü olaraq Əli (ə)-ın yanında olur. Döyüşdən sonra onlar həlak olmuş şəxslərin arasından ötüb keçərkən bir şəxsin cənazəsinə yaxınlaşırlar. Əli (ə) ona işarə edib buyurur: «Bu həzin səslə Quran oxuyan həmin şəxsdir».

Əmr be məruf və nəhy əz münkərə gəldikdə, xəvaric çıxış yolu tapmaq üçün təqiyyə etməyə heç bir lüzum görmürdü. Bizlər adətən ağıl və şüurumuza arxalanaraq, hər hansı bir işi yalnız xeyiri zərərindən çox olduğu bir halda görürük. Lakin xəvaric belə bir məntiqi qəbul etmir və şəraitdən asılı olmayaraq, əmr be məruf və nəhy əz münkəri zəruri hesab edirdilər. Bəzən elə olurdu ki, onlardan biri Əbdülməlik kimi qan içən bir xəlifənin yanına gəlib, heç nəyin fayda verməyəcəyini və edam olunacağını bildiyi bir halda, açıq-aşkar xəlifəni söyür və təhqir edir və sonra edam olunurdu. Xəvaricin süqutuna səbəb olan ən başlıca amil, bir çox məsələlərdə, xüsusilə əmr be məruf və nəhy əz münkərdə qeyri-məntiqi mövqe tutmaları olmuşdur.

İslam tarixində belə bir addım ilk dəfə xəvaric tərəfindən atılır. Belə bir cərəyanın İslam dünyasına nə kimi təsir qoyduğunu bilmək istəsəniz, həmin bu məsələni nəzərdə tutun. Əgər bizdən Əli ibni Əbu Talibi kim öldürdü soruşsalar, təbii olaraq deməliyik: «Əbdürrəhman ibni Mülcəm». Bizdən Əli ibni Əbu Talibi nə öldürdüyü soruşulduqda isə deməliyik ki, onun qətlinə, ətrafındakılarının qeyri-məntiqliyi və dar düşüncəliyi səbəb olmuşdur.

Əli (ə) onların cəhalət və nadanlığını nəzərə alır, axıradək beytul-maldan paylarına düşənləri onlara ödəyir və fikirlərini bildirmək üçün tam azadlıq verirdi.

İbni Əlib Hədid deyir: «Cəhalət və dar düşüncəliyin nə olduğunu bilmək istəyirsinizsə, bu nöqtəyə diqqət yetirin. Müaviyə, Əmr ibni As və Əli ibni Əbu Talibə qarşı sui-qəsd hazırlayan üç nəfər şəxs daha çox savab qazanmaq üçün bunu Ramazan ayının 19-cu gecəsində həyata keçirməyi qərara gəlirlər. Görün insan belə bir qərara gəlmək üçün nə qədər nadan və cahil olmalıdır».

Müqəddəs Ramazan ayında görməli olduqları bir şi həyata keçirirlər.

SƏKKİZİNCİ FƏSİL

İSLAM TƏFƏKKÜRÜNÜN SAFLAŞDIRILMASININ AMİLLƏRİ

«[Ey müsəlmanlar!] Beləliklə də, sizi orta [ədalətli seçilmiş] bir ümmət etdik ki, insanların əməllərinə [qiyamətdə] şahid olasınız, Peyğəmbər də [Məhəmməd də] sizə şahid olsun»[18].

Bulaqlardan axan suyun nə qədər saf və zülal olduğunu yəqin ki, görmüsünüz. Göz yaşı tək bu qədər saf olan su öz axarına düşdükdən sonra tədriclə ya hiss olunmaz, ya da hiss olunacaq dərəcədə aludə olmağa başlayır. Suyun hiss olunacağı dərəcədə aludə olmasını torpağın və ya hər hansı bir şeyin rəngini dəyişdirməklə bəlli etmək olur. Belə bir dəyişikliyə, hiss olunası dəyişiklik deyilir. Bəzən də bu dəyişiklik zahirdə nəzərə çarpmaz və adi halda hiss olunmaz olur. Məsələn, əhalinin istifadə etdiyi suya vərəm xəstəliyinə düçar olmuş bir şəxs və ya həyat üçün təhlükəli olan zəhərli kimyəvi maddə düşərsə, bunu biz yalnız xüsusi aparatların vasitəsilə müəyyən edə bilərik və vaxtında aparılan sə`ylərin nəticəsində gözlənilməz təhlükəni aradan qaldıra bilərik.

Bunu biz mənəviyyatda da müşahidə edə bilərik. Belə ki, insan dünyaya gəldiyi ilk gündən mənəviyyatı saf, bütün eyb və nöqsanlardan uzaq olur. Lakin başqalarının tərzi-təfəkkürü və ideologiyalarının təsiri altına düşür və bu xətər onlardan sonra gələcək nəsillərə də ötürülür. Bəzən mənəviyyatda yaranmış boşluq özünü büruzə verir, bəzən də suyun zəhərli maddəyə qarışdığı kimi, zahirdə saf və hiss olunmaz olur. Bu da yalnız alim və mütəxəssislər tərəfindən müəyyən olunur. Aludə olmuş suyu xüsusi cihazlar vasitəsilə təmizləmək mümkün olduğu kimi, mənəviyyata da dəymiş zərəri aradan qaldırırlar.

Dünyanın ən böyük mənəvi cərəyanı İslamdır. Baxaq görək 14 əsr bundan əvvəl öz axarına düşmüş və bu günümüzədək davam edən bu mənəvi cərəyan su tək başqa ünsürlərlə qarışaraq öz saflığını itirmişdir, ya yox? Əgər baş vermişsə, İslamdan başqa dünyada nə kimi cərəyanlar meydana gəlmiş və onu aludə etmişdir?

Bu haqda söhbət açmazdan əvvəl diqqətinizi olduqca mühüm bir mətləbə cəlb etmək istəyirəm: Heç bir araşdırma aparmayan adi insanlar, adətən tarixi baxımdan əhəmiyyət kəsb edən hadisələri mühüm hesab edirlər. Əgər onlardan İslam tarixində baş vermiş mühüm hadisələrdən birini soruşsaq, ilk növbədə monqolların hücumuna işarə etdiklərinin şahidi olacağıq. Tamamilə doğrudur. Monqolların hücumu həm maddi, həm mənəvi, həm də insan tələfatı baxımından İslama ağır zərbə vurmuşdur. Minlərlə kitab, alim, əl yazmaları, sənət əsərləri və s. məhv edilmiş, kitabxanaları, şəhərləri yandırıb yerlə yeksan edilmişdir.

Bu şəhərlərdən biri də, Nişapur olmuşdur. Belə ki, Çingizxan həmin məntəqəni işğal etdiyi zaman oranın bütün əhalisini qətlə yetirməyi və orada hətta heç bir canlını sağ qoymamağı əmr edir. Bu böyük əhəmiyyət kəsb edən bir hadisədir. Su hiss olunacaq dərəcədə aludə olduğu kimi, bu hadisənin də əhəmiyyəti özünü biruzə verir. Lakin İslam dünyasında baş verən bəzi cərəyanlar zahirdə zərrəcik tək hiss olunmaz və qorxusu monqolların hücumundan çox olmasa da, az da olmamışdır. Bu haqda bir qədər sonra misal çəkəcəyik.

Hər şeydən əvvəl baxıb görməliyik ki, İslam tarixində belə bir cərəyanlar olmuşdur, ya yox?

Əlbəttə, müəyyən qədər mümkün olmasa da, hardasa bu şey mümkün olmuşdur. Quranı İslamın əsas sütunu və kiminsə onu təhrif edib və ya dəyişməsinə qadir olmadığını hesab etmək, bunun qeyri-mümkünlüyünə dəlalət edir. «Hicr» surəsinin 9-cu ayəsində Quranın təhrif və dəyişiklikdən qorunması belə bəyan edilir: «Şübhəsiz ki, Quranı Biz nazil etdik sözsüz ki, Biz onu [hər cür təhrif təbdildən; artırıb əksiltməkdən] qoruyub saxlayacağıq».

Allah-təala Quranı özünəməxsus fəsahət və bəlağətlə nazil etmiş və nazil olduğu ilk gündən asanlıqla əzbərlənib sinələrdə özünə yer tapmışdır. Bununla yanaşı nazil olan ayələr Peyğəmbər (s)-ın göstərişi ilə yazılır, dost və düşmənin məkirli niyyətindən qorunmuş olurdu. İslam ideologiyası mənfi ünsürlərdən məhz belə bir şəraitdə qorunub saxlanılmışdır.

İSLAM DÜNYASINDA FİKRİ POZĞUNLUQLAR

Lakin digər sahələrə baxdıqda, aludəliyinin mümkünlüyünün şahidi oluruq. Onlardan biri də, Peyğəmbər (s)-ın sünnətində yaranmış çəkişmələrdir. Peyğəmbər (s) buyurmuşdur: «Mənim haqda deyilən yalanlar çoxalmaqdadır. Məndən bir hədis eşitdikdə, onu Quranla müqayisə edin. Əgər Quranla müxalif olsa bilin ki, mənim sözlərim deyildir və onu mənim adımdan demişlər.»

Peyğəmbər (s) bu sözləri hələ öz sağlığında İslamın zühur etdiyi ilk illərdə demişdir. Buradan belə məlum olur ki, hələ o zaman bir dəstə yalançı şəxslər meydana gəlmişlər. Onların sayı hələ o zaman bir o qədər də çox deyildi, lakin Peyğəmbər (s) özünün qabaqgörənliyi ilə bu haqda əvvəlcədən xəbər vermiş və onun dediyi iş də olmuşdur. Peyğəmbər (s)-ın zamanında onun adından yalan deyən şəxslər bunu rəğbətlə qarşılasınlar deyə, şəxsi məqsədlər üzündən deyirdilər. Onlar əksər hallarda öz sözlərini «Peyğəmbərdən belə eşitdim» - deyə başlayırdılar. Lakin sonralar Peyğəmbər (s)-ın dilindən deyilən saxta hədis və rəvayətlər ictimai xarakter daşımağa başladı. Yəni hədis nəql etmək dövlət və dövlət adamlarının əlində xeyir gətirən alətə çevrildi. Xəlifələr şəxsi mənafelərini qorumaq üçün imanı zəif olan mühəddislərə külli miqdarda pul və ənamlar verib, müxtəlif mövzularda hədis nəql etməyi sifariş edirdilər. Məsələn, Müaviyə Səmərət ibni Cundəbə səkkiz min dinar verib, Peyğəmbər (s)-dan «İnsanların eləsi vardır ki, Allahın razılığını qazanmaq yolunda öz canını fəda edər»[19] ayəsini Əbdürrəhman ibni Mülcəm haqda nazil olduğunu nəql etməsini əmr edir.

Üçüncü Abbasi xəlifəsi Mehdinin xilafət dövründə Mənsurun oğlu göyərçin saxlayır və vaxt-aşrı göyərçin yarışları keçirirdi. Mühəddislərdən biri xəlifənin razılığını qazanmaq üçün onun yanına gəlib Peyğəmbər (s)-dan belə bir saxta hədis nəql edir: «At sürmək və ox atmaqdan başqa müsabiqə keçirməyin.» O, hədisə «quş» kəlməsini əlavə edir. Bu sözlər Mehdinin xoşuna gəlir və həmin şəxsə külli miqdarda pul və ənam verir.

İslam tarixində bu kimi hallara çox rast gəlmək olar. O ki, qaldı saxta hədislərə, bu sahədə ilk addım yəhudilər tərəfindən atılmışdır. Onlar öz etiqadlarını hədis şəklində müsəlmanlar arasında yaymağa başlamışlar. İxtilaf və qarşıdurma yaratmaqda da onlar xüsusi məharətə malik idilər. Zahirdə İslamı qəbul edir və müsəlmanların məclislərinə gediş-gəliş edərək, öz etiqad və əqidələrini hədis şəklində onların arasında yaymağa çalışırdılar. Əlbəttə, məsihi və manəvilər də bu kimi işlərdən görür, lakin yəhudilərlə ayaqlaşa bilmirdilər. Yəhudilər zahirlərini dəyişməkdə o qədər böyük məharətə malik idilər ki, hətta müsəlmanlar onları özlərindən təqvalı hesab edirdilər. Nəql edirlər ki, bir şəxs əvvəllər yəhudi olur. İslamı qəbul etmiş başqa bir yəhudi onun qızını istəyir, lakin o qızını həmin cavana vermək istəmir. Ondan bunun səbəbini soruşduqda deyir: «Mən özüm müsəlman olduqdan on beş il sonra hələ də yalan danışırdım və indi mən bu cavanın dediklərinə inanmıram. Çünki o, hələ cəmi yeddi ildir ki, İslamı qəbul etmişdir».

İSLAMİ DÜŞÜNCƏNİN SAFLAŞDIRMA ÜSÜLLARI

Bütün bunlar ideologiyada yaranmış qara ləkələrdir. İslam zühur etməklə, ideologiyanın saflaşması üçün məntiqi yollar təklif etmişdir. Ən başlıca yollardan biri Quran, Quranın höccət və dəlil adlandırdığı əql və məsum imamlardan nəql olunmuş hədis və rəvayətlərdir.

Məmunun xilafət dövründə elmi məclislər təşkil olunmağa başlayır. O, elm və mütaliə böyük üstünlük verdiyi üçün müxtəlif din və məzhəblərin nümayəndələrini toplayıb, onlara tam fikir azadlığı verirdi. İmam Rza (ə)-ın müxtəlif din və məzhəb alimləri ilə apardığı elmi mübahisələr də, məhz bu məclisdə keçirilirdi. Bir çox hallarda şiə və sünnü məsələlərinə toxunulurdu.

Qazi Bəhlul Behcət Əfəndi özünün «Təşrih və mühakimə» adlı kitabında Məmunun əhli-sünnə alimləri ilə xilafət məsələsinə dair apardığı mübahisələr nəql olunmuşdur. Bəzən Hişam ibni Həkəm də onların məclisində iştirak edirdi.

Məclislərin birində əhli-sünnə alimləri az yaşlı imam Cavad (ə)-dan sorğu-sual aparırlar. Əhli-sünnə alimlərindən biri söhbət əsnasında Əbu Bəkr və Ömərin fəziləti haqda bir neçə hədis nəql edir: «Biz Peyğəmbər (s)-dan Əbu Bəkr və Ömərin fəziləti haqda belə bir hədis nəql edirik: «Əbu Bəkr və Ömər cənnət qocalarının ağalarıdır» və ya başqa bir hədis «Günlərin bir günündə Cəbrail Peyğəmbər (s)-ın yanına gəlib deyir: «Allahın deyir: «Mən Əbu Bəkrdən razıyam, soruş gör o məndən razıdır, ya yox?». Siz necə, onların fəziləti barədə deyilənləri qəbul edirsinizmi?». İmam Cavad (ə) buyurur: «Biz Əbu Bəkrin fəzilətini inkar etmirik. Lakin Peyğəmbər (s) Həccətul-vidada (son həcc mərasimində) «mənim adımdan yalan deyənlərin sayı çoxalacaqdır» buyurmuşdur və kimsə bu barədə şəkk etməyir. O, nəql olunan hədisləri Quranla müqaisə etməyi buyurmuş və Quranla müxalif olan hər bir hədisi kənara qoymağı əmr etmişdir. Quran cənnət əhlinin hamılıqla cavan olduğuna işarə edir. O ki, qaldı nəql etdiyiniz ikinci hədisə, Allah-təala Qurani-kərimdə buyurur: «And olsun ki, insanı Biz yaratdıq nəfsinin ona vəsvəsə etdiyini Biz bilirik. Biz ona şah damarından da yaxınıq! [İnsanın adi hərəkətlərindən tutmuş ürəyindən keçən ən gizli hisslər, duyğular belə Allaha məlumdur!]»[20].

İSLAM – TƏHRİFƏ MƏRUZ QALMAYAN YEGANƏ DİN

Demək Quran özü tarix boyu həqiqəti üzə çıxaran və haqla batili ayıran əsas meyar olmuşdur. Məhz bu üç şey (Quran, sünnət və hədis) xoşbəxliyimizin əsas mayasıdır. Bu səbəbdən də başqaları bizlərə irad tutaraq, din və əqidəmizə istehza ilə yanaşmağa cürət etmirlər. Bu səbəbdən də, yadlar müqəddəs dinimizi digər dinlər kimi təhrif olunduğu və öz mahiyyətini itirdiyini bizlərə irad tutmurlar.

İndinin özündə də Zərdüştün kim olduğu, harada və nə zaman yaşadığı, gətirdiyi kitabın [dininin] nədən ibarət olduğu bizlərə dəqiq məlum deyildir. Fərz edək ki, bir vaxtlar verdiyi təlimlər düzgün və əsaslı olmuşdur. Məgər onun «gözəl söz, gözəl əməl, gözəl düşüncə» verdiyi şüarı din və təlim hesab edə bilərikmi?! Bu sözlər o qədər qısa və ümumidir ki, heç bir məna və məfhum kəsb etmir. Çünki hər bir şəxs dediklərini, gördüyü işləri və öz tərzi-təfəkkürünü düzgün hesab edir və müsbət qiymətləndirir. Dünyada mövcud olan bütün qrup və təşkilatların irəli sürdükləri fikir və fərziyələr, gördükləri işlər müsbət xarakter daşıyır. Kapitalistlər, kommunistlər və s. hər biri öz dediklərini həyata keçməsini istəyirlər. Həqiqi məslək o məsləkdir ki, «gözəl söz, gözəl əməl, gözəl davranış» şüarı ilə kifayətlənməyib, onu həyata keçirərək əməli olaraq sübuta yetirmiş olsun. Məsihi və yəhudi dinlərində də eyni qaydada.  Yeganə toxunulmaz və öz əslini itirməyən din varsa, o da müqəddəs İslam dinidir və bunun səbəblərini bir qədər qeyd etdik. Lakin bu heç də o demək deyildir ki, İslam dinində heç bir mənfi cərəyan meydana gəlməmişdir. Burada yaranmış bütün mənfi cərəyanlar dinin əsasını təşkil edən meyarlarla aradan götürülmüşdür. Onlardan biri Quran, daha sonra Peyğəmbər (s) və məsum imamların mütəvatir buyuruqlarıdır.

Nəql olunan minlərlə hədis və rəvayətlərin içində istinad etdiyimiz bir çox əsaslı hədislər vardır və biz onları həqiqəti aşkara çıxartmaq üçün əsas meyar hesab edə bilərik. Bütün bunlarla yanaşı, Quran insanın ağıl və düşüncəsini də onun üçün dəlil və haqqı batildən ayıracaq meyar təyin etmişdir. İslam heç vaxt buna qarşı çıxmamışdır. Sabiq firqələrdən birinin (Bəhaliyin) rəhbəri - əlbəttə, əgər onu rəhbər adlandırmaq olarsa – Hüseynəli Bəha deyir: «Kor ol ki, mənim cəmalımı görə biləsən, kar ol ki, mənim nəğməmi eşidə biləsən». Qəribədir! Görəsən bu necə cəmaldır ki, onu görmək üçün kor, səsini eşitmək üçün kar olmaq lazımdır?!



Geri   İrəli
Go to TOP