A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: ISLAM VƏ ZAMANIN TƏLƏBLƏRİ
Müəllif:
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Biri savadlı, digəri isə savadsız olmayınca, elm və təhsil heç bir əhəmiyyət kəsb etməyəcəkdir. İnsanları bir-birlərinə cəzb edən və ya yaxınlaşdıran da məhz budur. Əgər hamı eyni səviyyədə və bir-birinə oxşar olsaydı, insanlar arasında heç bir cəzzabiyyət olmazdı. Əgər yaradılış baxımından kişi ilə qadın arasında heç bir fərq olmasaydı, nə kişilər evlənmək fikrinə düşərdi, nə də qadınlar ailə qurmaq. Nə kişi kişini, nə də qadın qadını cəzb edərdi. Onları bir-birlərinə cəzb edən və yaxınlaşdıran da məhz bir-birlərinə duyduqları ehtiyaclardır.

Qurani-kərim bu ixtilafları Allahın qüdrət və nişanələrindən biri olduğuna işarə edir: «Göylərin yerin yaradılışı, dillərinizin rənglərinizin müxtəlifliyi Onun qüdrət əlamətlərindəndir»[47].

İnsanlar bir-birlərindən fərqli olduqları kimi, yaşadıqları cəmiyyətlər də bir-birindən olduqca fərqli olur. Bəqərə surəsinin 213-cü ayəsində bu haqda deyilir: «İnsanlar tək bir ümmət idi. Allah onlara müjdə verən xəbərdarlıq edən (əzabla qorxudan) peyğəmbərlər göndərdi».

Peyğəmbər (s)-dan bu məzmunda nəql olunmuş hədislərdən birində deyilir: «Ümmətim arasında olan ixtilaflar Allahın rəhmətidir».

Demək, ədaləti müsavat və bərabərlik kimi mənalandırmaq və bərabərliyi bütün ictimai məsələlərdə fərz etmək, tamamilə səhv və əsassızdır. Lakin biz ədaləti başqa cür də mənalandıra bilərik. Diqqət yetirsək görəcəyik ki, bir qədər fərqli olsa da, bunu özü də ədalətdir. Qədim alimlər ədaləti belə tərif edirdi: Hər bir şəxs və ya hər bir şey özünə xas olan bacarıq və ya ləyaqətlə yaradılmışdır.

Haqq və hüquq da məhz buradan, yəni əşyaların quruluşunun zatından meydana gəlir. Hər bir şeyi öz zatı ilə tanımalıyıq və yalnız bundan sonra baxıb görməliyik ki, onun istedad və bacarığı nəyə çatır. Məsələn, insanın bədən üzvlərinin hər birinin öz haqqı və görə biləcəyi işlər vardır. Gözün üzərinə düşən şeyləri əlin öhdəsinə qoymaqla nəinki ələ köməklik etmiş, bəlkə əksinə olaraq ,ona zülm etmiş oluruq.

Fəal və alaçı şagirdin qiymətini kəsmək və tənbəl şagirdin qiymətini artırmaqla hər birinə qarşı haqsızlıq etmiş oluruq.

Əgər bərabərlikdən dəm vuran şəxslərdən «nə üçün filan şəxs ölkə rəhbəri seçildi» soruşsaq deyəcəklər ki, o, buna layiq və hamıdan bacarıqlı idi. Əvvəllər adi fəhlə işləmiş sonralar tədriclə yüksələrək belə bir yüksək vəzifəyə gəlib çatmışdır. Bu da dediyimiz ədalətdir. Buradan belə məlum olur ki, hər şeydən önəmli istedad və bacarıqdır. Biri bacarıqlı, digəri isə bacarıqsız olduqda, bacarıqlının payına düşəni məhz onun özünə vermək lazımdır. Əks təqdirdə, ədaldətsizliyə yol vermiş olarıq.

Şair deyir:

Yeddi iqlimi yaran xaliq,

Hər şeyi etmişdir özünə layiq.

 

İctimai haqsızlıq isə bunun tam əks deməkdir. Sədi şerlərinin birində deyir:

Şam fitnə baş verdiyi zaman,

Hamı hər yerdən qaçırdı yaman.

Kəndlərdə doğulmuş alim və dana,

Şahın vəzirinə çevrilirdi.

Vəzirlərin nadan övladları,

Kəndlərdə yolçuluğa başladılar.

 

Budur ədalətin mənası. Qanunun icrasında ədalətə riayət etmək, hamıya bir gözlə baxıb, hərənin haqqını özünə verməkdən ibarətdir. Başqa sözlə desək, qanun, yaradılış baxımından eyni şəraitdə olanlarla bərabər, müxtəlif şəraitdə olanlarla isə, qeyri-bərabər və şəraitə müvafiq olaraq rəftar etməlidir. Bu da, ədalətin daşıdığı ikinci mənadır. Üçüncü mənası ilə isə, növbəti fəsillərimizdə tanış olacağıq.

İYİRMİ BİRİNCİ FƏSİL

ƏDALƏTİN MƏFHUMU

NİSBİ ƏDALƏT NƏZƏRİYYƏSİNİN RƏDDİ

«And olsun ki, Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə (möcüzələrlə) göndərdik. Biz onlarla birlikdə (Allahın hökmlərini bildirən səmavi) kitab ədalət tərəzisi (şəriət) nazil etdik ki, insanlar (bir-birləri ilə) ədalətlə rəftar etsinlər»[48].

Din, ədaləti peyğəmbərlərin ən başlıca hədəfi hesab etdiyi üçün nisbi ədalət sonuncu peyğəmbərlik və dinin əbədiliyi ilə sıx əlaqəlidir. Bütün dövrlərdə ədalətə bir cür riayət olunduqda, hansı qanun əbədi olaraq qüvvədə qala bilər? Deyilənlərin, yəni ədalətin nisbi olub-olmamasını müəyyən etmək üçün hər şeydən əvvəl nisbi dedikdə, nəyin nəzərdə tutulduğunu və daha sonra ədalətin məna və məfhumunu açıqlamalıyıq. Verilən təriflərdən bizə belə məlum oldu ki, bəziləri ədaləti cəmiyyəti qabağa aparan ictimai bərabərlik kimi mənalandırmışlar. Belə bir nəzəriyyə irəli sürən şəxslər haqq və hüquqa dair belə bir fikirdədirlər ki, cəmiyyət üzvləri ayrı-ayrılıqda heç bir hüquqa malik deyillər. Hüquqa malik olan yalnız cəmiyyətdir. Alimlərdən bəziləri belə bir fikirdədirlər ki, hər bir cəmiyyət üzvünün ayrı-ayrılıqda üzərinə müəyyən vəzifə düşür, lakin hüquqa malik olan isə cəmiyyətdir. Baxaq görək deyilənlər nə dərəcədə düzgündür.

Əli (ə) xilafətinin ilk günlərində bu məsələyə dair olduqca mənalı xütbə oxumuşdur. Haqq və hüquq tək heç nəyə geniş meydan verilmir. Əmələ yer verildikdə isə, haqq və hüquqa verilən yer hər şeydən məhdud olur və haqdan dəm vuran şəxslər əmələ gəldikdə, dediklərinin altından çıxmalı olurlar. Elə bir şəxs yoxdur ki, başqalarının boynunda haqqı olsa da, başqalarının onun boynunda haqqı olmasın. Demək bu cərəyan daim mütəqabil şəkildə həyata keçir.

Lakin bu nəzəriyyəni rədd edən şəxslər belə bir fikirdədirlər ki, yalnız ictimaiyyətin insanlar üzərində haqqı vardır və ictimaiyyətin müqabilində insanların hər birinin üzərinə müəyyən vəzifə düşür. Yəni ictimaiyyətin insanlar üzərində haqqı olsa da, onların ictimayyət üzərində heç bir haqqı-hüququ yoxdur. Lakin Əli (ə) buyurur ki, bu heç də belə deyildir. Belə ki, hər hansı bir şəxsin başqalarının üzərində haqqı olduqda, onların da həmin şəxsin üzərində haqqı olacaqdır. Daha sonra buyurur: «Əgər dünyada başqalarının üzərində haqqı olan, lakin onun üzərində kimsənin haqqı olmayan şəxs olarsa, o da Allah-təalanın müqəddəs zatıdır».

Yəni hamının üzərində haqqı olan və onun üzərində kimsənin haqqı olmayan yeganə varlıq Allahın özüdür. Burada artıq heç bir qarşılıqlı münasibətdən söz aça bilmərik. Onun başqalarının üzərində haqqı olması başqalarının digər şəxslərin üzərində haqqı olması ilə olduqca fərqlidir. İnsanların bir-birlərinin üzərində haqqı olması onların bir-birlərindən bəhrələnməsindən xəbər verir. Lakin ilahi haqq bütün bunlardan olduqca fərqlidir. Allahın insanlar üzərində haqqı vardır dedikdə, onların Allahın qarşısında məsuliyyət daşıdıqları nəzərdə tutulur. Dünyada elə bir şəxs tapa bilmərik ki, Allah ona qarşı haqsızlıq və ya ədalətsizlik etmiş olsun və həmin şəxsin Allahın üzərində haqqı olmuş olsun.

Dualardan birində deyilir: «İlahi! Bizimlə Öz fəzilət, böyüklük, güzəşt və mehribanlığınla rəftar et. Bizə verdiyin şeylər, Sənin tərəfindən kərəm və bəxşiş olsun. Səndən yalnız bunu diləyirik».

Öz haqqını yalnız ayrılarkən nökər öz ağasından və ya köməkçi dükan sahibindən tələb edə bilər. Çünki hər bir insanın başqasının üzərində haqqı olduğu kimi, başqalarının da onun üzərində haqqı vardır. Lakin son dərəcədə təqvalı və haqqında «Əlinin Xəndək döyüşündə vurduğu bir zərbə ibadətdən daha fəzilətlidir» deyən şəxsin belə, Allahın üzərində heç bir haqqı-hüququ yoxdur. İki nəfər şəxsi bir-biri ilə müqayisə etdikdə, onlardan birində digərində olmayan xüsusiyyəti görə bilərik, lakin əgər bütün bəşəriyyəti Allahın müqabilində nəzərdə tutarıqsa, onların heç birinin özündən nəyəsə malik olmayacağının şahidi olacağıq, çünki kimin nəyi varsa, hamısı Allahdandır.

Kiçik bir misal: Ata iki oğlunun hər birinə ayaqqabı, paltar alır, onlara xərclik pul verir. Onlar malik olduqları şeylərin hansı biri üçün alındığını müəyyən edə bilərlər. Onlar bir-birlərinə deyə bilərlər ki, bu mənim, bu isə sənin köynəyindir. Bir sözlə, müəyyən qədər də olsa, onlar aralarında fərq və fasilə qoya bilərlər. Atalarına gəldikdə necə, özləri ilə onun arasında fərq qoyaraq deyə bilərlərmi ki, bu mənim, bu isə sənin köynəyindir? Onları tanıyanlar üçün bu iş gülməli gələ bilər. Çünki övladın hər nəyi varsa, atasının şəxsi mülk və var-dövlətindəndir.

Bizlə Allahın arasında olan münasibət isə, ata ilə övlad arasında olan münasibətdən daha güclüdür. Yəni istər cismani, istərsə də ruhi güc və qüvvəmiz bizim olmaqla yanaşı, həm də Allahındır. İstər maddi olsun, istərsə də mənəvi bütün nemətlər Allah tərəfindəndir. Bəs insan bütün bu nemətlərin şükrünü yerinə yetirə bilərmi? Xeyr. Bu sadəcə olaraq qeyri-mümkündür. Sizə yaxşılıq edən, ehsan edən hər hansı bir şəxsə «çox sağ olun», «minnətdaram», «təşəkkür edirəm» deməklə, öz minnətdarlığını bildirə bilirsiniz. İnsan Allahın bəxş etdiyi nemətlərin müqabilində isə şükr etməyə sadəcə olaraq olduqca zəif və acizdir. Çünki, o, «İlahi şükr» deməsi üçün yenə də şükr etməyə ehtiyac duyur. İnsan Allah tərəfindən bəxş olunan maddi nemətlərin şükrünü yerinə yetirə bilmədiyi bir halda, nəfəs almaq, fikirləşmək və ya sayı-hesabı olmayan bir çox mənəvi nemətlərin şükrünü yerinə yetirə bilərmi?

İmam Zeynəl-abidin (ə) Əbu Həmzə duasında deyir: «İlahi mənə verdiyin bu lal dilləmi Sənə şükr edim?!».

Bunu elə bir şəxs deyir ki, gecələrini sübhədək ibadətlə keçirər və Allahla razi-niyaz edərdi. Bütün bunları nəzərə alaraq, Əli (ə) insanların bir-birlərinin üzərinə olan haqlarını, Allahın insanların üzərinə olan haqdan olduqca fərqli olduğuna işarə etmişdir. O, xütbələrinin birində bu mətləbə işarə edərək buyurur: «Sizin mənim üzərimdə haqqınız olduğu kimi, digər hakimlər tək, mənim də bir hakim kimi sizin üzərində haqqım vardır. Elə isə kimsə belə güman etməsin ki, xəlifə hakim olduğu üçün başqalarının üzərində haqqa malik, onlar isə hakimin üzərində heç bir haqqa malik deyillər».

Hüquq fəlsəfəsi yazıçılarının məqalələrini mütaliə edərkən, insan bir çox hallarda bir-biri ilə tamamilə ziddiyyətlik təşkil edən nəzəriyyələr ilə üzləşir. Onlardan bəzilərli belə bir fikirdədirlər ki, yalnız hakimin camaat üzərində haqqı vardır, camaatın isə hakimin üzərində heç bir haqqı yoxdur. Belə bir tərzi-təfəkkür yeni Avropa filosofları tərəfindən müsbət qarşılanmışdır. Qədim zamanlarda İran və digər qonşu ölkələrdə də belə bir tərz-təfəkkür uzun illər cəmiyyətə hakim olmuşdur. Əli (ə) bunu qətiyyətlə rədd edir. Onun fikrincə, istər hakim olsun, istərsə də adi camaat bu ümumi qanuna tabe və qarşılıqlı olaraq bir-birlərinin üzərində hüquqa malikdirlər. Hakimin camaat üzərində olan haqqı onların ehtiyaclarını aradan qaldırmaq və mənafelərinə uyğun tədbirlərə əl atmaqdan ibarətdir. Əli (ə) olduqca incə bir mətləbə toxunaraq buyurur: «Hakimin rəhbərliyi cəmiyyətsiz, cəmiyyət də hakimin rəhbərliyi olmadan davam gətirmir».

Demək, birinin məsuliyyət daşımasına və digərinin məsuliyyət daşıyan şəxslərin üzərində haqqı olmaması sağlam cəmiyyət üçün yol verilməzdir. Harada haqq varsa, orada da məsuliyyət vardır.

Söz vermişdik ki, şəxsi və ictimai hüquqlar barədə söhbət açaq. Baxaq görək, İslam nöqteyi-nəzərindən hüquqa malik olan ayrı-ayrılıqda cəmiyyət üzvləridir, ya ictimaiyyət və ya onların hər ikisi?

İslam nöqteyi-nəzərindən hüquqa malik olan onların hər ikisidir.

Fiqhdə ixtilaflı məsələlərdən biri də, dövlətin malikiyyəti {və ya mülkiyyəti} haqdadır. Yəni dövlət malik olduğu şeylərin qanuni sahibidirmi? Ayrı-ayrı şəxslər kimi dövlət, ticarət, poçt, teleqraf və sair digər sahələrdə fəaliyyət göstərdiyi zaman onun həqiqi sahibinə çevrilirmi? Siz poçt idarəsinə müəyyən qədər pul köçürüb, başqa şəhər və ya ölkəyə göndərmək istədiyiniz məktubu oraya həvalə edirsiniz. Lakin bu işi dövlət poçtu deyil, şəxsi şirkət və ya müəssisə amma bir qədər baha öz üzərinə götürsəydi, yenə də tamamilə qanuni olardı. Bu işi dövlət gördükdə, necə qanuni olardımı? Alimlər bu barədə müxtəlif fikirdədirlər. Onların əksəriyyəti dövlətin maliyyət üçün tam səlahiyyətli olduğunu hesab edirlər. Dövlətin halal yol ilə qazanc əldə etməsi kimi tamamilə qanuni və onun özünə aiddir. Başqalarının ondan qeyri-qanuni yol ilə istifadə etməsi haram və yol verilməzdir. Haram yol ilə qazanc əldə etməsi isə, haram və qeyri-qanunidir.

Müamiləyə dairi verilən başqa bir fitvada deyilir: Müamilə zamanı verilən pul haram olsa belə müamilənin özü tamamilə düzdür. Məsələn, əlində haram pul olan bir şəxs ev almaq istəyir. O, əlində olan pulu əvvəlcədən ev satan şəxsə göstərmir və haram yolla qazandığı həmin pulu yalnız son mərhələdə ev sahibinə təqdim edir; belə bir müamilə şəri nöqteyi-nəzərindən haram və yol verilməzdir. Müamiləni ümumi olaraq həyata keçirdikdə isə, yəni pulu ev sahibinə göstərməyib deyir: «Evi səndən filan məbləğə alıram və pulu sabah verəcəyəm» Ancaq əvvəlcədən verəcəyi pul haqda heç bir məlumat vermir. Müəyyən olunan qiymətə əsasən müamilə bağlanılır. Belə olduqda, alıcı nə yolla olursa olsun, ev sahibinə halal pul verməlidir. Lakin belə etmir, ev sahibinə haram ilə qazandığı puldan verir. Evə malik olsa da, şəri nöqteyi-nəzərdən borcunu ödəməmişdir.

Mərhum Şeyx Abdul Kərim Hairidən başqa alimlərdən bir çoxu belə bir fitva vermişlər.

Müamilədə alıcı haram puldan istifadə etdikdə isə, müamilə tamamilə düzgün hesab olunur. {«olunmur» olmalıdır}Belə olduqda, dövlət istədiyindən vaqon, lokamativ, rels və dəmir yoluna lazım olan digər ləvazimat alır. O aldığı şeylərin pulunu ödəməlidir. Müamilədə haram puldan dəstəmaz belə aldığı ləvazimat, onun şəxsi mülkü və müamilə tamamilə düzgün hesab olunur.

Demək, dövlət aldığı şeylərin qanuni sahibinə çevrilir. Belə olduqda, həmin şeylərdən qeyri-qanuni və ya sui-istifadə qanuna zidd hesab olunur. Məsələn, əgər özünüzlə icazə verildiyindən artıq yük götürüb, gizlədərək haqqını ödəməzsinizsə, kiməsə borclu olduğunuz kimi, dövlətin də qarşısında borclu olmuş olursunuz. Götürək dəmir yolunda müəyyən olunmuş yaş və gediş haqlarını. Əgər on iki yaşından yuxarı olan uşaqları kiçik qələmə verəriksə, həm yalan danışmış, həm də qanuna zidd hərəkət etmiş olarıq.

Dövlətin malikiyyət sahibi olub-olmaması, fiqhi məsələdir və bu bizim söhbət açdığımız ictimai və fəlsəfi mövzu ilə çox yaxındır. Heç nə etibari {və ya daimi} olmadığı üçün ictimaiyyəti etibari hesab edənlərin irəli sürdükləri nəzəriyyə tamamilə əsassızdır. Lakin ictimaiyyətin mövcud olmasını və qanuni olaraq malikiyyətə səlahiyyəti çatdığını deyənlərin sözləri tamamilə doğru və düzgündür. Biz burada dövlətin malikiyyəti haqda söhbət açmaq istəmirik. Sual doğuran məsələlərdən biri də, ictimaiyyətin nə üçün mövcud olmasıdır.

Bəzən ictimaiyyətin kütlədən ibarət olduğu hesab olunur, lakin bu heç də düz deyildir. İctimaiyyət bundan daha geniş məna daşıyır.

Tərkib və qarışıq ayrı-ayrılıqda iki müxtəlif məna daşıyır. Bir qədər noxud öz xüsusiyyətini itirir, lobya. Sadəcə olaraq, qarışıq və oduqları kimi də qalırlar. Oksigen və azotdan təşkil olunan havada eyni qaydada olaraq qalır və bu iki qazın birləşməsi nəticəsində heç bir dəyişiklik baş vermir. Tərkib isə belə deyildir. Tərkib, iki və ya bir neçə ünsürün birləşməsi nəticəsində meydana gələn yeni üçüncü ünsürə deyilir. Suyu, biz tərkib adlandıra bilərik, çünki su oksigen və hidrogen adlanan iki qazın birləşməsi nəticəsində meydana gəlir. Onlar bir-birləri ilə birləşdikdə, hər iki qazın tərkib hissəsindən fərqli olan yeni bir maye meydana gəlir.

Yaşadığımız dünyada yüzlərlə tərkib hissələri vardır. Kimya elmində də məhz bu haqda söhbət açılır.

Kütlə şəklində yaşayan insanlar necə, onlar lobya tək qarışıqdırlar ya su tək mürəkkəb? Onların ictimai həyat tərzi suya daha çox bənzəyir. Nə üçün?

Səhrada yüz minlərlə daş əsrlər boyu bir-birlərinin kənarında qalsalar belə, olduqları kimi qalır və bir-birinə heç bir mənfi və ya müsbət təsir göstərmirlər. Bağlarda əkilən yüzlərlə ağacı götürək. Yalnız su, torpaq və günəş şüasından bəhrələnən ağacların hər biri sanki öz həyatını yaşayır və ətrafındakı ağaclara heç bir təsir göstərmirlər. Lakin insanlar öz şəxsiyyət və xüsusiyyətləri ilə bir-birlərindən fərqlənirlər. Yəni bizim hər birimiz ictimaiyyətdən mütəəssir olduğumuz kimi, ona da öz təsirimizi qoymuş oluruq. Hər birimiz müəyyən xüsusiyyət, tərzi-təfəkkür və ideologiyaya yiyələnsək də, - habelə xaricdən heç bir təzyiq və məcburiyyət olmasa belə - ixtiyarımızda olan hər bir şey yaşadığımız cəmiyyətin bəhrəsindəndir. İslama olan iman və etiqad, bir çox müsbət xüsusiyyətlər bizə havadan verilmiş, ya cəmiyyətin bəhrəsidir? Əlbəttə ki, bütün bunlar cəmiyyətin bəhrəsidir.

Demək, həm cəmiyyət insanlardan, həm də insanlar cəmiyyətdən mütəəssir olur. Cəmiyyətdə insan tək yaşayır və müxtəlif cərəyanlarla üzləşir. Bu məsələnin həqiqətini aşkara çıxaran və mahiyyətinə yol tapan şəxslərdən biri də mərhum Əllamə Təbatəbai olmuşdur. O, qətiyyətlə belə bir qənaətə gəlir ki, Quran cəmiyyətin insan kimi şəxsiyyəti olduğunu hesab edir: «Hər bir ümmətin (əzəldən müəyyən edilmiş) əcəl vaxtı (ölüm, tənəzzül ya əzaba düçar olacağı) vardır. Onların əcəli gəlib çatdıqda, bircə saat belə yubanar, tələsərlər»[49].

Cəmiyyət də, insan kimi sağlam və xəstə, xoşbəxt və bədbəxt olur, nəyəsə müvəzzəf və məsuliyyət daşıyır. Bəzən soruşurlar ki, nə üçün günahkar bir qövm cəzalandırıldıqda, az saylı əməli-saleh şəxslər də onlarla birlikdə əzaba düçar olurlar? Bilməliyik ki, cəmiyyət də insan bədəni kimi hər hansı bir çətinlik və ya xəstəliklə qarşılaşdıqda, çətinlik çəkən bədən üzvlərindən biri deyil, bütünlükdə bədən olur. Məsələn, insan xərçəng xəstəliyinə tutulduqda, onun tək başı, böyrəyi və ya hər hansı bir bədən üzvü yox, bütün cismi ağrıya məruz qalır. Eyni kökdən olub səadət və xoşbəxtlikdən bəhrələndiyi kimi, onun ağrı-acısına, çətinlik və bədbəxtliklərinə də birgə dözməli olur. Yalnız axirət dünyasında hər şey bir-birindən ayrılacaqdır. Bu dünyada isə bütün insanlar xeyir və şərlərində bir-birləri ilə şərik və həmrə~ydirlər. Ayrılıq yalnız o dünyaya aiddir: «Ey günahkarlar! Bu gün (möminlərdən) ayrılın!»[50].

Elm də bunu sübuta yetirir ki, əgər fitnə-fəsada səbəb olan cəmiyyətin bir hissəsi Allahın qəzəbinə gələrsə, cəmiyyətin digər sağlam hissəsi də əzaba düçar olaraq günahkarlar ilə birlikdə əzab çəkməli olarlar. Necə deyərlər, qurunun oduna yaş da yanır. Lakin fərq yalnız burasındadır ki, günahkarlar axirət dünyasında cəzalandırılaraq əzab çəkməyə davam edəcək, əməli-saleh şəxslər isə artıq Allahın rəhmətindən bəhrələnərək, əbədi cənnətlə mükafatlandırılacaqlar.

Cəmiyyət vəhdət və tərkib halında mövcud olduğu və özünəməxsus yolu olduğu üçün təkmilləşir, insan tək dünyaya gəlir, yaşayır və vəfat edir. O, bunu etməyə də bilməz. Cəmiyyətin özünün haqq-hüququ vardır. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, cəmiyyəti etibarlı hesab edənlərin irəli sürdükləri nəzəriyyə, tamamilə batil və əsassızdır. Əhzab surəsinin 6-cı ayəsində buyurulur: «Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır».

Yəni Peyğəmbər (s)-ın möminlərin üzərində olan haqqı onların bir-birlərinin üzərində olan haqlarından daha çoxdur.

Əgər möminlər yalnız öz var-dövlət, şəxsiyyət və tutduqları mövqenin sahibidirlərsə, Peyğəmbər (s) onların hamısının həm can, həm var-dövlət və həm də tutduqları mövqelərinin həqiqi sahibidir. Nə üçün? Ona görə ki, əslində möminlərin heç nəyi hətta canları belə onların öz ixtiyarında deyildir. Lakin Peyğəmbər (s) möminlərin həm var-dövlət, həm də canlarının həqiqi sahibi kimi, ehtiyac duyulduqda onları qurban edə bilər. Bəs Peyğəmbər (s)-ın möminlərin özlərindən onlara yaxın olmasını necə başa düşək? Allahın Peyğəmbər (s)-a verdiyi haqq kimin xeyrinə olmuşdur? Yəni Allah-təala belə bir haqqı Peyğəmbər (s)-a vermiş, o da, bütün möminləri özünə qurban etmişdir? Xeyr! Allah-təala onu müsəlmanların qanuni rəhbəri təyin etmiş, o da, ictimai-siyasi, dini cərəyanları və nəhayət, müsəlmanların mənafeini nəzərə alaraq, lazım gəldikdə nəyisə və ya kimlərisə qurban verməli olmuşdur. Ümumiyyətlə, kimsə belə bir fikir irəli sürməmiş, Peyğəmbər (s)-ın özü də belə bir işə heç vaxt ehtiyac duymamışdır.

Bəs belə bir haqq yalnız Peyğəmbər (s)-ın özünəmi aid olmuşdurmu? Xeyr, Peyğəmbər (s)-dan sonra rəhbərliyi öz üzərinə götürən imam belə bir hüquqa yiyələnmişdir. İmamlardan sonra necə, kiminsə belə bir hüquqa yiyələnməyə səlahiyyəti çatırmı? Bəli. Qanuni olaraq Peyğəmbər (s) və məsum imamların canişinliyinə təyin olunan hər bir şəxs, belə bir hüquqa yiyələnməyə tam səlahiyyəti olmuşdur. Bütün bunlar İslamın ictimaiyyətə verdiyi qiymətdən xəbər verir, çünki İslam ictimaiyyəti insan kimi yaşayıb, təkamülə doğru hərəkət etdiyini hesab edir.

Bəzən belə bir sual meydana gəlir ki, onun həlli filosoflar üçün belə çətin olur. Məsələn, bəzən bir sualla qarşılaşırıq: Hər bir nəsil gələcək nəslin qarşısında məsuliyyət daşıyırmı? Əgər desəniz bəli, bu o deməkdir ki, gələcək nəslin bizim üzərimizdə haqqı vardır. Yox əgər desəniz xeyir, biz onların qarşısında heç bir məsuliyyət daşımırıq. Onda bu günlər bir çoxlarının «məsuliyyət nədir?», «biz nə üçün onların qarşısında məsuliyyət daşımalıyıq?» dediklərini təsdiq etmiş olarsınız. Əbu Əla Muərri bunu qətiyyətlə rədd edən şəxslərdən biri olmuşdur. O, deyir: «Axı nə üçün biz gələcək nəslin meydana gəlməsinə imkan veririk. Təqsir özümüzdədir ki, onların meydana gəlməsinə səbəb oluruq. Ümumiyyətlə, yaşadığımız dünya şər və batildir. Sonrakı nəslin meydana gəlməsinə səbəb olan hər bir şəxs, onlara qarşı cinayət etmiş olur». Ömər Xəyyam da vaxtı ilə bu fikirdə olmuşdur. Əbu Əla ömrünün sonunadək ailə qurmamış və vəfat etdikdən sonra qəbrinin üzərində bu sözləri yazmağı vəsiyyət etmişdir: «Bu ki, atası onu dünyaya gətirməklə cinayətə yol vermiş, o isə övladı olmayan və ona qarşı cinayət etməyən şəxsin qəbridir».

Bu sözləri evlənməyi və övladı olmağı cinayət hesab edən bir şəxs deyir. Gələcək nəslin qarşısında məsuliyyət daşıdığımızı deyənlər isə, gərək bizə bu haqqın və məsuliyyətin nədən ibarət olduğunu başa salsın.

Hər şey dünyanın müəyyən hədəf və məqsədə doğru hərəkət etməsindəy meydana gəlir. Yəni dünyada mövcud olan bütün varlıqlar, yaradıldıqları ilk gündən müəyyən hədəfə doğru hərəkət etməkdə olurlar. Əgər dünya təsadüfü olaraq yaradılsaydı, bütün bu deyilənlər heç bir məna və məfhum kəsb etməzdi. Belə bir məntiqə, yəni varlıqların təsadüf üzündən meydana gəlməsinə istinad edən şəxslərdən aləmin son hədəfə doğru hərəkət etdiyini soruşduqda isə, bunu qətiyyətlə rədd edir və deyirlər: «Ümumiyyətlə, dünyada son hədəf adlanan bir şey yoxdur». Lakin həmin şəxslər özlərinin gələcək nəslin qarşısında məsuliyyət daşıdıqlarını hesab edirlər. Bir halda ki, gələcək nəslin qarşısında daşıdığınız məsuliyyət və bütün bu deyilənlər, aləmin ilahi hikmət və son hədəfə doğru hərəkət etməsinin əsasında qoyulmuşdur. Dünya da son hədəfə doğru getdiyi üçün həqiqəti yaradılış özü vücuda gətirmişdir. Belə olduqda da, biz yaradılış qarşısında məsuliyyət daşımalı oluruq. Yaradılış bizə deyir: «Səndə tənasül alətini və müxalif cinsə olan şəhvət hissini ona görə yaratmışam ki, gələcək nəsli meydana gətirəsən və bilməlisən ki, onun sənin üzərində haqqı vardır».

Hələ gələcək nəsli yox, indiki nəsli götürək. Ata ilə övladı götürək. Övladın atanın üzərində haqqı varmı? Dünyada elə bir şəxs tapa bilmərsinizmi ki, övladın ata və anasının üzərində heç bir haqqı yoxdur demiş olsun? Kimdən soruşsanız, sizə belə bir cavab verəcəkdir ki, indi ki, onu dünyaya gətirmisiniz, onu böyüdüb boya-başa çatdırmalısınız. Demək, uşağın valideynin üzərində müəyyən haqqı vardır. Belə bir sual meydana gəlir: Uşağın haqqı haradan meydana gəlmişdir? Cavabında deməliyik ki, yaradılış aləmi bütün bəşəriyyəti bir-biri ilə əlaqəli yaratmış və onların bir-birlərinin üzərində olan haqqı, Allah tərəfindən onların yaradılışında qərar verilmişdir. İnsanları belə bir xüsusiyyətdə yaratmaqla, Allah-təala sanki demək istəyir ki, sənin vücudunda atalıq, həyat yoldaşının vücudunda isə analıq hissi yaratmaqla, arasında övlad və valideyn münasibətləri yaratmışam və onun sizin üzərinizdə haqqı vardır. Demək, cəmiyyətin insanların üzərində haqqı vardır.

Cəmiyyət ayrı-ayrı şəxslərdən təşkil olduğu bir halda fərdin, mövcud olmamasına dair irəli sürülən fərziyyə haqda mənə belə gəlir söhbət açmaq belə əbəsdir. Fərd mövcud olmadığı bir halda, cəmiyyət meydana gələ bilərmi?



Geri   İrəli
Go to TOP