A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: ISLAM VƏ ZAMANIN TƏLƏBLƏRİ
Müəllif:
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Bütün bunları deməkdə əsas məqsəd, bəzi cümlələrin insanların qarşılaşdıqları hadisələrdə uğurlu və ya uğursuz olmasıdır. Belə ki, bəzi cümlələr bir o qədər böyük əhəmiyyət kəsb etməsə də, insanlar arasında geniş şəkildə yayılır və dillər əzbərinə çevrilir. Lakin böyük əhəmiyyət kəsb edən dərin mənalı cümlələr insanlar arasında özünün həqiqi yerini tapmır.

«Övladlarınızı özünüz kimi tərbiyə etməyin» cümləsini də uğur qazanmış, bir o qədər də böyük əhəmiyət kəsb etməyən cümlələrə aid etmək olar. Bir qədər əvvəl qeyd etdik ki, onu bu günlər istifadə olunan mənada işlətmək, tamamilə səhv və əsassız olardı. Lakin başqa bir düzgün məna daşıya bilər.

ADƏT-ƏNƏNƏLƏRİN İKİ NÖVÜ

Daha sonra əxlaqla bacarıq arxasında mövcud fərqə işarə edib, bacarığın iki hissədən ibarət olduğuna işarə etdik. Bu günlər bəzən həmin bacarığa sənət deyilir. Əxlaq, ruhi xüsusiyyətlər və əxlaq adlanan ruh qüvvəsinə verilən nizam ilə yanaşı, insan zəmanəsinin ehtiyac duyduğu, hər hansı bir elm və sənət ki, onunla həm özünə, həm də bəşəriyyətə xeyir verə bilsin. Elm və sənətdə də insan zamana tabe olmalıdır.

Əgər «övladlarınızı öz adət-ənənələrinizlə tərbiyə etməyin» və ya «övladlarınızı öz sənətinizə yiyələndirməyin» deyilirsə, zamanın qeyri-sabit və daimi dəyişiklikdə olduğu nəzərdə tutulur. Qeyd etdiyimiz kimi insan təəssübkeşlik edərək, daha gözəl elmi sahələr və sənət olduğu bir halda övladını öz sənətinə yiyələnməyə vadar etməlidir.

O ki, qaldı adət-ənənələrə onlar da iki hissədən ibarətdir. Onlardan bir qismini dini adət-ənənələr təşkil edir. İslamın sünnət adı altında bəyan etdiyi hər bir məsələyə yanaşmalı və qanun tək keşiyində durmalıyıq. Məsələn, Əgər İslam yemək yeməkdən əvvəl və sonra əlləri yumağı, tikəni kifayət qədər çeynədikdən sonra udmağı, yeməyə başlamazdan əvvəl “Bismillah” və qutardıqdan sonra “Əlhəmdulillah” deməyi, yemək yeyərkən tələsməməyi tövsiyə edirsə bilməliyik ki, burada ilahi bir hikmət vardır. Öz davamçılarının maddi və mənəvi məsələlərini nəzərə alan müqəddəs İslam dini, onların səhhətini də nəzər alaraq, müəyyən qanun və qaydalar tərtib etmişdir və bu qanunlar müəyyən zaman və məkana deyil, bütün dövr və məkana şamildir.

Nəql olmuş hədislərdən birində deyilir: «Əli (ə)-ın əkin sahəsi var idi. Əbi Nəyzər” adlı bir şəxs deyir: «Günlərin biri Əli (ə) oraya gəlib əlinə külüng alaraq, quyu qazmağa başladı. Bir neçə saat sürətlə işlədikdən sonra qantər içində quyudan çıxıb buyurdu: «Yeməyə bir şey varmı?». Dedim: «Bəli, bir az kədu var, istəyirsinizsə gətirim». Buyurdu: «Çox yaxşı, gətir».

Sonra əl-üzünü yumaq üçün çaya tərəf getdi. Yuyunduqdan sonra su içmək istədikdə dedi: «Əllərim ən gözəl su qabıdır». Bunu deyib əllərini suya saldı». {mənbə yoxdur}

Suyu əllə içmək, dəstamaz alarkən ağızı, burunu su ilə yaxalamaq, dişləri fırçalamaq müstəhəb işlərdəndir və bunun artıq zaman və məkanla heç bir bağlılığı yoxdur.

Haqqında söhbət açdığımız məsələlər isə, zaman və məkanla sıx əlaqəlidirlər.

Diqqət yetirmək lazımdır ki, güman edirlər ki, İslam ictimai din olduğu üçün bütün cüzi məsələlərdə qanun və qaydalar müəyyən etməlidir. Əksinə olaraq, İslam ictimai din olduğu üçün bir çox məsələlərdə qanun müəyyən etməmişdir. İslamın müəyyən etdiyi qanun bundan ibarətdir ki, insan azad bir varlıq kimi qarşılaşdığı gündəlik məsələlərini zamanın tələblərini nəzərə alaraq aradan qaldırmış olsun.

Bu məzmunda nəql olmuş hədislərdən birində deyilir: «Allah, insanların azad olmasını və onları öz ixtiyarına qoyduğu işləri sevir». {mənbə yoxdur} Yəni insan özündən yeni bir şey əlavə etmədən, öz ixtiyarına qoyduğu məsələləri müstəqil olaraq həll edib, qarşılaşdığı çətinliklərin öhdəsindən gələ bilsin.

Əli (ə) buyurur: «Allah bəzi şeyləri sizlərə vacib etmişdir, onları tərk etməyin. Bəzi şeyləri də sizlərə yasaq etmişdir, onlara da yaxın durmayın. Bəzi məsələlərdə də sizlərə heç bir hökm verməmişdir. Əlbəttə o, bunu unutmamış və sizləri öz ixtiyarınıza azad buraxmamışdır. Allahın insanların öz ixtiyarına azad buraxdığı məsələlərə dəxalət edərək, müəyyən qanunlar çıxarmayın».{mənbə yoxdur}

Demək, qeyd etdiyimiz mətləb insanların adət-ənənələri ilə əlaqəlidir. Beləki, insanlar həmin adət ənənələri həyata keçirməklə, heç nə dəyişilmir. Allah-təala insanları bu kimi məsələlərdə öz ixtiyarına qoymuşdur. Lakin bəşər ondan ayrılmayan özünəməxsus bir xüsusiyyətə malikdir. Bu da onun təm-təraqlı olan meylidir. Bunun isə bir sirri vardır.

PƏRƏSTİŞİN MƏNASI

Söhbəti yekunlaşdırıb yeni bir mətləb haqqında söz açmaq istərdim. O da bəşəriyyətin daim ehtiyac duyduğu və zaman və məkanın dəyişilməsinə baxmayaraq, daim sabit qalan pərəstiş və ibadətdir. İbadəti biz necə tərif edə bilirik? İbadət, insanın, onu yaradan və daim ehtiyac duyduğu varlığa qarşı olan batini hissinə deyilir. Sözün əsl mənasında ibadət insanın batinindən onu yaradan varlığa doğru etdiyi şeyə deyilir. İbadət insan ruhunun ehtiyac duyduğu bir həqiqətdir. Bu ehtiyaca göz yummaq, insan həyatını öz təadülündən xaric edir. Məsələn, yükləmək istədiyimiz heyvanın bir tərəfinə az, digər tərəfinə isə çox yük yığarıqsa, heyvan öz təadülünü itirib, yol getməyə belə çətinlik çəkəcəkdir.

İnsanın vücudunda boş qalan yerlər çoxdur. Onun qəlbində bir çox şeylərə yer vardır. Ehtiyacları aradan qalxmadıqda, özü-özlüyündə iztirab hissi keçirir. Bir qədər əvvəl qeyd etdik ki, insan bütün ömrünü ibadətlə keçirib digər ehtiyaclarını aradan qaldırmadıqda, narahatçılıq hissi keçirir. Bunun əksi də eyni nəticəni verir. Yəni ömrünü maddiyatla başa vurub mənəviyyata göz yuman hər bir şəxs, böyük ruhi və mənəvi sarsıntılarla üzləşməli olur.

Cəvahirlər Nehru cavan yaşlarında dinə, məzhəbə etiqadı olmayan bir şəxs idi. Lakin ömrünün son illərində onda böyük dəyişiklər baş verməyə başladı. O, özü etiraf edirdi ki, daxilimdə elə bir boşluq hiss edirəm ki, onu mənəviyyatdan başqa heç bir şeylə doldurmaq olmaz. Aləmdə vücuda gəlmiş belə bir iztiraba səbəb olan amil, məhz mənəviyyatın zəifləyib aradan getməsidir. Nehru deyir: «Sovetlər Birliyinin əhalisi nə qədərki aclıq çəkirdi, artıq heç nəyi düşünmürdü. Elm təhsil fikrinə düşüb, məişətlərini orta səviyyəyə çatdırdıqdan sonra artıq başqa bir çətinliklə, yəni mənəvi sarsıntı və iztirabla üzləşməli oldular. İşdən sonra və ya işsizliklə qarşılaşdırdıqda, bu hiss onları daha da narahat edirdi». Nehru sözlərinə əlavə edərək deyir: «Güman etmirəm ki, onlar mən özümdə hiss etdiyim bu boşluğu qeyri-mənəvə şeylərlə doldura bilsinlər».

Demək, insan ibadət və pərəstişə böyük ehtiyac duyur. Dünyada pisxoloji sarsıntıları artmasına səbəb olan da insanların ibadətdən uzaq düşməsidir. Biz bunu çox vaxt nəzər almırıq. Lakin dəqiq bilin ki, bu belədir. Yemək, təmiz hava və su hər insanın sağlamlığı üçün lazım olduğu kimi, namaz da ruh və mənəviyyatın saflaşması üçün lazım və zəruridir. Əgər insan gündə heç olmasa, bir saat öz Pərvərdigarı ilə ünsiyyətdə olarsa, ruh və mənəviyyatını nə qədər gücləndirmiş olar.

Namaz insanın ruhuna mənfi təsir göstərən ünsürləri onun vücudundan xaric edir. Söhbətlərimin birində qeyd etdim ki, İslama ictimai din yox, əxlaq, təlim tərbiyə, mənəvi saflıq dini deyin. İslam hər şeyi əhatə edir. Onun təlimləri ictimai təlimlərdən daha üstündür. Hədid surəsinin 25-ci ayəsində deyilir: «And olsun ki, biz Peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə (möcüzələrlə) göndərdik. Biz onlarla birlikdə (Allahın hökmlərini bildirən səmavi) kitab ədalət tərəzsi (şəriət) nazil etdik ki, insanlar (bir-biri ilə) ədalətlə rəftar etsinlər».

Başqa bir yerdə deyilir: «(Əksəriyyəti yazıb oxumaq bilməyən) ümumi ərəblərə özlərindən Peyğəmbər göndərən Odur. Bu Peyğəmbər (əvvəllər haqq yoldan açıq aşkar azsalar da) Allahın ayələrini oxuyar, onları, (günahlardan, şirk küfr çirkabından) təmizləyər, onlara kitabı hikməti (Quranı şəriəti) öyrədər»[43].

İslam ictimai təlimlərə bu qədər əhəmiyət verməklə, ibadət və pərəstişin dəyəri azalmışdırmı? Əsla! İslam nəinki ibadətin dəyərini azaltmamış, əksinə olaraq, onun hər şeydən çox əhəmiyyət kəsb etdiyini bəyan etmişdir.

İBADƏT İSLAM TƏLİMLƏRİNİN SƏRLÖVHƏSİ

İslam nöqteyi-nəzərindən hər şeyin əsasını ibadət təşkil edir. Əgər ibadi məsələlər düzgün həyata keçirilərsə, həm əxlaq, həm də ictimaiyyətə yönəlmiş olar. Əks təqdirdə, onların hər ikisi böyük çətinliklərlə üzləşməli olur. Əgər kimsə ibadət etmədən, əxlaq və ictimai məsələlərdə müsəlmançılıq iddiası edərsə, bilin ki, iddiası boş və əsassızdır.

Namaz qılmayan hər hansı bir şəxsi həqiqi müsəlman hesab edə bilmərik. Əli (ə) buyurur: «Allaha iman gətirdikdən sonra namazdan üstün ibadət yoxdur». Peyğəmbər (s) buyurur: «Namaz, evlərdən çıxan və insan gündə beş dəfə onda yuyulan isti çeşməyə bənzəyir».

Əli (ə) Nəhcül-bəlağədə buyurur: “Namaz qılın və onun keşiyində durun”[44].

Taha surəsinin 132-ci ayəsində Allah-təala buyurur: «Əhlinə (Əhli-Beytinə ümmətinə) namaz qılmağı əmr et, özündə ona (namaza) səbrlə davam et».

Digər iki ayədə deyilir: «(Ya Peyğəmbər!) Həqiqətən, Rəbbin bilir ki, sən (yatağından) qalxıb bəzən gecənin təqribən üçdə ikisini, bəzən yarısını, bəzəndə üçdə birini amaz qılırsan»[45], «Ya (Məhəmməd!) Gecənin bir vaxtı durub, ancaq sənə xoş olan əlavə (təhəccod) namazı qıl. Ola bilsin ki, Rəbbin səni (qiyamət günü hamı tərəfindən) bəyə`nilib təriflənən bir məqama (axirətdəki ən böyük şəfaət məqamına) göndərsin».

İbadətsiz kiminsə kamil insan olması qeyri-mümkündür. Həzrət Məhəmməd (s) gününün böyük bir hissəsini ibadətlə keçirir və Allah-təaladan bağışlanmasını diləyirdi. İmam Sadiq (ə) buyurur: “Elə bir məz pis olmazdı ki, Peyğəmbər (s) orada heç olmasa «Əstəğfirullahi Rəbbi və ətubu iləyh» deyərək, Allah-təaladan bağışlanmasını diləməsin».

Əli (ə) həm rəhbərlik edir, həm də gecələrini sübhə dək ibadətlə keçirirdi. Vəfat etdikdən bir neçə il sonra onun yaxın tərəftarlarından olan Udey İbni Hatəm adlı ir şəxs Müaviyənin yanına gəlir. Müaviyə bilirdi ki Udey Əli (ə)-ın yaxın səhabələrindən biri olmuşdur. Bunun üçün də elə bir iş görmək istəyirdi ki, Əli (ə)-ı onun gözündən salsın. Edey saraya daxil olduqda, dərhal Müaviyə ondan soruşur: Udey! Bəs oğlanların hanı? (Udeyin üç oğlu Əli (ə)-ın ordusunda iştirak etmiş və müxtəlif döyüşlərdə şəhadətə nail olmuşdular və Müaviyə bunu çox gözəl bilirdi) Udey dedi:

-          Əmirləri Əli (ə)-ın bayrağı altında küfr etdiyin zaman, səninlə döyüşmüş və şəhid olmuşlar.

-          Əli öz oğlanlarını saxlayıb, sənin oğlanlarını ölümə verməklə, sənin barəndə insafsılıq etmişdir.

-          Müaviyə! Əgər düzünü bilmək istəyirsənsə, insafsızlıq edən o yox, mən olmuşam. İndi Əli (ə) torpaqlar altında yox, gərək mən olaydım. Kaş mən öləydim, amma Əli (ə) sağ olaydı.

Müaviyə oxunun başa çıxdığını görüb, bir qədər yumşaldı və dedi:

-          Udey, sən Əli ilə çox olmusan, danış görüm, o necə adam idi, nə işlər görərdi?

-          Məndən bu şeyi istəmə.

Müaviyə israr edərək, Əli (ə) barədə danışmasını istədi. Udey dedi:

-          İndiki belədir, deyəcəyəm. Amma bil ki, bunu sən istədiyin üçün yox, həqiqət aşkara çıxmaq üçün deyirəm. Əlinin xüsusiyyətlərindən biri hikmət sahibi olması idi. O, zəiflərin qarşısında zəif, zülümkarların müqabilində isə qüdrətli idi. Daim bizim aramızda olmasına baxmayaraq, nə təkəbbürlük edər, nə də özünü kimdənsə üstün tutardı. İstər-istəməz onun qarşısında icazəsiz danışa bilməzdik. Öz gözümlə gördüyüm haqda danışmaq istərdim. Günlərin biri Əli (ə) ibadət edərkən Allahdan bağışlanmasını diləyib sonra saqqalından tutub dedi: Uf! Uf! Uf ey dünya səndən! Ey dünya başqasının ardınca get!

Müaviyə, Udeyin sözlərinin təsiri altına düşüb, daş ürəyi yumşaldı və paltarının ətəyi ilə göz yaşını sildi və dedi:« Dünya özündə bir daha Əli kimisinə yer verməyə qadir deyildir. Əli (ə), düşməni onu tərif edən bir şəxsiyyət idi».

İYİRMİNCİ FƏSİL

NİSBİ ƏDALƏT NƏZƏRİYYƏSİNİN TƏHLİL VƏ ARAŞDIRILMASI

«And olsun ki, Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə (möcüzələrlə) göndərdik. Biz onlarla birlikdə (Allahın hökmlərini bildirən səmavi) kitab ədalət tərəzisi (şəriət) nazil etdik ki, insanlar (bir-birləri ilə) ədalətlə rəftar etsinlər»[46].

Haqqında söhbət açacağımız mövzu ədalət məsələsidir.

Ədalət mütləqdir (yəni daim sabit və dəyişməz), ya nisbi?

Əvvəlki fəsillərimizdə bəşəriyyətin ehtiyaclarının iki hissədən, yəni sabit dəyişgən olduğundan ətraflı söhbət açdıq. Qeyd etdik ki, biz iki cərəyanla, yəni ehtiyacların sabit və dəyişməz olduğunu hesab edən donuq və qeyri-fəal tərzi-təfəkkür və hər şeyin daimi dəyişilməkdə olduğunu hesab edən cəhalətlə üzləşməli oluruq.

Cəhalət adlandırdığımız cərəyan, aləmdəki hər bir şeyi sabit və dəyişməz hesab edir. Biz bütün bunlar haqda əvvəlki fəsillərimizdə ətraflı söhbət açdığımız üçün bir daha təkrar etmək istəmirik.

Cəhalət təbəqəsi iki yarı fəlsəfi fərziyyəyə istinad edir (Alimlərin arasında belə bir fikirdə olanlar da var və biz onların hər biri haqda söhbət açacağıq ki, həqiqətdən agah olub, onlara cavab verə bilsinlər). Bu fərziyyələri qəbul edənlər heç nəyi sabit hesab etməyən cahillərin dediklərini təsdiq etmiş olur. Bu nəzəriyyələrdən biri «nisbi əxlaq», digəri isə «nisbi ədalət» nəzəriyyəsidir. Əxlaq hər bir insanın özünə və onun şəxsi xüsusiyyətləri, ədalət isə, ictimai nizamla əlaqəlidir.

Nisbi əxlaq fərziyyəsinə əsasən, dünyada heç bir şey sabit deyildir. Demək, heç bir əxlaqi məktəb bəşər üçün hər zaman sabit ola bilməz. Nisbi ədalət fərziyyəsinə əsasən isə, ədalət mütləq deyil, nisbi bir məfhumdur. Bunun üçün də heç bir məktəbin bərqərar etdiyi ədalət hər zaman bəşəriyyət üçün bərqərar ola bilməz.

Dediklərimizi bir qədər geniş açıqlayaq.

Nisbi ədalət: «Nisbi» dedikdə, nəyi nəzərdə tutmalıyıq?

Hər hansı bir şeyin xüsusiyyəti başqa bir şey ilə müqayisə etməklə məlum olursa, biz onu nisbi adlandırmalıyıq. Məsələn, əgər sizdən biri «böyük» ya «kiçik»in qədər olduğunu soruşursa, müəyyən ölçünün böyük ya kiçik olduğunu deyə bilərsə? Bəzən deyərlər: «Böyük bir qoyun gördüm». Bir qədər də şişirdərək, qoyunun buzov boyda olduğunu deyənlər də olur. Lakin biz adi qoyunun nə boyda olduğunu bilirik və onu buzov boyda qələmə vermək, sözün əsl mənasında həqiqi ölçüsündən daha böyütmək deməkdir. İnək boyda dəvə gördükdə isə, onun nə qədər kiçik olduğuna təəccüb edərik. Demək, qoyun buzov boyda olduqda onu böyük, dəvə inək boyda olduqda isə onu kiçik hesab edirik. İnək buzovdan böyük olduğu bir halda, necə ola bilər ki, hər hansı bir şey buzov boyda olduqda böyük, inək boyda olduqda isə kiçik hesab olunsun?

Yaxınlıq və uzaqlıq da nisbidir. Məsələn, bəzən bizim evimiz aeroportdan uzaqdır, bəzən «evimiz nə qədər uzaqdır», bəzən də «filan şəhər filan şəhərə yaxındır» deyilir. Əgər şəhərlər arasındakı fasiləni meyar götürsək? Şamaxını Bakıya ən yaxın şəhər hesab etməliyik. Evlər arasındakı fasiləni meyar götürdükdə isə? əgər yaşadığımız ev aeroportdan uzaqda yerləşirsə deməliyik ki, aeroport bizim yaşadığımız evdən çox uzaqda yerləşir. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, yaxınlıq və uzaqlıq nisbidir. {başqa bir misal ilə əvəz olunsaydı, daha yaxşı olardı} Yəni müəyyən fasiləni nəzərdə tutaraq qətiyyətlə deyə bilərik ki, uzaq bu qədər, yaxın da bu qədərdir. Əgər haranınsa yaxın və ya uzaq olduğunu bildirmək istəyiriksə, oranı başqa bir yerlə müqayisə edib, müəyyən ölçü ilə hesablamayınca qəti nəticəyə gələ bilmərik. Lakin bəzi şeylər mütləq və qətidir. Hərçənd bəziləri belə bir məntiqə qarşı çıxır və dünyada heç nəyin qəti olmadığını hesab edir. Təbii ki, bu da tamamilə səhv bir fikirdir. Belə ki, ölçü və ədədləri biz mütləq hesab edə bilərik. Məsələn, iyirmi ulduz və iyirmi ağac dedikdə, bu iki şey kəmiyyət baxımından bir-birindən fərqli olmalıdırmı? Xeyr, kəmiyyət baxımından onlar arasında heç bir fərq yoxdur. Ölçü zamanda eyni qayda olaraq, məsələn, parça metr ilə ölçülür. 180 sm ölçüdə olan parça həmin ölçüdə olan adi bir insanla ölçü baxımdan fərqli ola bilərmi?

Demək, bəzi şeylər mütləq, bəziləri isə nisbidir. Bəzən müxtəlif şeylərin mütləq və ya nisbi olduğunu müəyyən etmək bir o qədər də asan olmur.

Götürək, elm və həqiqəti. Elm və həqiqət nisbidir, ya mütləq? Lakin biz bu barədə söhbət açmaq istəmirik. Bir qədər əvvəl haqqında söhbət açdığımız ədalət mövzusuna qayıdıb, ədalətin mütləq və ya nisbi olub-olmadığı haqda söhbətimizi davam etdirək.

Əgər ədaləti nisbi hesab ediriksə, cahillərin dedikləri öz yerini tapmış olur. Nəticədə, ədalət hər bir cəmiyyətdə və hər bir dövrdə bir cür qələmə veriləcəkdir. Demək, ədalət mütləq xarakter daşımır. Bunun üçün də hər hansı bir məktəb nəyisə ədalət adlandıraraq, onun bütün dövrlərdə icra olunmasına nail ola bilməz. Əgər nail olarsa, bunu yalnız öz zaman və məkanında tətbiq edə bilər. Böyük və kiçiklik bütün əşyalar üçün eyni olmadığı kimi, ədalət də bütün zaman və məkanda eyni ola bilməz. Əgər həqiqətən də ədalət nisbi olsaydı, deyilənləri tamamilə əsaslı hesab etməliyik. Ədalət nisbi və ya mütləq olduqda isə, onların söylədikləri tamamilə əsassız, bizim bu barədə irəli sürdüyümüz fərziyyələr isə, doğru və məntiqli olacaqdır.

Hər şeydən əvvəl ədaləti tərif etməliyik və yalnız bundan sonra onun nisbi və ya mütləq olduğunu müəyyən edə bilərik. Tərifə gəldikdə isə, biz ədaləti üç cür tərif edə bilərik:

      Ədalət, ədl kökündən olduğu üçün biz onu bərabərlik və müsavat kimi mənalandıra bilərik. Çünki ədl, bərabərlik mənasını daşıyır. Qurani-kərimin bəzi ayələrində ədalət məhz bərabərlik mənasında işlənilmişdir. Belə ki, Ənam surəsinin 1-ci ayəsində deyilir: «Sonra kafir olanlar, yenə öz Rəbbinə tay tutarlar».

Bizim ədaləti bərabərlik kimi mənalandırmağımız nə dərəcədə düzgündür? Hər şeydən əvvəl nəyin nəzərdə tutulduğuna diqqət yetirməliyik. Bəzən ədalət bərabərlik kimi mənalandırılaraq belə bir qənaətə gəlinir ki, bəşər eyni səviyyədə yaşayaraq, onlara verilən nemətlərdən bərabər olaraq istifadə etməlidir. Yəni bütün insanlar bərabər olaraq (biri digərindən fərqli olmadan) eyni cür paltar geyməli, yemək yeməli, var-dövlətə sahib olmalı, eyni şəraitdə yaşamalı, nəqliyyat vasitələrindən istifadə etməli, bir sözlə, onların xoşbəxt həyatını təmin edəcək bütün şeylərdən bərabər olaraq istifadə etməlidirlər. Ədaləti belə mənalandırmağımız heç də düzgün deyildir. Sözün əsl mənasında bu ədalət deyil, zülmdür.

Əvvəla ona görə ki, belə bir ədalətin cəmiyyətdə bərqərar olunması qeyri-mümkündür. Çünki, xoşbəxtliyimizi təmin edən şeylərin bəziləri bizim ixtiyarımızda, bəziləri isə ixtiyarımızda deyildir və biz onları əldə edə bilmərik. Çünki xoşbəxtliyi təmin edən şeylər yalnız var-dövlət, yemək-içmək və minik vasitələrindən ibarət deyildir. Bütün bunlar xoşbəxtliyin yalnız bir hissəsini təşkil edir. Aristotel doqquz şeyi xoşbəxtliyə səbəb olan ən başlıca amil hesab edir. Onlardan üçü insanın öz bədənində, üçü ruhunda, üçü isə ruh və bədənindən xaricdədir. İnsanın bədənində olanlar sağlamlıq, qüdrət və gözəllikdir (xüsusilə qadınlar üçün). Ruhda olanlar isə ədalət, hikmət və bilikdir.

Belə ki, cahil ilə aqil (bilikli) insan xoşbəxtlik baxımından eyni səviyyədə olmurlar. Üçüncü amil isə şücaətdən ibarətdir. Aristotel şücaət dedikdə, güc və qüdrət deyil, qəlbin güclü və mətinli olmasını nəzərdə tutur. İnsandan xaricdə olan üç amil isə var-dövlət, vəzifə və ad-sandan ibarətdir. Bütün bunlar təbii olaraq dəyər baxımından bir-biri ilə bərabər deyildir. Bunun üçün də cəmiyyətdə ədalət bərqərar etmək istədikdə bəzi hallarda bu iş qeyri-mümkün olur. Məsələn, var-dövləti bütün insanlar arasında bərabər olaraq bölə bilərik, lakin hər şey bununla bitmir. Vəzifələri necə, bərabər olaraq onların arasında bölə bilərikmi? İstər kommunist olsun, istərsə də sosialist hər bir ölkəyə müəyyən şəxslər rəhbərlik etməli və yüksək vəzifələri iqtidarda olan dövlət adamları tutmalıdırlar. Çünki hamının yüksək vəzifə tutması və dövlətə rəhbərlik etməsi sadəcə olaraq qeyri-mümkündür. Sevgi, hörmət və ehtiramın cəmiyyətdə bərabər bölünməsi də  qeyri-mümkündür.

«Heç olmasa, insanın ixtiyarında olan işlərdə ədalət bərqərar olunmalıdır»  deməklə tutulan iradları rədd edə bilmərik. Yəni iqtisadi məsələlərdə bərabərlik bərqərar edərək, ictimai ədalətə nail ola bilərik. Lakin bunun özü də bir növ ədalətsizlikdir. Məgər istedad, bacarıq baxımından hamı bir cür yaradılmışdırmı? Hamı təfəkkür və ideologiya baxımında eyni səviyyədədirmi? Xarici görünüş baxımından iki nəfər şəxs bir-birinə tam oxşamadığı bir halda istedad, bacarıq və ideologiya baxımından bir-birləri ilə necə tam oxşar ola bilərlər. Zahiri görünüş baxımdan bir-birinə daha çox oxşayan iki əkiz bacı və qardaş belə, ruhi baxımdan bir-birlərindən olduqca fərqli olurlar. Zövq, həvəs, qüdrət, əxlaq, səmimiyyət və s. baxımından da insanlar bir-birləri ilə tam oxşardırmı? Xeyr. Birinin meyli ticarətə, digərinin siyasətə, başqa birisinin isə elm və təhsilə olur. İnsanlar bir-birlərindən fərqli yaradıldıqları kimi, onların gördükləri iş, istedad və bacarıqları da bir-birlərindən fərqli olmalıdır. Belə ki, onlardan biri digərindən daha çox fəaliyyət göstərir və bunun üçün də gördüyü işlər də daha çox səmərə verir. İnsanlar istedad, güc və qüdrət baxımından bir-birlərindən fərqli yaradılmalarına baxmayaraq, bərabər olaraq mükafatlandırılmalıdırlarmı? Yəni təhsil alan zirək və tənbəl şagirdlər arasında fərq qoymadan «ölkəmiz bərabərlik ölkəsidir» deyərək, hər ikisinə orta qiymət, yəni 5 alana əla qiymət yox və 2 alana qeyri-kafi yox, 3 və ya 4 qiymət verərək, bərabər olaraq qiymətləndirməliyikmi?! Xeyr. Bu ədalət yox, sözün əsl mənasında zülm və haqsızlıqdır. Birisinin zəhmət çəkmədən digərinin zəhmətindən bəhrələnməsini ədalət adlandırmaq olarmı?! Bütün bunlar ədalətin ziddinə olmaqla yanaşı, ictimai şüur və məsləhətlə də tamamilə ziddiyyətlik təşkil edir. Çünki belə olduqda nə tənbəl zirəngləşir, eyni zamanda zirəng və fəal insanlara da tənbəllik üz verir. Bu isə, tamamilə adi bir haldır. Ömrünü, gününü ixtira və yeniliklərə sərf edən bir şəxs, zəhmətinin dəyərləndirilmədiyini və cəmiyyətdə heç bir fəaliyyəti olmayan adi bir şəxs ilə ona eyni qiymət verildiyini gördükdə təbii ki, öz fəaliyyətinə son qoymaq istəyəcəkdir. Çünki hər hansı bir şeyi ixtira edən şəxs, yalnız o zaman bu işə daha da sövq olur ki, əldə etdiyi nailiyyət tarixdə başqasının deyil, onun öz adı ilə yazılmış olsun. Bunun üçün də bəşər bundan artıq ədalətin ardınca getməyə cürət etməmişdir. Bunun üçün də əgər ədaləti müsavat, müsavatı da insanların nemət və bərabər olaraq mükafatlandırılması kimi mənalandırsaq, hər şeydən əvvəl bu işin qeyri-mümkünlüyünü və eyni zamanda ədalət yox, zülm və haqsızlığa, ən acınacaqlısı isə ictimai pozğunluğa yol verdiyimizi bilməliyik. Çünki insanların təbiəti müxtəlif və bir-birlərindən fərqlidir.

Soruşa bilərsiniz ki, insanlar nə üçün quruluş, xasiyyət, istedad, bacarıq, görünüş, tərzi təfəkkür, zövq baxımından bərabər olaraq yaradılmamışlar? Nə üçün Allah-təala (nəuzubillah) bu kimi işlərdə ədalətə riayət etməmişdir? Nə üçün insanlar fabrik və zavodlarda istehsal olunan mallar kimi eyni quruluşda yaradılmamışlar?



Geri   İrəli
Go to TOP