A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: HƏBİB İBN MƏZAHİR (İdeallarla tanışlıq)
Müəllif: Cəvad Mühəddisi
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri  


Bu vaxt Hüseyn ibn Əli (ə) bayıra çıxdı. Onların isar və fədakarlığı müqabilində təşəkkür edərək buyurdu: «Ey mənim səhabələrim! Allah-təala Peyğəmbərinizin (s) Əhli-beyti tərəfdən sizə ən yaxşı mükafatı versin!»[13]

İmamın (ə) ətrafındakılar yaxşı bilirdilər ki, bu son gecənin dəyərli anları onları əbədiyyətə qovuşduracaq ən qiymətli sərmayələridir. Misilsiz dəyərlərə malik olan bir gecə! Vay olsun o insana ki, öz həyatının qədr gecəsini tanımaz! Hüseynin yardımçıları bu aşura gecəsinin dəyərini necə də gözəl bilirdilər!

 

Beyətlər öhdədən düşdü bu gecə,

Məşuq aşiqlərə «gedin» söylədi.

Həbib fəryad edib dedi: ey ağa,

Sənsiz mən kiməm ki, varlığım nədi?

Saçlar ağarsa da, könül cavandı,

Həbib əvvəlki tək qana qan dedi.

 

Başqa cür ola da bilməzdi! Həbib Seyyidüş-şühədanı tək qoymuş olsaydı, könüllərdə yer tapmaz, adı əbədiləşməzdi.

ŞƏHADƏT ŞÖVQÜ

Pir olub, taqətdən düşsə canım

Cavan aşiqlərlə birdir ünvanım.

Bu səhra şahiddir mənim eşqimə,

Soruşma ürəyim çırpınır niyə!

 

Bu bir şüar yox, həqiqətdir. Ölüm üçün şadlıq, şəhadət şövqü! İnsan özü ilə Allah, behişt, Peyğəmbər (s) və imamlar (ə), siddiqlər və şəhidlər arasında bir gecəlik fasilə görən vaxt bu səfərin necəliyindən xəbərdar ola-ola necə sevinməyə bilər?! Şəhadət sevinci o insanlara xasdır ki, ilahi agahlığa, «elmül-yəqinə» çatmış olsunlar. Həbib ibn Məzahir belə insanlardan idi. İmam Hüseyn (ə) səhabələri peyğəmbər yadigarlarının qarşısında, Allah yolunda şəhadətə yetişəcəklərini bildikləri vaxt şadlanır, zarafatlaşırdılar. Həbib ibn Məzahir üzündə təbəssüm, sevincək halda səhabələrin yanına getdi. Yezid ibn Həsin Təmimi adlı səhabə bu şadlığa etiraz  edərək dedi: «Məgər indi zarafat, gülmək vaxtıdırmı?!» Həbib ibn Məzahir dərin bir imandan danışan cavab verdi: «Sevinib-şadlanmaq üçün bundan da yaxşı vaxt olacaqmı?! And olsun Allaha, bir şey qalmayıb ki, o azğınların qılıncları bizi doğrasın və behişt hurul-eyninə qovuşaq».[14]

Şadlığından özünə sığmayan, deyib-gülən digər bir səhabəyə təəccüblə dedilər: «Axı indi boş işə vaxt sərf etməzlər». O belə cavab verdi: «Yaxınlarım yaxşı bilirlər ki, mən nə gəncliyimdə və nə də qocalığımda boş şeylərə vaxt sərf etməmişəm. Amma qarşıdakı görüş məni sevindirir. Behiştlə bizim aramızda düşmən qılınclarının sıyrılması qədər vaxt qalır».[15]

Belə bir şəhadət eşqi harada görünüb?! Yalnız və yalnız ilahi məktəblərdə, din alimlərinin təlimləri sayəsində aşiqlərin baxış üfüq-ləri bir bu qədər genişlənir, dərinləşir və işıqlanır! Müqəddəs müdafiənin nurani cəbhələ-rində İslam mücahidlərinin ruhiyyəsi yada düşür. Bu insanları ruhlandıran, şübhəsiz ki, Kərbəla dastanı idi və bu mücahidlər Hüseyn (ə) aşura məktəbinin şagirdləri idilər.

AŞURA QƏHRƏMANLIQ GÜNÜ

Aşura günü sübh namazından sonra İmamın (ə) düşərgəsində ciddi hazırlıq nəzərə çarpırdı. Hüseyn ibn Əli (ə) öz qüvvələrinin hərbi hazırlığı ilə məşğul idi. Həzrət (ə) Həbib ibn Məzahiri sol cinahdakı qüvvələrin, Züheyri sağ cinahdakı qüvvələrin koman-danı təyin etdi. İmamın (ə) qüvvələri az saylı olsa da, bir dünya əzəmət, şücaət və imana malik idilər. Həbib ibn Məzahir imamın (ə) ən dəyərli səhabələrindən idi. Hərbi həmlələr vaxtı meydanda olan hər bir kəs onu səsləyir və onun çağırışına dərhal cavab verirdi. Bir dəfə də Ziyadın qulamı Salim və Übeydullahın qulamı Yəssar meydana çıxıb, mübariz tələb etdilər. Yəssar meydanda təkəbbürlə dayanıb ya Həbib, ya Züheyr, ya da Bureyr ilə döyüşəcəyini elan etdi. Həbib və Bureyr dərhal yerlərindən qalxdılar. Amma imam (ə) onlara icazə vermədi və Əbdullah ibn Əmiri meydandakı düşmənlə döyüşə göndərdi. Əbdüllah meydandakı düşmən-lərin hər ikisini həlak etdi.[16]

Həbib bütün səhnələrdə iştirak edir, imamın müdafiəsində, cəbhənin güc-ləndirilməsində qılıncı, dili, nitqi ilə öz vəzifəsini yerinə yetirirdi. Həmin aşura səhəri imam Hüseyn (ə) düşməni düzgün yola dəvət etmək və höccəti tamamlaq, bəhanələri aradan qaldırmaq üçün öz əzəmətli nitqini söylədi. Həzrət buyurdu: «Mənim əslimi nəzərdə saxlayın və baxın ki, məni öldürmək sizin xeyirinizədirmi? Məgər mən Peyğəmbərin qızının oğlu deyiləmmi?...»

Şimr Həzrətin (ə) sözünü kəsdi və dedi: «O (yəni imam (ə)) Allaha sözdə pərəstiş edir».

Həbibin dini qeyrəti ona bu səhnələri sakitcə seyr etməyə imkan vermədi və o Şimrə cavab verdi: «And olsun Allaha! Görürəm ki, sən Allaha yetmiş dillə pərəstiş edirsən. (Həbib Şimrin saxta etiqadına işarə edirdi). Mən də şahidəm ki, dediyin kimi, imamın (ə) sözlərini anlamırsan. Allah sənin qəlbini möhürləyib və həqiqəti dərk etməkdən məhrumsan.»[17] Beləcə, Şimr susdu və İmam (ə) öz sözünə davam etdi.

Üzbəüz döyüş başladı. İmamın fədakar köməkçiləri həmin tarixi məqamda birbəbir cihada gedir və qanlı savaşlardan sonra şəhadətə çatırdılar. Həbibin yaxın dostu olan Müslim ibn Ovsəcə meydana çıxdı, qəhrəmanlıqla döyüşüb, nəhayət, yerə yıxıldı. O, qanına qəltan olduğu vaxt Hüseyn ibn Əli (ə) və Həbib ibn Məzahir ona yetişdi. Müslim son nəfəslərini dərərkən Həbib ona dedi: «Müslim, mənim üçün sənin ölümün çox ağırdır! Səni behiştlə müjdələyirəm». Müslim zəif bir səslə dedi: «Allah sənə behişti müjdə etsin!» Sonra Həbib əlavə etdi: «Müslim, əgər səndən sonra qətlə yetirilməmiş olsaydım, vəsiyyətlərini eşitmək istəyərdim. Çünki mənim boynumda yaxınlıq və din haqqın var». Müslim ibn Ovsəcə çətinliklə danışa bilirdi. O dedi: «Sənə vəsiyyət edirəm ki, ölüm anınadək bu insanla (imam Hüseynlə (ə)) ol və onunla çiyin-çiyinə döyüş!» Həbib dedi: «And olsun Kəbənin Allahına! Elə də edəcəyəm».[18] Həbibin bu sözlərindən sonra Müslim gözlərini əbədi olaraq dünyaya qapadı.

Bu iki dostun vəfadarlığı onları Kərbəla şəhidləri zümrəsinə daxil etdi. Xatirələri əziz olsun!

Aşura günü günorta imam Hüseyn (ə) son namazını qılmaq üçün möhlət istədi. Düşmənin xəbis döyüşçülərindən olan Həsin ibn Təmim fəryad edərək dedi: «Hüseyn, sənin ki namazın qəbul deyil!» Bu sözlər Həbib ibn Məzahiri qəzəbləndirdi və o dedi: «Yoxsa güman edirsən ki, Peyğəmbərin qıldığı namaz qəbul deyil, sənin qıldığın namaz qəbuldur, ey ulağ?!» Sonra onlar bir-birlərinə hücum etdilər. Həbib ibn Məzahir qılıncla vurub, Həsinin atını yıxdı və Həsin yerə sərildi. Düşmənlər Həsini Həbibin əlindən aldılar. Həbib onlara xitabən dedi: «Ey ad və güc cəhətdən ən alçaq qövm, and içirəm ki, biz sizin qədər və ya bir az ondan az olsaydıq, qılınclarımızın xofundan qaçıb, meydanı boş qoyardınız».

Həbib ibn Məzahirin son fədakarlıq anı çatdı. Damarlarından gənc qanı axan bu qoca mücahid qılıncını çəkib, düşmənlərə hücum etdi. Döyüş meydanı onun əzəmətindən təlatümə gəldi. Həbib düşmən qoşununu yara-yara belə bir rəcəz oxuyurdu:

 

Mən Məzahir oğlu Həbibəm, bilin,

Hünəriniz varsa, meydana gəlin.

Sayınız olsa da bizlərdən artıq,

Qəlbimizdə vəfa, başımız ayıq.

Dəlilimiz möhkəm, sözümüz aşkar,

Candan keçiləsi məqsədimiz var.

 

Həbib ibn Məzahir yaşının ötməsinə baxmayaraq, şücaətlə vuruşur, düşmənə aman vermirdi. O, 62 düşmən döyüşçüsünü qılıncdan keçirdi. Nəhayət, başının ortasından dəyən qılınc və düşmən nizəsi onu yerə yıxdı. Bir qədər əvvəl Həbibin əlindən zorla qurtulmuş Həsin ayağa qalxmaq istəyən Həbibə hücum edib, qılınc zərbəsi ilə onu yenidən yerə yıxdı. Həbibin ağ saçları al qana boyanmışdı. O, döyüş səhnəsini görmək üçün gözlərini tutmuş qanı silmək istədi. Bu vaxt düşmən nizəsi onu hədəfə aldı. Axır anlarını yaşayan Həbib haqq yolda can vermək, həqiqət və din ağacını öz qanı ilə suvarmaq həsrətində idi.

Həbibə son zərbəni vurmuş Bədil ibn Sərim atdan düşüb, özünü Həbibə çatdırdı və tələsik onun başını bədənindən ayırdı.[19]

Həbibin şəhadət dağı Hüseynin (ə) dostlarına çox ağır gəldi. Hüseyn (ə) özünü Həbibə çatdırdı ki, onu şəhadəti, məşuq hüzuruna meracı münasibəti ilə təbrik etsin. Həbibin şəhadətinin təsirindən imam (ə) buyurdu: «Özümün və məni himayə edən dostların Allahdan mükafatı intizarındayam».[20]

Allahın və Onun rəsulunun salamı olsun Həbib ibn Məzahir Əsədiyə!

 

 


Qeydlər

[1] «Biharul-ənvar» 98-ci cild, səh.201.

[2] («Səfinətul-bihar» 1-ci cild, səh. 405.

[3] «Səfinətul-bihar» 1-ci cild, səh.405.

[4] «Əyanuşşiə» 4-cü cild, səh. 554.

[5] Şeyx Müfid, «İrşad», səh. 203.

[6] «Tarixe-təbəri», 7-ci cild, səh. 237/

[7] «Əyanuşşiə» 4-cü cild, səh. 554/

[8] Fazil Dərbəndi, «Əsrarul-şəhadət», səh.390.

[9] «Əyanuş-şiə», 4-cü cild, səh.554.

[10] Tarixe-Təbəri, 7-ci cild, səh.310.

[11] Tarix-Təbəri, 7-ci cild, səh.318.

[12] «Məqtəlul-Hüseyn (ə)» səh. 256.

[13] «Tarixe-Təbəri», 7-ci cild, səh. 329.

[14] «Rical keşi», səh.53.

[15] «Həyatil-imaməl-Hüseyn», 3-cü cild, səh. 176.

[16] «Tarix-Təbəri», 7-cild, səh. 336

[17] «Tarixe-Təbəri», 7-ci cild, səh. 329.

[18] «Əyanuş-şiə», 4-ci cild, səh. 555.

[19] «Tarixe-Təbəri», 7-ci cild, səh. 348.

[20] «Əyanuş-şiə», 4-ci cild, səh. 555.



Geri  
Go to TOP