A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Əmmar Yasir (İdeallarla tanışlıq)
Müəllif: Cəvad Mühəddisi
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri  


Həzrət Əlinin (ə) Mədinə və Kufədən yığılmış əzəmətli qoşunu Bəsrəyə yaxınlaşırdı. Həzrət Əlinin (ə) Bəsrəyə varid olmasını gözəl şəkildə təsvir edən Məs`udi bunu həzrət Peyğəmbərin (s) Məkənin fəthi zamanı bu şəhərə varid olmasına bənzətmişdir. Mücahidlər min nəfərlik dəstələrlə, tam silahlanmış halda Əbu-Əyyub Ənsari və Xəzimə ibn Sabit kimi səhabələrin komandanlığı altında idilər. Bu dəstələrdən birinə Əmmar Yasir komandanlıq edirdi. Nəql edirlər ki, Əmmar qara əmmamə qoyub, onun bir ucunu öndən sallamış və ağ paltarla yüyrək bir ata süvar olmuşdu. O aram və vüqarla hərəkət edir, belində qılınc, çiynində kaman, Qur`an qiraət edirdi. Əmmarın əlindəki ağ bayrağın altında alnında səcdə yeri olan min süvari cəmlənmişdi.

Bu dəstələrdən biri də Həzrət Əlinin (ə) ətrafında idi. Onun bir tərəfində Həsən (ə), digər tərəfində Hüseyn (ə) qarşısında çiynində bayraq tutmuş digər oğlu Məhəmməd Hənəfiyyə hərəkətdə idi. Arxasınca Cəfər ibn Əbu-Talibin oğlu Əbdüllah gəlirdi. Əqilin övladları və Bəni-Haşim cavanları həzrəti üzük qaşı kimi əhatəyə almışdılar. Onların aralarında Bədr döyüşünün bə`zi döyüşçüləri, mühacirlər və ənsarlar da görünürdü.

Əlinin (ə) qoşunu Bəsrə kənarına çatıb, orada düşərgə saldı. Həzrət Əli (ə) qardaş qanının axıdılmasının qarşısını almaq üçün, höccətin tamamlanması məqsədi ilə qadis göndərib, qarşı tərəfə bey`əti xatırlatdı. Amma bütün bunların heç bir əsəri olmadı. Cəməl fitnəkarları həzrətlə (ə) döyüşdə israrlı idilər.

Həzrət Əlinin (ə) əmri ilə onun ətrafındakılardan Müslim adlı biri əlinə Qur`an götürüb, imamın buyuruqlarını düşmənə çatdırmaq üçün yola düşdü. Düşmən Müslimə hücum edib, onun iki qolunu vurdu, nəhayət, Müslim şəhadətə yetdi.

Artıq növbə qılınca çatdı! Artıq deyiləsi sözlər deyilmiş, höccət tamamlanmışdı. Düşmən ağıl və düşüncəni bir kənara qoyub, fitnə alovunu qızışdırırdı. Yeganə çarə düşmənlə vuruş idi.

Həzrətin (ə) göstərişi ilə cərgələr düzülməyə başladı. Əmmar Yasir sonuncu dəfə qabağa çıxaraq, düşmənə moizə etdi, onlara xitabən dedi: “Ey insanlar! Siz Peyğəmbərə (s) münasibətdə insaflı hərəkət etmədiniz. Öz arvadlarınızı evinizdə saxlayıb, Peyğəmbərin arvadını bayıra çıxardınız, döyüş meydanında qılıncların, nizələrin, oxların altında saxladınız!...”

Əmmar bir az da qabağa getdi və Ayişənin kəcavəsi ilə üzbəüz dayandı. O öz sözləri ilə Ayişəni bu fitnə-fəsaddan çəkindirməyə çalışdı. Bu vaxt düşmən oxları yağış tək Əmmarın üstünə yağmağa başladı. Əmmar oxlardan yayınıb, Həzrət Əmirin (ə) yanına qayıtdı və dedi: “Ey Əmirəl-mö`minin! İndi nəyi gözləyirsən? Savaş ocağı qızışmışdır, əllər qılıncların qəbzəsinə getmişdir, oxlar kamana qoyulmuşdur.”

Əmirəl-mö`minin (ə) hücuma başlamazdan əvvəl öz döyüşçülərinə tövsiyələr verərək, onları İslamda döyüş qaydaları, insanlıq hədləri, zəiflərə və yaralılara diqqət, müdafiəsiz insanların himayəsi məsələləri ilə tanış etdi. Həzrət (ə) bir nəfər də göndərib, Ayişənin qoşununa e`lan etdi ki, ey Qureyş cavanları, olsun ki, siz üzə düşüb dayanmısınız, gəlin Malik Əştər və Əbdüllah ibn Cündəblə üz-üzə gəlməyin.[26]

Döyüş başladı. Haqq və Allah aşiqləri Əli (ə) ilə çiyin-çiyinə qəhrəmanlıq dastanı yaratdılar. Mücahidlərin qılıncları fitnəkar qövmün başının üzərindən ley kimi şığıyırdı. Düşmən qoşununun böyük hissəsi Ayişənin kəcavəsi ətrafında toplanmışdı. Həzrətin (ə) əmri ilə Əmmar Yasir, Malik Əştər və Müəmmər ibn Əbdüllah adlı digər bir cavan düşmən qoşununun arasında Ayişənin dəvəsini axtarmağa başladılar. Həmlə zamanı Ayişənin dəvəsi bir nərə çəkib yerə yıxıldı və onun ətrafındakılar qaçmağa üz tutdular. Ayişənin qardaşı Məhəmməd ibn Əbu-Bəkr bacısını götürüb döyüş səhnəsindən uzaqlaşdırdı. Düşmən üzərində qəti qələbə çalındı. Həzrət Əlinin göstərişi ilə Peyğəmbərin arvadı bir qədər istirahətdən sonra hörmətlə Mədinəyə yola salındı.

Cəməl döyüşündə Əmmar böyük şücaətlər göstərdi və savaşın Həzrət Əlinin (ə) xeyirinə nəticələnməsində mühüm rol oynadı.

Siffeyn döyüşündə

Cəməl döyüşü haqq cəbhəsinin xeyirinə tamamlandı. Amma qarşıda daha çətin bir döyüş vardı. Hakimiyyət istəyində olan qiyamçı Müaviyə Həzrət Əlinin (ə) qanuni və ilahi hakimiyyətinə qarşı çıxaraq, Şam məntəqəsini özünə tabe etdi. Həzrət Əli (ə) Şam fitnəsinin də qarşısını almaq fikrində idi.

Dünya həyatı ardınca qaçan bir qrup vəfasız yaxasını kənara çəkdi, bə`ziləri də şübhədən çıxa bilmədi. Hansı ki, Həzrət Əlinin (ə) və Əmmar Yasir kimi bə`zi səhabələrin mövqeləri Müaviyə ilə mübarizənin zəruriliyini açıq-aşkar göstərirdi. Xüsusi ilə, Əmmarın haqq me`yarı olan sözləri tərəddüdlərdən qurtarmaq üçün çox tə`sirli idi. Əmmar qılıncı ilə haqq müxaliflərini cəhənnəmə göndərən və haqtələblərin qəlbinə qüvvə verən bir qəhrəman idi. Əmmar haqq mizanı olduğundan onunla çiyin-çiyinə döyüşənlər əmin idilər ki, öldürüləcəkləri təqdirdə şəhid olacaqlar və behiştə gedəcəklər. Onunla vuruşanların da cəhənnəmə qovuşacağına heç bir şübhə yox idi. Çünki Əmmar haqla, haqq isə Əmmarla idi. Haqq yalnız Əmmarın dayandığı cəbhədə ola bilərdi.

Deyildiyi kimi, bu mizan və me`yar müsəlmanlar arasında yaxşı tanınırdı. Haqq və batil cəbhələrini tanımaq üçün Əmmarın mövqeyinə istinad etmək yetərdi.

Nəql olunur ki, həmin Siffeyn döyüşündə Şam əhlindən olan Zulkəla Həmiri adlı bir şəxs Əli (ə) döyüşçülərinə xitabən Əbu-Nuhu tələb etdi. Onlar bir kənara çəkilib xeyli söhbət etdilər. Zilkəla həzrət Peyğəmbərin (s) İraq və Şam qoşunları arasındakı döyüşündən danışan hədisini xatırladı. Həzrət (s) bildirmişdi ki, Əmmar hansı cəbhədə olsa, həmin cəbhə də haqlıdır. Əbu-Nuh Allaha and içdi ki, Əmmar bizim aramızdadır və bu döyüş hamıdan çox o israrlıdır. Əbu-Nuh dedi: “ Mənim arzum sizinlə döyüşmək və sizi öldürməkdir. Hətta sən mənim əmim oğlu olmuş olsan da! Çünki İslam vasitəsi ilə uzaq qohumlar yaxın, yaxınlar isə uzaq olar. Biz haqq və siz nahaq olduğunuz üçün sizinlə döyüşəcəyik...”

Sonra Əbu-Nuh Zilkəlanın istəyi ilə şam qoşununun qarşısına çıxıb, Əmr Ası da Əmmar mövqeyindən, onun həzrət Əli (ə) ilə olmasından xəbərdar etmək istədi. O, düşməni bu məsələdən xəbərdar etməklə onların vicdanını oyatmaq və qan tökülməsinin qarşısını almaq məqsədində idi.

Bu iki şəxslə Əmr As arasında söhbət uzun çəkdi. Hətta Əmr As e`tiraf etdi ki, həzrət Peyğəmbər (s) Əmmarın haqdan dönənlər tərəfindən öldürüləcəyini, heç vaxt haqdan uzaq düşməyəcəyini və atəşin onun bədənini yandırmayacağını buyurmuşdur.

Əmr As Əmmarın Əli (ə) qoşununda olduğunu eşidib, onunla görüşmək istədi. Əmmar Həzrət Əlinin (ə) qoşunundan on iki nəfərlə və Əmr As Müaviyə qoşunundan on iki nəfərlə birlikdə bir məhəldə görüş keçirdilər. Əvvəlcə, Əmr As Əmmarı moizə edərək onu döyüşdən çəkindirməyə çalışdı. Bir Allahdan, müştərək qiblədən, Qur`andan və Peyğəmbərin buyuruqlarından danışdı. Əmmar dedi: “Həmd olsun Allaha ki, səni bu e`tiraflara sövq etdi. Bizim siz bey`ət sındıranlarla savaşımız Peyğəmbərin (s) göstərişi ilədir. O buyurmuşdur: “Zalımlarla və haqdan üz döndərənlərlə savaşın...”

Uzun söhbətlərdən sonra Əmr As Əmmarın sözlərinin onun ətrafındakılara tə`sir edəcəyindən qorxaraq, ayağa qalxdı və öz qoşununa doğru hərəkət etdi. Amma həqiqət axtarışında olan Zulkəla hələ də götür-qoy edirdi.

Əmmarın bu savaşda şəhadətə çatması Həzrət Əlinin (ə) haqq olduğunu və Müaviyənin zalımlığını sübut edən mö`təbər bir sənəd idi. Əmmardan qabaq qətlə yetirilən Zulkəlanın ölümü Əmr Ası narahat etdi və o, Müaviyəyə dedi: “Bilmirəm Zulkəlanın ölümünə çox sevinək, yoxsa Əmmar Yasirin? Əgər Zulkəla Əmmardan sonra sağ qalsaydı, bütün qoşunumuzu Əliyə (ə) yönəldərdi və qoşunumuz dağılıb gedərdi.”[27]

Danışıqlardan heç bir nəticə çıxmadı və nəhayət, qanlı Siffeyn döyüşü başladı. Nur və zülmət, haqq və batil qoşunları üzbəüz gəldi. Döyüşün üçüncü günü Əmmar Yasir öz dəstəsi ilə düşmənlə qarşılaşdı. Qarşı tərəfdə Əmr As və onun dəstəsi dayanırdı. İman, təqva, fəzilət təcəssümü olan Əmmar bütün ömrü boyu haqq məktəbinin müdafiəçisi və təbliğçisi olmuşdu. O, döyüş səhnəsində də belə idi. Bu döyüşdə müsəlmanlara xitabən dedi: “Ey müsəlmanlar! Allahın və Onun rəsulunun düşmənini görmək istəyirsinizmi? Müsəlmanlara zülm, müşriklərə yardım edənlərə baxmaq istəyirsinizmi? İslamın qüdrətinə qorxu və ikrahla baxan, çarəsizlikdən təslim olan, Peyğəmbərin vəfatından sonra düşmən kimi tanıdığımız, günahkarların dostu kimi bildiyimiz şəxsi görmək istəyirsinizmi? Agah olun! Bu şəxs Müaviyədir. Ona lə`nət oxuyun, ona Allahın lə`nəti olsun. O daim Allah nurunu söndürməyə çalışmış, Allah düşmənləri ilə həmahəng olmuşdur.”

Bu vaxt Əmr Asın bayrağına gözü dəyən Əmmar dedi: “And olsun Allaha! Biz bu bayraqla üç dəfə vuruşmuşuq. Onlar bu döyüşdə də hidayət olası deyillər və əvvəlki küfrlərində batıb qalarlar...”[28]

Əmmar şəhadəttələb bir dəstə ilə, Allah yolunda qırmızı ölümün öncülləri ilə Ziyad ibn Nəzirin bayrağı altında hücuma keçdi. Onlar qəhrəmancasına vuruşaraq, Əmr As və onun qüvvələrini geriyə oturtdular.

Bə`ziləri həzrət Peyğəmbərin (s) müsəlmanlarla döyüşü qadağan edən buyuruğunu yada salaraq, canlarını qurtarmağa çalışırdılar. Əmmar onlara müraciətlə dedi: “Bəli... Amma bunlar İslama təslim olmamışlar. Onların təslimçiliyi zahirdədir və öz küfrlərini gizlətmişlər. Bununla özləri və küfr üçün dostlar tapmaq istəyirlər. And olsun Allaha, əgər bizim qoşunumuzu məğlub etsələr, yenə onlar haqsızdırlar və biz haqlıyıq.”

Bu sözlər Əmmar Yasirin əqidəsinin dərinliyini göstərir. Mə`lum olur ki, mübarizə zamanı Əmmar zahirə aldanmır, düşmənin riyakarlıqlarına məftun olmur. Əmmarın bu sayaq agahlığı bütün haqq tərəfdarları üçün nümunə olmalıdır. Əmmardan ibrət götürərək, həqiqət libası geymiş batili tanımalı və onunla vuruşa qalxmalıyıq.

Döyüşdən bir müddət keçsə də, hələ ümumi həmlə başlamamışdı. İmam (ə) hücumdan qabaq öz fədakar döyüşçülərini hərb qaydaları, zəiflər və yaralılarla rəftar hədləri ilə tanış edirdi. O öz komandanlarına hərbi tə`limatlar verir, döyüş qaydalarını aydınlaşdırırdı. Həzrət (ə) döyüşçülərə Allahın zikrini xatırladaraq, Allah-təaladan qələbə və mükafat diləyirdi.

Savaş başladı. Uzun müddət fədakarlıq üçün meydan axtaran haqsevərlər çox münasib fürsət əldə etmişdilər. Əmmar Yasirin başçılığı və Haşim Mirqalin bayrağı altında olan bir qrup mücahid öz döyüş hazırlıqlarını bildirdilər. Hücumdan qabaq Əmmar Yasir həzrət Əliyə (ə) yaxınlaşıb, ərz etdi: “Ey Allah rəsulunun (s) qardaşı! Meydana çıxıb, döyüşməyimə icazə verirsənmi?” həzrət (ə) buyurdu: “Səbr et! Allah sənə rəhmət etsin.”

Bir saat ötür. Əmmar yenidən imama (ə) yaxınlaşıb meydan icazəsi istəyir. İmam (ə) isə əvvəlki cavabını təkrarlayır.

Əmmar üçüncü dəfə imama (ə) müraciət etdikdə imamın (ə) gözləri yaşla dolur. Bu göz yaşları Əmmarın şəhadətindən danışır. Əmmar bunu hiss edib deyir: “Ya Əmirəl-mö`minin! Bu gün Peyğəmbərin (s) mənə xəbər verdiyi gündür” İmam (ə) miniyindən düşüb, Əmmarı ağuşuna alır və onunla vidalaşıb buyurur: “Ey Əbul Yəzqan! Allah-təala özü və Peyğəmbəri (ə) tərəfindən sənə mükafat versin. Sən yaxşı qardaş və dost oldun.”

Əmmar deyir: “And olsun Allaha, açıq gözlə sənə ardıcıl oldum. Hüneyn döyüşü günü həzrət Peyğəmbər (s) mənə buyurdu: “Ey Əmmar! Məndən sonra fitnə qopar. Həmin vaxt Əlinin (ə) ardınca get. Çünki o haqladır, haqq isə onunla. Allah sənə İslamdan ən üstün mükafat əta etsin. Vəzifəni tam yerinə yetirdin və xeyirxahlıq etdin.”

Bu vaxt Əmmar su istəyir. Amma içməyə su olmur. Ənsardan bir kişi ayağa qalxıb ona bir kasa süd gətirir. Əmmar südü içir və bir anlıq fikrə gedir. Birdən üzündə təbəssüm peyda olur və deyir: “Peyğəmbər (s) mənə xəbər vermişdi ki, axırda içdiyin süd olacaq.”

Əmmar meydana yola düşür. Şəhadət ümidi onu sevindirir. Belə bir rəcəz oxuyur:

 

Şükür, çatdı gün ki, görüşəcəyəm

Məhəmmədlə (s), onun dostlarıyla mən!

 

Haqla batilin, döyüşü başlayır. Əmmar Yasir qoşununun arasından fəryad çəkərək deyir: “Ey insanlar! O kimdir ki, təşnə suya tələsdiyi kimi behiştə doğru tələssin? Behişt nizələrin kölgəsindədir, ey xalq! Qarşınızdakılar dinə həvəssiz gəldilər, qılınc qorxusundan müsəlman olduqlarını bildirdilər. Bu gün isə dindən çıxmaq üçün fürsət tapıblar...”[29]

İslamın şücaətli döyüşçüləri Əmmarın sözlərini eşidib yerlərindən qalxdılar və düşmən qoşununa hücum çəkdilər. Əmmar daim Haşimi döyüşə təşviq edirdi. Haşim nizə ilə döyüşürdü. O misilsiz bir şücaətlə arxadakılar üçün yol açır və nizəsi sınan kimi Əmmar ona yeni bir nizə verirdi. Mücahidlərin hücumu Əmr Ası elə qorxuya saldı ki, dedi: “Əgər əldə qara bayraq, hücuma belə davam olunsa, bütün Ərəb məhv edilər...”

Əmmar Yasir qoşun başçısı idi. O, bayraqdar Haşim Mirqal ilə Həzrət Əlinin dostlarından və İslam qoşununun qəhrəmanlarından idi. Əmmarın yaşı doxsanı adlasa da, onun qəlbi cavan, ümidli və alovlu idi. Əmmarın ixlası, şəhadət şövqü, haqqa itaəti misilsiz idi.

O, Müaviyə qoşunu ilə döyüşə getmək istəyərkən başını qaldırıb dedi: “Pərvərdigara! Əgər bilsəm ki, Sənin razılığın özümü Fərata atmaqdadır, bunu edərəm. Əgər bilsəm ki, Sənin razılığın qılıncı sinəmə sancıb, kürəyimdən çıxarmağımdadır, yerinə yetirərəm.”[30]

Bu döyüşdə Haşim Mirqal o qədər vuruşdu ki, nəhayət, taqətdən düşdü, qarnı yırtıldı, yaralar vücudunu bürüdü. Amma bayraq hələ də əlində idi.

Bayrağın bir yerdə dayandığını görən Əmirəl-mö`minin (ə) Haşimin yanına adam göndərdi ki, bayraq qabağa aparılsın. İmamın (ə) göndərdiyi şəxs Haşimi çox ağır vəziyyətdə gördü. Haşim dedi: “Mənim salamımı Əmirəl-mö`mininə çatdır. De ki, Allahın rəhməti və bərəkəti olsun ona!...” nəhayət, Haşim Mirqal gözlərini dünyaya əbədi qapadı.

Həzrət Əli öz qoşununu həmin qanlı mövqedən aralı bir meydana çəkdi. Haşimin şəhadətindən sonra da Əmmar Yasir vuruşur, Şam qoşununa müraciətlə fəryad çəkirdi: “Behişt qılıncların kölgəsində və ölüm nizələrin girovundadır.”[31]

Döyüş boyu insanları şücaətləndirən, düşmən qəlbinə xof salan rəcəzlər oxunurdu:

 

Necə ki döyüşürdük

Qur`an nazil olanda,

Bu gün deyilsiniz

Zərbəmizdən amanda.

Necə uzaq düşüb

Başlar bədənlərindən,

Pərdələnmiş həqiqət

Bu gün güləsi hökmən.

 

Haşim Mirqalın şəhadəti İslam döyüşçülərini mə`yus etsə də ali məqsədlərə doğru səfər qurbansız ötüşmür. Haqqın qələbəsi üçün Haşim və Əmmar kimi şəhidlərin qanına ehtiyac duyulur. Onlar öz canlarını böyük bir fəxrlə İslama hədiyyə etdilər. Amma mükafatları daha böyük oldu: əbədi həyat!

Əmmarın şəhadəti

Görüş məqamının əzəməti vəsvə gəlmir! Əmmar hələ də düşmənlə vuruşurdu. Qəlbini sarımış eşq, şəhadət sevgisi, Allahla görüşə məhəbbət onu canından keçmiş fədakar bir qəhrəmana döndərmişdi. O döyüşə-döyüşə Allahı ilə danışır, şer`lər oxuyurdu:

 

Allah doğruçudur, əzəmətlidir!

Ya Rəbb, bu intizar çoxmu çəkəcək?

Şəhadətdən keçir Sənə gedən yol,

Bu qanlı meydanda doğranam gərək.

 

Nəhayət, 94 yaşlı bu qorxusuz aslan bir çox düşmən döyüşçülərini qanına qəltan etdikdən sonra nizə zərbəsindən yerə yıxıldı. Amansız düşmən onun başını bədənindən ayırdı. Amma bu sonluq Əmmar üçün səadət idi. Bir ömür mə`bud hüzurunda torpağa səcdə etmiş baş, nəhayət, şəhadət meydanında həqiqət yoluna təqdim olunurdu. Əmmarın şəhadət dağı Həzrət Əli (ə) üçün çox ağır idi. Əmmarın şəhadət xəbəri həzrətə (ə) çox tə`sir etdi, o bu aşiq insan üçün Allahdan rəhmət dilədi.[32]

Gecə düşür, savaş alovu sönməyə başlayır. Əmirəlmö`minin (ə) gecənin qaranlığında şəhidlər arasında gəzir və nəhayət, Əmmarın pak cəsədinə çatır. O yerə oturur bu azadə şəhidin başını qucağına alır. Həzrət (ə) Əmmarın şəhadətinə ağlayır və onun xatirəsini yad edərək belə deyir:

 

Ölüm, əl çəkəsi deyilsən məndən,

Bütün dostlarımı varmişəm əldən.

Yaxşı tanıyırsan dostları bir-bir,

Qapı-qapı gəlib alırsan əsir.

 

Əmmar vəsiyyət etmişdi ki, onu öz libası ilə dəfn etsinlər. O, Allahın düşmənlərlə hesab çəkməsini istəyirdi. İmam (ə) onun cənazəsi üçün namaz qıldı və Əmmar öz qanlı libaslarında torpağa tapşırıldı.[33]

Böyük Peyğəmbər (s) səhabəsi, imamın fədakar köməkçisi, həqiqətin və Qur`anın güclü müdafiəçisi Əmmarın şəhadəti imamın (ə) və onun ətrafındakıların ruhunda dərin iz buraxsa da, Şam qoşununun da ruhiyyəsini sarsıtmışdı. Həzrət Peyğəmbərin (s) Əmmarın şəhadəti haqqında buyurduğu hədis çoxlarını Müaviyədən uzaqlaşdırdı və onun müharibəsinin nahaq olduğunu sübuta yetirdi. Şam qoşununun tanınmış simalarından olan Əbdüllah Əmmarın şəhadətindən xəbər verən hədisə əsaslanaraq Müaviyəni tərk edib Həzrət Əliyə (ə) qoşuldu. Əbdüllahın bu hərəkəti Müaviyə cəbhəsini təlatümə gətirdi. Müaviyə Əmr Asın hiyləsi ilə belə bir şayiə yaydı ki, Əmmarın qatili onlar yox, Əmmarı müharibəyə çəkən şəxsdir. Bu şayiədən xəbər tutan Əmirəlmö`minin (ə) onların hiyləsini puça çıxararaq buyurdu: “Bu hesabla, həzrət Peyğəmbər (s) Həmzənin qatili hesab olunmalıdır. Çünki Həmzəni meydana o gətirmişdir!”[34]

Bir sözlə, Əmmarın vücudu əvvəlcə qeyd olunduğu kimi, həqiqət meyarı, imam (ə) qoşununun haqlı olmasının sübutu idi. Əmmarın şəhadətindən sonra onun döyüş yoldaşları dünyanı özləri üçün dar gördülər və düşmən qoşununa hücum edib, ona sarsıdıcı zərbələr endirdilər. Müaviyə fədakar şirlərin nərəsini xeyməsinin yaxınlığında eşidib canını qurtarmaq üçün yeni bir hiyləyə əl atdı. Onun göstərişi ilə Qur`an nizələrin başına keçirildi. Həzrət Əlinin (ə) qoşunundakı bə`zi sadəlövh insanlar bu hiyləyə aldanaraq, hücumdan əl çəkdilər. Həzrət Əlini (ə) vadar etdilər ki, müharibənin taleyi mühakimə yolu ilə həll edilsin.

Əmmar Yasir Həzrət Əlinin (ə) güclü qolu idi. Malik Əştərin şəhadətindən sonra Müaviyə belə deyir: “Əli ibn Əbutalibin iki əli vardı. Onlardan biri Siffeyn döyüşündə kəsildi və o, Əmmar Yasir idi. O biri əli isə bu gün kəsildi və o Malik Əştərdir.”[35] Müaviyə bu sözləri Malik Əştərin şəhadət xəbərini eşitdiyi vaxt demişdi.

 

Oxuduqlarınız İslam məktəbinin tərbiyəsini görmüş, vəhy çeşməsindən sirab olmuş, Məhəmmədi və Ələvi ruhundan qidalanmış bir insanın həyatından parçalar idi. Bu insanın həyatı onun əqidəsinin tərcüməçisi idi. Onun dərin imanı, ilahi e`tiqadı ömrünün ayrı-ayrı səhifələrində anbaan əks olunmuşdur. Adı və xatirəsi tarix səhifələrini zinətləndirən, haqtələblərə ilham verən insanlar məhz bu zümrədən olanlardır.

Əmmarın iman və səbri, bəsirət və şücaəti, fədakarlıq və haqqı müdafiəsi “necə olmaq” sualına cavab axtaranlar üçün ilahi bir göstərişdir.

Salam olsun Əmmara! Salam olsun doğulduğu və haqq me`racına tələsdiyi günə!

 


Qeydlər

[1] İbn Səid, “Əl-təbəqat,” c. 4, səh. 136

[2] Mamacani, “Tənqihul-məqal”, c. 2, səh. 320

[3] “Ə`yanüş-şiə”,s. 8. səh, 373

[4] Bax: “Nəhl”, 106

[5] “Ə`yanüş-şiə”, c. 8, s. 373

[6] “Ə`yanüş-şiə”, c. 8, s. 373

[7] Həmin mənbə

[8] Həmin mənbə

[9] “Əl-ixtisas”, s. 7

[10] “Əsədul-ğabə”, c. 4, s. 45

[11] “Biharül-ənvar”, c. 43, s. 56

[12] “Zumər”, 9

[13] “Ənam”, 2

[14] “Ənam”, 122

[15] “Ə`yanüş-şiə” c. s. 375

[16] “Əl-ixtisas”, 3

[17] “Tənqihul-məqal”, c. 2 s. 321

[18] “Biharul-ənvar”, c. 28, s. 198

[19] “Əl-təbəqat”, c. 6, s. 8

[20] “Əl-ğədir”, c. 9, s. 16

[21] “Ə`yanüş-şiə”, c. 8, s. 374

[22] “Əl-ğədir”, c. 9, s. 16

[23] “Əl-irtiyab”, c. 2, s. 480

[24] Həmin mənbə

[25] “Tənqihul-məqal”, c. 2, s. 321

[26] Şeyx Müfid, “Əl-Cəməl”, s. 342

[27] “Əl-Kamil”, c. 2, s. 381

[28] Əl-ixtisas, s. 14

[29] Əl-ixtisas, s. 13

[30] “Ə`yanüş-şiə”, c. 8, s. 374

[31] “Ə`yanüş-şiə”, c. 8, s. 374

[32] “Ə`yanüş-şiə”, c. 8, s. 375

[33] Əsədul-ğabə, c. 4, s. 47

[34] “Ə`yanüş-şiə”, c. 8, s. 375

[35] Əl-ixlas, s. 81



Geri  
Go to TOP