A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Əmmar Yasir (İdeallarla tanışlıq)
Müəllif: Cəvad Mühəddisi
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
  İrəli


 

ƏMMAR YASİR

 

deallarla tanışlıq)

 

CƏVAD MÜHƏDDİSİ

 

 

Kitabın adı:...............................Əmmar Yasir

Müəllif:.............................Cəvad Mühəddisi

Tərcümə edən:................Məhəmməd Turan

 

Ön söz

İnsanı böyük ruhların əzəməti qədər tə`sir altında saxlayan ikinci bir şey yoxdur. Hər bir gənc ideal, nümunə axtarışındadır. O bu idealı me`yar və rəhbər seçməklə “necə olmaq” və “necə yaşamaq” suallarına cavab arayır. Böyüklər də belədirlər. Amma ideallar uşaqlıq və gənclik dövründə insana daha çox tə`sir edir.

İslam tarixi hər biri bir dünya əzəmət paklıq və qəhrəmanlığa malik olan simalarla zəngindir. Həzrət Peyğəmbərin (s) imanlı və fədakar səhabələri, Əmirəl-mö`mininin ixlaslı dostları, digər imamların (ə) təqvalı şagirdləri və yaxınları hər biri öz növbəsində bizi mə`nəviyyata ruhlandırır və şəxsiyyətimizi ilahiləşdirir.

Bu simalar arasında Əmmar Yasir bariz mö`min şəxsiyyətlərdən, risalət və vilayət yolunda fədakar və vəfalı insanlardandır. İlkin İslam dövrü müsəlmanlarının qəhrəmanlıq tarixi və Əli (ə) aşiqlərinin fədakarlığı bu şəxsin şücaətləri ilə bəzənmişdir.

Əlinizdəki kitabça Əmmarın həyatının müxtəlif mərhələlərinə bir baxışdır. Ümid edirik ki, ümmətimizin pak və fədakar gəncləri həqiqətin müdafiəsi səhnələrində və çirkinliklərlə mübarizə meydanlarında Əmmar Yasir kimi ideallara iqtida edəcəklər. İndi isə haqq və vilayət yolunun bu şəhidinin nurani bioqrafiyasını nəzərdən keçirək.

Qum, Cəvad Mühəddisi 1998-ci il, bahar

Şəhadət ocağı

Bə`zən hadisələr insanların tərəqqisi üçün münasib şərait yaradır, İlahi təqdir insana əbədi səadət nəsib edir. Əmmarın müsəlman olması da bu kimi hadisələrdəndir.

Uzun illər Yəmənə hakim olmuş quraqlıq və fəqirlikdən sonra bu məntəqədə həyat canlanmağa başlayırdı. Yasir digər iki qardaşı ilə birlikdə, qəhətlik ucbatında onlardan ayrılmış başqa bir qardaşlarını axtara-axtara Məkkəyə gəldi. Onlar qardaşlarını tapa bilməyəcəklərinə əmin olduqdan sonra geri qayıtmaq qərarına gəldilər. Amma Yasir Məkkədə qalası oldu.[1] Zaman ötdü. Yasir Məxzum qəbiləsinin rəisi Əbu Həzifə Məxzumi ilə həmpeyman oldu və onun pak kənizlərindən biri ilə evləndi. Bu kənizin adı Süməyyə idi. Bu izdivacdan Əmmar dünyaya gəldi.[2]

Əmmar zülmün ayaq tutub yeridiyi cəmiyyətdə böyüyürdü. Məzlum kütlələr onları bu zülmətdən çəxaracaq ilahi xilaskarın zühurunu gözləyirdi. Nəhayət, Həzrət Məhəmməd (s) peyğəmbərliyə seçildi. Əmmar ata-anası ilə birlikdə müsəlman olmuş ilk şəxslərdən idi. Bu ailə Peyğəmbərlə (s) çiyin-çiyinə müqavimət, səbr və fədakarlıq tarixi yaradırdılar.

Hicazın isti və yandırıcı səhrası, günortanın qaynar günəşi Yasir və Süməyyənin qəhrəmanlığına şahid idi. Bu pir kişi və qoca qadının iman və əqidə yolunda çəkdiyi işgəncələr daşı əridirdi. Hər gün onları işgəncə içində görən girami İslam Peyğəmbəri (s) bu mətin insanları behiştlə müjdələyir, onları səbrə də`vət edirdi.[3] Bu səhnəni müşahidə edən Qüreyş müşrikləri işgəncələri daha da artırırdılar. Yasirlə Süməyyə isə gözlərini peyğəmbərin dodaqlarına dikib, onun dilindən Allah kəlamını dinləmək şövqündə idilər.

Yasir ailəsinin səbr və müqaviməti müşrikləri heyrətə gətirdi və nəhayət, bu iki əzəmətli insan Əbu-Cəhl və onun köməkçilərinin şallaqları altında şəhadətə çatdılar. Onlar İslamın ilk şəhidləri idilər. Yasir və Süməyyə Ərşe-Ə`laya qovuşdular və İslam tarixinin səhifələrini qanları ilə rənglədilər.

Bu iki qəhrəmanın gənc övladı Əmmar təqiyyə etməklə, əqidəsini gözləməklə canını qurtara bildi. O, ata-anasının cəlladlar əlində şəhadətə yetməsinə şahid oldu. Öz əzizlərini müdafiə etmək gücündə olmayan Əmmar dərin iztirab keçirirdi. Əmmar işgəncələr altında müşriklərin istədiyi sözü deməyə məcbur oldu. Amma onun qəlbi Allaha iman və eşqlə dolu idi. Onu küframiz sözlər deməyə məcbur etdilər. O, Peyğəmbərdən (s) xəcalət çəkirdi. Amma ayə nazil oldu və bu ayə Əmmarın imanına şahid duraraq, onun təqiyyəsini bəyəndi.[4]

Həbəşə və Mədinəyə hicrət

Əmmar Peyğəmbərin (s) göstərişi ilə Həbəşəyə mühacirət edənlər arasında idi. Bu dəstə canını Qüreyşilərdən qorumaqdan əlavə, hicrət etdikləri yerdə İslamı təbliğ etməli idilər.

 İslam Peyğəmbərinin (s) Mədinəyə hicrətindən sonra Əmmar da mühacirlərlə birliklə Həzrətə (s) qoşuldu. O Mədinə məscidinin tikintisində Peyğəmbər (s) və müsəlmanlara kömək edirdi. Tikinti işində Əmmar iki nəfərin işini görür, ağır daşlar daşıyırdı. Peyğəmbər (s) ona buyurdu: “Əmmar! Özünü bu qədər zəhmətə salma.” Əmmar dedi: “Bu məscidin tikintisində daha artıq işləmək istəyirəm.” Həzrət (s) əlini Əmmarın çiyninə qoyub buyurdu: “Sən behişt əhlisən, bir dəstə zalım səni qətlə yetirər.”[5]

Əmmarın fəzilətləri

Əmmar böyük fəzilətlər sahibi idi. Mütəvatir, mö`təbər bir hədisi xatırlayaq: Siffeyn döyüşündə Əmr ibn As ətrafındakıları əmin edirdi ki, Əmmar əvvəl-axır bizə tərəf dönəsidir. Nəhayət, Əmmar şəhid oldu və onun şəhadəti Müaviyəyə böyük zərbə vurdu. Əmmar şəhid olana qədər səhabələrdən bə`ziləri bu döyüşdə iştirak etmirdilər. Yalnız onun şəhadətindən sonra əksəriyyət bu döyüşə qatıldı.

Həzrət Peyğəmbərin (s) Əmmar haqqındakı buyuruqları dildən-dilə gəzir. Həzrətin (s) sözləri Əmmarın simasını müsəlmanlara tanıtdırır və onu daha da sevdirir. Məhz həzrət Peyğəmbərin (s) münasibətinə görə Əmmar bütün könüllərdə özünə yer tapır.

Həmin vaxtlar Əmmarla Osman arasında mübahisə baş verir. Peyğəmbər (s) bu barədə eşidib buyurur: “Əmmardan nə istəyirlər? Əmmar onları behiştə də`vət edir, onlar isə Əmmarı cəhənnəmə sürükləyirlər. Əmmar mənim üçün iki gözümün arası kimidir.”[6] Digər bir buyuruğunda Həzrət (s) Əmmarın uca məqamını belə işıqlandırır: “Əmmar başdan-ayağa imanla doludur. İman onun ətinə-qanına hopub.”[7] Nəql olunan hədislər Əmmarın şəxsiyyətinin ucalığını göstərir. Süffeyn döyüşündə Əmmar hara üz tuturdusa, səhabələr də onun ardınca gedirdi. İslam Peyğəmbəri başqa bir hədisdə belə buyurur: “Behişt Əmmarın müştaqıdır.”[8] Həzrət Peyğəmbər (s) Əmmarı qətlə yetirən şəxsə cəhənnəm və`d edir. Bütün bu deyilənlər Əmmarın fəzilətlərinin təsdiqidir. Bu fəzilətlərdən xəbərdar olan Peyğəmbər (s) Əmmar haqqında dəyərli sözlər bəyan etmişdir. Əmmar rəvayətlərdə Peyğəmbər (s) səhabələrinin dörd sütunundan biri sayılır. O həmin dörd nəfərdəndir ki, behişt onların sorağındadır.[9]

“Əmmarın qəzəbi Allahın qəzəbidir.” Bunu həzrət Peyğəmbər (s) buyurmuşdur. Tarixi bir söhbət Əmmar Yasirin məqamını bir qədər də açıqlayar: Xalid  ibn Vəlid və Əmmar arasında mübahisə yaranmışdı. Xalid həzrət Peyğəmbərin (s) hüzuruna gedib Əmmarın yanındaca onun haqqında xeyli mənfi sözlər söylədi və şikayət etdi. Əmmar Xalidin bu hərəkətindən narahat olub ağladı və dedi: “Ya Rəsuləllah! Görürsənmi nə edir?” həzrət Peyğəmbər (s) başını qaldırıb buyurdu: “Hər kəs Əmmarı qəzəbləndirsə, Allah onu öz qəzəbinə düçar edər. Hər kəs Əmmarı axmaq və düşüncəsiz saysa, Allah onu axmaq və düşüncəsiz sayar.”[10]

Səxavət, isar Əmmarın digər fəzilətlərindəndir. Cabir ibn Əbdüllah Ənsari belə nəql edir: Bir gün əsr namazından sonra Peyğəmbər məsciddə oturmuşdu və onun ətrafında səhabələr toplanmışdı. Məscidin bir küncündə palpaltarı cırıq-yırtıq, arıq bir kişi oturmuşdu. Həzrət Peyğəmbər (s) ona müraciətlə buyurdu: “Əgər bir istəyin varsa, de yerinə yetirək.” Qoca kişi dedi: “Ya Rəsulilah! Bir müddətdir acam... Ailəmin yanına qayıtmaq üçün də yol pulum yoxdur.” Həzrət buyurdu: “Mənim yanımda sənə verməyə bir şey yoxdur, amma səni bir evə göndərəcəyəm, nə istəsən verəcəklər.”

Sonra həzrət Peyğəmbər (s) onu Bilala qoşub həzrət Zəhranın (s) evinə göndərdi. Onlar evin qapısına çatdıqları vaxt qoca kişi dedi: “Salam olsun sizə, ey peyğəmbər əhli beyti! Sizin eviniz vəhyin nazil olduğu və mələklərin gəldiyi yerdir.” Qocanın səsini eşidən Zəhra buyurdu: “Salam olsun sənə! Haradan gəlmisən və nə istəyirsən?” Qoca dedi:” Ehtiyaclarımın ödənməsi üçün atanız məni buraya göndərdi.” Həzrət Zəhra özü də bir müddət idi ki, ac idi. Evə baxdı və Həsənlə (ə) Hüseynin (ə) altındakı qoyun dərisini gördü. Uşaqlar onun üstündə yatmışdılar. Həzrət Zəhra (s) dərini qocaya vermək istədi. Amma qoca dedi: “Mən acam, qoyun dərisinə ehtiyacım yoxdur!” Nəhayət, həzrət Zəhra öz boyunbağısını çıxarıb kişiyə verdi. Qoca boyunbağını götürüb, həzrət Peyğəmbərin yanına gəldi və əhvalatı ona danışdı. Həmin vaxt Səlman, Əbuzər və Miqdad da orada idi. Əmmar həzrət Peyğəmbərdən icazə istədi ki, dəyərini ödəyib, qocadan boyunbağını alsın. Həzrət (s) buyurdu: “Ey Əmmar, boyunbağını al. Hər kəs bu boyunbağının alınmasına şərik olsa, Allah onu oda və əzaba düçar etməz.” Əmmar boyunbağının müqabilində 20 dinar 200 dirhəm pul, geyim və çörək verdi, Xeybər döyüşündə payına düşmüş qənimətdən kişi üçün yol azuqəsi tədarük etdi. Əmmarın səxavəti kişini heyrətə gətirmişdi. Bütün hazırlıqlardan sonra qoca Peyğəmbərin yanına gəlib, ona təşəkkürünü bildirdi. Peyğəmbər (s) başını qaldırıb, həzrət Zəhraya (s) dua etdi. Sonra o, Səlmana, Əmmara və Miqdada Həzrət Əli (ə) və xanım Zəhranın (s), imam Həsənlə (ə) imam Hüseynin (ə) bə`zi fəzilətləri haqqında söhbətlər etdi.

Əmmar evə qayıdıb, boyunbağını qiymətli bir parçaya bükdü və ətirlədi. Onu Xeybər döyüşündə payına düşmüş kənizlə birlikdə Peyğəmbərə (s) hədiyyə göndərdi. Həzrət Peyğəmbər (s) hədiy-yələri qəbul edib, qızı Fatimənin (s) ixtiyarına verdi. Kəniz əhvalatı həzrət Fatiməyə danışdıqdan sonra xanım Fatimə onu Allah yolunda azad etdi. Kənizin gülümsədiyini görən Fatimə (s) bu gülüşün səbəbini soruşdu. Kəniz belə cavab verdi: “Bu boyunbağına gülürəm. Bir boyunbağı acı doyurdu, yoxsulu geyindirdi, möhatcın ehtiyacını aradan qaldırdı, bir qulu azad etdi, nəhayətdə isə öz sahibinə qayıtdı.”[11]

Təfsirçilərin bildirdiyinə görə, Qur`anın bə`zi ayələri Əmmarın şə`nində nazil olmuşdur. Allahın saleh bəndələrindən danışan, gecə ibadətlərinə məşğul olan insanları xatırladan, Allahın mərhəmətinə ümidvar mö`minləri yada salan bə`zi ayələr onun şə`nində nazil olmuşdur.[12] Eləcə də, bilənləri bilməyənlərdən üstün tutan, sübh və şam Allaha pərəstiş edənlərdən danışan, yalnız Allahın razılığını düşüənlərdən söhbət açan ayələr də bu qəbildəndir.[13] Xalq arasında nur kimi xatırlanan çöhrədən danışan ayə də Əmmarın şə`nindədir.[14] Bu ayələrin Əmmarın şə`nində nazil olması “Əl-ğədir” kitabında qeyd olunmuşdur.

Şəhadət xəbəri

Əmmarın döyüşlərdə və Peyğəmbərlə (s) yanaşı fəaliyyətlərdə rolu cəlbedicidir. Əhzab (Xəndək) döyüşündə Səlmanın təklifi ilə xəndək qazılarkən Əmmar var qüvvəsi ilə çalışır. Yorğun, taqətsiz, üzü-gözü toz-torpağa bulaşmış Əmmarı görən Peyğəmbər (s) buyurur: “Xəbərdar ol, ey Süməyyə oğlu, zalım qövm səni öldürəsidir.”[15]

Bu cümləni həzrət Peyğəmbər (s) dəfələrlə, eləcə də, Mədinə məscidi tikilərkən buyurmuşdur. Bəli, Əmmarın Süffeyn döyüşündə Müaviyə ilə vuruşda şəhadətə yetəcəyi xəbərini həzrət Peyğəmbər (s) öncədən bildirmişdir.

Haqq və vilayətin müdafiəsi

Həzrət Peyğəmbərin (s) vəfatından sonra Əmmar bəziləri kimi rahatlıq və sərvət dalınca qaçmadı. Əksinə, o, haqqın müdafiəsi yolunda olmazın məhrumiyyətlərinə düçar oldu. Peyğəmbərin (s) vəsiyyətlərinin görməməzliyə vurulması Əmmarın iman dolu vücudunu haqq və fəzilət müdafiəçisi kimi ağrıdırdı.

Əmmar “şurtətul-xuməys” adlanan qrupdan idi. Bu qrupda olan insanlar din və Əlinin (ə) rəhbərliyinin himayəsi yolunda fədakarlıq üçün candan keçənlər idilər. Həzrət Peyğəmbər (s) və Əli (ə) də onları behiştlə müjdələmişdi.[16]

Əmmar Peyğəmbər səhabələri, Səlman Farsi, Əbuzər Qəffari, Miqdad ibn Əsvəd, Əbu Əyyub Ənsari, Xəzimə ibn Sabit, Osman ibn Hənif, Səhl ibn Hənif ilə birlikdə məscidə gəlib, imam Əlinin haqqının müdafiəsi üçün müsəlmanların qarşısında çıxış etdi.[17] Bu toplantıda Əmmar belə dedi: “Ey Qüreyş! Ey müsəlmanlar! Əgər bilmirsinizsə, bilin ki, sizin Peyğəmbərinizin Əhli-beyti onun ən layiqli varisləri, dini işlərdə möhkəm və ən əmin mö`minlərdir. Onlar millətin nəzarətçisi və ümmətin xeyirxahlarıdır. Onun Əhli-beyti ilə dostluğunuz qırılmamış, dininiz zəifləməmiş, fitnələr üstünüzə hücum çəkməmiş haqqı öz sahibinə qaytarın. Aranızda ixtilaf düşməmiş, tamahkar düşmən dininizi zaya çıxarmamış hərəkət edin. Yaxşı bilirsiniz ki, Bəni-Haşim sizlərdən ləyaqətlidir, Əli, Allah və Onun rəsulunun sizinlə bağladığı müqaviləyə əsasən, sizin imamınızdır. Siz aşkar üstünlüklərini bilirsiniz. Peyğəmbər sizin evlərinizin məscidə açılan xüsusi qapılarını bağladı, Əlinin qapısı açıq qaldı. Həzrət, qızı Fatiməni Əliyə verdi və onun haqqında buyurdu: “Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır. Elm istəyənlər bu qapıdan daxil olmalıdırlar.” Siz dini işlərinizdə ona müraciət etməyə məcbursunuz. O isə sizdən ehtiyacsızdır. Onun layiqli keçmişini bilirsiniz. Belə bir keçmişə isə heç biriniz malik deyilsiniz. Bəs necə olub ki, ondan əlinizi üzüb haqqını əlindən almısınız?! Bilin ki, zalımların cəzası pisdir. Cahiliyyət dövrünə qayıtmayın, ziyan görərsiniz.[18]

Əmmar deyir: “Mən Peyğəmbərlə (s) yaşıd idim.” Əmmar ilkin müsəlmanlardan idi. O, ömrünün bir hissəsini Məkkədə düşmənlərlə mübarizidə və işgəncələr içərisində keçirmişdir. Mədinədə Peyğəmbərin (s) həyatı dövründə müharibələrdə iştirak etmiş və həzrətin (s) şəhadətindən sonra haqq cəbhənin müdafiəsində dayanmış, iki xəlifənin dövründə müharibələrdə olmuş, bütün ömrünü cihada həsr etmişdir. Nəhayət, Siffeyn döyüşündə Əmmar 94 yaşında şəhid olmuşdur.

Cəbhələrdə

Əmmar Yasir həzrət Peyğəmbərin (s) həyatı dövründə canını ovucunda tutub, İslamın müdafiəsində dayanmış mö`minlərdən idi. O, müşriklər və təcavüzkarlarla fədakarcasına mübarizə aparırdı. Peyğəmbərdən (s) sonra xilafət məsələsində yanlışlıqlara yol verilsə də, Əmmar İslamın müdafiə səngərini boş qoymamışdı.

Yəmamə döyüşündə mürtədlərlə qəhrəmancasına vuruşan Yasir bu döyüşdə yaralandı. Müsəlmanların ruhiyəsində zəiflik görən Əmmar bir qaya parçasının üstünə çıxıb, onları müqavimətə çağırır və deyirdi: “Yoxsa behiştdən qaçırsınız?”

Zəifləmiş müsəlman qüvvələri Əmmarın şücaətindən və alovlu sözlərindən cür`ətlənib yenidən onun ətrafında toplandılar. Al qanına qəltan olmuş yaralı döyüşçülər yenidən səfərbər olub, düşmənin hücumunu dəf edə bildilər. Nəhayət, bu döyüşdə müsəlmanlar qalib gəldilər.

Əmmarın misilsiz qəhrəmanlıqlarından bir hissəsi Əmirəl-mö`minin (ə) xilafəti dövrünə düşür. O, həzrətlə (ə) çiyin-çiyinə təcavüzkarlar və əhdini sındıranlarla döyüşür və sonra şəhadət şərbətini başına çəkir. Əmmarın Cəməl və Süffeyn döyüşün-dəki rəşadətləri haqqında yenə də danışacağıq.

Əmmarın Kufədə valiliyi

İslamın böyük şəhərlərindən biri olan Kufədə müəyyən müddət Əmmar Yasir valilik etmişdir. İkinci xəlifənin dövründə Əmmar Kufəyə vali tə`yin olunur. İbn Məs`ud da bir Qur`an müəllimi və xəzinədar kimi onu müşayiət edir. Xəlifənini onlara aid olan hökmündə belə yazılmışdı: “Bu iki şəxs Məhəmmədin (s) ən üstün və seçilmiş köməkçilərindəndirlər. Onları dinləyin və onlara iqtida edin.”[19]

Peyğəmbərdən tərbiyə almış Əmmar yalnız Allahın razılığı və vəzifəsini yerinə yetirmək barədə düşünürdü. Kufə kimi böyük və həssas bir şəhərin valisi olmasına baxmayaraq, Əmmar üçün ixlas, təvazö və təqva hər şeydən uca idi. O, Əmirəl-mö`minin (ə) eşqi ilə dolu bir qəlblə yalnız qısa müddət Kufədə hakim oldu və onun hakimiyyəti altında olan xalqın əksəriyyəti Əlinin (ə) tərəfdarları idi.

Onun ədalətli və dinə müvafiq rəftarı bə`zi dünyatələbləri razı salmadı. Onlar xəlifəyə ünvanlanmış böhtan dolu mə`lumatları ilə Əmmarın işdən uzaqlaşmasına nail oldular. Əmmar yenidən Mədinəyə qayıtdı və həzrət Əlinin (ə) elm və helm dəryasından faydalanmaqda davam etdi.

Əmmar Mədinəyə qayıtdığı vaxt ondan soruşdular ki, işdən uzaqlaşdırılmağın səni narahat etmirmi? Əmmar belə cavab verdi: “Mənə bu iş həvalə olunanda sevinməmişdim ki, kənarlaşdırılanda da narahat olam!”

Nəhy əz münkər”− pisliyin qadağa səngərində

Peyğəmbərdən (s) sonra İslam hakimiyyətini öhdəsinə götürmüş bə`zi şəxslərin beytül-maldan, İslam büdcəsindən sui-istifadə etməsinə tarix şahiddir. Hakimiyyət kürsüsündə oturanların çoxları yetərincə təqvalı olmadığından şeytana aldanaraq, beytül-malı şəxsi malı kimi öz yaxınlarının ehtiyacına sərf edərdilər.

Üçüncü xəlifə Osmanın dövründə İslam dövləti əsasən Əməvilər tərəfindən idarə olunduğu vaxt bu məsələ özünü daha da qabarıq nəzərə çarpdırdı. Həmin dövrdə imanlı və qeyrətli müsəlmanlar hakimiyyətin iqtisadi fəsadlarına qarşı mübarizə aparır, e`tirazlarını bildirirdilər. Dövlətin iqtisadi siyasətini tənqid edənlərdən biri də Əmmar Yasir idi.

Üməyyə ailəsinin hərəkətlərini sərt tənqid edən Əmmar xilafət başçılarının qəzəbinə tuş gəldi. Onu e`tirazlarına görə incitdilər, işkəncə verdilər, zindana saldılar, təhqir etdilər. Əmmar öz rəftarını dini bir vəzifə bildiyindən sorağına gəlmiş əziyyətləri də həvəslə qarşılayırdı. O tutduğu yolun ağır əzab-əziyyətləri müqabilində deyirdi: “Nə olur olsun, Allaha həmd oxuyuram. Allah yolunda birinci dəfə deyil ki, işkəncə görürəm.”[20]

Əmmar xilafət və qanunsuz şura məsələsinə qarışdıqda onunla sərt rəftar edib dedilər: “Sənin bu işə qarışmağa haqqın yoxdur.” Əmmar isə belə cavab verdi: “Əlhəmdulilah! Haqq tərəfdarları daim məzlum olmuşlar!”[21]

Əmmarın şücaətinin sübutu üçün təkcə bunu demək kifayətdir ki, müsəlmanların hökumət mə`murlarından yazdığı şikayət məktubunu Əmmar tək-tənha aparıb xəlifəyə çatdırdı. Bu görüşdə iştirak edən Mərvanın təhriki ilə elə oradaca Əmmarı kötəkləyib, haldan saldılar və huşsuz halda bayıra atdılar. Müsəlmanlar Əmmarı ayağa qaldırıb apardılar.[22]

Əmmarın iti dili, şücaətli qəlbi və nüfuzlu imanı vardı. O öz dini vəzifəsini yerinə yetirərkən heç bir sazişə getməz və süstlük göstərməzdi. Əmmar e`tiraz edənlərin natiqi, fəryad çəkənlərin səsi, Həzrət Əlinin (ə) yoluna inananların öncülü idi.

Bütün bu səbəblərdən Əmmar üçün cinayətkar məs`ulların əməllərinə dözmək çətin gəlirdi. Onu da dəfələrlə böyük səhabə Əbuzər Qəffari kimi sürgün etmək istəmişdilər. Amma xalqın rə`yi və həmpeyman olduğu qəbilənin himayəsi bu işə mane olurdu. Cinayətkar hakimiyyət Əmmarın tənqidlərindən yaxa qurtarmaq üçün yol tapa bilmirdi.

Əmmar Yasir, haqla batilin me`yarı

Əlbəttə ki, insanlar haqq tərəzisinə qoyulmalı, onların şəxsiyyəti həqiqətə əsasən dəyərləndirilməlidir. Amma bə`zən insan özü elə bir iman, ixlas, təqva həddinə çatır ki, haqq ölçüsü, haqq nümunəsi, haqq nişanəsi olur. Bə`zən həqiqəti tanımaq üçün insanı ölçü götürmək lazım gəlir. Bə`zi insanların əməlinə, danışığına və mövqeyinə əsasən həqiqəti tanımaq olur.

Əmmar da haqla batilin ölçüsü olmuş çöhrələrdən sayılır. Bu üsul həzrət Məhəmmədin (s) tərəfdarları arasında məşhur bir üsul idi. Onların qarşısına bir çətinlik çıxdıqda deyərdilər: “Baxın görün Əmmar Yasir necə hərəkət edir, hansı yolu seçir?” Nümunə üçün aşağıdakı hallara nəzər salaq:

1. Bir kişi Əbdüllah ibn Məs`uddan soruşdular: “Əgər qarşıya bir fitnə çıxsa, haqqı tanımaq üçün nə edim?”

İbn Məs`ud deyir: “Qur`ana müraciət et.” Kişi yenə soruşur: “Əgər hər iki müxalif dəstə Qur`ana müraciət edib dəlillər göstərsələr necə?” İbn Məs`ud deyir: “Bax gör Əmmar Yasir hansı dəstədədir, sən də həmin dəstəyə qoşul, çünki Əmmar daim haqlıdır.”[23]

2. Hüzeyfə Yəmani  bu bəsirətli və münafiq tanıyan insan dostlarına tövsiyyə edir ki, heç vaxt Əmmarın əksinə hərəkət etməsinlər. Çünki Əmmar ölümünədək haqdan ayrılmaz və haqq hardadırsa, Əmmar da onunladır.”[24]

3. Siffeyn döyüşündə də Əmmar haqla batil ölçüsü oldu. O haraya üz tuturdusa Peyğəmbər (s) səhabələri onun ardınca gedirdilər.

4. Bə`zi səhabələr Peyğəmbərin Əmmarın şəhadəti barədəki buyuruğunu əsas götürərək, o şəhid olanadək vuruşdan çəkindilər. Onlar yalnız Əmmarın şəhadəti ilə haqq cəbhəsini tanıya bildilər.

Əmmar Yasirin həqiqət ölçüsü olması həzrət Peyğəmbərin (s) buyuruğuna əsaslanır. Həzrət (s) buyurmuşdur: “Əmmar haqla, haqq isə Əmmarla olur. Haqq hansı tərəfə dönsə, Əmmar da həmin tərəfə dönər.”[25]

 

 

 

Ələvi hökuməti dövründə

Osmanın qətli və Əmirəl-mö`mininin xilafətə çatması ilə İslam tarixində yeni və parlaq bir dövr başladı. Həzrət Əli (ə) iyirmi beş il müsəlmanların vəhdətini qorumaq xatirinə xanənişin olub, hakimiyyətdən kənarda qaldı. Sonradan xalqın tə`kidləri ilə yenidən siyasət səhnəsinə qayıtdı və müsəlmanlar ona bey`ət etdilər. Sədaqətli səhabələrin, Peyğəmbərin (s) pak tərəfdarlarının meydana dönməsi üçün şərait yarandı. Onlar yenidən var gücləri ilə cihad və təbliğə məşğul ola bilərdilər.

Əllamə Təbatəbainin “İslamda şiə” kitabındakı təhlillərə əsasən, Əmmar və onun həmkarları Həzrət Əlinin (ə) iş başına gəlməsini İslamın dirçəlişi, küfrün məğlubiyyəti kimi qəbul edən insanlar idilər. Bu insanlar ciddi sə`y ilə ayağa qalxıb, İslamı dirçəltmək və böyük şiə inqilabını hifz etmək üçün çalışırdılar. Şiələrin Həzrət Əliyə (ə) bey`ət günündəki sözləri deyilənlərə sübutdur.

Artıq Əmmar Yasir pirani bir kişidir. O öz ömrünün ötən illərində acılışirinli hadisələrə şahid olmuşdu. Əmmar mübarizə, vəfadarlıq, müqavimət və haqq yolda möhkəmlik nümunəsidir.

Əmmar Ələvi hakimiyyəti dövründə Qur`ana meydan açılmasından xoşhaldır. Qohumbazlıq, beytülmalın qarəti və bu kimi İslama yaraşmayan işlərin aradan  qalxması onu sevindirir. Əgər Əli ibn Əbu-Talib kimi bir şəxs hakim olmuşsa, yaşının ötməsinə baxmayaraq, 90 yaşlı bu insan da İslama və müsəlmanlara xidmət edə biləcək.

Əlinin hökuməti haqq və ədalət hökumətidir. Təbii ki, zalımlar, dünyagirlər ona qarşı çıxasıdırlar. Həzrət Əlinin (ə) iş başına gəlməsi ilə Əmmar Mədinə asayişinə məs`ul olur. Məxfi mə`murlar münafiqlərin, dünyapərəstlərin, Bəni-Üməyyə hizbinin təxribatları haqqında mə`lumatlar gətirirlər. Əmmar bu mə`lumatlarla tanış olub, zəruri bildiyi məsələlər haqqında Həzrət Əliyə (ə)  mə`lumat verir. Şamda müxalif qüvvələrin asta-asta baş qaldırdığı mə`lum olur. Bəsrədən olan bir qrup xəyanətkar Osmanın qətlini bəhanə edərək, Həzrət Əli (ə) ilə bey`ətlərini pozub, qiyam hazırlayırlar. Bu xəyanətkarların başında Təlhə və Zübeyr dayanır. Onlar Ayişəni qabağa salaraq, peyğəmbərin arvadının nüfuzundan öz mənfur niyyətlərini həyata keçirmək üçün istifadə edirlər. Nəhayət, Cəməl döyüşünə yol açılır.

Həzrət Əli (ə) düşmənlə mübarizə üçün Kufəni mərkəz seçmək istəyir.  Kufə əhalisini hazırlamaq üçün bir qrup adam göndərir. Haşimi Mirqal məktub yazaraq Əbu-Musanın müxalifəti barədə həzrətə mə`lumat verir. Həzrət (ə) imam Həsənlə (ə) Əmmarı oraya göndərir. İmam Həsən (ə) çıxış edir, Əmmar da öz sözlərini deyir. Bununla belə Əbu-Musa öz müxalifçiliyini davam etdirir. O, xalqı Cəməl döyüşünə səfərbərlikdən çəkindirir. O gah Peyğəmbərdən hədis gətirir, gah Ayişənin naməsini oxuyur. Nəhayət, Həzrət Əli (ə) Malik Əşdəri çağırıb buyurur: “Əbu-Musanın işdən uzaqlaşdırılmasına sən imkan vermədin. İndi bax gör nə edir!” Malik əzr etdi: “Mən özüm onu islah edərəm.” Malik Əştər yola düşüb Kufəyə getdi. O, Əbu-Musanı Kufədən çıxarıb, əzəmətli bir qoşunu düşmənlə döyüşə səfərbər etdi.

İşdən kənarlaşdırılmasından narahat olan Əbu Musa Peyğəmbərin (s) adından yalanlar uyduraraq, belə bir təbliğat apardı ki, guya fitnə yaranıb və kənarda dayanmaq lazımdır. Əbu Musa özü həzrət Əliyə (ə) arxa çevirməklə yanaşı, xalqı müharibədən çəkindirmək, cihaddan yayındırmaq, imamın (ə) tərəfdarları arasında süstlük yaratmaq istəyirdi.



  İrəli
Go to TOP