A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Seyyidüş-şühəda Həmzə
Müəllif: Cəvad Mühəddisi
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Daha sonra ümumi həmlə başlandı. Həmzə böyük rəşadət və qəhrəmanlıqla döyüşə girişib, düşmən ordusunun köksünə vardı. O, qorxudan döyüşçülər arasında gizlənmiş bir çox küfr başçılarını öldürdü və növbəti bir qəhrəmanlıq dastanı yaratdı. Hamı Həmzənin şücaətindən danışırdı. Onun yaxın silahdaşı Əmirəl-möminin (ə) belə buyurur: «Müşriklərdən birini təqib edirdim. Bir müsəlmanla bir müşrikin vuruşduğunu gördüm. Bu döyüşdə müsəlman şəhid oldu. Polad zireh geymiş Təyəmə adlı qatil məni tanıyıb, nərə çəkərək dedi: «Ey Əbu-Talib oğlu, meydana gəl!» Sonra isə qılınc çəkib, hücuma keçdi. Mən qalxanla özümü müdafiə etdim. Amma onun ağır zərbəsi qalxanı əzdi. Qılıncımla onun cavabını verdim və boynundan bir zərbə vurdum. Başının üzüldüyünü zənn etdim. Amma zireh möhkəm olduğundan qılınc təsir etməmişdi. Bu vaxt arxadan bir qılınc parladı. Başımı aşağı saldım. Göydən enən qılınc düşmənin başını papağıyla birgə üzüb atdı. Bu vaxt qulağımda isti və tanış bir səs cingildədi: «Tut onu, ey Əli! Mənəm, Əbdül-Müttəlibin oğlu». Dönüb arxaya baxanda Seyyidüş-şühəda əmimi gördüm. Öldürülmüş müşrik isə ərəbin şücaətli qəhrəmanlarından sayılan Təyəmə ibn Ədi idi».[34]

Tarixçilər Bədr döyüşü haqqında yazırlar ki, bu döyüşdə müşriklərin əksəriyyətini Həmzə və Əli (ə) öldürdü. Bədr döyüşü başa çatanda müşriklərin yetmişə yaxın cəngavərinin cəsədi torpağa sərili qalmışdı. Bu zərbə qüreyşi sarsıtdı. Həmzənin öldürücü qılıncını müşriklər heç vaxt unutmadılar. Bundan sonrakı döyüşlərdə müsəlmanlara qarşı fitnəni qızışdıran Əbu-Süfyan Məkkə-nin fəthi zamanı canını qurtarmaq məqsədi ilə riyakarcasına İslamı qəbul etdi. Osmanın vaxtında Ühüddə Həmzənin qəbri yanından keçərkən qəbiri təpik-ləməklə öz kinini bildirmişdi və tənə ilə demişdi: Ey Əbu-Əmarə! O şeydən (xilafət) ötrü ki, bir-birimizə qılınc çəkirdik, bu gün həmin şey bizim uşaqlarımızın əlindədir və onunla əylənirlər!»[35]

 

ŞƏHADƏT ŞÖVQÜ

Hadisələr bir-birini əvəz edirdi. Məkkədən gələn xəbərlər açıq-aşkar düşmənin məkrlərindən danışırdı. Haqla batilin baş-başa gəlməsi qaçılmaz idi. Dinin hifzi və İslam məktəbinin qorunması böyük fədakarlıqlar tələb edirdi. Həmzənin iman və etiqadı getdikcə möhkəmlənirdi. O, fədakarlıq üçün alışıb-yanırdı. Artıq Ühüd savaşı üçün şərait yaranmaqdaydı. Sanki Allah-təala öz imtahan və sınağı sayəsində, çətin hadisələr burulğanı və qanlı savaşlarda müsəlmanların fədakarlıq və möhkəm-liyini nümayiş etdirmək istəyirdi. Həmzə səfər azuqəsini hazırlamış müsafir tək əbədi saraya doğru tələsməkdəydi. Məbudla görüş şövqü onun əl-ayağından dünya bağlarını açmışdı. O, azad və rahat idi.

Amma daxilində başqa bir qovğa vardı. Onun dar cisim qəfəsi uca ruhuna tab gətirmirdi. Həmzənin ruhunda kök atmış məhbubla görüş şirinliyi duyğusu intizar kölgəsini ağırlaşdırmışdı. Onun yalnız ilahi zikrə məşğul olan dil-dodağı danışıq və təamdan imtina etmişdi. Son gecə gəlib çatdı. Bu gecə Həmzənin qədr gecəsi idi. Bu gecənin səhəri Allah yolunda şəhadət səadəti Həmzənin sorağına gələcəkdi.

Həmin gecə həzrət Peyğəmbər (s) Həmzəni yanına çağırıb buyurdu: «Əmican, zənnimcə, tezliklə məndən uzaq düşəcək və məndən qeybdə olacaqsan. Demək istəyirəm ki, Allahla görüş zamanı səndən İslam və iman şərtləri haqqında soruşulanda nə cavab verəcəksən?» Bu sözlərdən şəhid olacağını anlayan Həmzənin gözləri yaşla doldu və dedi: «Ey Peyğəmbər, mənə yol göstər və bu sualların cavabını öyrət». Həzrət (s) buyurdu: «Ey Həmzə, ixlasla şəhadət ver ki, «la ilahə illəllah, muhəmmədər-rəsulullah». Həmzə dedi: «Şəhadət verirəm». Peyğəmbər (s) sözünə davam etdi: «Sonra de ki, behişt və cəhənnəm haqdır, qiyamət günü gələcək və ona heç bir şəkk yoxdur. Şəhadət ver ki, sirat və mizan haqdır. Hər kəs zərrəcə yaxşılıq və pislik etsə, əməlinin mükafatını və cəzasını görəcək. Şəhadət ver ki, bir dəstə behiştdə və digər bir dəstə cəhənnəmdə olacaq. Şəhadət ver ki, Əli (ə) əmirəl-möminindir». Həmzə dedi: Şəhadət verirəm və bütün bunları etiraf edirəm, inanıram». Həzrət əlavə etdi: «Şəhadət ver ki, Həsən (ə) və Hüseyn (ə), eləcə də, Hüseynin (ə) nəslindən gələcək imamlar haqdırlar». Həmzə ərz etdi: «İnanıram və təsdiq edirəm».

Həzrət (s) öz söhbətində yeni bir mərhələyə keçdi və öz buyuruqları ilə Həmzəni riqqətə gətirdi: «De ki, Həmzə Seyyidüş-şühəda, şəhidlər ağası, Allah və Onun rəsulunun şiri və Peyğəmbərin (s) əmisidir». Şəhadət qoxulu sözləri eşidib, Həmzə o qədər ağladı ki, heydən düşdü. Sonra bu xoş müjdənin şükrü olaraq, dodaqlarını Peyğəmbərin (s) gözlərinə qoyub öpdü. Həzrət (s) buyurdu: «De ki, qardaşım Əbu-Talibin oğlu Cəfər behiştdə mələklərlədir. Şəhadət ver ki, Məhəmməd və onun ailəsi Allah məxluqlarının ən üstünləridir».

Sonra Peyğəmbər (s) Həmzəyə xitabla buyurdu: «Ey Həmzə, Peyğəmbər Əhli-beytinə (s) iman gətir, ölümün və həyatın bu əqidə əsasında olsun. Onların dostu ilə dost, düşmənləri ilə düşmən ol». Həmzə dedi: «Ey Allah Rəsulu! Bütün deyilənlərin doğruluğunu təsdiq edirəm. Bu əqidəmə Allahı şahid tuturam».

Nəhayət, Peyğəmbər (s) Həmzəyə dua edib, buyurdu: «Allah səni öz əqidəndə möhkəm və müvəffəq etsin.»[36] Həmzənin din yolunda fədakarlığa eşqi misilsiz idi. Əbu-Süfyanın Mədinə üzərinə qoşun çəkməsi xəbəri gələndə müsəlmanlar iki yoldan birini seçməli oldular: onlar ya şəhərdə qalıb, düşmənlə Mədinə küçələrində döyüşməli, ya da şəhərdən çıxıb, müşrik qoşunu ilə üzbəüz dayanmalıydılar. Bədr döyüşündə iştirak edə bilməmiş cavanlar təklif edirdilər ki, döyüş şəhərdən kənarda olsun. Onlar düşmənlə savaş və şəhadət eşqindəydilər. Bəzi yaşlılar və düşüncə sahibləri, eləcə də Həmzə dedi: «Ey peyğəmbər, qorxuruq ki, şəhərdə qalsaq, düşmən ondan çəkin-diyimizi zənn edər və bu ehtimal onları daha da cəsarətləndirər. Bədr döyüşündə 300 nəfərlə idin və Allah sənə qələbə nəsib etdi. Bu günsə biz çoxuq. Məgər belə bir günün gəlib çatmasının gözləmir-dikmi?! Biz bunu Allahdan istəmişik. Allah həmin fürsəti bu gün qismət etmişdir.[37]

Hamı bir nəfər kimi şəhadətə tələsirdi. Həmzə dedi: «And olsun Allaha, bu qılıncımla Mədinə kənarında onlarla çarpışanadək dilimə bir şey vurmaya-cağam».[38]

ÜHÜD MEYDANINDA

Həmin ilin ramazan ayı, oruc tutmuş müsəlmanlar üçün çox əlamətdar idi. Onlar iman, Allaha və Onun rəsuluna eşqin nümayişi günlərini yaşayırdılar.

İntizar gecəsi ötüşdü. Səhərdən savaş və qan qoxusu gəlirdi. Allah aşiqlərinin başı üzərində şəhadət göyərçini qanad çalırdı. Onlardan biri də Həmzə idi. Küfr leşkəri İslam qoşunu qarşısında, Mədinənin şimalında Ühüd dağının ətəyində cərgələnirdi. Müşrüklər Bədr döyüşündə öldürülən adamlarının inti-qamını almaq həvəsindəydilər. Müsəlman-lar da Peyğəmbərin (s) başçılığı altında rəşadət göstərmək əzmindəydilər.

Hər iki qoşun öz mövqeyində möhkəm-lənirdi. Həzrət Peyğəmbər (s) oxatanların bir hissəsini Məşrif təpəsində yerləş-dirmişdi ki, düşmən İslam ordusuna arxadan həmlə edə bilməsin.

Əvvəlcə təkbətək döyüş başladı. Əli (ə) doqquz kafirlə döyüşdü və onların həyatına son qoydu. Həmzə isə savaş fürsəti gözləyirdi. Qeyd olundu ki, o, qılıncını düşmən qanı ilə sirab edənədək dilinə bir şey vurmayacağını əhd etmişdi. Həmzə hələ də orucunu açmamışdı.

Ümumi həmlə başlayanda İslam döyüş-çüləri düşmən leşkərinin üzərinə hücuma keçdilər. Həmzə qəhrəmancasına düşmən qoşununun bağrını yarmaqdaydı. O bu döyüşdə iki qılıncla vuruşur və fəryad edirdi ki, mən Allahın şiriyəm.[39] Düşmən qoşunundan bir çoxlarını öldürdükdən sonra İslam qərargahına qayıtdı. Bir qədər sonra ikinci dəfə hücuma keçdi. Həmzə bu qanlı səhnənin qəhrəmanı idi. O, meydana şücaətlə girir, müşrikləri pərən-pərən salırdı. Kimsə bu ağır zərbələrə tab gətirmək gücündə deyildi.[40] O kimini öldürür, kimini əsir götürürdü. Həmzə qoşunun ənginliyinə daxil olmaqla, canını təhlükəyə atırdı. Yoldaşları onu ehtiyatlı olmağa çağıraraq deyirdilər: «Cavan və güclü olduğun vaxt bir bu qədər təhlükəyə atılmazdın. Nə səbəbdən bu yaşda bu qədər qorxusuzsan? Ey Həmzə, qılınc qoca-cavan, güclü-zəif tanımır. Düşmənə bu qədər yaxınlaşma». Amma Həmzənin batinindən kimsənin xəbəri yoxdu. O, eşitdiyi nəsihətlər müqabilində belə dedi: «Cavanlıqda hadisələrdən və təhlükələr-dən çox ehtiyat edirdim. Çünki bu dünyadan getməyim, ölümü yoxluq kimi başa düşürdüm. Əlbəttə ki, hamı ölümdən çəkinir. Amma indi Məhəmmədin (s) nuru bərəkətindən ölümü yoxluq bilmirəm. And olsun Allaha, o məni ayıltdı, dünyaya gözlərimi açdı. Ölümü yoxluq bilmə-diyimdən qorxusuz döyüşürəm. Ölümü əbədi həyata qapı bilənlər bu qapıdan Allahın behiştinə daxil olmağa tələsirlər.

Şəhadət yolunda nə ayaq, nə baş?

Zərrəcə qəlbimi qorxutmur savaş

Əldə qanlı qılınc, könüldə sevinc,

Can təndən qopmasa, çətin qala dinc.

Rahatlıq eşqiylə döyünür ürək,

Dünya bir körpüdür keçilsin gərək.

 

İslam qoşununun rəşadəti, xüsusi ilə Həmzə və Əli (ə) kimi insanların qəhrəmanlığı müsəlmanları qələbə ilə müjdələdi və düşmən məğlubiyyətin acısını daddı. Müsəlmanların aramsız hücumları qarşısında qaçmaqdan savayı yol qalmadı. Amma ehtiyat qüvvələrin və təpədəki oxatanların öz mövqeyini tərk etməsi nəticəsində İslam qoşununa arxadan hücum baş tutdu. Müsəlmanların bir hissəsi şəhid oldu, bir hissəsi qaçdı. Əli (ə) və Həmzə əvvəlki şücaətlə vuruşurdular. Həmzə yenə də düşmən leşkərinin bağrını yarıb qılınc çalırdı. O, Ühüd döyüşündə şəhadətə yetməzdən qabaq otuz bir müşriki qılıncdan keçirdi.[41] Əsir düşmüş kafir-lərdən biri müsəlmanlardan soruşdu: «Meydandakı yaxasına dəvəquşu lələyi taxmış kişi kim idi?» Onun Həmzə olduğunu bildirdilər. Əsir dedi: «Bizi bu hala salan o oldu».[42]

Həmzə savaş meydanında tanınmaq üçün yaxasına əlamət taxardı. Bəzi döyüşçülər başlarına lələk taxmaqla, alınlarına xüsusi parça bağlamaqla fədakar döyüşə-cəklərini bildirirdilər.

SEYYİDÜŞ-ŞÜHƏDANIN ŞƏHADƏTİ

Həmzə ardı-arası kəsilməz həmlələrlə döyüşü davam etdirirdi. Hər ötən an onun Allahla görüş şövqünü artırırdı. O aramsız hücumlar edir, düşmənlərin başını bədənindən ayırır, onları pərən-pərən salırdı.

Əbu-Süfyanın Bədr döyüşündə atasını, qardaşını, oğlunu itirmiş arvadı Hind bu arada intiqam üçün münasib fürsət gördü. O öz qulamı Vəhşini çağırıb ona vəd etdi ki, əgər Həmzəni öldürə bilsə, azad ediləcək. Vəhşi meydanda hərlənib, Həmzəni öldürmək üçün münasib məqam axtarırdı. O, Həmzə ilə üzbəüz gəlməyə cürət etmədiyindən qəfil hücum üçün pusqu seçirdi. Vəhşi qorxusuz döyüşən Həmzənin haqqında etiraf edərək demişdi: «Onun qılıncı kimə çatırdısa, həyatına son qoyurdu».[43]

Vəhşi bir ağacın dalında pusquda dayandı. Həssas bir məqamda Həmzə yerə yıxıldı və zirehi kənara düşdü. Onun bədəninin bir hissəsini zirehsiz görən Vəhşi fürsəti fövtə vermədi. Pusqudan çıxıb nizəni Həmzəyə tuşladı.[44] Bəli, Hindin kin silahı küfür pusqusundan Vəhşinin əli ilə atıldı və İslamın sadiq dostunun cisminə sancıldı. Həmzə Vəhşiyə doğru hücum etmək istəsə də, yarası ona imkan vermədi və fədakar mücahid yerə yıxıldı. O öz məhbubu ilə görüş şövqünün işığında dünyaya vida dedi və ruhu tən qəfəsindən pərvaz etdi. 59 yaşı tamam olmuş Seyyidüş-şühəda Həmzə əbədiyyətə qovuşdu.

Həmzənin öldüyünə əmin olan Vəhşi onun cəsədinə yaxınlaşıb zireh və silahını götürdü. Sonra sinəsini yarıb, ciyərini çıxardı. Kin və qəzəb alovunda qovrulan Hind Həmzənin ciyərini çeynəməklə özünü sakitləşdirdi. Ona bu hərəkəti ilə bağlı «ciyəryeyən» ləqəbi də verilmişdir. Amma bu iş onun qəzəbini soyutmadı. Vəhşi ilə birlikdə meydana gəlib, Həmzənin cəsədinə yaxınlaşdı. Amansız qadın şəhidin burnunu və qulaqlarını kəsdi. Bu görünməmiş cinayət Hinddən yadigar qaldı.[45]

Nəhayət, Ühüd savaşı başa çatdı. Müsəlmanlar uğrunda döyüşüb, şəhid verdikləri namaza durdular. Peyğəmbər (s) ilk öncə vəfalı əmisi haqqında soruşdu. Həmzənin şəhid olduğunu bildirdilər. Həzrət onu görmək istədi. Səhabələrdən biri onun yerini bildiyini dedi. Cənazəni axtarıb tapsalar da, Həmzənin vəziyyətini Peyğəmbərə deməkdən çəkin-dilər. Gedənlərin qayıtmadığını görən Peyğəmbər Əlini (ə) onların ardınca göndərdi. Amma Əli (ə) də cəsədin vəziyyətini gördükdən sonra həzrətin (s) yanına qayıda bilmədi. Həzrət (s) xəbər çıxmadığını görüb, özü Həmzənin cəsədini axtarmağa başladı. Nəhayət, cənazəni tapdı. Onun tikə-tikə parçalandığını görüb ağladı və dünya dolu kədərlə buyurdu: «Məni bu qədər qəzəbləndirən səhnə ilə üzləşmə-mişdim».[46] Sonra üzünü şəhidin peykərinə tutub buyurdu: «Ey Həmzə! Ey Allah Peyğəmbərinin (s) əmisi! Ey Allahın və Onun rəsulunun şiri! İşin yaxşı idi, çətinlikləri aradan qaldırdı. Sən Allah rəsulunu himayə etdin, onun müdafiəsinə qalxdın.[47] Bu yolda canını fəda etdin. İndi behiştdə hurilərlə, Allahın rəhməti civarındasan. Artıq Allahın razılığını qazanmısan və əbədi səadətə çatmısan.»

Gördüyü səhnədən qəzəbi alovlanmış Peyğəmbər (s) əhd etdi ki, əgər qüreyşi ələ keçirsə, onların da öldürülənləri ilə belə rəftar edəcək və Həmzəyə görə onların yetmişini bu kökə salacaq. Amma bu vaxt Allah-təaladan belə bir ayə nazil oldu: «İntiqam almaq məqsədi ilə cəza verəsi olsanız, həmin şəxsi özünüz cəzalandırıldığınız şəkildə cəzalandırın. Əgər səbr etsəniz, bu, səbr edənlər üçün daha xeyirlidir»[48]. Ayə nazil olduğundan sonra həzrət (s) buyurdu: «Səbr edəcəyəm».[49]

SEYYİDÜŞ-ŞÜHƏDA HƏMZƏ İLƏ VİDA

Həzrət Peyğəmbərin (s) Həmzənin qanlı cəsədi ilə görüş səhnəsi olduqca üzücü idi. Peyğəmbər (s) əbasını cənazənin üstünə çəkdi. Amma əba Həmzənin qamətinə gödəklik etdi və onun ayaqları göründü. Həzrət (s) açıq qalmış hissəsini səhranın otları ilə örtdü.[50]

Həmin vaxt uzaqdan Həmzənin bacısı Səfiyyə göründü. Peyğəmbər (s) Səfiyyənin oğlu Zübeyrə buyurdu: «Tələs və qoyma anan Həmzəni bu vəziyyətdə görsün». Zübeyr anasını yarıyolda saxlamağa çalışdı və ona dedi ki, Peyğəmbər (s) sənin meydana gəlməyini istəmir. Səfiyyə dedi: «Oğul, eşitdim ki, qardaşım Həmzəni öldürmüş, onun burun-qulağını kəsmiş, sinəsini yarmışlar. Düşünürəm ki, Allah yolunda belə bir müsibətə dözmək çətin olmaz. Ümid edirəm ki, Allah mənə səbr verə». Nəhayət, Peyğəmbər (s) Səfiyyəyə icazə verdi ki, qardaşının cənazəsinə yaxınlaşsın. Səfiyyə cənazəni görüb, gözlərindən qanlı yaşlar axıtdı. Həzrət (s) də dərdli-dərdli ağladı. Sonra Həmzə üçün bağışlanmaq diləyi buyurdu: «Ey Həmzə! Heç vaxt bundan ağır müsibətim olmayacaq. Kimsənin müsibət ağrısı sənin müsibətin kimi deyil».[51] Sonra həzrət (s) üzünü Səfiyyəyə tutub buyurdu: «Şad ol! Cəbrayıl mənə xəbər verdi ki, Həmzənin yeddi göydə «Əsədullah və Əsədul-rəsulihi» deyə çağırdılar».[52]

Seyyidüş-şühəda Həmzənin cənazəsi ilə son vidalaşma oldu. Qərara gəldilər ki, şəhidləri döyüş yerində, Ühüd dağının ətəyində torpağa tapşırsınlar. Həzrət Peyğəmbər (s) İslamın rəşadətli sərkər-dəsinin zəhmət və fədakarlıqlarına təşəkkür olaraq, əvvəlcə onun cənazəsi üçün namaz qıldı. Digər şəhidlərə namaz qılması üçün onların cənazəsini bir-bir Həmzənin cənazəsi yanına gətirdilər.[53] Beləcə, Həmzənin cənazəsi üçün şəhid-lərin sayı qədər namaz qılınmış oldu. Bu, İslam döyüşçüsü üçün böyük bir iftixar idi.

Növbə şəhidlərin dəfninə çatdı. Peyğəmbər (s) Həmzənin para-para olmuş sinəsini həmin qanlı libaslarda torpağa tapşırdı. Dəfndən qabaq cənazəni öz ridası ilə bükdü.[54] Peyğəmbərin (s) tövsiyəsi ilə aralarında dostluq olan şəhidləri bir qəbirdə dəfn etdilər. Həzrət Həmzə öz bacısı oğlu Abdullah ibn Cəhş ilə bir qəbirdə torpağa tapşırıl-dı.[55]

MƏDİNƏ YAS İÇİNDƏ

Ühüd döyüşü başa çatdıqdan, iman yolunda yetmiş şəhid qurban verdikdən sonra Peyğəmbər (s) və mücahid müsəlman-lar Mədinəyə qayıtdılar. Mədinə yas içində idi. Peyğəmbər (s) Mədinənin küçələrindən keçərkən evlərdən ağlaşma səsi gəlirdi. Kimi oğlunun, kimi ərinin, kimi də ata-qardaşının şəhid olduğu üçün ağlayırdı. O vaxtlar əldən getmiş əziz insana görə növhə deyib ağlamaq adət idi. Ağlaşma səsi həzrətin (s) qəlbini yandırıb-yaxırdı. Ühüd şəhidlərinin dağı çox ağır oldu. Amma həzrəti (s) başqa bir məsələ də qəmləndirirdi. Belə ki, Həmzə üçün ağlayacaq bir kəs yox idi. Həmzənin bu qəribliyi Peyğəmbəri daha da kövrəldirdi. Ona ağlayan olmadığından Peyğəmbər üzülürdü.[56] Peyğəmbərin (s) üzüntüsü ənsarı da qəmləndirdi. Onlar öz ailələrini Həmzənin evinə göndərdilər ki, bu əzəmətli insan üçün əzadarlıq keçirilsin.[57] Bu iş ərəblər arasında bir qaydaya çevrildi. Kimə müsibət üz verdisə, əvvəlcə Həmzəyə sonra öz itkisinə ağlayırdı.[58]

ŞƏHİDİN MƏZARI ÜSTƏ

Ühüd döyüşündə Həmzə və digər mücahid-lərin şəhadətindən sonra cənazələr Ühüd dağının ətəyində, qanlı libaslarında dəfn olundular. Bəziləri öz adamlarının cənazələrini Mədinəyə aparmaq istəsələr də, həzrət (s) buna icazə verməyib buyurdu: «Harada şəhid olublarsa, orada da dəfn edin».[59]

Ühüd şəhidlərinin dəfn olunduğu yer möminlərin ziyarətgahı və ilham mənbəyi oldu. Həzrətin (s) göstərişi ilə xalq öz şəhidlərinin, xüsusi ilə Həmzənin ziyarətinə gedirdi. Həzrət (s) özü də Ühüd şəhidlərini ziyarət edir, onlara belə salam verirdi: «Salam olsun sizə, göstərdiyiniz səbr və müqavimətə görə! Axirət evi necə də yaxşı yerdir!»

İslamın əzəmətli xanımı Fatimeyi-Zəhra (s) da iki-üç gündən bir Həmzənin qəbrini ziyarət edərdi.[60] Xanım Zəhra (s) onun qəbrini təmir edər, səliqəyə salardı.[61] O, Həmzənin məzarı üstə ağlayardı.[62]

Şəhidlərin qanı ilə peyman bağlamaq istəyənlər üçün Həmzənin məzarı bir ocaq, and yeri idi. Onlar bu məzarı ziyarət etməklə şəhadət yoluna bağlılıqlarını izhar edərdilər. Belə bir yanaşma Peyğəmbər (s) tərəfindən də tövsiyyə olun-muşdu. Həzrət (s) buyurmuşdu: «Məni ziyarət edib əmim Həmzəni ziyarət etməyən şəxs mənə cəfa qılmışdır».

Mədinə kənarında Həmzə və sair şəhidlərin ziyarəti Allah yolunda xalisanə fədakarlıqların, böyük qəhrəmanlıq dastanlarının xatırlan-masıdır. Bu məzarların ziyarət olunması ilə həqiqətə eşq, Allah yolunda cihad həvəsi ziyarətçilərin qəlbində yer tapır. Şəhid türbətində, onun qanlı qoxusunda belə bir misilsiz təsir vardır.

Həzrət Zəhra (s) Həmzənin qəbrinin türbətindən təsbeh düzəltmişdi. O, bu təsbehlə zikr oxuyardı. Xalq da xanımın bu işinə maraq göstərərdi. Amma Hüseyn ibn Əli (ə) şəhadətə yetişdikdən sonra onun türbətinin daha fəzilətli olmasını əsas götürərək, məhz bu türbətdən təsbehlər hazırlanmağa başlandı.[63] Həzrət Fatimə-nin (s) bu işi ibrətamiz idi. Xanım hələ türbətdən təsbeh düzəltməzdən qabaq yun sapa çoxsaylı düyünlər vuraraq, düyünləri saya-saya Allahı zikr edərdi. Həmzə Ühüd döyüşündə şəhid olduqdan sonra isə Fatimə (s) onun türbətindən təsbeh düzəlt-mək qərarına gəldi.[64]

Bəli, şəhadət torpağa da müqəddəslik verir, iman və şücaət türbətdən güc alır.

 

Torpaq şəhadətdən aldı ətrini,

Qara daş dodaqda tapdı yerini.

 

İmam Rahil (r) buyurur: «Şəhidlərin həmin pak türbətidir ki, qiyamətədək aşiqlərin və ariflərin ziyarətgahı, azadələrin şəfa ocağı olacaq».[65]

Əgər Ühüd şəhidlərinin ziyarəti nəsibimiz olsa, Seyyidüş-şühəda Həmzə və digər şəhidlərin məzarı başında dayanaq, onlara salam verək; necə ki, həzrət Peyğəmbər (s), həzrət Zəhra (s) və onların pak ailəsi bu müqəddəs türbətə hörmət göstərmişlər.

Bizə öyrətmişlər ki, Həmzə və digər Ühüd şəhidlərinin ziyarəti zamanı belə deyək:[66]

«Salam olsun sənə, ey Peyğəmbərin (s) əmisi! Ey şəhidlərin üstünü!

Salam olsun sənə, ey Allahın şiri, Allah rəsulunun şiri!

Şəhadət verirəm ki, Allah yolunda cihad etdin və öz canından keçdin. Səni ziyarət etməklə Allaha və Onun rəsuluna yaxınlaşıram. Sənin şəfaətinə qəlb bağlamışam. Öz xilasımı, qurtuluşumu axtarıram.

Uzaq yoldan gəlmişəm. Bu ümidlə ki, cəhənnəm odundan qurtulum, günahlarım bağışlanmış olsun.

Ey Peyğəmbərin (s) vəfalı dostu! Mən dərdimi dərk etmək üçün sizdən üstün mərhəmət və səxavətə malik ailə tapa bilmədim.

Ey zəiflərin yardımçısı! Fəqir və ehtiyaclı olduğum gündə mənim şəfaət-çim ol. Sənin ziyarətinə qəmgin, üzüntülü bir qəlblə gəlmişəm. Məzarının kənarında göz yaşları axıdıram. Sən həmin şəxslərdənsən ki, Allah-təala onlarla bağlılığı təşviq etmiş, onlarla dostluğa yönəltmişdir.

Siz elə bir ailəsiniz ki, sizi sevənlər bədbəxt olmaz. Sizin dərgahınıza üz tutanlar məhrum qalmaz. Könlündə sizin eşqinizə yer verənlər ziyan görməz. Düşmənlərinizsə heç vaxt xoşbəxt olmayacaq».

Sonra iki rəkət namaz qılıb Allahdan ehtiyaclarımızı istəyək və digər Ühüd şəhidlərinə xitabən deyək:

«Salam olsun Allahın rəsulu Məhəmməd ibn Abdullaha, salam olsun onun pak ailəsinə, salam olsun sizə, ey mömin şəhidlər, ey iman və tövhid ailəsi, ey Allah dininin və Allah rəsulunun dost-ları! Calam olsun sizə, Allah yolunda göstərdiyiniz yardımlara görə! Necə gözəl aqibətə çatdınız!

Şəhadət verirəm ki, Allah sizi öz dini və peyğəmbəri üçün seçdi. Allah yolunda ən gözəl şəkildə cihad etdiniz, Allahın dinini, Peyğəmbərin (s) canını qorudunuz və onun yolunda aşiqcəsinə can verdiniz.

Şəhadət verirəm ki, siz həzrət Peyğəmbərin (s) yolu və ayinləri üstündə öldürüldünüz. Allah öz Peyğəmbəri, İslam və müsəlmanlar tərəfindən sizə ən üstün mükafat versin. Siz Allahın razılıq və kəramətinə nail olduğunuz, peyğəmbərlər, siddiqlər, şəhidlər və salehlərlə yoldaş olduğunuz üçün Allah behiştdə sizin çöhrənizi bizə tanıtdırsın!

Şəhadət verirəm ki, siz Allahın firqəsindənsiniz. Sizinlə döyüşənlər Allahla döyüşmüşlər. Siz Allah dərga-hına yaxın olanlardan, doğru yolu tapıb, əbədi diri qalanlardansınız. Allah yanında ruziyə çatmısınız.

Sizi öldürənlərə Allahın, mələklərin, bütün insanların lənəti olsun. Ey tövhid əhli! Mən sizin yanınıza bir ziyarətçi kimi gəlmişəm, sizin haqqınızla tanışam, sizi ziyarət etməklə Allaha yaxınlıq axtarıram.

Allahın salamı, rəhməti və bərəkəti  olsun sizə! Sizi öldürənlər isə Allahın lənətinə və qəzəbinə gəlsinlər!

Pərvərdigara! Məni bu şəhidlərin ziyarətindən faydalandır. Onların yolunda mənim də qədəmlərimi möhkəmləndir. Məni o əqidə ilə dünyadan apar ki, bu şəhidləri həmin əqidə ilə aparmısan. Məni behiştinin uca mənzillərindən olanlarla yoldaş et.

Şəhadət verirəm ki, siz bizdən qabağa düşmüsünüz, yeyin olmusunuz və biz də sizə qatılasıyıq».

Bəli, Allahın dini və İslam Peyğəmbərinin (s) müdafiəsi yolunda həyatlarının son anına və son damla qanlarına qədər xalislik və fədakarlıqla döyüşən insanlarla peymanımız belədir. Onlar bizim üçün idealdır - iman, əməl, əqidə və cihad idealı!

Onların məzarları eşq məhəlli, adları ilham mənbəyi, xatirələri hərəkət-vericidir. Ziyarətləri fədakarlıq, haq-şünaslıq, şəhid qanı önündə vəzifənin icrası əlamətidir!

Bütün yer üzü Ühüd meydanıdır! Haqq və batil qoşunlarının savaş səhnəsi!

Kim bu yolda canından keçsə, Seyyidüş-şühəda Həmzənin aydın xəttini izləyir. Bu yol isə Allah yoludur!

 


Qeydlər

[1] «Biharul-ənvar», 22-ci cild, səh. 274.

[2] Həmin mənbə, səh. 273.

[3] Həmin mənbə, səh. 280.



Geri   İrəli
Go to TOP