A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Haqqın izi ilə (Əli Əsğər Rizvani)
Müəllif: Əli Əsğər Rizvani
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


 

İslam cəmİyyətİndə parçalanma

Hələ Peyğəmbər (s) dünyasını dəyişməmişdi ki, İslam ümməti arasında fitnə və ixtilaf yelləri əsməyə başladı. O həzrətin (s) olmazın zəhmətlər bahasına möhkəmlətdiyi fikri, etiqadi, ictimai-siyasi köklər sarsımağa başladı.

Quran və Peyğəmbər (s) sünnəsində İslam ümmətinin vücudunu bürüyən bu ağır dərdə işarə vurulmuşdur. Allah-Taala buyurur: Məhəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib-getmişlər. Əgər o, ölsə və ya öldürülsə, siz gerimi dönəcəksiniz? Halbuki geri dönən şəxs Allaha heç bir zərər yetirməz. Lakin Allah şükür edənlərə mükafat verər”.[781] Bu ayə Ühud döyüşündən sonra, müsəlmanlar arasında Peyğəmbərin (s) öldürülməsi şayəsi yayıldıqda nazil olmasına baxmayaraq, danılması mümkün olmayan acı bir həqiqətə işarə vurur və bu geri dönüş, keçmiş mövqelərə qayıtmaq, müsəlmanların sıralarında parçalanma, ixtilaf yaratmaqdır.

Peyğəmbərin (s) hədislərində də bu ümmətin gələcəyinə, onda baş verəcək təfriqəyə, ixtilafa nəinki işarə vurulmuş, hətta aydın bildirilmişdir.

İslam peyğəmbəri (s) hədisdə işarə vurur ki, bu ümmət keçmiş ümmətlərdən müstəsna deyil. Keşmiş ümmətlərdə baş verən təfriqələr, parçalanmalar bu ümmətdə də baş verəcəkdir.

Buxari "Səhih" əsərində özünəməxsus sənədlə Əbu Səid Xudrinin Peyğəmbərdən (s) nəql etdiyi hədisi nəql edir. Hədisdə deyilir:

"Şübhəsiz keçmiş ümmətləri qarış-qarış, dirsək-dirsək izləyəcəksiniz (ardınca gedəcək, tabe olacaqsınız). Hətta onlar kərtənkələ dəliyinə (yuvasına) girsələr belə, siz də bu işdə onların ardınca gedəcəksiniz". Soruşduq: "Ey Allahın rəsulu! Sizin məqsədiniz yəhudi və xristianlardırmı?" Həzrət buyurdu: "Onlardan başqa kim ola bilər?"[782]

Keçmiş ümmətlərin vəziyyəti kimsəyə sirr deyil. Onlar ixtilafa, təfriqəyə yoluxmuşdular. Nəticədə bidətlər, yanılmalar cəmiyyəti başına götürdü.

Allah-Taala buyurur: (Ya Peyğəmbər!) Bu peyğəmbərlərin bəzisini digərindən üstün etdik. Allah bunlardan bəzisi ilə danışmış, bəzisinin isə dərəcələrini yüksəltmişdir. Məryəm oğlu İsaya açıq möcüzələr verdik və onu müqəddəs ruhla qüvvətləndirdik. Əgər Allah istəsəydi, bu peyğəmbərlərin ardınca gələn insanlar onlara göndərilən aşkar dəlillərdən sonra bir-biriləri ilə vuruşmazdılar. Fəqət (bununla belə yenə də) ixtilafa düşdülər. Onlarda bəziləri (Allaha) iman gətirdilər, bəziləri isə kafir oldular. Əgər Allah istəsə idi, onlar bir-biriləri ilə vuruşmazdılar. Lakin Allah Öz istədiyini edər”.[783]

Eyni məzmunu rəvayətlər

Hədis qaynaqlarına müraciət etdikdə "ümmətin parçalanması" hədisi ilə eyni məzmunda olan digər çoxsaylı hədislərin də olduğunu görürük. Bu hədislər ümmət arasında parçalanmanın, ixtilafın olacağına işarə vurur. Aşağıda bu hədislərin bir neçəsini diqqətinizə çatdırırıq:

1. Buxari özünəməxsus sənədlə Əbu Səid Xudridən Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: "Şübhəsiz keçmiş ümmətləri qarış-qarış, dirsək-dirsək izləyəcəksiniz (ardınca gedəcək, tabe olacaqsınız). Hətta onlar kərtənkələ dəliyinə (yuvasına) girsələr belə, siz də bu işdə onların ardınca gedəcəksiniz". Soruşduq: "Ey Allahın rəsulu! Sizin məqsədiniz yəhudi və xristianlardırmı?" Həzrət buyurdu: "Onlardan başqa kim ola bilər?"[784]

2. Üqbə ibn Amir deyir: Bir gün Peyğəmbər (s) Mədinədən Ühüdə doğru hərəkət etdi. Ühud əhli üçün meyitə namaz qılındığı kimi namaz qıldı. Sonra minbərə çıxıb buyurdu: "Mən sizin yanınıza daha tez gələcəyəm və mən sizə şahidəm. Allaha and olsun ki, mən indi hovuzuma baxıram. Mənə yer xəzinələrinin açarları verilmişdir. And olsun Allaha, sizin məndən sonra müşrik olacağınızdan qorxmuram. Lakin yer üzərində ixtilafa yol vermənizdən qorxuram”.

3. Heysəmi "Məcmə əz-zəvaid" kitabında Nafe ibn Xalid Xuzaidən, o da atasından nəql edir:

"Peyğəmbər (s) (ətrafında insanlar olduğu halda) namaz qıldıqda qısa qılırdı. Lakin rüku və səcdəni tam yerinə yetirirdi. Bir gün həzrət (s) əyləşmişdi. Əyləşməsini o qədər uzatdı ki, camaat bir-birlərinə dedilər: “Sakit olun, Peyğəmbərə (s) vəhy gəlir”. Peyğəmbər (s) (işini) bitirdikdən sonra bəziləri dedilər: “Ey Allahın rəsulu! Oturuşunuz o qədər uzun çəkdi ki, bəziləri sizə vəhy gəldiyini düşündülər”. Həzrət (s) buyurdu: "Xeyr! Bu, rəğbət və qorxu namazı idi. Allahdan üç şeyi istədim. Onun ikisini mənə verdi, birindən isə imtina etdi. Ondan istədim ki, sizə keşmiş ümmətlərə göndərdiyi əzablardan göndərməsin. Həmçinin istədim ki, sizə haramınızı mübah edən bir düşməni hökmran etməsin. Allah bu iki istəyimi mənə verdi. Həmçinin istədim ki, sizin əyninizə təfriqə libası biçməsin. Sizin aranızda düşmənçilik, çəkişmə yaranmasına imkan verməsin. Allah bunu qəbul etmədi ...".[785]

4. Müslim özünəməxsus sənədlə Peyğəmbərdən (s) nəql edir:

"Həmişə mənim ümmətimdən bir qrupu Allahın əmrinin icrasına qalxacaq. Bir qrup isə onlara qarşı çıxacaq, onları xar etməyə çalışacaq. Allahın əmri çatıncayadək heç zaman onlara ziyan vura bilməyəcəklər və onlar qalib olacaqlar".[786]

 

"ÜMMƏTİN PARÇALANMASI" HƏDİSLƏRİ

"Ümmətin parçalanması" ilə bağlı hədisləri üç yerə ayırmaq olar:

1. İki firqəyə bölünmək;

Bəzi hədislər İslam ümmətinin iki firqəyə bölünməsinə işarə vurur. Buna misal olaraq, Əhməd ibn Hənəblin "Müsnəd"[787], Nəsainin "əs-Sünən əl-kübra",[788] Əbu Yəlanın "Müsnəd",[789] Xətib Bağdadinin "Tarixi-Bağdad"[790] və İbn Kəsirin "əl-Bidayə vən-nihayə" əsərində[791] Əbu Səid Xudri vasitəsi ilə Peyğəmbərdən (s) nəql etdikləri hədisi göstərmək olar. Hədisdə deyilir:

"Ümmətim iki firqəyə bölünəcək. Bu iki firqənin arasından bir qrup ortaya çıxacaq ki, haqq olan tərəf onlarla döyüşəcək".

Bu hədisi şərh edən əksər əhli-sünnə mənsubları etiraf etmişlər ki, haqq olan tərəfdən məqsəd Əli ibn Əbu Talib (ə), onun döyüşdükləri isə Müaviyə, Cəməl səhabələri və Nəhrəvan xəvaricidir.

Nəvəvi bu hədisi şərh edərkən deyir: "Hədis aydın şəkildə göstərir ki, Əli (ə) haqq, digər tərəf isə, yəni Müaviyə tərəfi zülmkar olmuşdur".

2. Üç firqəyə bölünmək;

Digər bir çox hədislər isə İslam ümmətinin üç firqəyə bölünəcəyindən xəbər verir. Lakin burada məsələyə başqa cəhətdən yanaşılmışdır. Təbərani özünəməxsus sənədlə Peyğəmbərdən (s) nəql edir:  "Qiyamət günü yetdikdə ümmət üç firqəyə bölünəcək. Onlardan biri Allaha ixlasla ibadət edərlər. İkincisi, riyakarcasına ibadət edər. Üçüncüsü isə dünya malı əldə etmək üçün ibadət edər".[792]

Seyid ibn Tavus özünəməxsus sənədlə Əbuzər, Miqdad ibn Əsvəd və Salmandan nəql edir: "Biz Peyğəmbərin (s) yanında tək əyləşmişdik. Bərd mühacirlərindən üç qrup bizim yanımıza gəldi. Peyğəmbər (s) buyurdu: "Məndən sonra ümmətim üç firqəyə bölünəcək. Onlardan biri haqq əhlidir. Batilə əsla qarışmaz. Onlar qızıla bənzəyirlər. Alovda əridildikcə daha da təmizlənir, xalisləşirlər. Onların imamı bu üç nəfərdən biridir. Bu o şəxsdir ki, Allah öz kitabından ona "إِمَاماً وَ رَحمَةً" sözləri ilə əmr etmişdir. Digər bir firqə batil əhlidir və hər növ haqdan uzaqdır. Onlar çürümüş dəmirə bənzəyirlər. Alovda əritdikcə pisliyi daha da üzə çıxır. Onların imamı bu üç nəfərdən biridir. Digər azğın bir firqə də var ki, bunların ikisi arasındadır. Nə o tərəfdəndir, nə də bu tərəfdən və Onların imamı bu üç nəfərdən biridir". Həzrətdən (s) haqq əhli və imamı haqqında soruşdum. Həzrət buyurdu: "O, pərhizkarların imamı Əli ibn Əbu Talibdir (ə)”. Digər iki firqənin rəhbərlərinin adını çəkməkdən isə imtina etdi. Nə qədər israr etdiksə də demədi".[793]

3. Yetmiş neçə firqəyə bölünmək.

Bir sıra rəvayətlər ümmətin Peyğəmbərdən (s) sonra yetmiş neçə yerə parçalanacağına işarə vurur. Bu rəvayətlərin sayı çoxdur və "nicat tapacaq firqə" adı ilə məşhurlaşmışdır. Bu hədislər şiə və əhli-sünnə hədis qaynaqlarında yer almışdır. Aşağıda sözügedən hədislərin bir neçəsini diqqətinizə çatdırırıq:

a) Əhli-sünnə rəvayətləri;

Bu hədislər əhli-sünnə qaynaqlarında müxtəlif ibarələrlə, fərqli vasitələrlə nəql olunmuşdur:

1. Əbu Hüreyrə Peyğəmbərdən (s) nəql edir:

"Yəhudilər yetmiş bir (yaxud yetmiş iki) firqəyə bölündülər. İsəvilər yetmiş bir (yaxud yetmiş iki) firqəyə parçalandılar. Mənim ümmətim isə yetmiş üç firqəyə bölünəcəkdir".[794] 

Əbu Amir Abdullah ibn Lühəy deyir: “Biz, Müaviyə ibn Əbu Süfyanla həcc əməllərini yerinə yetirirdik. Məkkəyə çatdıqda günorta namazı zamanı Müaviyə dayandı və dedi: “Peyğəmbər (s) buyurmuşdur: "Həqiqətən, Tövrat və İncil əhli (yəhudi və xristianlar) öz dinlərində yetmiş iki firqəyə bölündülər. Tezliklə bu ümmət də yetmiş üç firqəyə, yəni müxtəlif həvəslərə bölünəcəklər. Onların birindən başqa qalan hamısı cəhənnəm əhlidir...”.[795]

3. Övf ibn Malik Peyğəmbərin (s) belə buyurduğunu nəql edir:

"Yəhudilər yetmiş bir firqəyə bölündülər. Onlardan biri behiştdə, yetmişi isə cəhənnəmdədir. İsəvilər yetmiş iki firqəyə bölündülər. Biri behiştdə, yetmiş biri isə cəhənnəmdədir. And olsun Məhəmmədin (s) canı əlində olan Yaradana, mənim ümmətim də mütləq yetmiş üç firqəyə parçalanacaq. Onlardan biri behiştdə, qalan yetmiş ikisi isə cəhənnəm alovunda olacaqdır". Soruşuldu: "Ey Allahın elçisi! Onlar kimlərdir?" Həzrət (s) buyurdu: "Həmin camaat".[796]

4. Övf ibn Malik Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: "Tezliklə ümmətim yetmiş neçə firqəyə parçalanacaq. Onların ən fitnə salanı məsələləri öz (şəxsi) fikirləri ilə müqayisə edənlərdir. Onlar halalı haram, haramı halal edənlərdir".[797]

5.  Övf ibn Malik Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: "(Ey Övf!) Ümmətim, yetmiş üç firqəyə parçalandıqda sən necə olacaqsan? Onların biri behiştdə, qalanları cəhənnəmdə olacaq".[798]

6. Abdullah ibn Əmr As Peyğəmbərin (s) belə buyurduğunu nəql edir:

"Ümmətimin başına nə az, nə çox Bəni-İsrailin başına gələnlər gələcək. Hətta əgər Bəni-İsraildə kimsə anası ilə aşkar şəkildə günah iş görmüşsə, mənim də ümmətimdə belə olacaq. Həqiqətən, Bəni-İsrail yetmiş iki firqəyə parçalandı. Mənim ümmətim də yetmiş üç firqəyə bölünəcək. Onların biri istisna olmaqla, qalan hamısı cəhənnəm əhlidir". Soruşuldu: "Ey Allahın elçisi, onlar kimlərdir?". Həzrət (s) buyurdu: "Mənim və səhabələrimin olduğu (etiqadda) olanlar".[799]

7. Ənəs ibn Malik Peyğəmbərdən (s) nəql edir: "Həqiqətən, Bəni-İsrail yetmiş bir firqəyə bölünmüşdür. Mənim ümmətim isə yetmiş iki firqəyə bölünəcək. Onların hamısı bu camaatın olduğu bir firqəni çıxmaq şərti ilə cəhənnəmə yuvarlanacaq".[800]

8. Əbu Əmamə deyir: "Bəni-İsrail qövmü yetmiş bir firqəyə parçalandı. (Yaxud yetmiş iki firqəyə parçalandı). Lakin mənim ümmətimə bir firqə də artırılacaq. Onların bir qrupunu çıxmaqla qalan hamısı cəhənnəmdə olacaq".[801]

9. Səd ibn Əbu Vəqqas Peyğəmbərdən (s) nəql edir: "Bəni-İsrail yetmiş bir firqəyə bölündü. Günlər keçəcək, mənim ümmətim də bu qədər firqəyə parçalanacaq".[802]

10. Əbu Dərda, Əbu Əmamə, Vasilə ibn Əscə və Ənəs ibn Malik Peyğəmbərdən (s) nəql edirlər: "Çəkişməni yığışdırın. Çünki Bəni-İsrail yetmiş bir, isəvilər isə yetmiş iki firqəyə bölündülər. Onların bir qrupunu çıxmaq şərtilə qalan hamısı yollarını azmışlar". Soruşuldu: "Ya Peyğəmbər! Həmin bir qrup kimlərdir?” Buyurdu: "Mənim və səhabələrimin olduğu yolda olanlar. Allahın dinində mübahisə etməyənlər. O kəslər ki, tövhid əhlindən birini bağışlanmış günahına görə küfrdə ittiham etmirlər".[803]

11. Cabir ibn Abdullah Peyğəmbərin (s) belə buyurduğunu nəql edir:

"Yəhudilər yetmiş bir dəstəyə bölündülər. Onların hamısı alovdadır. İsəvilər yetmiş iki firqəyə bölündülər. Onlar da hamısı alovdadırlar. Tezliklə mənim ümmətim də yetmiş üç firqəyə parçalanacaqlar. Onların birini çıxmaq şərtilə qalan hamısı alovda olacaqlar". Ömər ibn Xəttab dedi: "Ey Allahın elçisi, onların kim olduğunu mənə de". Həzrət buyurdu: "Böyük bir qrup".

12. Kəsir ibn Abdullah ibn Əmr ibn Zeyd atasından, o da öz atasından nəql edir: "Biz məsciddə Peyğəmbərin (s) yanında əyləşmişdik. Həzrət (s) buyurdu: "Şübhəsiz, siz nə az, nə çox keçmiş ümmətlərin keçdiyi yolları keçəcəksiniz. Onların gördüyü işi görəcəksiniz. Əgər bir qarış getmişlərsə, siz də bir qarış gedəcəksiniz. Əgər bir metr getmişlərsə, siz də bir metr gedəcəksiniz. Hətta əgər onlar kərtənkələ dəliyinə (yuvasına) girmişlərsə, siz də girəcəksiniz. Bilin, həqiqətən, Bəni-İsrail Musanın (ə) göstərişinin əksinə olaraq yetmiş bir firqəyə bölündü. Bir firqədən başqa hamısı azğın yoldadır. O, İslam və müsəlmanlardır. Həqiqətən, Bəni-İsrail həzrət İsa ibn Məryəmin (ə) istəyinin əksinə olaraq yetmiş bir firqəyə bölündü. Onların hamısı yolunu azmışlardır. Yalnız bir firqə istisnadır. O, İslam və müsəlmandır. Onlar (müsəlmanlar) da yetmiş iki firqəyə bölünəcəklər. Onlar hamısı yolunu azmışlardır. Yalnız bir firqə doğru yoldadır. O, İslam və müsəlmandır".[804] 

Güman ki, hədisin son hissəsi İslam peyğəmbərinin (s) ardıcıllarına aiddir.

 

Hədİslərİn sənədİnİn tədqİqİ

Birinci hədisin sənəd silsiləsində Məhəmməd ibn Əmrin olmasına görə "həsən" hədisdir. Lakin onun digər şahidləri olduğundan səhih hesab olunur. Buna görə də Tirmizi, Hakim Nişapuri, İbn Hibban, Şatibi, Süyuti və Albani onu səhih hesab etmişlər.[805]

İkinci hədisin sənəd silsiləsində Əzhər ibn Abdullah olduğundan "həsən" hədis sayılmasına baxmayaraq, şahidlərin mövcüdluğu onu səhih hədislər sırasına qatmışdır. Buna görə də Hakim Nişapuri və Zəhəbi onu səhih hədis hesab etmişlər.

Üçüncü hədisin sənəd silsiləsində İbad ibn Yusif olduğundan "həsən" hədisdir.

Dördüncü hədisi Hakim Nişapuri səhih hesab etmişdir.

Beşinci hədisin sənəd silsiləsində Əbd əl-Həmid ibn İbrahim yer aldığından zəif hədis hesab olunur. Lakin İbn Hibban və İbn Həcər onu etibarlı rəvayətçi hesab etmişlər.

Altıncı hədisin sənəd silsiləsində Əbd əl-Rəhman ibn Ziyad ibn Ələm yer aldığından zəif hesab olunur. Çünki onun yaddaşı zəif olmuşdur və "münkər" hədislər nəql etmişdir.[806]

Yeddinci hədisin nəql olunduğu bütün vasitələr Ənəs ibn Malikə gedib çıxdığı üçün zəifdir.

Səkkizinci hədis Qutn ibn Abdullah adlı rəvayətçisinin cahilliyinə görə zəifdir.

Doqquzuncu hədisin sənəd silsiləsində Musa ibn Übeydə olduğundan zəifdir.

Onuncu hədisin sənəd silsiləsində Kəsir ibn Mərvan Şami olduğundan batildir. Çünki o ciddi şəkildə zəifdir.[807]

On birinci hədis Hafiz ibn Həcərə görə zəifdir. Çünki onun sənəd silsiləsində adı çəkilməyən rəvayətçi var.[808]

On ikinci hədis də Kəsir ibn Abdullahın sənəd silsiləsində yer aldığına görə zəifdir.

b) "Ümmətin parçalanması” hədisi şiə qaynaqlarında.

Şiə hədis qaynaqlarında da "ümmətin parçalanması" və "nicat tapacaq firqə" hədisinə işarə vurulmuşdur. Aşağıda bu hədislərin bir neçə nümunəsini diqqətinizə çatdırırıq:

1. Şeyx Səduq özünəməxsus sənədlə İmam Hüseyndən (ə) Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: "Yəhudilər yetmiş bir firqəyə bölündülər. Onların bir firqəsi behiştə, digər yetmiş firqəsi isə cəhənnəmə gedəcəkdir. Xristianlar yetmiş iki firqəyə bölündülər. Onların bir firqəsi behiştə, digər yetmiş bir firqəsi isə cəhənnəmə gedəcəkdir. And olsun Məhəmmədin (s) canı ixtiyarında olana! Mənim ümmətim yetmiş üç firqəyə bölünəcəkdir. Onların bir firqəsi behiştə, digər yetmiş iki firqəsi isə cəhənnəmə gedəcəkdir".[809]

2. Əli ibn Xəzzaz özünəməxsus sənədlə İmam Əlidən (ə) Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: "Tezliklə ümmətim yetmiş üç firqəyə bölünəcək. Onlardan yalnız bir firqə nicat tapacaq. Digərləri isə məhv olacaqlar. Nicat tapacaq firqə siz Əhli-beytin (ə) vilayətinə tapınan, elminizdən faydalanan, öz (şəxsi) rəyi ilə müqayisə etməyənlərdir. Onlar cəzalandırılmayacaqlar".[810]

3. Şeyx Tusi özünəməxsus sənədlə İmam Əlinin (ə) qabaqcıl yəhudilərdən biri ilə söhbətini nəql edir:

Həzrət soruşdu: "Neçə dəstəyə bölündünüz?" O, dedi: "Filan filan dəstəyə". Həzrət (ə) buyurdu: "Ey yəhudi qardaş, yalan deyirsən". Sonra üzünü camaata tutub buyurdu: "And olsun Allaha, əgər mənim üçün kürsü (qəzavət kürsüsü) açsalar, Tövrat əhli arasında Tövrata uyğun, İncil əhli arasında incilə uyğun, Zəbur əhli arasında Zəbura uyğun, Quran əhli arasında Qurana uyğun hökm edəcəyəm. Ey camaat! Yəhudilər yetmiş bir firqəyə parçalandılar. Onların biri nicat tapacaq və behişt əhlidir. Yetmişi isə cəhənnəm alovundadırlar. Bunlar, Musanın (ə) canişinini Yuşə ibn Nunun ardıcıllarıdır. Xristianlar yetmiş iki firqəyə bölündülər. Yetmiş bir firqə cəhənnəm alovunda, bir firqə isə behiştdədir. Bunlar (behiştdə olanlar), İsanın (ə) canişini Şəmunun ardıcıllarıdır. Tezliklə bu ümmət də yetmiş üç firqəyə bölünəcək. Onlardan yetmiş ikisi cəhənnəm, biri isə behişt əhli olacaq. Onlar (behiştdə olanlar), həzrət Məhəmmədin (s) canişininin ardınca gedənlər olacaqlar". Bu zaman həzrət (ə) əlini sinəsinə vurdu və buyurdu: "Yetmiş üç firqənin on üçü mənim sevgimi (məni sevdiklərini) iddia edirlər. Lakin onların biri behiştdədir. Onlar doğru yolda olanlardır. On iki firqə isə cəhənnəm əhlidir".[811]

4. Şeyx Müfid özünəməxsus sənədlə Əbu Əqildən nəql edir:

Biz həzrət Əmir əl-Mömininin (ə) yanında əyləşmişdik. Həzrət (ə) buyurdu: "Şübhəsiz, bu ümmət yetmiş üç firqəyə bölünəcək. And olsun canım əlində (ixtiyarında) olan (Yaradana), mənə tabe olan, ardımca gələnlərdən başqa digər bütün firqələr yollarını azmışlar".[812]

5. Ərbili İmam Əlinin (ə) belə buyurduğunu nəql edir: "Bu ümmət yetmiş üç firqəyə bölünəcək. Onlardan yetmiş ikisi cəhənnəm alovunda, biri isə behiştdə olacaq. Onlar Allahın haqlarında "hidayət olunmuşlar, haqqa qayıtmışlar" buyurduğudur".[813]

6. Şeyx Səduq özünəməxsus sənədlə Peyğəmbərdən (s) nəql edir:

"Həqiqətən, Bəni-İsrail yetmiş bir firqəyə parçalandı. Onların yetmiş firqəsi həlak oldu, biri isə nicat tapdı. Həqiqətən mənim ümmətim yetmiş iki firqəyə bölünəcək. Onlardan yetmiş biri həlak, biri isə xilas olacaq". Soruşuldu: "Ey Allahın rəsulu, o bir firqə kimlərdir?". Həzrət (s) buyurdu: "Camaat, camaat, camaat".

Şeyx Səduq hədisi izah edərkən yazır: "Camaatdan məqsəd haqq əhlidir. Hətta az olsalar belə. Çünki Peyğəmbərdən (s) nəql olunan digər bir rəvayətdə deyilir: "Mömin təklikdə höccətdir və mömin təklikdə camaatdır".[814]

7. Əyyaşi özünəməxsus sənədlə Peyğəmbərdən (s) nəql edir: "Musanın (ə) ümməti yetmiş bir firqəyə bölündü. Onların yetmiş firqəsi alovda, biri isə behiştdədir. İsanın (ə) ümməti yetmiş iki firqəyə bölündü, biri behiştdə, digərləri isə cəhənnəm alovundadırlar". Soruşuldu: "Ey Allahın rəsulu! Onlar kimlərdirlər?” Həzrət (s) buyurdu: "Camaat, camaat".[815]

8. Şeyx Səduq özünəməxsus sənədlə Abdullah ibn Ömərin Peyğəmbərdən (s) belə nəql etdiyini yazır: "Tezliklə, ümmətimin başına Bəni-İsrailin başına gələnlər gələcək. Bəni-İsrail yetmiş iki firqəyə bölündü. Mənim ümmətim də yetmiş üç firqəyə, onlardan bir firqə artığına bölünəcək. Onların yalnız birini çıxmaq şərti ilə hamısı cəhənnəm alovunda olacaqlar". Soruşuldu: "O, bir millət hansıdır?". Həzrət (s) buyurdu: "Mənim və səhabələrimin bu gün olduğu inanclarda olanlar".[816]

Məclisi bu hədisi Səduqdan nəql etmişdir. Lakin hədisin sonunda deyilir: "Onlar bu gün mən və Əhli-beytimin (ə) olduğu əqidədə olanlardır".[817]

Hədisin səhih olduğu haqqında etiraflar.

Bir qrup əhli-sünnə alimi "Ümmətin parçalanması" hədisinin doğru olduğunu etiraf etmişlər:

1. Tirmizi - "əl-Came əs-səhih". O deyir: "Həsən, səhih hədisdir".

2. Hakim Nişapuri - "əl-Müstədrək əla əs-səhiheyn". O deyir: “Bu hədisə "üsul" hədis kitablarında çox rast gəlirik".

3. Zəhəbi - "Təlxis əl-müstədrək".

4. İbn Hibban - "əs-Səhih".

5. Şatibi - "əl-İtisam".

6. Süyuti - "əl-Came əs-səğir".

7. Albani - "Silsilə əl-əhadis əs-səhihə".

8. İbn Teymiyyə - "İqtiza əs-sirat əl-müstəqim" (c. 1, səh. 118).

9. Təbərani - "əl-Möcəm əl-kəbir".

10. Əllamə Mənavi - "Feyz əl-Qədir"[818] (hədisin mütəvatir olduğunu bildirmişdir).

11. Səffarini - "Ləvami əl-ənvar əl-bəhiyyə".

 

"ÜMMƏTİN PARÇALANMASI" HƏDİSİ İKİ FİRQƏYƏ GÖRƏ

Bəzi şiə və əhli-sünnə alimləri "Ümmətin parçalanması" hədisinin mütəvatir olduğunu bildirmişlər:

1. Muqbili - "əl-Elm əş-şamix".[819]

O, deyir: "Ümmətin yetmiş üç firqəyə parçalanması ilə bağlı hədislər çoxdur. Belə ki, onların bəzisi digərlərini gücləndirir. Nəticədə onun mənasının həyata keçəcəyinə şübhə qalmır".

2. Məhəmməd ibn Əqil - "Təqviyə əl-iman".[820] O, yazır: "Ümmətin yetmiş üç firqəyə bölünməsi hədisi müxtəlif yollarla nəql olunmuşdur. Əksər hədis alimləri onu nəql etmişlər. Bəzi rəvayətlər digərlərinin doğruluğuna inam yaradır".

3. Süyuti - "əl-Came əs-səğir".[821]

4. Kəttani - "Nəzm əl-mütənasir min əl-hədis əl-mütəvatir".[822]

5. Seyid Nemətullah Cəzairi - "əl-Ənvar ən-nömaniyyə".[823]

 

Həqİqİ, yoxsa məcazİ məna

Bu hədislərin hansı mənanı daşıdığı haqqında bir neçə ehtimal irəli sürülmüşdür:

1. 71, 72 və 73 rəqəmləri həqiqi mənada işlənmişdir. Həqiqətən, İslam peyğəmbərinin (s) ümməti bu qədər firqəyə bölünmüşdür. Buna görə də bəzi müəlliflər bu firqələri saymağa, hər birinin etiqadlarını, adlarını müəyyənləşdirməyə çalışmışlar.

2. Məqsəd həqiqi rəqəmlərdir. Amma hələ tamamlanmamışdır. Həzrət Mehdinin (əc.) zühurunadək vaxt var və bu rəqəm tamamlanacaq.

3. Bu rəqəmlər məcazi mənada işlənmişdir və mübaliğə üçündür. Çünki ərəblər yetmiş rəqəmini mübaliğə üçün işlədirlər. Quranda Peyğəmbərə (s) müraciətlə buyurulur: (Ya Peyğəmbərim!) Onlar (o münafiqlər) üçün istər bağışlanma dilə, istər diləmə; onlar üçün yetmiş dəfə bağışlanma diləsən də, yenə Allah onları bağışlamayacaq. Bu onların Allahı və Onun Peyğəmbərini inkar etmələrinə görədir. Allah fasiq tayfanı doğru yola yönəltməz!” (“Tövbə”, 80) Bəllidir ki, burada məqsəd bağışlanma diləməyin şişirdilməsi, mübaiğəsidir. Hədisdə ona əlavə olunan "üç" rəqəmi isə parçalanmanın daha çox olacağını göstərmək üçündür və göstərmək istəyir ki, İslam ümmətində parçalanma öncəki iki ümmətə nisbətdə daha çox olacaq.

 

"ÜMMƏTİN PARÇALANMASI" HƏDİSLƏRİNİN ÜMUMİ TƏDQİQİ

Sözügedən hədislərin məcmusundan bir neçə məsələ aydınlaşır:

1. Bu hədisin müxtəlif ibarələrlə, müxtəlif vasitələrlə nəql olunmasından məlum olur ki, çox məşhur hədisdir. Buna görə də bu hədisin əksər mötəbər əhli-sünnə hədis toplularında yer almasının şahidi oluruq. Hətta bəzi hədisçilər onun üçün ayrıca fəsil ayırmışlar.



Geri   İrəli
Go to TOP