A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Haqqın izi ilə (Əli Əsğər Rizvani)
Müəllif: Əli Əsğər Rizvani
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Şeirdə deyilir ki, Əlinin (ə) nuru mənim mədhimə ehtiyacı olmayacaq qədər əhatəli və çoxdur. Lakin təəssüflər olsun ki, məlum şeir Əbu Təyyibin divanının bəzi nüsxələrindən çıxarılmışdır.

12. İbn Sədin “Təbəqat əl-kübra” əsəri dəfələrlə çap olunmuşdur. Kitabın bir neçə səhifəsi İmam Həsən (ə) və İmam Hüseynin (ə) tərcümeyi-halına həsr olunmuşdur. Halbuki müasir kitabşünas Seyid Əbd əl-Əziz Təbatəbai Türkiyədən həmin kitabın əlyazmasını tapmış və İmam Həsənlə (ə) İmam Hüseynin (ə) tərcümeyi-halının indiki çaplardan bir neçə dəfə çox olduğunu üzə çıxarmışdır. Xoşbəxtlikdən əlyazmanın həmin hissəsi ayrıca çap olunmuşdur.

13. Hakim Nişapuri “əl-Müstədrək əla əs-səhiheyn” kitabında yazır: “Müslimin Əbu Musa vasitəsi ilə Peyğəmbərdən (s) nəql etdiyi hədisdə deyilir: “Aləmin ən yaxşı qadınları dörd nəfərdir”. Bir çox hədis qaynaqlarında isə yuxarıdakı rəvayət həmin dörd qadının adı ilə tamamlanır: “Onlar Məryəm, Xədicə, Asiyə və Fatimədir”. Lakin kitabın müxtəlif fəsillərini araşdırdıqda Xədicənin fəzilətləri və ya Fatimənin fəzilətləri adlı fəsilə rast gəlmirik.

Mərhum Şeyx Məhəmməd Həsən Müzəffər “Dəlail əs-sidq” kitabında yazır: “Çox güman ki, kitabı çapa hazırlayan hədisi təhrif edərək adları oradan çıxarmışdır ki, Aişə gözdən düşməsin. Çünki onun adı məlum dördlüyün sırasında yoxdur”.1

14. Bir çox qaynaqlarda “Təhlükəsizlik hədisi” Peyğəmbərdən (s) nəql edilmişdir. Hədisdə deyilir: “Həqiqətən ulduzlar səma əhlinin təhlükəsizliyini təmin edirlər. Mənim əhli-beytim (ə) isə yer əhlinin təhlükəsizliyini təmin edir. Əgər mənim əhli-beytim (ə) olmasa, yer üzündəki məxluqlar məhv olarlar”.

Bu hədis nəql olunduğu qaynaqlardan biri olan “Müsnədi-Əhmədin” yeni çaplarında mövcud deyil.

15. “Elmin şəhəri” hədisi əksər əhli-sünnə qaynaqlarında qeyd edilmişdir. İbn Əsir “Came əl-üsul”, Süyuti “Tarixi-xüləfa”, İbn Həcər “əs-Səvaiq əl-mühriqə”, Tirmizi “əl-Came əs-səhih” kitabında həmin hədisi nəql etmişlər. Bundan başqa Fəzl ibn Ruzbəhan bu hədisin “Sünəni-Tirmizi”də də qeyd olunduğunu etiraf edir. Lakin indi “əl-Came əs-Səhih” kitabında yoxdur.

16. Buxari “Səhih” əsərində özünəməxsus sənədlə Büreydədən nərl edir: “Peyğəmbər (s) Əlini (ə) Xalidin yanına, qənimətlərin xümsünü almağa göndərdi. Mən o zaman Əliyə (ə) qarşı düşmən mövqedə idim. Əlinin (ə) qüsl verdiyini görüb Xalidə dedim: “(Onun) nə etdiyini gördünmü?” Sonra Peyğəmbərin (s) yanına gedib gördüklərimi danışdım. Həzrət (s) buyurdu: “Ey Büreydə! Sən Əliyə (ə) qarşı düşmən mövqedəmisən?” Mən: “Bəli”, - deyə cavab verdim. Həzrət (ə) buyurdu: “Ona qarşı düşmən mövqedə durma. Çünki onun xümsdə olan payı bundan daha çoxdur”.1

Digər qaynaqlara nəzər saldıqda Buxarinin bu hədisi təhrif edilmiş şəkildə nəql etdiyinin şahidi oluruq. Peyğəmbər (s) hədisdə Əlinin (ə) vilayətinə toxunur. Buxari hədisin həmin hissəsini çıxarmışdır.

Əhməd ibn Hənbəl özünəməxsus sənədlə Büreydədən nəql edir: “Peyğəmbər (s) Yəmənə iki qoşun göndərdi. Bu qoşunlardan birinin komandanlığını Əli ibn Əbu Talibə (ə), digərini isə Xalid ibn Vəlidə tapşırdı və buyurdu ki, qoşunlar yolda qarşılaşdıqları zaman Əli (ə) rəhbərlik edəcək. Ayrı-ayrılıqda isə hər biriniz öz qoşununa sərkərdəlik edəcək. Biz yəmənli Bəni-Zeyd qəbiləsi isə döyüşdük. Müsəlmanlar müşriklərə qalib gəldilər. Döyüş bitdikdən sonra onların övladlarını əsir götürdülər. Əli (ə) əsir qadınlardan birini özü üçün seçdi. Xalid olanlar haqqında bir məktub yazıb Peyğəmbərə (s) yetirim deyə mənə verdi. Mən Mədinəyə gəlib məktubu Peyğəmbərə (s) təhvil verdim. Həzrət (s) məktuba baxdıqda üzündə qəzəb ifadələri yarandı. Mən dedim: “Ey Allahın Rəsulu! Bu, Allaha sığınmalı vəziyyətdir. Sən məni birisi ilə döyüşə göndərmiş və ona tabe olmamı əmr etmisən. Mən də tabe olmuşam”. Peyğəmbər (s) buyurdu: “Əliyə (ə) qarşı çıxma. Əli (s) məndən, mən də Əlidənəm (ə). O, məndən sonra (gələcək) hər bir möminin vəlisidir”.1

Əhməd ibn Hənbəlin nəql etdiyi məlum hədisə diqqət yetirdikdə bunun Buxarinin Büreydədən nəql etdiyi hədis olduğu üzə çıxır. Lakin Buxari hədisin mənasını dəyişmiş, təhrif etmiş və Peyğəmbərin (s) Əlinin (ə) vilayəti haqqında buyurduğu kəlamı olduğu kimi qeyd etməmişdir. Buxarinin kitabında bu kimi hallara tez-tez rast gəlmək olar.

İbn Dihyə Əndəlusi sözügedən hədisi Buxaridən nəql etdikdən sonra yazır: “Gördüyümüz kimi Buxari bu hədisi tam nəql etmir. Bu onun hədis nəqlində adəti olmuşdur...”.1

Zəhəbi, İbn Dihyə haqqında yazır: “O, şeyx, əllamə (erudit), hədisşünas və hədislər haqqında geniş məlumata malik bir insan olmuşdur”.2

Süyuti də onu böyük alim, məşhur fəzilət sahibi hesab edərək onun hədisşünaslıq və hədislə bağlı digər elimlərdə böyük məharətə mailk olduğunu bildirir.3

Buxarinin “vilayət” hədisini təhrif etməsindən daha çox Vəliyullah Dehləvinin təhrfləri təəccüb doğurur. O, “هو” (o) əvəzliyini dəyişərək “انا” (mən) kimi qeyd etmiş, hədisin sonunu isə bütünlüklə çıxarmışdır. O, həmin hədisi “İzahə əl-xifa” kitabında aşağıdakı şəkildə qeyd etmişdir:

 “Əlidən (ə) nə isləyirsiz? Həqiqətən, Əli (ə) məndən, mən də ondanam. Mən bütün möminlərin vəlisiyəm”.

 

2.     Müxalif qüvvələrin şiəliyin yayılmasının qarşısını alması;

Şiəliyin yayılmasının xarici amillərindən biri də ona qarşı olan müxalif qüvvələrin müxtəlif vasitələrlə maneçilik törətməsidir. Bu maneə bir çox müsəlman və ya qeyri-müsəlmanın Əhli-beytdən (ə) məhrum olmasına gətirib çıxarmışdır.

Şiəliyi qəbul etmiş Məhəmməd Kəsiri yazır: “Şiə kitabları hər bir yerdə müxalif qüvvələr tərəfindən düşmənçiliklə qarşılaşır. Əksər dövlətlər bu kitabların ölkələrinə daxil edilməsini yasaqlayır və oxunmasına qadağa qoyurlar. Əlcəzairdə şiəliklə bağlı kitab və ya jurnalı olan gənclərə qarşı hörmətsizlik olunur. Onlar döyülərək, mühakimə olunurlar. Ey sələfi təbliğatçıları! Nə üçün şiə kitablarından bu qədər qorxursunuz?”1

O, yazır: “Biz sələfi təbliğatçılarına deyirik: “Əgər şiəlik haqqında yazdıqlarınız həqiqətdirsə, o zaman nə üçün şiə kitablarının yayılmasına mane olursunuz? Təbii ki, şiə kitablarının yayılması müasir ziyalı gənclərin şiəlik haqqında sizin dediklərinizi təsdiq edən düzgün məlumat almaqları ilə nəticələnər. Lakin mən əminəm ki, siz belə etməyəcəksiniz. Çünki onlar şiəlikdən, onu əhatə edən həqiqətlərdən qorxurlar. Çünki günəş ortaya çıxıb saçdığı zaman bütün kiçik şamlar nurunu itirərək məhv olacaq.

Onlar özlərini gizlətmək üçün yalan və iftira arxasında daldalanırlar. Elə buna görə də müasir, ayıq gənclərdən biri bəzi həqiqətləri gördükdə dəyişərək Sələfiliyin düşmənlərindən birinə çevrilir. Çünki o, artıq sələfilərin ona verdiklərinin yalan, iftira, təhrif dolu qida olduğunu görür”.1

Doktor Məhəmməd Ticani Səmavi bu haqda yazır: “Nə üçün bəzi alimlər, yaşadığımız dövrün elm əsri olmasına baxmayaraq, həqiqətləri gizlətmək məqsədi ilə heç bir dəyəri olmayan yozmalara əl atırlar”.2

O, yazır: “Şiəlik haqqında etik normalar çərçivəsində, insafla yazan bir neçə alimi çıxsaq, qalan əksər elm adamları keçmişdə və indi şiəlik haqqında Bəni-Üməyyə fikirlərinin təsiri ilə, kin dolu ifadələrlə söhbət açırlar. Onlar bütün azdırıcı vasitələrdən istifadə edir, özləri belə anlamadıqları sözlər danışır, Əhli-beyt (ə) şiələrinə qarşı nalayiq ifadələr işlədirlər. Bəzən şiəliyin banisi kimi yəhudi Abdullah ibn Səbani göstərirlər. Bəzən onların məcus olduqlarını qeyd edirlər. Bəzən: “onlar rafizidirlər, yəhudi və xristianlıqdan daha təhlükəlidirlər”, - deyirlər. Bəzən onları təqiyyə etdikləri, cinsi azadlığa müsbət yanaşdıqları, müvəqqəti nikahı icazəli hesab etdikləri üçün münafiq adlandırır və məhrəmləri ilə zina etməyi halal bilmək iftirası ilə şərləyirlər. Bəzən onların özlərinə məxsus gizli Quranları olduğu iddiası ilə çıxış edirlər. Bəzən onların Əli (ə) və digər imamlara pərəstiş etdiklərini, Peyğəmbərə (s) və Cəbrailə kin bəslədiklərini söyləyirlər. Hər il özünün əhli-sünnə olduğunu güman edən bu alimlərin onlarla kitab çap etdiklərinin şahidi oluruq. Kitablar bizə çatdıqda isə onların şiəliyə qarşı təhqir və iftiralarla dolu olduğunu görürük. Onlar çirkin əməllərini yalnız öz böyüklərinin, İslam ümmətinin parçalanmasında maraqlı olan qüvvələrin razılığını cəlb etmək məqsədi ilə həyata keçirirlər. Onlar bu növ kitablarda kortəbii təəssübkeşlikdən, kin və nifrətdən, cəhalət və sələflərini təqliddən başqa heç bir dəlilə əsaslanmırlar. Onlar Bəni-Üməyyə və Qüreyşin ardıcılları olduqları üçün cahiliyyət zehniyyəti ilə, tayfabazlıq ideyalarını əsas götürərək yazırlar”.1

Şiəliyi qəbul edən tunisli Haşimi ibn Əli yazır: “Mən həmişə deyirəm ki, müsəlman və qeyri-müsəlmanlar arasında milyonlarla pak fitrətli insanlar var. Lakin bu məzhəb onlara gedib çatmayıb”.1

Şiəliyi qəbul etmiş fələstinli həkim Doktor Əsəd Vəhid Qasim yazır: “Daim fikrimi özünə məşğul edən məsələlərdən biri budur ki, bir çox tarixi hadisələr, Peyğəmbərdən (s) nəql olunan hədislər öz kitablarımıza da səhih şəkildə qeyd olunmasına baxmayaraq, nə üçün bizdən gizlədilir? Hansı ki, bu hədislər əsrlər boyu şiə və əhli-Sünnə arasında davam edən bir çox ixtilafları aradan qaldırmaqda bizə kömək edə bilər. Həqiqətləri dəyişmək, ört-basdır etmək onların düşündüyü kimi fitnələrin qarşısını necə ala bilər?! Fitnə tam olaraq həqiqətləri gizlətməlidirmi?!”2

Şiəliyi qəbul etmiş türkiyəli Məhəmməd Gözəl Həsən Amudi yazır: “Mən Quran və Peyğəmbərin (s) rəvayətlərində Əlinin (ə) və onun soyundan olan imamların xəlifə olduğu haqda aydın dəlillər gördükdə bizə onların ardınca getməyin əmr, onlara qarşı çıxmağın isə yasaq olunduğunu dərk etdim. Hansı ki, bu rəvayətlər hakim dairələr tərəfindən gizlətmə səylərinə baxmayaraq, əhli-sünnə və şiə qaynaqlarında mütəvatir şəkildə qeyd olunmuşdur. Bu hədisləri nəql edən, yazan insanlara olmazın işgəncələr verilmiş, əksini yazanlar isə qiymətli mükafatlar almışlar. Lakin Allah bu hədislərin böyük bir hissəsini qorumaqla İslam ümmətinə minnət qoydu”.1

3.     Şübhə toxumlarının səpilməsi.

Şəkk-şübhə bəzən yaxşı və islahedici, bəzən isə zərərli və dağıdıcıdır.

1.     İslahedici şəkk;

İnsan həddi-büluğa yetdikdən sonra araşdırmağa, həqiqəti tapmağa ehtiyac duyur. Elə buna görə də insan böyük inam bəslədiyi əqidəsi haqqında şübhələrlə qarşılaşır. Müəyyən yaş dövründə insan daxilində dalğalanan bu şübhələr islahedici və təbii şübhələrdir. Çünki bu, kifayət qədər biliyin olmamasından qaynaqlanır və nəticədə insanı araşdırmağa, etiqadi məsələlərini daha dəqiq, elmi və tutarlı dəlillər əsasında qəbul etməyə sövq edir. Belə hallarda insan araşdırmalı, tədqiqat aparmalı və qəti bir nəticə əldə etməlidir. Çünki Allah-Taala buyurur:

“Bizim uğrumuzda cihad edənləri öz yollarımıza qovuşduracağıq. Şübhəsiz ki, Allah yaxşı əməllər edənlərlədir!” (“Ənkəbut”, 69)

2.     Dağıdıcı şəkk.

Dağıdıcı şübhələr insan təfəkkürünü özünə məşğul edən təbii şəklərlə köklü şəkildə fərqlənir. Bu, qərəzli insanların meydana gətirdiyi, batili haqq kimi göstərmək səylərinin nəticəsində yaranan şəkdir. Bu kimi şübhələri yayan insanlar adətən, haqq yolunun şəxsi mənafeləri ilə üst-üstə düşmədiyi vasitələrdən insanları haqdan yayındırma üçün istifadə edirlər. Onlar insanları batilə aludə edib öz çirkin niyyətlərinə yetmək istəyirlər.

Doktor Ticani bu haqda yazır: “Bəzən batil haqq libası geyinərək insanları zəlalətə sürükləyir və əksər hallarda da məqsədinə çatır. Çünki insanlar sadədirlər. Belələrinə xoş gümanla yanaşırlar. Bəzən də batil onu dəstəkləyən qüvvələrin köməyi ilə uğur qazanır. Belə hallarda haqq tərəfdarları batili sıradan çıxarmaq üçün səbir etməli və Allahın verdiyi vədi gözləməlidirlər. Çünki batil gedəsidir”.1

Şiəliyi qəbul etmiş Məyuf Bədrani bu haqda yazır: “Nadanlıq üzündən əsən hər küləyin, eşitdikləri hər səsin ardınca gedən insanlar çox keçmədən müəyyən şübhələrlə qarşılaşırlar. Bu şübhələr həqiqəti dəyişərək sadə insanların beynini yanlış fikirlərlə doldurur”.2

Şiəliyi qəbul edənlərdən Məhəmməd Əli Mütəvəkkil yazır: “Şiəlik dinin özülü olduğu üçün tarix boyu ən rəhmsiz hücumlara, təxribatlara məruz qalmışdır”.1

Yasin Məyuf Bədrani yazır: “Şiəliyə nəzər saldıqda onun Bəni-Üməyyə, Bəni-Abbas və digər dövrlərdə olmazın problemlərlə üzləşdiyinin şahidi oluruq. Bizdə təəccüb doğuran budur ki, şiələr bütün bu sıxıntılara baxmayaraq öz məzhəblərini olduğu kimi qoruyub saxlaya bilmiş və bütün zalım padşahlara qarşı mübarizə aparmışlar”.2

Şiəliyi qəbul edənlərdən Əbd əl-Hüseyn Səravi yazır: “Müasir yazıçılarımızın böyük əksəriyyəti zalım padşahlar dönəmindəki zehniyyətlə yaşayırlar. Hansı ki, İslam düşmənləri müsəlmanların arasına gedib, yalanlar, iftiralar yaymışlar”.3

Şiəliyi qəbul edənlərdən Seyid Əhməd Mötəsim yazır: “Şiəliyə qarşı olan müxalif qüvvələr onun əleyhinə, həqiqətləri təhrif etmə, ona qarşı iftiralar yağdırma uğrunda bütün vasitələrdən istifadə etmişlər. Onlar öz məzhəblərinin ardıcılları arasında fasilə yaratmağı bacarmışlar”.4

O, yazır: “İslam ümmətinin böyük bir hissəsinin şiəlik haqqında məlumatsızlığı sözügedən yazıçıların səylərinin nəticəsidir. Onlar bu ümmətin üzərinə, şiəliyi tanımasın deyə cəhalət kölgəsi salmışlar”.1

Doktor Ticani Səmavi yazır: “İnsaflı tədqiqatçılar bunların təhrif, iftira olduğundan xəbərdar olduqda onlardan uzaqlaşır və bunu yalnız insanları doğru yoldan yayındırmaq üçün etdiklərini düşünürlər. Onlar müəyyən yazarlara büdcə ayırmış, onlara akademik titullar vermiş, şiəliyə qarşı iftiralar yağdırmağa səfərbər etmişlər”.2

 

ŞİƏLİYƏ YÖNƏLMƏNİN DAXİLİ MANEƏLƏRİ

Bəzən insan bu və ya digər məzhəbin haqq olduğunu bilir, lakin daxili maneələr ona bu məzhəbi qəbul etməyə imkan vermir. Şiəliyin qəbul edilməsində də belədir. Bir çox əhli-sünnə mənsubları tədqiqat zamanı şiəliyin haqq olduğunu anlayır və Əhli-beytə (ə) tapınmalı olduqlarını bilirlər. Lakin daxili maneələr yeni məzhəbi qəbul etmələrinə yol vermir. Aşağıda belə maneələrdən bir neçəsini diqqətinizə çatdırırıq:

1.     Kortəbii təqlid;

Bir çox insanlar sələflərindən onlara irs qalmış fikirlərə, yanlış olsa belə, qarşı çıxmaqdan qorxurlar. Bu, məzhəb seçimi zamanı kortəbii təqlid tələsinə düşməyin nəticəsidir. Çünki etiqadda təqlid etmək insanı sələflərinin əqidəsini müqəddəsləşdirməyə vadar edir. Nəticədə isə insanı daxili maneələrlə üzləşdirir. Lakin həqiqət, axtarışda olan insanlara bu bağları qırıb atmaqda, onlara miras qalan fikirləri incələməkdə güc verir. İnsan bilməlidir ki, sələfləri, ata-babaları yanlış yolda olmuşlarsa, onun da bu yolu davam etdirməsinə lüzum yoxdur. Bizim vəzifəmiz, hətta sələflərmizin irsi fikirləri ilə üst-üstə düşməsə belə, haqqın ardınca getməkdir. Quran əcdadlarını kortəbii təqlid edənləri məzəmmət edr.

Sudanlı Seyid Əhməd Mötəsim yazır: “Keçmiş alimlərə müqəddəs gözü ilə baxmaq insanı onların fikirlərinə mütləq şəkildə tabe olmağa sövq edir. Bu təslimçilik haqq yoldan yayınmağın başlıca amillərindəndir. Allah onların ağıllarını bizə dəlil olaraq göstərməmişdir. Buna görə də bizim onlara hörmətimiz onların fikirlərini incələməyimizə mane olmamalıdır. Əks təqdirdə bu Quran ayəsi bizə də aid olacaqdır:

“Onlar deyəcəklər: “Ey Rəbbimiz! Biz ağalarımıza, böyüklərimizə itaət etdik, onlarsa bizi haqq yoldan azdırdılar” (“Əhzab” 67).

Yasin Məyuf Bədrani bu haqda yazır: “İslam etiqadi məsələlərdə təqlidi, təslimçiliyi kifayət hesab etmir. Əksinə hər bir fərd öz əqidəsinin doğru olduğunu müstəqil şəkildə, hissiyata qapılmadan araşdırmalıdır”.1

Şiəliyi qəbul etmiş Tariq Zeyn əl-Abidin bu haqda yazır: “Axirətdə aqibəti acınacaqlı olan insanlar - qəlbləri irsi etiqadlarla dolu olanlardır. Onlar bu etiqadlarının doğru olduğunu güman edirlər”.2

2.     Şəxsiyyətpərəslik;

Əhli-sünnə tədqiqatçılarının şiəliyi qəbul etmələrinə mane olan digər mühüm amil isə onların cəmiyyətdə tanınmış, sayılan şəxsiyyətlərə qarşı çıxmağa cəsarət edə bilməmələridir. Hansı ki, məlum şəxsiyyətlər müsəlman cəmiyyətlərində bütə çevrilmişlər və heç kim onların məqamına yüksəlməyə cəsarət göstərmir.

Saleh əl-Vərdani şəxsiyyətə pərəstiş tələsinə düşmək, insanları haqq ilə deyil, haqqı insanlarla tanımaq haqqında yazır: “Bu, yəhudi alim və rahiblərinin planıdır. Bu gün müsəlmanlar da həmin xəstəliyə yoluxmuş və şəxsiyyətlərin sözlərini yazılı dəlillərin əvəzinə qəbul edirlər”.3

O, sözünü davam etdirərək yazır: “Haqqı axtarmaq alimlərin sözünə yox, müqəddəs mətnlərə əsaslanmalıdır. Müqəddəs mətnlərin izi ilə getmək insanı haqqa doğru yönəldir. Şəxsiyyətlərin ardınca getmək isə çox keçmədən insanı müqəddəs mətnlərdən ayırır, uzaqlaşdırır. Onu müqəddəs mətnlərin deyil, şəxsiyyətlərin əsirinə çevirir. Tədqiqatda meyar müqəddəs mətnlərdir. İnsana məsuliyyəti yalnız müqəddəs mətnlər verir. İnsan onlara söykənərək ayaqda durur. Axirət əzablarından xilas edəcək yeganə qüvvə də odur.

Burada müqəddəs mətnlər dedikdə məqsəd Quran ayəsi, ona və ağla müvafiq Peyğəmbər (s) kəlamlarıdır”.1

O, digər kitabında yazır: “Müsəlmanlar şəxsiyyətə pərəstişdən, sələflərmizin toxunulmaz müqəddəsliyi xülyasından uzaq olmalıdırlar. Müsəlmanların vəzifəsi İslam təfəkkürlərini islah etmək üçün şəxsiyyətlərə deyil, müqəddəs mətnlərə əsaslanmaqdır”.2

O, yazır: “Tədqiqatın başlıca şərti şəxsiyyətə pərəstişdən uzaq olmaq, yəni müstəqil şəxsiyyətə malik olmaq, digərlərinə ibadət etməməkdir. Mən öncə kitablara toxunulmaz müqəddəslik gözü ilə baxır, qorxaraq yanaşırdım. Səhabədən fəqihlərə qədər keçmiş sirli insanlara müəmmalı qorxu ilə baxırdım. Lakin toxunulmaz müqəddəslik buxovundan xilas olduğum zaman qarşımda həqiqətə yetmək üçün geniş bir yol olduğunu gördüm. Bəli, elə ki, tarixi hadisələrin araşdırılmasında kortəbiiliyi kənara qoydum, daha dəqiq desək, elə ki, müqəddəs mətnləri şəxsiyyətlərdən yüksəkdə tutdum, o zaman haqqı tanıdım. Mən haqqı tapdım, gümanın əhatə dairəsindən xaric olub haqqa yəqinin əhatə dairəsinə daxil oldum. Bu, Peyğəmbərdən (s) sonra İslam yolunu yenidən nəzərdən keçirdiyim zaman idi.

Uzun illər sonra ruhum sərgərdanlıqdan xilas oldu. Gözüm İslam tarixinin görünməyən tətəflərinə düşdükdə müstəqim yola qədəm qoydum. Bu zaman pərdələr götürüldü, gözümün önündə Peyğəmbərin (s) Əhli-beytini (ə) gördüm və beləcə doğru yolun əlamətlərini duyub həqiqi İslama daxil olduğuma yəqin etdim”.1

İdris Hüseyni Məğribi bu haqda yazır: “Mən öncədən də həqiqətin istisnasız olaraq şəxsiyyətlərdən daha dəyərli olduğunu bilirdim. Başa düşürdüm ki, özümü, itirmiş həqiqətləri əldə etmək uğrunda mübarizəyə hazırlamalıyam. Gözlərimin önünə damarlarımda axan qan qədər mühüm şəxsiyyətlərdən ayrılmaq ehtimalı gəlirdi. Lakin bilirdim ki, Əbu Hüreyrənin dini baxımdan nə dəyəri var ki, mən onu dəstəkləmək üçün tarixi həqiqətləri araşdırmaqdan vaz keçim. Nə üçün onun rüsvayçılıqlarının üstünü örtmək üçün həqiqətləri təhrif etməliyəm? Əbu Hüreyrə etiqadi prinsiplərdən biridirmi ki, onu tarixin süzgəcindən keçirmək, cəhalətlərini etiraf etmək haram olsun? Onun rüsvayçılıqları qarşısında sakit qalıb onları dini həqiqətlərə qatmaq, İslamı bu fəsadlara qurban vermək namərdlik deyilmi?”1

 

DÜŞÜNMƏK KORTƏBİİ TƏQLİDDƏN XİLAS OLMAĞIN YEGANƏ YOLUDUR

İnsanı kortəbii təqliddən xilas edəcək ən mühüm amil ağlı işə salmaq, düşünməkdir.

Məhəmməd Əli Mütəvəkkil bu haqda yazır: “Ağıl, nəfsi istəklərin maneçiliyi olmadan haqqa doğru hidayət edən bir nurdur. Ağıl Allahın insan üçün höccətidir. Allah onun vasitəsi ilə tanınır. Peyğəmbərlər (ə) onun vasitəsi ilə təsdiq olunur. Haqq onun vasitəsi ilə batildən fərqləndirilir. Ağlı olmayanın dini də yoxdur”. 2

Seyid Əhməd Mötəsim bu haqda yazır: “Allah-Taala insana ağıl və elm nuru bəxş etmişdir. Onlardan istifadə yolu isə insanın öz əlindədir. Bu nuru həqiqətləri üzə çıxarmaq üğrunda yandırmayan şəxs, tezliklə cəhalət və xurafat kölgəsi altına düşəcəkdir”.3

İdris Hüseyni Məğribi yazır: “İslamı sələflərimizin fikirləri xaricində araşdırdıqda görünür ki, onun məqsədi insan ağlını fəallaşdırmaqdır. İslam insanlardan ona şüurlu surətdə dərk edərək tabe olmalarını istəyir”.1

3.     Təəssübkeşlik;

Təəssüb insanın haqqa tabe olmasına mane ola biləcək amillərdən biridir. Çünki o, insanı, yanlışlığını bildiyi halda müəyyən bir fikrin üzərində dayanaraq onu dəyişməyə, dar düşüncəli olmağa vadar edir. Elə buna görə də təəssübkeş insan haqqı, həqiqəti gündüz, günəşin saçdığı kimi aydın olsa belə tanımaqdan məhrum olur.

Şiəliyi qəbul etmiş böyük əhli-sünnə alimi Məhəmməd Məri Əntaki bu haqda yazır: “Bu kitabda yazdığım faktlara diqqətlə nəzər sal və haqqın həqiqət yolçuları və təəssübdən, kortəbiilikdən uzaq olanlar üçün aydın olduğunu gör. İnadını davam etdirənlərə isə minlərlə hədis desən də bir faydası olmayacaq”.[543]

Buna görə də haqq məzhəb sorağında olan, bu məqsədlə tədqiqat aparan kimsə etiqadındakı yanlışlıqları qəbul etmək cəsarəti əldə etməlidir.

Doktor Ticani Səmavi bu haqda yazır: “Məni əhatə edən insanlar müəyyən zaman kəsiyində mənim düşüncəmi doldurmuş, ağlımı zəncirləmişdilər. Bundan məqsəd hədisləri və ya tarixi hadisələri düzgün təhlil etmək, Quranı və sünnəni düzgün anlamaq iqtidarında olmam üçün şərait yaratmamaq idi. Lakin mən iyirmi ildən çox bir müddətdə üzərimə qonan təəssüb tozunu silməyi, boynumdakı buxovu, qolumdakı zənciri qırmağı bacardım”.2

O, yazır: “Təəssüb və irsi düşmənçilik dönəmi öz yerini nüvə əsrinə, fikir azadlığı dönəminə vermişdir. Bu gün müasir gənclər haqqı tanımaq üçün gözlərini açmalı, şiə kitablarını oxumalı, onlarla əlaqə yaratmalı, alimləri ilə söhbət etməlidirlər. Nə vaxta qədər yanlış fikirlərə aldanacağıq?! Bu gün dünya xalqları sıx əlaqədədirlər. Yer kürəsinin istənilən bölgəsində şiə var. Elmi tədqiqat işləri ilə məşğul olanlar şiəliyi ona düşmən mövqedə olanların tədqiqatı ilə tanımamalıdırlar.

Şiəlik etiqadı yalnız özlərinə bəlli olan gizli məzhəb deyil. Dünyanın hər bir nöqtəsində şiə kitabları var. Şiə elm mərkəzləri hər bir elm adamının üzünə açıqdır. Şiə alimləri müsəlmanları vəhdətə dəvət etmək məqsədi ilə dəyirmi masalar, diskussiyalar keçirirlər”.1

4.  Qorxu.

Bir məzhəbdən digərinə keçərkən insanın qarşılaşdığı problemlərdən biri də keçmiş əqidəsindən ayrılacaq deyə onu bürüyən qorxudur. Çünki uzun müddət onunla yaşamış, onlara alışmışdır.

Seyid Əhməd Mötəsim bu haqda yazır: “Geniş axtarışdan sonra Əhli-beyt (ə) məzhəbinə tabe olmağın vacib olduğunu qət etdim. Vicdanım bunu qəbul etsə də əməldə məzhəbimi dəyişə bilmirdim. Dostlarımın mənə şiə və ya Xomeyni deyə müraciət etmələrinə baxmayaraq, mən hələ də tam olaraq məzhəbimi dəyişməmişdim. Əhli-beyt (ə) məzhəbinin haqq olduğuna zərrə qədər də şübhəm yox idi. Lakin əmmarə nəfs mənə vəsvəsə edir, əcdadımın məzhəbini tərk etməyə imkan vermirdi. Daxilimdə suallar yaranırdı: Ata-babalarının dinindən əlmi çəkəcəksən? Səni əhatə edən və sənə qarşı olan cəmiyyətlə necə yola gedəcəksən? Sən kimsən ki, belə bir nəticə əldə etmisən? Böyük alimlər, əksər müsəlmanlar sən bildiklərini bilmirdilərmi? Minlərlə bu kimi şübhələr fikrimi məşğul edir, mənə rahatlıq vermirdi.

Məni bu daxili keşməkeşdən xilas edər deyə şiəlik əleyhinə yazılmış kitablara müraciət etdim. Lakin onlarda da axtardığımı tapa bilmədim. Məsələ daha da ciddiləşdi. Çünki o kitablarda elmi, məntiqi dəlillər əvəzinə, nalayiq sözlər, yalan və iftiralar gördüm. Sonda Əlinin (ə) vilayətinin dəlillərini tədqiq edərkən daxilimdə hidayət nurunun parladığını və məni haqqa sövq etdiyini hiss etdim”.1



Geri   İrəli
Go to TOP