A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Günəşdən bir şüa (Ayətullah Xamenei)
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Höccətül-İslam Hacı Şeyx Abbas Purməhəmmədi

 

Zalımların xırmanını oda çəkən şimşək

Böyük Rəhbərin nitqləri və cümə namazındakı çıxışları çox məzmunlu, faydalı və dərin elmi, əxlaqi və siyasi dərslərə malikdir. Onun inqilabdan öncəki kəskin və inqilabçı çıxışları zalımların xırmanını oda çəkən şimşək, rejim əleyhinə vulkan idi.
Onun əzəmətli mərdliyi və misilsiz şücaəti indiki çıxışlarında da aşkar görünür, İslam inqilabı və tağut rejiminin devrilməsi yolundakı parlaq keçmişinin göstərir. Onun hökumət və fəqih vilayəti haqqındakı sözləri insana həzrət İmam Xomeyninin (r) Nəcəfdə dediyi xaric (ali ixtisas) dərslərini xatırladır. Elə bil, həmin dərslər bu gün Əzəmətli Rəhbərin səlis nitqi ilə camaata çatdırılır.

 

Şücaət və qorxmazlıq

1977-ci ildə həzrət Ayətullah Xamenei müqəddəs Məşhəddə idi. Həmin il İslam inqilabının şah əleyhinə qarşı hərəkatı gücləndi. O, həmin hərəkatda mitinqlərin və çıxışların əsas təşkilatçısı hesab olunurdu. Şah rejimi Böyük Rəhbəri tutub İranşəhrə sürgün etdi.

Mən 1978-ci ildə İranşəhrə gedib onu ziyarət etdim. Onun evində nisbətən böyük bir otaq var idi. Bölgələrdən görüşünə gələn gənclər və tələbələr orada qalırdılar. Görüşlər siyasi məclisə çevrilirdi. Hərə bir tərəfdən sual verir və Böyük Rəhbər heç nəyi nəzərə almadan, iclasda iştirak edən SAVAK casuslarını görmürmüş kimi siyasi məsələləri çox qətiyyətlə və aydın şəkildə bəyan edirdi. Mən o gün bu böyük şəxsiyyətin şücaətinə və qorxmazlığına heyran qaldım və o məclisdən elə əhval-ruhiyyə ilə çıxdım ki, onu və Böyük Rəhbərin həqiqətləri deməkdə qeyri-adi şücaətini unutmayacağam.

Höccətül-İslam Məhəmməd Məhəmmədi İştihardi

 

Sürgündə mübarizə

Böyük Rəhbər İslam İnqilabının qələbəsindən öncəki mübariz və inqilabçı ruhanilərdən idi. Onun həyatının bir hissəsi hövzə işləri, tədris və təhsil kənarında şah rejimi ilə mübarizədə keçmişdir. O bu yolda həbsdən və sürgündən qorxmurdu, dəfələrlə tutulmuş və sürgün edilmişdir.

Onun sürgün edildiyi yerlərdən biri İranşəhr rayonu idi. Ağa sürgündə də sakit dayanmır və mübarizəsini davam etdirirdi. İmamın rəşadətli oğlu hacı ağa Mustafanın qırxından sonra o, çox mühüm bir ideyaya imza atdı. O, İranşəhrdə sürgündə olan bir neçə nəfərlə birgə, təqlid mərcələrinə  məktub ünvanladı. Orada İmamın rəhbərliyi qeyd olundu, şah rejiminin fəsadları ifşa edildi. Qərara alındı ki, bu məktublar ölkədə sürgündə olan digər alimlər tərəfindən də imza olunsun. Bu iş hərəkət rəhbərlərini bir-birindən uzaqlaşdırmaq istəyən düşmənin planını zərərsizləşdirməkdən əlavə, hökumətə göstərirdi ki, sürgün heç zaman onları mübarizədən saxlaya bilməz.

Mənə Böyük Rəhbər tərəfindən məktubları sürgün bölgələrinə aparmaq tapşırıldı. Alimlər onu imzalayandan sonra Qumdakı qırx mərasimindən qabaq bütün ölkədə yaymalı idim. Bu yenilik cəmiyyətə çox böyük təsir bağışladı və düşmənə göstərdi ki, Böyük Rəhbər heç zaman sürgündən qorxmur və bütün hallarda öz vəzifəsini yerinə yetirir.

Höccətül-İslam İbrahim Razini

 

Onuncu fəsil: Döyüş və cihad

Xürrəmşəhr döyüşü

Təxminən qırx gün Xürrəmşəhrdə müqavimət göstərib iraqlıların şəhəri işğal etməsinə imkan vermədik. Bu müddətdə Böyük Rəhbər misilsiz şücaətlə düşmənin mövqelərinə hücum edir, onların tanklarının sırasını pozur və irəliləmələrinə mane olurdu. O, İmam Xomeyni ilə görüşəndə yeni və düzgün bilgiləri çatdırmaq üçün üç və beş nəfərlik qruplarla düşmən qüvvələrinin daxilinə qədər irəliləyir və əməliyyat zonasını müşahidə edərək yeni məlumatlar toplayırdı.

Höccətül-İslam Zünnur

 

Cəbhənin ön xəttində

Müharibənin ilk günlərində bizim əsas müdafiə xəttimiz Əhvazda idi. Bir gün səhər tezdən ön xətdə idim. Yuxudan ayıldım, gördüm ki, bir nəfər cəbhə xəttini nəzərdən keçirir. Elə bildim Müdafiə nazirliyinin həmişə bizə baş çəkən zabitlərindəndir. Öz işimlə məşğul oldum. O, iki nəfərlə birlikdə bizim səngərimizə gəldi. Baxıb gördüm ki, Ayətullah Xameneidir. O, hərbi formada, kəmərində bir tapança ilə, düşmənlə bir kilometr fasiləsi olan ən təhlükəli nöqtədə bizim görüşümüzə gəlmişdi. Birgə nəzarət səngərinə getdik. Böyük Rəhbər bütün xəttə baxış keçirdi və ərzaq məhsullarının cavabdeh şəxslərinə dedi: “Gəlin ön cəbhədəki uşaqlara bir şey hazırlayaq”. Sonra mənə buyurdu: “Sizin durduğunuz yer çox həssas yerdir, ehtiyatlı olun ki, düşmən dövrə vurub sağ tərəfdən gəlməsin”.

Höccətül-İslam Amili

 

Döyüşçülərin əhval-ruhiyyəsini qaldırmaq

Ayətullah Xamenei İraqın İran əleyhinə müharibəsi başlayan gündən şəhid doktor Mustafa Çəmranla birgə cəbhələrdə yaxından və fəal iştirak edirdi. Silah alıb gecələr kəşfiyyat əməliyyatlarına qoşulurdu. O, İslam döyüşçülərini müdafiə edir və onlara ruhiyyə verirdi.

1988-ci ildə, yəni müharibənin sonlarında cəbhələrin vəziyyəti çətinləşdi, bəziləri öz ruhiyyələrini itirdilər. O, həmin zaman prezident ola-ola döyüşçü paltarı geyinir və nizam-intizamlı formada cəbhəyə gəlirdi. Ağanın cəbhədə iştirakı döyüşçülərin əhval-ruhiyyəsinə çox yaxşı təsir bağışlayırdı. Nəhayət, həqiqi inqilab mudafiəçiləri vəhdətlə və döyüşü davam etdirməklə düşmənin təcavüzlərini zərərsizləşdirdi və müharibəni İran İslam Respublikasının xeyrinə bitirdi.

General Abdullah İraqi

 

Döyüşdə möhkəm dayaq

Müharibənin əvvəllərində cənub cəbhələrində çoxlu problemlərimiz var idi. Öz qəribliyimizi və çətinliklərimizi bildirmək istədikdə, İmamın Ali Müdafiə Şurasındakı nümayəndəsi olan Böyük Rəhbərə müraciət edirdik. Cənubda olduğuna görə, o, bizim üçün möhkəm dayaq hesab edilirdi, biz də mütəmadi olaraq onunla iclaslar keçirir və problemlərimizi deyərək kömək istəyirdik. Ayətullah Xamenei bizim problemlərimizi həzrət İmama çatdırırdı və imkan olduğu təqdirdə, lazımı köməklər göstərilirdi.

Vitse Admiral Əli Şamxani

 

Cəbhədə iştirak

Müharibənin ortalarında Böyük Rəhbərin cəbhədə iştirakı azaldı. Komandirlərdən bir qrupu onun yanına gedib gileyləndilər və təkidlə Böyük Rəhbərdən cəbhədə iştirak etməməsinin səbəbini soruşdular. Böyük Rəhbər buyurdu: “Mənim bundan başqa çarəm yoxdur. Həzrət İmam Xuzistan, İlam, Kirmanşah, Kürdüstan və Qərbi Azərbaycan vilayətlərinə getməyi mənə haram edib. Amma əgər mənim cəbhədə iştirakımı bu qədər istəyirsinizsə, tezliklə İmamın yanına gedib xahiş edəcəyəm ki, icazə versin”. Çox keçmədi ki, biz yenə Ayətullah Xameneinin cəbhədə iştirakının şahidi olduq.

Höccətül-İslam Zünnur

 

Əsgərlərlə birgə

Ayətullah Xameneinin prezident seçilməsindən sonra həzrət İmam onun döyüş bölgələrinə getməsini qadağan etdi. Müharibənin axırlarında o, çoxlu təkidlə yenidən cəbhəyə getmək barədə həzrət İmam Xomeyninin (r) razılığını aldı və bir daha yaxından döyüş bölgələrinə yollandı. O, Tehranın cümə imamı kimi cəbhəyə getməzdən qabaq bütün cümə və camaat imamlarına müraciət yolladı, onları cəbhələrdə iştirak etməyə dəvət etdi. Onun bu inqilabçı və əhəmiyyətli hərəkəti cəbhələrdə böyük dəyişikliyə səbəb oldu. O, həmin dövrdə bütün diviziyalara baş çəkir, döyüş vahidlərinin vəziyyətini öyrənir və problemləri bir-bir əsgərlərin dilindən dinləyirdi. Ağa ənənəvi olaraq, uşaqlarla ata kimi rəftar edir və mehribanlıqla onların sözlərini dinləyirdi. Bu iştirak və rəftar əsgərlərin ruhiyyəsində çox böyük bir təsir qoyurdu. Bu təsir, düşməni tam məğlubiyyətə uğradana qədər onları döyüş səhnəsində saxladı.

General Məhəmməd Kövsəri

 

Bölgəyə nəzarət

Müharibənin əvvəllərində kəşfiyyat işlərilə məşğul idik. İşimiz düşməni öyrənmək və onun haqqında məlumat toplamaq idi. Bir gün iraqlılar haqda məlumat əldə etmək üçün düşmənin tərk etdiyi bir yerə getdik. Orada Seyid Həsən adlı bir axar vardı. Onun hər iki tərəfi ağacla örtülmüşdü. Axarın hansı tərəfində dayansaydın, ağacların sıxlığına görə qarşı tərəf görünmürdü. Biz elə bilirdik ki, axarın o biri tərəfində iraqlılar var. “Hazırol” vəziyyətində axarın sağ tərəfindən irəliyə tərəf hərəkət etdik. Qəfildən çoxlu səs-küylə rastlaşdıq. Elə bildik düşmən bizə sarı gəlir. Onlar da bizim barəmizdə belə düşünmüşdülər, təhlükəsizlik qaydalarına riayət edə-edə axarın o biri tərəfinə atıldıq. Bu zaman gözlərimiz Böyük Rəhbərin simasına düşdü. Onda o, İmamın Ali Müdafiə Şurasında nümayəndəsi idi. O, bizdən qabaq bir neçə nəfərlə birgə bölgəni yoxlamaq üçün getmişdi, indi də yoxlama işini bitirib qayıdırdılar.

Ağanı orada görmək bizə ruhiyyə verirdi. Biz bu görüşdən ruhlanıb silahlarımızı adi vəziyyətə gətirdik və Ayətullah Xameneinin səmimi məhəbbəti ilə qarşılaşdıq. Ağa bir-bir bizimlə əl görüşüb hamımızı öpdü.

General Əli Fədəvi

 

On birinci fəsil: Dünyaya etinasızlıq

Risalə verməkdən çəkinmək

Biz eşitmişdik ki, həzrət İmam Xomeyni (r) təqlid mərcəsi olmaq üçün heç bir addım atmamışdır. Bu gün eyni xüsusiyyəti Ayətullah Xameneidə də görürük. O, təqlid mərcəsi olmaq üçün heç bir iş görmür. Xalqın çoxlu təkidinə baxmayaraq, Böyük Rəhbər öz şəriət risaləsinin yayılmasına hələ də icazə vermir.

Rəhbərliyinin ilk günlərində, 1989-cu ildə hələ Ayətullah Xoyi, Gülpayiqani, Mərəşi Nəcəfi və Əraki kimi böyük təqlid mərcələri sağ ikən onunla bir məclisdə idim. Məclisdə iştirak edənlərin biri Böyük Rəhbərə dedi: “Bəziləri sizi təqlid mərcəsi kimi təqdim edirlər”. O buyurdu: “Belə etməyin, mənim çiynimə qoyulan rəhbərlik yükünü də istəmirdim, amma boynuma vəzifə düşdükdə qəbul etdim. Ümüdvaram bu ağır yükü məqsədə çatdıram. Amma bizim adamların bu yolda (təqlid mərcəi məsələsində) addım atmalarını istəmirəm.”

Sonralar şərait dəyişdikdə və təkidlər çoxaldıqda, Böyük Rəhbər ölkə xaricindəki şiələr üçün təqlid mərcəsi olmağı qəbul etdi. Amma ölkə daxili üçün buyurdu ki, başqa böyük təqlid mərcələri var. Belə rəftar Ayətullah Xameneinin yüksək ruhiyyəsindən irəli gəlir. Dünyadan üz çevirmək ruhiyyəsi böyük insanların xüsusiyyət-lərindəndir.

Höccətül-İslam Seyid Əhməd Xatəmi

 

“Əlavə xərclər qadağandır!”

Müharibə zamanı Ayətullah Xamenei ilə birgə 21-ci İmam Rza (ə) diviziyasını yoxlamaq üçün cəbhəyə yollandıq. O, hərəkətdən qabaq buyurdu ki, az maşın gətirin, bir ya iki maşın bəsdir. Əhvazdan xaric olduqda gördük ki, arxamızca təxminən on maşın hərəkət edir. Ayətullah Xamenei sürücüyə dayanmasını əmr etdi və dərhal mənə tapşırdı ki, ikinci maşından sonrakılara de ya Əhvaza qayıtsınlar, ya da gəlmək istəyirlərsə özləri tək gəlsinlər: “Nəyə görə mənim arxamca yola düşüblər? Əgər prezident bir karvan maşınla hərəkət etsə, bu, başqaları üçün nümunə olacaq, onlar da belə edəcəklər. Mənim üçün bir, yaxud iki maşın kifayətdir”.

General Şüştəri

 

Şəhidlər ağasının əzasında

Əzəmətli Rəhbər hər il bir neçə gecə İmam Hüseynə rövzə məclisi təşkil edir. 1988-ci ildə o, bir gün cənub cəbhələrinə gəldi. Onun gəlişi məhərrəm ayına təsadüf etdiyindən, döyüş vahidlərində əzadarlıq mərasimi və rövzə məclisləri təşkil olundu. O, hər gecə batalyon və diviziyaların birində Şəhidlər Ağasının (Seyyidüşşühəda) əzasınıda iştirak edirdi. Bir gün onunla birgə bir mikroavtobusda hər növ müşayiətdən və təmtəraqdan uzaq olaraq Süsəngərdə getdik və 85-ci Musa ibn Cəfər (ə) batalyonunda rövzə məclisi təşkil etdik.

Hacı Sadiq Ahəngəran

 

Əsgər taxtı üzərində

Müharibənin əvvəllərində cəbhə xəttində bir problem yarandı. Mən onu ölkənin ən yüksək vəzifəli şəxslərinə bildirməli idim. Qərara gəldim ki, o zaman prezident olan Bəni Sədrlə görüşüm. Onun cəbhədəki qərargahına yollandım və gözləmədiyim bir təmtəraqla qarşılaşdım. Bu otaqdan o otağa, o otaqdan bu otağa  o qədər əziyyət verdilər ki, peşman oldum və yenə də Bəni Sədrlə görüşə bimədim. Qərara gəldim problemi Ayətullah Xameneiyə söyləyim. Onun olduğu yerə getdim, gördüm adi bir yerdə əsgər taxtı üzərində əyləşib. Çox rahat və asanlıqla onunla görüşdüm və problemləri çatdırdım.

Şəhid Höccətül-İslam Abbas Şirazi

 

Vəzifəyə əməl etmək

Ayətullah Xameneinin vəzifəyə seçilməsindən bir-iki ay sonra onun görüşünə getdim. İş başlamazdan əvvəl ona dedim: “Necə oldu ki, belə bir vəziyyət yarandı? İstəyirəm rəhbərlik məsələsi haqqında bir qədər sizin dilinizdən eşidim”. Böyük Rəhbər buyurdu: “Xibrə Məclisi həzrət İmamın canişinliyi barədə müzakirələr apararkən mən özüm haqda heç bir şey fikirləşmirdim və ümumiyyətlə təsəvvür etmirdim ki, onlar belə bir qərar qəbul etsinlər. İclasın günortaya qədər sürən birinci yarısı mənə anlatdı ki, mənim də adım hallana bilər. Mən günorta evə gəldim, iki rəkət namaz qıldım və minacat edərək Allahdan istədim ki, bu vəzifəni mənim çiynimə qoymasın. Mən az xatırlayıram ki, hansısa bir istək üçün Allah-taalaya belə yalvaram. Mən çox israrla və bütün vücudumla Allahdan istəyirdim ki, bu məsuliyyəti məndən uzaqlaşdırsın. Günortadan sonrakı iclasda Xibrə Məclisi ümumiyyətlə mənim fikrimə, yəni bu işi qəbul edib-etməmək rəyimə baxmadı və iş  beləcə sonuclandı. Mən ürəkdən bu işə razı olmasam da, bu məsuliyyətin şəriət və qanun nöqteyi-nəzərindən boynuma düşdüyünü gördükdə, qərara gəldim ki, onu mükəmməl surətdə yerinə yetirim”.

Bu qayda Ağanın dünya və qüdrət istəyində olmamasını göstərir. Lakin vəzifə məsələsi irəli gəldikdə, o, öz vəzifəsinə əməl edir.

Doktor Qulaməli Həddad Adil

 

On ikinci fəsil: Beytül-mala (dövlət büdcəsinə) qarşı diqqət

Qənd əhvalatı

Ayətullah Xamenei heç zaman öz şəxsi həyatında müsəlmanların beytül-malından istifadə etməyə icazə vermir. Onun dəftərxanasının işçilərindən biri deyir: “Bir gün Ağanın evində qənd bitmişdi, mən ona dedim ki, icazə verin dəftərxanadan evinizə bir az qənd gətirim. Ağa buyurdu: “Dəftərxananın qəndi oraya müraciət edənlər üçündür, biz başqa yerdən qənd almalıyıq”.

Belə bir diqqəti, ehtiyatı yalnız din böyüklərinin həyatında görmək olar. Bu hərəkət onun əzəmət və təqvasının ucalığından xəbər verir.

Höccətül-İslam Seyid Əhməd Xatəmi

 

Beytül-mala qarşı xüsusi həssaslıq

Ayətullah Xamenei öz prezidentlik dövründə o zamankı baş nazir mühəndis Mirhüseyn Musəviyə 50 minlik bir çek göndərib buyurur: “Beytül-maldan mənim şəxsi xərclərim üçün götürülən pul bu miqdardan artıq deyil. Siz bu pulu dövlət büdcəsinə köçürün ki, mən borclu qalmayım”.

Bu çox mühüm məsələdir, ölkə prezidenti olarkən yaşayışı çox adi olan, ehtiyacları talonla ödənən bir şəxs beytül-mala qarşı o qədər həssasdır ki, dövlət büdcəsindən öz şəxsi həyatı üçün hər hansı miqdarda pulun xərclənməsindən qorxur. Bu qayda bizim hamımız üçün və ölkənin vəzifəli məmurları üçün dərsdir. Biz də Böyük Rəhbər kimi beytül-mala qarşı həssas olmalı və diqqətlə əməl etməliyik.

Mühəndis Həmid Mirzadə

 

Beytül-mala diqqət

Mən İmam Xomeyninin (r) həyatının bütün xüsusiyyətlərinin Böyük Rəhbərin vücudunda canlandığını görürəm. Onun sadə yaşayışı həzrət İmam kimi nümunədir. O, öz imamı kimi beytül-mala göstərdiyi diqqətini Allah övliyalarından öyrənmişdir. Əgər insan onun həyatına və rəftarına diqqətlə baxsa, yalnız haqq adamlarından gözlənlən bir həqiqəti müşahidə edər.

Mən bir gün bir dostumla birgə Böyük Rəhbərin görüşünə getdim. Dostum çərçivəyə yerləşdirdiyi bir şəkli ona təqdim etdi. Şəkil Böyük Rəhbərin İranşəhrdə sürgündə olarkən çəkdirdiyi şəkil idi. Ağanın gözü şəklin çərçivəsinə düşdükdə buyurdu: “Əgər bunun xərcini öz şəxsi pulundan vermisənsə, hədiyyəni qəbul edirəm, amma əgər İnqilab Keşikçiləri Korpusunun pulu ilə hesablamısınızsa, qəbul edə bilmərəm”.

Ordu generalı Seyid Yəhya Səfəvi

 

Təkcə bir xuruş

Böyük Rəhbər beytül-mala olduqca diqqətlə yanaşır. Onun bu diqqəti beytül-malın öz yerində xərclənməsi, əlavə xərclərdən və yersiz israfdan qorunması üçündür. Onun rəsmi qonaqlıqlarında süfrəyə yalnız bir növ xuruş qoyulur. O, hətta qonaqlıqlarda da süfrəyə birdən artıq xuruşun qoyulmasına icazə vermir. Bu iş israfın qarşısını almaq üçündür. Mən bəzən şahid olmuşam ki, süfrədə heç bircə növ xuruş da olmayıb, hamı çörək və plovla kifayətlənməli olub.

Ayətullah Misbah Yəzdi

 

Ev xörəyi və beytül-mal

Bir gün Böyük Rəhbərin qonağı idim. Süfrə açıldıqda Ayətullah Xamenei oğlu Mustafaya buyurdu: “Qalx, get”. Mən ona dedim: “İcazə verin o da otursun, mən ondan istəmişəm ki, bir yerdə olaq”. Ağa buyurdu: “Bu xörək beytül-maldandır, siz də beytül-mala qonaqsınız. Mənim uşaqlarım bu süfrə arxasında otura bilməzlər, onlar gedib ev xörəyindən yeməlidirlər”.

Mən o zaman anladım ki, Allah nəyə görə Ağaya bu qədər izzət vermişdir.

Ayətullah Cavadi Amuli

 

On üçüncü fəsil: Siyasət və təşkilatçılıq

Strateji addım

Müharibənin əvvəllərində döyüşün ən həssas məqamı idi. Çoxlarının qələbəyə ümidi yox idi, müharibəyə və onun perspektivinə inanmırdılar. Digər tərəfdən, düşmən döyüş meydanlarında bəzi qələbələr əldə etmişdi, bizim bəzi əməliyyatlarımız isə məğlubiyyətə uğramışdı. Bu həssas məqamda Böyük Rəhbər cəbhəyə gəldi, döyüşçü qüvvələri istiqamətləndirməklə və partizan qüvvələrini dəstəkləməklə onlara ruhiyyə verdi.

O zamankı prezident Bəni Sədr və onun həmfikirləri Əndimeşk, Əhvaz, Xürrəmşəhr və Abadanı artıq itirilmiş hesab edirdilər. Onlar belə düşünürdülər ki, müdafiə qüvvələrini Zaqros və Xürrəmabad yüksəkliklərinə doğru geri çəkmək lazımdır. Bəni Sədr deyirdi: “Bizim Abadanda, Xürrəmşəhr və Əhvazda qalmağımız intihar deməkdir. Qüvvələrimizin həmin yerlərdə qalması tələfatdan başqa heç bir şey verməyəcək”. Onların geri çəkilmək strategiyasına qarşı Böyük Rəhbər və onun dostları irəliyə getmək və daha artıq canfəşanlıq göstərmək strategiyasını qoyurdular. O, heç zaman bu şəhərləri boşaltmağa razı deyldi. Bu səbəbdən, böyük şəhid Mustafa Çəmranla birgə təcavüzkar düşmən əleyhinə partizan əməliyyatları təşkil etdi, nəhayət Allahın köməyi bizə şamil oldu və irəliləmək strategiyası uğur qazandı.

General Şüştəri

 

Ali Baş Komandanın siyasəti

1990-cı ildə Fars körfəzi müharibəsi böhranında Böyük Rəhbər əmr etdi ki, cənubda və qərb bölgəsində hərbi qüvvələr artırılsın. Biz o zaman cənubda Həmid qarnizonu altında düşərgə salan qüvvələrdən idik. Bu hərəkət sözügedən fərmanın nəticəsi idi. Fərmanda belə deyilirdi: “Heç zaman heç kəsin bir qarış torpağımıza təcavüzünə razı olmaq olmaz”.

Ali Baş Komandanın bu qətiyyətli fərmanı bizi ən kiçik güzəşti belə qəbul etməməyə cürətləndirdi. Biz bütün qüvvələrimizi meydana çıxardıq və düşmənlə ehtimal olunan müharibəyə hazırlaşdıq. Amerikalılar istəyirdilər ki, ABŞ konqresində bir qərar qəbul edib İran İslam Respublikasının ərazilərindən İraqa hücum etsinlər. Ali Baş Komandanın siyasəti və onun ardınca qərb və cənub bölgəsindəki qüvvələrin artırılması amerikalıları bu istəklərindən daşındırdı.

General Əli Fəzli

 

Həssas və mühüm qərar

Böyük Rəhbərin prezidentlik dövründəki son xarici səfəri 1989-cu ildə Çinə idi. Mən o zaman İran İslam Respublikasının Çində səfiri idim. Səfər hazırlıqları başa çatdıqdan sonra bizə xəbər verdilər ki, Çin rəhbəri ağır xəstələnib və Ayətullah Xamenei ilə görüşə bilməyəcək. Bu xəbəri son anlarda bizə verdilər. Böyük Rəhbər hava limanından enəndə mən məsələni ona çatdırdım. O qərara aldı ki, tənzim olunmuş bir neçə görüşü ləğv etsin, çünki Çin rəhbəri ilə görüş çox əhəmiyyətli idi və mütləq baş tutmalı idi.

Həmin gün saat 18:00-da konqresdə bir müzakirə olmalı idi. Baş nazir cənab Li Pinq nazirlərlə birgə konqresə gəlmişdi. Müzakirə vaxtı yaxınlaşdıqda Ağa buyurdu ki, mən bu görüşə getmirəm. Səfir olduğumdan bu xəbər mənim üçün çox ağır bir xəbər idi. Nə baş verəcəyindən nigaran idim, ona dedim: “Bu hərəkət sizin bütün səfərinizə mənfi təsir göstərər, hətta ölkəmizin Çin kimi mühüm bir ölkə ilə əlaqələri zəifləyə bilər”. O buyurdu: “Mən bu qərarı qəbul etmişəm, məsələni onlara xəbər verin”. Bu haqda çinlilərə məlumat verdik, deyilmiş vaxt çatmışdı. Hamı müzakirəyə hazır idi, müxbirlər gəlmişdilər, amma iranlı heyətdən xəbər yox idi. Müxbirlər xəbər verdilər ki, İranla Çin arasında ciddi problem yaranıb. Bir müddət beləcə keçdi, saat 18:30 oldu. Bu zaman Çinin baş naziri Xalq Konqresindən Böyük Rəhbərin iqamətgahına gəldi və uzaqdan uca səslə dedi: “Kiçik böyüyün görüşünə gəlib”. Sonra otağa daxil oldu, təxminən 15 dəqiqə söhbət etdilər. Cənab Li Pinq Ağaya dedi: “Mən sizin kimi bir şəxsiyyətə sonsuz ehtiram göstərməyi özümə vəzifə bilirəm. Çin rəhbərinin xəstəlik problemi ciddidir və lər görüş üşün icazə vermirlər, amma buna baxmayaraq, mən məsələni araşdıraram və ümidvaram ki, problemi həll edərik”.

Çin baş nazirinin verdiyi sözə görə, Ayətullah Xamenei iclasa qatıldı. O, bir saat təxirdən sonra konqresə gəldi və müzakirələr başladı. Ertəsi gün çinlilər bildirdilər ki, Çin rəhbərinin səhhətinin pis  olmasına baxmayaraq, İran rəhbəri 10 dəqiqə onunla görüşə bilər. Görüş baş tutdu və 20 dəqiqəyədək uzandı. O şəraitdə belə bir riskli qərar Rəhbərin çox dəqiq hesablanmış  siyasətinə əsaslanırdı. Döyüş zamanı Çin kimi böyük, əhəmiyyətli və xüsusi həmkarlığımız olan bir ölkəyə qarşı belə bir qərar Ayətullah Xameneinin siyasəti ilə qəbul olundu və nəhayət, İran İslam Respublikasının xeyrinə bitdi, ölkəmizin izzətinə və başucalığına səbəb oldu.

Doktor Əlaüddin Bürucerdi

 

Rəhbərlik qətiyyəti

Rəhbərlik xüsusiyyətlərindən biri qətiyyətlə mülayimlik arası bir münasibət sərgiləməkdir.. İslam cəmiyyətinin bəzən rəhbərin qətiyyətinə ehtiyacı olur, bəzən də cəmiyyətin rəhbəri məsələlərin həlli üçün mötədil mövqe tutmalıdır. Bu və ya digər şəraitdə hansı yolun tutulması dini rəhbərin işidir. Bu iş olduqca çətindir. Hal-hazırda bu məsuliyyəti icra etmək üçün ən layiqli şəxs və rəhbərlik üçün ən yaxşı namizəd, qətiyyət və yumşaqlıq xüsusiyyətini toplayan Ayətullah Xameneidir.

Həzrət İmam Xomeyninin vəfatından sonra dünya istismarçıları İran İslam Respublikasının banisi tərəfindən Salman Rüşdinin edamına dair sadir olunan hökmün ləğv olunması üçün İran əleyhinə böyük fəaliyyətə başladılar. Bəzi ölkələr öz səfirlərini İrandan geri çağırdılar. Bu pozucu hərəkətlərə cavab olaraq Böyük Rəhbər nəinki təzyiqlərə təslim olmadı, hətta qətiyyətlə buyurdu: “Geri çağırılmış səfirlərin qayıtmaqdan başqa yolları yoxdur”. O zaman belə bir qətiyyət bəziləri üçün dözüləsi olmasa da, zaman ötdükcə Rəhbərin uzaqgörənliyi və siyasətinin dərinliyi aydınlaşdı. Dünya Ayətullah Xameneinin qətiyyətli qərarına və proqnozuna afərin dedi. Zaman keçdikcə bütün səfirlər İrana qayıtdı və Salman Rüşdünün edam hökmü nəinki ləğv olunmadı, hətta İranın müsəlman xalqının izzəti daha da artdı.

Ayətullah Misbah Yəzdi

 

Müdafiə siyasəti

Birləşmiş Ərəb Əmirlikləri üç ada adı ilə bəzi addımlar atmışdı, kəşfiyyat uçuşları da gələcək hadisələrdən xəbər verirdi. Bu ölkənin adalarla bağlı pozucu fəaliyyətləri ehtimal olunurdu. Xüsusən də, İran-İraq müharibəsinin bitməsindən sonra bu hadisənin baş verməsi həmin ehtimalı ciddiləşdirdi. Böyük Rəhbər Ali Baş Komandan olaraq müharibənin qarşısını almaq və üç adanı müdafiə etmək üçün silahlı qüvvələrə fərman verdi. Fərmanın yazılı surətdə çatdırılmasından sonra qərara alındı ki, Xatəmül-ənbiya qərargahının iclası bu dəfə istisna olaraq Böyük Rəhbərin yanında keçirilsin və fərmanın icrası üçün lazımi işlər təyin olunsun.

Silahlı qüvvələrin bütün komandanları hazır idi, lazımi məlumatlar verildi və əməliyyat tədbirləri çatdırıldı. Ağa bu iclasda ayıq olmağın və adaları müdafiə etməyin zəruriliyi haqda bəzi məsələləri söylədi. Bizim üçün olduqca əhəmiyyətli  məqamlardan biri bu idi ki, o buyurdu: “Elə düşünməyin ki, ölkənin su və torpağını qorumaq mənim üçün mühüm deyil. İran İslam Respublikasının torpaqlarını qorumaq mənim üçün o qədər əhəmiyyətlidir ki, hər iki qolumun kəsilməsinə razıyam, amma bu ölkənin bir qarış torpağının işğal olunmasına yox”.

Rəhbərin bu gözəl sözləri iclasda iştirak edənlərin gözlərini yaşartdı və onlar qəti qərara gəldilər ki, adaları bütün vücudları ilə qorusunlar.

General Məhəmmədbaqir Zülqədər

 

On dördüncü fəsil: Əmr be məruf və nəhy əz münkər

Qadın hüquqlarını müdafiə



Geri   İrəli
Go to TOP