A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Günəşdən bir şüa (Ayətullah Xamenei)
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
  İrəli


 

GÜNƏŞDƏN BİR ŞÜA

 

Böyük rəhbər Ayətullah Xamenei haqqında xatirələr

 

Toplayan Əli Şirazi

 

 

Kitаbın аdı:..........................Günəşdən bir şüa

Toplayan:..........................................Əli Şirazi

Tәrcümә еdәn:.........................İbrahim Mirzə

Nәşr еdәn:..........................................Şәhriyаr

Çаp tаriхi:.................................................2011

Çаp növbәsi:..........................................Birinci

Tirаj:.........................................................3000

 

978-964-2948-44-4


Bismillahir-Rəhmanir-Rəhim

 

 

Birinci fəsil: Fəqih

Mən Ayətullah Xameneini yaxından tanıyan biri kimi deyirəm, o, ictihada çatmış alimdir.

Otuz il bundan qabaq Məşhəddə Gövhərşad məscidində onunla görüşmüşəm. Həmin vaxtlar o, Məşhədin hörmətli müəllimlərindən idi. Mən soruşdum ki, nə tədris edirsiniz? Dedi ki, Məkasib kitabını. Məkasib ən mühüm və çətin elmi kitablardandır. Məncə, o, fəqih və müctəhiddir.

Ayətullah Fazil Lənkərani

 

İnqilabın böyük səmərəsi

Ayətullah Xamenei prezidentlik dövründə Birləşmiş Millətlər Təşkilatının iqamətgahında çox gözəl, mühüm və səmərəli çıxış etdi. Əgər inqilab yolunda çəkdiyimiz zəhmətlərin, məşəqqətlərin qazancı təkcə Böyük Rəhbərin bu çıxışı olsaydı, yenə dəyəri vardı.

Şah dövründə  bir alim haradasa çıxışında İslamın bəzi həqiqətlərinə toxunsaydı, biz hər yerdə ondan danışar və deyərdik: İslam elə bir dindir ki, filan alim onun barəsində filan sözü deyib, yaxud yazıb!

Bu gün İslam İnqilabının bərəkətindən, bir ruhani BMT-də, küfr ağuşunda İslamı tanıtdırır. Bu, çox böyük uğurdur, biz bunu təbliğ etməliyik.

Ayətullah Məkarim Şirazi

 

Gənclik dövründə ictihad

Böyük Rəhbərin qeyri-adi istedadı və bacarığı hələ uşaqlıq çağından dillər əzbəri idi. Həyatının ilk günlərindən, müxtəlif təhsil pillələrində bir sıra üstünlükləri ilə diqqəti cəlb edirdi. Onun təsirlərini bu gün Rəhbərin qərarlarında və addımlarında görürük.

Həmin günlərdən onun təhsilə böyük marağı var idi. Belə ki, qısa bir zamanda müəllimlərinin yanında xüsusi mövqe tutdu, onların diqqətini özünə cəlb etdi.

Onun Qum Elm Hövzəsindəki ustadlarından biri Ayətullah Hairi Yəzdi idi. Cənab Yəzdinin Böyük Rəhbərə olan qayğı və məhəbbəti hamıya bəlli idi.

Bəzən Ayətullah Hairi saatlarla vaxtını Böyük Rəhbərin suallarına cavab verməyə və onunla elmi söhbətlərə sərf edirdi. Bəzən ustadın ümumi dərsindən öncə məhdud çevrədə elmi söhbətlər o qədər uzanırdı ki, dərsin vaxtından keçirdi. Ayətullah Hairi Yəzdi onun qeyri-adi istedadını dərs vaxtının ötməsində üzürlü səbəb hesab edirdi.

Bütün bunlar Böyük Rəhbərin elmi və zehni cəhətdən üstünlüyünü ortaya qoyan nümunələrdir. O, iyirmi yaşından öncə elm və fiqhin yuxarı dərəcələrinə çatdı və gənc yaşlarında ictihad məqamına yiyələndi.

Ayətullah Misbah Yəzdi

Elmi fəzilətlər

Ayətullah Xamenei böyük fəqih və alim dərəcəli müctəhiddir. O, fiqhi araşdırmalarda rolu olan elmləri mükəmməl surətdə bilir. O, ərəb dili və qrammatikası, Quran təfsiri, hədisşünaslıq və üsul elmlərindən əlavə, fətva verməkdə böyük rolu olan rical və dirayə elmlərində də ustaddır. Fiqhi araşdırmalarda güclü əsasları var, müsəlman cəmiyyətlərinin ehtiyacı olan yeni məsələlərdə geniş məlumatlarla və dəqiq fikirlərlə çıxış edib, cəlbedici fətvalar verir.

Bu və digər elmi və əxlaqi xüsusiyyətlərinə görədir ki, möhtərəm fəqihlər və Xibrəqan Məclisinin üzvləri tərəfindən seçilmişdir.

Ayətullah Məhəmməd Yəzdi

 

Ədalətli müctəhid

Həzrət İmam Xomeyninin (r) vəfatından sonra Xibrəqan Məclisi İslam İnqilabının rəhbərini seçərkən Ayətullah Xameneinin namizədliyi səsə qoyuldu. O zaman Ayətullah Xameneinin müctəhidliyi şəri dəlillər əsasında mənə məlum idi. Ondan sonra dəfələrlə Ayətullah Xameneinin də iştirak etdiyi fiqhi müzakirələrdə olmuşam. Mən həmin məclislərdə onun ictihad məqamını görmüşəm və indi şəhadət verirəm ki, o, təqlid şərtlərinə malik olan ədalətli müctəhiddir.

Ayətullah Məhəmməd Mömin

 

Kamil müctəhid

İnqilabın böyük rəhbəri kamil müctəhiddir. Təxminən 1949 ya 1950-ci ildən onunla münasibətim var, dəsrlərdə birgə iştirak etmişik, elmi mübahisələrdə olmuşuq.

Bu gün çoxları bizim aramızda Ayətullah kimi tanınır və heç kim onların müctəhidliyinə şəkk etmir. O zaman Ayətullah Xamenei onlardan üstün deyildisə də, zəif də deyildi. O, həm dərsləri yaxşı başa düşürdü və həm də yaxşı tədqiqat aparırdı. Bu yaxınlara qədər o, siyasi mübarizəylə yanaşı, dərsi, mütaliəni və elmi işləri də unutmurdu. Mənim fikrimcə, o, müctəhiddir və sosiologiya, iqtisadiyyat, mədəniyyət və diplomatiya sahələrində, eləcə də dövlət quruluşumuzun əsaslı məsələlərində dərin biliyə malikdir.

Ayətullah Haşimi Rəfsəncani

 

Elmi xüsusiyyətlər

Ayətullah Xamenei hər bir fəqih və müctəhidin ehtiyaclı olduğu ictihad əsaslarına mükəmməl yiyələnməklə yanaşı, özünəməxsus elmi və fiqhi xüsusiyyətlərə malikdir. Mən onların bir-ikisinə toxunmaq istəyirəm.

Ayətulllah Xamenei rical elmində çox dərin məlumatlara malikdir. O, bu elmdə doğrudan da zəhmət çəkib və rical elminə əhəmiyyət verən müctəhidlərdəndir. Eləcə də o, bu elmdə bəzi nöqtələri qəbul etmiş və iradları cavablandırmış, uyğun sahədə gözəçarpacaq üstünlük qazanmışdır. Bu özü  fəqihin daha elmli (ələm) olmasının göstəricilərindəndir.

Ayətullah Xameneinin digər bir xüsusiyyəti ayə və hədislərə yanaşmada düzgün anlam tərzidir. Fiqhi araşdırmalarda zahiri əxzetmə və nəqli (“ləfzi”) dəlillərdən istifadə məsələsi çox böyük əhəmiyyət kəsb edir, hətta fəqihliyin əsasıdır. (Bəzi fəqihlərə, xüsusən də ərəb elm hövzələrilə əlaqəsi az olan fəqihlərə iradlardan biri budur ki, onların bəzi zahiri əxzetmələri dəqiq və düzgün deyil). Mən bu müddətdə görmüşəm ki, o, ayə və hədislərin zahiri ifadəsini çox düzgün anlayır.

Onun digər bir xüsusiyyəti, zehni baxımdan məntiq və dəqiq nizamıdır. Bu, adətən mürəkkəb elmi məsələlərin tərtibatında olduqca mühümdür.

Ayətullah Seyid Mahmud Haşimi Şahrudi

 

Beynəlxalq məsələlərə diqqət

Böyük Rəhbər öz prezidentlik dövründən beynəlxalq məsələləri diqqətlə izləyirdi. O, ölkə xaricində baş verən, xüsusən də İrana və İslam dünyasına aid  məsələlərə çox diqqətlə yanaşırdı, dünyada  baş verənlərdən tam məlumatlı idi. Çünki xarici məsələləri bilmək İran kimi böyük bir ölkəni, həmçinin İslam inqilabını idarə etməkdən ötrü çox böyük əhəmiyyət daşıyır. Dünyadan və xarici siyasətdən xəbərsizlik isə çoxlu ziyanlara səbəb ola bilər.

Allahın lütfü ilə Böyük Rəhbər öz istedadı və işlərində ciddiliyə görə beynəlxalq məsələləri diqqətlə izləyir və onları düzgün istiqamətləndirir. O, hadisələri ciddi nəzarət altında saxlayır və xarici siyasətə çox böyük önəm verir. Xarici siyasətə təsir qoya biləcək ən kiçik hərəkət belə Böyük Rəhbərin diqqətindən yayınmır.

Doktor Əliəkbər Vilayəti

 

İndiyədək belə bir şəxsiyyət...

Birləşmiş Millətlər Təşkilatının 598 saylı qətnaməsindən sonra, onu qəbul etdirmək məqsədilə dünyanın qüdrətli ölkələri tərəfindən bizə çoxlu təzyiqlər göstərilirdi. O zaman BMT-nin baş katibi Havyer Peres de Kuelyar bəzi müzakirələr üçün İrana gəldi. Onun proqramlarından biri, o zamankı prezident Ayətullah Xamenei ilə görüşmək idi. Görüşdən sonra Havyer mənə dedi: "Sizin prezidentiniz hansı politologiya universitetinda təhsil alıb? Mən dünyanın bir neçə mötəbər universitetlərinin məzunuyam, politologiya doktoru adı almışam, otuz ildən artıqdır ki, siyasi işlərlə məşğulam və on ildir BMT-nin baş katibi vəzifəsində çalışıram. Bu vaxta qədər görüşmədiyim və danışmadığım prezidentlər və siyasi şəxsiyyətlər çox azdır, lakin eyni zamanda sizin prezidentiniz kimi siyasətçi və istedadlı şəxsiyyət görməmişəm".

Əli Məhəmməd Bəşarəti

 

Elmi böyüklük

Prezidentlik dövründə Böyük Rəhbər həzrət Əli ibn Musa Rza (ə) konfransında çox geniş və əhatəli bir çıxış etdi. Ayətullah Məkarim Şirazi də orada idi. Konfransdan sonra Ayətullah Məkarim müqəddəs Məşhəddən Quma gəldi və öz xaric (ali ixtisas) dərsində sözügedən məclisin əhəmiyyəti haqqında danışaraq, buyurdu: "Bu konfransda çıxış edənlərdən biri də Ayətullah Xamenei idi. Onun çıxışı iki saat davam etdi. Onu dinləyənlər belə düşünürdülər ki, bütün işlərinə baxmayaraq, bu çıxışı hazırlamaq üçün o, sanki iki ay heç bir işlə məşğul olmamışdır".

Höccətül-İslam Əliəkbər Səmədi

 

Fəlsəfi mövzularda dərin məlumat

Ayətullah Xamenei prezidentlik dövründən sonralar (təqribən 1987-ci ildə) tələbələrin təhsil vəziyyəti və dərs kitablarına görə çox nigaran idi. Ona görə də, yaxşı və münasib dərs vəsaitlərinin hazırlanması üçün Mədəniyyət İnqilabının Ali Şurasının sədri olaraq, bu məsələ ilə məşğul olmaq üçün bir komissiya yaratdı. O,  iki həftədə bir dəfə bu komissiya ilə iclas keçirirdi. O zaman işlərinin çox ağır olmasına, müharibə və müdafiə məsələləri ilə məşğulluğuna baxmayaraq, çox ciddi şəkildə həmin məclislərdə iştirak edirdi. O zaman o, elmi müzakirələrdə elə bil elmi və nəzəri işlərdən başqa heç bir işlə məşğul deyildi. Bir gün müzakirə zamanı söhbət bir fəlsəfi məsələ üzərinə gəldi. İclasda fəlsəfə üzrə bir neçə mütəxəssis var idi. Onların fəlsəfi baxışları biri-birindən fərqlənirdi. O mövzu barəsində çox ciddi müzakirə baş verdi. Böyük Rəhbər öncədən heç bir hazırlığı və mütaliəsi olmadan müzakirəyə qoşuldu və çox mahir bir mütəxəssis kimi məsələni aydınlaşdırdı. Onun bu istedadı mənim təəccübümə səbəb oldu. Çünki bizə məlum idi ki, Məşhəd elm hövzəsində İslam fəlsəfəsi ilə məşğul olmurlar. Amma həmin gün şahid olduq ki, Böyük Rəhbər nəinki belə məsələlərə diqqətlə yanaşır, hətta çox kamil surətdə fəlsəfi məsələlər haqda məlumatlıdır və onları çox dəqiq şəkildə anlayır. Bu hadisənin baş verdiyi zamana və onun tutduğu mövqeyə diqqət edərkən, bizim üçün çox böyük əhəmiyyət daşıdığının şahidi oluruq. Çünki ölkənin siyasi problemlərinin və müharibə məsələlərinin çox qızğın bir dövründə, təbii ki, Prezident elm və fəlsəfi məsələlərlə məşğul olmur. Lakin Böyük Rəhbər zərurət olduğu təqdirdə ciddi bir fəlsəfi məsələni araşdırır və bu araşdırmanı çox gözəl şəkildə yerinə yetirir.

Doktor Qulaməli Həddad Adil

 

Qəzet mütaliəsi

Böyük Rəhbər bütün məsələlərdən və bütün hadisələrdən xəbərdardır. Öz məsuliyyətinə müvafiq olaraq o, baş verən hadisələr haqda bəlkə də ən birinci məlumat əldə edən şəxslərdəndir. O, mətbuata və qəzetlərə diqqətlə yanaşır, onları  diqqətlə nəzərdən keçirir. Onun üçün mətbuat və nəşrlərdən bir toplu hazırlanır və gündəlik bülleten şəklində təqdim olunur. Amma o, bunlarla kifayətlənmir, gündəlik çıxan qəzetlər vaxtı-vaxtında Böyük Rəhbərin stolu üstündə yerləşdirilir və o, çox maraqla oxuyur. Xüsusən də məqalələrin başlıqlarını diqqətlə nəzərdən keçirir. Bu məsələ təkcə qəzetlərə aid deyil. O, jurnalları da eyni şəkildə mütaliə edir.

Ayətullah Xamenei çox işgüzar insandır. O, bir neçə dəfə mənə belə deyib: "İyirmi dörd saatlıq sutka mənə bəs etmir".

Höccətül-İslam Məhəmmədi Gülpayiqani

 

Roman mütaliəsi

Böyük Rəhbər öd kisəsini cərrahiyyə əməliyyatı elətdirmək üçün xəstəxanada yatırdı. Mən Höccətül-İslam Məhəmmədi Əli Zəm və bir neçə digər qələm əhli olan dostlarla onun görüşünə getdik. O görüşdə Ayətullah Xamenei bir neçə romanın adını çəkdi. Onların hamısını xəstəxanda müalicə olunan vaxt oxumuşdu. O kitablar bizim üçün yeni idi. Biz utandığımızdan başımızı aşağı salmışdıq. Amma eyni zamanda Böyük Rəhbərin istedadına, diqqətinə və mütaliəyə olan həvəsinə heyran qalmışdıq. Mütaliəyə olan həvəsdən əlavə, vaxtdan səmərəli istifadə, özü də xəstəlik vaxtı xəstəxanada belə bir rejim çox tərifəlayiqdir və bizim hamımız üçün dərsdir. 

Rza Rəhqozər

 

Kitab mütaliəsi

Həzrət Ayətullah Xamenei kitab mütaliəsində çox müstəsna şəxslərdəndir. O, kitab bazarına çıxan, ölkədə və  xaricdə çap olunan kitabları alır, mütaliə edir və araşdırır. Böyük Rəhbər Tehranın beynəlxalq kitab sərgisinə baxış keçirərkən tərcümə olunmuş xarici kitabları nəşr edən iranlı naşirlərin köşkünə baxırdı. O, tərcümə olunmuş kitablar haqqında elə fikir bildirirdi və xarici müəlliflərin tərcümə olunmamış əsərlərini naşirlərdən elə soruşurdu ki, bütün naşirlər Böyük Rəhbərin bu dərin məlumatından, kitabşünaslıq sahəsindəki məlumatından vəcdə gəlirdilər. Kitaba belə bir baxış mənim üçün də çox gözəl, bəlkə də misilsiz idi.

Höccətül-İslam Seyid Cavad Haşimi

 

Birgə mütaliə

İslam Təbliğat Komitəsinin Ədəbiyyat bölməsinin təsisindən bir-iki il keçməsinə baxmayaraq, bu mərkəz müqəddəs müdafiə barəsində altmış üç kitab çap etdirmişdi. Bir gün mən bu altmış üç kitabı Böyük Rəhbərin yanına apardım. Onlara bir-bir baxdıqdan sonra üçünü götürüb o biriləri geri qaytardı və buyurdu: "Bu üç cild yenidir, mən onları görməmişəm. Amma o biriləri oxumuşam. Təkcə özüm yox, onların bəzisini evdə uşaqlarla birgə oxumuşuq".

Ayətullah Xameneinin mütaliəyə diqqəti o qədər yüksəkdir ki, bəzən kitabların haşiyəsinə çox zərif və maraqlı nöqtələr qeyd edir, hərdən bu qeydləri bizə verir və biz öz bölməmizdə onlardan istifadə edirik.

Höccətül-İslam Məhəmməd Əli Zəm

 

Yeni sözlər

Müharibə zamanı bir gün Böyük Rəhbər İmam qarnizonuna – Şirazın Fəcr diviziyasının yerləşdiyi mövqeyə gəldi. Ağanın söhbətindən sonra onunla birgə ordunun komandanlığının iqamətgahına getdik. Cəhrumun cümə imamı cənab Ayətullahi də orada idi. Ayətullah Xamenei onun əhvalını soruşdu və sonra buyurdu: "Sizin Ayətullahi Larla qohumluğunuz varmı?" O dedi: “Mənim babam olub”. Ağa buyurdu: "Cənab Ayətullahi Lar elm hövzəsinin yüksək dərəcəli alimlərindən idi və çoxlu işlər görmüşdü. O, Rza xanın quldurluğu zamanı məşhur müctəhidlərdən idi və Rza xan hökuməti qarşısında bir hökümət yaratmışdı". Sonra o, Ayətullahi Ların həyatından maraqlı xatirələr danışmağa başladı və onu çox təriflədi. Cəhrumun cümə imamı o gün mənə dedi: “Ağanın buyurduğu bu sözlərin bəzisini biz bilmirdik”. Mənim üçün çox maraqlı idi ki, Böyük Rəhbər bu qədər diqqət və dərin məlumatı ilə böyüklərin həyatı və tarixi haqqında danışırdı, elə sözlər deyirdi ki, onun nəvələrindən olan Cənab Ayətullahi üçün də təzə idi.

General Cəfər Əsədi

 

İkinci fəsil: Ləyaqət

Vilayətin şərtləri mərcəi-təqlid şərtlərindən olduqca çox və ağırdır. Rəhbər fəqih olmaqdan əlavə müdiriyyətli, şücaətli, dünyanın və müsəlmanların vəziyyətindən məlumatlı və zamanı tanıyan olmalıdır. Böyük Rəhbər bütün bu şərtlərə malikdir.

Ayətullah Hüseyn Nuri Həmədani

 

Nümunəvi rəhbər

 Böyük İran İslam Respublikasının rəhbəri həzrət Ayətullah Xamenei  rəhbər, hakim, vəfalı, bayraqdar, siyasətçi və Quran ayəsinin real nümunəsidir. Zamanın bu ideal rəhbərinin izzət və əzəmətinin günbəgün artmasını daim Həzrət Haqqdan istəyirəm və ümidvaram ki, aləm və adəmin sahibi həmişə bu rəhbər və sərvərimi sağ və şad saxlayacaq.

Ayətullah Həsən Həsənzadə Amuli

 

Rəhbərin xüsusiyyətləri

Mən Rəhbər barəsində, Allah-taalanın ona bəxş etdiyi xüsusiyyətlər, ona lütf etdiyi səciyyələr barəsində nəsə demək istəsəm, lazimi surətdə danışa bilmərəm. Amma bir neçə qısa cümlə ilə demək istəyirəm ki, o, fəqihliyi təqva ilə, qeyri-adi istedad və fərasəti səbir və dözümlə, idarəçiliyi bəndəliklə, islami əsaslara və prinsiplərə tabe olmaqla, aydın və parlaq daxili fikrini uzaqgörənliklə, İslamın strateji mənafelərini təyin etməklə, ehtiyatı şücaətlə, müxtəlif İslam elmlərindən faydalanmağı əsl məharət meyilləri ilə, özünə etimadı Allah-taalaya təvəkkül etməklə, səy, ciddilik, nizam-intizam və proqramlı hərəkəti İmam Mehdiyə (əc) və digər pak imamlara təvəssül etməklə, bir sözlə, idarəçiliyin bütün şərtlərini və məziyyətlərini ibadət və ixlasla toplamışdır.

Ayətullah Misbah Yəzdi

 

Dini ekspertlərin seçimi

Dini ekspertlər məclisi səfa və səmimiyyətli bir fəzada səs çoxluğu ilə və dəlil əsasında parlaq elmi, fiqhi, siyasi və inqilabi keçmişə malik olan bir şəxsi İslam İnqilabının Rəhbəri vəzifəsinə seçdi. Bu məsələ İslam və İnqilabın qatı düşmənlərinin və bədxahlarının üzünə möhkəm bir sillə idi. Müctəhid, alim və dini ekspertlər məclisinin parlaq üzvlərindən bir qrupu, həzrət Əlinin (ə) rəhbər haqqında dediyi xüsusiyyətlərə əsasən, Ayətullah Xameneini ən münasib namizəd bildilər. Mən onda bu ləyaqəti görürəm. O, bu məqama layiqdir.

Ayətullah Cənnəti

 

Nurani sima

Ayətullah Xamenei rəhbər seçiləndən sonra bir gün onun görüşünə getdim. Böyük Rəhbərin üzündə qeyri-adi nuranilik gördüm. Görüşdən sonra Höccətül-islam Musəvi Kaşaniya dedim: “Əgər mümkünsə, icazə verin mən ağanı bir də görüm”. Cənab Musəvi bunun səbəbini soruşduqda belə cavab verdim: “Bu ağa mənim, Məşhədin Nəvvab mədrəsəsində birgə dərs oxuduğum ağa deyil. Mən onda, təsəvvürolunmaz dərəcədə böyük dəyişiklik hiss edirəm”.

Məncə, Ayətullah Xamenei bu inqilaba və İranın müsəlman xalqına rəhbərlik etmək üçün Allah tərəfindən təyin olunmuşdur. Bu əzəmət həmin gün Böyük Rəhbərin simasında aydın görünürdü.

Ayətullah Məhəmmədi Gilani

 

Ağaya səs

Allah-taalanın İran xalqına lütflərindən biri o idi ki, İmam Xomeyninin (r) vəfatından dərhal sonra İslam ümmətinin rəhbəri məlum oldu. Allahın digər bir lütfü Ayətullah Xamenei kimi bir şəxsin bu məqama seçilməsi idi. Mən ilk məclisdə cənab Müntəziriyə səs vermədim. Amma cənab Xameneinin seçilməsində arxayınlıqla və könül xoşluğu ilə ona səs verdim.

Ayətullah Əhmədi Miyanəci

 

Onu görməyə ehtiyacım var

Mən Qumda mərhum Ayətullah Damadın dərsinə gedirdim. Bu dərsdə iştirak edənlərin hamısı yaşca məndən böyük idilər. O illərdə Böyük Rəhbər Məşhəddən Quma gəldi və həmin dərsdə iştirak etdi. O, yaşca məndən cavan idi. Orada Böyük Rəhbərlə tanış oldum. O mənə çox yaxşı təsir bağışladı. Sonra birgə Kərbəlaya səfər etdik, bizim dostluğumuz daha da möhkəmləndi və sonrakı mübarizə dövründə bir-birimizə qardaş və dayaq olduq. Qırx ildən artıqdır ki, mən onunla səmimi dostam. İndi də əgər bir həftə Böyük Rəhbəri görməsəm, çatışmazlıq hiss edirəm. Hiss edirəm ki, mənim onu görməyə ehtiyacım var. Böyük Rəhbərdən yaşca böyük olmağıma baxmayaraq, həmişə ondan bəhrələnirəm.

Ayətullah Haşimi Rəfsəncani

  

Cənab Xamenei!

İmam Xomeyninin (r) vəfatından sonra Xibrə Məclisinin (mütəxəssis fəqihlər məclisi)  üzvləri dərhal bir yerə toplaşıb gələcək rəhbəri müəyyən etdilər.

Öncə mərhum İmamın vəsiyyətnaməsi oxundu. İmam öz vəsiyyətində bu mühüm məqam üçün heç kimi təyin etməmişdi. Vəsiyyətnamə oxunduqdan sonra Xibrə Məclisi Rəhbər seçmək üçün müzakirəyə başladı. Müzakirə əsasən bundan ibarət idi ki, rəhbər bir nəfər olsun, yoxsa rəhbərlik şurası yaradılsın. Üzvlərin əksəriyyəti rəhbərlik şurasının tərəfdarı idilər və sonra şura üzvlərinin sayı - üç nəfər, beş nəfər, yaxud yeddi nəfər olması ətrafında müzakirələr başlandı.

Xibrə Məclisinin sədri Ayətullah Mişkini idi. Lakin iclasları çox vaxt onun müavini  cənab Haşimi Rəfsəncani idarə edirdi. Rəhbərlik şurası haqqında müzakirələrdən sonra cənab Haşimi dedi: "Müzakirələr kifayətdir. İndi səsə qoyaq. Görək ölkənin bir rəhbəri olsun, yoxsa rəhbərlik şurası onu idarə etsin". Qeyd etdiyim kimi, müzakirələr artıq rəhbərlik şurası ətrafında, onun üzvlərinin sayı və kimliyi barəsində idi. Buna görə də, üzvlərin rəhbərlik şurasına səs vermələri gözlənilirdi. Nəhayət, vahid rəhbərliyin olması səs çoxluğu ilə qəbul olundu. Sonra kimin rəhbər olması məsələsi müzakirəyə çıxarıldı. Bu məsələnin müzakirəsində məclisdə səslər ucaldı ki, bu mövzu üzərində dayanmağa ehtiyac yoxdur - məlumdur ki, cənab Xamenei! Sonra məclisdə təkbir sədaları ucaldı...

Həmin gün Xibrə Məclisinin bütün üzvləri hiss etdilər ki, bu, Allahın işi idi. Sonra səsvermə başlandı və Böyük Rəhbər Xibrə Məclisinin üzvlərinin böyük səs çoxluğu ilə seçildi.

Ayətullah Məhəmmədəli Müvəhhidi Kirmani

 

Xomeyninin qardaşı

İmam Xomeyni (r) ilə mənim aram çox açıq idi. Mən problemləri heç bir müqəddiməsiz onunla müzakirə edirdim. Bir gün xüsusi olaraq onun yanına getdim və yenə də birbaşa rəhbərliyin namizədi və bəzi problemlər haqqında söhbət etdim. Həzrət İmam orada mənə buyurdu: "Siz çıxılmaz vəziyyətdə qalmayacaqsınız. Cənab Xamenei sizin aranızdadır. Məgər özünüz bilmirsiniz?!".

Bu söhbət həzrət İmamın ömrünün sonlarına aiddir. O günlər İmam, Böyük Rəhbər haqqında qardaş sözünü işlədirdi. Qətiyyətlə deyə bilərəm ki, bu təbir əbəs deyildi. Biz o günlər bu təbirlərdən Ayətullah Xameneinin rəhbərlik məsələsini başa düşürdük. İmam Xomeyninin (r) sözləri göstərirdi ki, o, Böyük Rəhbəri bu işə layiq bilir. Necə ki, Hacı Əhmədağaya da buyurmuşdu: "Doğrudan da o, rəhbərliyə layiqdir”.

Ayətullah Haşimi Rəfsəncani

 

İmamın yerində

İmamın vəfatından sonra rəhbər təyin edilməsi  əsas və həlledici məsələlərdən idi. Bu məsələ Allah-taalanın xüsusi lütfü ilə çox gözəl şəkildə həyata keçdi. Xibrə Məclisi çox diqqətlə şəraitin həssas olduğunu nəzərə alıb, düşmənlərə möhlət vermədi və çox tez bir zamanda bu barədə qərar qəbul etdi. Məclis Ayətullah Xameneiyə - İmamın mənəvi övladı və Onun  təfəkkür tərzinə və düşüncələrinə kamil surətdə bələd olan bir şəxsə səs verdi, İslam və İnqilabın düşmənlərini məyus etdi.

İnsafla deməliyik ki, Xibrə Məclisi tərəfindən çox yerində və münasib bir qərar qəbul olundu. Böyük Rəhbər İnqilabın rəhbərliyi kürsüsünə oturduğu zamandan bu günə qədər İmamın tutduğu yolu çox böyük şücaət və rəşadətlə davam etdirir. O, Allahın fəzli ilə ağır rəhbərlik məsuliyyətinin öhdəsindən gəldi və İran millətinin qəlbini İmamın dövründəki kimi arxayın etdi.

Höccətül-İslam Məhəmmədtəqi Fəlsəfi

 

Mələklərin mesajı

Gözlənilmədən bir tərəfdən səs ucaldı ki, İmam rəhbərlik haqqında xüsusi bir şəxsə diqqət yetirib. Düzdü o, özünə canişin təyin etməyib,  amma rəhbərliyin namizədi məsələsinə aid hadisələrdə, rəhbərliyin boşluğunda yaranan problemlər zamanı və məlum təəssüfedici hadisədə İmamla danışılıb. İmam belə buyurub: "Siz çıxılmaz vəziyyətdə qalmayacaqsınız. Cənab Xamenei rəhbərlik üçün yaxşıdır".

İmamın bu buyuruğuna  iki-üç ədalətli şəxs şəhadət verir. Məsələ bitmişdir. Sanki İmam Xibrə Məclisindəndir və deyir: "Nə oturmusunuz? Nə gözləyirsiniz? Cənab Xameneini seçin”. Amma yox, bu mələklər idi. Onlar İmamın mesajını mələkut aləmindən Xibrə Məclisi üzvlərinin qulağına çatdırırdılar...

Höccətül-İslam Məhəmmədcavad Höccəti Kirmani

 

Günəş bir neçə dəqiqə saçdı və getdi

Böyük Rəhbərin Qum şəhərinə  səfərlərinin birində, o, Ayətullah Bəhauddininin evinə gəldi və onunla görüşdü. Ertəsi gün mən bir neçə dostumla birgə o pak arifin yanına getdim və ondan soruşdum: “Dünən Böyük Rəhbər buraya gəlmişdi?” Həzrət Ayətullah Bəhauddini cavabda buyurdu: "Bəli, günəş bir neçə dəqiqə buraya saçdı və getdi. O, günəş kimi xeyir-bərəkət sahibidir".

Bu, o parlaq arif və abidin Böyük Rəhbərə baxışı idi. O, bir məclisdə belə buyurmuşdu: "Cənab Xameneiyə kömək etmək lazımdır. Ona kömək edin. Bizim baxışmız və sözümüz budur".

Höccətül-İslam Hüseyn Heydəri Kaşani

 

Hikmət röyası

Həzrət İmamın vəfatından sonra Xibrə Məclisi Ayətullah Xameneini rəhbər seçdi. Bu məsələ mənim üçün çox ağır idi. O gecə yuxuda gördüm ki, Cəmarana oxşar bir yerdəyəm, bütün alimlər və ölkənin adlı-sanlı şəxsləri camaat namazına düzülüb, İmamın gəlişini gözləyirlər. Həzrət İmam içəri daxil oldu və Böyük Rəhbərə çatdıqda əlini onun kürəyinə vurub buyurdu: "Siz dayanın və namaz qılın”. Sonra üzünü topluma çevirib dedi: “Bundan sonra mən və digərləri ona iqtida etməliyik".



  İrəli
Go to TOP