A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: 250 yaşlı insan (Ayətullah Xamenei)
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


          Şiəlikdə böyük dəyişiklik yaradan məqsədli dəvətin yayılmasında imamın və onun sadiq tərəfdarlarının geniş və əhatəli fəaliyyəti ilk anlardan yeni mərhələyə qədəm qoyur. Bu dəvətin əhatəsi o qədər geniş idi ki, şiələr yaşayan Mədinə və Kufə kimi bölgələrdən əlavə yeni bölgələri, xüsusən Bəni-Üməyyə hökumətinin mərkəzindən uzaq olan İslam bölgələrini də Şiə təfəkkür dairəsinə qatır. Bu arada Xorasanın adını xüsusi qeyd etmək lazımdır. Biz Şiə təbliğatının həmin bölgə əhalisinə təsirini müxtəlif rəvayətlərdə görürük.[138]

          Bütün bu yorucu fəaliyyət əsnasında imamı və dostlarını dayanmadan hərəkətə vadar edən, ilahi vəzifəni anbaan onların yadına salan amil acınacaqlı olan ictimai və ideoloji reallıqdır. Onlar öz qarşılarında bir tərəfdən dağıdıcı təbliğat səbəbindən cəmiyyətin ümumi fəsadına günbəgün daha çox qərq olan, daha çox süquta uğrayan, tədricən hakim və məmurlar kimi xilasedici imamət dəvətinə qulaq asmayan insanlar görürlər, digər tərəfdən, hər şeyin, hətta dərsin, fiqhin, kəlamın, hədisin və təfsirin də Əməvi tağutlarının arzu və istəkləri istiqamətində olduğu bir şəraitdə insanların üzünə heç bir ümid bacası açıq deyil. Əgər şiəlik onları dəvət və hidayət etməyə qalxmasa, hidayət yolu onların üzünə bütünlüklə bağlanmış olar: "Biz onları tərk etsək, bizdən qeyrisi vasitəsi ilə hidayət olmazlar".[139]

          İmam Baqir (ə) anormal ictimai durumu dərindən dərk etdiyinə görə elmi-mədəni qüvvələrə, yəni cəmiyyətdə qeyri-sağlam düşüncə mühiti yaradan satqın şair və alimlərə qarşı düşmən mövqeyini elan edir, öz məzəmmət qamçısını başlarına endirməklə onların yatmış vicdanında olmasa da, bixəbər ardıcıllarının beynində və qəlbində oyanış dalğası yaradır. İmam etiraz məqsədilə şair Kəsirə buyurur ki, Əbdülməliki təriflədin. O da ya biclikdən, ya da sadəlövhlükdən öz günahını yamamaq məqsədi ilə cavab verir ki, onu hidayətçi rəhbər adlandırmadım, ona şir, günəş, dəniz, əjdaha və dağ dedim; şir heyvandır, günəş cisimdir, dəniz cansız bir şeydir, əjdaha üfunətli vəhşidir, dağ da möhkəm daşdır. İmam bu uğursuz üzr və bəhanənin qarşısında mənalı təbəssüm edir, sonra inqilabçı və məqsədli şair olan Kumeyt ayağa qalxıb özünün Haşimi qəsidələrindən birini söyləyir, bununla həmin məclisdə iştirak edənlərin və sonradan bu hadisədən xəbər tutanların təsəvvüründə bu iki sənət əsəri arasında müqayisə imkanı yaradır.[140]

          İbn Abbasın xalq arasında böyük hörməti olan məşhur şagirdi İkrimə imamın görüşünə gedir, onun vüqarından, mənəviyyatından, mənəvi və elmi əzəmətindən elə təsirlənir ki, ixtiyarsız halda imamı qucaqlayır və təəccüblə deyir: "Mən İbn Abbas kimi böyük şəxsiyyətlərlə oturmuşam, amma onların qarşısında heç zaman bu vəziyyətə düşməmişəm". İmam cavabında buyurur: "Vay olsun sənə, ey şamlıların kiçik qulu! Sən elə bir evdəsən ki, Allah o evdə adının yüksəlməsinə və yad edilməsinə icazə vermişdir".[141]

          İmam hər bir münasib fürsətdə Şiə həyatının acı və məşəqqətli reallığının bir hissəsini göstərməklə, hakim qüvvələr tərəfindən imama və onun dostlarına edilən təzyiqləri başa salmaqla xəbərsiz insanların hiss və emosiyalarını oyadır, onların ölü və durğun qanını cuşa gətirir, keyimiş qəlblərinə həcəyan bəxş edir - yəni onları radikal təmayüllərə və inqilabi işlərə hazırlayır.

          Bir kişi o həzrətdən soruşur: "Ey Peyğəmbər (s) övladı! Necə səhər etdiniz?" İmam belə cavab verir: "Hələ bizim necə olduğumuzu və necə səhər etdiyimizi bilmənizin vaxtı çatmayıbmı?! Biz firon cəmiyyətində Bəni-İsrail kimiyik; firon onların oğullarını öldürür, qızlarını saxlayırdı. Bilin ki, bunlar (Bəni-Üməyyə) də bizim oğullarımızı öldürür və qızlarımızı saxlayır". İmam bu güclü və tutarlı cümlədən sonra əsas məsələni - yəni Şiə iddiasının və Əhli-beyt hakimiyyətinin prioritet olmasını önə çəkir: "Ərəblər elə bilirdilər ki, qeyri-ərəblərdən üstündürlər; çünki Məhəmməd (s) ərəbdir - qeyri-ərəblər də bununla razılaşırdılar. Qüreyş elə bilirdi ki, digər ərəb qəbilələrindən üstündür, çünki Məhəmməd (s) Qüreyşdəndir - digərləri də bununla razılaşırdılar. Əgər onlar bu iddiada səmimidirlərsə, deməli, biz Qüreyşin digər şaxələrindən üstünük. Çünki biz Məhəmmədin (s) övladları, ailəsiyik və bunda heç kim bizimlə ortaq deyil". Bu cavabdan bərk həyəcanlanmış kişi deyir ki, Allaha and olsun, biz siz Peyğəmbər ailəsini sevirik. Onu düşüncə, qəlb və əməl baxımından vilayət sərhədinə qədər gətirmiş imam son ayıldıcı sözünü də buyurur: "Onda özünü bəlaya hazırla. Allaha and olsun, bəla bizim şiələrimizə selin dağın yamacına yaxın olduğundan da yaxındır. Bəla əvvəlcə bizə gələr, sonra sizə; necə ki, rahatlıq əvvəlcə bizə çatar və sonra sizə".

          İmamın daha məhdud və etimadlı dairədə şiələrlə münasibətinin ayrı özəllikləri olmuşdur. Bu münasibətlərdə imamı sağlam bədən üzvləri ilə rabitədə olan mütəfəkkir beyin və bədənə qan ötürən ürək kimi görürük.

          İmamın bu qrupla əlaqələrinə dair əlimizdə olan materiallar bir tərəfdən elm və düşüncə təlimlərində açıqlığı, digər tərəfdən isə imamla onlar arasında düşünülmüş birliyi və təşkilatçılığı göstərir.

          İmamın ən yaxın sirdaş səhabələrindən olan Füzeyl ibn Yəsar həcc mərasimində imamla birgə idi. İmam Kəbənin ətrafına fırlanan hacılara baxıb buyurdu ki, cahiliyyətdə də belə fırlanırdılar; fərman budur ki, bizə doğru gəlsinlər, öz tərəfdarlıqlarını, sevgilərini bildirsinlər və yardım etməyə hazır olsunlar. Quran İbrahimin dilindən deyir: "İlahi! Xalqın qəlbini ona müştaq et". İmamla ilk görüşündə Cabir Cöfiyə deyir ki, heç kimə Kufədən olduğunu söyləməsin və özünü mədinəli kimi aparsın. O bununla sanki imamətin və şiəliyin sirlərini daşımaq üçün əvvəldən böyük qabiliyyət göstərmiş bu yeni şagirdinə sirr saxlamaq dərsi öyrədir. Bu istedadlı şagird sonralar imamın sirdaş səhabəsi kimi tanınır.

          Nöman ibn Bəşir deyir ki, mən Cabirlə birgə həccə getmişdim. O, Mədinədə Əbu Cəfər İmam Baqirlə (ə) görüşdü və axırıncı gün o həzrətlə vidalaşıb sevincək yanından çıxdı. Biz Kufəyə sarı yollandıq, yoldakı mənzillərin birində bir şəxs bizə çatdı. Nöman o şəxsin əlamətlərini və onun Cabirlə qısa söhbətini danışır. Deyir ki, Cabirə bir məktub verdi. Cabir məktubu öpüb gözünün üstünə qoydu, sonra isə açıb oxudu. Məktubu oxuduqca kədərləndiyini hiss etdim. Onu sona çatdırıb bükdü və biz Kufəyə sarı yolumuza davam etdik. Mən ondan sonra Cabiri sevinən görmədim. Kufəyə çatdığımız günün ertəsi hörmət əlaməti olaraq onu görməyə getdim və gözlənilmədən qəribə mənzərə ilə rastlaşdım: Cabir uşaq kimi qarğıya minib, boynundan qoyun sümüyündən boyunbağı asmışdı. O, ağzına gələn şeirləri oxuya-oxuya evdən çıxdı, məni görüb heç bir söz demədi, mən də heç nə demədim, amma bu vəziyyətə görə ixtiyarsız olaraq məni ağlamaq tutdu. Uşaqlar bizim ətrafımıza toplaşdılar, o isə heç nə olmayıbmış kimi yola düşdü və gedib Rəhbəyə - Kufə məscidinin girişinə çatdı. Uşaqlar hər yerdə onun arxasınca qaçırdılar. Camaat bir-birinə deyirdi ki, Cabir ibn Yezid dəli olub. Bir neçə gündən sonra xəlifə Hişam ibn Əbdülməlikdən Kufə hakiminə bir məktub gəldi. Məktubda deyilirdi ki, araşdır gör Cabir ibn Yezid Cöfi adlı insan kimdir; onu tutub boynunu vur və başını mənə göndər. Hakim Cabiri soruşanda dedilər ki, əmir sağ olsun, o, hədis elmini bilən dəyərli bir alim idi, bu il həccə gedəndən sonra isə dəli olub, indi də Rəhbədə qarğı minib uşaqlarla oynayır. Nöman deyir ki, hakim buna əmin olmaq üçün oraya getdi, Cabirin qarğı minərək oynadığını görüb, onu öldürməyə səbəb qalmadığına görə Allaha şükür etdi.[142]

İmamın yaxın dostları ilə əlaqə tərzinə dair bu nümunə düşünülmüş və təşkilati əlaqəni göstərir. Bu həmçinin hakimiyyətin belə səhabələrə qarşı mövqeyini də bəlli edir. Təbii ki, xilafətin hər şeydən çox öz mövqelərini qorumaq və möhkəmlətmək haqda düşünən məmurları imamın yaxın dostlarının fəaliyyətləri barədə tam xəbərsiz qalmır, az-çox məsələdən xəbər turur, öyrənməyə və onlara qarşı tədbir görməyə çalışırdılar. Tədricən o həzrətin həyatında, həmçinin ümumi şiələr arasında etiraz amili yaranır və Şiə imamlarının tarixində başqa bir dönəm başlayır. Tarixi mənbələrdə, həmçinin hədis kitablarında və digər əsərlərdə İmam Baqirin (ə) hakimiyyətə qarşı nisbətən sərt mübarizələri haqda yazılmamasının özü bir neçə səbəbdən irəli gəlir. Onların ən mühümü cəmiyyətin ciddi nəzarətdə olması və imamın siyasi həyatından xəbərdar olan yeganə mənbələr kimi səhabələrin təqiyyə etməsi idi. Lakin buna baxmayaraq, hər kəsin əməlinin gücünü onun düşməninin məqsədyönlü reaksiyalarından anlamaq olar. Tarixçinin ən qüdrətli Əməvi xəlifəsi adlandırdığı Hişam ibn Əbdülməlikin hakimiyyəti kimi güclü və siyasətçi bir rejim İmam Baqir (ə), yaxud başqa bir kəslə zor dili ilə danışırsa, deməli, ondan özünə təhlükə duyur və onun varlığına gözə bilmir. Şübhə yoxdur ki, İmam Baqir (ə) ideoloji və təşkilati quruculuqla məşğul olmayıb yalnız elmi işlər görsəydi, zorakılıq və sərt tədbirlər xəlifələrə və rejim başçılarına sərf etməzdi. Əvvəla sərt tədbirlə o həzrəti özləri əleyhinə qaldırmış olacaqdılar. Necə ki, o zamana yaxın dövrdə bunu müşahidə edirik; Fəxx şəhidi olan Hüseyn ibn Əlinin qiyamı belə baş verdi. İkinci tərəfdən, imamın sayları az olmayan tərəfdarlarını və dostlarını qəzəbləndirib hakimiyyətdən narazı salacaqdılar. Qısası budur ki, İmam Baqirin (ə) ömrünün sonlarında xilafət rejiminin nisbətən sərt reaksiyasından o həzrətin nisbətən radikal addımlar atdığını başa düşmək olar.

 

          İmam Baqirin (ə) Şama çağırılması

          İmamın həyatının sonlarında baş verən mühüm hadisələrdən ən məşhuru onun Əməvi dövlətinin paytaxtı olan Şama çağırılmasıdır. Xilafət qarşısında möveyini bilmək üçün Əməvi xəlifəsi İmam Baqiri (ə) və bəzi rəvayətlərə görə həm də gənc oğlu və yaxın həmkarı olan İmam Sadiqi (ə) tutub Şama göndərməyi əmr edir. İmamı Şama, xəlifənin sarayına gətirirlər. Hişam qabaqcadan öz ətrafına və məclisdə iştirak edənlərə imamla qarşılaşarkən nə etməli olduqlarını diktə etmişdi. Qərara gəlmişdilər ki, əvvəlcə xəlifənin özü və sonra məclisdə iştirak edən saray adamları və məmurlar imama sarı ittiham və məzəmmət seli yağdırsınlar. O bu işdə iki məqsəd güdürdü: biri bu idi ki, bu təhqirlərlə imamı ruhdan salsın və vəziyyətin tələb edəcəyi hər hansı işə şərait yaransın; ikincisi də bu idi ki, iki düşmən cəbhənin ən yüksək rəhbərləri arasında keçirilən görüşdə düşmənini günahkar çıxarsın və əmrə müntəzir dayanmış natiq və casuslarından ibarət təbliğatçıları vasitəsi ilə məğlubiyyət xəbərini yayıb onun başçılıq etdiyi cəbhənin bütün üzvlərini tərk-silah etsin.

          Qayda belə idi ki, məclisə daxil olan şəxs "Əmirəlmöminin" ləqəbi ilə müraciət edib xəlifəyə salam versin. İmam isə daxil olanda bu qaydanın əksinə olaraq, üzünü bütün məclis iştirakçılarına tutub əli ilə işarə etdi və dedi: "Əssəlamu əleykum". Sonra isə icazə gözləmədən oturdu.

          Bu rəftara görə qəlbi hikkə və ədavətlə dolmuş Hişam məclisə başladı: "Siz Əli (ə) övladları həmişə müsəlmanların vəhdətini pozmuş, onları öz rəhbərliyinizə dəvət etməklə nifaq salmış, ağılsızlıq və nadanlıqla özünüzü imam saymısınız". Bir qədər belə çərənləyib sakit oldu. Ondan sonra nökərlərinin və quyruq bulayanlarının hər biri bu məzmunda çıxış edərək imamı ittiham etdilər.

          Bütün bu müddətdə imam sakit oturmuşdu, hamı sükut edəndə isə ayağa qalxıb üzünü məclis iştirakçılarına tutdu. Allaha həmd və sənadan, Peyğəmbərə (s) salamdan sonra qısa və güclü cümlələrlə həmin təsadüfi qrupun məqsədsizliyini bildirdi, ixtiyarsız və alət olmalarını qamçı kimi başlarına vurdu. Özünün mövqeyini və ailəsinin ən üstün İslam meyarı olan hidayətə uyğun şərəfli keçmişini bəyan etdi və nəhayət, Allahın tarixi ənənələrinə bərabər olan yolunun yaxşı aqibətli olmasını söyləyib onların zəif ruhiyyəsini daha da zəiflətdi. Buyurdu ki, ey insanlar, haraya gedirsiniz?! Sizin üçün hansı aqibət nəzərdə tutulmuşdur?! Allah bizim vasitəmizlə sizin ata-babalarınızı hidayət etdi, bizim əlimizlə də işlərinizin sonuna möhür vuracaq. Siz bu gün hakimiyyətdəsinizsə, biz sonra hakimiyyətdə olacağıq və bizim hökumətimizdən sonra heç bir hökumət gəlməyəcək. Allah buyurmuşdur: "Aqibət təqvalılara məxsusdur". Bu aqibət bizə aiddir.[143]

          Məzlumluq və amirliyin, müjdə və təhdidin, təsdiq və inkarın olduğu bu qısa və məzmunlu çıxış o qədər güclü və təsirlidir ki, yayılsa və insanlara çatsa, hər bir dinləyicini onu deyənin haqlı olmasına inandıra bilər. Bu sözə cavab vermək üçün özünəinam və arxayınlıq qədər ədiblik və natiqlik də lazımdır. İmamın müraciət etdiklərində isə bunlar yoxdur; deməli, zor və şiddətdən başqa bir çarə qalmır.

          Hişam imamı zindana salmağı əmr edir. O bu əməli ilə özünün ruh düşkünlüyünü və məntiq çatışmazlığını etiraf etmiş olur. İmam zindanda maarifləndirmə aparır, həqiqətləri çatdırır və digər dustaqlara təsir göstərir. Belə ki, dustaqlar arasında onun sözünü ürəkdən qəbul etməyən və ona vurulmayan bir kəs qalmır. Məmurlar vəziyyəti Hişama məruzə edirlər. Bu hal Şamı on illərlə xüsusi formada Şiə təbliğatından uzaq saxlamış bir rejim üçün əsla qəbulediləsi deyil. Hişam imamı və yoldaşlarını zindandan çıxarmağı əmr edir, onlar üçün heç bir yerin yaşadıqları Mədinə şəhərindən uyğun olmadığını düşünür; təbii ki, həmişəki və bəlkə bir qədər də güclü nəzarət şərti ilə. Lazım olanda da son zərbəni endirsinlər, rəqibini öz evində, yatağında səssiz-səmirsiz öldürsünlər və imamı öldürmək cinayəti boyunlarında qalmasın. Hişamın əmri ilə onları yol boyu dayanmayan sürətli atlara mindirib Mədinəyə qədər çapdılar. Öncədən əmr etmişdilər ki, yoldakı şəhərlərdə heç kimin bu sevilməyən karvanla alış-veriş etməyə, onlara çörək və su satmağa haqqı yoxdur.[144] Üç sutka bu vəziyyətlə getdilər, su və çörək ehtiyatları tükəndi.

          Gəlib Mədinə şəhərinə çatdılar. Əmrə uyğun olaraq şəhər əhalisi qapıları bağladı və onlara bir şey satmadı. İmamın tərəfdarları aclıqdan və susuzluqdan şikayət etdilər. İmam şəhərdəki hündür bir təpənin başına çıxıb uca səsi ilə əhaliyə müraciət etdi: "Ey zalımlar şəhərinin əhalisi! Mən Allahın "Əgər mömin olsanız, Allahın saxladığı ehtiyat sizin üçün yaxşıdır"[145] buyurduğu ehtiyatıyam!" Gözlənilmədən zamanında göstərilən bir sayıqlıq və cəsarət təxribatı zərərsizləşdirdi. Şəhər əhalisindən bir nəfər aldanmış və bixəbər camaata xatırlatdı ki, bu, Şüeyb peyğəmbərin öz dövrünün azğınlarına etdiyi fəryaddır. Onlara başa saldı ki, bir zaman ata-babalarının qaldıqları mesaj qarşısında qalmışlar. Bu gün onlar həmin mesajı eşitmədiklərinə görə öz ata-babalarını lənətləyirlər. Bəli, tarix təkrar olunmuşdur. İndi də həmin mesaj, həmin şəxs və həmin dinləyicilərdir. Yerində deyilən bu söz ürəklərə hopdu, qapıları açdılar və xilafətin qadağasına baxmayaraq, onun düşmənini qəbul etdilər.[146]

Bu tarixi rəvayətin son hissəsi bir neçə cəhətdən dövrün siyasi vəziyyətini, repressiyanı və ümumi avamlığı, digər tərəfdən isə İmam Baqirin (ə) Bəni-Üməyyə hakimiyyətinə qarşı mövqeyini göstərir. Bu hissədə deyilir ki, Mədinədə baş verənlər Hişama çatdırılanda hər şeydən çox xilafət başçılarının planı əleyhinə danışmağa və xalqı böyük cəhalətdən oyatmağa cəsarət edən bu kişinin cəzalandırılmasını əmr etdi. Və xəlifənin əmri ilə onu qətlə yetirdilər.

          Bunlara baxmayaraq, imam hakimiyyətlə döyüşdən çəkinir, xəncərə əl atmır, tələsərək xəncərin dəstəyini sıxan barmaqları da açır, onları uzaqgörənliyə və mövqeyi daha yaxşı tanımağa vadar edir. Əsaslı səbəb olmadan dil xəncərindən də istifadə etmir. Hissiyyat burulğanında dözümünü itirmiş və cana gəlmiş qardaşı Zeydə qiyam icazəsi vermir. Adi münasibətlərdə və sınanmamış qüvvələrlə əlaqədə ən çox elmi-mədəni fəaliyyətlər üzərində dayanır, eyni zamanda həm ideoloji bünövrə quran, həm də siyasi təqiyyə sayılan işlər görür. Lakin öncəki qısa işarələrdən də göründüyü kimi, bu məqsədyönlü taktika imamət hərəkətinin ümumi istiqamətini onun yoluna iman gətirən yaxın dostlara və həqiqi şiələrə göstərməsinə mane olmur. O, qaçılmaz mübarizə yolu ilə İslam və Əli (ə) hakimiyyəti qurmaqdan ibarət olan böyük Şiə amalını onların qəlbində canlandırır, hətta münasib zamanlarda bu istiqamətdə lazımi həddə hisslər də oyadır.

          Çox da uzaq olmayan gözəl gələcək müjdəsi İmam Baqirin (ə) ümidverici üsullarından olub, həm də o həzrətin Şiənin tədrici hərəkətində öz mövqeyini harada və hansı mərhələdə gördüyünü göstərir. Rəvayətdə deyilir ki, Əbu Cəfərlə (ə) birgə idik, ev adamla dolu idi. Bir qoca məclisə daxil oldu və salam verib dedi: "Ey Peyğəmbər (s) övladı! Allaha and olsun, mən sizi və sizi sevənləri sevirəm. Allaha and olsun, bu sevgi maddiyyata tamahdan deyil. Mən sizin düşməninizi özümə düşmən bilirəm və bu ədavət onlarla bizim aramızda qan töküldüyünə görə deyil. Allaha and olsun, mən sizin əmr və qadağalarınızı qəbul edir və sizin qələbənizi gözləyirəm. Deyin görüm buna ümid bəsləyə bilərəmmi, sənə qurban olum?" İmam kişini yanına çağırıb ona yer verdi və dedi: "Ey kişi! Bir nəfər atam Əli ibn Hüseyndən (ə) eynilə bu sözü soruşdu. Atam ona cavab verdi ki, bu intizarla ölsən, Peyğəmbərin (s), Əlinin (ə), Həsənin (ə), Hüseynin (ə) və Əli ibn Hüseynin (ə) yanına gedərsən, ürəyin şad, halın xoş, gözün işıqlı olar, Allahın böyük bəndələri ilə birgə rahatlıq içərisində olarsan; əgər sağ qalsan, bu dünyada gözünün aydınlaşacağı və bizimlə, bizim yanımızda ən üstün mövqeyə çatacağın günü görəcəksən". Kişi gedərkən imam ona baxıb buyurdu: "Kim cənnət adamını görmək istəyirsə, bu kişiyə baxsın"[147].

          Bəzən hətta bundan da irəliyə gedib qələbə ilini təyin edir və Şiənin qədim arzusunun həyata keçəcəyini söyləyir. Əbu Həmzə Sumali deyir ki, İmam Baqir (ə) Allahın bu işi - Əli (ə) hökumətinin qurulmasını 70-ci ilə təyin etdiyini deyirdi. İmam Hüseyn (ə) öldürüləndə isə Allahın insanlara qəzəbi tutdu və bu tarixi 140-cı ilə qədər təxirə saldı. Biz bu zamanı siz yaxın dostlara dedik və siz bu sirri açdınız, ondan sonra isə Allah bunun üçün zaman təyin etmədi; Allah istədiyini məhv edər, istədiyini möhkəmlədər. Əbu Həmzə deyir ki, bu sözü Əbu Abdullah İmam Sadiqə (ə) dedim, o da təsdiqlədi.[148]

          Belə sözlər öldürücü təzyiqlərlə dolu olan həmin repressiv mühitdə şirin röya kimi görünən İslam quruluşunu və Əli (ə) hökumətini qəti və qaçılmaz gələcək kimi göstərir, şiələrin məzlum qəlbinə ümidverici və hərəkətverici işıq salır, yolu qət etmək üçün onların güc və itaətkarlığını artırır.

          İmamın 19 illik rəhbərlik dövrünün hamısı bu vəziyyətdə keçir. Bu 19 ildə həm ideoloji təlim var, həm fərd quruculuğu; həm mübarizə taktikası var, həm də təşkilat yaratmaq və onu idarə etmək; həm siyasi istiqaməti qorumaq və davam etdirmək var, həm də təqiyyə, daha çox və daha güclü ümid yaratmaq. Bu 19 il mübarizə ilə, sıldırım qayalar arasında cidd-cəhdlə ötdü. Nəhayət, bu qısa və səmərəli ömür sona çatanda, Əli (ə) hərəkatının qatı düşmənləri bu hərəkatın başçısının vəfatından sonra rahat nəfəs alacaqlarını, Şiə mübarizələrindən qurtulub, özlərinin ölkə daxilində və sərhədlərdəki saysız-hesabsız problemləri ilə məşğul olacaqlarını düşünəndə bu ocağın isti və yandırıcı közü özünün son güclü qığılcımını Əməvi rejiminin kökünə endirir. Ömrünü ifşaçılıq və maarifləndirmə ilə keçirmişdi, öləndən sonra da eyni işi davam etdirir; öz həyatı ilə ayıqlıq vermişdi, ölümü ilə də eyni missiyanı yerinə yetirir, anlamaq və düşünmək təşnəsi olan bixəbər xalqa və öz dostlarına yeni dərs və mesaj buraxır. Bütün həyatı kimi bu mesaj da sakit və güclüdür; dostlara və ehtiyaclılara fayda yetirir, düşmənin yuxusunu pərişan edir. Bu, İmam Baqirin (ə) təqiyyəsinə bir nümunə və bu xüsusi mərhələdə rəftarının göstəricisidir.

          Sonralar İmam Baqirin (ə) həyatını yazanlar da qısa bir hədisə sığışdırılmış bu böyük hərəkətin kənarından bilərəkdən, ya da bilmədən ötüblər. Onu görmədiklərini söyləmək olarmı? Konkretləşdirək: İmam öz oğlu Cəfərə (ə) tapşırır ki, əmlakının 800 dirhəmini on il ərzində onun əzadarlığına sərf etsin. Əzadarlığın yeri Mina səhrası, zamanı isə həcc mərasimi olsun.[149] Bu qədər. Həcc mövsumu bir-birindən uzaq düşən və bir-birini tanımayan qardaşların görüş yeridir. O zaman minlərlə insan həmin yerdə toplaşmaq və birləşmək imkanı əldə edir. Dilləri bir olmasa da, qəlbləri bir olan insanlar orada eyni dillə Allahı çağırır və xalqların bir bayraq altında toplaşma möcüzəsinə tamaşa edirlər. Bütün İslam dünyası üçün hər hansı mesajdan ötrü bundan münasib fürsət yoxdur. Həcc əməlləri bir neçə gün və bir neçə yerdə baş verir. Bu günlərin və bu məkanların hansı daha münasibdir? Məkkə şəhərdir və insanlar oraya səpələnib hərəsi öz işi ilə məşğul olur. Həm də orada hamı həcc əməllərini yerinə yetirir; təvaf, səy, namaz və s. Məşər gecə dayanacağıdır, orada vaxt az və imkan zəifdir; Minaya gedən yolda yalnız bir dayanacaq sayılır. Ərəfat gündüz dayanacağı olsa da, müddəti qısadır, yalnız bir gün sürür; yorğun halda səhər orada dayanır və axşama yaxın hərəkət edirlər. Ən münasib yer Minadır. Hacı Ərəfatdan dönəndə üç gecə orada qalır. Bu yerdə tanışlıq, söhbət və dərdləşmə imkanı hər yerdən çoxdur. Kimdir gündüzlər Məkkəyə gedib, bir də qayıdan?! Ora qalmaq, hər bir qrupa baş çəkmək üçün münasib yer və zamandır. Təbii şəkildə hər kəsin yolu ildə üç gün bu səhrada təşkil olunan əza məclisinə düşür, yavaş-yavaş müxtəlif yerlərin əhalisi onunla tanış olur. İllərdir İslamın mərkəzi, böyük səhabələrin, fəqih və hədisşünasların vətəni olan Mədinə əhalisinin bir qrupu bu günlərdə burada məclis keçirir. Kimin üçün? İslam dünyasının ən parlaq şəxsiyyətlərindən biri, Peyğəmbər (s) ailəsindən böyük insan, fəqih və hədisşünasların başçısı, fiqh və hədis elmində bütün məşhur şəxslərin müəllimi olmuş Məhəmməd ibn Əli ibn Hüseyn (ə) üçün. Nə üçün hər yerdən buraya gəlir və məclis keçirirlər? Məgər onun ölümü təbii olmamışdır? Onu kim və nə üçün öldürmüş, zəhərləmişdir? Məgər o nə edirmiş, nə deyirmiş? Onun bir iddiası olmuşdurmu, hansısa çağırış etmişdirmi? Xəlifə üçün təhlükəli insanmı olmuşdur? Onlarla sual və şübhə, bunun ardınca isə əza sahibləri, eləcə də orada-burada cəmiyyətin arasına səpələnmiş məlumatlı insanlar tərəfindən cavab seli. Onlar Mədinədən, Kufədən elə bu suallara cavab vermək üçün gəlmişlər. Gəlmişlər ki, misilsiz fürsətdə bütün İslam dünyasından buraya toplaşmış insanlara həqiqətləri başa salsınlar, həmçinin qardaş və dostları ilə görüşsünlər, xəbər versinlər, fərman alsınlar. Şiə dəvəti o dövrün beynəlxalq təbliğat şəbəkəsinin minlərlə ən möhtəşəm kanalı ilə həyata keçirdi. İmam Baqirin (ə) uğurlu planı budur: ölümdən sonra cihad planı. Həyatı və ölümü Allah üçün və Allah yolunda olan səmərəli varlıq budur: "Ona doğulduğu gün də, öləcəyi gün də, (qiyamətdə) diriləcəyi gün də salam olsun!"[150] (Sadiq rəhbər, səh: 33-54)


 

 

On birinci fəsil: Bəni-Üməyyə hakimiyyətinin sonları və İmam Sadiqin (ə) imaməti

 

          İmam Baqir (ə) ən qüdrətli Bəni-Üməyyə xəlifələrindən biri olan Hişam ibn Əbdülməlikin şahlığı dövründə 57 yaşında vəfat etdi. Böyük müsəlman ölkəsinin hər tərəfində mövcud olan gərginlik, Əməvi hökumətinin saysız-hesabsız problemləri Hişamın Şiə təşkilatının döyünən ürəyi İmam Baqirə (ə) qarşı təxribat və bədxahlığına mane olmurdu. Muzdurları onun tövsiyəsi ilə imamı zəhərlədilər, zalım Əməvi tağutluğu ölkənin qərb və şərq sərhədlərindəki zəfərlərinin həzzini ölkə daxilindəki ən böyük və ən təhlükəli düşmənini qətlə yetirməklə tamamladı.



Geri   İrəli
Go to TOP