A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: 250 yaşlı insan (Ayətullah Xamenei)
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Bu səfərdə İmam Səccadın (ə) rolu həzrət Zeynəb rolu idi, Hüseyn (ə) inqilabının mesajını çatdırırdı. İnsanlar Hüseynin (ə) nə üçün və necə öldürüldüyünü bildikdə İslamın və Əhli-beyt dəvətinin gələcəyi bir cür olardı, bilmədikdə isə başqa cür. Buna əsasən, xalqın məlumatlanması və bu məlumatın cəmiyyət səviyyəsində genişlənməsi üçün hər şeydən istifadə etmək və mümkün olan həddə bu işi görmək lazım idi. Bu baxımdan, İmam Səccad (ə) Səkinə, Fatimeyi-Suğra, Zeynəbin özü və əsirlərin hər biri kimi bir təbliğatçıdır. Bütün bu qüvvələr toplanmalıdır ki, İmam Hüseynin (ə) qürbətdə tökülmüş qanını böyük İslam dünyasının bütün bölgələrinə aparsınlar, Kərbəladan Mədinəyədək hər yerə çatdırsınlar, Mədinəyə daxil olanda xalqın önündə həqiqətləri bəyan etsinlər. Bu birinci addımdır. Odur ki, İmam Səccadın (ə) həyatının bu qısa dönəmi müstəsna dönəmdir. Sonrakı dönəm isə onun Mədinədə möhtərəm bir vətəndaş kimi yaşadığı, Peyğəmbərin (s) evində və ailəsi arasında fəaliyyət göstərdiyi zaman başlayır. Dördüncü imamın proqramlarını aydınlaşdırmaq üçün onun yaşadığı dövrün vəziyyət və şəraitini araşdırmağa ehtiyac var. (İslamın keşikçisi, say: 6)


Səkkizinci fəsil: Kərbəla hadisəsindən sonrakı ictimai-siyasi şərait

 

Aşura xəbərləri yayılandan sonra xüsusən Hicaz və İraqda şiələri və imamların tərəfdarlarını qorxu və vahimə bürüdü. Məlum oldu ki, Yezid öz hakimiyyətini möhkəmlətmək üçün Peyğəmbərin (s) övladı olan və bütün İslam dünyasında çox hörmətli və müqəddəs sayılan Hüseyn ibn Əlini (ə) öldürməyə də razı olmuşdur. Təsirləri Kufə və Mədinədə görünən bu qorxu bir müddət sonra bir neçə başqa hadisə ilə tamamlandı. O hadisələrin biri Hərrə hadisəsi idi. Bundan sonra Əhli-beytin nüfuzu olan bölgədə - Hicazda xüsusən Mədinədə, İraqda da xüsusən Kufədə güclü repressiya dalğası başladı, əlaqələr zəiflədi, imamların tərəfdarı və Bəni-Üməyyə xilafətinin potensial müxalifləri qorxuya düşdülər.

İmam Sadiq (ə) özündən öncəki imamların vəziyyəti haqda danışarkən buyurur ki, İmam Hüseyndən (ə) sonra üç nəfərdən, bir rəvayətə görə beş nəfərdən və bəzi rəvayətlərə görə yeddi nəfərdən başqa hamı dindən döndü. Əbu Ömər Mehdinin nəql etdiyi bir hədisdə isə İmam Səccad (ə) buyurur ki, Məkkə və Mədinədə bizi sevən iyirmi nəfər yoxdur.[108] Bu iki hədisi ona görə söylədim ki, İslam dünyasının imamlara və onların tərəfdarlarına qarşı ümumi vəziyyəti aydın olsun. Yəni repressiya belə bir vəziyyət yaratdı, imamların tərəfdarları dağılışdılar, məyus oldular, qorxdular və ümumi bir iş görmək imkanını itirdilər. Əlbəttə, İmam Sadiqin (ə) hədisində bu da deyilir ki, sonra tədricən birləşdilər və çoxaldılar.[109] Əgər bu məsələni bir qədər geniş şəkildə söyləmək istəsək, belə deməliyik: İmam Hüseynin (ə) şəhadətindən sonra insanlar bir qədər qorxdular, lakin bu qorxu Əhli-beyt tərəfdarlarının təşkilati birliyini tamamilə məhv edəcək həddə deyildi. Dəlili də budur ki, hətta Kərbəla əsirlərini Kufəyə gətirdikləri zaman Şiə təşkilatının varlığından xəbər verən bəzi hərəkətlər müşahidə olundu.

Sözsüz ki, məxfi Şiə təşkilatı dedikdə məqsədimiz bu gün mövcud olan tam mütəşəkkil təşkilatlar kimi bir şey deyil, məqsəd insanları bir-birinə bağlayan, fədakarlığa vadar edən, gizli işlərə həvəsləndirən və nəticədə insanın beynində bir fikir formalaşdıran eqitadi əlaqələrdir.

Peyğəmbər (s) ailəsinin Kufədə olduğu gecələrin birində onların saxlandığı yerə daş atılır. Daşı götürüb ona bir kağız bağlandığını görürlər. Həmin kağızda belə yazılmışdı: "Kufə hakimi sizin taleyiniz haqda əmr almaq üçün Yezidin yanına adam göndərmişdir. Əgər sabah axşama qədər, misal üçün, təkbir səsi eşitsəniz, bilin ki, burada öldürüləcəksiniz; eşitməsəniz, bilin ki, vəziyyət yaxşı olacaq".[110] Biz bu əhvalatdan bilirik ki, İbn Ziyadın adamları arasında imamların dostlarından və bu təşkilatın üzvlərindən kimsə var imiş. O, hadisələrdən xəbərdar imiş, zindana əli girirmiş, məhbuslara dair planlardan məlumatlı imiş və bu xəbəri təkbir səsi ilə Əhli-beytə çatdıra biləcəkmiş. Yaradılan qorxu və şiddətlə yanaşı belə şeylər də görünür.

Başqa bir nümunə kor kişi olan Abdullah ibn Əfif Əzdidir. Əsirlər Kufəyə gətiriləndə etirazını bildirir və nəticədə şəhid edilir. İstər Şamda, istər Kufədə əsirlərə hörmət və sevgi bildirən, onları göz yaşları ilə qarşılayan, yaxud buna görə bir-birini qınayan belə insanlar tapılırdı. Yezidin və İbn Ziyadın təşkil etdiyi məclislərdə də belə hadisələr baş vermişdir.

Buna əsasən, bu hadisə səbəbindən güclü qorxu yaransa da, Əhli-beyt dostlarının iş sistemini tamamilə çökdürüb onları pərakəndə salacaq və zəif duruma düşürəcək həddə deyildi. Lakin bir müddətdən sonra başqa hadisələr də baş verdi və bu hadisələr repressiyanı artırdı. Buradan başa düşmək olar ki, "Hüseyndən (ə) sonra insanlar dindən döndülər" hədisi həmin hadisələrin baş verdiyi, yaxud onlardan sonrakı dövrə aiddir.

Bu bir neçə illik dövrdə, həmin mühüm və güclü hadisə baş verməzdən öncə şiələr işlərini sahmana salmağa və qabaqkı mütəşəkkilliklərini bərpa etməyə çalışırdılar. Təbəri bu barədə yazır ki, onlar - yəni şiələr silah toplayır, özlərini döyüşə hazırlayırdılar.[111] Onlar şiə və qeyri-şiələri Hüseyn ibn Əlinin (ə) intiqamını almağa çağırır, insanlar da dəstə-dəstə onlara qoşulurdular. Bu vəziyyət Yezid ibn Müaviyənin vəfatına qədər davam etdi.

Görürük ki, şiddət və repressiya güclü olsa da, Təbərinin yazdığına əsasən, eyni zamanda bu işlər də görülürdü. "Cihad əş-Şiə" kitabının müəllifi şiə və İmam Səccada (ə) qarşı yaxşı fikirdə olmasa da, bəlkə də bu səbəbdən bir həqiqəti dərk etmişdir. O yazır: "Şiələr Hüseynin (ə) şəhadətindən sonra etiqad və siyasi baxışların birləşdirdiyi, qrup və rəhbərlərə, həmçinin hərbi qüvvələrə malik olan mütəşəkkil bir təşkilata çevrildilər. Təvvabin (tövbə edənlər) qrupu bu təşkilatın ilk nümunəsidir".

Deməli, Şiə təşkilatı Aşura hadisəsinə görə zəifləsə də, bunun kənarında hərəkət və fəaliyyət də vardı və həmin təşkilatı yenidən bərpa etməyə çalışırdılar. Amma bu zaman Hərrə hadisəsi baş verdi. Mənim fikrimcə, Hərrə hadisəsi Şiə tarixində ona böyük zərbə vuran çox ciddi bir dönəmdir.

Hərrə hadisəsi hicrətin 63-cü ilində baş vermişdir. Hadisənin xülasəsi belədir: 62-ci ildə Bəni-Üməyyədən olan təcrübəsiz bir gənc Mədinəyə vali təyin edildi. O, Mədinə şiələrinin könlünü almaq üçün onların bəzisini Yezidlə görüşə dəvət etdi və onları bu səfərə yolladı. Əksərən həzrət Səccadı (ə) sevənlərdən ibarət olan bəzi tanınmış müsəlmanları, səhabələri və Mədinə şəhərinin böyüklərini Şam səyahətinə dəvət etdi. Fikirləşdi ki, gedib Yezidlə görüşsünlər və kin-küdurət azalsın. Bunlar Şama gedib Yezidlə görüşdülər, bir neçə gün ona qonaq oldular. Sonra Yezid onların hər birinə 50-100 min dirhəm arası bəxşişlər verib Mədinəyə yola saldı.

Onlar Şam sarayında baş verənləri gördüklərinə görə Mədinəyə çatan kimi Yezidi tənqid etməyə başladılar. Səfər tamamilə əks nəticə verdi. Bunlar Yezidi tərifləmək əvəzinə xalqı onun cinayətlərindən xəbərdar etdilər və dedilər ki, Yezid şərab içdiyi, itlərlə oynadığı və müxtəlif günahları etdiyi halda xəlifə ola bilməz, biz onu xilafətdən kənarlaşdırırıq. Peyğəmbər (s) səhabəsi və Ühüd şəhidi olan Hənzələnin oğlu, həmçinin Mədinənin hörmətli və şəxsiyyətli insanlarından olan Abdullah xalqın önündə Yezid əleyhinə qiyama qalxdı, Yezidin xilafətini tanımadığını söylədi və xalqı öz rəhbərliyinə dəvət etdi.

Bu hərəkət Yezidin reaksiyasına səbəb oldu. O, xalqı sakitləşdirmək üçün Bəni-Üməyyənin qoca və təcrübəli sərkərdələrindən biri olan Müslim ibn Üqbəni bir qoşunla Mədinəyə göndərdi. Müslim ibn Üqbə Mədinəyə gəlib xalqın müqavimətini qırmaq məqsədi ilə bir neçə gün şəhəri mühasirədə saxladı, sonra şəhərə daxil olub o qədər zülm etdi, qətl və faciə törətdi ki, bu hadisə İslam tarixində nadir nümunələrdən sayılır.

O, zülm və qırğınlarda o qədər həddi aşdı ki, bu hadisədən sonra onu israfkar adlandıraraq Müsrif (israfkar) ibn Üqbə çağırırdılar. Hərrə hadisəsinin faciələri çoxdur və mən onların hamısı haqda danışmaq istəmirəm. Bu qədər deyim ki, bu hadisə Əhli-beyt dostlarını və ardıcıllarını qorxudan ən böyük hadisə oldu, bəziləri Mədinədən qaçdılar, bəziləri öldürüldülər. Abdullah ibn Hənzələ kimi yaxşı Əhli-beyt tərəfdarları şəhid edildilər və yerləri boş qaldı. Bu xəbər bütün aləmə yayıldı, bəlli oldu ki, hökumət bu hərəkətləri qətiyyətlə cavablayır və heç bir addıma icazə vermir.

Şiələrin yatırılmasına və zəifliyinə səbəb olan başqa bir hadisə Muxtarın Kufədə şəhid edilməsi və Əbdülməlik ibn Mərvanın bütün İslam dünyasına hakim olması idi.

Yezidin ölümündən sonra bəzi xəlifələr hakimiyyətə gəldilər. Müaviyə ibn Yezid üç aydan artıq hakimiyyətdə qalmadı. Ondan sonra Mərvan ibn Həkəm iki il, yaxud bir qədər az xəlifə oldu. Ondan sonra Əbdülməlik xilafət taxtına oturdu. O, Bəni-Üməyyənin ən bacarıqlı xəlifələrindən biridir. Onun haqqında deyiblər ki, xəlifələrin ən qəddarı və ən iradəlisi olmuşdur.[112]

Əbdülməlik bütün İslam dünyasını ələ keçirib güclü qorxu və şiddətlə qüdrətli bir hökumət yarada bildi.

 Əbdülməlikin dövlətə tam nəzarət etməsi üçün onun rəqibləri məhv edilməli idi. Şiələrin nümayəndəsi olan Muxtar ondan öncə Müsəb ibn Zübeyr tərəfindən öldürüldü. Amma Əbdülməlik Muxtar qiyamının və digər Şiə hərəkatlarının qalıqlarının da məhv edilməsini istəyirdi və bu işi gördü. O zaman şiəliyin əsas mərkəzlərindən biri olan İraqda və xüsusən də Kufədə şiəlik passiv hala salındı. (İslamın keşikçisi say: 8)

64-65-ci illərdə Təvvabin qiyamı İraqın tutqun mühitində yeni ab-hava yaratsa da, onların hamılıqla şəhid edilməsi Kufə və İraqda yenidən qorxunu artırdı. Əməvi rejiminin düşmənləri olan Muxtar və Müsəb ibn Zübeyr bir-biri ilə vuruşandan, Məkkəni ələ keçirmiş Abdullah ibn Zübeyr Əhli-beyt tərəfdarı olan Muxtara dözməyəndən və Muxtar Müsəb tərəfindən öldürüləndən sonra bu qorxu və vahimə bir az da artdı, ümidlər azaldı. Nəhayət, Əbdülməlik hakimiyyətə gələndə qısa müddətdən sonra bütün İslam dünyası Bəni-Üməyyənin güclü hakimiyyəti altına keçdi və Əbdülməlik iyirmi bir il qüdrətlə hökmranlıq etdi. (1986)

Hər halda, bu hadisələr Aşura ilə başladı, Hərrə hadisəsi, İraqda Təvvabin qiyamının məhvi, Muxtarın, İbrahim ibn Malik Əjdər Nəxəinin və digər Şiə böyüklərinin şəhadəti ilə davam etdi. Bunların şəhidliyindən sonra şiəliyin iki əsas mərkəzi olan Mədinə və Kufədə azadlıq hərəkatları yatırıldı və İslam dünyasında şiəliyə qarşı güclü repressiya dalğası başladıldı. İmamların tərəfdarları son dərəcə qürbət və yalqızlıq içində qaldılar. (İslamın keşikçisi, say: 8)

Bu qorxunun kənarında başqa bir amil də meydana çıxdı. Bu amil bütün İslam dünyasında insanların düşüncə tənəzzülündən ibarət idi. Bu tənəzzül son iyirmi ildə din təlimlərinə qarşı diqqətsizlikdən irəli gəlirdi. İmam Əlinin (ə) vəfatından sonrakı iyirmi ildə din təlimləri, Quran təfsiri və İslam həqiqətləri diqqətdən kənarda qaldı, xalqın etiqadı və imanı çox zəiflədi. O dövrdə yaşayan insanların həyatını mikroskop altına qoyanda, müxtəlif tarix və rəvayətlərə baxanda bu aydın görünür. Düzdür, alimlər, qiraətçilər və hədisşünaslar vardı, onlar haqda da danışacağam, lakin ümumi xalq imansızlıq, zəiflik və güclü etiqadi pozuntular içərisində idi. Vəziyyət elə həddə çatmışdı ki, bəzi xilafət adamları nübüvvəti (peyğəmbərliyi) sual altına salırdılar. Kitablarda yazılanlara əsasən, Bəni-Üməyyənin olduqca səviyyəsiz və mənfur məmurlarından olan Xalid ibn Abdullah Qəsri deyirdi ki, xilafət nübüvvətdən üstündür. Buna dəlil də göstərirdi ki, sizin ailədə öz yerinizə canişin təyin etməniz yaxşıdır, yoxsa onlara elçi və qasid göndərməniz? Təbii ki, öz evinizdə qoyduğunuz şəxs sizin canişininiz, sizə daha yaxındır. Deməli, Allahın xəlifəsi onun elçisindən üstündür.[113] Onlar hətta Peyğəmbər (s) xəlifəsi demirdilər, Allahın xəlifəsi deyirdilər.

Digərləri də belə sözlər deyirdilər. Mən Bəni-Üməyyə dövrünün şeirlərinə baxanda Əbdülməlikin dövründən etibarən "Allah xəlifəsi" sözünün şeirlərdə çox təkrar olunduğunu gördüm; belə ki, insan xəlifənin Peyğəmbər (s) canişini olduğunu unudur. Bu, Abbasilərin hakimiyyətinə qədər davam etdi. Hətta xəlifəni pisləmək istəyəndə də Allahın xəlifəsi deyirdilər. O dövrün məşhur şairləri olan Cərir, Fərəzdəq, Kəsir və digər yüzlərlə məşhur və böyük şairin şeirlərində xəlifəni mədh edərkən Peyğəmbər (s) canişini deyil, Allah canişini sözü işlədilirdi. Bu bir nümunədir. Xalqın hətta dini əsaslara qarşı etiqadı belə zəifləmişdi. İnsanların əxlaqı da çox pisləşmişdi.

Mən Əbülfərəcin əl-Əğani kitabını mütaliə edərkən bir məqama diqqət yetirdim. O budur ki, təxminən yetmişinci illərdən başlayaraq 50-60 il sonraya qədər İslam dünyasının ən böyük xanəndə, musiqiçi və əyyaşları ya Mədinədəndirlər, ya da Məkkədən. Şamda oturmuş xəlifənin könlünə nə zaman musiqi düşsəydi, musiqiçi və xanəndə istəsəydi, onun üçün Mədinədən, yaxud Məkkədən məşhur müğənnilər göndərirdilər. Ən pis və ən pozğun şairlər Məkkə və Mədinədə idi. Peyğəmbər (s) vəhyinin nazil olduğu və İslamın doğulduğu yer fəsad və pozğunluq mərkəzinə çevrilmişdi. Bizim Məkkə və Mədinə haqda bunları bilməmiz yaxşıdır. Təəssüf ki, bunlar mövcud əsərlərdə yazılmayıb, amma bir reallıqdır. Mən fəsad və pozğunluğa dair bir nümunə demək istəyirəm.

Məkkədə Ömər ibn Əbu Rəbiə adlı bir şair vardı. O, pozğun və çılpaq şeirlər söyləyən şairlərdən idi. Ömər ibn Əbi Rəbiənin özü və onların Məkkədə nə iş görməsi uyğun dövrün kədərli tarixinin geniş bir hissəsini əhatə edir. Rəvayətçi nəql edir ki, bu şair öləndə Mədinədə ümumi matəm elan olunmuşdu və insanlar şəhərin küçələrində ağlayırdılar. Deyir haraya gedirdimsə, gənclər, qadın və kişilər Ömər ibn Əbi Rəbiənin öldüyünə görə heyfsilənirdilər. Gördüm ki, kiçik bir kəniz bir iş dalınca gedir; məsələn, bir vedrə götürüb su gətirməyə gedir, amma bu halda göz yaşı tökərək həmin şairin öldüyünə görə ağlayır və təəssüflənir. O, bir neçə gəncin yanından keçəndə dedilər ki, nə üçün bu qədər ağlayırsan? Dedi ki, bu kişinin öldüyünə və aramızdan getdiyinə görə. Biri dedi ki, kədərlənmə, Mədinədə başqa bir şair də var: Xalid ibn Məxzumi. O bir müddət Şam alimləri tərəfindən Məkkəyə hakim də təyin edilmişdi. O da Ömər ibn Əbu Rəbiə kimi pozğun və çılpaq şeirlər yazan şairlərdən idi. Həmin gənc sonra bu şairin şeirlərindən birini oxumağa başladı. Bu şeir əl-Əğani kitabında qeyd olunmuşdur. Kəniz bir qədər dinləyəndən sonra göz yaşlarını silib dedi ki, Allaha şükür olsun, O Öz hərəmini boş qoymadı, biri getdisə, yerinə başqa birisi gəldi. Mədinə əhalisinin əxlaqı bu vəziyyətdə idi.

Siz Məkkə və Mədinənin gecə məclisləri haqda çoxlu əhvalatlar eşitmisiniz. Bunlar yalnız aşağı təbəqələrə məxsus deyil, hamıya aiddir. Şair və təlxək olan məşhur əş-Şəb Təmma kimi ac və zavallı dilənçi, adi küçə və bazar adamları, həmin kiçik kəniz və onun kimilər, eləcə də Qüreyşin və hətta Bəni-Haşimin adını çəkmək istəmədiyim məşhur şəxslərinin övladları, Qüreyş gənclərindən olan məşhur şəxslər, qadın və kişilər bu pozğunluğa qərq olmuşdular. Sözügedən Məxzuminin əmirliyi dövründə onun sevdiyi Aişə bint Təlhə təvaf edirdi. Azan veriləndə xanım xəbər göndərdi ki, de azan verməsinlər və mən təvafımı bitirim. O əmr etdi ki, əsr azanı verilməsin. Ona etiraz etdilər ki, sən nə üçün təvaf edən bir qadından ötrü xalqın namazını gecikdirirsən? Dedi ki, Allaha and olsun, əgər sabaha qədər təvafını uzatsa da, azan verməyə qoymayacağam. O zaman vəziyyət belə idi. (1986)


Doqquzuncu fəsil: İmam Səccad (ə)

 

İmam Səccad (ə) haqda danışmaq və yazmaq çətindir. Çünki insanların bu böyük imamla tanışlığına şərait çox əlverişsizdir. Əksər tarixçi və təhlilçilər elə bilirlər ki, bu imam bir tərəfdə oturub ibadətlə məşğul olmuş və siyasətə qarışmamışdır. Bəziləri bunu açıqca söyləmişlər, açıq söyləməyənlərin də qənaəti bundan başqa bir şey olmamışdır. Bunu imama verilən ləqəblərdən və deyilən sözlərdən də anlamaq olar.

Bəzi adamlar ona Xəstə ləqəbi verirlər, halbuki onun xəstəliyi Aşura hadisəsinin baş verdiyi bir neçə günü əhatə edirdi, ondan sonra davam etmədi. Hər bir adam ömründə bir neçə gün xəstələnə bilər. Baxmayaraq ki, bu imamın xəstəliyi ilahi məsələhət üçün olmuşdur. Məqsəd bu idi ki, həmin gün Allah yolunda müdafiə və cihad vəzifəsi onun üzərinə düşməsin və gələcəkdə ağır əmanət olan imamət yükünü götürsün, atasından 35, yaxud 34 il sonraya qədər yaşasın və Şiə məzhəbinin ən çətin dövründə ona rəhbərlik etsin.

Siz İmam Səccadın (ə) həyat sərgüzəştlərinə baxsanız, çoxlu diqqətəlayiq və maraqlı hadisələr görərsiniz. Bizim digər imamlarımızın həyatı da belədir. Lakin siz bunların hamısını bir yerə toplasanız da, İmam Səccadın (ə) həyatını öyrənə bilməzsiniz. Hər bir kəsin əsl həyatı o zaman aydın olar ki, biz onun ümumi istiqamətini bilək və sonra onun həyatının ayrı-ayrı hadisələrini araşdıraq. Bu ümumi istiqamət bilinsə, ayrı-ayrı hadisələr də mənasını tapar. Ümumi istiqamət bilinmədikdə, yaxud səhv bilindikdə isə ayrı-ayrı hadisələr də mənasız olar, yaxud səhv başa düşülər. Bu prinsip yalnız İmam Səccada (ə) və digər imamlara məxsus deyil, hamının həyatında keçərlidir.

İmam Səccadın (ə) Məhəmməd ibn Şahab Zöhriyə məktubu onun həyatından bir nümunədir. Bu, Peyğəmbər (s) ailəsinə mənsub bir şəxsin dövrün bir məşhur aliminə məktubudur. Bu barədə müxtəlif fikirlər irəli sürmək olar: bu məktub köklü və geniş bir mübarizənin bir hissəsi, yaxud sadəcə pis işlərdən çəkindirmə və yaxud bir nəfərin başqa birisinə etirazı sayıla bilər. Öz-özlüyündə və o dövrün digər hadisələrini nəzərə almadan bu məktublaşmadan bir şey anlamaq olmaz. Demək istəyirəm ki, hər hansı hadisəni imamın həyatındakı ümumi istiqamətdən ayırsaq, onun bioqrafiyası anlaşılmaz. Mühüm olan budur ki, biz ümumi istiqaməti diqqətdə saxlayaq.

Bizim ilk mövzumuz İmam Səccadın (ə) həyatdakı ümumi istiqaməti haqdadır. Bunu o həzrətin öz sözlərindən və həyatından faktlarla, eləcə də imamların həyatına dair ümumi qənaətlə xatırladacaq və izah edəcəyəm.

Bizim fikrimizcə, İmam Həsənin (ə) qırxıncı ildə həyata keçən sülhündən sonra Peyğəmbər (s) Əhli-beyti evdə oturub yalnız ilahi hökmləri başa düşdükləri kimi bəyan etməklə qane olmadılar. Sülhün əvvəlindən bütün imamların proqramı bu idi ki, nəzərdu tutduqları şəkildə İslam hakimiyyəti qurmaq üçün fəaliyyət göstərsinlər. Bunu İmam Müctəbanın (ə) həyatında və sözlərində aydın şəkildə görürük.

İmam Həsənin (ə) işi köklü, çox dərin və fundamental iş idi. İmam Həsən (ə) on il belə yaşadı. O bu müddətdə öz ətrafına bəzi qüvvələr topladı və yetişdirdi. Bəzi adamlar müəyyən yerlərdə öz şəhadətləri, öz etirazları ilə Müaviyə rejiminə qarşı çıxdılar və nəticədə onu zəiflətdilər.

Ondan sonra növbə İmam Hüseynə (ə) çatdı. O həzrət də Mədinədə, Məkkədə və digər yerlərdə eyni üsulu davam etdirdi. Nəhayət, Müaviyə dünyadan köçdü və Kərbəla hadisəsi baş verdi. Kərbəla hadisəsi İslamın gələcəyi üçün çox faydalı və səmərəli qiyam olsa da, hər halda, İmam Həsənin (ə) və İmam Hüseynin (ə) izlədiyi məqsədi gecikdirdi. Çünki xalqı qorxudub İmam Həsənin (ə) və İmam Hüseynin (ə) yaxın ətrafını məhv etdilər, hakimiyyətlərini möhkəmlətdilər. Bu təbii şəkildə baş verdi. Əgər İmam Hüseynin (ə) qiyamı bu formada olmasaydı, güman ki, ondan sonra və ona yaxın gələcəkdə Şiə hakimiyyətinə şərait yaranardı. Bu o demək deyil ki, İmam Hüseyn (ə) qiyam etməməli idi. Əslində şəraitə görə həmin vaxt İmam Hüseynin (ə) qiyamı mütləq baş verməli idi. Bunda heç bir şübhə yoxdur. Lakin o şərait olmasaydı və İmam Hüseyn (ə) şəhid edilməsəydi, böyük ehtimalla İmam Həsənin (ə) nəzərdə tutduğu gələcək tezliklə həyata keçərdi.

İmamlar bu xətti və məqsədi izləyir, həmişə İslam hakimiyyəti qurmağa çalışırdılar. İmam Səccadın (ə) fəaliyyəti əslində İmam Hüseyn (ə) Kərbəlada şəhid ediləndən və o, xəstə vəziyyətdə əsir aparılandan başlandı. Əgər o zamana qədər İmam Həsən (ə) və İmam Hüseyn (ə) sözügedən gələcəyi təmin etməli idilərsə, o zamandan İmam Səccad (ə) vəzifəsinə başlamalı oldu və sonra da digər imamlar.

Buna əsasən, biz İmam Səccadın (ə) bütün həyatında bu ümumi məqsədi və əsas xətti axtarmalı, mütləq bilməliyik ki, İmam Səccad İmam Həsən (ə) və İmam Hüseynin (ə) nəzərdə tutduğu amalı həyata keçirmək istəyirdi.

İmam Səccad (ə) hicri tarixi ilə 61-ci ilin aşurasında imamətə çatdı, 94-cü ildə də zəhərlədilərək şəhid edildi. O həzrət bütün bu müddətdə həmin məqsədi izlədi. İndi bu baxışla İmam Səccadın (ə) gördüyü işləri araşdırın. Görün hansı mərhələləri keçdi, hansı taktikalardan istifadə etdi və hansı nailiyyətləri əldə etdi. O həzrətin bütün cümlələrini, hərəkətlərini, Səhifeyi-Səccadiyyədə toplanmış dualarını, münacatlarını və raz-niyazlarını həmin ümumi xəttə və həmçinin imamət müddətində müxtəlif qüvvələrə qarşı tutduğu müxtəlif mövqelərə əsasən izah etmək olar:

1- Übeydullah ibn Ziyadın və Yezidin qarşısında çox şücaətli və fədakar mövqe seçməsinə;

2- Yezid hakimiyyətinin üçüncü ilində və Yezidin əmri ilə Mədinəni dağıdıb xalqın mallarını qarət edən Müsrif ibn Üqbənin qarşısında çox yumşaq və mülayim mövqe seçməsinə;

3- Ən güclü və ən ağıllı Əməvi xəlifəsi olan Əbdülməlik ibn Mərvan qarşısında bəzən sərt, bəzən isə mülayim mövqe seçməsinə;

4- Ömər ibn Əbdüləzizlə rəftarına;

5- İmamın səhabələri və dostları ilə rəftarına və dostlarına verdiyi tövsiyələrə;

6- Saraya və zalım hakimlərə bağlı alimlərlə rəftarına.

Bütün bu hərəkət və rəftarları diqqətlə araşdırmaq lazımdır. Mənim qənaətim budur ki, bu ümumi xətt diqqətdə saxlansa, hər bir hərəkət və hadisə çox dəqiq və səlis məna kəsb edər. Əgər İmam Səccadın (ə) həyatını belə araşdırsaq, o həzrətin yer üzündə Allah hakimiyyətini həyata keçirməkdən və İslamı reallaşdırmaqdan ibarət olan müqəddəs məqsəd yolunda bütün səyindən istifadə edən, ən peşəkar və ən təsirli fəaliyyətlə məşğul olan, Aşura hadisəsindən sonra tükənmək üzrə olan İslam karvanını nəzərəçarpacaq həddə inkişaf etdirən, iki böyük və əsas məsuliyyəti – bu haqda danışacaq və deyəcəyik ki, bizim imamlarımız onların hər ikisini üzərlərinə götürmüşdülər - həyata keçirmiş, işlərdə siyasət, şücaət, diqqət və zərifliyə əməl etmiş bir insan olduğunu bilərik. O, tarixin bütün peyğəmbərləri və uğurlu insanları kimi 35 il yorulmaz mübarizədən və missiyasını yerinə yetirəndən sonra şərəflə dünyadan köçdü və məsuliyyəti özündən sonrakı imama - İmam Baqirə (ə) tapşırdı. İmamətin və yer üzündə Allah hakimiyyətini qurmaqdan ibarət olan böyük vəzifənin İmam Baqirə (ə) tapşırılması hədislərdə aydın şəkildə göstərilmişdir. Rəvayətdə deyilir ki, İmam Səccad (ə) övladlarını toplayandan sonra Məhəmməd ibn Əliyə, yəni İmam Baqirə (ə) buyurdu ki, bu sandığı və silahı götür, bunlar sənə əmanətdir. Sandığı açdıqda isə içində Quranın və bir kitabın olduğunu gördülər.

Məncə o silah siyasi rəhbərliyin, kitab isə ideoloji və düşüncə rəhbərliyinin rəmzidir. İmam onu özündən sonrakı imama təhvil verib rahatlıqla, arxayınlıqla, Allah-Taalanın və ayıq insanların qarşısında çox başıuca halda dünya ilə vidalaşdı. İmam Səccadın (ə) həyatının ümumi təsviri bu idi. (İslamın keşikçisi, say: 6)

İmam Səccadın (ə) dövrü çoxlu çətinliklərlə başlayır. Kərbəla hadisəsi Şiə mərkəzlərində və hətta İslam dünyasının hər bir yerində güclü bir təkan yaratdı. Qətl, təqib, işgəncə və zülm əvvəllər də vardı, amma Peyğəmbər (s) oğlunu öldürmək, Peyğəmbər (s) ailəsini əsir tutmaq, şəhər-şəhər gəzdirmək, Zəhra (ə) əzizinin - Peyğəmbərin (s) onu necə öpdüyünü görənlər hələ də vardı - başını nizəyə taxmaq İslam dünyasını heyrətə saldı. Heç kəs vəziyyətin bu həddə çatacağına inanmazdı. Əgər həzrət Zeynəbə aid edilən bir şeir düzgün olsa, sözügedən məzmunu çatdırır və bu hal bütün xalqa aiddir. Qəfildən siyasətin dəyişdiyi, şiddətin güman edildiyindən artıq olduğu hiss olundu, təsəvvüredilməz məsələlər həyata keçdi. Buna görə, Kufə istisna olmaqla bütün İslam dünyasını güclü qorxu bürüdü. Kufə yalnız Təvvabin qrupunun və sonra Muxtarın sayəsində bundan uzaq qaldı. Kərbəla hadisəsindən irəli gələn qorxu Mədinədə, digər yerlərdə, hətta bir qədər sonra Abdullah ibn Zübeyrin qiyam etdiyi Məkkədə də vardı. İslam dünyasında misilsiz bir qorxu hökm sürürdü.



Geri   İrəli
Go to TOP