A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İslam oyanışı (Ayətullah Seyid Əli Xamenei)
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


İslam İnqilabının Böyük Rəhbərinin Böyük Həcc Konfransı münasibəti ilə müraciəti ( 9 yanvar, 2005)

 

İslam dünyasına hökmranlığını möhkəmlətmək istəyən imperializm

İndi İslam dünyasının bəzi nöqtələrində mübarizlərin fədakarlığı, rəhbərlərin qorxmazlığı və sədaqəti sayəsində İslam oyanışı öz dairəsini genişləndirib, bir çox İslam ölkələrində gəncləri, görkəmli şəxsləri və bütün xalqı meydana çəkdiyindən, hökmranlıq istəyində olanların qəddar siması bir çox müsəlman siyasətçilərə və rəhbərlərə aşkar olduğundan, imperializm başçıları İslam dünyasına hökmranlığı davam etdirmək və möhkəmlətmək üçün yeni üsullar axtarırlar.

İslam İnqilabının Böyük Rəhbərinin Böyük Həcc Konfransı münasibəti ilə müraciəti ( 9 yanvar, 2005)

 

Dünyanın hər yerində imperialist güclərin müsəlmanlara təzyiqi

Görün bu gün dünyada müsəlmanlara qarşı necə rəftar edirlər! Daxili cəlladlar hər yerdə  anlayıblar ki, imperializm müsəlmanların sıxılmasından və kütləvi surətdə qırğınından məmnundur. Odur ki, azad şəkildə müsəlmanlara zərbə vururlar. Bu, Qafqaz müsəlmanlarının vəziyyətidir. Bu, Bosniya və Herseqovina xalqının vəziyyətidir. Bu, Əlcəzairdə inqilabçı müsəlmanların vəziyyətidir. Bu, Sudanda inqilabçı hökumətin vəziyyətidir. Bu, şərafətli və mücahid Əfqanıstan xalqının vəziyyətidir. Bu, məzlum Kəşmir xalqının vəziyyətidir. Bu, məzlum İraq xalqının vəziyyətidir. Dünyanın harasında müsəlmanlar beynəlxalq hegemonluğun və dünya imperialistlərinin xəbislikləri tərəfindən hansısa bir yolla zülmə məruz qalmır?! Müsəlmanların özlərinin dirənişindən, həmrəyliyindən, bir-biri ilə birləşməsindən, İslam cəmiyyətlərinin oyanışından və bütün dünyada əzəmətli İslam potensialını işə salmaqdan başqa çıxış yolu varmı?!

Böyük Rəhbərin həzrət İmamın(r) vəfatının ildönümü mərasimində iştirak edən xarici qonaqlarla görüşdə çıxışı  (3 iyun, 1992)

 

"İslam ümmətinin qəlbi Fələstin eşqi ilə döyünür!"

Fələstini işğal edənlər daim onun-bunun söhbətini ortaya atıb, İran İslam Respublikasının təhrik etdiyini deməsinlər. Heç kəsin təhriki lazım deyil. Bu gün İslam oyanışı sayəsində müsəlman xalqlar ayıqdırlar. Kiminsə onlara deməsi, həvəsləndirməsi və irəliyə aparması lazım deyil, özləri bilirlər. Bu gün Fələstin gəncləri meydandadırlar, yeni nəsillər izzət, səadət və müsəlmanlıq yolunun nə olduğunu anlayırlar. İslam dünyasının hər bir yerində ixlaslı insanların qəlbi onların xatirəsi ilə döyünür. Bu həmrəylik təkcə İrana məxsus deyil; Misirə də getsəniz belədir, Afrikaya da getsəniz belədir, Asiyaya da getsəniz belədir, Orta Şərqə də getsəniz belədir. Siz hansı İslam ölkəsinə getsəniz, hansı müsəlman məzhəbindən olsalar da, əgər məlumatlı və ixlaslı insanları görsəniz, ürəklərinin Fələstin və Fələstin xalqına eşqlə döyündüyünü görəcəksiniz.

Böyük Rəhbərin xalqın müxtəlif təbəqələri ilə görüşdə çıxışı (10 oktyabr,  1996)

 

Müstəqil İslam hökumətindən qorxu hissi

Biz nə üçün inqilab etdik? Nə üçün bu qədər insan öldürüldü? Biz bir günah etməmişdik ki, İraq bizim günahımıza görə hücum etsin. Hücum bundan ötrü idi ki, bir İslam hökuməti, müstəqil bir hökumət yaranmış, İslam dünyasında, İraqın özündə, ərəb ölkələrində, müsəlman ölkələrində oyanış dalğası baş qaldırmışdı. Onlar hamısı hiss etdilər ki, İslam oyanışı onlara da son qoya bilər, buna görə birləşdilər. Başqa sözlə desək, bizdə olan bir müsbət cəhətə görə bizə hücum etdilər, onlarda olan mənfi cəhətə görə yox. Sonra da 8 il təzyiq göstərib bütün bu əzəmətli enerjini xərclədilər. Lakin İranın bir qarış torpağını belə bizdən ala bilmədilər. Onlar istəyirdilər ən azı bütün Xuzistanı alsınlar. Əvvəldə deyirdilər ki, Tehrana qədər gedəcəyik. Amma əgər təkcə Xuzistanı da alsaydılar, onlar üçün bəs idi. Bu az deyildi!

Tələbə nəşriyyələrinin baş redaktorları və məsul şəxsləri ilə sual-cavab toplantısında çıxış  (23 fevral, 1999)


İkinci fəsil: İslam oyanışının yaranış amilləri

İslam oyanışının yarandığı onillik

Şimali Afrikanın, Misirin, Tunisin və digər ölkələrin bugünkü hadisələri biz İran xalqı üçün başqa bir mənaya, xüsusi mənaya malikdir. Bu, həmişə İran xalqının Böyük İslam İnqilabının qələbəsi sayəsində İslam oyanışının yaranması deyilən məsələdir; həmin təsir bu gün özünü göstərir. Odur ki, bu onillik mühümdür.

Tehranın cümə namazı xütbələri ( 4 fevral, 2011)

 

Oyadıcı hadisələr

Xoşbəxtlikdən oyadıcı hadisələr olmuşdur və var. Bu müxtəlif hadisələr, müxtəlif hücumlar, Amerikada şərafətli və əziz Qurana hörmətsizlikdən ibarət olan mənfur hadisə oyadıcı hadisələrdəndir. Bu, insanın qəflət yuxusuna getməməsi, yuxusunun ağırlaşmaması və öz ətrafından xəbərsiz qalmaması üçün çalınan zənglərdir. Bu böyük bir nemətdir. Tarix və inqilab boyunca bizdə belə hadisələr olmuşdur. Mömin, ağıllı və sayıq insanlar bundan istifadə etmişlər; düşmənlərin düşmənliyindən istifadə etmişlər.

Xibrə Məclisi üzvləri ilə görüşdə çıxış (16 sentyabr, 2010)

 

İran xalqı İslam oyanışının öncülü kimi

Bizim xalqımız ayıqdır. Bizim xalqımız birdir. Bizim xalqımız dünya hadisələrini həvəslə və qayğıkeşliklə izləyir, İslam dünyasının işləri ilə maraqlanır, onlara münasibət bildirir. Bunun bir nümunəsi Qüds günü əzəmətli yürüşdür. Bütün ölkədə, bütün şəhərlərdə, hətta əksər kəndlərdə xalq toplanıb yürüş etdi, heç zaman görmədiyi və yaxından tanımadığı, lakin problemlərini öz problemi saydığı müsəlman qardaşlarının xeyrinə şüar səsləndirdi. Bu, imana görədir. Bu, İslam oyanışına görədir. Bu, böyük və mərhum İmamımızın bizi çatdırdığı yoldur. Biz bu yolla gedirik. İnsanın qarşı tərəfdəki geniş cəbhənin müxtəlif hissələrində müşahidə etdiyi təhdidlər, müxalifətlər, ədavətlər, qərəzçiliklər və şərəfsiz əməllər bu xalqı haqq yoldan saxlaya bilməyəcək.

Hakimiyyətin məsul şəxsləri və İslam ölkələrinin səfirləri ilə görüşdə çıxış (10 sentyabr, 2010)

 

İslam oyanışı - fikir və düşüncənin təzahürü

İslam oyanışının nümayəndələri bu gün İslam dünyasında terrorizmin simasını göstərən şəxslər deyillər. İraqda bu cinayətləri törədənlər, İslam dünyasında İslam adı ilə müsəlmanların əleyhinə fəaliyyət göstərənlər, müsəlmanlar arasında şiə-sünni, millətçilik zəminində ixtilaf yaratmağı özünün ən mühüm vəzifəsi seçən şəxslər heç zaman İslam oyanışının nümayəndəsi ola bilməzlər. Bunu hegemonçuların özləri də bilirlər. İslamı Qərb dünyasına mürtəce və dəhşətli qruplar formasında tanıtdırmağa çalışan şəxslər həqiqətin bundan fərqli olduğunu bilirlər. Bu gün oyanışını dünya hiss edən İslam fikir, dərin düşüncə və yeni söz İslamıdır; bəşər həyatının düyünlərini açmaq üçün çıxış yolları təqdim edən İslamdır, qapalı İslam deyil, gözübağlı İslam deyil, hər növ fikir azadlığından uzaq İslam deyil. Bunu hegemonçular anlayırlar.

İslam İnqilabının Böyük Rəhbərinin hakimiyyətin məsul şəxsləri və xalqın müxtəlif təbəqələri ilə görüşdə çıxışı ( 2 sentyabr, 2005)

 

İmam Xomeyni - İslam oyanışının nümayəndəsi

Bizim böyük İmamımızın məntiqi ağıl məntiqi, fikir məntiqi, aydın əməl məntiqi, insaniyyət, insani norma, insani əxlaq və əxlaqi dəyərlər məntiqi idi. Dünya bunu istəyir. İslam oyanışının nümayəndəsi bütün dünya ilə, hətta mömin və müsəlmanlarla da  qaşqabaqlı çöhrə ilə üz-üzə gələn şəxs deyil; bəzilərini kafir elan edən, bəzilərini millətçiliklə, bəzilərini tayfabazlıqla, bəzilərini bəhanələrlə hücuma məruz qoyan şəxslər deyillər. Bunların varlığı çox şübhəlidir. Ümumiyyətlə belə şəxslər varmı, yoxsa  İsrailin, Amerikanın və İngiltərənin casus şəbəkələrinin adamları belə fəaliyyət göstərib dörd qafil insanı da öz fəaliyyətlərinə qoşa bilmişlər? Bu da inkarolunmaz bir faktdır. Başqa bir fakt da budur ki, Qərb dünyası özünün bütün qüvvəsi ilə İslam oyanışına qalib gələ bilməmişdir. Müxtəlif müsəlman bölgələrində İslamın əleyhinə, İslam Respublikasının əleyhinə, İslamın böyük rəhbərlərinin və islahatçılarının əleyhinə və İslam hökmlərinin əleyhinə bu qədər təbliğat apardılar, bu qədər muzdur yetişdirdilər, İslamı söymək, onun hökmlərini ittiham etmək üçün, hərbi üsuldan istifadə etdilər, iqtisadi üsuldan istifadə etdilər, qəribə və heyrətli şəkildə geniş media təbliğatı apardılar. Amma indiyədək bir şeyə nail olmamışlar. Müsəlman ölkələrində müsəlman gənclərin ən çox meyli İslama və İslam təfəkkürünədir. Bu şövq və eşq müsəlman xalqların qəlbində günbəgün artır.

İslam İnqilabının Böyük Rəhbərinin hakimiyyətin məsul şəxsləri və xalqın müxtəlif təbəqələri ilə görüşdə çıxışı (2 sentyabr, 2005)

 

İslam inqilabı İslam oyanışının müdafiəçisidir

Biz İslamın, müsəlmanların və İslam oyanışının tərəfdarıyıq, istismarçı qüvvələrin məzlum xalqların zəngin qaynaqlarının qəsbinə qarşı çıxırıq, müstəmləkəçiliklə və istismarçılıqla müxalifik. Bu təkcə dildə və sözdə deyil. Bizim etiqadımız budur. Bizim xarici siyasətimiz də budur və bu, qeyd etdiyim kimi, İslam Respublikasının təfəkkürünə əsaslanır.

İslam İnqilabının Böyük Rəhbərinin Xarici İşlər Nazirliyinin məsul şəxsləri və İran İslam Respublikasının ölkə xaricindəki nümayəndəliklərinin başçıları ilə görüşdə çıxışı (16 avqust, 2004)

 

Mənəviyyat, ağıl və ədalət İslamı

Bizim İslamımız budur: mənəviyyat, ağıl və ədalət İslamı. İslamın adı ilə qane olmuruq ki, liberal İslamımız olsun, Qərbin və Amerikanın dəyərlərini yaysın, onların üsullarından istifadə etsin, müxtəlif sahələrdə onlarla həmrəy olsun və arabir Nüdbə duası da oxunsun. Biz mürtəce Taliban İslamını da qəbul etmirik. Nəinki indi qəbul etmirik, o hərəkatın əvvəlindən qəbul etmirdik. Sizin aranızda ötən tarixə şahid olanlar var. Onlar inqilabdan öncəki dövrü xatırlayır, inqilabdan qabaqkı İslam cərəyanlarını tanıyır və mənim nə dediyimi bilirlər. Bu hərəkatın istiqaməti əvvəldən aydınlıq və məntiq istiqaməti, qapalılıqla müxalifət olmuşdur. Bu gün də bizim İslam təfəkkürümüzdə həmin istiqamət zəifləməmişdir, hətta gücləndirilmişdir. Biz bunların arasından öz düzgün yolumuzu seçmişik və irəliləyirik. Əsas işimiz budur. Bizim diplomatiyamız bu təməllər üzərində qurulmuşdur. Biz belə bir İslam istəyirik. Biz İslam Respublikasının möhkəmlənməsini, İslam oyanışını və  məqsədlərimizin reallaşmasını istəyirik. Əsla istəmirik və yol vermərik ki, bizi hazırkı beynəlxalq qaydalarında əridib, kimliyimizi və şəxsiyyətimizi ortadan götürsünlər.

İslam İnqilabının Böyük Rəhbərinin Xarici İşlər Nazirliyinin məsul şəxsləri və İran İslam Respublikasının ölkə xaricindəki nümayəndəliklərinin başçıları ilə görüşdə çıxışı  (16 avqust, 2004)

 

İslam inqilabı ədəbiyyatında yeni məfhumlar

Bu gün İslama düşmən cəbhənin bütün fəaliyyəti dünyada İslam oyanışı hərəkatını boğmaq üzərində mərkəzləşmişdir. Hər yerdən artıq da İran xalqı və ölkəsi üzərində dayanırlar. Çünki İran xalqı dünyaya örnək verdi, öz düşüncələri və dünyada müsəlmanlar üçün ortaya qoyduğu yeni məfhumlarla, etdiyi fədakarcasına cihadla, inqilabın 24 illik ömrü boyunca iranlı kişi və qadının, gənc və qocanın göstərdiyi şücaətlə müsəlman xalqların diqqətini cəlb edib, İslam ölkələrində İslam oyanışı dalğasını yarada bildi. Bu səbəbdən, İslam oyanışının bu mərkəzi ilə hər yerdən və həmişəkindən daha artıq düşməndirlər. Bu düşmənliyi qərəzlə, xəbisliklə, yalan təbliğatla və qəzəbli kobudluqla ortaya qoyurlar. Məqsəd də İran xalqını və məmurları vahiməyə salmaq və hamını qorxutmaqdır. Onlar qürrələnmələrinə səbəb olan uğursuz təcrübələrindən istifadə edib bu qədər əzəmətli bir xalqı, bu qədər möhkəm bir inqilabı və quruluşu öz önlərindən geri çəkilməyə vadar etmək istəyirlər.

İslam İnqilabının Böyük Rəhbərinin İran İslam Respublikasının banisi həzrət İmam Xomeyninin (r) vəfatının 14-cü ildönümündə çıxışı ( 4 iyun, 2003)

 

İslam təməllərinə və prinsiplərinə qayıdış istəyi

Bu gün İslam dünyasında vəziyyət dəyişmişdir. Bütün İslam dünyasında İslam oyanışı hiss olunur. İslam dünyasının hər yerində müxtəlif mərhələlərdə olan əzəmətli hərəkat müşahidə olunur, izzət, inkişaf və tərəqqi amili olan İslam təməllərinə və prinsiplərinə qayıdış istəyi görünür. İslam dünyasının ziyalıları, alimləri və siyasi xadimləri bu hərəkatı gücləndirməlidirlər. Gənclər arasında İslam oyanışı hərəkatının İslam hökumətlərinin zərərinə olduğunu güman etmək yanlışdır. Xeyr, İslam hökumətləri İslam oyanışı sayəsində imperialist qüvvələrin onlardan aldığı izzəti özlərinə qaytara bilərlər.

İslam İnqilabının Böyük Rəhbərinin İslam Peyğəmbərinin (s) doğum günü münasibəti ilə hakimiyyətin məsul şəxsləri və məmurları ilə görüşdə çıxışı (19 may, 2003)

 

İnqilabın bahar mehinə bənzər yayılması

İslam ümməti oyanış yelini hiss etmiş və İslam maarifinə qayıdış ətrini duymuşdur. Bunların hamısı siz xalqın böyük hərəkatından və bu okeanı təlatümə gətirib ürəkləri agah edən böyük və səmavi insandan - yəni əzəmətli mərhum İmamdan qaynaqlanır. Onlar da anlamışlar. Onların sizinlə, imamla, İslam inqilabı və İslam quruluşu ilə düşmənliyi ondan ötrüdür ki, burada bir bulağın qaynadığını və bütün İslam dünyasına sarı axdığını bilirlər. Dedilər ki, inqilabı ixrac etməyin. Biz dedik, məgər inqilab əmtəədir ki, insan onu ixrac etsin! İnqilab gözəl çiçək ətri kimidir; özü “ixrac” olur. İnqilab bahar mehi kimidir; tutqun və üfunətli fəzaları özü dəyişib yerbəyer edir. İnqilabı kimsə ixrac etməməlidir, inqilab özü ixrac olmalıdır!

İslam İnqilabının Böyük Rəhbərinin müəllim və fəhlələrlə görüşdə çıxışı (30 aprel, 2003)

 

Hegemonluğun İslam hakimiyyəti ilə aşkar müxalifliyi

Bu gün İslam və Quran hakimiyyətinin düşmənlərinin vəziyyəti elə bir həddə çatıb ki, İslamla və İslam hakimiyyəti ilə müxalif və düşmən olduqlarını gizlətmirlər. Bir gün bunu gizlədirdilər. Bir gün iddia edirdilər ki, xalqlar nə istəyirsə, o da olsun. Bir gün deyirdilər ki, biz xalqın dininə, məzhəbinə, fikir və etiqadlarına qarşı çıxmırıq. Lakin zamanın ötməsi ilahi qanunların işləməsinə bais oldu. Bu xalqın oyanışı, İslam istəyi, səhnədə iştirakı, aktiv fəaliyyətləri hegemonluğu zəiflətmişdir. Onlar İslam hökuməti və İslam hakimiyyəti ilə müxalif olduqlarını açıq şəkildə deməyə, bunu etiraf etməyə məcburdurlar. Bu onların həyatında mövcud olan paradokslardan biridir. Bu, ilahi qanunların onları məcbur etdiyi məsələlərdən biridir.

Həzrət Mehdinin (ə) doğum gününün ildönümündə Qum əhalisinin böyük toplantısında çıxış (19 fevral, 1992)

 

İslam İnqilabı və müsəlman cəmiyyətlərinin arzusunun reallaşması

Əgər bu sözlər nə zamansa şişirdilmiş və reallıqdan uzaq görünürdüsə, bu gün İslam inqilabının qələbəsini, hər yerdə müsəlmanların oyanışını, hegemonluğun və dünya super güclərinin mahiyyət zəifliyinin aşkarlanmasını nəzərə alaraq, daha təəccüb doğurmur. Yubanması mümkündür, lakin hökmən baş verəcək. Müsəlman xalqlar və müsəlman cəmiyyətlər hamıdan tez qurtulacaqlar.

Əsirlikdən azad olmuş ruhani və hövzə tələbələri ilə görüşdə çıxış (27 oktyabr, 1990)

İslam hər bir istismarçının qarşısında dayanacaq!

İslam və İslam oyanışı hər bir istismarçının qarşısında dayanmışdır və dayanacaq. Hər hansı bir İslam hərəkatı əgər həqiqi olsa, böyük bir cəmiyyət olan dünya müsəlmanlarını özünə cəlb edəcək. Bu, böyük güclər üçün bir təhlükədir. Odur ki, beynəlxalq hegemonluq dünyanın müxtəlif yerlərində baş verən digər inqilablardan İslama arxalanan inqilablar qədər qorxmur. Bu gün təbii iqtisadi sərvətlər, strategiya və ictimai vəziyyət baxımından dünyanın ən həssas nöqtələrinin böyük bir hissəsi müsəlmanların əlindədir. Dünyanın üç böyük və mühüm qitəsinin - yəni Asiya, Afrika və Avropanın birləşdiyi nöqtələr müsəlmanların ixtiyarındadır. Ən mühüm neft mənbələri və dünyanın bir çox mənbələri müsəlmanların əlindədir. Bu gün hegemonçu dünya, qızıl və güc imperatorluqları bilirlər ki, əgər İslam dini müsəlmanların və İslam cəmiyyətlərinin ürəyində yenidən canlansa, onların istismarçılığa, hegemonluğa və dünyanın ikiqütblü olmasına dair maraqları təhlükəyə düşəcək.

Məşhəd, Tehran şəhərlərinin və Kurdüstan vilayətinin əlaçı şəhid övladları və əlilləri ilə görüşdə çıxış ( 12 sentyabr, 1990)

 

İslam inqilabı, dünya balansı və Şərq blokunun sıradan çıxması

Böyük İmamımızın hərəkatı bu gün dünyanı böyük gərginlik sobasına atıb, Şərq və Qərbi öz ətraflarında fırladır. Dünyanın bu hadisələrinin bəzisi birbaşa, bəzisi isə dolayısı ilə bizim İslam inqilabımızla əlaqədardır. Bu gün ikiqütblü şəkildə formalaşmış dünyada bir qütbün dünyanın siyasi səhnəsindən çıxarılması və daha Şərq və Sosialist bloku adlı bir şeyin mövcud olmaması, kiçik ölkələrin, güclərin, hökumətlərin, müxtəlif xalqlar və rejimlərin münasibətlərindəki dünya balansının tamamən pozulması İranda İslam və din inqilabının qələbəsi, müsəlmanların oyanışı və vicdanlarda dini hissin oyanması ilə əlaqədardır.

Qum Elm Hövzəsi və Tehranın elmi mədrəsələrinin alimləri, müəllimləri və tələbələri ilə görüşdə çıxış (21 fevral, 1990)

 

İslam Respublikası İran xalqının müqavimətinin şirin səmərəsi kimi

Biz böyük xalqımızın müqavimətinin nəticəsini və şirin səmərəsini müşahidə etməkdəyik. O, İslam İranının möhkəmliyi, İslam İranının izzəti, regionda və hətta bu regionun xaricində müxtəlif hadisələrdə İslam İranının təsir gücüdür. Hiss edirik ki, iman və İslam bizə izzət verdi, bizə tərəqqi verdi, bizi amallarımıza yaxınlaşdırdı. İmanımızı nə qədər gücləndirsək, İslamın cəmiyyətdə və İslam dəyərlərinin öz aramızda həyata keçməsini nə qədər artırsaq, bu izzət artacaq, bu tərəqqi artacaq, maddi və mənəvi həyat düzələcək. Bu, gənclərin və xalqın iradəsindən, xalqın imanından asılıdır.

Şərqi Azərbaycan əhalisi ilə görüşdə çıxış (18 fevral, 2011)

 

İmam Xomeyni məktəbi və təfəkkürü  dünyada təsirli amildir

Bir nəfər təkbaşına meydana atıldı. Allah-Taalanın onun vücudunda yaratdığı və eləcə də sonradan əldə etdiyi xüsusiyyətləri sayəsində ona verdiyi əzəmətli cazibələrlə ürəkləri özünə sarı çəkdi, əl-ayaqları hərəkətə, beyinləri düşüncəyə vadar etdi və burada bu əzəmətli, beynəlxalq hərəkatı və dünyada İslam oyanışını vücuda gətirdi. Bundan sonra imamın yolu, imamın hikməti, imamın məktəbi və imamın təfəkkürü dünyada işlər görəcək və nəsillər onu təcrübədən keçirəcək.

Böyük Rəhbərin Tehranda cümə namazı xütbələri ( 1 oktyabr, 1999)

 

İslamın və inqilabın möcüzəsi

Bu inqilabın düşmənləri və əleyhinə plan cızanlar getdikcə onun dünya miqyasındakı təsirlərinin zəifləyib unudulmasını gözləyirdilər. Lakin İslam dünyasında ilk növbədə nəzərəçarpacaq məsələ budur ki, İslam inqilabının qələbəsindən 18 il ötdükdən sonra düşmənlərin istəyinin və fikrinin əksinə olaraq, bu inqilaba, onun misilsiz və böyük tarixi təsirinə, yəni müsəlman ölkələrində İslam oyanışına diqqət günbəgün artır. Bunun özü İslam və inqilabın möcüzələrindən biridir.

Böyük Rəhbərin Fitr bayramı namazında xütbəsi (10 fevral, 1997)

 

İslam inqilabı və əsl İslamın dirçəlişi

Həzrət İmam Xomeyninin rəhbərliyi ilə baş verən İslam inqilabı əsl Məhəmməd (s) İslamını dirçəltdi, dünyada dərin və sürətli hadisələrin başlanğıcı, böyük güclərin və imperiyaların süqutunun müjdəçisi oldu. Müsəlmanların oyanışı, özünəqayıdışı və müqaviməti bizim ilahi qüdrət və hikmətin gözəlliklərini müşahidə etməyimizə səbəb oldu. Dinin qələbəsinə, müsəlmanların imkanlılığına, saleh insanların varisliyinə, məzlum və məhrumların canişinliyinə dair Allahın qəti vədəsini dövrün sınaqlarının aynasında əminliklə dərk etdik, zühuru vəd olunmuş Mehdinin (ə) qiyamını və o həzrətin ümumdünya ilahi dövlətinin bərqərar olunmasını həqiqətən gözlədik.

Pakistanda keçirilən seminara müraciət ( 10 may, 1992)

 

İslam hərəkatlarının güclənməsi

Ötən il baş verən mühüm hadisələrdən başqa biri müxtəlif ölkələrdə müsəlmanların oyanışı və İslam hərəkatlarının güclənməsidir. Ötən il bu barədə xəbərlər aldıq və əziz xalqımız bunları eşitdi.

Böyük Rəhbərin Novruz bayramı münasibətilə müraciəti (21 mart, 1992)


Üçüncü fəsil: İslam oyanışının meyarları və əsərləri

İslam oyanışı hegemonluğun ifşaçısı və təhlükəsi

Bu gün dünya hegemonluğu, dünyanın siyasi quldurları, fəsada və tənəzzülə qərq olmuş dəbdəbə və güc imperatorluqları İslamla və İslam quruluşu ilə düşməndirlər. Çünki onların ifşaçısı və təhdidi İslam və müsəlmanların oyanışıdır. Təbii ki, İslamın, İslam quruluşunun və İslam Respublikasının əleyhinə bacardıqları hər bir işi görəcəklər.

Təlim və Tərbiyə Nazirinin və Tehran vilayətinin müəllim və şagirdlərinin beyət mərasimində çıxış (16 iyun, 1989)

 

Haqq və batilin meyarı

Siz görürsünüz ki, dünyanın bütün zalım qüdrətləri, ölkələrə müdaxilə etməklə və onların maraqları əleyhinə işləməklə məşhur olan, müstəmləkəçiliyi yaradan, qanlı müharibələr törədən, xalqları alçaldan, onların sərvətlərini mənimsəyən şəxslər, öz sözləri ilə desək, Livan məsələsində çıxış yolu tapmağa çalışırlar. Bu çıxış yolu nədir? Xalq, yoxsa hegemonların problemlərindən çıxış yolu? Çünki Livanda təkcə xalqın problemi yoxdur. Livanda xalqın oyanışına, əsl Məhəmməd (s) İslamı təfəkkürünün yayılmasına, xalqın cihada, mübarizəyə, sakit oturmamağa və xarlığı qəbul etməməyə dair etiqadından dolayı Amerikanın və mürtəce dövlətlərin də problemi vardır. Axtardıqları çıxış yolu kimin çıxış yoludur? Hegemonların probleminə çıxış yolu arayırlar, yoxsa xalqın? Haqq və batilin meyarı və əlaməti burada bilinir.

Məzlum və Məhrumların Müdafiəsi və onlar üçün xidmət orqanları və təşkilatlarının əməkdaşları ilə görüşdə çıxış ( 4 oktyabr, 1989)

 

Hegemonçu sistemin İslam oyanışına qəzəbi

Hegemonçu sistemin, xüsusən də Amerikanın qəzəblənməsi bütün İslam dünyasında İslam oyanışının günbəgün artmasına görədir. Ümid bəsləmişdilər ki, İslam Respublikasının şüarları get-gedə dünyada köhnəlib təsirsiz olacaq. Lakin əksinə şahid oldular. Bunlar bütün dünyada müştaq insanların məşəli olan imamın vəfatı ilə İslam şüarlarının təsirsiz olub unudulacağına ümid bəsləmişdilər. Lakin gördülər ki, olmadı.

İmam Hüseynin (ə) doğum gününün ildönümündə keşikçilər korpusu ilə görüşdə çıxış   (1 mart, 1989)

 

Zalım güclərin xalqların mənəvi və dini duyğularından qorxusu

Bu gün hegemonçu qüvvələr rəqibsiz və müxalifsiz bir meydanda dördnala çapmalarına baxmayaraq, dünyada bir iş görə bilməmişlər. Ən böyük hegemon qüvvələr də xalqların mənəvi və dini duyğularından qorxurlar. Bu gün Amerikanın cilovsuz və rəqibsiz qüdrəti qarşısında dayanıb müqavimət göstərən və Amerikanı qorxudan yeganə amil insanların mənəvi oyanışıdır; xüsusən də İslam bölgələrində. Bir çox xalqların arasında görünən bu dini ruhiyyəni və mənəviyyata təmayülü siz yaratdınız. Sizin mübarizəniz yaratdı.

Şəhid ailələri ilə görüşdə çıxış  (9 oktyabr, 1991)

 

"Böyük güclərin zoru günbəgün zəifləyir!"

Allaha həmd olsun ki, biz üfüqü aydın görürük. Biz bu oyanışı mübarək oyanış sayırıq. Biz hiss edirik ki, böyük qüdrətlər günbəgün zəifləyir. Necə ki, bir böyük qüdrətin  devrilməsi ilə dünya coğrafiyasının əzəmətli bir məcmusu məhv oldu. Dünyada bəlli şəkildə hökmranlıq edən həmin böyük gücdən bu gün əsər-əlamət yoxdur. Bu, dünyanın rəftarını bizə göstərir.

Mübarək Məbəs bayramı İslam Respublikası quruluşunun məsul şəxsləri və Fəcr ongünlüyü mərasimində iştirak edən xarici qonaqlarla görüşdə çıxış ( 2 fevral, 1992)

 

Qərbin təhqir və hökmranlıq tilsiminin sınması



Geri   İrəli
Go to TOP