A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Kəhrəba, Şəhadət günəşi (Ayətullah Seyid Əli Xamenei)
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Kufə əhalisinə yazdığı məktubda isə buyurdu ki, İslam cəmiyyətinin imamı, rəhbəri və başçısı günah, xəyanət və fəsad sahibi və Allahdan uzaq bir şəxs ola bilməz. O, Allahın kitabına əməl edən şəxs olmalıdır; yəni cəmiyyətdə buna əməl etməlidir, özü xəlvət bir otaqda yalnız namaz qılmamalıdır. Kitaba əməl etməyi cəmiyyətdə dirçəltməlidir, ədalətlə rəftar etməlidir, haqqı cəmiyyətin qanunu etməlidir. Yəni haqq dini cəmiyyətin qayda və qanunları etməli, batili kənara qoymalıdır. Nəyin bahasına olursa-olsun, özünü Allahın doğru yolunda qorumalı, maddi və şeytani gözəlliklərin əsiri olmamalıdır. Vəssəlam. Görürük ki, burada məqsədi müəyyən edir.

Düşmənə müraciət: Peyğəmbər (s) hökmünə əməl etmək

Hürr ibn Yezidlə birgə - həzrət hara gedirsə, o da yanında hərəkət edir - Beyzə adlı bir yerə çatdılar. Bəlkə də istirahətdən öncə, yaxud bir qədər istirahət etdikdən sonra həzrət ayağa qalxıb düşmən ordusuna müraciətlə buyurdu: “Ey insanlar həqiqətən Allahın Rəsulu (s) buyurmuşdur: “Kim Allahın haramını halal edən, Allahın əhdini sındıran, Peyğəmbər (s) sünnəsinə qarşı çıxan, Allahın bəndələrinə qarşı günah və düşmənçilik edən zalım bir hökmdarla üzləşsə, əməli və ya sözü ilə ona etiraz etməsə, Allahın haqqıdır ki, bu şəxsi də o zalımı daxil etdiyi yerə (cəhənnəmə) daxil etsin“. Yəni Allah-Taala qiyamətdə bu sakit, laqeyd və bir iş görməyən şəxsi o zalımı düçar etdiyi taleyə düçar edəcək; onunla bir sırada və bir cinahda duracaq. Qabaqca qeyd etdi ki, bu məsələnin hökmünü Peyğəmbər (s) buyurmuşdur. Bu qeyd etdiyimiz nümunələrdən biridir. Peyğəmbər (s) İslam quruluşunun yoldan yayındığı təqdirdə nə etməyin lazım olduğunu müəyyənləşdirmişdi. İmam Hüseyn (ə) də Peyğəmbərin (s) həmin buyruğuna istinad edir. Deməli, vəzifə nədir? Vəzifə sözlə və əməllə vəziyyəti dəyişdirməkdir. İnsan belə bir şəraitə düşdükdə və sözsüz ki, münasib bir zamanda bu əməlin qarşısında qiyam etmək və addım atmaq vacibdir; nəticə nə olursa-olsun; öldürülsün, sağ qalsın, zahirən uğur qazansın, yaxud qazanmasın. Bu vəziyyətin qarşısında olan hər bir müsəlman qiyam etməlidir. Bu, Peyğəmbərin (s) buyurduğu vəzifədir.

Sonra İmam Hüseyn (ə) buyurdu ki, mən bu qiyama və bu işə bütün müsəlmanlardan daha layiqəm; çünki mən Peyğəmbər (s) övladıyam. Əgər Peyğəmbər (s) bu dəyişdirmə işini bütün müsəlmanlara vacib etmişdirsə, bəllidir ki, Peyğəmbər (s) oğlu, Peyğəmbər (s) elminin və hikmətinin varisi olan Hüseyn ibn Əliyə (ə) digərlərindən daha vacib və daha münasibdir. Və mən bunun üçün hərəkət etdim. Burada da imam öz qiyamının səbəbini bəyan edir.

Əzyəd mənzili: Nəticə bu vəzifəyə təsir etmir!

Dörd nəfərin İmam Hüseynə (ə) qoşulduğu Əzyəd mənzilində buyurdu ki, and olsun Allaha, mən Allahın bizim vasitəmizlə istədiyi xeyri arzulayıram; istər öldürülək, istər zəfər çalaq. Yəni istər qələbə çalsınlar, istər öldürülsünlər, fərqi yoxdur, vəzifə vəzifədir və icra olunmalıdır. Buyurdu ki, mən Allah-Taalanın bizim üçün nəzərdə tutduğunun bizim xeyrimizə olduğuna ümidvaram; istər öldürülək, istər qələbə çalaq, fərqi yoxdur. Biz vəzifəmizi yerinə yetiririk.

Kərbəlanın ilk xütbəsi: Haqqa əməl etmək və batilin qarşısını almaq

Kərbəla torpağına daxil olduqdan sonra belə buyurdu: “Görmürsünüz ki, daha haqqa əməl olunmur və batildən çəkindirilmir?!...“

Əbu Abdullahın (ə) qiyamının nəticəsi

Bəlidir ki, əgər iman iddiaçıları İmam Hüseynə (ə) qarşı ayrı cür rəftar etsəydilər, birinci nəticə (qələbə və hakimiyyət) hasil olardı. Bu həmin dövrdə xalqın dünya və axirətini düzəldə bilərdi və Peyğəmbər (s) dövründə olduğu kimi, imaməti fəsadlı və fəsad törədən şahlığın yerinə qoyardı.

Əbu Abdullahın (ə) qiyamı zahirdə düşmən qoşunları ilə döyüşməklə, onun və dostlarının şəhid, ailəsinin və digər yoldaşlarının əsir olması ilə nəticələndi. Lakin demək olarmı bu aqibət Şəhidlər ağasının məğlubiyyəti və düşmənin qələbəsi idi?!

Məsələnin zahiri belədir ki, dövrün ən dəyərli insanları Aşura hadisəsində məhv edildilər. Hüseyn ibn Əli (ə) ailəsinin bütün görkəmli şəxsiyyətləri və gəncləri ilə - qeyrətli səhabələri, qardaşları, övladları, yaxınları və gəncləri ilə birgə çox qərib şəkildə şəhidliyə qovuşdu və çox qərib şəkildə də dəfn olundu; nə kimsə onların cənazəsini müşayiət elədi və nə kimsə onlar üçün əza saxladı. Kərbəlanın sağ qalmış yeganə kişisi olan İmam Səccad (ə) da o zamandan 34 il sonraya qədər Mədinədə zahiri təcrid halında yaşadı; nə qoşun, nə toplum, nə hay-küy vardı.

Maddi məntiqlə hökumət edən maddi güclərin yanlış təsəvvürü adətən belədir ki, bunlar bitdilər və məhv oldular. Lakin görürsünüz ki, həqiqət belə deyil. Bunlar bitmədilər. Bunlar qaldılar; əzəmətləri, gözəllikləri və təsirləri günbəgün artdı, qəlbləri fəth etdilər. Bu gün şiə və qeyri-şiə olan yüz milyonlarla müsəlman bunların adına təbərrük edir, sözlərindən bəhrələnir və xatirələrini uca tuturlar. Bunlar tarixdə qələbədir; həqiqi və həmişəyaşar qələbə.

İslamın keşiyini çəkmək

Əbu Abdullahın (ə) hərəkəti və qiyamı bütün bu düşmənçiliklərə rəğmən, möhkəm bir təməl kimi İslamın dünyada 1300 ildən artıq canlı və uca qalmasına bais oldu. Əslində Hüseyn (ə) Aşurası İslamın yaşamasının ən mühüm amillərindən biridir.

Elə bilirsiniz ki, o şəhidlik, o pak qan və elə böyük hadisə olmasaydı, İslam qalardı? Şübhəniz olmasın ki, qalmazdı; şübhəniz olmasın ki, hadisələr tufanında məhv olardı. Ola bilsin tarixi bir din kimi bir qrup zəif tərəfdarla dünyanın harasındasa qalardı, amma canlı İslam qalmayacaqdı. İslamın təkcə adının və xatirəsinin qalması mümkün idi. Amma bu gün görürsünüz ki, İslam 1400 ildən sonra dünyada canlıdır, qurucudur. Bu gün İslam dünyada həyatvericidir. Bu gün İslam dünyada xalqları ən aydın və ən işıqlı ümid kimi özünə cəlb edir. Bunların hamısı Kərbəla hadisəsinin və Hüseyn ibn Əlinin (ə) fədakarlığının nəticəsidir.

Bənzərsiz örnək və həmişəyaşar nümunə

Böyüklərə bənzəmək və övliyalara mənsub olmaq zirəklərin işidir. Hər kəs bir örnək istəyir, bir nümunəni və idealı izləyir. Lakin örnək tapmaqda hamı düzgün yolu seçmir. Xalqlar üçün örnək çox əhəmiyyətli məsələdir. Siz baxın, müxtəlif xalqların hansısa bir şəxsiyyətində bir əzəmət damlası mövcud olsa, onu mütləqləşdirirlər, böyüdürlər, adını əbədiləşdirirlər; ona görə ki, nəsillərinin ümumi hərəkətini istədikləri istiqamətə yönəltsinlər. Bəzən həqiqi şəxsiyyətləri olmur, amma dastanlarda, şeirlərdə, müxtəlif milli əfsanə və miflərdə olanları ortaya qoyurlar. Bunların hamısı ondan irəli gəlir ki, xalqlar öz daxilindən böyük nümunələr görməyə ehtiyaclıdırlar.

Dünyada bəzi adamlardan "hansı şəxsiyyət sizi özünə cəlb edir” - deyə soruşsanız, ömürlərini nəfsə itaətdə keçirən və yeganə hünərləri yalnız qafillərin xoşuna gələn, kiçik və qafil insanları bir neçə anlıq əyləndirən kiçik, dəyərsiz və əskik insanları göstərəcəklər.

Allah övliyalarının ən böyük xüsusiyyəti budur: onlar o qədər şücaətli, güclü və qüdrətlidirlər ki, öz nəfslərinin hakimi ola bilirlər, nəfslərinə əsir olmurlar. Qədim filosof və həkimlərdən biri barəsində deyilənə görə, Makedoniyalı İsgəndərə dedi ki, sən mənim qullarımın qulusan. İsgəndər təəccübləndi və qəzəbləndi. Dedi ki, qəzəblənmə, sən öz şəhvətinin və qəzəbinin qulusan; bir şeyi istəyəndə dözmürsən, bir şeyə əsəbiləşəndə dözmürsən; bu, şəhvət və qəzəb qarşısında köləlikdir. Halbuki şəhvət və qəzəb mənim köləmdirlər. Bu əhvalat doğru, yaxud həqiqətdən uzaq ola bilər. Lakin Allah övliyalarına, peyğəmbərlər və bəşərin ilahi hidayət yolunun bələdçiləri barəsində doğrudur. Onun nümunələri Yusif, İbrahim və Musadır. Allah övliyaları arasında da çoxlu nümunələr vardır. Ən zirək insanlar bu böyük, şücaətli və qüdrətli insanları örnək seçən və bu yolla özlərinə mənəvi iqtidar və əzəmət qazanan şəxslərdir.

Əbu Abdullahın (ə) qiyamı tarix boyu bütün xalqlar qarşısında işıqlı məşəldir; ondan bəhrələnməklə kamal və səadət yolunu tapmalıdırlar. Belə əzəmətli və parlaq bir iş yalnız böyük və nurlu bir varlıqdan baş verə bilər. Əbu Abdullahın (ə) və onun yoldaşlarının Aşura hadisəsindəki rəftarı, sözü, onların şəxsi xüsusiyyətləri bütün əsrlərdə və nəsillərdə zirək və fərasətli insanlar üçün əbədi örnəkdir. Belə parlaq və bənzərsiz örnək bəzi diqqətəlayiq xüsusiyyətlərə malikdir. Bunlara Aşura hadisəsi daxilində diqqət yetirilməlidir.

Güclü iradə

Hüseyn ibn Əli (ə) tarixin ən pak insanlarına mənsub olması ilə bütün kainat önündə fəxr edə bilərdi, lakin heç zaman bu fəzilətlərlə qane olmadı. İlahi fəzilətləri qorumaq və artırmaq, eləcə də öz vücudunun inkişafı və yüksəlişi üçün daim çalışdı.

Diqqət yetirin, İmam Hüseyn (ə) Peyğəmbər (s) övladı idi, Əli ibn Əbu Talibin (ə) və Fatimeyi-Zəhranın (ə) övladı idi. Bunların hamısı bir insanı çox ucaldan dəyərlərdir. O, həmin evdə, həmin qucaqda, həmin tərbiyədə, mənəvi mühitdə və ruhani cənnətdə böyümüşdü. Amma bunlarla qane olmadı. Əziz Peyğəmbər (s) dünyadan köçəndə o 8-9 yaşlı bir yeniyetmə, Əmirəl-mömininin (ə) şəhadəti zamanı isə 37-38 yaşlı bir gənc idi. Əmirəl-mömininin (ə) sınaq və fəaliyyətdən ibarət olan imamlığı dövründə bu istedadlı şəxs onun əli altında mahirləşmiş, güclü, işıqlı və pak olmuşdu.

Əgər bizim kimi bir insanın iradəsi olsa, deyər ki, bu qədər bəsdir, bu yaxşıdır və bununla Allahın görüşünə gedərəm. Hüseyn (ə) iradəsi isə belə deyil. Qardaşının mübarək həyatı dövründə onun tabeliyində, İmam Həsən (ə) isə imam olarkən həmin əzəmətli hərəkəti davam etdirdi. Yenə inkişaf, qardaşının yanında, dövrünün imamının mütləq itaətində durub vəzifələrini yerinə yetirmək... Bunların hamısı dərəcə və ucalıqdır. Bütün anlarını hesablayın. Qardaşı şəhid edildikdən sonra bu həzrətin mübarək həyatı on il davam etdi. İmam Həsənin (ə) şəhadətindən İmam Hüseynin (ə) şəhadətinə qədər 10 ildən bir qədər artıq sürmüşdür. Siz görün İmam Hüseyn (ə) Aşuradan öncəki bu on ildə nə edirdi.

Belə böyük bir insanın güclü iradəsi bir an da dayanmamaq üçün örnəkdir. Həmişə inkişaf halında olmaq lazımdır. Çünki düşmən – istər zahiri və maddi düşmən, istər gizli və nəfs düşməni yumşaq torpaq təpəsi arxasında pusqu qurmuşdur və hücum etmək üçün insanın dayanmasını gözləyir. Şəhidlər ağası özünün bütün həyatında göstərdi ki, düşmənin hücumunu saxlamaq və onun sıralarını pozmaq üçün ən yaxşı yol hücum etmək, yəni davamlı inkişaf və ilahi dəyərləri əldə etməkdir.

Zamanı tanımaq

Əbu Abdullah (ə) mövqeyi dərk etməkdə səhvə düşmədi. Kərbəla hadisəsindən öncəki onillik imamət və məsuliyyət dövründə Mədinədə digər işlərlə məşğul idi, Kərbəla işini görmürdü. Lakin şərait münasib olan kimi mövqeyi tanıdı və onu əldən vermədi; digər işləri buraxıb əsas vəzifəsini yerinə yetirməyə başladı.

İmam Hüseynin (ə) yanında olan insanların hər birində bu xüsusiyyət vardı. Onlar zamanı və əsas vəzifəni tanımaqda səhv etmədilər; dostlarından və köməkçilərindən tutmuş Bəni-Haşimə və Əli (ə) ailəsinə, qardaşı Abbasa və bacısı Zeynəbə qədər.

İmam Hüseyn (ə) müqəddəs babası həzrət Məhəmməd ibn Abdullah (s) kimi cəhalət və fəsad dolu bir dünya ilə təkbaşına qarşılaşdı, o həzrətin qorxmayıb dayandığı və irəlilədiyi kimi, Şəhidlər ağası da qorxmadı, dayandı və irəlilədi. Peyğəmbər (s) hərəkəti və Hüseyn (ə) hərəkəti vahid mərkəzdə birləşən iki dairə kimidir və bir səmtə yönəlmişdir. “Hüseyn məndəndir” sözünün mənası da budur.

Hadisənin məğzi budur ki, İmam Hüseyn (ə) bu macərada bir qoşunla üz-üzə dayanmadı, insanların bir toplumu ilə - hətta bir neçə yüz dəfə artıq olsa da - tərəf deyildi. İmam Hüseyn (ə) azğınlıq və zülmətlər dünyası ilə qarşı-qarşıya dayanmışdı. Bu mühüm məqamdır. O bir dünya əyrilik, zülmət və zülmlə qarşılaşmışdı. O dünyanın da hər şeyi vardı: pulu, qızılı, gücü, şeiri, kitabı, rəvayətçisi və axundu. Dəhşətli idi. Adi və hətta qeyri-adi bir insanın bədəni o zülmət dünyasının puç əzəməti qarşısında titrəyirdi. Lakin İmam Hüseynin (ə) ayağı və qəlbi bu dünya qarşısında titrəmədi, zəiflik və tərəddüd hiss eləmədi və təkbaşına meydana atıldı.

İmam Hüseyn (ə) Aşura gecəsi buyurdu ki, gedin, burada qalmayın, mənim uşaqlarımın əlindən də tutun aparın, bunlar məni istəyirlər. O, zarafat etmirdi. Fərz edin onlar qəbul edib getsəydilər, İmam Hüseyn (ə) tək-tənha, yaxud on nəfərlə qalacaqdı. Elə bilirsiniz İmam Hüseynin (ə) işinin əzəməti kiçilərdi?! Xeyr, elə həmin əzəmətdə qalardı. Əgər İmam Hüseynin (ə) ətrafında bu 72 nəfərin yerinə 72 min nəfər olsaydı, işin əzəməti kiçilərdi? Xeyr.

İşin əzəməti bu idi ki, İmam Hüseyn (ə) təcavüzkar və iddialı bir dünya qarşısında qorxuya düşmədi. Halbuki adi insanlar qorxurlar; adi olmayan insanlar da qorxurlar. Dəfələrlə dediyim kimi, böyük şəxsiyyət olan Abdullah ibn Abbas və Qüreyşin bütün böyüklərinin övladları o vəziyyətdən narazı idilər. Abdullah ibn Zübeyr, Abdullah ibn Ömər, Əbdürrəhman ibn Əbu Bəkr, böyük səhabələrin övladları və bəzi səhabələr bu qəbildəndirlər. Mədinədə çoxlu səhabələr vardı, qeyrətli insanlar vardı. Elə bilməyin ki, onların qeyrəti yox idi. Onlar sonrakı ildə Hərrə hadisəsində Mədinəyə hücum edib hamını qətlə yetirən Müslim ibn Üqbənin hücumu qarşısında dayandılar, vuruşdular, mübarizə apardılar. Elə bilməyin ki, qorxaq idilər. Xeyr, döyüşkən və qorxmaz idilər. Amma müharibə meydanına girmək şücaəti bir şeydir, bir dünya ilə qarşı-qarşıya gəlmək şücaəti başqa bir şeydir. İmam Hüseyn (ə) ikincisini etdi.

İddiaçıların vəfasızlığı

Hər yeri zülmün və fəsadın bürüdüyü belə bir çirkin dünyada Hüseyn ibn Əli (ə) İslamı xilas etmək, İslam hökumətini və cəmiyyətini diriltmək üçün qiyam etdi. Amma o böyük dünyada İslamı və həqiqəti müdafiə iddiaçılarının heç biri ona kömək etmədi.

Kərbəla hadisəsində isə hadisələrin mehvəri və İslamın hamının qəbul etdiyi əsas məğzi - yəni Hüseyn ibn Əlinin (ə) özü hadisənin içindədir və şəhid olmalıdır. Bunu onun özü də bilir, yaxın səhabələri də. Bu böyük dünyada və bu geniş İslam ölkəsində onların heç bir yerə heç bir ümidləri yoxdur, əsl qəribdirlər. Ozamankı İslam dünyasının bəzi böyükləri Hüseyn ibn Əlinin (ə) öldürülməsinə narahat olmurdular, çünki onu öz dünyalarına təhlükə sayırdılar. Bəziləri isə narahat olur, amma bu işə o qədər də əhəmiyyətli yanaşmırdılar; misal üçün, Abdullah ibn Cəfər və Abdullah ibn Abbas. Yəni bu qəmli və əzab dolu meydanın xaricindən heç bir ümid gözlənilmirdi. Nə vardısa, bu Kərbəla meydanında idi. Bütün ümidlər bu bir qrupa dikilmişdi, bu qrup da şəhidliyə könül vermişdi. Öldürüldükdən sonra da zahiri meyarlara görə kimsə onlar üçün yas tutmadı. Yezid hər yerə hakim idi. Hətta onların qadınlarını əsir apardılar, uşaqlarına da rəhm etmədilər. Bu meydanda fədakarlıq göstərmək çox çətindir: “Ey Əbu Abdullah! Sənin müsibətli günün kimi bir gün yoxdur”.

Məkkədən İmam Hüseynlə (ə) birgə yola çıxan, yaxud yolda o həzrətə qoşulan mindən artıq insandan Aşura gecəsi az bir hissə qaldı; Aşura günü özlərini həzrətə çatdıranlarla birgə 72 nəfər oldular.

Sona qədər müqavimət

İmam Hüseynin (ə) Yezid rejiminə və İslam cəmiyyətinin dönüşü olmayan sapqınlığına qarşı mübarizə qərarı verdiyi zamandan problem və təhdidlər biri o birindən sonra özünü göstərdi. Əvvəlcə Yezidə beyət etmədiyi üçün Peyğəmbər (s) şəhərində təzyiqə məruz qaldı, həcc məqsədi ilə Məkkəyə sarı hərəkət etdi. Məkkədə tərəfdarlarının hazırlığını duyduqda qiyam və cihada hazırlaşdı. Lakin ehram paltarlarında gizlədilmiş xəncərlər və düşmənlərin Allahın təhlükəsiz evinə təcavüz qəsdi onu həclə vidalaşmağa və Məkkəni tərk etməyə məcbur etdi. Lakin bu mərhələlərin və ondan sonrakı hadisələrin heç birində Əbu Abdullahın (ə) niyyətində zərrə qədər də tərəddüd yaranmadı.

Böyük işlərdə insanın qarşısına sədd çəkən amillərin biri şəriətdə qəbul olunan üzrlərdir. İnsan vacib işi və boynuna düşən vəzifələri yerinə yetirməlidir. Lakin bu iş böyük bir problemə səbəb olduqda, misal üçün, çoxlu insanlar öldürüləcəksə, daha vəzifəsinin götürüldüyünü düşünür. Siz görün İmam Hüseynin (ə) qarşısında yalnız zahiri görən hər bir insanı daşındıra biləcək nə qədər şəriət üzrləri vardı. Bunlar biri o birisindən sonra qarşıya çıxırdı. Əvvəl Kufə xalqının üz çevirməsi və Müslimin öldürülməsi baş verdi. Fərz edin burada İmam Hüseyn (ə) deməli idi ki, daha bu, şəriət tərəfindən qəbul olunan üzrdür və vəzifə götürülür; istəyirdik Yezidlə beyət etməyək, lakin belə vəziyyətdə mümkün deyil, xalq da dözmür, deməli, vəzifə üzərimizdən götürülür, məcbur qaldığımızdan və çarəsizlikdən beyət edəcəyik.

İkinci mərhələ Kərbəla hadisəsi və Aşuranın baş verməsidir. Burada İmam Hüseyn (ə) bu məsələyə böyük problemləri bu məntiqlə həll etmək istəyən bir insan kimi yanaşsaydı, deyə bilərdi ki, bu yandırıcı səhrada arvad-uşaqların taqəti çatmaz, deməli, vəzifə götürülür. Yəni təslim olsun və o zamana qədər qəbul etmədiyini qəbul etsin. Yaxud Aşura günü düşmənin hücumu başlayanda və İmam Hüseynin (ə) tərəfdarlarının çoxu şəhid olanda – yəni problemlər özünü daha artıq göstərəndə o həzrət "daha mübarizənin mümkün olmadığı aydın oldu" – deyib, bununla özünü geri çəkə bilərdi. Yəni İmam Hüseynin (ə) şəhid olacağı və onun şəhadətindən sonra Əmirəl-mömininin (ə) və Peyğəmbərin (s) ailəsinin səhrada naməhrəm kişilərin əlində yalqız qalacağı bəlli olduqda daha namus məsələsi qarşıya çıxır. O, qeyrətli bir insan kimi deyə bilərdi ki, daha vəzifə götürüldü; bəs qadınlar nə olacaq; əgər bu yolu davam etdirsək və öldürülsək, Peyğəmbər (s) ailəsinin qadınları, Əmirəl-mömininin (ə) qızları və İslam dünyasının ən pak, ən təmiz qadınları düşmənlərin - şərəf və namusdan bir şey anlamayan veyl kişilərin əlinə düşəcək. Deməli, vəzifə götürüldü...

Bir zaman insana deyirlər ki, bu yolla getmə, işgəncə olunman mümkündür. Bəli, güclü insan deyir ki, işgəncə olunum, eybi yoxdur, bu yolla gedəcəyəm. Yaxud deyirlər getmə, öldürülmən mümkündür. Böyük insan deyir ki, eybi yox, qoy öldürülüm, bunun əhəmiyyəti yoxdur. Lakin bəzən öldürülməkdən, işgəncə olunmaqdan və çətinlik çəkməkdən söhbət getmir. Deyirlər ki, getmə, sənin bu hərəkətinə görə bəzi insanların öldürülməsi mümkündür. Burada artıq digərlərinin canından söhbət gedir: “Getmə, sənin getməyinə görə çoxlu qadınlar, kişilər və uşaqlar çətinlik çəkə bilərlər”. Burada canları özləri üçün əhəmiyyət kəsb etməyən şəxslər də dayanırlar.

Doğrudan da maraqlıdır ki, Allah-Taala Hüseyn (ə) Aşurasının bu meydanını necə də böyük müsibətlərin məcmusu etmişdir. Böyük insanlar və birinci növbədə həzrət Əbu Abdullah Hüseyn (ə) şərəflə, əzəmətlə, dözümlə və şükürlə bu böyük müsibətlərə tab gətirə bildilər. Hadisənin hər iki tərəfi bəşər tarixində bənzərsizdir. Həm o müsibətlər, o sərtlikdə, o çeşidlikdə və hamının səhərdən axşamüstünə qədər öldürüldüyü müsibətlər dünyada bənzərsizdir, həm də bu müsibətlərin qarşısındakı dözüm tarixdə misilsizdir. O şəhadətlər, o məzlumluqlar, o qürbət hissi, o susuzluq, bir nəfərə ailəsinə görə verilən əzablar, gələcəkdən nigaranlıq, sonra da varlıq aləminin ən əzizinin - yəni Hüseyn ibn Əlinin (ə) yoxluğu, ailəsinin, övladlarının, səhabələrinin yoxluğu və sonra da əsirlik; özü də bir qrup şərəfli insanın əlində əsir olmaq yox. Çünki şərəfli insana əsir düşmək yenə dözüləsidir. O insanlar isə şərəfli insanlar deyildilər, heç insan deyildilər, heyvan xislətli idilər. İmam Hüseynin (ə) ailəsi Aşura səhərindən axşamüstünə qədərki bütün müsibətlərdən sonra bu şəkildə əsir düşdü.

İxlas və mənəviyyat

Şəhidlər ağası ilahi və insani xislətlərin zirvəsində durub gərgin və yolunu azmış bəşəriyyətə əl tutmaq istəyən müqəddəs varlıqdır. O, kamil insan, ixlaslı və Allah üçün paklanmış bəndədir. O, Allahdan başqa hər bir şeyə göz yummaq yolunda cihad, fədakarlıq, şəhidlik, xarici və daxili düşmənlərlə mübarizə obrazını yaradıb hamıya göstərdi.

İmam Hüseynin (ə) hadisəsi həm düşmənlə, həm də nəfslə cihadın ən yüksək dərəcədə birləşdiyi hadisəsidir. Allah-Taala bilir ki, bu hadisə baş verəcək. Buna görə yüksək nümunə göstərilməli və o yüksək nümunə örnək olmalıdır. Aşura hadisəsi hər iki cəbhədə əzəmətli cihaddan ibarətdir; həm xarici düşmənlə mübarizə cəbhəsində, həm də daxili cəbhədə. O zaman cəmiyyət ümumi şəkildə daxili fəsada sarı hərəkət edirdi.

Nəfslə mübarizə

Şəhidlər ağasının hərəkatı haqq və batilin aşkar mübarizəsində ictimai və siyasi cəhətdən daha geniş olan bir mübarizə cəhətinə malikdir və o, insanların nəfsi və daxilidir; zəifliklərin, tamahların, həqarətlərin, ehtirasların və insan vücudundakı nəfs istəklərinin insanı uca addımlardan saxladığı, ikinci dərəcəli vəzifələrin əsas vəzifələrdən yayındırdığı məqamdır.

Bu şəkildə nəfsə qarşı mübarizə və asılılıqlardan qurtuluş Şəhidlər ağasının Aşurasını bənzərsiz və yeganə etdi: “Sənin müsibətli günün kimi gün yoxdur, ey Əbu Abdullah!”. Fədakarlıq bu böyük insanın və onun yoldaşlarının başında böyüklük tacı və o cəmiyyət əvvəldən sona qədər İslamın fəxrləri məcmusu üçün tac dürrü oldu; belə ki, daha heç kəsi onlarla müqayisə etmək mümkün deyil.

İxlas və həmişəyaşarlıq

Aşura hadisəsində fədakarlıq, daxili və xarici şeytanlarla mübarizə nümayiş olundu. Bu yalnız Şəhidlər ağasının ixlası sayəsində baş verdi. İxlas - yəni ilahi vəzifəni yerinə yetirmək, şəxsi, qrup və maddi maraqları ona qarışdırmamaqdır. Əgər Əbu Abdullahın (ə) vücudunda ilahi ixlas nuru parlamasaydı və möminlərin həmin az qismini öz şüası altına salmasaydı, belə bir hadisə həyata keçə bilməzdi.

Hüseyn ibn Əlinin (ə) hərəkəti ixlaslı, heç bir niyyətin qarışmadığı, Allah üçün, din üçün və müsəlmanların cəmiyyətini islah etmək üçün idi. Buyurdu: “Mən nə azğınlığa, nə təkəbbürlülüyə, nə də fəsad və zülm törətməyə görə qiyam edirəm“. Özünü göstərmək deyil, özü üçün bir şey istəmək deyil, riyakarlıq deyil. Bu hərəkətdə bir zərrə qədər də zülm və fəsad yoxdur. “Bu qiyamda məqsədim cəddimin ümmətini islah etməkdir“. Bu çox mühüm məqamdır. Yəni başqa heç bir qərəz və məqsəd yoxdur. O, pak niyyəti və günəş kimi zehni bulaşdırmır. Qurani-kərim erkən İslam çağında müsəlmanlara buyurur: “(Ey möminlər!) Yurdlarından təkəbbürlə və özlərini camaata göstərmək üçün çıxanlar kimi olmayın“. Və İmam Hüseyn (ə) də burada deyir: “Mən nə azğınlığa, nə təkəbbürlülüyə görə qiyam edirəm“. İki xətt var. Orada Quran buyurur ki, qürur, xudpəsəndlik və nəfsə pərəstiş üzündən hərəkət edənlərdən olmayın. Yəni həmin növdən olmayan hərəkət ixlaslıdır. Fəsadlı xətdə olan hərəkətdə yalnız “öz” və yalnız “mən” ortaya qoyulur. Riya özünü bəzəmiş, qiymətli bir ata minmiş, özündən ləl-cəvahirat asmış və meydan sulayaraq daxil olur. Haraya? Döyüş meydanına. Təsadüfən döyüş meydanı da həmin insanın və onlarla onun kimi adamın həlak olacağı meydandır. Belə bir insanın daxil olması bu cürdür. Onda yalnız nəfs var; bu bir tərəf.

Qarşı tərəfdə ən yaxşı nümunə Hüseyn ibn Əlidir (ə). Onda eqoistlik, mənəm-mənəmlik, şəxsi, milli və qrup maraqları yoxdur. Bu, Hüseyn ibn Əlinin (ə) hərəkatının ilk xüsusiyyətidir. Gördüyümüz hər hansı bir işdə ixlasımız nə qədər artıq olsa, o işin dəyəri daha çox olar. İxlasdan nə qədər çox uzaqlaşsaq, xudpəsəndliyə, eqoistliyə, özü üçün işləməyə, özü barədə, şəxsi və milli maraqları barədə fikirləşməyə bir o qədər yaxınlaşmış olacağıq. Tam ixlasla tam eqoistlik arasında geniş bir sahə var. Oradan bu tərəfə sarı nə qədər yaxınlaşsaq, işimizin dəyəri bir o qədər azalacaq, faydası azalacaq, təsir müddəti azalacaq. Məsələnin mahiyyəti belədir. Bir məhsulda qatqı nə qədər çox olsa, bir o qədər tez xarab olacaq; əgər xalis və qatqısız mal olsa, heç zaman xarab olmayacaq. Real nümunələrdən bir misal vuraq: bu ərinti əgər yüz faiz qızıl olsa, xarab olmayacaq, paslanmayacaq, lakin onun tərkibində nə qədər mis, dəmir və bu kimi metallardan olsa, onun xarab olma ehtimalı çox olacaq. Bu ümumi bir qaydadır.

Mənəvi məsələlərdə isə bu tarazlıq olduqca dəqiqdir. Biz maddi və adi baxışımıza görə anlamırıq, lakin mənəviyyət və bəsirət adamları anlayırlar. Bu işin mütəxəssisi, sərrafı və zərgəri Allah-Taaladır: “Həqiqətən (xalisi qatqıdan) ayıran (Allah) çox dəqiqdir”. Əgər bizim işimizdə bir iynə ucu qədər qatqı olsa, həmin işin dəyəri bir o qədər azalacaq və Allah onun təsirini azaldacaq. Allah-Taala əyarı dəqiq tanıyır.



Geri   İrəli
Go to TOP