A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Aşura mehi (Ayətullah Seyid Əli Xamenei)
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Peyğəmbərin (s) vəfatından 50 il sonra İslam elə dəyişmiş, vəziyyət elə bir həddə çatmışdı ki, o həzrətin ciyərparəsini tutub qətlə yetirə bildilər. Vəziyyət çox dəyişirdi. Peyğəmbərdən (s) sonra vəziyyət elə bir həddə çatdı ki, İslam dünyasında Peyğəmbərin (s) İmam Hüseyn (ə) kimi, Zeynəb-Kübra kimi övladlarını və ciyərparələrini açıq şəkildə öldürdülər və əsir tutdular. Vəziyyət çox dəyişmişdi. Əgər İmam Hüseyn (ə) bu işi görməsəydi, tez bir zamanda İslam məhv olardı. İmam Hüseyn (ə) əslində güclü qasırğaya məruz qalmış bu çadırı öz qanı ilə saxlayan güclü mismar kimi oldu. Bu təkcə İslam tarixinin yox, tarixin ən böyük qəhrəmanlığıdır. Bunu qorumaq, yaşatmaq və müsəlmanların tarixində həlledici bir amil kimi həmişə ondan istifadə etmək lazımdır. Bu gün Fələstin məsələsi bu növdəndir.

Hüseyn (ə) dözümü

Mən bir dəfə İmam Hüseynin (ə) dözümü barədə geniş söhbət etmişəm. İndi vaxt yoxdur. Biz dözümün nə olduğunu anlamırıq. Dözümü dözüm yerində anlamaq olar. Böyüklər, hədisçilər, dəyərli şəxsiyyətlər, hörmətli insanlar, ağıllı, qayğıkeş və təxminən qayğıkeş adamlar dəfələrlə İmam Hüseynə (ə) deyirdilər ki, ağa, siz faydasız iş görürsünüz, özünüzə və Peyğəmbər (s) ailəsinə zərər yetirirsiniz, bu işlə haqq əhlini xar edirsiniz. Belə sözlər deyirdilər. İmam Hüseyn (ə) Məkkədən çıxmaq istəyəndən və bəziləri bunu anlayandan etibarən Aşura gecəsinə qədər onun qarşısında belə müxtəlif əxlaqi maneələr başlandı. Lakin İmam Hüseyn (ə) bu hadisələr qarşısında dözdü.

Aşura və insanların duyğuları

Bu gün Tasua, sabah isə Aşura günüdür. Aşura günü həmin əzəmətli və böyük hadisənin zirvəsidir. Hüseyn ibn Əli (ə) Kərbəlaya müharibə dəm-dəsgahı ilə gəlməmişdi. Döyüşə getmək istəyənə əsgər lazımdır, lakin İmam Hüseyn (ə) öz övladlarını və qadınlarını da özü ilə gətirmişdi. Bu o deməkdir ki, burada tarix boyu həmişə insanların duyğularını özünə yönəldəcək və İmam Hüseynin (ə) işinin əzəmətini bəlli edəcək bir hadisə baş verməlidir.

İmam Hüseyn (ə) bilir ki, düşmən alçaq və rəzildir. Görür ki, onunla döyüşə gələnlər kiçik və dəyərsiz bir mükafat qarşılığında belə böyük cinayəti törətməyə hazır olan Kufə quldurlarıdır. O, həyat yoldaşının və övladının başına nə gələcəyini bilir. İmam Hüseyn (ə) bunlardan xəbərsiz deyil. Lakin eyni zamanda təslim olmur, yolundan dönmür, bu yolda hərəkətə israr edir. Bəllidir ki, bu yol nə qədər mühüm və bu iş nə qədər böyükdür.

Həzrət Əbülfəzl Abbasın agahlığı və vəfadarlığı

Bu gün Tasua günüdür. Ənənəyə görə bu gün natiqlər və növhəxanlar Əbülfəzl Abbasın şəhidliyinə dair rövzə oxuyurlar. Dəlillərin məcmusundan belə nəticə hasil olur ki, altıaylıq körpədən, yaxud 11 yaşlı uşaqdan başqa döyüşçü kişilər arasında Əbülfəzl Abbas İmam Hüseyndən (ə) qabaq şəhidliyə qovuşan sonuncu şəxsdir. Bu şəhidliyin özü də böyük bir iş yolunda - yəni Əbu Abdullah Hüseynin (ə) çadırlarındakı susuzlara su gətirmək üçündür. İmamlardan Əbülfəzl Abbas haqqında nəql olunan ziyarətnamə və sözlərdə iki cümlə üzərində təkid göstərilmişdir: biri agahlıq, biri isə vəfadarlıq. Əbülfəzl Abbasın agahlığı haradadır? İmam Hüseynin (ə) dostlarının hamısı agah şəxslər idilər, lakin o daha artıq agahlıq göstərdi. Tasua günü onun bu bəladan qurtulması üçün bir imkan yarandı. Gəlib ona təklif etdilər ki, təslim olsun; amannamə verib dedilər ki, biz sənə toxunmayacağıq. O elə mərdliklə rəftar etdi ki, düşmən peşman oldu. Dedi ki, mən Hüseyndən (ə) ayrılım?! Vay olsun sizə! Rədd olun siz də, sizin amannaməniz də. Onlar bir anadan olan dörd qardaş idilər. Əbülfəzl Abbas böyük qardaş idi. Digərləri isə Cəfər, Abdullah və Osman idi. Onun agahlığının ikinci nümunəsi budur ki, hər üç qardaşını öz gözü qarşısında Hüseyn ibn Əliyə (ə) qurban etdi, Mədinədə olan ürəyi dağlı anasını da düşünmədi. Bu, sözügedən agahlıqdır. Həzrət Əbülfəzl Abbasın vəfalılığı da hər yerdən artıq Fərata enməsi, lakin su içməməsi məsələsidir. Əlbəttə, bütün ağızlarda məşhurdur ki, İmam Hüseyn (ə) həzrət Əbülfəzli su gətirməyə göndərdi. Lakin mənim mötəbər tarixlərdə - misal üçün, Şeyx Müfidin "əl-İrşad" və Seyid ibn Tavusun "Lühuf" kitablarında gördüyüm bir qədər fərqlidir və bəlkə də hadisənin əhəmiyyətini daha da artırır. Bu mötəbər kitablarda nəql olunub ki, həmin son anlarda və son saatda bu uşaq və körpələrə, kiçik qızlara və xanımlara susuzluq elə təsir göstərmişdi ki, İmam Hüseynin (ə) özü Əbülfəzllə birgə su gətirməyə getdi.

Əbülfəzl yalqız getmədi, İmam Hüseynin (ə) özü də onunla hərəkət etdi. Su gətirmək üçün Fəratın həmin yerdən keçən qoluna sarı getdilər. Bu iki qorxmaz və güclü qardaş arxa-arxaya dayanıb meydanda vuruşdular.

Biri altmış yaşına yaxın, lakin qüvvə və şücaət baxımından bənzərsiz qəhrəmanlardan olan İmam Hüseyndir (ə). Digəri də otuzdan artıq yaşı və hamının bildiyi xüsusiyyətlərə malik olan gənc qardaşı Əbülfəzl Abbasdır. Bu iki qardaş çiyin-çiyinə, bəzən arxa-arxaya düşmən dəryasının ortasında qoşunun sıralarını yarırlar, özlərini Fərata çatdırıb su gətirmək istəyirlər. Bu ağır döyüş əsnasında birdən İmam Hüseyn (ə) hiss edir ki, düşmən onunla qardaşı Abbası bir-birindən uzaqlaşdırmışdır. Həmin qarışıqlıqda Əbülfəzl suya yaxınlaşır, özünü suya vurur. Nəql olunduğu kimi, o, su tuluğunu doldurub çadırlara aparmaq istəyir. Burada hər bir insan özünün susuz dodaqlarına bir ovuc su vurmağı öz haqqı bilər. Lakin o öz vəfadarlığını göstərdi. Əbülfəzl Abbas suyu götürdükdə, gözü suya düşdükdə İmam Hüseynin (ə) susuz dodaqlarını xatırladı. Bəlkə də qız və uşaqların su fəryadlarını, Əli Əsğərin sudan ağlamasını xatırladı və suyu içməyə ürəyi gəlmədi, boşaldıb bayıra çıxdı. O, bayıra çıxarkən həmin hadisələr baş verir və İmam Hüseyn (ə) birdən qoşunun ortasında fəryad ucaldan qardaşının səsini eşidir: “Ey qardaş, qardaşına yardım et!”

Kərbəla qəhrəmanlığı və gənc

Kərbəlada fədakar gənc nümunəsi kimdir? Əli Əkbər; İmam Hüseynin (ə) övladı, Bəni-Haşim gəncləri arasında nümunə, həm zahiri, həm batini gözəlliklərə malik olan gənc. Elə bir gənc ki, Hüseyn ibn Əlinin (ə) imamlığına düzgün inancı və bunun yanında qorxmazlığı, fədakarlığı və düşmənin qəddarlığına qarşı mübarizə hazırlığı vardı. Özünün gənclik enerjisini uca məqsədi və amalı üçün xərclədi. Bu çox dəyərli məsələdir. Bu qeyri-adi və nümunə gənc düşmənə sarı getdi, atasının və ondan nigaran olan qadınların gözü qarşısında qana bələşmiş cəsədi çadırlara qayıtdı. Belə bir müsibət və matəm kiçik hadisə deyil. Lakin onun meydana sarı hərəkəti və düşmənlə mübarizəyə hazır olması bir müsəlman üçün izzət, ucalıq, fəxr və qürur təcəssümüdür.

Odur ki, Allah-Taala buyurur: “İzzət Allaha, Onun Rəsuluna və möminlərə məxsusdur”. Hüseyn ibn Əli (ə) də öz növbəsində bu gənci döyüş meydanına göndərməklə mənəvi izzət nümayiş etdirdi. Yəni İslam imaməti ilə tağut şahlığı arasında olan sərhədi ayıran İslam hakimiyyətinin və İslam başucalığının bayrağını möhkəm saxlayır; hətta əziz gəncinin canı bahasına olsa da.

Oğulun inamının və atanın əzəmətinin gözəl cilvəsi

İmam Hüseynin (ə) səhabələrinin və dostlarının hər biri döyüş meydanına gedib vuruşmaq üçün icazə istəyirdilər. İmam onlara tez icazə vermirdi, bəzilərinə mane olurdu, bəzilərinə deyirdi ki, ümumiyyətlə Kərbəladan qayıdın və gedin. O, Bəni-Haşimin və öz səhabələrinin gəncləri ilə belə rəftar edirdi. Lakin sevimli, gənc və əziz övladı olan Əli Əkbər döyüş icazəsi istəyəndə imam bir an da gecikmədən icazə verdi. Burada oğulun inamını və atanın əzəmətini dərk etmək olar. Səhabələr şəhid olana qədər deyirdilər ki, canımızı sizə qurban verəcəyik. Onlar Bəni-Haşimdən - Əmirəl-mömininin (ə), İmam Həsənin (ə) və İmam Hüseynin (ə) övladlarından kiminsə döyüşə çıxmasına icazə vermirdilər, deyirdilər ki, əvvəl biz gedib ölməliyik; əgər bizdən sonra istəsəniz, meydana gedərsiniz.

Növbə Bəni-Haşimin fədakarlığına və şəhidliyinə çatdıqda meydana çıxmaq üçün icazə istəyən birinci şəxs vəzifəsinin nə olduğunu bilən həmin gənc idi. O, Əli Əkbər - imam oğlu və imama hamıdan yaxındır, deməli, fədakarlığa də hamıdan daha layiqdir. Bu da İslam imamətinin bir əlamətidir.

Bura elə bir yer deyil ki, dünyanı, maddi maraqları, iqtisadi qazancları və nəfsi ehtirasları bölsünlər. Burada mücahidlik və çətinlik var. Könüllü surətdə qarşıya çıxan birinci şəxs Əli ibn Hüseyn (ə), yəni Əli Əkbərdir. Bu həmin gəncin inamını göstərir. İmam Hüseyn (ə) də bu işin qarşısında ruhi əzəmətini nümayiş etdirir: icazə istəyən kimi döyüşə getməsinə icazə verir.

Aşurada bəla dalğaları

Kitablarda təkrar-təkrar yazıldığına əsasən, Aşura gününün hadisələrini nəql edən rəvayətçi deyir: “And olsun Allaha ki, məksur görmədim”. "Məksur" - başına qəm-qüssə ələnən, uşağı ölən, dostları məhv olan, sərvəti əldən çıxan və bütün bəlalara düçar olan şəxsdir. Rəvayətçi deyir ki, mən dörd tərəfdən müsibət içərisində olan heç kəsi Hüseyn ibn Əli (ə) kimi möhkəm görmədim. Müxtəlif döyüş meydanlarında, ictimai və siyasi işlərdə insan müxtəlif adamlarla rastlaşır. Bəzi şəxslər müxtəlif qəmlərə düçar olmuşlar. Rəvayətçi deyir ki, belə bir halda və bütün bu müsibətlərdə olan heç kimi Hüseyn ibn Əli (ə) qədər şad, qərarlı, əzmkar, iradəli və Allaha təvəkkül edən görmədim. Bu, sözügedən ilahi izzətdir. Bu cərəyanı İmam Hüseyn (ə) tarixdə yaratdı və bəşər anladı ki, belə bir hökumət və cəmiyyət üçün mübarizə aparmalıdır; elə bir cəmiyyət ki, onda insan aşağılığı, təhqiri, əsarəti və ayrıseçkilik olmasın. Hamı belə bir cəmiyyət üçün cihad etməlidir. Belə cəmiyyət yaranmalıdır, yaranır və mümkündür.

Aşura sözünün və bayrağının ucalması

Siz baxın, Hüseyn ibn Əlinin (ə) pak qanı Kərbəlada, qürbətdə töküldü. Lakin İmam Səccadın (ə) və Zeynəb-Kübranın öhdəsinə düşən ən böyük məsuliyyət ilk andan bu sözü ucaldıb müxtəlif formalarla bütün İslam dünyasına çatdırmaq idi. Bu hərəkət həqiqi dinin, Hüseyn ibn Əlinin (ə) dininin və İmam Hüseynin (ə) şəhid olduğu məqsədin dirçəldilməsi üçün zəruri və lazım idi. Sözsüz ki, İmam Hüseyn (ə) üçün Allahın mükafatı olacaq, buna görə sükut edə bilərdilər. Amma nə üçün İmam Səccad (ə) ömrünün sonuna qədər - ondan sonra yaşadığı 30 ildə hər hansı bir münasibətlə Hüseynin (ə) adını, Hüseynin (ə) qanını və Əbu Abdullahın (ə) şəhidliyini yada salırdı, xalqa xatırladırdı? Bu iş nədən ötrü idi? Bəziləri elə bilirlər ki, bu iş Üməyyə övladlarından intiqam almaq üçün idi. Halbuki sonralar Bəni-Üməyyə hakimiyyətdən uzaqlaşdı. Bəni-Abbasın hakimiyyətə gəlişindən sonra İmam Rza (ə) nə üçün Rəyyan ibn Şəbibə tapşırır ki, öz məclislərinizdə Əbu Abdullahın (ə) müsibətlərini oxuyun? O zaman axı Bəni-Üməyyə yox idi, tar-mar olmuşdular!

Bu ondan ötrüdür ki, Hüseyn ibn Əlinin (ə) yolu və onun qanı əzəmətli İslam ümmətinin İslam məqsədlərinə sarı hərəkətinin bayrağı olsun, bu bayraq həmişə dalğalansın. Bu günə qədər də dalğalanmış və hidayət etmişdir.

Həzrət Zeynəb və İslamın ümumi ruhuna tibbi yardım

Həzrət Zeynəbin mübarək adı bu növdən olan səyin göstəricisidir. Həzrət Zeynəbin səyi təkcə bu deyil ki, Kərbəlada xəstə olan bir imamı qorusun, ona tibbi yardım göstərsin. Həzrət Zeynəb İslamın və müsəlmanların ozamankı cəmiyyətinin ruhuna tibbi yardım göstərdi. Onun böyük yardımı budur. Həzrət Zeynəb bir dünya pislik, zülm, insafsızlıq, heyvansifətlik və daşürəklik qarşısında təkbaşına dayandı və bununla İslamın ruhunu qoruyub, ona tibbi yardım göstərə bildi. İmam Hüseynin (ə) İslamı qoruduğunu dediyimiz kimi, həzrət Zeynəbin də öz müqaviməti ilə İslamı qoruduğunu qətiyyətlə iddia edə bilərik. Bu müqavimət bir sirr və əsas amildir.

 

İmam Hüseynin (ə) qərib mübarizəsi

İmam Hüseyn (ə) öz hərəkətinin fəlsəfəsi kimi zülmlə mübarizəni göstərir: “Allahın bəndələrinə qarşı günah və düşmənçilik edir“. Söhbət dünyanın bütün insaflı şəxslərinin qəbul etdiyi ən müqəddəs məqsədlərdən gedir. Belə bir insan belə bir məqsəd yolunda ən çətin mübarizəyə dözür. Ən çətin mübarizə qərib mübarizədir. Dostların həvəsləndirməsi və bütün xalqın təqdiri arasında öldürülmək çox da çətin deyil. Erkən İslam çağının döyüşlərinin birində haqq və batil cəbhəsi bir-birinin qarşısında dayandı. Peyğəmbər (s) və Əmirəl-möminin (ə) kimi şəxslər haqq cəbhəsinin başında durdular. Peyğəmbər (s) öz əsgərlərindən soruşdu ki, meydana çıxıb düşmən ordusunun filan məşhur döyüşçüsünü məğlub etmək istəyən varmı? İslam ordusundan bir gənc könüllü şəkildə önə çıxdı. Peyğəmbər (s) əlini onun başına çəkdi və onu yola saldı, müsəlmanlar da onun üçün dua etdilər. O, döyüş meydanına getdi, cihad etdi və öldürüldü. Bu bir növ öldürülmək və cihad etməkdir. Cihad etməyin başqa bir növü isə elə bir cihaddır ki, insan döyüş meydanına sarı gedəndə cəmiyyət ya onu inkar edir, ya qafildir, ya kənara çəkilir, yaxud qarşısında dayanır; ürəkdən təqdir edən və sayları az olan şəxslər də onu tərifləməyə cürət etmirlər.

Qərib mübarizənin ən çətin mübarizə olması

İmam Hüseyn (ə) Aşurasında hətta Bəni-Haşim xanədanından və həmin pak ailədən olan Abdullah ibn Abbas və Abdullah ibn Cəfər kimi şəxslər də Məkkədə, yaxud Mədinədə dayanıb fəryad çəkməyə və İmam Hüseynin (ə) xeyrinə şüar verməyə cürət etmirlər. Belə mübarizə qərib və ən çətin mübarizədir. Hamı insanla düşməndir, hamı insandan üz çevirir. İmam Hüseynin (ə) mübarizəsində hətta bəzi dostlar da etiraz edirlər. Onların birinə dedi ki, gəl mənə kömək et, o isə kömək əvəzinə atını göndərdi, dedi ki, atımdan istifadə et.

Bundan böyük qürbət və bundan da qərib mübarizə?! Bu qərib mübarizədə ən əziz şəxsləri gözü qarşısında fəda olurlar, oğulları, qardaşlarının oğulları, qardaşları, əmisi oğulları, Bəni-Haşimin bu gülləri ləçək-ləçək olub qarşısında yerə tökülürlər, hətta altıaylıq körpə də öldürülür.

Bütün bu müsibətlərdən əlavə, bilir ki, canı pak cismindən çıxan kimi köməksiz və müdafiəsiz ailələr hücuma məruz qalacaqlar. Bilir ki, ac qurdlar azyaşlı və gənc qızlara hücum edəcəklər, onları qorxudacaqlar, mallarını qarət edəcəklər, onları əsir tutacaq və təhqir edəcəklər. Bilir ki, Əmirəl-mömininin (ə) dəyərli qızı və İslam dünyasının görkəmli şəxsiyyətlərindən olan Zeynəb-Kübraya hörmətsizlik edəcəklər; bunları da bilir.

Bütün bunlara özünün və ailəsinin susuzluğunu əlavə edin; azyaşlı uşaqlar, qız uşaqları, qocalar və hətta südəmər körpə də susuzdur. Bu mübarizənin nə qədər çətin olduğunu təsəvvür etmək olar. Belə uca, pak və nurlu bir insan, göyün mələklərinin ona tamaşa etmək üçün bir-biri ilə yarışdığı, təbərrük məqsədilə ona tamaşa etməyi arzuladığı bir insan, peyğəmbər və övliyaların onun məqamını arzuladığı bir şəxs belə bir mübarizədə belə bir müsibət və faciə ilə şəhadətə qovuşur. Belə bir şəxsiyyətin şəhadəti çox qəribə hadisədir. Hansı insan bu hadisədən kədərlənməz?! Bu hadisəni tanıyan və dərk edən hansı insan ona vurulmaz?!

Vəzifəni yerinə yetirmək

İmam Hüseyn (ə) tək-tənhadır. Əlbəttə, o həzrətin ətrafında bir qədər adam var, lakin əgər qalmasaydılar da, o həzrət dayanacaqdı. Məgər belə deyil?! Fərz edək Aşura gecəsi həzrət beyətini götürdüyünü dedikdə və onların getməsini istədikdə hamısı getsəydilər, Əbülfəzl və Əli Əkbər də getsəydi və həzrət tənha qalsaydı, Aşura günü nə olacaqdı? Həzrət qayıdacaqdı, yoxsa dayanıb vuruşacaqdı? Bizim dövrümüzdə bir nəfər peyda olub dedi ki, əgər yalqız qalsam və bütün dünya mənim qarşımda dayansa da, yolumdan dönməyəcəyəm. O şəxs bizim imamımız idi. Əməl etdi və doğru da dedi: “Möminlərin içərisində elələri də vardır ki, Allaha etdikləri əhdə sadiq qalarlar“. Boş danışıq hamımızda olur. Gördünüz ki, bir hüseynçi və aşuraçı insan nə etdi! Əgər bizim hamımız aşuraçı olsaq, dünyanın islaha sarı hərəkəti sürətlənəcək və haqqın vəlisinin zühuruna mütləq zəmin yaranacaq.


Beşinci fəsil: Aşuranın təsir və faydaları

Təbliğat fürsəti

Əziz qardaşlar! Böyük və möhtərəm alimlər! Elmi hövzələrin əziz və gənc tələbələri! Dinin sadiq təbliğatçıları! Çox xoş gəlmisiniz. Hörmətli məhərrəm ayında təbliğat fürsəti çox böyük və müstəsna bir fürsətdir. Bu, şəhidlər ağası və dünyanın azad insanlarının sərvəri olan həzrət Əbu Abdullah Hüseynin (ə) və o həzrətin pak dostlarının qanı sayəsindədir. Nahaq tökülmüş o qanın tarixdə həmişəyaşar təsiri vardır. Çünki öz canını dinin uca məqsədlərinə ixlasla təqdim edən şəhid pak və sədaqətlidir.

Hiyləgər və məkrli insan sözdə özünü nə qədər haqq tərəfdarı kimi göstərə bilsə də, şəxsi maraqlar, xüsusən də özünün və əzizlərinin canı məsələsi ortaya çıxanda geri çəkilir və onları fəda etməyə hazır olmur. Fədakarlıq meydanına qədəm qoyub xalis və ixlaslı şəkildə öz varlığını Allah yolunda verən şəxsi diri saxlamağı Allah-Taala öz öhdəsinə götürmüşdür: “Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin!“; “Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə!“ Allah yolunda öldürülənlər diri qalırlar. Onların diri qalmasının bir mənası budur ki, onların nişanı, ayaq izi və bayrağı heç zaman itmir. Bir neçə gün zorakılıqla, hegemon güclərin müdaxiləsi ilə nişanlarının zəifləməsi mümkündür. Lakin Allah-Taala təbiəti belə yaratmışdır. Allahın qanunu budur ki, pakların, salehlərin və ixlaslı insanların yolu qalsın. İxlas çox qəribə bir şeydir. Odur ki, Hüseyn ibn Əlinin (ə), o həzrətin və səhabələrinin nahaq tökülmüş qanı sayəsində din yaşadı, bundan sonra da yaşayacaq.

Şəhidlər ağasının qanının dəyəri

Biz Aşura ziyarətnaməsində İmam Hüseynə (ə) deyirik: “Salam olsun sənə, ey Allah qanı və Allah qanının oğlu!”. Yəni Əbu Abdullahın (ə) qanı kimi, Əmirəl-mömininin (ə) qanının sahibi də Allah-Taaladır. Çünki bu qan da haqqın və ədalətin bərpası yolunda axıdıldı. Bu pak qanın, o əzəmətli və müqəddəs şəxsiyyətin və Allahın böyük vəlisinin hörmətinə görə hamılıqla çalışıb bizə müraciətlə deyilən göstərişlərə və tövsiyələrə öz əməlimizdə riayət etməliyik.

İlahi, bizi Əmirəl-möminin (ə) həqiqi ardıcıllarından et! İlahi, bizi o həzrətin məhəbbət və vilayəti ilə yaşat, o həzrətin məhəbbət və vilayəti ilə öldür, o həzrətin getdiyi yolda bizi sabitqədəm et!

Allahın qan sahibi olması

Siz İmam Hüseynə (ə) deyirsiniz: “Salam olsun sənə, ey Allah qanı və Allah qanının oğlu!”. Allah təkcə İmam Hüseynin (ə) qanının sahibi deyil, Əmirəl-mömininin (ə) qanı da Allah qanıdır. Yəni bu qanın sahibi Allah-Taaladır.

Hüseyn (ə) izzəti

Bu izzət necə izzətdir? Bu fəxr nə ilə fəxr etməkdir? Hüseyn ibn Əlinin (ə) hərəkətini tanıyan şəxs bu izzətin necə olduğunu bilir. Tarixdə bu şəkildə qalmış əzəmətli Hüseyn (ə) hərəkatına üç cəhətdən və üç baxışla yanaşmaq olar. Hər üç cəhətdə hər şeydən artıq diqqəti cəlb edən izzət, başucalığı və iftixar hissidir.

Mübarizənin bir cəhəti güclü zalım qarşısında olan haqqın mübarizəsidir. İmam Hüseyn (ə) və onun inqilabçı və islahatçı hərəkəti belə etdi. Başqa bir cəhət Hüseyn ibn Əli (ə) hərəkatında mənəviyyat və əxlaqın təcəssüm olunmasıdır. Bu hərəkatda ictimai və siyasi sahədən, inqilabi hərəkətdən, haqq və batilin aşkar mübarizəsindən başqa bir mübarizə sahəsi var və bu, insanların nəfsi və daxilidir. Vücudundakı zəifliklərin, tamahların, həqarətlərin, ehtirasların və nəfsi istəklərin insanı uca addımlardan saxladığı yer bir döyüş səhnəsidir; özü də çox ağır döyüş. Mömin və fədakar kişi və qadınlar Hüseyn ibn Əlinin (ə) arxasınca hərəkət etdikdə, vəzifə hissi qarşısında dünya, dünyadakılar, dünyanın ləzzətləri və gözəllikləri onların gözündən düşdükdə, daxillərində təcəssüm olunan və parlayan mənəviyyatın şeytan qoşunlarına - bizim hədislərimizdə göstərilən cəhalət qoşunlarına qələbə çaldıqda və bir qrup nümunə, uca və böyük insan kimi tarixdə qaldıqda (bu döyüşdə qələbə çalmış olurlar). Xalq arasında daha geniş yayılmış üçüncü cəhət Aşuranın faciələri, müsibətləri, qəm və qüssələridir. Lakin həmin üçüncü səhnədə də izzət və iftixar var. Fikir və düşüncə adamları hər üç cəhəti araşdırmalıdırlar.

İzzət yaratmaq

Aşura faciələrinin səhnəsi olan üçüncü səhnədə də izzət əlamətləri müşahidə olunur. Müsibət və şəhadət olsa da, Bəni-Haşimin gənclərinin hər birinin şəhadəti, uşaqların, kiçik körpələrin və Əbu Abdullah Hüseynin (ə) ətrafında olan yaşlı səhabələrin şəhadəti böyük bir müsibət olsa da, orada da başucalığı və iftixar var. Onların hər biri bir izzət və iftixar gövhərini də daşıyır.

Dərsdən üstün ibrətlər

İmanın azlığı bizim sonrakı əməlimizə təsir göstərir. Misal üçün, cihad və imtahan qarşıya çıxdıqda bizim imanımızın azlığı özünü göstərir. Çoxlu imanla hansısa bir yerdə yüksələ bilən, hərəkət edən və böyük iş görən bizlər həmin işin qarşısında qaldıqda əl-ayağımızın titrədiyini görürük. Misal üçün, bir şəxs gənclikdə ikimetrlik bir kanaldan atıla bilirdi, lakin indi bacarmır. Əməlin iman və imanın əməl üzərindəki mənfi təsirinin nəticəsi bu olur ki, Peyğəmbərin (s) hicrətindən 60 il və o həzrətin vəfatından 50 il sonra Peyğəmbərin (s) ən əziz adamı və nəvəsi İmam Hüseyn (ə) Peyğəmbər canişininin hökuməti qarşısında dayanır və elə faciəli şəkildə şəhidliyə qovuşur. Mən bir dəfə dedim ki, bunlar tarixin ibrətləridir, dərsdən üstündür.

Məğlubedilməz xalq

Məhərrəmi, mücahidliyi və şəhadəti olan, cihadla silahlanan və Allaha arxalanan bir xalq heç zaman məğlub olmaz.


Altıncı fəsil: Əzadarlığın fəlsəfəsi

Aşura və məhərrəm müsibətini söyləməyin fəziləti

Məhərrəm münasibəti ilə deyiləsi olan, barəsində az danışılmış və mənim bu gecə bir qədər söhbət etmək istədiyim başqa bir məsələ Hüseyn ibn Əlinin (ə) əzadarlığı və Aşura xatirəsini dirçəltməyin faydalarıdır. Şübhəsiz, Şiə cəmiyyətinin digər müsəlman cəmiyyətlərə nisbətən ən mühüm üstünlüklərindən biri onların Aşura xatirəsinə malik olmalarıdır. Hüseyn ibn Əlinin (ə) müsibətinin söylənməsi məsələsi ortaya qoyulan ilk gündən başlayaraq Əhli-beytə (ə) etiqadı olan və Əhli-beyti (ə) sevənlərin zehnində lütf və mənəviyyatın qaynar bulağı çağladı. Bu qaynar bulaq bu günə qədər davam edir və axır, bundan sonra da axacaq. Bunun səbəbi də Aşura xatirəsini yada salmaqdır.

Aşuranın cəhətləri



Geri   İrəli
Go to TOP