A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Aşura ibrətləri (Seyid Əli Xamenei)
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri  


Əmirəlmöminin (ə) İslam cəmiyyətinin o zamankı vəziyyətinə görə şəhid edildi. Sonra növbə İmam Həsənin (ə) imamətinə çatdı. Həmin vəziyyətdə o həzrətin rəhbərliyi 6 aydan artıq olmadı. Onu çox yalqız qoydular. İmam Həsən Müctəba (ə) bilirdi ki, əgər həmin azsaylı səhabələri və tərəfdarları ilə Müaviyə ilə vuruşsa və şəhid edilsə, İslam cəmiyyətinin xüsusi insanlar qrupuna hakim olan əxlaqi tənəzzül onun qanını almağa imkan verməyəcək. Müaviyənin təbliğatı, pulu və zirəkliyi hamını ələ alacaq və bir-iki ildən sonra xalq deyəcək ki, İmam Həsən (ə) əbəs yerə Müaviyənin qarşısında baş qaldırdı. Buna görə o bütün çətinliklərə dözdü və özünü şəhadət meydanına atmadı. Çünki qanının hədər gedəcəyini bilirdi.

Bəzən şəhid olmaq həyatda qalmaqdan daha asan olur. Doğrudan da belədir. Mənəviyyat, diqqət və hikmət adamları bu məqamı yaxşı dərk edə bilərlər. Bəzən diri qalmaq, bir mühitdə yaşamaq, çalışmaq öldürülməkdən, şəhid olmaqdan və Allahın görüşünə getməkdən daha çətin olur. İmam Həsən (ə) bu çətin yolu seçdi.

İmam Hüseynin (ə) imamlığı dövründə xüsusi insanlar qrupunun rolu

O zamanın vəziyyəti belə oldu, xüsusi insanlar təslim oldular və hərəkət etmədilər. Yezid iş başına gəldikdən sonra onunla vuruşmaq mümkün oldu. Başqa sözlə desək, Yezidin malik olduğu pis vəziyyət səbəbindən, onunla döyüşdə öldürülən şəxsin qanı tapdanmayacaqdı. İmam Hüseyn (ə) bu səbəbdən qiyam etdi. Yezidin dövründə vəziyyət elə idi ki, qiyam yeganə mümkün seçim görünürdü. Bu, İmam Həsənin (ə) dövrü kimi deyildi. O zaman şəhid olmaq və yaşamaq seçimləri vardı və yaşamağın savabı, təsiri və zəhməti öldürülməkdən artıq idi. Buna görə İmam Həsən (ə) çətin seçimi etdi. Lakin İmam Hüseynin (ə) dövründə vəziyyət elə deyildi. Yalnız bir seçim mövcud idi, diri qalmaq mənasız idi, qiyam etməmək mənasız idi. Buna görə qiyam etməli idi. Əgər o, qiyam nəticəsində hakimiyyətə gəlsəydi gəlmişdi, öldürülsəydi öldürülmüşdü. Amma yolu göstərməli, bayrağı yola sancmalı idi ki, vəziyyət belə olduqda hərəkətin necə olacağı bilinsin.

İmam Hüseyn (ə) qiyam qaldırdıqda İslam cəmiyyətinin malik olduğu əzəmətinə rəğmən, xüsusi insanların çoxu onun yanına gəlmədi və kömək etmədi. Görün bir cəmiyyətdə öz dünyalarını asanlıqla İslam dünyasının gələcək əsrlərdəki taleyindən önəmli sayan xüsusi insanların vasitəsi ilə vəziyyət nə qədər pisləşir.

İmam Hüseynin (ə) Abdullah ibn Zübeyrlə fərqi

İmam Hüseynin (ə) qiyamının hadisələrinə və onun Mədinədən hərəkətinə baxarkən bir məqamla rastlaşdım. O həzrətin Mədinədən xaric olmasından bir gecə öncə Abdullah ibn Zübeyr o şəhərdən çıxmışdı. Hər ikisi həqiqətən eyni vəziyyətdə idilər; amma İmam Hüseyn (ə) hara, Abdullah ibn Zübeyr hara? İmam Hüseynin (ə) sözü, müqaviməti və müraciəti elə möhkəm idi ki, Mədinə şəhərinin o zamankı valisi Vəlid onunla ucadan danışmağa cürət etmirdi. Mərvan o həzrətə qarşı bir kəlmə söz dedi, tənqidi yersiz olduğundan həzrət ona elə reaksiya verdi ki, yerində oturmağa məcbur oldu. Lakin həmin Mərvan kimilər Abdullah ibn Zübeyrin evini mühasirəyə aldılar. Abdullah qardaşını onların yanına göndərib dedi ki, icazə verin hələlik darülxilafəyə gəlməyim. Onu təhqir edib dedilər ki, səni məhv edərik, əgər evindən çıxmasan öldürərik və s. Onu elə hədələdilər ki, Abdullah ibn Zübeyr yalvarıb dedi: ”Onda icazə verin hələlik qardaşımı göndərim, özüm sabah darül-xilafətə gələrəm”. O qədər təkidlə yalvardı ki, biri vasitəçilik edib ona bir gecə möhlət verilməsini istədi.

Abdullah ibn Zübeyr tanınmış və nüfuzlu şəxsiyyət olsa da, onun vəziyyəti İmam Hüseyndən (ə) fərqlənirdi. Heç kim o həzrətlə kobud danışmağa cürət göstərmirdi. Mədinədən çıxdıqda da, istər yolda, istər Məkkədə kim yanına gəlib onunla həmsöhbət olurdusa, müraciət forması ”qurban olum”, “ata-anam sənə fəda olsun” idi. İmam Hüseynlə (ə) ümumi rəftar belə idi. Onun İslam cəmiyyətindəki şəxsiyyəti belə uca və dəyərli idi. Abdullah ibn Müti Məkkədə İmam Hüseynin yanına gəlib dedi: ”Ey Allah Rəsulunun oğlu, əgər sən qiyam edib öldürülsən, səndən sonra hökumət başında olanlar bizi kölə edəcəklər. Bu gün sənin hörmətindən, sənin qorxundan və heybətindən öz adi yolları ilə gedirlər".

Xüsusi insanlar arasında İmam Hüseynin (ə) məqamı o qədər əzəmətlidir ki, hətta İbn Abbas onun qarşısında təzim göstərir, Abdullah ibn Cəfər təzim göstərir, Abdullah ibn Zübeyr (həzrətdən xoşu gəlməsə də) təzim göstərir. Böyüklər və haqq əhli olan xüsusi insanların hamısı onun əzəmətli məqamı qarşısında təzim göstərirlər. Ona təzim göstərənlər haqq cəbhəsinin xüsusi insanlarıdırlar, hökumətin tərəfdarı deyillər, Bəni-Üməyyə tərəfdarı deyillər, batilin tərəfdarı deyillər. Onların arasında hətta Əmirəlmöminini (ə) qəbul edən, onu birinci xəlifə bilən çoxlu şiələr də var, amma bunların hamısı hakim rejimin sərt tədbirləri ilə qarşılaşdıqda, canları, rahatlıqları, vəzifələri və pulları üçün təhlükə yarandığını gördükdə geriyə çəkilirlər. Bunlar geri çəkildikdə xalqın adi qrupu da geriyə üz tutur.

Kufə macərası

Kufədən İmam Hüseyn (ə) üçün məktub yazıb onu dəvət edən şəxslərin adlarına baxdıqda, hamısının cəmiyyətin xüsusi insanlar qrupundan, seçilmiş və görkəmli şəxslərdən olduğunu görürük. Məktubların sayı çoxdur. Kufədən İmam Hüseyn (ə) üçün yüzlərlə səhifə, bəlkə də bir neçə xurcun, yaxud böyük bağlama məktub göndərildi. Bütün məktubları böyüklər, başçılar, görkəmli və adlı-sanlı şəxsiyyətlər və həmin xüsusi insanlar qrupundan olanlar yazmışdılar. Lakin məktubların məzmununa və tonuna baxdıqda bəlli olur ki, haqq tərəfdarı olan bu xüsusi insanların hansı dinini dünyasına qurban verməyə hazır olan, hansı dünyasını dininə qurban verməyə hazır olan şəxsdir. Məktubları ayırmaqla anlamaq olar ki, dinlərini dünyaya qurban verməyə hazır olanların sayı çoxdur. Nəticədə Müslim ibn Əqil Kufədə şəhid edilir. 18 min əhalisi Müslimlə beyət etmiş bu Kufədən 20-30 min nəfər, yaxud daha artıq insan İmam Hüseynlə (ə) vuruşmaq üçün Kərbəlaya yollanır. Yəni xüsusi insanlar qrupunun hərəkətinin arxasınca adi insanların hərəkəti gəlir.

Bilmirəm həmişə sayıq insanları düşündürən bu həqiqətin əzəməti bizim üçün tam aydın olur, yoxsa yox. Kufə hadisələrini mütləq eşitmisiniz. İmam Hüseynə (ə) məktub yazdılar. O həzrət ilk addımda Müslim ibn Əqili Kufəyə göndərdi. Düşündü ki, Müslimi göndərərəm, əgər vəziyyətin əlverişli olduğunu xəbər versə, özüm də Kufəyə yollanaram. Müslim ibn Əqil Kufəyə daxil olan kimi şiə böyüklərinin evinə getdi və həzrətin məktubunu oxudu. Xalq dəstə-dəstə gəlib hamısı hörmət bildirdilər. Kufənin hakimi olan Nöman ibn Bəşir zəif və mülayim bir şəxs idi. O dedi ki, kimsə mənimlə vuruşmasa, mən onunla vuruşmaram. Buna görə Müslimlə vuruşmadı. Şəraiti sakit və meydanı açıq görən xalq həzrətlə əvvəlkindən daha artıq beyət etdi. Batil cəbhəsinin, yəni Bəni-Üməyyə tərəfdarlarının xüsusi insanlar qrupundan iki-üç nəfər Yezidə məktub yazdı ki, əgər Kufəni istəyirsənsə, valilik üçün layiqli bir şəxs yolla, çünki Nöman ibn Bəşir Müslim ibn Əqilin qarşısında müqavimət göstərə bilmir. Yezid də Bəsrənin hakimi olan Übeydullah ibn Ziyada fərman verdi ki, Bəsrədən əlavə Kufəni də öz hakimiyyəti altına alsın. Übeydullah ibn Ziyad Bəsrədən Kufəyə qədər dayanmadan çapdı. Onun Kufəyə gəlişində də xüsusi insanlar qrupunun rolu bəlli olur. Əgər imkan yaransa, onun bir hissəsini sizə danışacağam. O, Kufə darvazasına çatanda gecə idi. Kufənin adi camaatı - təhlil qabiliyyətinə malik olmayan adi insanları atlı bir şəxsin dəm-dəsgahla və üzü niqablı halda şəhərə daxil olduğunu gördükdə, elə bildilər İmam Hüseyndir (ə), irəliyə qaçıb "salam olsun sənə, ey Allah Rəsulunun oğlu" – deyə təzim etdilər.

Müslim - Kufənin yalqız sərdarı

Adi şəxsin xüsusiyyəti belədir. Təhlil adamı olmayanlar atlı bir şəxsin dəm-dəsgahla daxil olduğunu gördükdə onunla bir kəlmə danışmadan yanlış təsəvvür etdilər. Biri "o, İmam Hüseyndir" deyən kimi, hamısı "İmam Hüseyn! İmam Hüseyn!" – deyə haray salıb ona salam verdilər, xoş gəldin dedilər, həqiqətin aydın olmasını gözləmədilər. Übeydullah da onlara etina etmədi, özünü darül-imarəyə çatdırıb oradan Müslim ibn Əqilə qarşı mübarizə planının icrasına başladı. Onun əsas işi Müslim ibn Əqilin tərəfdarlarını ağır təzyiqlə təhdid və işgəncə etməkdən ibarət idi. Bu məqsədlə Hani ibn Ürvəni hiylə və kələklə darül-imarəyə gətirdi, onu döyməyə başladı. Xalqın bir qrupu onun rəftarına etiraz üçün darül-imarəni mühasirəyə aldıqda, yalan və hiylədən istifadə edib onları dağıtdı. Bu dövrdə də, necə deyərlər, haqq tərəfdarı olan, haqqı tanıyıb seçən, lakin dünyalarını ondan önə keçirən xüsusi insanlar qrupunun rolu aşkar olur. Digər tərəfdən, həzrət Müslim çox adamla hərəkata başlamadı. İbn Əsirin tarixində göstərilir ki, 30 min nəfər Müslimin ətrafında toplanmışdı, bunların yalnız 4 min nəfəri onun iqamətgahının ətrafında dayanıb əllərində xəncər Müslim ibn Əqilin lehinə şüar verirdilər.

Bu hadisələr zilhiccə ayının doqquzuna aiddir. İbn Ziyadın gördüyü iş bu idi: xalqı qorxutmaq üçün xüsusi insanların bəzilərini onların içinə göndərdi. Xüsusi insanlar qrupu da xalqın arasında gəzib deyirdilər ki, kiminlə vuruşmaq istəyirsiniz? Nə üçün vuruşursunuz? Əgər yaşamaq istəyirsinizsə, evlərinizə qayıdın. Bunlar Üməyyə övladlarıdırlar, pulları, xəncərləri və qamçıları var. Xalqı qorxudub Müslimin ətrafından elə dağıtdılar ki, artıq işa namazında o həzrətin yanında heç kəs yox idi.

Sonra İbn Ziyad Kufə məscidinə getdi, hamıya elan etdi ki, əhali məscidə gəlib işa namazını mənim imamlığımla qılmalıdır.

Tarixçilər yazır ki, Kufə məscidi İbn Ziyadın arxasında işa namazına dayanan cəmiyyətlə doldu. Nə üçün belə oldu? Mən baxdıqda görürəm ki, haqq tərəfdarı olan xüsusi insanlar qrupu müqəssirdir. Onların bəziləri son dərəcə pis əməl etdilər. Məsələn kim? Məsələn Şüreyh Qazi. Şüreyh Qazi Bəni-Üməyyədən deyildi, haqqın kiminlə olduğunu bilirdi, nə baş verdiyini anlayırdı. Hani ibn Ürvəni yaralı şəkildə zindana atdıqda onun qəbiləsinin əsgərləri və üzvləri Übeydullah ibn Ziyadın qəsrinin ətrafını nəzarətə götürdülər.

Şüreyh Qazi tarixin məhkəməsində

İbn Ziyad qorxdu. Onlar deyirdilər ki, siz Hanini öldürmüsünüz. İbn Ziyad Şüreyh Qaziyə dedi ki, get gör Hani sağdırsa, bunu camaata xəbər ver. Şüreyh gördü ki, Hani ibn Ürvə sağdır, amma yaralıdır. Hani Şüreyhi görüb çığırdı ki, ey müsəlmanlar! Bu nə vəziyyətdir? Bəs mənim qəbiləm haradadır? Nə üçün mənim yanıma gəlmirlər? Nə üçün gəlib məni buradan xilas etmirlər? Məgər ölüblər? Şüreyh Qazi deyir ki, Haninin sözlərini darül-imarənin ətrafına toplanmış şəxslərə demək istəyirdim, amma təəssüf ki, Übeydullahın casusu orada idi və mən cürət etmədim. "Cürət etmədim" nə deməkdir? Yəni bizim dünyanı dindən üstün tutmaq adlandırdığımız məsələ. Bəlkə Şüreyh xalqa "Hani sağdır, amma yaralıdır, zindandadır və Übeydullah onu öldürmək istəyir" desəydi, Übeydullah hələ möhkəmlənmədiyindən, onlar tökülüb Hanini xilas edərdilər. Hanini xilas etməklə qüvvə əldə edərdilər, ruhiyyələri yüksələrdi, darül-imarəni mühasirə edər, Übeydullahı tutardılar; ya öldürərdilər, ya da göndərərdilər getsin. Sonra Kufə İmam Hüseynin (ə) olardı, daha Kərbəla hadisəsi baş verməzdi. Kərbəla hadisəsi baş verməsəydi, yəni İmam Hüseyn (ə) hakimiyyətə gələcəkdi. Hüseyn hökuməti əgər 6 ay da sürsəydi, tarix üçün çoxlu faydaları olardı. Hərçənd onun daha artıq sürməsi də mümkün idi.

Bəzən yerli bir hərəkat tarixi xilas edir və bəzən qorxudan, zəiflikdən, dünyagirlikdən və yaşamaq hərisliyindən qaynaqlanan yersiz bir hərəkat tarixi azğınlıq bataqlığına sürükləyir. Ey Şüreyh Qazi, nə üçün Haninin o vəziyyətdə olduğunu gördükdə haqqa şəhadət vermədin? Dünyanı dindən üstün tutan xüsusi insanlar qrupunun eybi və nöqsanı budur.

Xüsusi insanlar qrupunun səhlənkarlığı

Kufə şəhərinin daxilinə qayıdaq. Übeydullah ibn Ziyad Kufənin qəbilə başçılarına "gedin xalqı Müslimin ətrafından dağıdın, yoxsa evinizi yıxaram" dedikdə nə üçün ona itaət göstərdilər? Axı qəbilə başçılarının hamısı Əməvi (Bəni-Üməyyə qəbiləsindən) deyildilər və Şamdan gəlməmişdilər! Onların bəziləri İmam Hüseynə (ə) məktub yazanlardan idilər. Onlardan biri Şəbəs ibn Rəbi idi. O, İmam Hüseynə (ə) məktub yazıb onu Kufəyə dəvət etmişdi. O, Übeydullah "gedin xalqı Müslimin ətrafından dağıdın" deyəndə önə çıxıb Kufə əhalisini təhdid etməyə, tamahlandırmağa və qorxutmağa başlayan şəxslərdən idi.

Nə üçün bunu etdilər? Əgər Şəbəs ibn Rəbi kimilər həssas bir anda İbn Ziyaddan qorxmaq əvəzinə Allahdan qorxsaydılar, tarix dəyişərdi. Tutaq ki, adi adamlar dağıldılar, bəs Müslimin ətrafında olan mömin xüsusi insanlar nə üçün ondan əl çəkdilər? Onların arasında yaxşı və görkəmli şəxslər vardı, bəziləri sonradan Kərbəlada şəhid oldular, amma burada səhvə yol verdilər.

Sözsüz ki, Kərbəlada şəhid olanların səhvlərinin ödənci verildi. Onların barəsində danışmırıq, adlarını da çəkmirik. Lakin xüsusi insanların bəziləri Kərbəlaya da gedə bilmədilər, bu onlara nəsib olmadı. Düzdür, sonradan Təvvabin (tövbə edənlər) kimi mübarizə aparmağa məcbur oldular. Amma nə faydası? İmam Hüseyn (ə) öldürüləndən, Peyğəmbərin (s) övladı əldən gedəndən, faciə baş verəndən, tarixin hərəkəti enişə doğru başlayandan sonra daha nə faydası? Odur ki, tarixdə Təvvabin qrupunun sayı Kərbəla şəhidlərinin sayından bir neçə dəfə artıqdır, Kərbəla şəhidlərinin hamısı bir gündə öldürüldü, tövbə edənlər də bir gündə öldürüldülər, amma tövbə edənlərin tarixdəki rolu Kərbəla şəhidlərinin rolunun mində biri qədər də deyil. Ona görə ki, öz zamanında gəlmədilər, işi öz vaxtında görmədilər, gec qərar verdilər və gec seçim etdilər.

Nə üçün imamın nümayəndəsi olduğunu bildiyiniz Müslim ibn Əqili yalqız qoydunuz? Gəlmişdi, onunla beyət etmişdiniz, onu qəbul etmişdiniz. Adilərlə işimiz yoxdur, xüsusi insanları deyirəm. Nə üçün axşamüstü və axşam olanda Müslimi yalqız qoydunuz və o Tuənin evinə sığındı? Əgər xüsusi insanlar Müslimi yalqız qoymasaydılar və misal üçün, say 100 nəfərə çatsaydı, o 100 nəfər Müslimin ətrafını tutardı, birinin evi qərargah seçilərdi, dayanıb müdafiə olunardılar. Müslim tək olsa da, onu tutmaq bir neçə saat çəkdi. İbn Ziyadın əsgərləri bir neçə dəfə hücum etdilər, Müslim təkbaşına hamısını geriyə oturtdu. Əgər 100 nəfər onunla olsaydı, məgər tuta bilərdilər?! Əlavə insanlar da ətrafına toplaşardı. Deməli, bu mərhələdə xüsusi insanlar qrupu səhlənkarlıq edib Müslimin yanına gəlmədilər.

Xüsusi insanların rolu və daha üç tarixi nümunə

Baxın, hansı tərəfdən hərəkət ediriksə, xüsusi insanları görürük; xüsusi insanların vaxtlı qərarı, xüsusi insanların vaxtlı seçimi, xüsusi insanların lazımi anda dünyadan keçməsi, xüsusi insanların lazımi anlarda Allah üçün hərəkəti. Tarixi və dəyərləri xilas edib qoruyan bunlardır. Lazım olan anda lazım olan hərəkəti görmək lazımdır. Əgər geçiksəniz və vaxt ötsə, daha faydası yoxdur. Əlcəzairdə İslam cəbhəsi seçkiləri udmuşdu, lakin Amerikanın və digərlərinin təhriki ilə hərbi hökumət iş başına gəldi. Hərbi hökumətin formalaşdığı birinci gün onun gücü yox idi. Əgər həmin gün və hərbi hökumətin ilk saatlarında (mən onlara xəbər də göndərmişdim) İslam cəbhəsinin məsul şəxsləri xalqı küçələrə çıxara bilsəydilər, hərbi qüvvə heç bir iş görə bilməyəcəkdi, məhv olacaqdı və bu gün Əlcəzairdə İslam hökumətinin iş başında olması ilə nəticələnəcəkdi. Lakin addım atmadılar. Öz zamanında qərar verməli idilər, amma vermədilər. Bəziləri qorxdu, bəziləri zəiflik göstərdi, bəziləri işi pozdu, bəziləri də rəislik üstündə çəkişməyə başladılar.

1979-cu il fevral ayının yeddisində axşamüstü Tehranda hərbi hakimiyyət elan olundu. İmam xalqa buyurdu ki, küçələrə çıxın. Əgər imam həmin anda belə bir qərar verməsəydi, bu gün Məhəmmədrza bu məmləkətdə iş başında idi. Yəni əgər hərbi hökumətlə meydana çıxsaydılar və xalq öz evlərində qalsaydı, əvvəl imamı və rifah mədrəsəsinin sakinlərini, sonra digər bölgələrin əhalisini qətliam edəcəkdilər, Tehranda 500 min nəfəri öldürəcəkdilər və məsələ bitəcəkdi. Necə ki, İndoneziyada bir milyon nəfəri öldürdülər və bitdi. Bu gün də həmin cənab iş başındadır və çox hörmətli bir şəxsiyyətdir. Sanki heç nə baş verməyib. Amma imam lazım olan anda lazım olan qərarı verdi. Əgər xüsusi insanlar qrupu təyin etdikləri işi zamanında və vaxt itirmədən yerinə yetirsələr, tarix qurtulacaq və daha Hüseyn ibn Əlilər Kərbəlalara çəkilməyəcəklər. Əgər xüsusi insanlar pis anlasalar, gec anlasalar,  bir-birləri ilə ixtilafa getsələr, tarixdəki Kərbəlalar təkrar olunacaq.

Əfqanlara baxın, iş başındakılar bacarıqlı insanlar idilər, lakin xüsusi insanlar təbəqəsi dəstəkləmədi. Biri dedi ki, bu gün bizim işimiz var, biri dedi ki, daha müharibə bitdi, bizdən əl çəkin, qoyun işimizin ardınca gedək, ticarətimizlə məşğul olaq. Bir neçə il hamı ot-ələf topladı, lakin biz cəbhələrdə gəzdik, bu cəbhədən o cəbhəyə getdik, bəzən qərb, bəzən cənub, bəzən şimal; daha bəsdir! Bəli, əgər belə etsələr, tarixdə həmin kərbəlalar təkrar olunacaq.

Allahın kömək vədi

Allah-Taala vəd verib ki, kim ona kömək etsə, o da ona kömək edəcək. Əgər kimsə Allah üçün çalışıb hərəkət etsə, qələbə ona nəsib olacaq. Belə deyil ki, hər bir nəfərə qələbə verəcəklər. Bir toplum hərəkət etdikdə, sözsüz ki, şəhadətlər var, çətinliklər var, əziyyətlər var, lakin qələbə də var: "Allah ona kömək edənə mütləq kömək edəcək". Buyurmur ki, kömək edəcəyik və heç kəsin burnundan qan da gəlməyəcək. Xeyr, öldürəcəklər və öldürüləcəklər, lakin qələbə əldə edəcəklər. Bu, Allahın qanunudur. Qanımızın tökülməsindən qorxsaq, pulumuzun və hörmətimizin hədər getməsindən qorxsaq, ailədən ötrü qorxsaq, dostlardan ötrü qorxsaq, öz rifah və rahatlığımızın pozulmasından qorxsaq, işimizi, qazancımızı və mövqeyimizi qorumaq üçün hərəkətdən qalsaq, mülkün və əkin sahəsinin genişlənməsi üçün hərəkətdən qalsaq, daha nə olacağı bəllidir. On İmam Hüseyn (ə) olsa da, hamısı şəhid ediləcəklər; necə ki, Əmirəlmöminin (ə) şəhid edildi; necə ki, İmam Hüseyn (ə) şəhid edildi.

Tarixin bir tövsiyəsi

Xüsusilər! Xüsusi insanlar qrupu! Mənim əzizlərim! Görün siz hansı dəstədənsiniz. Əgər xüsusi insanlar qrupundansınızsa (şübhəsiz ki, beləsiniz), diqqətinizi toplayın. Mənim sözüm təkcə budur. Əlbəttə, söhbət etdiyimiz mətləb çox ixtisarlı oldu. İki sahədə bu mətləb üzərində işlənilməlidir: Biri məsələnin tarixi hissəsidir. Əgər vaxtım olsaydı, özüm bu işi görərdim. Təəssüf ki, bu məsələlərlə məşğul olmaq üçün vaxtım qalmır. Hər halda, həvəskar mütəxəssislər axtarsınlar, tarixdə olan çoxsaylı nümunələri tapıb qeyd etsinlər ki, haralarda xüsusi insanlar əməl etməli idilər, amma etmədilər. Bu xüsusi insanların adları nədir? Kimlərdirlər? Əgər imkan olsaydı, mən və siz yorulmasaydıq, bu mövzuda, onların adları barəsində sizin üçün bir saat danışardım, çünki yadımdadır.

Xüsusi insanlar qrupunun vəzifəsi

İşlənilməsi lazım olan digər məsələ bunu hər dövrün vəziyyəti ilə tətbiq etməkdir; təkcə bizim dövrümüzlə yox, hər bir zamanla. Bəlli olmalıdır ki, hər bir zamanda öz vəzifələrini yerinə yetirmək üçün xüsusi insanlar qrupu nə etməlidir. "Dünya əsiri olmasınlar" yalnız bir cümlədir. Necə dünya əsiri olmasınlar? Bunun misalları və nümunələri nədir?

Mənim əzizlərim! Allah yolunda hərəkatın həmişə müxalifləri var. Bu xüsusi insanlardan biri yaxşı bir iş görmək istəsə, lazım olan işi yerinə yetirmək istəsə, xüsusi insanların özlərindən olan dörd nəfərin peyda olub "Cənab, işin-gücün yoxdur? Məgər dəlisən? Məgər arvad-uşağın yoxdur? Nə üçün bu işlərlə məşğul olursan?" - demələri mümkündür; necə ki, mübarizə dövründə  deyirdilər.

Lakin o bir nəfər dayanmalıdır. Xüsusi insanların mücahidliyi üçün lazım olan məsələlərdən biri budur ki, sözlərin və məzəmmətlərin qarşısında dayansın. Günahlandırırlar, əleyhinə danışırlar, ittiham edirlər; problem yoxdur.

Cəmiyyətdə xüsusi insanların digər sınağı

Allaha şükür edirik ki, bizdə çox yaxşı seçkilər keçirildi. Xalq iştirak etdi və Allaha həmd olsun ki, yaxşı deputatlar seçildilər. Hökumət, Daxili İşlər Nazirliyi, prezident, Nəzarət Şurası - hamı Allahın lütfü ilə fəaliyyət göstərdi və seçkilər lazımi səviyyədə baş tutdu. Dörd nəfər bəsici (Keşikçilər Korpusunun könüllüləri) ölkənin harasındasa - Tehranda, yaxud filan şəhərdə iki kəlmə söz danışıb deyə hay-küy salırlar ki, cənab, Keşikçilər Korpusu seçkilərə qoşuldu, cənab, filan oldu. Bu sözlər nədir? Hanı? Nə zaman?

Bəli, belədir. Addım atıb hərəkət etmək istəyən kimi düşmən tapılır. Növbənöv düşmənlər var. Bəziləri dostdurlar, düşmən də deyillər, öz cəbhəmizdəndirlər, lakin anlamırlar, ayırd etmirlər, buna görə də şübhə yaradırlar. Əlbəttə, imamın buyurduğu kimi, Keşikçilər Korpusu, ordu və silahlı qüvvələr siyasətə müdaxilə etməməlidirlər. Lakin imamın sözünün mənası bu deyil ki, əzəmətli bəsic qüvvəsinin seçkilər kimi əzəmətli hadisədə layiqli və münasib hərəkət etməyə haqqı yoxdur. Nə üçün məsələləri bir-birinə qarışdırırlar? Korpus üzvləri də digər insanlar kimi hər bir işdə ağıllı şəkildə davranmalıdırlar. Sözsüz ki, imamın buyurduğu mənada siyasətə qarışmamaq öz qüvvəsində qalır. Kimsə indi siyasətin dəyişdiyini güman etməsin. Yəni imam öz dövründə buyurdu ki, siyasətə qarışmayın, amma indi deyirik ki, siyasətə qarışın. Xeyr, imamın buyruğu yerindədir, lakin nümunəsi bunlar deyil, misalı bunlar deyil. Dəyər adamları, mömin gənclər, ölkənin ən yaxşı gəncləri seçki məsələsində hərəkət etsinlər, işləsinlər, seçki qutularına getsinlər, nəzarət etsinlər, digərlərinin qanun pozuntularına mane olsunlar; bunlar qanunsuz işlər deyil.

Məqsəd budur ki, siz hər hansı bir hərəkət etsəniz, yaxud xüsusi insanlar hər hansı bir sahədə bir hərəkət etsələr (son hərəkət gələcəkdə baş verməsi mümkün olan böyük və əzəmətli işlərə nisbətən kiçik məsələdir), "nə üçün?" deyib irad bildirən şəxslər olacaq. Allaha şükür edirik ki, bu gün ölkəmiz Allah yolunda mücahidlik ölkəsidir, cihad ölkəsidir, fədakarlıq ölkəsidir, dəyərlər ölkəsidir. Ölkə məmurları, ölkənin böyükləri, böyük alimlər, natiqlər, təbliğatçılar, hətta bir çox sahələrdə universitetlər və digər mərkəzlər İslamın xidmətində, inqilabın xidmətində, dəyərlərin xidmətində hərəkət edirlər. Silahlı qüvvələr də bəllidir ki, dəyərlərin təzahürüdürlər. Keşikçilər Korpusunun, bu parlaq keçmişli qüvvələrin, belə diviziyaların vəziyyəti bəllidir. Bunlar nə qədər zəhmət çəkdilər, nə qədər dəyər yaratdılar! İndi də dəyər istəyindədirlər.


 

Son söz

Dinlədiyiniz, məhərrəm günləri münasibəti ilə demək istədiyimizin xülasəsi idi. Qeydlərimiz çox müxtəsər idi. Baxmayaraq ki, zaman bir qədər uzandı. Tez-tez bizə tövsiyə edirlər ki, çıxışlarınızı qısaldın, yorulmayın. Əslində sonra digər işləri görə bilmək üçün mən də özümü yormamağı məsləhət bilirəm. Lakin insan sizin kimi bir toplumla oturduqda nitqi açılır və yorğunluq hiss etmir.

Ümidvarıq Allah sizin hamınızı müvəffəq etsin! Allah imamın ruhunu peyğəmbər və övliyalarla birgə qərar versin! Allah İran xalqının qarşısında qoyulmuş bu aydın yolu öz yardımı ilə bu xalqın həmişəlik yolu etsin! Allah bizi inqilabın xidmətində, İslamın xidmətində və İslam dəyərlərinin xidmətində yaşadıb, bu yolda da öldürsün!

İlahi, bizi dünyadan öz yolunda şəhadətlə apar! Bizim şəhidlərimizin məqamını günbəgün ucalt! Bizim əzizlərimizə öz tərəfindən çoxlu əcr və savab ver, onlara tam sağlamlıq əta et!

İlahi, bu yolda zəhmət çəkmiş, uzun müddət əsirlikdə qalıb azad olmuş, yaxud hələ də azad olmamış, yaxud itkin düşmüş və heç kəsin xəbərdar olmadığı şəxslərin hamısının savabını öz uca divanlarında yaz! Onların ailələrinə savab və dözüm bəxş et! İtkin düşənləri və əsirləri tezliklə azad et! Müsəlmanların işlərini yoluna qoy! Müsəlmanların istəklərini ver! İslam ölkələrini əcnəbilərin, Amerikanın caynağından xilas et! İslam ölkələrinin başçılarını qəflət yuxusundan oyat və ehtiraslar bataqlığından çıxart!

İlahi, Məhəmməd və Ali-Məhəmməd (s) hörmətinə, Amerikanı və hegemonların digər əlaltılarını və mərkəzlərini sənin iqtidarına və izzətinə layiqli şəkildə məhv və məğlub et! Onların üzərində qələbə həzzini İran xalqına daddır! Sovetləri devirdiyin kimi hegemonluğun digər qütblərini də məhv et!

İlahi, öz rəhmət və bərəkətini bu yolda yaşayıb, bu yolda sənin görüşünə gələn şəxslərə şamil et! Görülən işləri və fəaliyyətləri lütf və mərhəmətinlə qəbul buyur!

Sağ olun.

 

 


 



Geri  
Go to TOP