A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Aşura ibrətləri (Seyid Əli Xamenei)
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
  İrəli


Aşura İbrətlərİ

 

İslam İnqilabının Böyük Rəhbəri cənab Ayətullah Seyid Əli Xameneinin çıxışlarından seçmələr

“Məhəmməd Rəsulullah” diviziyasının komandirləri ilə görüşdə çıxış (10 iyun, 1996)


Kitаbın аdı:................................Aşura ibrətləri

Tәrcümә еdәn:...........................İbrahim Mirzə

Nәşr еdәn:.................................."Üfüqe-fərda"

Çаp tаriхi:.................................................2013

Çаp növbәsi:..........................................Birinci

Tirаj:.........................................................3000

 


İslam cihadının zəruriliyi

İslam mədəniyyətində daha çox erkən İslam tarixində və bir qədər də digər dövrlərdə bariz nümunələri görünən mühüm məqamlardan biri döyüş və cihad mədəniyyətidir. Cihad yalnız döyüş meydanında iştirak etmək demək deyil. Çünki düşmən qarşısında hər növ fəaliyyət cihad sayıla bilər. Bəzilərinin bir iş görüb zəhmət çəkmələri və onu cihad adlandırmaları mümkündür. Lakin bu ifadə düzgün deyil. Çünki cihadın bir şərti onun düşmən qarşısında olmasıdır. Bu qarşıdurma bəzən silahlı müharibə meydanında olur; bu, döyüş cihadı adlanır. Bəzən siyasət meydanında olur; bu, siyasət cihadı adlanır. Bəzən mədəni məsələlər meydanında olur və buna mədəni cihad deyilir. Bəzən də quruculuq meydanında olur və ona quruculuq cihadı deyilir. Digər adlarla və digər meydanlarda olan cihadlar da var. Deməli, cihadın birinci şərti budur ki, onda fəaliyyət, təlaş olsun. İkinci şərti budur ki, düşmənin qarşısında baş versin.

İslam mədəniyyətinin bu məqamı mühüm bir məqamdır. Dedik ki, onun müxtəlif meydanlarda nümunələri də var. Bizim dövrümüzdə, 1962- ci ildə imam və onun həmkarları tərəfindən mənfur Pəhləvi rejiminə qarşı mübarizə çağırışı ucalan kimi cihad başlandı. İmamdan öncə də məhdud və pərakəndə formada cihad vardı, lakin əhəmiyyətli deyildi. İmam mübarizəsini başlayanda cihad əhəmiyyət kəsb etdi və nəhayət öz qələbə mərhələsinə çatdı; yəni İslam inqilabı qələbə çaldı. Ondan sonra bu günə qədər də bu ölkədə cihad olmuşdur. Çünki bizim düşmənimiz var, çünki bizim düşmənlərimiz maddi qüvvə baxımından güclüdürlər, çünki ətrafımızı hər tərəfdən düşmənlər almışdı. Onlar İslam İranı ilə düşmənçilikdə ciddidirlər, zarafatları yoxdur. Çünki mümkün olan hər bir yolla zərbə vurmaq istəyirlər. Deməli, İslam İranında ətrafdan zəhərli oxlarını İslam ölkəsinə tuşlayan düşmənə qarşı kim hansı yolla çalışırsa, Allah yolunda cihad etmiş sayılır. Allaha həmd olsun ki, cihad alovu olmuşdur, var və olacaq.

Düşüncə cihadı

Cihadların biri də düşüncə cihadıdır. Düşmənin bizi qafil edib düşüncəmizi yayındırması və səhvə düçar etməsi mümkündür. Xalqın fikrinin aydınlığı yolunda çalışan, yayınmanın qarşısını alan və yanlış qavramaya mane olan hər bir kəs düşmənin qarşısında dayandığından, onun fəaliyyəti cihad adlanır; özü də bu indi mühüm sayılan bir cihaddır. Deməli, bu gün bizim ölkəmiz cihad mərkəzidir. Bu baxımdan heç bir nigarançılığımız da yoxdur. Allaha həmd olsun ki, ölkənin qurucuları yaxşıdırlar. Bu gün ölkənin başında mömin, mücahid, agah və səmimi insanlar durur. Bu gün bizim prezidentimiz cənab Haşimi Rəfsəncani mücahid və mübariz bir şəxsiyyətdir, ömrünü cihadda keçirmişdir, gecə-gündüz cihad edir. Müxtəlif sahələrdə - məclisdə, Ali Məhkəmədə, silahlı qüvvələrdə və xalq arasında olan digər məmurların hamısı cihaddadırlar. Məmləkət Allah yolunda cihad məmləkətidir. Bu baxımdan, mənim ən ağır məsuliyyətim budur ki, harada cihad alovunun sönmək üzrə olduğunu görsəm, Allahın köməyi ilə buna imkan verməyim; harada səhv iş görülürsə, qarşısını alım. Mənim əsas məsuliyyətim bunlardır.

Tarixdən ibrət almaq

Ölkənin indiki vəziyyətində cihadın olmasından nigaran deyiləm, bunu bilin. Lakin Quranda aydın bir məqam bizi düşündürür. Quran bizə deyir ki, baxın və tarixdən dərs alın. Bəziləri fəlsəfəbazlıq edə bilər ki, keçmiş bu gün üçün nümunə ola bilməz. Eşitmişəm ki, belə sözlər danışırlar və öz xəyallarına əsasən, məsələlərə fəlsəfi üslublarla yanaşmaq istəyirlər. Onlarla işimiz yoxdur. Sadiq və doğruçu Quran bizi tarixdən ibrət almağa dəvət edir. Tarixdən ibrət almaq indi qeyd etdiyim nigarançılıqdır. Çünki tarixdə elə şey var ki, ondan ibrət almaq istəsək, nigaran olmalıyıq. Bu nigarançılıq gələcəyə aiddir. Nə üçün və nədən ötrü nigaranıq? Məgər nə baş vermişdir?

Baş verən hadisə erkən İslam çağına aiddir. Mən bir dəfə dedim: İslam ümməti düşünməlidir ki, nə üçün Peyğəmbərin (s) vəfatından 50 il sonra İslam ölkəsinin müsəlman xalqı - vəzirləri, əmirləri, sərkərdələri, alimləri, qaziləri, qiraətçiləri, oğru və quldurları Kufə və Kərbəlada Peyğəmbərin (s) ciyərparəsini elə faciəli şəkildə qana boyadılar. Bəli, insan düşünməlidir ki, nə üçün belə oldu. Bu məsələni mən iki-üç il öncə "Aşura ibrətləri" adlı bir-iki çıxışda izah etdim. Əlbəttə, Aşura dərsləri - şücaət və digər bu kimi dərslər ayrıdır. Aşura ibrətləri Aşura dərslərindən daha mühümdür. Bunu qabaqca demişəm. İş elə bir yerə çatdı ki, xalqın gözü qarşısında Peyğəmbərin (s) ailəsini küçə-bazara çıxarıb onları xaricilikdə (separatçılıqda) ittiham etdilər.

Xarici sözünün mənası bu deyil ki, onlar xarici ölkədən gəliblər. O zaman xarici sözü bugünkü mənada işlədilmirdi. Xarici, yəni xəvaricdən olan, yəni xüruc və qiyam edən. İslamda diqqətəlayiq bir mədəniyyət var. O da budur ki, əgər kimsə adil imamın əleyhinə qiyam etsə, Allahın, Peyğəmbərin (s), möminlərin və imanlı qüvvələrin lənətinə məruz qalar. Deməli, xarici, ədalətli imam əleyhinə qiyam edən şəxsdir. Buna görə o zaman bütün müsəlman xalq xaricilərə, yəni xüruc edənlərə mənfi münasibətdə idi.

Hədisdə göstərilir ki, İslamda adil imamın əleyhinə qiyam edən şəxsin qanı halaldır. İnsanların qanına bu qədər dəyər verən İslam burada belə bir rəftar edir. İmam Hüseynin (ə) qiyamı zamanı Peyğəmbərin (s) oğlunu, Fatimeyi-Zəhranın (s.ə) oğlunu və Əmirəlmömininin (ə) oğlunu ədalətli imam əleyhinə qiyam edən şəxs kimi tanıtdıranlar vardı. Ədalətli imam kimdir? Yezid ibn Müaviyə?

Kərbəla faciəsinə nə səbəb oldu?

Sözü gedən qrup İmam Hüseyni (ə) qiyamçı kimi tanıtdırmaqda uğur qazandı. Zalım hökumətin ürəyi nə istəyir deyir. Bəs xalq nə üçün inanmalıdır, xalq nə üçün sakit qalmalıdır? Məni nigaran edən məsələ hadisənin bu yeridir. Deyirəm necə oldu ki, vəziyyət bu həddə çatdı? Necə oldu ki, İslam hökmlərinin və Quran ayələrinin xırdalığına varan İslam ümməti belə bir aydın hadisədə bu formada qəflətə və səhlənkarlığa düçar oldu, birdən-birə belə bir faciə baş verdi? Belə hadisələr insanı nigaran edir. Məgər biz Peyğəmbər (s) və Əmirəlmöminin (ə) dövrünün cəmiyyətindən daha möhkəmik? Belə olmamaq üçün nə etməliyik? Dediyimiz “belə olmasına səbəb nə idi?” sualına kimsə hərtərəfli cavab verməmişdir. Bəzi məsələlər irəli sürülüb, amma yetərli deyil. Bu səbəbdən bu gün qısa və konkret şəkildə hadisənin özü barəsində bir qədər söhbət etmək istəyirəm. Sonra məsələnin ipucunu sizin öhdənizə buraxacağam ki, özünüz bu barədə fikirləşəsiziniz. Araşdırma və düşüncə adamı olanlar bunun ardınca tədqiqat aparsınlar, mütaliə etsinlər. İş və əməl adamı olanlar düşünsünlər ki, belə hadisələrin təkrar olunmasının qarşısını almaq üçün hansı hazırlıqlar lazımdır.

Əgər bu gün mən və siz hadisənin qarşısını almasaq, 50 ildən, 10 ildən, yaxud 5 ildən sonra bizim İslam cəmiyyətimizin İmam Hüseynin (ə) dövründəki vəziyyətə düşməsi mümkündür. Lakin iti gözlər dərinlikləri görsə, etimadlı keşikçi yolu göstərsə, düşüncə sahibi olan xalq işi yoluna yönəltsə və möhkəm iradələr bu hərəkətin dayağı olsalar, o zaman möhkəm səngər və möhkəm qala yaranacaq, heç kəs ona təsir göstərə bilməyəcək. Amma əgər özbaşına buraxsaq, yenə həmin vəziyyət təkrarlanacaq, bütün qanlar hədər gedəcək.

O zaman vəziyyət elə bir yerə çatdı ki, Bədr döyüşündə Əmirəlmömininin, Həmzənin və digər İslam sərdarlarının əli ilə öldürülüb cəhənnəmə vasil edilənlərin nəvəsi Peyğəmbərin (s) yerində oturdu, həmin Peyğəmbərin (s) ciyərparəsinin başını qarşısına qoydu, bambuk çubuğu ilə dodağına və dişinə vurub dedi: "Bədr döyüşündə bizim öldürülənlərimiz qalxıb onların qatillərinə nə etdiyimizi görsünlər". Məsələ budur. Burada Quran deyir ki, ibrət alın, burada deyir ki, tarix məmləkətinə səyahət edin, hansı hadisənin baş verdiyini görün, sonra özünüzdən ehtiyatlı olun.

Xüsusi və adi insanların tərifi

Mən ölkədə ixtisas, nəzəriyyə və fikir sahiblərinin izah verməsi və mövzunu davam etdirməsindən ötrü bəzi məqamları qısa şəkildə deyirəm:

Baxın, mənim əzizlərim! Bəşər toplumuna baxsanız, hər bir cəmiyyətdə, şəhərdə və ölkədə xalq iki hissəyə bölünür: Bir qisim öz fikirlərinə əsasən, düşüncə, məlumat və qərar üzündən iş görən şəxslərdir. Yaxşı və ya pis olması ilə işimiz yoxdur, amma onlar yollarını tanıyır və o yolda addım atırlar. Bunların adını Xüsusi insanlar qoyuruq. Digər bir qisim hansı yolun düzgün və hansı hərəkətin doğru olduğu ilə maraqlanmayanlardır. Həqiqətən anlamaq, ölçmək, təhlil və dərk etmək istəmirlər, başqa sözlə desək, şəraitə tabe olurlar, vəziyyətə baxıb ona uyğun hərəkət edirlər. Xalqın bu qisminin adını Adi insanlar qoyuruq. Deməli, cəmiyyəti xüsusi və adi insanlara bölmək olar. İndi diqqət edin, xüsusi və adi insanlar barəsində bir məqamı deyim və bunlar bir-biri ilə səhv salınmasın.

Xüsusi insanlar kimlərdir? Xüsusi bir təbəqədirlərmi? Cavab mənfidir. Çünki xüsusi insanların arasında savadlı adamlarla yanaşı savadsız adamlar da var. Bəzən biri savadsızdır, lakin xüsusi qrupdandır. Yəni dərs oxumasa, məktəbə getməsə, diplomu olmasa, ruhani libası geyinməsə belə, nə etdiyini anlayır, qərar çıxarıb iş görür, hadisələrə dair baxışı var.

İnqilabın qələbəsindən bir qədər öncə mən İranşəhrdə sürgündə idim. Qonşu rayonların birində bir neçə tanışımız vardı. Bunların biri sürücü idi, biri azad peşə ilə məşğul idi, sözün xüsusi mənasında elm və mədəniyyət adamı deyildilər. İlk baxışda onlar adi görünürdülər. Buna baxmayaraq xüsusi insanlar qrupundan idilər. Onlar bizi görmək üçün tez-tez İranşəhrə gəlir və şəhərlərindəki ruhani ilə söhbətlərindən danışırdılar. Şəhərlərinin ruhanisi  yaxşı insan idi, lakin adi qrupundan idi. Diqqət yetirirsiniz? Kompressor maşinisti xüsusi insanlar qrupundan, möhtərəm ruhani, camaat imamı isə adi insanlar qrupundan idi. Misal üçün, o ruhani deyirdi ki, nə üçün Peyğəmbərin (s) adı gələndə bir salavat, ağanın adı gələndə isə üç salavat deyirsiniz? Bunu anlamırdı. Sürücü ona cavab verirdi ki, əgər mübarizəmiz bitsə, İslam qalib gəlsə, inqilab zəfər çalsa, biz nəinki üç salavat, heç bir salavat da deməyəcəyik. Bu gün bu üç salavat mübarizədir. Sürücü dərk edirdi, ruhani isə dərk etmirdi.

Bu misalı dedim ki, xüsusi insan qrupunun mənasının hansısa libas sahibi olmadığını biləsiniz. Kişi də ola bilər, qadın da; təhsilli də ola bilər, təhsilsiz də; sərvətli olması da mümkündür, yoxsul olması da; dövlət idarələrində xidmət göstərən insan olması da mümkündür, tağutun müxaliflərindən olması da. Xüsusi insanlar qrupu dedikdə (bunun da yaxşısı və pisi var) o şəxsləri nəzərdə tuturuq ki, bir iş görmək istəyəndə, bir mövqe bildirəndə, bir yol seçəndə, bunu fikir və təhlil əsasında edirlər. Dərk edirlər, qərar verirlər və iş görürlər. Bunlar xüsusi insanlardırlar. Bunun qarşı tərəfi adidir. Adi odur ki, şərait bir tərəfə yönəldikdə, onlar da onun ardınca gedirlər və təhlil qabiliyyətləri yoxdur. Bir dəfə xalq deyir “yaşasın”, bu da baxıb deyir ki, “yaşasın”; bir dəfə xalq deyir ki, “ölüm olsun” bu da baxıb deyir ki, “ölüm olsun”; bir şəraitdə, buraya gəlir, başqa şəraitdə oraya gedir.

Fərz edin, bir dəfə həzrət Müslim Kufəyə daxil olur. Deyirlər İmam Hüseynin (ə) əmisi oğlu gəldi, Bəni-Haşim ailəsi gəldi, gedək, bunlar qiyam etmək, bunlar hakimiyyətə qarşı çıxmaq istəyirlər və sair. Onda bu da həvəslənib gedir həzrət Müslimin ətrafına, onunla beyət edən 18 mindən biri olur. Beş-altı saatdan sonra qəbilə başçıları Kufəyə gəlib xalqa deyirlər ki, nə edirsiniz, kiminlə vuruşursunuz, kimi müdafiə edirsiniz, sizi bədbəxt edərlər! Bunlar da Müslimi tək qoyub evlərinə qayıdırlar. Sonra İbn Ziyadın əsgərləri Tuənin evini mühasirəyə alıb Müslimi tutmaq istədikdə, bunlar da evlərindən bayıra çıxıb Müslimin əleyhinə vuruşurlar. Etdikləri fikir, təyin və düzgün təhlil əsasında olmur. Şərait necə tələb edirsə, elə hərəkət edirlər. Bunlar adi insanlar qrupundandırlar. Buna əsasən, hər bir cəmiyyətdə xüsusi insanlar da var, adi insanlar da. Hələlik adi qrupu kənara qoyub, xüsusi insanlar barədə danışaq.

Haqq və batil cəbhələrinin xüsusi insanları

Xüsusi insanlar təbii ki, iki cəbhədədirlər: haqq cəbhəsinin xüsusi insanlar qrupu və batil cəbhəsinin xüsusi insanlar qrupu. Bəziləri fikir, elm və bilgi adamıdırlar və haqq cəbhəsi üçün işləyirlər. Onlar haqqın hansı cəbhədə olduğunu dərk edir, haqqı tanıyır, öz seçimləri əsasında işləyir, hərəkət edirlər. Bunlar bir dəstədir. Bir dəstə də haqqın qarşı tərəfində və haqla ziddiyyətdə olan dəstədir. Əgər yenə də erkən İslam dövrünə qayıtsaq, belə deməliyik ki, bir qrup Əmirəlmömininin (ə) və İmam Hüseynin (ə) səhabələri və Bəni-Haşim tərəfdarlarıdırlar, başqa bir qrup da Müaviyənin səhabələri və Bəni-Üməyyə tərəfdarları. Bəni-Üməyyə tərəfdarları arasında fikirli, ağıllı və zirək insanlar vardı. Onlar da xüsusi insanlar qrupundan idilər.

Deməli, hər bir cəmiyyətdə xüsusi insanlar haqq tərəfdarı olan və batil tərəfdarı olan xüsusi insanlara bölünürlər. Siz batil tərəfdarı olan xüsusi insanlardan nə gözləyirsiniz? Bəllidir ki, gözlənilən onların oturub haqq əleyhinə və sizin əleyhinizə proqram hazırlamasıdır. Buna görə onlarla vuruşmalısınız. Batil tərəfdarı olan xüsusi insanlarla vuruşmaq lazımdır. Buna şübhə yoxdur.

Tarixdə şəxslərin rolu

Mən söhbət edərkən özünüz təyin edin, görün haradasınız. Mətləb beyinə ipucu verməlidir, yəni tarixi nağılla səhv salmayaq. Tarix, yəni bizim bioqrafiyamız. Tarix, yəni mən və siz; yəni bu gün burada olanlar. Deməli, biz tarixi izah ediriksə, hər birimiz baxıb görməliyik ki, əhvalatın hansı hissəsində yerləşmişik. Sonra görək bizim kimi bu hissədə yerləşmiş şəxs o zaman necə əməl etdi ki, zərbəyə məruz qaldı. Biz də ehtiyatlı olub elə əməl etməyək.

Fərz edin siz taktika dərslərində iştirak etmisiniz. Orada misal üçün, fərz olunmuş düşmən cəbhəsini müəyyən edirsiniz. Özünüzün fərzi cəbhənizi də müəyyən edirsiniz. Sonra öz cəbhənizin yanlış taktikasını görürsünüz, anlayırsınız ki, planınızın müəllifi filan səhvə yol vermişdir. Siz yeni taktika hazırlamaq istədikdə daha həmin səhvi etmirsiniz. Yaxud misal üçün, taktika düzgün olub, lakin sizin cəbhənizdə komandir, yaxud rabitəçi, yaxud topçu, yaxud qasid və ya sadə əsgər səhvə yol verib. Anlayırsınız ki, siz o səhvi təkrarlamamalısınız. Tarix belədir.

Siz erkən İslam çağının izah etdiyim səhnəsində özünüzü tapın. Bəziləri adi qrupdandırlar, qərar vermək bacarıqları yoxdur. Adi insanlar öz bəxtlərindən asılı olaraq, əgər təsadüfən İmam Əmirəlmöminin (ə) və bizim imamımız kimi rəhbərlərin iş başında olduğu, cəmiyyəti cənnətə sarı apardığı dövrdə yaşasalar, yaxşıların vasitəsi ilə cənnətə sarı aparılacaqlar. Lakin əgər bəxtləri gətirməsə və “Biz onları cəhənnəm oduna çağıran rəhbərlər etdik” və yaxud ”(Ey Rəsulum!) Məgər Allahın nemətini küfrə dəyişənləri və ümmətini ölüm yurduna sövq edənləri görmürsənmi? Onlar cəhənnəmə daxil olacaqlar. Ora necə də pis sığınacaqdır!” dövründə yaşasalar, cəhənnəmə doğru gedəcəklər. Deməli, adi insanlar qrupuna düşməmək üçün ehtiyatlı olmaq lazımdır. Adi insanlar qrupundan olmamaq üçün nə etməliyik? Adi qrupdan olmamağın mənası bu deyil ki, mütləq ali təhsil almaq lazımdır. Xeyr, qeyd etdim ki, adi qrupun mənası bu deyil. Ali təhsilli olanların çoxları da adi qrupdandırlar, dini təhsili olan şəxslərin çoxunun da bu qrupdan olması mümkündür. Yoxsul, yaxud sərvətli olanların çoxu adi qrupundan ola bilərlər. Adi olub-olmamaq bizim öz əlimizdədir. Bu sıraya qoşulmamaq üçün ehtiyatlı olmalıyıq, yəni gördüyümüz hər bir iş bəsirət (aydın baxış) üzündən olmalıdır. Bəsirət üzündən iş görməyən şəxs adidir. Buna görə görürük ki, Quranda Peyğəmbər (s) barəsində buyurur: “Mən və mənə tabe olan (möminlər) bəsirətlə Allaha çağırırıq”. Yəni mən və ardıcıllarım bəsirətlə iş görürük, dəvət edirik və irəliləyirik. Deməli, əvvəl görün avam insanlar qrupundansınız, yoxsa yox. Əgər adi qrupdan olsanız, sürətlə özünüzü o qrupdan xaric edin, çalışın təhlil qabiliyyətiniz olsun, seçə biləsiniz və bilgi əldə edəsiniz.

İslam cəmiyyətinin sığortalanma şərti

Xüsusi insanlar qrupuna gəldikdə isə, baxmalıyıq ki, görək haqq tərəfdarı olan xüsusi insanlar qrupundanıq, yoxsa batil tərəfdarı olan xüsusi insanlar qrupundan. Burada məsələ bizə aydındır. Bizim cəmiyyətimizin xüsusi insanları haqq tərəfdarı olan xüsusi insanlardır. Buna şübhə yoxdur. Çünki Qurana, sünnəyə, itrətə, Allah yoluna və İslam dəyərlərinə dəvət edirlər. Bu gün İslam Respublikası haqq tərəfdarı olan xüsusi insanlara malikdir. Deməli, batil tərəfdarı olan xüsusi insanlar qrupunun məsələsi ayrıdır və hələlik onlarla işimiz yoxdur. Biz haqq tərəfdarı olan xüsusi insanlar barəsində danışırıq.

Məsələnin əsas çətinliyi bundan sonra başlayır. Mənim əzizlərim, haqq tərəfdarı olan xüsusi insanlar qrupu iki yerə bölünür: Bir növü dünya, həyat, məqam, ehtiras, pul, ləzzət, rahatlıq və ad-san və bütün bu kimi faydalar qarşısında olan şəxslərdirlər. Bu saydıqlarımızın hamısı yaxşı bəhrələrdir, hamısı həyatın gözəlliklərindəndir: ”Dünya həyatının bəhrəsi”. Bunlar dünyəvi həyatın bəhrələridir. Quranda "dünya həyatının bəhrəsi“ ifadəsinin mənası bu deyil ki, həmin bəhrələr pisdir. Xeyr, bunlar həyatın bəhrələridir və Allah sizin üçün yaratmışdır. Lakin əgər həyatın bu bəhrələrinə və faydalarına, Allah eləməmiş, son dərəcə məftun olsanız, çətin vəzifə qarşıya çıxdıqda, əl çəkə bilməsəniz, bu fəlakətdir. Əgər dünya bəhrələrindən istifadə edərkən çətin imtahan qarşıya çıxdıqda, o bəhrələrdən asanlıqla əl çəkə bilsəniz, bu başqa bir şeydir.

Görürsünüz ki, hətta haqq tərəfdarı olan xüsusi insanlar qrupu da iki qismə bölünür. Bu məsələlərə diqqət və mütaliə lazımdır. Təsadüfi şəkildə cəmiyyəti, quruluşu və inqilabı sığortalamaq olmaz. Mütaliə ilə, diqqətlə və düşüncə ilə araşdırmaq lazımdır. Əgər bir cəmiyyətdə haqq tərəfdarı olan xüsusi insanların yaxşı növü, yəni lazım olduqda dünya ləzzətlərindən əl çəkə bilənlər əksəriyyət təşkil etsə, İslam cəmiyyəti heç zaman İmam Hüseyn (ə) dövründəki cəmiyyətin aqibətinə düçar olmayacaq və əmin olun ki, əbədi olaraq sığortalanacaq. Amma əgər məsələ əksinə olsa və haqq tərəfdarı olan xüsusi insanların digər növü - yəni dünya ləzzətlərinə uyanlar, haqqı tanıyan, lakin dünya ləzzətləri qarşısında ayaqları titrəyənlər əksəriyyətdə olsalar, böyük müsibət olacaq.

"Əgər xüsusi insanlar dünyanı seçsələr, onda necə?"

Ümumiyyətlə, dünya nədir? Dünya, yəni pul, yəni ev, yəni ehtiras, yəni vəzifə, yəni ad-san, yəni post və vəzifə, yəni can. Əgər kimlərsə canlarını qorumaq üçün Allah yolunu tərk etsələr, haqqı deməyin lazım olduğu yerdə deməsələr, canlarının təhlükəyə düşməsindən qorxsalar, yaxud vəzifələri üçün, peşələri üçün, pulları üçün, övlada, ailəyə, yaxınlarına və dostlarına məhəbbətləri üçün Allah yolunu tərk etsələr, o zaman Hüseyn ibn Əlilər Kərbəlaya gedəcək və qətlgaha çəkiləcəklər. O zaman yezidlər iş başına gələcək, Bəni-Üməyyə Peyğəmbərin (s) qurduğu bir ölkədə min ay hakimiyyət sürəcək, imamət şahlığa çevriləcək.

İslam cəmiyyəti imamət cəmiyyətidir, yəni cəmiyyətin başında imam durur. Bu insanın gücü var, lakin xalq imanla və ürəkdən ona itaət göstərir. Sultan və padşah isə xalqa zorla  hakimiyyət edir. Xalq onu sevmir, xalq onu qəbul etmir, xalq ona inanmır (əlbəttə, başları bədənlərinə dəyən xalq). Eyni zamanda zorla və güclə xalqa hakimiyyət edirlər. Bəni-Üməyyə İslamda olan imaməti şahlığa və sultanlığa çevirib min ay - yəni 90 il böyük İslam dövlətində hakimiyyətdə oldu. Bəni-Üməyyənin əsasını qoyduğu əyri bina elə idi ki, onların əleyhinə baş verən inqilabdan və onların süqutundan sonra da həmin yanlış struktur Bəni-Abbasın ixtiyarına keçdi. Bəni-Abbas 6 əsrə qədər Peyğəmbərin (s) xəlifəsi və canişini adı ilə İslam dünyasına hakim oldu. Bu xanədanın xəlifələri, daha doğrusu padşahları şərab, fəsad, pozğunluq, xəbislik, dünyagirlik, kübarlıq və min növ başqa fəsad və günah adamı idilər; dünyanın digər padşahları kimi. Onlar məscidə gedib xalq üçün namaz qılırdılar, camaat da onlara iqtida edirdi. O hakimiyyət bir qədər çarəsizlikdən, daha çox səhv və yanlış etiqadlardan qaynaqlanırdı. Çünki xalqın etiqadını korlamışdılar.

Bəli, haqq tərəfdarı olan xüsusi insanlar qrupu, yaxud onların böyük əksəriyyəti bir cəmiyyətdə mahiyyətlərini dəyişdirib yalnız öz dünyalarına əhəmiyyətli yanaşdıqda, can qorxusundan, sərvətlərinin azalması qorxusundan, məqam və vəzifələrinin əldən çıxması qorxusundan, pis baxılması qorxusundan və yalqız qalmaq qorxusundan batil hakimiyyəti qəbul edib batil qarşısında dayanmadıqda, haqqı müdafiə etmədikdə, canlarını qoruduqda, o zaman İslam dünyasında Hüseyn ibn Əlinin (ə) elə vəziyyətdə şəhidlik faciəsi başlanır. Hökumət Bəni-Üməyyəyə, onun Mərvan qanadına, sonra Bəni-Abbasa və axırda da İslam dünyasında bu günə qədər davam edən şahlar silsiləsinə çatır.

Bu gün İslam dünyasına, İslamın müxtəlif ölkələrinə, Allah evinin və Peyğəmbər (s) şəhərinin yerləşdiyi məmləkətə baxsanız, hansı fasiq və günahkarların hakimiyyət başında olduğunu görərsiniz. Digər məmləkətləri də o məmləkətlə müqayisə edin. Çünki siz Aşura ziyarətnaməsində belə deyirsiniz: ”İlahi, Məhəmməd və Ali-Məhəmmədə (s) zülm edən ilk zalıma lənət elə!” Birinci növbədə ilk bünövrəni qoyana lənət göndəririk. Doğrusu da budur.

İndi ibrətli Aşura hadisəsinin təhlilinə bir qədər yaxınlaşdığımızdan, tarixə müraciət edirik.

Peyğəmbərin (s) vəfatından sonra xüsusi insanlar qrupunun büdrəməsi

Haqq tərəfdarı olan xüsusi insanlar qrupunun azma dövrü Peğəmbərin vəfatından təxminən 7-8 il sonra başladı. Xilafət məsələsi ilə ümumiyyətlə işimiz yoxdur. Xilafət məsələsi indi demək istədiyim çox təhlükəli cərəyandan fərqli bir məsələdir. Hadisələr Peyğəmbərin (s) vəfatından sonra 10 ildən az bir zamanda başlandı. Öncə İslamda xidməti olanlar - səhabələr və Peyğəmbər (s) dövrünün müharibələrində iştirak etmiş şəxslər xüsusi imtiyazlardan bəhrələndilər. Beytül-maldan daha artıq maddi bəhrələnmə o imtiyazlardan biri idi. Deyirdilər ki, onların digərləri ilə bərabər olması düzgün deyil, onları digərləri ilə eyni bilmək olmaz. Bu birinci təməl idi. Yayınma ilə nəticələnən hərəkətlər belə az nöqtədən başlanır və sonra hər bir addım sonrakını daha da sürətləndirir. Yayınmalar bu nöqtədən başladı, nəhayət Osmanın dövrünün ortalarına qədər çatdı. Üçüncü xəlifənin dövründə vəziyyət elə oldu ki, Peyğəmbərin (s) böyük səhabələri öz dövrlərinin ən böyük sərmayədarlarından sayıldılar. Diqqət yetirirsiniz? Yəni adları məşhur olan bu uca məqamlı səhabələrin - Təlhənin, Zübeyrin, Səd ibn Əbu Vəqqasın və digərlərinin hər birinin Bədrdə, Hüneyndə və Ühüddə qalın bir kitablıq iftixarlı keçmişi vardı. Onlar İslamın sərmayədarlarının birinci sırasında yer aldılar. Onların biri öldükdə ondan qalmış qızılları varisləri arasında bölmək istəyəndə əvvəlcə qızıl külçə formasına saldılar və sonra balta ilə qırıb bölməyə başladılar; balta ilə kiçik parçalara bölünən odun kimi. Qızılı adətən misqalla ölçürlər. Görün nə qədər olub ki, onu balta ilə qırırmışlar. Bunlar tarixdə qeyd olunmuşdur. Elə məsələlər deyil ki, şiələrin öz kitablarında yazdıqlarını deyək. Bunlar hamının yazmağa və qeyd etməyə çalışdığı həqiqətlərdir. Onlardan qalan dirhəm və dinarların miqdarı fantastik idi.

Əmirəlmömininin (ə) hökuməti dövründə xüsusi insanlar qrupunun rolu

Həmin vəziyyət Əmirəlmömininin (ə) dövründəki məsələləri vücuda gətirdi. Yəni o həzrətin dövründə bəziləri üçün vəzifə önəm kəsb etdiyindən Əli (ə) ilə vuruşdular. Peyğəmbərin (s) vəfatından ötən 25 ildə çoxlu səhvlərə yol verilmişdi. Əmirəlmömininin (ə) nəfəsi Peyğəmbərin (s) nəfəsi idi. Əgər 25 il fasilə yaranmasaydı, Əmirəlmöminin (ə) o cəmiyyəti qurmaq üçün problemlə üzləşməzdi. Lakin onun rastlaşdığı cəmiyyət dəyərlərin dünyagirlik şüası altında itdiyi bir cəmiyyət idi. Elə bir cəmiyyət idi ki, Əmirəlmöminin (ə) xalqı cihada aparmaq istədikdə, onun üçün bütün bu problemlər və başağrıları yaranırdı. Onun dövrünün haqq tərəfdarı olan, yəni haqqı tanıyan xüsusi insanlarının əksəriyyəti dünyanı axirətdən üstün tutan şəxslər idilər. Nəticədə Əmirəlmöminin (ə) məcburi şəkildə üç müharibəyə qoşuldu. Öz hakimiyyətinin 4 il 9 aylıq ömrünü həmişə bu müharibələrdə keçirdi və nəhayət həmin xəbis adamların biri tərəfindən şəhadətə çatdı.



  İrəli
Go to TOP