A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Dua (Seyid Əli Xamenei)
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Mənim əsas məqsədim olan sonrakı hədisin əvvəlində təxminən oxuduğum hədisə oxşar ibarələrlə həmin üç məsələ qeyd olunur. O hədisdə “hər bir halda Allahı yad etmək” vardır. Burada İmam Sadiqin (ə) hədisində isə “hər bir yerdə Allahı yad etmək” kimi göstərilmişdir. Lakin mənim nəzərdə tutduğum budur: Deyir hər bir halda Allahı zikr etmək dedikdə məqsədim bu deyil ki, “sübhanəllah vəl-həmdü lillah və la ilahə illəllah vəllahu əkbər”  - deyəsiniz. Bu, dil zikridir: “Baxmayaraq ki, bu da ondandır”. Yəni bu da zikrdir, bu da yaxşıdır, bu da dəyərlidir. Lakin mənim məqsədim təkcə bu deyil. Məqsəd budur ki, Allahın itaətinə, yaxud günaha doğru getdikdə Allahı yad et. Allahı belə yad etmək, Onun belə zikri nəzərdə tutulur. Düzdür, bizim rəvayətlərimizdə, bu dualarda, bu müxtəlif zikrlərdə, həzrət Zəhra (s.ə) təsbehində və digər zikrlərdə göstərilənlərin hamısı zikr vasitələridir. İnsan mənalara və həqiqətlərə diqqət yetirməklə bunları dilinə gətirməlidir, diqqət halı əldə etməlidir. Əlbəttə, bunlar çox dəyərlidir.


İkinci fəsil: Duanın və zikrin əhəmiyyəti

Duanın əhəmiyyəti

Dua etməyə müvəffəq olmaq  Rəbbin lütf əlaməti

Əgər kimsə dua etməyə müvəffəq olsa, diqqətlə və ürəkdən dua etsə, bilsin ki, Rəbbin lütfü ona şamil olmuşdur. Sonrakı mərhələdə duanın qəbul olunması gələcək.

İnsanın Allah-Taala ilə ünsiyyət qurması, Allah-Taala ilə danışması ilahi lütfdür, Allahın insana verdiyi bir uğurdur. Bu “ya Allah!” deməyin özündə Rəbbin qəbul etməsi vardır.

Dua maddi gözəlliklər qarşısında insanı sığortalayan amil kimi

Əgər düşmən qarşısında möhkəm olmaq istəyirsinizsə, dua qapısını üzünüzə açın. Əgər heç kimdən və heç kəsdən qorxmamaq istəyirsinizsə, Allahla rabitənizi gücləndirin. Əgər maddi gözəlliklər qarşısında möhkəm olmağınızı və sürüşməməyinizi istəyirsinizsə, özünüzü dua və minacatla sığortalayın.

Dua - Allah qarşısında bəndəliyin təzahürü

Dua barəsində bizim sözümüzün qısası budur ki, dua Allah qarşısında bəndəliyin təzahüri və insanda bəndəlik ruhunun gücləndirilməsi üçündür. Allah qarşısında bu bəndəlik ruhu, peyğəmbərlərin əvvəldən sona qədər tərbiyə və səylərinin yönəldiyi nöqtədir. Onlar insanlarda bəndəlik ruhunu dirçəltməyə çalışmışlar.

Dua – ilahi bilgilərlə dolu olan ən yaxşı məzmunlar

Dua Allahı çağırmaqdır. Bu hər dildə, öz dilinizdə də ola bilər. Allaha nə demək istəsəniz, bu, duadır. Nəyi istəyirsinizsə, onunla bir arada qoyun... Əlbəttə, imamlardan nəql olunmuş dualar ilahi bilgilərlə dolu olan ən yaxşı məzmunları ehtiva edən ən gözəl sözlərdir. Onların qədrini bilmək, onlardan istifadə etmək lazımdır.

Dua - insan qəlbində möcüzəvi təsirlərin amili

Allah-Taala ilə bu ünsiyyətin, Onun zikrinin, bağışlanmaq istəməyin və dua etməyin insan qəlbində çoxlu möcüzəvi təsirləri var, ölü qəlbləri dirildir.

Dua - insan həyatını mənalandıran amil

Deyir ki, gərək Allah evinin qapısına gedəsiniz: “(Ey Rəsulum) De: “Əgər duanız olmasa, Rəbbim sizə diqqət yetirməz!”[22] Gərək dua edəsiniz: “Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim!”[23] Dua etməlisiniz ki, Allahdan cavab eşidəsiniz. Allahla rabitə olmadan insanın həyatı mənasızdır.

Dua xilaskar bir silah kimi

Dua insana qüdrət verir, onu hadisələr qarşısında möhkəmləndirir. Buna görə hədisdə dua üçün silah təbiri işlənmişdir. Əziz Peyğəmbərimizdən (s) nəql olunmuşdur ki, sizi düşmənlərinizdən xilas edəcək bir silah göstərimmi? Bu, gecə-gündüz Rəbbi çağırmaqdan ibarətdir və möminin silahı duadır.[24] Hadisələrlə qarşılaşdıqda Allah-Taalaya diqqət yetirmək mömin insanın əlində kəsərli bir silahdır. Buna görə, İslamın əziz Peyğəmbəri (s) döyüşdə bütün lazımi işləri görürdü, qoşunu düzürdü, əsgərləri sıralayırdı, onlara lazımi imkanları yaradırdı, lazımi tövsiyələri verirdi, öz komandanlığını icra edirdi. Lakin eyni zamanda meydanın ortasında diz çöküb, dua üçün əlini qaldırır, minacat edir və Allah-Taala ilə danışıb ondan istəyirdi. Allahla bu rabitə insanın qəlbini möhkəmlədir.

Dua bütün ilahi xəzinələrin açarı kimi

Əmirəlmöminindən (ə) bir kəlam nəql olunmuşdur. Rəvayətə əsasən, o buyurur: "Allah-Taala sənə Ondan istəmək icazəsi verməklə bütün xəzinələrinin açarını sənə tapşırmışdır". Deməli, Allah-Taalanın hər bir şeyi ondan istəməyə dair verdiyi icazə bütün ilahi xəzinələrin açarıdır. Əgər insan bu açarı düzgün işlətsə - Allahdan istəsə, şübhəsiz, onu insanın ixtiyarında qoyacaq: “İstədiyin zaman dua vasitəsilə Allah xəzinələrinin qapılarını açarsan”[25] Bu, çox mühüm məsələdir. Nə üçün insan özünü bu mühüm vasitədən məhrum etsin?!

Dua - dua edənin zehninin məzmununu aşkarlayan amil

Bunlardan əlavə, dua, dinləyici və müraciət olunan tərəf üçün dua edənin zehninin məzmununu aşkarlayır. Siz Allahla danışan bir şəxsin duasını eşitsəniz, onun duasından, onun istəyindən bu insanın necə insan olduğunu - kiçik ya böyük olduğunu, sadəlöhv, yaxud uzaqgörən və böyük məqsədli olduğunu, mömin, yaxud tərəddüdlü olduğunu bilərsiniz. Dua qəribə bir şeydir.

Duanın quruculuqda təsirli rola malik olması

Kimsə düşünməsin ki, quruculuq halında olan bir xalqın yaşayışında duanın və minacatın çox rolu yoxdur. Əksinə, qarşısında çətin yolu olan və böyük işlər görmək istəyən bir xalq işin, fəaliyyətin və çalışmağın kənarında Allaha dua etmək, diqqət göstərmək və Allahdan yardım diləmək üçün açıq bir qapı qoymalıdır. Siz İslam tarixində müşahidə edirsiniz ki, məsumlar, o cümlədən əziz Peyğəmbər (s) və Əmirəlmöminin (ə) özü döyüş meydanlarında, təhlükəli səhnələrdə, böyük işlər zamanı təvəssül və dua edirlər. Heç kəs deyə bilməz ki, Peyğəmbər (s) və erkən İslam çağının müsəlmanları çalışıb işləmirdilər. Onların işlərindən böyük iş ola bilməz. Peyğəmbərin (s), o zamankı İslam cəmiyyətinin hakimi olduğu onillik müddət bütünlüklə iş və fəaliyyətlə keçmişdir. Lakin eyni zamanda, həmin iş və fəaliyyətin yanında dua, yalvarış, tövbə, bağışlanmaq istəyi və Allahdan diləmək də öz yerində olmuşdur.

Dua və dua etmək imkanının bir nemət olması

Dua bir nemətdir. Dua etmək imkanı bir nemətdir. Əmirəlmöminin (ə) İmam Həsən Müctəbaya (ə) vəsiyyətində deyir ki, yerin və göyün bütün qüdrətinə malik olan Allah-Taala sənə dua etmək, danışmaq və ondan istəmək icazəsi vermişdir: “Sənə əmr edib ki, ondan istəyəsən və O sənə əta etsin”. Allahdan bu növ istəmək və istəyi almaq rabitəsi insan ruhunun yüksəliş amili və bəndəlik ruhiyyəsinin gücləndirilməsidir. Allah-Taala da səxavətlidir, Özü ilə sənin aranda heç bir məsafə və sədd qoymamışdır.[26] Nə vaxt Allahla danışmağa, ehtiyacınızı söyləməyə başlasanız, Allah-Taala sizin istəyinizi və səsinizi eşidəcək. Allahla həmişə həmsöhbət olmaq, danışmaq, ünsiyyət qurmaq və ondan istəmək olar. Bu, bəşər üçün çox böyük fürsət və nemətdir.

Təkcə dua ayəsində Allah üçün birinci şəxs əvəzliyinin yeddi dəfə işlənməsi

Oruc haqqında üç ayənin ardınca dərhal buyurur: “(Ey Rəsulum!) Bəndələrim səndən Məni soruşduqda (bilin ki,) Mən yaxınam“. Ey Peyğəmbər! Mənim bəndələrim mənim barəmdə səndən soruşduqda, de ki, mən yaxınam. Demir "onlara de ki, mən yaxınam", Özü onlarla həmsöhbət olur və deyir: "Mən yaxınam". “Dua edib Məni çağıranın duasını qəbul edərəm”. Dua edənin duasını qəbul edərəm, Məndən bir şey istəyənə cavab verərəm. “Gərək onlar da Mənim çağırışımı qəbul etsinlər və Mənə iman gətirsinlər”. Mənə cavab versinlər, Mənə iman gətirsinlər. Böyük alim  mərhum Əllamə Təbatəbai bu şərafətli ayədə bir məqama diqqət yetirmişdir. O buyurur ki, aləmin Rəbbi bu ayədə yeddi dəfə birinci şəxs əvəzliyi işlətmişdir: “(Ey Rəsulum!) Bəndələrim səndən Məni soruşduqda (bilin ki,) Mən yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul etsinlər və Mənə iman gətirsinlər”.[27] Quranın heç bir başqa ayəsində Allah-Taala özündən bu qədər danışmayıb. Belə bir qısa mətndə yeddi dəfə "mən" demişdir. Bu, Allahın, Ona ürəyini açan və sitayişinə dillənən bəndələrinə yaxınlığını isbat etmək üçündür.

Gün ərzində “Bizi düzgün yola hidayət et!” ayəsinin təkrarı

Hər bir namazın ən azı iki rəkətində deyirik: “Bizi düzgün yola hidayət et!” Siz on yeddi rəkət vacib namaz qılırsınız. Bu on yeddi rəkətin on rəkətində “Bizi düzgün yola hidayət et!” deməlisiniz.

Dua uğur amili kimi

“(Ey Rəsulum) De: “Əgər duanız olmasa, Rəbbim sizə diqqət yetirməz!”[28]Allaha dua etmədən, diqqət göstərmədən və təvəssül etmədən yolda irəliləmək olmaz. Mən belə düşünürəm ki, imamın uğurunun səbəblərindən biri Allah-Taalaya bu diqqət və yalvarışı idi.

Zikrin əhəmiyyəti

Çoxlu zikr istəyi

Quran müsəlmanlara müraciət edir ki, Allahı çoxlu yad edin.[29] Zikr, yəni yad etmək. Zikr və yad etmək, xəbərsiz olmağın və unutmağın qarşı tərəfidir. Müxtəlif hadisələrə qərq və əsas məsələdən qafil olmaq Adəm övladlarının böyük bəlasıdır; istəyirlər belə olmasın. Bu yad etmək də yalnız yad edib xatırlamaq deyil. Bizdən çoxlu zikr istənilib.

"Təqva yolu Allah zikridir!"

Təqva yolu da Allah zikridir.

 

Quran zikr vasitəsi kimi

Quranın şərafətli ayəsi buyurur: “Həqiqətən, sizə elə bir kitab nazil etdik ki, onda sizin zikriniz var”.[30] Yəni Quranı bütün müsəlmanların zikr etməsi və diqqətli olması vasitəsi kimi təqdim edir. Çünki bir çox insanlar zaman boyu dünya həqiqətlərindən, ən əsası Rəbbin müqəddəs zatından qafil olmuşlar.

Zikrin mövzusu əsas məsələ kimi

Zikr və hidayət məsələsinə öz əsas məsələmiz kimi diqqət yetirməliyik. Deməli, bu gün bizim xalqımızın düzgün diqqət yetirməyə ehtiyaclı olduğu mövzulardan biri də zikr və qafil olmamaq mövzusudur.

Zikr - həqiqi irfan

Həqiqi irfan budur. Yəni insanda həmin zikri və Allahı yad etmək hissini vücuda gətirir. Allah qarşısında dayanmaq üçün lazımi baxış yaradır.

Hüdudsuz zikr

Bütün bu vaciblərin və ilahi hökmlərin həddi və ölçüsü var. O həddə və sərhədə çatdıqda bitir, vəzifə tamamlanır: "zikrdən savayı". Zikrin həddi yoxdur, sonu yoxdur. Belə deyil ki, zikr və xatırlama müəyyən həddə çatdıqda deyək daha bəsdir, daha lazım deyil. Sonra həzrətin özü izah edir və buyurur: "Kim vacibləri yerinə yetirsə, onları öz (son) həddinə çatdırmışdır". Misal üçün, ramazan ayı bitdikdə siz bu vacibi öz sərhədinə çatdırmısınız, sizə daha bir şey vacib deyil. Həcc edən şəxs həccin son əməllərinə çatdıqda onu son sərhədə çatdırmışdır: “zikrdən savayı”. Yalnız zikr digər vaciblər kimi deyil. Hədisdə digər vaciblərin adı çəkilməyib. Zəkat da belədir. Zəkatı verdikdən sonra vacib olmur, təyin edilən miqdarda vacibdir. Xüms da belədir. Qohumlara baş çəkmək də belədir. Digər vaciblər də bu qəbildəndir. Lakin zikr belə deyil: “Zikr belə deyil. Allah-Taala onun azına razı olmamış və onun üçün hədd təyin etməmişdir”.[31] Allah onun üçün elə bir hədd qoymayıb ki, həmin həddə çatdıqda daha bitsin. Sonra həzrət bu ayəni oxudu: “Ey iman gətirənlər! Allahı çox zikr edin!”[32] Zikrin əhəmiyyəti budur.

Bütün hallarda zikr etmək  möminlərin ən mühüm vəzifələrindəndir

Həzrət imam Baqir (ə) buyurmuşdur: "Üç məsələ möminlərin çox əhəmiyyətli və ən çətin vəzifələrindəndir". Üçüncüsü budur: “Hər bir halda Allahı zikr etmək”.

Səhifeyi-Səccadiyyənin əhəmiyyəti

Çox əzəmətli kitab

Səhifeyi-Səccadiyyə ilə ünsiyyətdə olun. Çox əzəmətli kitabdır. Ona Məhəmməd (s) ailəsinin Zəburu demişlər. Doğrudan da elədir. Mənəvi nəğmələrlə doludur, dua və dərsdir.

Bizim ən yaxşı mənəvi ehtiyatlarımızdan biri

Mənim fikrimcə, mübarək Səhifeyi-Səccadiyyə bizim ən yaxşı ehtiyatlarımızdan biridir - əgər bundan yaxşı istifadə edə bilsək.

Duaya dəvət etmək və onu tərk etməkdən çəkindirmək

Dəvət

Mən tövsiyə edirəm ki, uşaqların Allahla rabitəsi diqqətli və mənəvi rabitə olsun, xüsusilə namazları mənəvi halla qılsınlar. Oxuduqları duanı mənəvi halla və diqqətlə etsinlər, hansı varlıqla danışdıqlarını, nə istədiklərini bilsinlər. Bilsinlər ki, bu istəyin cavabı var. Quranda bizə belə deyilmişdir: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim!”[33] Məni çağırın ki, sizə cavab verim. Başqa bir yerdə də belə nəql olunub: “Allahın lütfündən (mərhəmətindən) istəyin!”[34] Allahın lütfündən istəyin. Bunlar Allahın vədləridir və Allahın vədi ən doğru vəddir.

Allah zikrini cəmiyyətdə artırın.

Ramazan ayı dua zamanıdır. Heç bir eybi yoxdur, öz hacətinizi istədiyiniz duanı diqqətlə, yalvarışla və ürəkdən oxuyun. Ürəyinizi Allaha yaxınlaşdırın. Mənim və sizin buna ehtiyacımız var. Mənim qardaş və bacılarım! Duadan qafil olmayın.

Duanın lazım olması

Qarşısında çətin yolu olan və böyük işlər görmək istəyən bir xalq işin, fəaliyyətin və çalışmağın kənarında Allaha dua etmək, diqqət göstərmək və Allahdan yardım diləmək üçün açıq bir qapı qoymalıdır.

Tələbə dua ilə, zikr ilə və minacatla ünsiyyətdə olmalıdır.

İslam cəmiyyəti gərək Allaha yalvarış, dua və tövbə cəmiyyəti olsun.

Duanı qənimət hesab etmək

Allah zikrini qənimət bilməlisiniz. Sizin bu cümə namazınız Allah zikrinin nümunəsidir: ”Allahın zikrinə tələsin!”[35] Burada sizin qəlbinizə, sizin dilinizə, sizin hərəkətlərinizə hakim olmalı amil Allahı yad etməkdir. Ürək Allahı yad etsin, Rəbbin müqəddəs adlarını söyləsin, əlin, ayağın və cismin hərəkətləri də Rəbbi xatırlamaq və ilahi əmrlərə itaət istiqamətində olsun. Bu bizim hər birimizin ehtiyacı olan məsələdir.

Vəzifə

Ramazan ayında bizim vəzifələrimizdən biri dua etməkdir.

Duanı tərk etməyin məzəmmət olunması

"Dua imkanının alınması, onun qəbul imkanının alınmasından daha nigaranedicidir!"

Bu barədə böyük bir söz nəql etmişlər. Hədisin məsum, yoxsa məsum olmayan bir şəxsin sözü olmasını bilmirəm. İstənilən halda hikmətamiz bir təbirdir. Deyir ki, mən duanın qəbul olunmasından daha çox dua imkanının əldən alınmasından qorxuram”.

İnsandan dua halının alınmasının pis əlamət olması

Bəzən dua halı insandan alınır. Bu, pis əlamətdir. Əgər dua zamanı, yalvarış zamanı, diqqət və yaxınlaşmaq zamanı duaya həvəs və hövsələmiz olmursa, bu yaxşı əlamət deyil. Lakin onu islah etmək olar. İnsan diqqətlə, yalvarmaqla və istəməklə dua halını ciddi surətdə Allahdan ala bilər.

Himayəsiz qalmaq - özünü duadan ehtiyacsız bilməyin nəticəsi

Ölkənin məhkəmə məmurları özlərini Allaha dua etməkdən, müstəhəb işlərdən, zikrdən, diqqətdən, təvəssüldən, ağlamaqdan və tövbədən ehtiyacsız bilməsinlər. Deməsinlər ki, biz xalqa xidmətlə məşğuluq. Deməsinlər ki, duanı çox işi olmayanlar etsinlər. Xeyr, əsas iş budur. Əgər bu olmasa, biz himayəsiz qalarıq.

Dua və zikr fəzilətinin digər fəzilətlərlə müqayisəsi

Dua mömin bəndənin ən mühüm işlərindən biri kimi

Hədisdə göstərilmişdir ki, dua ibadətin məğzidir[36]. Daha çox işlənən təbirlə desək, ibadətin ruhu duadır. Dua nədir? Dua - Allah-Taala ilə danışmaq, Allahı özünə yaxın hiss etmək və ürəyin sözünü ona deməkdir. Dua ya istəkdir, ya tərif və sənadır, ya da məhəbbət və sevgi bildirməkdir. Bunların hamısı duadır. Dua mömin bəndənin, düzgünlük və qurtuluş istəyən bir insanın ən mühüm işlərindən biridir.

Dua ibadətin məğzi kimi

Hər bir ibadətin məğzi duadır. İbadət insanı Allah-Taala qarşısında təzim edən, ürəyini də müti və təslimçi etmək üçündür. Allah qarşısında olan bu itaət və kiçilmək insanların bir-biri qarşısında təvazökarlığı, kiçilməsi və təzim göstərməsi növündən deyil, mütləq xeyir, mütləq gözəllik, mütləq yaxşılıq və mütləq fəzilət qarşısında kiçilməkdir.

Dua ən mühüm çarə kimi

Biz bunu Əmirəlmöminindən (ə) öyrənməliyik. Allahı yad etmək, Allaha diqqət, zikr və minacat Əmirəlmömininin (ə) bu iş üçün etdiyi ən mühüm əlacdır.

Dua - böyük istəklərə qovuşmağın yeganə yolu

Cümə gecəsinin müstəhəb duası qısa, lakin çox yaxşı duadır. Əgər müvəffəq olsanız, bu duanı oxuyun. Əvvəl Allahdan bəzi mətləblər istənilir və sonra belə deyilir: "İlahi, bu böyük və nəhəng arzular, əzəmətli istəklər ümidsizliyə məhkumdur; yalnız sənə deyiləndən başqa. Bizim istək karvanlarımız dayanmağa məhkumdur; yalnız sənin evinə doğru gələndən başqa".[37]

Zikr - pis və bəyənilməz işlərdən çəkindirməkdən daha böyük və daha mühüm

Dözümlülüyün və namazın əlaqəsinə gəlincə isə, təbii ki, namazı geniş mənada "səlat" kimi nəzərə alın; yəni diqqət, zikr və təzim. Zikrsiz olmaz, çünki namazın forması məqsəd deyil. Buna görə, şərafətli ayədə də namaz haqqında danışdıqdan sonra buyurur: “Allah zikri daha böyükdür”[38] Bu, namazın bir xüsusiyyətidir. Lakin pis və bəyənilməz işlərdən çəkindirməkdən daha böyük olan, namazda mövcud olan Allah zikrinin özüdür. Bu namaz, yəni o zikr, diqqət, təzim, Allahla ürəkdən rabitə dözümlülüyün möhkəmlənməsində təsirlidir.

Dua edənlərin məqamı və duanın əhəmiyyət göstəricisi

Peyğəmbər (s)

Elə məqama, ucalığa və əhəmiyyətə malik olan Peyğəmbər (s) öz ibadətini yaddan çıxarmırdı, gecə yarısı ağlayırdı, dua edib bağışlanmaq istəyirdi. Ümmü Sələmə bir gecə gördü ki, Peyğəmbər (s) yoxdur. Gedib gördü ki, dua edir, göz yaşı tökür, bağışlanmaq istəyir və belə deyir: “İlahi, məni bir göz qırpımı öz nəfsimə tapşırma!”[39]

Peyğəmbərlər

Qurani-kərimdə dəfələrlə duadan və Allahın saleh bəndələrinin dualarından söz açılmışdır. Onların hamısı bizə dərs verməkdən ötrüdür. Allahın peyğəmbərləri çətin anlarda Allaha dua edib kömək istəyirdilər: “Rəbbinə dua edib: “Mən məğlub oldum, buna görə də (onlardan) intiqam al!” – dedi”.[40] Bu, həzrət Nuhun (ə) dilindən nəql olunmuşdur. Yaxud həzrət Musanın (ə) dilindən belə nəql olunmuşdur: “Sonra Rəbbinə belə dua etdi: “Həqiqətən, bunlar günahkar bir qövmdür!”[41] Musa Allaha şikayət etdi, Ona sığındı.

Dua barəsində bizim sözümüzün qısası budur ki, dua Allah qarşısında bəndəliyin təzahüri və insanda bəndəlik ruhunun gücləndirilməsi üçündür. Allah qarşısında bu bəndəlik ruhu, Allahın peyğəmbərlərinin əvvəldən sona qədər tərbiyə və səylərinin yönəldiyi nöqtədir. Onlar insanlarda bəndəlik ruhunu dirçəltməyə çalışıblar.

 

Peyğəmbərlərin səhabələri, həvariləri

Peyğəmbərlərin səhabələri, həvariləri müharibələrdə və müxtəlif hadisələrdə çətinliyə düçar olduqda Allah-Taalaya üz tutub dua edirdilər: “Ey Rəbbimiz, günahlarımıza və işlərimizdə həddi aşdığımıza görə bizi bağışla!”[42] İlahi, bizim  günahları, israfçılıqları və diqqətsizliklərimizi bağışla.

İmam Xomeyni (r)

Allah-Taala, şübhəsiz, onun yolunda hərəkət edən və ixlasla addım atan bəndələri müdafiə edəcək. Mənim bu məsələdə heç bir şübhəm yoxdur. Əlbəttə, Allaha dua etməyi və yalvarmağı da unutmaq olmaz: “(Ey Rəsulum) De: “Əgər duanız olmasa, Rəbbim sizə diqqət yetirməz!”[43] Allaha duasız, diqqətsiz və təvəssülsüz irəli getmək olmaz. Mən belə düşünürəm ki, imamın müvəffəqiyyət səbəblərindən biri Allah-Taalaya bu yalvarış və diqqət olmuşdur.


Üçüncü fəsil: Duanın şəraiti və ona cavabın şərtləri

Dua öncəsi şərtlər

Allah tərəfindən olanlar

Allahın iradəsi

Buyurur ki, İlahi, xalqı istəməyə dəvət edib,  istəklərini verməmək Sənin xislətinə yaddır.[44] Yəni Allahın səxavətinin, rəhmətinin və böyük qüdrətinin mənası budur ki, əgər istəmənizi deyirsə, istədiyinizi verməyə də iradə etmişdir. Bu, Allahın sözügedən vədəsidir. Xütbənin əvvəlində oxuduğum həmin ayədə açıq-aşkar bildirilmişdir: “(Ey Rəsulum!) Bəndələrim səndən Məni soruşduqda (bilin ki,) Mən yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm“.[45] Yəni mənim bəndələrim nə zaman mənim barəmdə səndən harada olduğumu soruşsalar, ey Peyğəmbər, de ki, yaxınam, cavab verirəm, məndən istəyən və məni çağıran şəxsin duasını və istəyini qəbul edirəm. Kim Allahı çağırsa, cavabı var. Allahdan  hər bir istəyin qarşılığında qəti bir cavab vardır.[46] Bu çox mühümdür və Allahın mömin bəndələri onun qədrini yaxşı bilməlidirlər.

Rəbbin izni

Əmirəlmöminin (ə) İmam Müctəbaya (ə) vəsiyyətində deyir ki, yerin və göyün bütün qüdrətinə malik olan Allah-Taala sənə dua etmək, danışmaq və ondan istəmək icazəsi vermişdir: “Sənə əmr edib ki, ondan istəyəsən və O sənə əta etsin”. [47]

Əmirəlmöminindən (ə) bir kəlam nəql olunmuşdur. Rəvayətə əsasən, o buyurur: "Allah-Taala Ondan istəmək icazəsi verməklə  bütün xəzinələrinin açarını sənə tapşırmışdır". Deməli, Allah-Taalanın hər bir şeyi ondan istəməyə dair verdiyi icazə bütün ilahi xəzinələrin açarıdır. Əgər insan bu açarı düzgün işlətsə - Allahdan istəsə, şübhəsiz, onu insanın ixtiyarında qoyacaq: “İstədiyin zaman dua vasitəsilə Allah xəzinələrinin qapılarını açarsan.”[48] Bu çox mühüm məsələdir. Nə üçün insan özünü bu mühüm vasitədən məhrum etsin?!

İlahi lütf və uğur

İnsanın Allah-Taala ilə ünsiyyət qurması, Allah-Taala ilə danışması ilahi lütfdür, Allahın insana verdiyi bir uğurdur. Bu “ya Allah!” deməyin özündə Rəbbin qəbul etməsi vardır.

Əgər kimsə dua etməyə müvəffəq olsa, diqqətlə və ürəkdən dua etsə, bilsin ki, Rəbbin lütfü ona şamil olmuşdur. Sonrakı mərhələdə duanın qəbul olunması gələcək.

Dua edən üçün şərtlər

Ümid

Dua - istəmək və Allahı çağırmaqdır. Dua - istəmək, yəni ümidvar olmaqdır. Əgər ümidiniz olmasa, Allahdan bir şey istəməzsiniz. Ümidsiz insan bir şey istəmir. Deməli, dua ümiddir. Qəbul olunması ümidlə birgədir. Duanın qəbul olunmasına  ümid ürəkləri şölələndirir və nurlu saxlayır.

Dua halının istənilməsi

Əgər dua zamanı, yalvarış zamanı, diqqət və yaxınlaşmaq zamanı duaya həvəs və hövsələmiz olmursa, bu yaxşı əlamət deyil. Lakin onu əldə etmək olar. İnsan diqqətlə, yalvarmaqla və istəməklə dua halını ciddi surətdə Allahdan ala bilər.

 

Şükür

Əvvəla şükür etdikdə, bu şükür zikrə səbəb olur. Siz Allaha yönəlirsiniz. Şükrün özü insanı zikr əhli edir.

Duanın qəbul olunmasının qətiliyi

"Dua qəbul olunacaq; ya tez, ya gec!"

Əgər dua halında lazımi diqqət olsa, dua qəbul olunacaq; ya tez, ya gec.

"Əgər Allah dua qapısını açırsa, qəbul olunma qapısını bağlamır!"

Allahın öz bəndələrinə dua etmələrini əmr etməsi, lakin onu qəbul etməməsi imkansızdır.



Geri   İrəli
Go to TOP