A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Mən və kitab (Seyid Əli Xamenei)
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
  İrəli


 

MƏN VƏ KİTAB

 

(İslam İnqilabının Böyük Rəhbəri həzrət

Ayətullah Seyid Əli Xameneinin baxışında)


 

 

Kitаbın аdı:..................................Mən və Kitab

Tәrcümә еdәn:..............................Emil Kəlayev

Nәşr еdәn:..................................."Üfüqe-fərda"

Çаp tаriхi:..................................................2012

Çаp növbәsi:...........................................Birinci

Tirаj:..........................................................3000

 


BİRİNCİ FƏSİL

KİTAB VƏ MÜTALİƏNİN ƏHƏMİYYƏTİ

İSLAM MÜTALIƏYƏ ÖNƏM VERIR

Kitab və kitabın cəmiyyətdəki yeri nə zaman yadıma düşürsə, daxilən narahatçılıq və təəssüf hissi keçirirəm. Hansı baxımdan istəyirsiniz yanaşın, ölkəmizdə kitabların sayı ən azı on dəfə artmalı və geniş yayılmalıdır. Əgər bu məsələyə İslam təfəkkürünün və İslam hakimiyyətinin kitaba verdiyi əhəmiyyət baxımından yanaşsanız, onda məsələ öz təsdiqini tapmış olacaq. Çünki İslam kitaba, mütaliəyə və yazıya kifayət qədər önəm verir. Əgər insaflı bir şəxs İslam peyğəmbərinin (s), imamların (ə) və digər İslam öndərlərinin çıxışlarına nəzər salıb, onların necə bir zamanda insanları kitaba, mütaliəyə dəvət etdiklərini görsə, bütün uydurmalar zehinlərindən silinəcək. Anlayacaqlar ki, İslam düşmənlərinin kitab yandırmaq və kitabla düşmənçilik kimi əfsanələr uydurub dillər əzbəri etməkdən başqa yolları yox idi. Çünki İslam mütaliəyə həddən artıq əhəmiyyət verir.[1]

BÖYÜK ZİYAN

Kitab, geniş elm və bilik dünyasına açılan bir darvazadır. Yaxşı kitab insan təkamülünün ən üstün vasitələrindən biridir. Bu gözəl və həyatverici dünya ilə, yəni kitab dünyası ilə ünsiyyətdə olmayan biri, şübhəsiz ki, ən önəmli insan fəaliyyətlərindən, eləcə də bir çox hümanitar və ilahi biliklərdən məhrum olur. Bir cəmiyyət üçün fərdlərinin kitabla ünsiyyət qurmaması böyük fəlakətdir. Bir insanın kitabla ünsiyyətdə olması və daim ondan bəhrələnməsi, yəni-yeni biliklər əldə etməsi böyük uğurdur...[2] 

ƏHƏMİYYƏT VERMƏLİSİNİZ

Əgər bu gün bu xalqın dünya hegemonlarının qərəzli əməlləri nəticəsində zülmə məruz qalmasını nəzərə alırsınızsa, demək, özünüzü müdafiə etməlisiniz. Elə bir milli müdafiə varmı ki, hər şeydən öncə mədəniyyətə, təhsilə, dünyagörüşünə və biliyə söykənməsin? Nəticədə yenə "kitab"a qayıdırıq. Yəni hansı tərəfə baş vursanız da, sonda kitaba əhəmiyyət verməyə məcbursunuz. Mən təəccüb edirəm ki, nə üçün biz İslam Respublikası kimi hazırda kitaba on qat artıq əhəmiyyət vermirik?![3]

MÜTALİƏ VƏRDİŞİ

Əgər biri burada oturmuş olsa və yan otaqda hansısa hadisə baş versə, yaxud yeni söhbət olsa, çox az adam tapmaq olar ki, yerində otursun və yan otaqda hansı hadisələrin baş verdiyini görmək üçün həmin otağa baş vurmasın.

Bütün ətrafımız yeni xəbərlərlə doludur. Bu qədər məlumat və bütün mövzularla bağlı bu qədər maarif! Biz nə üçün baş çəkməyə, baxmağa, hansı hadisələrin baş verdiyini və bilik dünyasında nələrin keçdiyini görməyə hazır deyilik?!

Çıxış yolu kitab oxumaqdır. Kitab oxuyan insan dünyadakı bir sıra biliklərdən, hazırda və keçmişdə baş verən hadisələrdən, hətta müxtəlif sahələrdə baş verəcəklərdən xəbərdar olacaq. Deməli, mütaliəyə vərdiş verməliyik.[4]

 

KİTABI HEÇ NƏ ƏVƏZ ETMİR

Kitab olduqca önəmli məsələdir. Əlbəttə ki, mən incəsənətə, təsviri sənətə, telefiziyaya, kino sənətinə və bu qəbil şeylərə çox inanıram. Ancaq kitabın özünəməxsus rolu var. Kitabın yerini heç nə vermir. Kitab cəmiyyətdə öz yerini tutmalıdır. ... Camaat mütaliəyə adət etməli və kitab onların həyatının bir hissəsinə çevrilməlidir. Bir qədər əvvəl televiziyanın bəzi cavanlardan müsahibə aldığını gördüm. Onlardan kitab oxumaları haqqında sual olunurdu. Cavablar isə mənfi idi. Ümumiyyətlə kitabı həyatın zərurətlərindən hesab etmirdilər.[5]

KƏSƏ YOL

Bir sözlə, əgər biz inkişaf etmiş, mədəniyyətli, savadlı cəmiyyət olmaq və geri qaldığımız məsələləri kəsə yolla keçmək istəyiriksə (haqlı olaraq millətin bu potensiala malik olmasını iddia edirik), çıxış yolu yalnız informasiya və mütaliələrin, ümumi məlumatların, xüsusi təbəqələrin ehtiyacı olan və geri qaldığı məsələlər haqqındakı məlumatların hazırki vəziyyətdən çıxarılması, inkişaf etdirilməsdir.[6] 

KOMMUNİST PARTİYASININ UĞURLARININ SƏBƏBİ

Mənim fikrimcə, kommunist partiyasının ölkəmizdə uzun yaşamasının və təşkilatlarının çox geniş və səssizcə yayılmasının səbəbi var idi. Birinci səbəb sistemli şəkildə təşkilatçılıq idi. Bu, dünya standartlarına uyğun idi. Bu təşkilatçılıq hər yerdə əvvəlcədən işlənmiş və heç bir zəhmət çəkmədən həyata keçirilmişdi. Digəri isə ədəbiyyat sahəsindəki uğurlara söykənirdi. Kommunistlər Rza xan rejimi dövründə ədəbiyyat sahəsində xeyli uğur qazana bilmişdilər. Onların inqilabdan sonra dərhal Yazıçılar Birliyi yaratdığını özünüz müşahidə etdiniz. "Yazıçılar Birliyi" olmasaydı, onlar belə  inkişaf edə bilməyəcəkdilər. Yüzlərcə kitab çap etdilər. Müxtəlif bölgələrdə minlərlə broşür, yazı və təhlillər çıxardılar. Bunun özü iş görmək istəyən, yaxud hər hansı bir analizin yayılmasında maraqlı olanlar üçün böyük vasitədir.[7]


İKİNCİ FƏSİL

MƏN VƏ KİTAB

AZAN SƏSİ

Mən gənc ikən çox kitab oxuyurdum. Atamın zəngin kitabxanası var idi və onların əksəriyyəti mənim üçün lazımlı idi. Kitabımız olsa da kitabxanalardan müvəqqəti kitab götürürdük. Evimizin yaxınlığında kiçik kitab mağazası vardı. Orada oxumaq üçün müvəqqəti kitab verirdilər. Mən adətən oxuduğum romanları oradan götürürdüm. “Astaneyi-Qüds” (“Müqəddəs dərgah”) kitabxanasına da baş çəkirdim. “Astaneyi-Qüds”ün Məşhəddə yaxşı kitabxanası var. Dini təhsilə başladığım ilk illərdə, 15-16 yaşlarımda həmin kitabxanaya müraciət edirdim. Bəzən gündüzlər ora gedir və mütaliə ilə məşğul olurdum. Azan səsgücləndirici ilə verilirdi. Ancaq mütaliə ilə dərin məşğul olduğuma görə azanın səsini eşitmirdim. Səsgücləndirici çox yaxın idi və azanın səsi kitabxananın salonunu bürüyürdü. Günorta olurdu, amma mən bunu bir müddət keçdikdən sonra anlayırdım.[8]  

MÜTALİƏNİN QIZIL DÖVRÜ

Mən gənc yaşlarımda çox mütaliə edirdim. Dərs kitablarımdan əlavə tarix, ədəbiyyat, şeir, bədii ədəbiyyat və roman da oxuyurdum. Bədii ədəbiyyatı çox sevirdim. Tanınmış romanların çoxunu gənc yaşlarımda oxumuşam. Şeir də oxuyurdum. Mən gənclikdə bir çox şeir divanları ilə tanış oldum. Tarix kitabları diqqətimi çəkirdi. Ərəb dili kurslarına getdiyimə və bu dillə tanış olduğuma görə hədislə də maraqlanırdım. Uşaqlıqda oxuyub qeyd etdiyim hədislər indi də yadımdadır. Kiçik dəftərçəm var idi. Hədisləri ora qeyd edirdim. Dünən, yaxud bu həftə baxdığım hədislər yadımda qalmır. Bunu yadıma salan nəsə olmalıdı. Ancaq gənclikdə oxuduqlarım tam yadımdadır. Siz, gənclik illərinin qədrini bilməlisiniz. Bu gün nə oxusanız, sizə qalacaq və heç vaxt yadınızdan çıxmayacaq.

Gənclik dövrü mütaliə etmək və öyrənmək üçün çox əlverişli dövrdür. Doğrudan da qızıl dövrdür və başqa zamanların heç biri ilə müqayisəyə gəlməz!

Mən görürəm ki, bu günün dərsləri həcm və məzmun baxımından çox da ağır deyil. Ancaq bizim bəzi gənclərimiz dərin mütaliəyə vaxt ayırmırlar.

Bir halda ki, fikrimcə, gənc həm dərslərini hazırlaya, həm əlavə mütaliə edə, həm də idmanla məşğul ola bilər.[9]

İŞİM VAR DEMƏYİN

Bir nəfər hansısa bir sahədə işlə, yaxud təbliğlə məşğuldursa, elm və biliklə əlaqələrini kəsməli deyil. İşimiz var və çatdıra bilmirik deməyək. İnqilabın əvvəllərində təqribən iki il kitab oxuya bilmədim. Bizim işlərimizi sona çatdırmaq, bitirmək olmurdu. Mən gecə saat on birdə və yaxud on birdən sonra evə qayıdırdım. İşimiz səhər saat beş və altıda başlayırdı. Bundan əlavə bir qrup insanlarla evdə görüş keçirirdim. Evimiz də get-gəlli idi. Evə getdikdə bəzi dövlət orqanlarının, inqilabçı qurumların, müxtəlif sahələrin nümayəndələrinin, şəhərin alimlərinin və s. oturub məni gözlədiklərini görürdüm. Hamısının mənimlə işləri var idi. Vaxt tapmaq mümkün deyildi. Çox vaxt öz övladlarımı görə bilmirdim. Baxmayaraq ki, öz evimizdə yaşayırdım. Gecə evə getdikdə yuxuda olurdular, səhər evdən çıxdıqda isə hələ oyanmırdılar. Günlərlə uşaqları görə bilmirdim. Bu bizim həyatımızın vəziyyəti idi. Birdən bu vəziyyətə görə dəhşətə gəldim və artıq dörd-beş ildir ki, mütaliələrə başlamışam ...

Prezidentlik dövründə yenidən mütaliəyə qayıtdım. İndi həm mütaliə edirəm, həm işlərimlə  məşğul oluram. Bunların bir-birinə mane olmadığını görürəm. Həm elmi-tarixi mütaliələr edirəm, həm də əyləncəli.[10]

Düşünürəm ki, işlə yanaşı kitab da oxumaq olar. İnqilabın qələbəsindən öncə qısa müddətdə, inqilabın qələbəsindən sonra isə Tehrana gəlib müxtəlif işlərlə məşğul olduğum zamanlarda mütaliə üçün heç cür fürsət tapa bilməmişdim. Son bir-iki ildə fərqinə vardım ki, belə davam edə bilməz və mütaliə üçün vaxt ayırmaq lazımdır. Təqribən iki il öncə (baxmayaraq ki, məşğuliyyətimiz azalmayıb, əksinə, daha da çoxalıb) yenidən mütaliəyə başlamağı qərara aldıq. Başladıq və gördük ki, bu mümkündür. Mən indi hər gün bir az mütaliə ilə məşğul oluram. Tədricən mütaliə etdim, demək olar ki yüzlərlə səhifədən çox qeyd apardım, anladım ki, mümkündür.[11]

KİTAB MƏNİM VÜCUDUMUN DƏRİNLİKLƏRİNDƏ İZ BURAXIR

Oxuduğum kitablardan özüm təsirlənirəm. Yəni kitab mənim vücudumun dərinliklərində iz buraxır. Bu reaksiyanın bir hissəsi həmin təsirlənmədən doğur. Digər hissəsi isə mənim xalqla ünsiyyətdə olmağımdan, cəmiyyətin ümumi hərəkətinin nəbzindən, onda baş verən hadisələrdən xəbərdar olmağımdan irəli gəlir. Mən sizə demək istəyirəm ki, kitabınız, yazınız, filminiz, yaxud şeiriniz böyük təsirə malikdir. Nə üçün biz gördüyümüz işlər haqqında belə bir səhvə yol verir və elə güman edirik ki, bunların faydası azdır.[12] 

TARİXLƏ TANIŞLIQ

Mənim əzizlərim! Bəzilərinizin tarix haqqında kifayət qədər məlumatı var. Mən də tarixlə tanışam. Mən yetmiş-səksən il keçmişin və ondan da öncənin tarixini sətir-sətir, davamlı olaraq oxumuşam. Hindistan yarımadası haqqında geniş mütaliələrim olub. Bu zəmində kitab da yazmışam.[13]

PEŞƏKARCASINA ROMAN OXUMAQ

Mənim kino sənəti,  digər təsviri sənətlər haqqında dərin məlumatım yoxdur. Yəni sadə bir izləyiciyəm. Lakin şeir və roman sahəsində savadsız deyiləm. Yazılmış əsərlərdən çox oxumuşam. Əgər siz indi rus ədəbiyyatına nəzər salsanız, orada bir pərdə olduğunu müşahidə edəcəksiniz. Yəni bir hasarın olduğunu görəcəksiniz. Bu hasarın hər iki tərəfində böyük işlər durur və hər iki tərəfə də aiddir. Ancaq siz Mixail Aleksandroviç Şoloxov və Aleksey Nikolayeviç Tolstoy kimi şəxsiyyətlərin əsərlərinə baxdıqda başqa bir dünya ilə qarşılaşırsınız. Aleksey Nikolayeviç Tolstoy çox məharətli yazıçıdır. Çox gözəl romanları var. Sovet İnqilabı yazıçılarındandır. Yeni dövrün dadı onun yazılarındadır. Siz, Lev Tolstoyun "Hərb və sülh" kitabında rus milli ruhunu görürsünüz, ancaq altmış il öncənin ruhunu görə bilmirsiniz. O, başqa bir dövr və başqa bir ruhiyyədir. Ümumiyyətlə tam fərqli zamana aiddir. Bugünkü Rusiyanın kimliyini təsvir edən hansı əsərlərdir? Şoloxovun, Aleksey Tolstoyun və digər bu kimi yazıçıların əsərləri. Deməli, hər dövrün sənətkarı o dövrü yazıb-yaradan və nəzmə çəkəndir. Ancaq, keçmişdə qalmış və keçmişi qələmə alan bir yazar müasir əsrə və bu əsrin ədəbiyyatına aid edilə bilməz.

Sizə bu haqda kamil nümunə göstərmək üçün bir roman adı çəkməliyəm. Mən "İt ürəyi" adlı povest oxumuşam   Rus yazıçısının əsəridir. (Mixail Bulqakov) Bu povest elmi-fantastik əsərdir. Bu gün bəzi insanlar üçün oxşar film çəkməyə mövzudur. Ancaq ümumiyyətlə bu günün sənəti deyil. Səhvdir, yalandır. O, keçmiş əsərlərin kopyasıdır. Tutaq ki, amerikan, ingilis və fransız əsərlərindən götürülmüş olmasın. Amma Oktyabr inqilabından öncəki əsərlərin kopyasıdır və yeni əsər deyil. Bu roman həcmcə balaca əsərdir. Lakin çox ustalıqla yazılmışdır. Bu roman İranda da tərcümə olunmuş, çap edilmişdir. Amma siz onun adını da eşitməmisiniz. "İt ürəyi" 1925-ci ildə, yəni Rusiya inqilabının əvvəllərində inqilab əleyhinə yazılmış əsərdir. Müəllif inqilaba və bir sıra işlərə qarşı etiraz mövqeyi tutmuş və onları ələ salmışdır. Bu işlərin bənzərini burada da görmüşük. Bu əsərin rus ədəbiyyatına heç bir aidiyyəti yoxdur.[14]

MİNLƏRLƏ BƏDİİ ƏSƏR OXUMUŞAM

Mən, müxtəlif romanlarla çox tanış olduğumdan bu sahədə fikir söyləyə bilərəm. Bədii əsərlərlə məşğul olduğum bu uzun müddətdə, 30-40 ildə bəlkə də dünyanın ən güclü yazıçılarından minlərlə əsər oxumuşam. Özlərində hər hansı məzmunu  əks etdirən əsər o əsərdir ki,  bu nümunələrin hamısına özündə yer verir, ancaq bunu hiss elətdirmir. Necə ki, siz hansısa romanda bir cümləni böyük hərflərlə yazırsınız və burada artıq romanın (əsərin) istiqaməti məlum olur. Belə bir vəziyyətdə roman gözəlliyini itirir.[15]

 

TƏRCÜMƏDƏ İNCƏLİKİLƏR

Bir gün tanınmış və sevimli tərcüməçilərdən biri (hansı ki, bizim onunla heç bir problemimiz yoxdur, dəyərli və möhtərəm insandır) bir qrupla görüşə gəlmişdi. O, dörd cildlik roman tərcümə etmişdi və mən onu oxumuşdum. ...Güman ki, mənim fransız dilindən tərcümə olunmuş dörd cildlik roman oxumağıma təəccüb etmişdi.

O kitabda iki məsələ yersiz idi. Birincisi budur ki, kitabın birinci cildində faydasız, ehtiras dolu eşq səhnələrinə əsərin sujet xəttinin ona bir ehtiyacı olmadan müəllif tərəfindən çox yer verilmişdi. Tərcüməçi onlardan bir çoxunu silə bilərdi. Əlbəttə ki, əsərin orijinalına sədaqət baxımından kitabın əvvəlində “ixtisarla” sözünü əlavə edə bilərik. O, müəllifin yazılarını sətir-sətir köçürəcəyini and içməyib. Məsələn, uyğun olmadığı üçün əsərin bu yerindən beş sətir, yaxud on səhifəsini sildik deyə bilər. Bunun bir problemi yoxdur. İkinci məsələ isə bir keşiş və ateist arasındakı dialoq idi. Burada hər iki tərəf öz fikirlərini bir-birinə zorla qəbul etdirmək, yaxud çatdırmaq üçün dəlil göstərirlər. Mübahisə uzun çəkir. Lakin nəticədə ateist qalib gəlir! Mən dedim ki, məsələ əslində belə deyil. Sizin özünüz də ateistin haqq olmasına inanmırsınız. Nəyə görə ateisti qalib edirsiniz? Ateistin söhbətindən ibarət olan sonuncu fəsil cəmi bir səhifədir. Onu siləydiniz, bunun heç bir problemi yoxdur.[16]

MƏDƏNİ VƏ MƏNƏVİ TƏRAVƏT

İşlərim həddindən artıq çox olsa da Allaha şükür olsun ki, kitabdan uzaq düşməmişəm. Əslində aralı düşə də bilmərəm. Üzərimə düşən məsuliyyətin çoxluğuna və ağırlığına baxmayaraq, kitabla daim ünsiyyətdəyəm. Düşünürəm ki, əgər insan mədəni və mənəvi baxımdan təravətli olmaq istəyirsə, kitabla ünsiyyətdən başqa çarəsi yoxdur. Kitabla ünsiyyət bulaqla  ünsiyyətə bənzəyir. Hansı ki, daim cərəyandadır və insana yeniliklər təqdim edir. Əlbəttə, məsələ çarəsi olub-olmamaqda deyil, məsələ meyl və şövq məsələsidir. Kitabla maraqlananlar üçün qaçılmaz məsələdir.[17]

İSTEDADLARIN ÜZƏ ÇIXDIĞI ZAMAN

Bir dövlətin çətinliklər içində yaşadığı dönəm, - istər müharibə, istər iqtisadi, istərsə də müxtəlif siyasi sıxıntılar olsun, - istedadların üzə çıxdığı dönəmdir. Bir millətin nə qədər bacarığı, nə qədər qabiliyyəti, nə qədər ləyaqəti olması bu dönəmdə məlum olur. Buna görə də insan ən gözəl sənət əsərlərinə baxdıqda, yaxud hansısa əsərin ən gözəl hissəsi ilə qarşılaşdıqda onun bu dövlətin həmin dövrünə aid olduğu anlaşılır. Siz bədii əsərlərə nəzər salın. O zaman ən maraqlı və ən ustalıqla yazılmış bədii əsərlərin, böyük romanların xalqların bu qəbil böyük işlər gördüyü dönəmə təsadüf etdiyini görərsiniz. Tolstoyun "Hərb və sülh"ü rus xalqının Napolionun həmlələrinin qarşısında müqavimətləri və Moskva əhalisinin Napolionu məğlub etmək üçün fədakarlıqları dövrünə aiddir. Tolstoyun başqa kitabları da var. Ancaq mənə elə gəlir ki, bu kitabın digərlərindən fərqi onun tam şəkildə rus xalqının müdafiə ruhu üzərində qurulması ilə əlaqədardır. Sovet inqilabı, eləcə də böyük Fransa inqilabı, yaxud Fransa və Almaniya müharibəsi və Fransa xalqının göstərdiyi müqavimət haqqında yazılmış kitabların böyük əksəriyyəti bu qəbildəndir. Emil Zolyanın bəzi kitabları kimi.[18]

BU KİTABLARIN CİDDİ ALICILARINDAN İDİM

Müqavimət haqqında yazılmış, dövlət və xalqın müdafiəyə qalxdığı xüsusi dönəmə təsadüf edən sənət və ədəbiyyat doğrudan da ən seçilmiş və ən önəmli əsərlərdir. Əlbəttə, dostlar bu haqda çox işləyiblər. Altmışıncı ildən bəri incəsənət sahəsində çap olunmuş xatirə kitablarının ciddi alıcılarından idim. Bu yazıların, söhbətlərin səmimiyyəti, sədaqəti və cazibəsi məndə çox dərin izlər buraxır. Bu mənim doğru sözümdür. Bunları ərsəyə çıxaran heç vaxt xatirələrdən silinməyəcək. Kitablarına baxdığım və bu kitabların arxasında adlarını oxuduğum şəxslər adətən yadımda qalır. Mən bunların qədrini bilən və dəyərləndirənlərdən biriyəm. Gücüm çatsaydı, (şeirlər yazar və) bu işin böyüklüyünü mədh edərdim. Tarix boyu şairlər adətən sərvət və qüdrət sahiblərini və bu kimi insanları mədh ediblər. Fikrimcə, sizi mədh etmək lazımdır. Əgər şair olsaydım, mütləq sizin haqqınızda, Sərhənginin, Behbudinin, Qədəminin və bu qəbil digər memuaristləri mədh edən qəsidə yazardım. Doğrudan da lazımdır. Çünki bunlar çox böyük və əhəmiyyətli işlərdir. [19]

İNQİLABİ ANLAYIŞLARIN YAYILMASI

Müqavimət ədəbiyyatı silsiləsindən çap olmuş kitabların, təqribən hamısını oxumuşam. Onların bəzisi həddən artıq gözəldir. "Mənim komandirim" əsəri bu fəaliyyətlərin ən önəmlilərindən biridir. ... Mən bunları oxuduqda bu qərara gəldim ki, əgər bu inqilabi anlayışların yayılması üçün bu kitab və kitabçaları çap etdirsək, az iş görmüş olmarıq. Böyük işlər həyata keçmiş olar.  Bunlar çox önəmlidir. "Qətlgah" adlı bir kitabça gördüm. Burada ən həssas və həlledici anlar öz əksini tapmışdır. Kitabçada yer almış məqamlarda İslam məfhumları özünü büruzə verməkdə idi. Bir halda ki, ümumi hərbi əməliyyatlarda İslam anlayışlarından əsər-əlamət yoxdur.

Bütün dünyada hərbi təcavüzlər baş verir, bütün dünya döyüşür, hamı bir gün udur, bir gün uduzur, hamı həm qaçır, həm həmlə edir, həm də fədakarlıq göstərir. Lakin İslam əxlaqının, əhval-ruhiyyəsinin və təfəkkürünün özünü göstərdiyi yerlər xüsusi yerlərdir. O yerləri axtarmaq, onlara söykənmək və onları gözəl təsvir etmək doğrudan da olduqca əhəmiyyətli işdir. Xoşbəxtlikdən sizin fəaliyyətləriniz bu yöndədir.

Mən gördüm ki, bu kitabların bəzisi (müqavimət ədəbiyyat silsiləsinin çapları) çox peşəkarcasına qələmə alınmışdır. Bir saatın xüsusiyyətləri, hisslər düzgün izah olunub. Oradakı duyğulu, sentimental fəza və bunların hamısı o kitablarda bir yerə toplanıb. Çox əhəmiyyətlidir, olduqca əzəmətlidir. Bunlar yazılmalıdır.[20]

İNSANLARA TƏKAN VERƏ BİLƏRSİNİZ

Mən adətən oxuduğum kitabların arxasına hansısa qeydlər aparır, yaxud münasibət bildirirəm. Yəni nəsə yadıma düşsə, kitabın arxasına yazıram. "Mənim komandirim" kitabını oxuduqda qeyri-iradi olaraq arxasına ziyarətnamənin bir hissəsini yazdım. "Əssəlamu əleykə ya övliyaullah və əhibbaik!" Doğrudan da bu əzəmətlər qarşısında insanın kiçiklik hiss etdiyini duydum. Mən bu kitabdakı əzəməti gördükdə həqiqətən öz-özlüyümdə bir kiçiklik hiss etdim.

Kim bu əzəməti bizə göstərə bilər? Bu əzəmət mövcuddur, ancaq bir nəfər bunu bizə göstərməlidir. O, kimdir? O, sizsiniz, yəni əgər siz öz qədrinizi bilsəniz, elə bir nuraniyyətin sahibi olarsınız ki, insanları silkələyir. Bu cür gerçəklər həqiqətən bizləri dəyişir.[21]

SƏRHƏNGİLƏRƏ VƏ BEHBUDİLƏRƏ EŞQ OLSUN

Sərhəngi və Behbudinin yazdıqları bir kitabın[22] arxasına iki-üç sətir qeyd etmişəm. Oxuduğum kitablara çox vaxt münasibət bildirirəm. Bunlar mənim hisslərimdən doğur. Yəni onu yazdıqda səmimi hisslərlə yazmışam. Səhifənin altına yazmışam: "Sərhəngilərə və Behbudilərə eşq olsun"! Bu mənim etiqadımdır. Mən bunları nə üçün yazmalıyam? Bunun hansı səbəbləri var? Mənim Behbudi, yaxud Sərhəngi ilə qohumluğummu var? Onlarla qədim zamanlara təsadüf edən dostluğumuzmu var? Xeyr, mən onları yalnız iki-üç dəfə görmüşəm. Bu kitab yaxşı kitabdır. Təsirli yazı və çox faydalı əsərdir. [23]

İNCƏSƏNƏT SAHƏSİNİN DƏYƏRLİ KİTABLARI

Az həcmli hekayələrdən ibarət kitablar insafla desək, dəyərli kitablardır. Dostlar müharibəyə aid kitablar yazmış və onlardan bəzisi çapdan çıxmışdır. Mən onların çoxunu oxumuşam. Bəzilərinə qeyd də yazmışam. İnsafla yanaşsaq, bu kitabların çox dəyərli olduğunu etiraf etməliyik. Onların bəzisində insanda təəccüb doğuracaq xüsusiyyətlər var. Yəni açıq-aydın müşahidə olunur ki, əgər bu zövq və bu istedad ortaya qoyularsa, çox əhəmiyyətli romanlar ərsəyə çıxar. [24]

YUXUMU QAÇIRDI

Həsən Hüseyninin ərəb şairi Nəzar Qəbani haqqında qələmə aldığı yaxşı tənqidi yazıya[25] rast gəldim. Bir gün günortadan sonra yatmaq istəyirdim. Bu tənqidi yazının mütaliəsi yuxumu tamam qaçırdı! Allah şahiddir ki, ağladım da. Öz-özümə dedim ki, gör inqilab nələr etmişdir. Bir gənc gəlmiş, tənqid dünyasına qədəm qoymuş və bu qədər gözəl, məharətli və şücaətli söz demişdir. Allaha şükürlər olsun ki, sizin bu cür gücünüz var və belə bir istedada sahibsiniz.[26]

BU KİTABLARIN SİZİN ƏLİNİZƏ DÜŞMƏYƏCƏYİNDƏN QORXURAM

İndi bir neçə ildir ki, döyüş komandirləri və sərkərdələri haqqında kitablar gündəmdədir. Bu mövzuda kitablar yazılır. Mən özüm də bu kitabların alıcılarındanam və onları oxuyuram. Baxmayaraq ki, bunlardan bəzisini mən yaxından tanıyırdım və yazılanların hamısı real hekayətlərdir. İnsan bunlardan hansının mübaliğə, hansının doğru olmasını az-çox müəyyən edə bilir. Olduqca təkanvericidir. Görürsən ki, bu insanlar, hətta fəhlə paltarında döyüş meydanlarına gəlmişlər. Ustad Əbd əl-Hüseyn Burunsi, məşhədli gənc bənna, inqilabdan qabaq adi bənna idi, mənimlə də münasibəti var idi. Onun əhvalatı qələmə alınmışdır. Mən tövsiyə edirəm və çox istəyirəm ki, siz o kitabı oxuyasınız. Qorxuram ki, ümumiyyətlə bu kitablar sizin əlinizə gəlib çatmasın. Bu kitabın adı "Bağ evinin yumşaq qumları"dır. Gözəl yazılmışdır. O, müharibənin əvvəllərində döyüş meydanına getmişdi. Ancaq mənim bundan xəbərim yox idi. Dostlarımızdan bəziləri bəsiclə (könüllülər) və institut tələbələri ilə görüşdə iştirak etmiş və bu gənclə (üç-dörd il ibtidai və hövzə təhsili var idi) söhbət etmişdilər. Deyirlər, onlarla elə məharətlə söhbət etmişdi ki, hamısının ürəyini ələ almışdı. Buna görə də mərifətindən, idrakından, sədaqət hissindən və varlıq aləmini dərkindən danışırdılar. Sonra da qızğın döyüş meydanlarında iştirak edib, böyük şücaətlər göstərdikdən sonra şəhadət məqamına yüksəlir. Xırdalıqlara getmək istəmirəm. Belə bir insanın həyatındakı, yaxud şəhid Hümmət, Şəhid Xurazi və hazırda sağ olanların həyatındakı gözəlliklərin bənzərini haradan tapa bilərsiniz?! Bunları haradan tapmaq olar?![27]

BİR NEÇƏ KİTABLA TANIŞLIQ

Cənab Qədəminin "Xınayaxdı" kitabı  çox yaxşı kitabdır. Bu kitab olduqca gözəl yazılmışdır.

"Mənim komandirim” də olduca gözəl kitabdır və məni çox təsirləndirdi. Yaxud bəzi qısa hekayələr. "Nəcib", "Yaşasın Kumeyl!" və  bu qəbildən olan əsərlər olduqca ibrətamiz və ruhlandırıcı əsərlərdir. [28]



  İrəli
Go to TOP