A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Qadın (Seyid Əli Xamenei)
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Qadınların mədəni-ictimai şurasının üzvləri ilə görüşdə çıxışdan; 25 dekabr, 1991

Qadının təkamülə çatmasının yolları

Əgər cəmiyyətin mədəni mühiti qadın məsələləri sayəsində şəffaf olsa, bu sahədə İslamın hökmləri və Quranın fikirləri aydın olsa, yol açılacaq və bizim ölkəmizin qadınları bir qadın üçün amal və ideal olan nöqtəyə çata biləcəklər.

Məqsəd budur ki, biz qadının öz təkamülünə çatması üçün çalışaq, mübarizə aparaq, yazaq və deyək. Yəni əvvəla qadın cəmiyyətdə özünün insani və həqiqi haqqına çatsın, ikincisi isə, onun istedadları çiçəklənsin, həqiqi və insani şəkildə inkişaf etsin və nəhayət insan təkamülünə nail olsun.

"Kövsər təvəllüdü" bayramı münasibəti ilə Azadlıq idman kompleksində xanımlarla görüşdə çıxışdan; 22 oktyabr, 1997

Qadınlara təlimdə icraçı qurumların rolu

Bu məsələ ilə münasib olan bəzi icraçı qurumlar, misal üçün universitet, Mədəniyyət Nazirliyi, Təlim və Tərbiyə Nazirliyi bu işdə şərik ola bilərlər. Amma əgər universitetlər qadınların təlimi məsələsində yaxşı işləsə, çox təsirli olacaq. Mədəniyyət Nazirliyi də belədir.

"Günün qadını" jurnalına müsahibədən; 4 mart, 1988

Qızların təlim və tərbiyəsinin gücləndirilməsi

Bir məsələ də xanımların təlim və tərbiyə məsələsidir. Mən həmişə bunun üzərində təkid göstərmişəm. Xoşbəxtlikdən bu gün bizim cəmiyyətimizdə qadınların təlim və tərbiyəsi gücləndirilmişdir. Amma eyni zamanda hələ də öz qızlarını təhsildən məhrum edən ailələr var. Əgər bir zaman təhsil mərkəzləri qeyri-sağlam mərkəzlər idisə, bu gün Allaha həmd olsun ki, İslam dövrüdür, elə deyil. Gərək qızların dərs oxumasına, mütaliə etməsinə, kitab oxumasına, din təlimləri və insani təlimlərlə tanış olmasına və beyinlərinin güclənməsinə icazə versinlər. Bu çox lazımlı bir işdir. Bu da görülməlidir.

"Kövsər təvəllüdü" bayramı münasibəti ilə Azadlıq idman kompleksində xanımlarla görüşdə çıxışdan; 22 oktyabr, 1997

Qadınlar və təhsil

Avropanın təhsil mühiti - qadınların elmdən məhrum olmasının amili

Avropa üslubunda olan təlim və tərbiyənin İrana daxil olmasına və yayılmasına görə mömin və müsəlman ailələr elə vəziyyətə düşdülər ki, qızlarının məktəbə, ictimai, elmi və təhsil mərkəzlərinə getməsindən arxayın olmadılar. Bu iş İran qadınlarının elm, bilgi və mədəniyyət baxımından kişilərə nisbətən məhrum olmalarına bais olmuşdu. Amma İslam inqilabının qələbəsindən sonra qadınların bütün ictimai səhnələrdə, xüsusən də elm və tədqiqat mərkəzlərində fəaliyyəti genişlənməyə başladı.

Ölkə qadınlarının bir qrupu və məclisin qadın deputatları ilə görüşdə çıxışdan; 23 noyabr, 1994

İslam Cümhuriyyəti qəzeti

Pəhləvi şahlığı quruluşunda elm mərkəzlərinin sağlam olmaması

Bizim hamımız, xüsusən də bu cəmiyyətin qadınları böyük və mərhum rəhbərin - yəni böyük imamın missiyasının və sözünün qədrini bilməli, haqqını ödəməliyik. O özünün qiyamı və hərəkəti ilə, İslamın dəyərlərini və əzəmətini irəli sürməklə erkən İslam çağının şəxsiyyətlərinin parlaq simalarını, o cümlədən Fatimeyi-Zəhranı (ə) tanıtdırmaqla bizi və hamıdan çox bizim qadınlarımızı diriltdi. Qadın, özünü satmış mənfur şahlıq quruluşunun cəmiyyətində həqiqətən və bütün cəhətlərdən məzlum idi. Əgər qadın elm sahəsinə qoşulmaq istəsəydi, gərək dindən, təqvadan və iffətdən keçəydi. Məgər müsəlman bir qadın universitetlərdə, təhsil ocaqlarında, elm və mədəniyyət mərkəzlərində asanlıqla öz hicabını, mətanətini və vüqarını qoruya bilərdi?! Məgər mümkün idi?! Məgər olardı ki, müsəlman bir qadın Tehranın və digər bəzi şəhərlərin küçələrində İslam mətanəti və vüqarı ilə, yaxud hətta yarımçıq hicabla asanlıqla yol yerisin və qərbin sövqatı olan fəsad və pozğunluğa alışanların və tüfeylilərin dilinin və hərəkətinin zərərindən qorunsun?! Elə bir iş görmüşdülər ki, bu məmləkətdə qadınların çoxu üçün elm əldə etmək mümkün deyildi. İstisnalarla işim yoxdur. Əksər qadınların elm sahəsinə qoşulması mümkün deyildi. Gərək hicabı açaydılar, təqva və İslam vüqarından imtina edəydilər. Siyasətdə və ictimai fəaliyyətlərdə də belə idi. Əgər bir qadın şahlıq dövrünün İranında ictimai və siyasi postlardan birinə yiyələnmək istəsəydi, gərək hicabından, iffətindən, vüqarından və müsəlman qadının mətanətindən keçəydi.

Əlbəttə, bu, qadının özündən və istedadının necə olmasından asılı idi. Əgər çox zəif olsaydı, dərinliyinə qədər sürüşəcəkdi. Əgər özünü qoruyan olsaydı, müəyyən həddə özünü saxlayacaqdı, amma daimi olaraq ictimai mühit tərəfindən günbəgün artan təzyiqlərlə üz-üzə qalacaqdı. Bizim cəmiyyətimiz belə idi.

Ölkə qadınları ilə görüşdə çıxışdan; 16 yanvar, 1990

Kişilərə qarışmadan və əxlaqsızlığa uğramadan qadınların elm öyrənməsi

Siz qadınların dünyaya sözünüz var. Bu sözü dəqiq şəkildə yazın və dünyaya verin. Söz də təkcə dillə, şifahi və ya yazılı yox, daha çox əməli sözdür. İranın qadınları, xüsusən də elmin müxtəlif fənlərində İslam çərçivəsində, İslam hökmləri və hamısından mühümü, hicab çərçivəsində hərəkət edə bilən şəxslər gərək dünyanın qadınlarına, qızlarına və qadın tələbələrinə əməli surətdə başa salsınlar ki, elm pozğunluq demək deyil. Elm öyrənmək üçün qadın və kişi münasibətlərində əxlaqi meyarlara qarşı laqeydlik zəruri deyil. Bu meyarlara tam riayət etməklə də elm öyrənmək, yüksək məqamlara çatmaq olar. Sizin varlığınız İslamın qlobal mesajından bir nümunə kimi göstərilə bilər.

Bəli, mən də qəbul edirəm, dediniz ki, bu gün dünya dinlərin sözünün nə olduğunu bilməyə can atır. Dünya dinləri arasında cəmiyyəti kompleks şəkildə qura bilməsini iddia edən din İslamdır. Bugünkü məsihilik və digər dinlər bu iddianı etmirlər. Lakin İslam iddia edir ki, bir ictimai quruluşun təməl sütunlarına malikdir, bu sütunları yerində oturda və bu sütunların əsasında bir ictimai quruluş, bir sağlam və mütərəqqi cəmiyyət ucalda bilər. Biz bütün sahələrdə, o cümlədən elm öyrənmək sahəsində, eləcə də bununla bağlı olan qadın və elm məsələsi sahəsində göstərməliyik ki, İslam bu bacarığa malikdir.

Ölkənin qadın həkimləri ilə görüşdə çıxışdan; 16 yanvar, 1990

Yanlış ənənələr səbəbindən qadınların İslam təlimlərindən məhrum qalması

Keçmişdə mövcud olan müxtəlif ictimai ənənələr səbəbindən, qadınlar İslam qaynaqlarını öyrənməkdə kişilərə nisbətən çox uzaq qalmışdılar. Bu səbəbdən qadın cinsinin həqiqi İslam mədəniyyətindən, eləcə də bəşər elmlərindən məhrumluğu kişinin məhrumluğundan çox olmuşdur. Deməli, təlim-tərbiyə, elm və bilik sahəsində çox işlər görülməlidir.

“Qadın günü” jurnalının xüsusi buraxılışı ilə müsahibədən; 25 aprel, 1981

İslam Cümhuriyyəti qəzeti

Qadının mövqeyi haqqında yanlış təsəvvür - qadınların alim olmasına maneə

Siz görün bizim cəmiyyətimizdə qadınlara qarşı təsəvvürlər necədir. Qadın, yeganə vəzifəsi evdə kişiyə xidmətdən ibarət olan bir varlıq sayılırdı. Bizim cəmiyyətimizdə uzun müddət hətta kişilərin öz həyat yoldaşlarını sevdiyi yerlərdə və təbii ki, onlar üçün bəzi üstünlüklər tanıdıqları zaman da belə bir təsəvvür mövcud idi. Qadın cəmiyyətdə alim ola biləcək bir varlıq kimi tanınmamışdı. Bizim xalqımız keçmişdə bir qadının alim olmasını eşitdikdə təəccüb edirdi. Bəziləri də təəccüb edirdilər ki, qadın nə üçün dərs oxumalıdır.

Yadımdadır, Məşhəddə qızlar üçün İslam litseyi olmadığından, 67-68-ci illərdə bir qrup yaratdıq ki, gəlin qızlar üçün bir İslam litseyi təsis edək. İki maneə ilə üzləşdik. Əlbəttə, iki il çalışdıq, amma nəticəsi olmadı və axırda da bacarmadım. Bəziləri deyirdilər ki, bu məktəblər var, İslam məktəbinə lüzum yoxdur, siz bir neçə yaxşı müəllimi bu məktəblərə göndərin. Anlamırdılar ki, əgər bir məktəbin idarəsi İslam əsasında olmasa, yaxşı tərbiyə edə bilməz. Az olmayan bir qrup da deyirdi ki, ümumiyyətlə müsəlman qızın litseyə getməsinə nə lüzum var. İbtidai məktəbi oxusun və sonra qadın evdarlıqla məşğul olsun. Bu 68-ci ilə aiddir, hicri tarixi ilə 11-ci, 12-ci əsrlərə aid deyil. İyirmi il öncə bizim cəmiyyətimizdə belə bir təsəvvür mövcud idi.

Qadın üçün savadın, bilginin, siyasi və ictimai şəxsiyyətin anlaşılmaz bir məfhum olduğu cəmiyyətdə qadınların vəziyyətinin necə olacağı bəllidir.

"Günün qadını" jurnalına müsahibədən; 4 mart, 1988

Keçmiş quruluşlarda qadınların təhqir edilməsi nəticəsində onların yetərli təlim və tərbiyədən məhrum olması

Biz elə bir uzun dövr keçirdik ki, onda nə qadın öz rolunu tanıdı, nə də kişilər qadın üçün rol tanıdılar. Bir neçə əsr boyunca bizim ölkəmizdə və bizim kimi digər ölkələrdə qadına hörmətsizlik olundu. Qadın aşağılandı və ikinci dərəcəli varlıq kimi sayıldı. Bunun nəticəsində bizim ölkəmizdə qadınların say baxımından savadlıları kişilərə nisbətən az oldu, siyasi adamları az oldu, cari məsələlər haqda xəbərdar olanlar az oldu. Halbuki iranlı qadının istedadları eynilə iranlı kişinin istedadları kimi elə nailiyyətlər əldə edə bilər ki, dünyada bu nailiyyətlərə malik olan qadınlar üçün böyük məqam və rol nəzərdə tuturlar; necə ki, iranlı kişi də belədir. Eyni zamanda uzun illər boyunca həm İslam adı ilə (əlbəttə, bu həqiqətin ziddinədir), həm qədim İrandan irs qalmış mədəniyyətin təsirindən qadınlar təhqir olundular. Bu, qadın toplumu üçün belə çox xoşagəlməz bir vəziyyət vücuda gətirmişdir. İnqilabdan öncə yeni İslam təfəkkürləri və inqilabçı İslam təfəkkürləri meydana çıxdıqda və qadınlar kişilərdən az belə təlimlər gördükdə, nəticə olaraq, mübarizə və siyasət meydanında kişilər qadınlardan daha çox inkişaf etdilər. Bu məsələ eynilə təlim-tərbiyə işində və ictimai işlərdə də baş verdi.

"Günün qadını" jurnalına müsahibədən; 4 mart, 1988

Qızların təhsili üçün şərait yaratmağın lazımlığı

Ailələr qızlarının dərs oxumasına icazə versinlər. Bir ata, yaxud ana təəssüb üzündən qızının ali təhsilinin qarşısını almalı olduğunu güman etməsin. Xeyr, din belə bir şey deməyib. Din təhsil sahəsində qızla oğlan arasında fərq qoymamışdır. Qoyun bizim gənc qızlarımız dərs oxusunlar, elm öyrənsinlər və beynəlxalq imperializmin qadın barəsindəki təbliğatının nə qədər əsassız, köksüz və puç olduğunu anlasınlar. Bunları savadın sayəsində dərk etmək olar. Bu gün bizim gənc qızlarımızın və qadınlarımızın ən dindarları və ən pakları təhsil almış təbəqələrdəndirlər.

Bərbəzək düşkünü olanlar, yaxud kor-koranə və gözübağlı şəkildə geyimdə və həyat tərzində Qərb modellərini yamsılamaq istəyənlər, adətən yetərli savadı olmayanlardır. Mən tövsiyə edirəm ki, ata-analar qız uşaqlarının məktəbə getmələrinə və savadlanmalarına imkan yaratsınlar. Əgər istedadları və meylləri olsa, ibtidai mərhələlərdən yuxarıya qalxsınlar, özlərini ali təhsillərə çatdırsınlar və savadlı insanlardan olsunlar.

Şərqi Azərbaycan əhalisi ilə görüşdə çıxışdan; 19 sentyabr, 1996

Keyhan qəzeti

Qadınların elmi və mənəvi özünəinamı və özünüislahı

Özünü tanımaq və və qadınların özünəinamı

Qadın hüquqlarını müdafiə etmək istəyən şəxslər kimi sizin sözünüz bu olmamalıdır ki, qadınlar mütləq nazir olsunlar. Bu, məqsəd olmamalıdır.

Bizim problemimiz budur ki, qadın cəmiyyətdə özünün insani məqamını tapmalıdır. Bizim problemimiz budur, bunu həll etmək lazımdır. Qadına şəxsiyyət və özünəinam vermək lazımdır. Bizim bir qadını nazir etməyimizin nə faydası var? O haqqına olsa da, bir şəxsiyyət qazanacaq. Halbuki qadınların ümumi mədəniyyətində bu şəxsiyyət tanınmayacaq. Yəni qadınlar özlərini tanımayıblar. Hələ də ikinci dərəcəli bir varlıq kimi, kişinin istəklərinin və iradələrinin aləti və oyuncağı kimi təsəvvür olunurlar. Mən demək istəyirəm ki, xanımlar hətta mənəviyyat sahəsində də kişi ilə yanaşı hərəkət etməyə səy göstərmirlər. Misal üçün, bizdə abid, zahid, zikr edən və din təlimləri ilə tanış olan kişilər bu xüsusiyyətlərə malik olan qadınlardan artıqdır. Misal üçün, gecə namazı qılan kişi, gecə namazı qılan qadından çoxdur. Dua və zikrlə məşğul olan kişi belə qadından çoxdur. Belə işlərlə məşğul olan dindar ailələrdə kişilər bu məsələlərə qadınlarından çox əməl edirlər. Bu böyük bir nöqsan və eyibdir. Bunu aradan qaldırmaq lazımdır. Sanki qadın özü üçün ümumiyyətlə bu həddi tanımır ki, kişi ilə yanaşı yüksəlsin.

"Günün qadını" jurnalına müsahibədən; 4 mart, 1988

Müsəlman qadının özünüdərki

Yaxşı olar ki, müsəlman qadın İslam təlimlərinə diqqətlə, İslam dəyərlərinə diqqətlə, İslam quruluşunda qadınların və kişilərin inkişafı üçün nəzərdə tutulmuş istiqamətlərə diqqət yetirməklə öz kimliyini dərk etsin. Güclü dəlil qamətini sionizm, kapitalizm və sərvət adamlarının səfsətə və şübhələri qarşısında nümayiş etdirsin.

Məclis üzvü olan qadınlarla görüşdə çıxışdan; 6 oktyabr, 2001

Keyhan qəzeti

İranlı qadınlar və dünyada qadının müsəlman kimliyinin dirçəldilməsi

Müsəlman İranında iranlı müsəlman qadının səyi bu olmalıdır ki, İslam qadınının uca kimliyini dünyanın diqqətini cəlb edəcək həddə dirçəltsin. Bu iş müsəlman qadınların, xüsusən gənc qadınların, şagird və tələbə qızların öhdəsinə düşən bir vəzifədir. İslam kimliyi budur ki, qadın özünün qadınlıq kimliyini və xüsusiyyətlərini - təbiət və fitrət bunu deyir və hər bir cins üçün o cinsin xüsusiyyətləri dəyərdir - yəni o incə hissləri, güclü emosiyaları, zərifliyi, qadınlıq paklığını və təmizliyini özü üçün qorusun, eyni zamanda həm mənəvi dəyərlər – o cümlədən elm, ibadət, Allaha yaxınlıq, ilahi maarif və irfan meydanında irəliləsin, həm ictimai və siyasi məsələlər sahəsində, siyasi istəkdə, siyasi dərkdə, öz ölkəsini tanımaqda, öz gələcəyini tanımaqda, milli və böyük məqsədlərini, İslam ölkələrinə və İslam xalqlarına aid İslam məqsədlərini tanımaqda, düşmənin təxribatlarını tanımaqda, düşməni tanımaqda, düşmənin üsullarını tanımaqda günbəgün inkişaf etsin, həm də ailə daxilində ədalət, insaf, aramlıq, dinclik yaratmaqda irəliləsin. Əgər qanun lazımdırsa, əgər bununla sonuclanan məsələlərdə düzəliş lazımdırsa, qadınlar, savadlı qadınlar, məlumatlı qadınlar, bilgili qadınlar bütün bu meydanlarda öncül olmalı, qadın nümunəsini göstərməlidirlər. Deməlidirlər ki, müsəlman qadın həm dinini, hicabını, qadınlığını, incəliklərini və lətafətlərini qoruyan, həm öz haqqını müdafiə edən, həm də mənəviyyatda, elmdə, tədqiqatda, Allaha yaxınlıqda irəliləyən, görkəmli şəxsiyyətləri göstərən, amma siyasi meydanda iştirak edən qadındır. Bu olur qadınlar üçün örnək. Siz bilin ki, bu gün dünyanın bir çox yerlərində müsəlman qadınlar sizə baxır və sizdən öyrənirlər.

Qadınlarla görüşdə çıxışdan; 21 sentyabr, 2000

İslam Cümhuriyyəti qəzeti

Qadının kişinin ləzzəti üçün vasitə olması - səhv inam

Qadın, onun beynində özünə qarşı yaradılan səhv düşüncədən çıxmalıdır. Bu səhv düşüncə odur ki, qadın kişinin ləzzət alması üçün bir vasitədir. Bu, Qərbin istehlakçı mədəniyyətinin və istismarçılığının bizə məcburən sırıdığı bir inamdır. Düzdür, bu inama tarixin sultanlarının və zadəganlarının sarayları şərait yaratmışdır. Bu mənfur toxumu cəmiyyətlərin beyninə səpən ilk şəxslər onlar olmuşlar. Lakin Qərb onu öz zirvəsinə çatdırdı. Bu inamı beyinlərdən çıxarmaq lazımdır. Bu, bəlkə də qadının özünün beynindən kişinin beynindən çıxan çətinliklə çıxacaq. Çünki hər ikisi sürətli təlqinlər nəticəsində bu inamı qəbul etmişlər.

“Qadın günü” jurnalının xüsusi buraxılışı ilə müsahibədən; 25 aprel, 1981

İslam Cümhuriyyəti qəzeti

Qadınların mədəni və ictimai məsələlərinin həllində qadınların iştirakının lazımlığı

İndi siz qadınlara demək istədiyim budur ki, Allahın qadında yaratdığı çox istedadların - istər kişi ilə müştərək olan istedadların (bunlar daha çoxdur), istər qadının özəl istedadlarının aşkara çıxmasına və qadının inkişaf etməsinə çox geniş şərait yaranmışdır.

Qadının bu şəraitdə inkişafı birinci növbədə nəzərdə tutulmuş məqamdır; istər bunun üçün, istər ailə daxilində ər-arvad münasibətlərini tənzim etmək üçün. Mənim fikrimcə, bu, bizim ölkəmizdə qadın məsələsinin ən nöqsanlı sahəsidir. Yəni əgər kimsə qadın məsələləri barədə tənqidi fikir yürütmək istəsə, ən çox bu sahəni önə çəkəcək.

Mənim fikrimcə, ailə daxilində olan ər və arvad münasibətləri İslamın və Quranın nəzərdə tutduğu münasibətlər deyil. Sözsüz ki, bu çox amillərin nəticəsidir. Təkcə İrana da məxsus deyil, bu məsələlər bəzi fərqlərlə təxminən dünyanın hər bir yerində mövcuddur.

İstər bu sahədə inkişaf etmək, yəni işləmək və onu düzəltmək üçün, istər İslamın qadın barəsində və qadını dəyərləndirməsindəki baxışını aydınlaşdırmaq baxımından - yəni hansı amillər qadını ideal təkamülə çatdırır və ona dəyər bəxş edir... Bu oldu üç cəhət: mədəni inkişaf və istedadların üzə çıxması cəhəti, ailə münasibətlərinin düzəldilməsi cəhəti, İslamın hüquqi, ictimai və digər baxımlardan qadın məsələləri sahəsindəki fikrini izah etmək cəhəti - əgər bu yönümdə bir iş görmək lazımdırsa, sizin vasitənizlə görülməlidir; mənim sözüm budur. Bu üç sahədə işləməli olan siz xanımlarsınız. Bizim ölkəmizdə bir fəsil olacaq. Bu fəsil başlanmışdır. Əlbəttə, hamı buna çalışmalıdır. Lakin siz xanımlar bu sahədə digərlərindən daha artıq çalışmalısınız; düşüncə çalışması, iş çalışması, indi bu xanımların dediyi işlər sahəsində, yaxud Allahın lütfü ilə mövcud olan və bu iclasda da duyulan digər işlərdə. Xanımlar bu sahədə öncül olmalı və işləməlidirlər. Deməyi, tədqiqat aparmağı, təmasda olmağı, iştirak etməyi, müxtəlif ictimai məsələlərdə və problemlərdə görülməsi lazım olan digər işləri (səy göstərilməlidir ki, bu səylər də məlum nəticələr yaratsın) əsla əsirgəməməlisiniz.

Əgər bir ölkənin qadınları belə paklığa, mənəviyyata, incəliyə və düşüncə yüksəkliyinə çata bilsələr, o məmələkətdə heç bir problem qalmayacaq. Yəni qadın nəzərəçarpacaq dərəcədə kişiyə təsir qoyur. O, həm ərinə, həm övladlarına həlledici təsirlər qoya bilir. Buna görə cəmiyyəti düzəltmək, əslində qadınları düzəltməklə, bu da deyilən məsələlərlə mümkün olacaq.

Qadınların rəhbərlə görüşündən: 10 oktyabr, 1998

Qadınların iman və elminin artması – İslamın izzətinin yaşamasının təminatçısı

Bu gün Allaha həmd olsun ki, İslam və bütün İslam fikirləri, o cümlədən qadına aid olan fikirlər dünyada parlayır. Ümidvarıq Allah-Taala bizə uğur bəxş etsin və bu İslamı düzgün tanıtdıra bilək. Mən siz müsəlman və inqilabçı qadınlara tövsiyə edirəm ki, bacardığınız qədər və harada olsanız, öz İslam imanınızı və elminizi inkişaf etdirin, dərinləşdirin və öz məlumatlarınızı günbəgün artırın. Bu inşallah İslamın daimi izzətinin qalması üçün təminatçı olacaq.

Tehran, Təbriz, İsfahan, Kerman şəhərlərinin qadınları ilə görüşdə çıxışdan; 16 yanvar, 1990

Qadınların məlumatının artırılması

Əziz bacılar və xanımlar! Mühüm olan budur ki, bu gün İslam öz qanunları və bilgiləri ilə bizim cəmiyyətimizin bütün təbəqələrini - qadın və kişini, kəndli və şəhərlini, müxtəlif, xüsusən də zəif təbəqələri müdafiə etməyə qalxmışdır. Başqa bir baxışdan, İslam quruluşu və İslam hökmləri bütün dünyada məzlumları müdafiə etməyə qalxmışdır. Məhz bu baxışa görə, bu gün imperializm İslam Respublikası quruluşu əleyhinə təxribat aparır. Bu gün Allaha həmd olsun ki, ölkənin hər bir yerində universitet və elmi hövzə var. Gənc qızlar elmi hövzələrdə və universitetlərdə dərs oxuyurlar, müxtəlif sahələrdə elm öyrənirlər, məlumat toplayırlar. Nə qədər ki, Allahın lütfü ilə bizim cəmiyyətimizdə belə maraqlı, məlumatlı, iradəli və sevgili gənclər var, Amerika hegemonluğu bu ölkəyə qarşı heç bir iş görə bilməyəcək. Tövsiyəm budur ki, mənim əziz bacılarım və qızlarım, bu məlumatları artırın. Kitab, mütaliə, tədqiqat, dərs və dini işlərlə məşğul olmaq və bu gün ölkə qadınlarının özlərini kişilər qədər məsuliyyətli bilməsi qaçılmaz və qəti vəzifələrdəndir. Saleh övladlar tərbiyə edənlər sizsiniz. Öz həyat yoldaşlarınızı yaxşı meydanlara daxil olmağa həvəsləndirənlər sizsiniz. Bir çox qadınlar öz ərlərini cənnətlik və onları dünya və axirət problemlərindən xilas edirlər.

Şərqi Azərbaycan əhalisi ilə görüşdə çıxışdan; 19 sentyabr, 1996

Keyhan qəzeti

Düşmən qarşısında müqavimət üçün elmi səviyyənin yüksəldilməsi

Mən qəlbləri iman nuru və inqilab ruhiyyəsi ilə döyünən bütün şagird və tələbə qızlardan, ali təhsilli, işləyən və evdar qadınlardan istəyirəm ki, cəmiyyətin inkişafında daha fəal rol oynamaq, müsəlman qadının rolunu ifa etmək barədə düşünsünlər. Siyasi təşkilatlar yaratmaqla, elmi işlər görməklə, dəyərli xidmətlər göstərməklə, öz bilgi və məlumatlarının səviyyəsini yüksəltməklə düşmənlər qarşısında müqavimət göstərsinlər.

Şəfqət bacıları, tələbələr və könüllü keşikçilərlə görüşdə çıxışdan; 13 oktyabr, 1994

İslam Cümhuriyyəti qəzeti

Qadınlar arasında İslam düşüncələrinin yayılması

Sizin (elmi hövzə tələbəsi olan bacıların) indiki işi və hərəkəti gələcəkdə İslam xalqının problemini həll edə bilər. Bu səbəbdən biz əminik ki, gələcək İslam ümmətinə və məzlumlara məxsusdur. Çünki bu gün İslam düşüncəsi bizim qadınlarımızın gənc nəsli arasında yayıldıqda, bu düşüncə təkcə bu nəslin inhisarında qalmır, hətta gələcək nəsillər də məzlumlara məxsus olacaq. İslam əxlaqını təmin etməyin ən yaxşı və ən uğurlu yolu Allahı xatırlamaqdır.

Süleyman məscidində elmi mədrəsə tələbəsi olan qadınlarla görüşdə çıxışdan; 26 avqust, 1982

Qadınların elmi və mənəvi inkişafının səmərələri

Əgər qadın cəmiyyətdə Allah-Taalanın və ilahi ayinin bütün insanlar - kişi və qadınlar üçün eyni səviyyədə nəzərdə tutduğu elmi, maarifi, mənəvi və əxlaqi keyfiyyətləri əldə edə bilsə, övladların tərbiyəsi daha yaxşı, ailə daha səmimi, daha səfalı olacaq, cəmiyyət daha artıq inkişaf edəcək, həyatın düyünləri daha asan açılacaq. Yəni qadın və kişi xoşbəxt olacaqlar. Bunun üçün çalışmaq lazımdır.

"Kövsər təvəllüdü" bayramı münasibəti ilə Azadlıq idman kompleksində xanımlarla görüşdə çıxışdan; 22 oktyabr, 1997

Qadınların elmi hərəkətinə ciddi yanaşmaq

Qadınların elmə, biliyə, mütaliəyə, məlumat və maarif əldə etməyə sarı hərəkəti qadınların özləri arasında ciddi sayılmalı və ona əhəmiyyət verilməlidir.

"Kövsər təvəllüdü" bayramı münasibəti ilə Azadlıq idman kompleksində xanımlarla görüşdə çıxışdan; 22 oktyabr, 1997

Qadınların, hədləri qorumaq şərtilə elm və əmələ doğru kişilərlə çiyin-çiyinə hərəkəti



Geri   İrəli
Go to TOP