A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Qadın (Seyid Əli Xamenei)
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Biz düşünürük ki, qadın, ilk baxışda bizim ictimai sistemimizin əsası bildiyimiz səmimi ailənin məsuliyyətini daşıyan ən böyük və ən birinci şəxsdir. Bu, kişinin öhdəsində deyil. Kişi bunu ümumiyyətlə, bacarmaz. Biz inanırıq ki, qadının yaradılış forması ona belə bir məsuliyyəti daşımağa kömək edir. Bizcə, qadının nazir və ya Baş nazir olması onun üçün fəxr deyil. Fəxr budur ki, o, öz ailəsinin mühitini gözəl şəkildə idarə etsin. Əlbəttə, bu zaman o, nazir və ya baş nazir də olsa, heç bir eybi yoxdur və bu, onun şərəf və iftixarını daha da artıracaq.

Biz heç vaxt qadını ərə getməyə, uşaqlarını idarə etməyə və ailəsini qurmağa məcbur etmirik. Əgər qadının özü ailə qurmaq istəməsə, ailəni idarə etməsə, yaxud uşaqlarını dayəyə, ya uşaq baxçasına tapşırsa, ərinə restorandan yemək gətirməsini əmr etsə və özü gedib filan idarənin müdiri və yaxud filan nazir olsa, yaxud ölkədə hər hansı bir məsuliyyəti və vəzifəni idarə etsə, İslam Respublikasının höküməti ona “sənin bu işə haqqın çatmır!” - deyə bilməz. Onun buna haqqı var. Lakin İslam Respublikasının dəyərlər sistemində bir dəyər kimi qadının əsas vəzifəsinə - yəni ailəni qorumağa və onu canlı saxlamağa üstünlük veririk. Bizcə, bunun dəyəri daha artıqdır.

“İslam İnqilabının məktubu” nəşriyyəsinə müsahibədən: fevral, mart, 1982

Qadının uca məqamı

İnqilabdan qabaqkı iki-üç onillikdə Avropa mədəniyyətinin gəlişi səbəbindən ailənin təməli sarsılmışdır. Yəni ailə doğrudan da İslamda və bizim klassik mədəniyyətimizdə göstərilən prinsipiallığı, dəyəri və əzəməti itirmişdir. Ailə varsa, həyat yoldaşı və ana əsas üzvdür. Bu toplumda qadının çox əsaslı və uca yeri var. Bu səbəbdən, ailənin özü, yəni qadın sual altına düşdükdə və sarsıldıqda, orada heç bir şey öz yerində qalmır. Bunlar elə mövzulardır ki, üzərlərində doğrudan da çox diqqətlə düşünülməlidir.

İslamın bu məsələlər barəsində çox düzgün fikirləri və dəyərli tövsiyələri var. Bunu bizim cəmiyyətimizin qadınlarına inqilab bəxş etdi, onları cihad səhnəsinə, siyasətə, ölkənin əsaslı quruculuğunda - inqilabın quruculuğunda təsir səhnəsinə daxil etdi. Bu çox mühüm məsələdir və erkən İslam çağından başqa heç bir zamanla müqayisə olunası deyil.

Qadınların mədəni-ictimai şurasının üzvləri ilə görüşdə çıxışdan; 6 yanvar 1991.

Qadının ən təbii və ən fitri işi

Evdarlıq, həyat yoldaşını və övladları idarə etmək qadınlar üçün ən təbii və ən fitri işdir. Amma bu iş qadınların elm və mənəviyyat meydanlarında hər hansı bir bacarığını inkar etmir.

Ölkənin mütəxəssis qadınları ilə görüşdə çıxışdan; 30 noyabr, 1993

Keyhan qəzeti

Həyat yoldaşılıq və analıq - qadının əsas peşəsi

Qadının əsas peşəsi həyat yoldaşılıq və analıqdır. Bəziləri elə bilirlər ki, bu, qadına hörmətsizlikdir. Qadının görə biləcəyi ən mühüm iş analıq işidir. Düzdür, bəzi yerlərdə qadınların ictimai işləri bəlkə də obyektiv (eyni), yaxud yetərli (kifai) surətdə vacib də ola bilər. Amma istənilən halda, xanımlar ictimai fəaliyyətlərini analıq cəhətlərini qorumaqla yerinə yetirməlidirlər. Onların örnəyi həzrəti Fatimeyi-Zəhra (s) olmalıdır.

Qadınlarla görüşdə çıxışdan; 12 mart, 1985

İslam Cümhuriyyəti qəzeti

Qadının evdəki fəaliyyətinə keyfiyyət bəxş etmək

Sizin işiniz də var, həm də bayırdasınız, cərrahiyyə əməliyyatı da aparırsınız, xəstənizi də görürsünüz, elmi iş də görürsünüz, layihə də yazırsınız, universitetdə dərs də deyirsiniz. Bunların hamısı öz yerində, amma evin payını da nəzərə almalısınız. Əlbəttə, evin payında digər bütün məsələlər kimi kəmiyyəti keyfiyyətinə qurban vermək olar. Yəni qadının evdə 24 saat olması kəmiyyətini azaltmağın bir mənası var. Amma o 24 saatı azaltdıqda, keyfiyyətini yüksəltsəniz, o zaman başqa bir məna kəsb edəcək. Əgər o işinizin bu məsələyə zərər yetirdiyini görsəniz, onun üçün bir şey düşünməlisiniz. Bu əhəmiyyətli və əsaslıdır. Məcbur qaldıqda isə, heç. Bütün məsələlərdə qayda həddindən xaric olan zəruri işlər olur. Mən qaydanı deyirəm, istisnalarla işim yoxdur.

Qadınların mədəni-ictimai şurasının üzvləri ilə görüşdə çıxışdan; 14 yanvar, 1992

Müsəlman qadınların ailə problemlərinin həlli yolları

Qadınların ən mühüm problemi təəssüf ki, ailə daxilindəki problemdir. Təəssüf ki, bəzən müsəlman qadının hörməti, məqamı və hüququ görməzliyə vurulur. Müsəlman xanımın coşqulu qadınlıq duyğularından istifadə edərək, onun hüququ və məqamı ondan əsirgənir. Bunu düzəltmək lazımdır. Bununla məşğul olmaq lazımdır. Mən dəfələrlə demişəm ki, bu işin mühüm bir hissəsi qanunverici orqanda çalışanların işidir. Başqa bir mühüm hissəsi də qadınların özlərinin öhdəsinədir. Əvvəla təhsillə, din bilgiləri və elm öyrənməklə (təkcə rəsmi təhsillərdən söhbət getmir), kitab və maariflə tanış olmaqla, kitabla ünsiyyətdə olmaqla mümkündür. Əsas bir hissəsi də İslamın ailədə müsəlman qadın və ümumiyyətlə qadın üçün nəzərdə tutduğu hüquqları bilmək səbəbindəndir. Əgər İslamın işarə etdiyi bu yoldan istifadə olunsa və o yol keçilsə, şübhəsiz, tarix boyu müxtəlif cəmiyyətlərdə - o cümlədən təəssüf ki, müsəlman cəmiyyətlərində qadına rəva görülən zülmdən əsər-əlamət qalmayacaq.

Hörmüzqan vilayətinin qadınları ilə görüşdə çıxışdan; 18 fevral, 1998

İslam Cümhuriyyəti qəzeti

Ailədə qadın probleminin həlli

Əlbəttə, ailə məsələsi çox əhəmiyyətlidir. Doğrudan da qadının probleminin düyününü açın. Görün əsas düyünlər haradadır. Mühüm düyünlərin biri ailədədir. Gedin görün ailələrdə vəziyyət necədir. Sizin özünüz də bilirsiniz və görürsünüz. Görün bu anormal halları nə vücuda gətirir. Onun köklərini tapın. Uzunmüddətli layihələr hazırlayın ki, bu xoşagəlməz hallar aradan qaldırılsın.

Analıq, xanımlıq, ev və ailə məsələsi olduqca əsas, çox mühüm və həyati əhəmiyyət daşıyan məsələrdəndir. Bizim bütün layihələrimizdə ailə əsas olmalıdır. Siz əgər tibdə və ya hər hansı bir sahədə ən böyük mütəxəssiz olsanız, amma ev xanımı olmasanız, bu sizin üçün bir nöqsandır. Evin xanımı siz olmalısınız. Əgər bu barədə kamil olmayan bir bənzətmə işlətsək, gərək kraliça bal arısına bənzədək.

Ailə elə bir yerdir ki, orada duyğu və hisslər inkişaf etməlidir, uşaqlar məhəbbət və nəvaziş görməlidirlər. Ər kişi olduğundan, onun xarakteri qadına nisbətən daha xamdır, bəzi meydanlarda zəifdir, daha tez sınır. Onun yarasının məlhəmi yalnız və yalnız həyat yoldaşının nəvazişidir; hətta ananın nəvazişi yox. Bu həyat yoldaşı böyük bir kişi üçün, ananın öz kiçik uşağına gördüyü işi görür. Diqqətli xanımlar bu məsələni bilirlər. Əgər bu duyğular evin əsas mərkəzinə, yəni evdar xanıma ehtiyaclı olmasa, ailə mənasız bir formaya çevriləcək.

Qadınların mədəni-ictimai şurasının üzvləri, mütəxəssis həkimlər və məmurlarla görüşdə çıxışdan; 25 dekabr, 1991

Analıq və övlad tərbiyəsi missiyası

Gələcək nəslin yetişməsində anaların əsas rolu

Qadın ailənin əsas sütunu və əsas elementidir. İslam ailə daxilində qadının roluna çox əhəmiyyətli yanaşır. Çünki qadının ailəyə bağlandığı və övladların şəfqətli ana qucağında tərbiyə aldığı cəmiyyətdə nəsillər uğurlu və rəşadətli olacaq.

Öz şəfqətli və mehriban qucaqlarında övlad tərbiyəsi işini digər işləri yerinə yetirmək bəhanəsi ilə buraxan analar səhv edirlər. İnsan tərbiyəsi üçün ən yaxşı yol budur ki, ananın şəfqətli və məhəbbətli qucağında böyüsün. Öz övladlarını bu ilahi nemətdən məhrum edən qadınlar, əslində özlərinin, öz övladlarının və cəmiyyətin ziyanına iş görmüşlər.

Xuzistan vilayətinin müdirləri və icraçı məsulları ilə görüşdə çıxışdan; 11 mart, 1997

Övladın düzgün və mehriban tərbiyəsi

Qadının mühüm vəzifələrindən biri övladı məhəbbətlə, düzgün tərbiyə ilə, sevməklə və diqqətlə elə böyütməkdir ki, bu insan - istər qız, istər oğlan böyüyəndə ruhi baxımdan sağlam, komplekssiz, problemsiz, xarlıq hissi keçirməyən, bu gün Avropa və Amerikada qərbli gənc və yeniyetmə nəsillərin düçar olduğu bədbəxtliklərdən, fəlakətlərdən və bəlalardan uzaq halda yetişsin.

Xuzistan vilayətinin müdirləri və icraçı məsulları ilə görüşdə çıxışdan; 11 mart, 1997

Nəsil artırmaq və uşaq tərbiyəsi

Nəsil artırmaq və uşaq tərbiyəsi yaranışın təbii şəkildə qadınların öhdəsinə qoyduğu əsas işlərdəndir. Dünyada insanların həyatı kişilərdən asılı olduğu qədər qadınlardan da asılıdır.

Şəfqət bacıları və mədəni qurumların işçilərilə görüşdə çıxışdan; 13 oktyabr, 1994

İslam Cümhuriyyəti qəzeti

Əzəmətli analıq işi

Qadın özünün əzəmətli qadınlıq və analıq işi ilə, kişinin şərik olmadığı və özünə məxsus olan bu işlə tanış olmalıdır.

“Qadın günü” jurnalının xüsusi buraxılışı ilə müsahibədən; 25 aprel, 1981

İslam Cümhuriyyəti qəzeti

Övlad sahibi olmaqdan boyun qaçırmaq - bəşər və qadın təbiətinin ziddinə

Ev daxilində və ailədə qadınların öhdəsinə düşən vəzifələrdən biri də övlad tərbiyəsi məsələsidir. Ailədən bayırdakı fəaliyyətlərə görə övlad sahibi olmaqdan boyun qaçıran qadınlar özlərinin bəşəri və qadın təbiətlərinin ziddinə hərəkət edirlər. Allah buna razı deyil.

Xuzistan vilayətinin müdirləri və icraçı məsulları ilə görüşdə çıxışdan; 11 mart, 1997

Valideyn və övladların düzgün dəlillərini qəbul etmək

Siz bunu qəbul edin ki, gəncə, yaxud yeniyetməyə nəyin məsləhət olması və nəyin məsləhət olmamasını təyin etməkdə ata və anaların seçimi çox zaman onların özlərinin seçimindən daha yaxşı və daha aydın olur. Bilin ki, onlar sizə ürək yandırırlar. Əlbəttə, öz ata və ananızla söhbət edin. Mən tövsiyə edirəm ki, ata və analar övladlarının onlarla söhbət etməsinə şərait yaratsınlar. Ata və analar övladların istəyinə və onların dəlillərinə hörmətlə yanaşsınlar. Əgər məqbul dəlilləri olduğunu görsələr, qəbul etsinlər.

Fəcr ongünlüyündə gənclərlə görüşdə çıxışdan; 2 fevral, 1999

Ananın uşaqlar üçün kitab oxuması

Kitab oxumaq ənənəsini xalq arasında yaymalıyıq. Eşitmişəm ki, Avropada evdə yatmaq vaxtı ana uşağı üçün kitab oxuyur. Bizdə bu ənənə ümumiyyətlə yoxdur. Əlbəttə, bəzi ailələrdə vardı. Biz ata evimizdə görmüşdük ki, biri oturub o birisi üçün kitab oxuyurdu. İllərlə belə iş görülürdü; həm kiçiklər üçün, həm də böyüklər üçün. İndi isə bu iş xalq arasında adət deyil.

Əlbəttə, film hazırlamaqla, xalqa tösviyə etməklə və xatırlatmaqla bu işi görmək olar. Xalq ümumiyyətlə bilmir ki, belə bir işi də görmək mümkündür: uşaqlar üçün kitab oxumaq. Ana oturub uşaqların kitabını, uşaqlar üçün nağıl kitabını oxusun; yaxud qocalar üçün kitab oxumaq. Qoca kişini, yaxud qoca qadını, babanın və nənənin başını qarışdırmaq üçün bir kitab seçsinlər, uşaqlar və nəvələr onlar üçün oxusunlar. Yaxşı bir iş kimi buna həvəslənsinlər.

"Kitab həftəsi"nin təşkilatçıları ilə görüşdə çıxışdan; 10 noyabr, 1993

İslam Cümhuriyyəti qəzeti

Ailə məsuliyyəti

İnsanın bu dünyada keçirdiyi bu bir an, bir saat, bu qısa müddət onun üçündür ki, insan öz məsuliyyətlərini yerinə yetirsin və yaxşı yerinə yetirsin. Sonra gedib əbədi həyatda onun mükafatını alsın. Ümumiyyətlə məsələnin məğzi bundan ibarətdir, insan buraya qalmaq üçün gəlməyib. Burada heç bir şey prinsipcə xoşagələn deyil. Bütün yaxşı və xoşagələn işlər gələcəkdəki nəticəsinə görə gözəldir. Ona görə deyir ki, sabah soruşacağın, məsuliyyətini xatırladacağın və cavab istəyəcəyin işdə məni müvəffəq et, məni onun üçün işlət.

Görün nə qədər mühümdür. Bəli, bu məsuliyyət dərs oxumağa, həyat yoldaşına, uşağa və ailəyə də şamil olur. Bunlar da məsuliyyətlərdəndir.

İslam dərnəkləri və tələbələrlə görüşdə çıxışdan; 21 yanvar, 1998

Övlad tərbiyəsində ailənin rolu

İslam uşaqlıq, yeniyetməlik və sonra gənclik dövrü üçün bir neçə tərbiyəvi amil təyin etmişdir. Onların biri valideynin öyrətməsi və ailə mühitinin təsirləridir. Bu geniş bir mövzudur. Tərbiyə dövrünün əvvəlində uşağın şəxsiyyətinin möhkəm təmələ və bünövrəyə malik ola bilməsi üçün ata və anaya bir proqram verilmişdir. Ailə mühiti üçün də bəzi şərait proqnozlaşdırılıb. Əgər biz onları əldə etməsək, uşaq tərbiyəsinin bir əsas sütunu axsayacaq.

"Gələcəyi quranlar" jurnalı ilə müsahibədən; 13 oktyabr, 1986

Həyat yoldaşı və övlad qarşısında atanın vəzifəsi

Ailə ilə maraqlanmaq, həyat yoldaşına və övladlara məlumat vermək

Əgər övladlarınız barəsində düzgün fikirləşib əməl edə bilməsəniz, Allah eləməmiş, sizin üçün problem yaranacaq. Mən sizə deyirəm: övladlarınızın və həyat yoldaşlarınızın məlumatını təmin edin. Buna əhəmiyyətli yanaşın. Özünüzü işə elə qərq etməyin ki, xanım və uşaq üçün vaxt və imkan qalmasın. Mən dəfələrlə dostlara tövsiyə etmişəm, yenə də sizə tövsiyə edirəm: övladlarınız üçün vaxt qoyun və bilin ki, gənclər ürəklərində olan nurluluğun və paklığın köməyi ilə sizin sözünüzü qəbul edəcəklər.

Sizin övladınıza demək üçün yalnız iki kəlmə qəbul ediləsi və məntiqli sözünüz olmalıdır. Sizin fikrinizcə əhəmiyyətli olan hər bir məsələ barəsində - din barəsində, imamın inqilabı və keçmiş rejim barəsində, günbəgün və növbənöv ortaya çıxan məsələlər barəsində sözünüz olmalıdır: “Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlardır“. Özünüzü, övladlarınızı və öz ailənizi qoruyun. Bu çox əhəmiyyətlidir. Özünüz üçün və onlar üçün agahlıq vücuda gətirin. Mən dəfələrlə Əmirəlmömininin (ə) dilindən xütbədə və digər yerlərdə demişəm ki, Siffeyn döyüşündə bəlli hadisələr qarşıya çıxan zaman həzrətin buyruqlarından biri bu idi: “Bu elmi yalnız agahlıq (bəsər) və dözüm (səbr) sahibləri daşıya bilərlər!“ Bu “bəsər” və “səbr” sözləri də Əmirəlmömininin (ə) sözlərinə məxsus gözəlliklərdəndir. Hər ikisi eyni samitlərə malikdir; agahlıq və dözümlülük. Bunların hər ikisi lazımdır.

Keşikçilər Korpusunun komandanları ilə görüşdə çıxışdan; 5 mart, 1998

Keyhan qəzeti

Qadını gül kimi saxlamaq

İslama görə, ailə daxilində kişi qadını gül kimi saxlamağa vəzifəlidir. Buyurur: “Qadın güldür”! Bu, ictimai və siyasi meydanlara, elm təhsilinə və müxtəlif mübarizə zamanlarına aid deyil. Bu, ailənin daxilinə aiddir.

“Qadın güldür, fəhlə deyil!” Peyğəmbər, qadını evin içində xidmət göstərməyə vəzifəli bilən yanlış təfəkkür tərzini bununla rədd edir. Qadın gül kimidir, ona qulluq göstərmək lazımdır. Ruhi və fiziki incəliklərə malik olan bu mövcuda bu gözlə baxmaq lazımdır.

Qadınlarla görüşdə çıxışdan; 20 sentyabr, 2000

İslam Cümhuriyyəti qəzeti

Ev qulluqçusu, yoxsa həyatın gülü?

Əgər İslamın təbirlərinə diqqət yetirsəniz, görərsiniz ki, qadın haqqında ən düzgün təbirlər buradadır: “Qadın güldür”. Reyhanə gül deməkdir. İnsan güllə nə edir? Güllə necə rəftar edilir? Güllə kobud rəftar olunsa, parça-parça olar. Əgər gülü tanısalar və onunla gül kimi rəftar etsələr, yaraşıq verər, ətir saçar, parlayar.

Hədisdə gəlmiş “qəhrəmanə” sözü qəhrəman demək deyil. Bu söz fars dilindən götürülsə də, ərəb dilində başqa mənada işlədilir. Qəhrəman - xülasə desək, yəni fəhlə. Yəni siz qadını öz evinizdə fəhlə bilməyin. Elə bilməyin ki, siz rəissiniz, evin və uşaqların işləri də bir fəhlənin öhdəsindədir və bu fəhlə qadındır.

İslam Şurası Məclisinin qadın üzvləri ilə görüşdə çıxışdan; 21 iyul, 1997

Ailədə rifahpərəstlik

Övladınız sizə əzizdir deyə onun hər bir istəyini təmin etməyin. Xeyr, ən azı bəzi vaxtlar köhnə və yamaqlı paltar da geyinsin. Bir dəfə misal üçün, gəzməyə, yaxud bir iş dalınca getmək istədikdə onun üçün maşın olmasın, nəyisə almaq üçün pulu olmasın. Deməyin ki, sənin cibində həmişə bu qədər pul olsun, lazımın olar. Qoy bizim uşağımız bəzən hiss etsin ki, nəyisə almaq istəyir, amma pulu yoxdur. Necə ki, camaatın uşaqları çox vaxt nəsə almaq istəyirlər, amma pulları olmur. Yaxşı paltardır, moddur, amma bizim xanımımızın olmasın, o paltarı geyinməsin. Xalqın orta səviyyəsindən aşağı bir paltar geyinsin.

Xuzistan vilayətinin müdirləri və icraçı məsulları ilə görüşdə çıxışdan; 15 mart, 1997

Keyhan qəzeti

Ailə və mühüm siyasi məsələlərdən xəbərdarlıq

Mən əziz səfirlərimizə deyirəm ki, çalışın həyat yoldaşlarınızı və ailələrinizi sizin üçün əhəmiyyətli olan mühüm siyasi məsələlərdən xəbərdar edin və onlar ölkə məsələləri barəsində tam məlumatlı olsunlar.

Səfirlərlə görüşdən: 27 avqust, 2000

İslam Cümhuriyyəti qəzeti


Altıncı fəsil: Qadınların təlim-tərbiyəsi

Qadınların elmi və mədəni inkişafına şərait yaradılması

Qadınların əsl İslam mədəniyyətindən bəhrələnməsi

Sual: İslam cəmiyyətində qadınların istedadlarının çiçəklənməsi istiqamətində hansı mədəni və rifah işləri görülməlidir?

Cavab: Birinci növbədə əsl İslam mədəniyyəti yayılmalıdır. Bu zaman təbii olaraq qadınlar da bu nemətdən bəhrələnəcəklər.

“Qadın günü” jurnalının xüsusi buraxılışı ilə müsahibədən; 25 aprel, 1981

İslam Cümhuriyyəti qəzeti

Qadınların İslam təlimləri ilə tanışlığının ölkənin inkişafındakı rolu

Əgər ölkə qadın toplumunu İslam təlimlərinə arxalanmaqla İslamın istədiyi təlimlərlə tanış edə bilsə, mənim şübhəm yoxdur ki, ölkənin inkişafı, tərəqqisi və ucalması qat-qat güclənəcək. Qadınlar məsuliyyət hissilə hansı meydana qoşulsalar, o meydanda inkişaf bir neçə qat artıq olacaq. Xanımların müxtəlif meydanlarda iştirak etməsinin xüsusiyyəti budur ki, ailənin qadını meydana qoşulduqda, həm kişi, həm də övladlar meydana qoşulurlar. Kişinin fəaliyyəti belə deyil, lakin qadının fəaliyyəti belədir. Qadın hansı meydana daxil olsa, evin xanımı olan qadın əslində o evin hamısını həmin meydana daxil edir. Qadınların müxtəlif sahələrdə fəaliyyəti çox əhəmiyyətlidir.

"Kövsər təvəllüdü" bayramı münasibəti ilə Azadlıq idman kompleksində xanımlarla görüşdə çıxışdan; 22 oktyabr, 1997

Qadınların elmi və mədəni inkişafı

Onlar bizi qadınların elmi və mədəni inkişafının qarşısını almaqda ittiham edirlər. Özləri də bilirlər ki, bu ittiham yalandır, amma təkrarlayırlar. Biz qadın üçün həqiqi insan dəyəri tanıyırıq. Biz qadın və kişi arasında fərq qoymuruq. Düşünürük ki, qadın və kişinin hər ikisi insandır, təkamül meydanı onların üzünə açıqdır. Nə qədər çalışsalar, nə qədər zəhmət çəksələr və nə qədər Allaha sarı irəliləsələr, bir o qədər inkişaf edəcək və kamilləşəcəklər. Elm və siyasi fəaliyyət yolu da onların hər ikisinin qarşısında açıqdır.

Xalqın müxtəlif təbəqələri, həkimlər, feldşerlər və ölkənin ali tibbi təhsil mərkəzlərinin işçilərilə görüşdə çıxışdan; 6 dekabr, 1989

Qadınların istedadlarının inkişafı üçün sağlam şərait

İslam cəmiyyətində və bizim İslam quruluşumuzda fəsad, modabazlıq, öyünmək, özünü bəzəmək, yanlış və zərərli dəbdəbəçiliklər keçmişə nisbətən azdır, qarşılığında qadınların istedadlarının inkişaf etməsi üçün sağlam şərait vücuda gəlmişdir.

Ölkənin mütəxəssis qadınları ilə görüşdə çıxışdan; 30 noyabr, 1993

Keyhan qəzeti

Mətanəti qorumaqla qadının müxtəlif sahələrdə fəaliyyəti

İnqilabın sayəsində iranlı qadın çox yaxşı yola çıxmışdır. Bu gün iranlı qadın elm meydanına daxil olub elmi dərəcələr qazana bilir, eyni zamanda müsəlman qadının dinini, iffətini, təqvasını, vüqarını, mətanətini, şəxsiyyətini və hörmətini də qoruyur. İndi sizin bu toplumunuzun arasında nə qədər qadın tələbələr, müəllimlər və alimlər var. Həmçinin qadın dini elm və məlumatlar meydanına da qoşula bilər, halbuki yolunda heç bir maneə olmaz. İndi sizin aranızda dini elmlər tələbələrindən, müəllimlərindən olan çoxları İslam fiqhi və dini baxış sahəsində təhsil alırlar. Böyük imamımız da bu məsələyə çox əhəmiyyətli yanaşırdı. Buna görə bu Qum müəssisəsinin təsis olunması fərmanını verdi.

Bu gün qadın bizim ölkəmizdə siyasət meydanında, siyasi, ictimai fəaliyyətlərdə, cihadda, xalqa və inqilaba köməkdə və müxtəlif fəaliyyətlərdə öz mətanətini, vüqarını və İslam hicabını qorumaqla öz şəxsiyyətini göstərə bilər.

Tehran, Təbriz, İsfahan, Kerman və Qum şəhərlərinin qadınları ilə görüşdə çıxışdan; 16 yanvar, 1990

Qadının yaranışına uyğun olan müxtəlif sahələrdə istedadların üzə çıxması

Bu gün cəmiyyət, universitetlər və incəsənət mərkəzləri bizim gənc qızlarımız üçün təhlükəsiz yer sayılır. Müsəlman və dindar qadınlar müxtəlif fənlərdə öz istedadlarını üzə çıxarmağa və yüksək elm və incəsənət dərəcələri əldə etməyə imkan tapmışlar. Bizim cəmiyyətimizin bütün elmi fənlərində bir yenilik yaratmaq zəruridir. Qadınlar istedadları olan və onların yaranışları ilə münasib olan hər bir fənnə daxil olsunlar. Ölkə istedadlarının yarısı qadınlara məxsusdur. Onlar qadın üçün təbii və fitri məhdudiyyətlərin olmadığı meydanları doldurmalıdırlar.

Ölkənin mütəxəssis, cərrah və həkim qadınları ilə görüşdə çıxışdan; 30 noyabr, 1993

Keyhan qəzeti

Kitab oxumağın və düzgün evdarlıq üsullarını öyrənməyin lazımlığı

Çox əsaslı işlərdən biri qadınları savadlandırmaqdır. Çox mühüm işlərdən biri qadınları kitab oxuyan etməkdir. Yeni üsullar tapın. Evin daxilindəki qadınları kitab oxuyan edin. Təəssüf ki, bizim qadınlarımızın kitab oxumaqla çox da araları yoxdur. Bazara minlərlə kitab gəlir-gedir, amma bunlar xəbərsiz qalırlar. Bu kitablar beyinləri daha yaxşı anlamaq, daha yaxşı düşünmək, daha yaxşı yaratmaq, daha yaxşı və daha düzgün yerlərdə olmaq üçün hazırlayan bəşər bilgiləridir.



Geri   İrəli
Go to TOP