A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Qadın (Seyid Əli Xamenei)
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


İranlı və xarici qadınlarla sual-cavab məclisindəki çıxışdan; 10 oktyabr, 1998

Qız və oğlanın yola getməsi - nikahın əsasıdır

Nikahın əsası qız və oğlanın yola getməsidir. Gərək bir-biri ilə razılaşsınlar. Bu, “yola getsinlər” sözünün çox dərin mənası var. Mən bir dəfə İmamın yanına getdim. O, əqd xütbəsi oxumaq istəyirdi. Məni gördükdə dedi ki, gəl birinin vəkili sən ol. O, nikah əqdi oxuyanda bizim kimi uzun-uzadı danışmırdı. Əvvəl əqdi oxuyurdu, sonra iki-üç qısa cümlə deyirdi. Mən gördüm o əqdi oxuyandan sonra üzünü qız və oğlana tutub dedi: “Bir-birinizlə yola gedin”. Mən fikirləşib gördüm ki, biz bu qədər danışırıq, amma İmamın sözü “bir-birinizlə yola gedin” cümləsidir. İndi mən də demək istəyirəm ki, siz qız və oğlanlar bir-birinizlə yola gedin. Yola getmək və razılıq əsas məsələdir. Bəy və gəlinin, qız və oğlanın, ər və arvadın yola getməsinə qarşı olan hər bir şey yad ünsür bilinməlidir. Bu qaydanı unutmayın! İnşallah Allah-Taala öz xeyir-bərəkətlərini sizə nazil edər.

Ümidvarıq Allah oxuduğumuz bu nikahları mübarək etsin! Bu qızlar və oğlanlar ailələrə sevinc gətirsinlər və Allah onlara pak nəsil bəxş etsin!

Nikah mərasimində çıxışdan; 11 iyul, 1991

Gənc cütlüklərə tövsiyə

Oxuduğumuz bu nikah əqdinin sözləri zahiri bir məsələdir. Bununla sizin aranızda bir halqa vücuda gəlir. Qız və oğlanın bütün səyi bunu qorumaq olmalıdır. Məbada gileylər, bezikmələr, artıq istəməklər, artıq gözləntilər, sevgisizliklər və bəzən digərlərinin müdaxilələri ilə bu ocaq sarsılsın. Mühüm olan budur. Həm qız, həm oğlan çalışıb bu cütlük halqasını qorusunlar. Bu halqanı necə qoruya bilərsiniz? Əlbəttə, ağıllı, zirəng, hissiyyatlı və sadiq vicdanlı adamlar yolunu tapırlar. Bu, qarşılıqlı etimad və məhəbbətlə qorunur. Qadın kişiyə nəyisə əmr və məcbur etməsin. Kişi də qadına hegemonluq etməsin, artıq istəməsin. İki dost kimi, iki şərik kimi bir-biri ilə səmimi olsunlar və bu ailə ocağı qorunsun.

Nikah mərasimində çıxışdan; 11 iyul, 2001

Asan izdivac

İslam sürətli, asan və əlavə şərtləri olmayan izdivaca həvəsləndirir. İstər qız, istər oğlan çox boyunduruqlar olmadan, cinsi meyl dövründə İslam tərəfindən ailə qurmağa dəvət olunublar. Bu məsələnin özü bu fəsadların mühüm hissəsini azaldır.

İslam nikah məsələsini asanlaşdırıb. Görürsünüz İslamın erkən çağlarında Allahın rəsulu (ə) məscidə gəlib elan edir ki, bu xüsusiyyətlərə malik olan bir qız var, kim ona elçilik etmək istəyir? Bir gənc qalxıb deyir ki, mən. Buyurur ki, misal üçün, mehri nə qədər edirsən? Bu deyir ki, misal üçün, bu qədər xurma, bir səbət xurma. Əziz Peyğəmbər (ə) qız tərəfindən qəbul edir. Orada ayaq üstə nikah əqdini oxuyur, qızı bu oğlana verirlər, sonra da deyirlər ki, gedin evinizə. İslamda nikah vəziyyəti belədir.

Bu əlavə xərclər, sonradan yaranmış bu xüsusiyyətlər insanların cəhaləti səbəbindən qarşıya çıxmış artıq işlərdir. Bunların heç birinin düzgün məntiqli kökü yoxdur.

Cümə namazı xütbəsindən; 9 avqust, 1986

Risalət qəzeti

Yanlış ənənələr və izdivacda çətinlik yaratmaq

Ey müsəlman ailə! Ey oğul və qız sahibi olan ata və analar! Ey inqilab edən şəxslər! Bu cahil və tağut ənənələrini, izdivac işində bu yersiz çətinlikləri kənara qoyun. Yanlış ənənələrə bu qəbər boyun əyməyin. Ənənə İslam ənənəsi deyil. Allahın rəsulu özünün bütün ailəsini çox az məbləğə bizim dövrümüzdə təxminən beş yüz tümən mehrə əqd etmişdir. Başlıq pulu deyilən bir şey və ağır mehrlər bizim əziz gənclərimizin, bizim müsəlman qız və oğlanlarımızın izdivac yaşlarında ailədən məhrum qalmasına səbəb olur.

Cümə namazı xütbəsindən; 15 mart, 1980

Ağır mehriyyə və nikahın alverə çevrilməsi

Nikahda əsas məsələ bir insani məsələdir, maddi yox. İslam mehr müəyyənləşdirib, amma onu alış-veriş formasında göstərməyib. Burada alış-veriş yoxdur. Burada hər iki tərəf müştərək bir yerdə sərmayə qoyur. Belə deyil ki, alış-verişdə olduğu kimi, siz bir şey verib, başqa bir şey alasınız. Xeyr, burada alıb-vermək yoxdur. Burada hər iki nəfər öz sərvətini müştərək kassaya qoyur və hər ikisi ondan istifadə edir. Nikahda məsələ bundan ibarətdir.

Buna görə də, burada maddiyyatın rolu çox zəif olmalıdır. Biz, “mehriyyələri ağır etməyin” - dedikdə bunu nəzərdə tuturuq. Biz mehriyyənin filan miqdardan artıq olmamasını dedikdə, mənası bu deyil ki, o miqdardan artıq olsa, əqd batildir və ya haramdır. Xeyr, əqd düzgündür, amma iş yanlışdır.

Bəziləri bir neçə milyon tümən mehriyyə qoyurlar. Yəni insani bir məsələ olan nikahı alverə, bazarlığa çevirirlər. Bu, insana və qanuna qarşı həqarətdir. Bu, yanlış bir işdir.

Nikah mərasimində çıxışdan; 11 iyul, 1991

Öyünməkdən uzaq durmaq

Bəzi insanlar da duyğusal insani və vicdani bir iş olan nikahı öyünmə səhnəsinə çevirirlər. Misal üçün, deyirlər ki, bizim cehizimizdə bunlar vardı, sizin qızınızın cehizində bunlar varmı? Fəxr etmə və öyünmə! Yaxud misal üçün, deyirlər ki, biz toyumuzu filan sarayda keçirdik. Əlbəttə, indi təəssüf ki, hotellərdə keçirmək adət olmuşdur. Bu çox pis işdir. Hətta bəzən eşidilir, yaxud görünür ki, gözlənilməyən bəzi şəxslər öz toy mərasimlərini şöhrət üçün hotellərdə və saraylarda keçirirlər. Xeyr, nikah mərasimini evdə, öz mənzilinizin həyətində, özünüzün, yaxud qonşunuzun evinin həyətində keçirin və camaatı dəvət edin. Necə ki, həmişə belə olmuşdur. Belə mühitlər ailəvi ünsiyyət mühitidir. Bir qrup dost,  qohum-əqrəba, qızın, yaxud oğlanın tay-tuşu, məktəb dostları, oğlanın iş yerində, yaxud məktəbdəki dostları toplaşır, şadlıq edirlər. Bu düzgündür.

Bizim bunu şöhrət vasitəsinə çevirməyimiz çox səhvdir. Həm izdivac mühitini maddiyyata bulayır, həm bu pak və zərif vicdan səhnəsini şöhrət, lovğalıq və israfçılıq səhnəsinə çevirir, sonra da bu qız və oğlan əvvəldən vərdiş edirlər ki, onların həyatı dəbdəbəçilik və israfçılıqla keçməlidir. Nə üçün? Qoyun əvvəldən orta bir yaşayışa adət etsinlər.

Nikah mərasimində çıxışdan; 11 iyul, 1991

Ağır mehr və cehiz izdivacın gecikməsinin amili kimi

Öz övladlarınızın izdivacını asanlaşdırın. Çünki yüksək mehrlər və ağır cehizlər istəmək gənclər arasındakı nikahın gecikməsinə və güman ki, baş verməməsinə səbəb olacaq.

İmdad Komitəsinin işçiləri və yeni gəlinlərlə görüşdə çıxışdan; 24 noyabr, 1994

İslam Cümhuriyyəti qəzeti

Lazımsız işlərin və dəbdəbəçiliyin izdivacdan çıxarılması

Ata və analar izdivaca lazım olmayan işlərdə çətinlik yaratmasınlar. Gənclər çətinlik yaratmırlar. Qoyun İslam nikahı baş versin. Qoyun İslam cəmiyyətində yaşayan müsəlman qız və gənc qadının izdivacı Fatimeyi-Zəhranın (s) izdivacı kimi olsun; mənəvi və ilahi eşqin birləşməsi ilə, mömin və müsəlman qadın və kişi arasındakı bənzərsiz şövqlə, iki ilahi və şərafətli tərəf arasında sözün həqiq mənasında həmkarlıq və yoldaşlıqla bir izdivac baş versin; amma bütün təşrifatdan, puç, mənasız və zahiri bərbəzəklərdən uzaq halda.

Tehran, Təbriz və İsfahan şəhərlərinin qadınları ilə görüşdə çıxışdan; 16 yanvar, 1990

İzdivacda sadəlik

Dəbdəbəçilik cəmiyyət üçün zərərli və pisdir. Dəbdəbəçiliyə qarşı çıxan şəxslər onun ləzzətlərindən xəbərsiz deyillər. Xeyr, bu, cəmiyyət üçün zərərlidir; zərərli bir dərman, yaxud qida məhsulu kimi. Artıq dəbdəbəçiliklə cəmiyyət ziyan görür. Əlbəttə, normal və məntiqli həddində eybi yoxdur. Amma həmişə rəqabət və müsabiqə məsələsi qarşıya çıxdıqda ümumiyyətlə öz həddini aşır və başqa yerlərə çıxır. Bu cəmiyyət üçün zərərlidir. İndi biz bu zərərli işi izdivac məsələsinə daxil etsək və ondan istifadə etmək istəsək, bu daha həddən artıq səhv və çox pis iş olacaq.

Bu səs-sədalı qonaqlıqlar, hotel tutmaq, artıq xərclər tağut adamlarının işi idi. Bu yaxınlarda qəzetdə də bir nümunəsini yazmışdılar. Çox yaxşı edib yazdılar. Qoy camaat bilsin ki, bu işlər çirkindir. Bizlər həmişə öz evimizdə bir, yaxud iki otaqda toy və əqd mərasimləri keçirirdik. Əgər bu olmasaydı, qonşudan borc alırdıq. Bir qədər şirniyyat və meyvə düzülürdü. Deyirdik, gülürdük, zarafat edirdik, çox şən vaxt keçirirdik. Əlbəttə, kübar çevrə və Allahın lütfü ilə məhv olan adamlar belə keçirmirdilər. Onlar bununla qane olmurdular. Hotellərdə dəbdəbəli qonaqlıqlar təşkil edirdilər.

İndi biz iş başına gəlib yenidən onların işini təkrarlamamalıyıq. Əgər təkrarlasaq, biz də onlar kimi olacağıq. O pis idi. Belə deyil ki, insan xərcli bir iş görə bilməyəndə görməsin, lakin görə biləndə gedib etsin. Bəs nə oldu? Düzgün məntiq bunu demir. Sadə olmaq lazımdır. Cehizləri sadə edin. Əgər cehiz qızın ehtiyaclarını təmin edirsə, yaxşıdır, gərək dəbdəbəçiliyə sarı getməsin.

Nikah mərasimində çıxışdan; 11 iyul, 1991

İzdivacda maneələrin aradan qaldırılması

Qadının düşüncə və duyğu meydanının yüksəlməsi və böyüməsi üçün ən əhəmiyyətli addımlardan olan izdivacı və ailə qurmaq məsələsini problemlərlə qarşı-qarşıya qoymayın. Ağır mehrlər, qızlarının həyat yoldaşına qarşı çətin şərtlər nikahın böyük maneələrindəndir. Eləcə də oğlanların və kişilərin qız seçimindəki çətinlikləri böyük məneələrdəndir. Gənc oğlanlara nəsihət edirəm ki, evlənsinlər, nəsihət edirəm ki, nikahda qızların təqvasını və iffətini nəzərə alsınlar, gözəlliyini yox. Gözəllikdən məhrum olan çox qızlar var ki, ən yüksək insani xüsusiyyətlərə malikdirlər. Onları istəyin və onların qədrini bilin.

Terrordan qabaqkı cümə namazının son xütbəsi: 24 aprel, 1981

Peyğəmbər (s) sünnəsinin ziddinə olan məcburi nikah

Mənə məktub yazıblar ki, yoxsul olan inqilabçı gənclərlə evlənmək istəyən bəzi qızların ata və anaları bu nikaha qarşı çıxırlar. Onları zorla pullu, vəzifəli, lakin inqilabçı olmayan şəxslərə verirlər.

Qızlar etiraz edirlər, oğlanlar etiraz edirlər. Sizi and verirəm Allaha, nikah işində Allahın hökmünü və Peyğəmbərin sünnəsini rəhbər tutun.

Cümə namazı xütbəsindən; 6 mart, 1981

İslam və həyat yoldaşı seçimində qadının azadlığı

Qadın bir zövcə və həyat yoldaşı olaraq müxtəlif mərhələlərdə İslamın xüsusi diqqət mərkəzində olmuşdur. İlk növbədə həyat yoldaşının seçimi məsələsi durur. İslamın fikrincə qadın həyat yoldaşının seçimində azaddır və heç kəs onu məcbur edə bilməz.

Xuzistan qadınlarının toplantısında çıxışdan; 11 mart, 1997

Həyat yoldaşı seçimi hökmlərində İslamın qadını müdafiə etməsi

Həyat yoldaşı seçimində İslamın hökmləri ailə qurmağın əvvəlindən qadınlara kömək istiqamətindədir. Çünki bəzi kişilər qadınlara qarşı hegemonluq, zülm və təcavüz edirlər. İslam bu zülmlərin qarşısında dayanmışdır.

Xuzistan qadınlarının toplantısında çıxışdan; 11 mart, 1997

Məcburi nikahlar

Mən eşitmişəm ki, bu vilayətdə bəzi atalar öz qız övladlarını kiçik yaşlarda məcburi nikahlara vadar edirlər. Bu, İslamın istədiyinin və dediyinin tam əksinədir. Əgər belə bir şey doğru olsa, əgər bu vilayətdə, yaxud digər vilayətlərdə atalar özlərinin azyaşlı qızlarını məcbur etsələr, onların razılığı olmadan ərə versələr, qadına zülm istiqamətində hərəkətdir, qadın hüquqlarının ziddinə olan bir hərəkətdir, qanunun tədbir görməli olduğu bir məsələdir.

Hörmüzqan qadınları ilə görüşdə çıxışdan; 18 fevral, 1998

İslam Cümhuriyyəti qəzeti

İzdivacda qadının iradəsi

Allah bütün işlərdə, o cümlədən izdivac məsələsində qadın və kişinin iradəsinə hörmətlə yanaşmışdır. Buna əsasən, İslama görə qızları kişilərlə evlənməyə məcbur etmək haramdır və qızın razılığı olmasa, icazəli deyil.

Günbədin şəhid ailələrinin toplantısında çıxışdan; 19 oktyabr, 1995

İslam Cümhuriyyəti qəzeti

Nikah məsələsində qızların istəyinin riayət olunması

Nikah məsələsində qızların istəyinə diqqətsizlik, hörmətsizlik, onları görməzliyə vurmaq, onlara hər hansı bir haqsızlıq İslamın istədiyinin ziddinədir. İslam quruluşunda bütün yerlər kimi evlərdə də ədalət bərqərar olunmalıdır.

Şərqi Azərbaycan əhalisi ilə görüşdə çıxışdan; 19 sentyabr, 1996

Keyhan qəzeti

Ailədə qadın və kişi münasibətləri

Ailədə qadın və kişinin ruhiyyələrinin fərqi

Kişi və qadının hər birinin xarakteri və xüsusiyyəti vardır. Ailə daxilində kişinin işini və ruhiyyələrini qadından gözləmək olmaz, qadın ruhiyyələrini də kişidən gözləmək olmaz. Onların hər birinin bir növ təbii və ruhi xüsusiyyətləri vardır. Bəşərin məsləhəti, cəmiyyətin məsləhəti, qadın və kişinin ictimai quruluşunun məsləhəti budur ki, ailə daxilində kişi və qadın münasibətlərində onların ruhiyyələrinə və xüsusiyyətlərinə dəqiqliklə riayət olunsun. Əgər riayət olunsa, həm bu xoşbəxt olacaq, həm də o.

Xuzistan qadınlarının toplantısında çıxışdan; 11 mart, 1997

Ədalətli və məhəbbətli rabitə

Qadın və kişinin bir-biri ilə münasibətləri tamamilə ədalətli, İslama uyğun, düzgün və məhəbbətli olmalıdır. Onun-bunun rəftarı təsir qoymur, yəni onun-bunun təhsili ümumiyyətlə bir iş görməyə macal tapmır. İrad qadın və kişinin rabitəsinə və mövcud olan müxtəlif bağlılıqlara qayıdır və qadına zülmlə sonuclanır.

Qadınların mədəni-ictimai şurasının üzvləri ilə görüşdə çıxışdan; 5 noyabr, 1996

Ailə qurmaqda qadın və kişinin müştərək vəzifəsi

Hal-hazırda ev və qadının ailədə rolu qadın və kişilərin özləri üçün bir problemə çevrilmişdir. Halbuki mənim fikrimcə heç bir problem yoxdur. Bu aydın bir məsələdir. Əvvəla ailənin idarəsi qadın və kişi arasında müştərəkdir. Belə deyil ki, ailələrinin idarəsində qadınların rolu və vəzifəsi olmasın, amma kişilərin olsun.

Kişi və qadının hər ikisi müştərək surətdə ailənin qurulması üçün işləməyə borcludurlar. İslamın ailəyə verdiyi önəmə əsasən, müsəlman bir qadın və ya kişinin əsas işi ailə qurmaqdır (onların həyatları bunun üzərində bərqərar olur). Bu vəzifə müştərək surətdə qadın və kişinin öhdəsinə düşür.

"Günün qadını" jurnalına müsahibədən: 4 mart, 1985

Sevgi və mehribanlıq əlaqəsi

Qadın və kişinin düzgün rabitəsi budur: məhəbbət, mərhəmət, dostluq rabitəsi, mehribanlıq rabitəsi, həm bir-birini sevsinlər, bir-birinə eşq bəsləsinlər, həm də bir-biri ilə mehriban olsunlar.

"Kövsər təvəllüdü" bayramı münasibəti ilə Azadlıq idman kompleksində xanımlarla görüşdə çıxışdan; 22 oktyabr, 1997

Eşq ailənin özülü kimi

Ümumiyyətlə belə qeyd-şərtsiz rabitə ailə ocağı üçün həlakedici zəhərdir. Çünki ailə eşqlə yaşayır. Ümumiyyətlə ailənin özülü eşqlədir. Əgər bu eşq - gözəlliyə eşq, qarşı cinsə eşq yüz başqa yerdə təmin olunsa, daha ailənin möhkəmliyi üçün güclü dayaq məhv olacaq və ailələr dağılacaq.

Gənc günü münasibəti ilə gənclərlə görüşdə çıxışdan; 27 aprel, 1998

Qərbdə ailə ocağının dağılması

Baxın, bu gün Amerika və İngiltərədə homoseksualizm rəsmi və qanuni olmuşdur. Onlar bundan xəcalət çəkmirlər də. Elə bir iş görürlər ki, biz onu danışmağa utanırıq, həya edirik. Bizim xalqımız bilsin: İki həmcinsin evlənməsinin qanunla mümkün olduğu bir ölkədə ailənin təməli qalarmı?

Bu gün iqtidar sahibləri və onların təbliğatçılarını çıxmaq şərti ilə, Amerika və Avropanın sadə, orta təbəqəsi ailə təməllərinin sarsılmasından narahatdırlar. Qadın və kişilər ailə institutunun məhv olmasından eyni dərəcədə əziyyət çəkirlər. Bu günü-gündən artır və əlbəttə, axırıncı zərbədir. Ailə insanın hüzur yeridir. Rahat və dinc ailə olmadan heç bir insan həyatın həqiqi ləzzətini dada bilməz. Onlar bu təməlləri dağıdıb məhv edirlər. Bu, Qərb mədəniyyətidir. Belə azadlığın, pozğunluğun, çılpaqlıq mədəniyyətinin və qadın-kişi qarışmasının nəticəsi məhz budur.

Xalqın müxtəlif təbəqələri, həkimlər, feldşerlər və ölkənin ali tibbi təhsil mərkəzlərinin işçilərilə görüşdə çıxışdan; 6 dekabr, 1989

Dünyada ailə böhranı - qadın və kişi münasibətlərində yanlış baxışın nəticəsi

Bu gün dünyada əsaslı bir problem olan ailə məsələsi haradan qaynaqlanır? Qadın məsələsinə baxış tərzindən, yaxud qadın və kişi əlaqələrinə baxışdan qaynaqlanır. Nə üçün bəşər varlığının təbii və əsaslı bir orqanı olan ailə indi dünyada bu qədər böhrana düçar olmuşdur? Belə ki, əgər bugünkü, necə deyərlər, sivil qərb dünyasında kiminsə hətta çox yumşaq şəkildə ailənin təməlinin möhkəmləndirilməsinə dair bir sözü olsa, onu yaxşı qarşılayırlar. Həm qadınlar yaxşı qarşılayır, həm kişilər, həm də uşaqlar. Əgər siz dünyadakı ailə məsələsinin bu cəhətini araşdırsanız, ailə məsələsində vücuda gələn böhranı düzgün və diqqətli şəkildə araşdırsanız, görərsiniz ki, bu, iki cinsin münasibətlərinə, birgə yaşayışına və qarşılıqlı əlaqələrinə aid məsələlərin həll olunmamasından irəli gəlir. Başqa sözlə, baxış yanlış baxışdır. İndi biz kişilərin düzəltdiyi fikir məcmusunda dayanıb deyirik ki, qadın məsələsinə baxış düzgün deyil. Ancaq demək olar ki, kişi məsələsinə baxış da düzgün deyil. Fərqi yoxdur. Yaxud iki cinsiyyətin keyfiyyətinə, yəni onların yer tutmalarına baxış yanlış baxışdır.

Qadınların mədəni-ictimai şurasının üzvləri, tibb üzrə mütəxəssis və məmur qadınlarla görüşdə çıxışdan; 25 dekabr, 1991

Mehribanlıq və hörmət

Siz əgər bir-birinizlə mehriban, uyğun, həmkar və bir-birinizin sirdaşı olsanız, həyat səmimi, övladlarınız da mənəvi və əxlaqi baxımdan sağlam olacaq.

Kişilər həyat yoldaşları üçün, qadınlar da ərləri üçün həqiqi hörmət tanısınlar. Bir-birinin ürəkdən etimadını qazansınlar.

İmdad Komitəsinin işçiləri və yeni gəlinlərlə görüşdə çıxışdan; 24 noyabr, 1994

İslam Cümhuriyyəti qəzeti

Həyat yoldaşı və övladlarla rəftar üsulları

Çox əhəmiyyətli məsələlərdən biri evin daxilində işləməyin, yəni həyat yoldaşı və övladlarla rəftarın düzgün üsullarını öyrənməkdir. Səbirli, dözümlü, fədakar və yaxşı əxlaqlı çox yaxşı qadınlar var. Amma öz həyat yoldaşları və övladları ilə rəftar üsullarını düzgün bilmirlər. Bunlar elmi məsələlər və elə məsələlərdir ki, bəşərin təcrübəsi ilə günbəgün inkişaf etmiş, yaxşı mərhələlərə çatmışdır. Bu sahələrdə məlumatı və təcrübəsi olan şəxslər bu üsulları tapmalı və xanımlara yol göstərməlidirlər.

Ölkə qadınları ilə görüşdə çıxışdan; 16 dekabr, 1992

İslam Cümhuriyyəti qəzeti

Ailədə qadının yeri

Qadın - ailənin keşikçisi

Ailəni qadın vücuda gətirir və idarə edir. Bunu bilin ki, ailənin təşkil edilməsinin əsas elementi qadındır, kişi deyil. Kişisiz ailə ola bilər...

Ailənin qadını əgər ağıllı, düşüncəli və evdar olsa, ailəni qoruyar. Amma əgər bir ailədən qadın alınsa, kişi ailəni qoruya bilməz. Buna əsasən, ailəni qadın qoruyur.

Xuzistan vilayətinin müdirləri və icraçı məsulları ilə görüşdə çıxışdan; 11 mart, 1997

Müsəlman qadın – ailənin əsas sütunu

Müsəlman qadının ailədə vəzifələri var. Bu, ailənin əsas sütunu olması, övladların tərbiyəsi, həyat yoldaşının ruhi hidayəti və gücləndirilməsidir.

Xuzistan vilayətinin müdirləri və icraçı məsulları ilə görüşdə çıxışdan; 11 mart, 1997

Ailə duyğularının əsas mərkəzi

Analıq, xanımlıq, ev və ailə məsələsi olduqca əsas, çox mühüm və həyati əhəmiyyət daşıyan məsələlərdəndir. Bizim bütün layihələrimizdə ailə əsas olmalıdır. Siz əgər tibdə və ya hər hansı bir sahədə ən böyük mütəxəssis olsanız, amma ev xanımı olmasanız, kamil deyilsiniz.

Siz bu işlərlə yanaşı həm də evin xanımı və evdar xanım ola bilərsiniz. Əgər bu barədə kamil olmayan bir bənzətmə işlətmək istəsək, gərək kraliça bal arısına bənzədək. Ailə elə bir yerdir ki, orada duyğu və hisslər inkişaf etməlidir, uşaqlar məhəbbət və nəvaziş görməlidirlər. Ər kişi olduğundan, onun xarakteri qadına nisbətən daha xamdır, bəzi meydanlarda zəifdir, daha tez sınır. Onun yarasının məlhəmi yalnız və yalnız həyat yoldaşının nəvazişidir; hətta ananın nəvazişi yox. Bu həyat yoldaşı böyük bir kişi üçün, ananın öz kiçik uşağına gördüyü işi görür. Diqqətli xanımlar bu məsələni bilirlər. Əgər bu duyğular evin əsas mərkəzinə, yəni evdar xanıma ehtiyaclı olmasa, ailə mənasız bir formaya çevriləcək.

Ölkə xanımları ilə görüşdə çıxışdan; 15 dekabr, 1992

İslam Cümhuriyyəti qəzeti

Ailə miqyasında qadının daha artıq hüququ

İslam, qadını özünün həqiqi yerinə qoymuşdur. Qadın ailə miqyasında və övladlarla münasibətdə daha çox hüquqa malikdir. Çünki daha çox zəhməti çəkir və Allahın ədalətinə əsasən, daha üstün hüquq dəyəri də ona məxsusdur.

Şəfqət bacıları, tələbələr və mədəni qurumların işçilərilə görüşdə çıxışdan; 13 oktyabr, 1994

Nəsil yaratmaqda qadının daha çox rolu

Ailənin quruluşuna gəlincə isə, əvvəla qadın və kişinin rolu təbii surətdə eyni cür olmamışdır və ikincisi də budur ki, bir miqdarda deyil. Yəni onların ailə quruluşunda oxşar rolları yoxdur. Eləcə də hər birinin rolu da eyni miqdarda və ölçüdə deyil. Hər birinin özünəməxsus kəmiyyəti vardır.

Deməli, ailənin idarəsində qadın və kişinin hər ikisinin rolu var; ancaq hər birinin xüsusi və müəyyən miqdarda rolu vardır. Misal üçün, əgər insanın əsas işlərindən biri olan nəsil artımındakı qadın və kişinin rolunu təsəvvür etsək, görürük ki, bu sahədə kişinin rolu daha az, qadının rolu isə daha çox və daha uzunmüddətli roldur. Misal üçün, qadında hamiləlik və övladının südəmərlik dövrü var. Ümumiyyətlə övlada baxmaq imkanı qadında kişinin imkanından çoxdur və sair. Deməli, ailənin idarəsində qadın və kişinin hər ikisi şərikdirlər. Amma hər birinin xüsusi növlü və xüsusi miqdarda rolu vardır.



Geri   İrəli
Go to TOP