A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Qadın (Seyid Əli Xamenei)
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Ettelaat qəzeti

İbadət, siyasət və evdarlıq – kamil qadın şəxsiyyətinin elementləri

Bəziləri elə bilirlər ki, insan ibadətlə məşğul olsa, bir abid, ibadətçi, dua və zikr adamı olar, siyasi bir insan ola bilməz. Yaxud bəziləri elə bilirlər ki, siyasətlə məşğul olan qadın, yaxud kişi, Allah yolunda cihad meydanında aktiv iştirak edən insan əgər qadındırsa, bir ev qadını olub, analıq və evdarlıq vəzifələrini yerinə yetirə bilməz; əgər kişidirsə, ev, dükan və yaşayış kişisi ola bilməz. Elə bilirlər ki, bunların arasında ziddiyyət var. Halbuki İslamın baxışında bu üç məsələnin nəinki bir-biri ilə ziddiyyəti yoxdur, kamil insan şəxsiyyətinin formalaşmasında bir-birinə kömək də edirlər.

Nəzarət Şurasının işçiləri ilə görüşdə çıxışdan; 13 dekabr, 1989

İran qadınlarının müsbət xüsusiyyətləri

İran qadınlarının üstünlüyünün dəlilləri

Bizim ölkəmizin qadın toplumu dünyanın hər bir yerindən yaxşıdır. İş vaxtı çatdıqda siyasi işdə, mədəni işdə və təşkilat işlərində öndədirlər. Cihad vaxtı çatdıqda övladlarını öz əlləri ilə cəbhəyə göndərirlər. Evdarlıq və övlad tərbiyəsi zamanı çatanda evdar olurlar. Bütün bunlar dünyada azdır. Bunlar çox dəyərlidir. Bu, İslam tərbiyəsidir. Bunların hamısı ümidvericidir.

15 şaban (İmam Mehdinin (ə) doğum günü) münasibəti ilə xalqın müxtəlif təbəqələri ilə görüşdə çıxışdan; 20 dekabr, 1997

İslam Cümhuriyyəti qəzeti

İranlı müsəlman qadının dəyəri

Bizim cəmiyyətimizin mömin qadınları çalışıb müsəlman iranlı qadının qədrini bilsinlər. İslam qadınının və müsəlman qadının dəyərini bilin. Elə bir qadın ki, münasibətlərdə kişilərə qarışmır, özünü kişinin gözünü cəlb etmək üçün vasitə bilmir, özünü bundan üstün hesab edir. Elə bir qadın ki, öz məqamını çılpaq olmaqdan, üzü, saçı və bədəni ilə keçənlərin gözünü özünə sarı cəlb etməkdən, onların həvəsini doyurmaqdan daha əziz sayır. Elə bir qadın ki, özünü, zirvəsində bəşər tarixinin ən böyük qadını olan Fatimeyi-Zəhranın (s) dayandığı yüksəkliyin ətəyində bilir. O qadın iranlı müsəlman qadındır. Bu qadın daha Qərb sivilizasiyasının oyuncaqlarından və onun təxribatlı üsullarından üz çevirməli, onlara etinasız yanaşmalıdır.

Tehran, İsfahan və Təbriz şəhərlərinin qadınları ilə görüşdə çıxışdan; 16 yanvar, 1990

İranlı qadın – rahibədən pak, əsgərdən şücaətli

İranlı qadın rahibə deyil, amma rahibədən də pakdır, təmizdir; əsgər deyil, amma müharibə meydanında əsgər qədər şücaətlidir. Döyüş meydanlarında ona cihad vacib olmasa da, Allah yolunda bir mücahid kimi çalışır və bütün səhnələrdə iştirak edir.

Ölkənin mədəniyyət mənsubu olan xanımlarının nümayəndələri ilə görüşdə çıxışdan; 27 yanvar, 1985

İranlı qadınların fədakarlığından nümunələr

İranlı qadınlar onlar üçün çox dəyərli olan yadigarlarını təqdim etmişlər. Bəzən bir yoxsul ailə özünün bütün qızıl-zinət əşyalarını batil əleyhinə vuruşan haqq cəbhələrinə təqdim etmişdir. Bəzən bir yoxsul ailə özünün üzüyünü, yaxud sırğasını cəbhələrə təqdim etmişdir. Bəzən pilot övladı müharibədə öldürülmüş iraqlı bir ailə Səddamdan aldığı qızılları Səddam rejimi əleyhinə müharibə cəbhələrinə kömək üçün hədiyyə etmişdir. Şəhidlərin gənc həyat yoldaşları da öz nişan üzüklərini vermişlər. Bunun bənzəri heç bir ölkənin tarixində görünmür.

Xalqın müxtəlif və fədakar təbəqələri ilə görüşdə çıxışdan; 13 avqust, 1988

İranlı qadının həqiqi zinəti

İslam inqilabının qələbəsi ilə bizim cəmiyyətimiz ilahi dəyişikliyə uğradı. Bu dəyişiklikdə qadınlar öncül idilər. İranlı qadının həqiqi zinəti budur ki, bu inqilab yükünün yarısını çiyninə ala bilsin. Bu o haldadır ki, əxlaq, təqva, iffət, əmanətdarlıq, iman, paklıq və Allah yolunda fədakarlıq baxımından öz borcunu ödəsin.

Şəfqət bacılarının İslam birliyinin üzvləri və könüllü İslam keşikçisi olan qadınlarla görüşdə çıxışdan; 20 fevral, 1983

İranlı qadınların qənaətcilliyi

Bizim xalqımız, bizim iranlı ailəmiz qənaətcilliyə adət etmişdir. Evin xanımı böyüklərin paltarlarını öz zövqü ilə kiçiklər və uşaqlar üçün düzəldirdi, tikirdi. Onun zövqünə, imanına və istəyinə uyğun olmayan və tikilib hazırlanmış paltarı öz uşağına və övladına geyindirməyə möhtac olmurdu.

Xörək yediyi mis qabda dükandan yağ, süd və qatıq da alıb evinə gətirirdi, cəmiyyətə əlavə çox xərc olan bütün bu birdəfəlik qablara və potensial zibillərə möhtac deyildi.

Cümə namazının birinci xütbəsindən; 18 aprel, 1986

İslam Cümhuriyyəti qəzeti

Agah şəkilli iman – iranlı qadınların mübarizələrinin səbəbkarı

Özləri birbaşa mübarizəyə qoşulan xanımların fəaliyyətini görməzdən gəlmək olmaz. İranlı qadını inqilabçı, siyasi, məlumatlı və mübariz ünsürə çevirən amil agah şəkilli imandır. Qadınlar heç bir sahədə geri qalmamışlar.

"Qadın və qlobal İslam inqilabı" beynəlxalq konfransın açılış mərasimində çıxışdan; 6 fevral, 1988

Şəhid analarının və həyat yoldaşlarının dözümlülüyü və fədakarlığı

Şəhid analarının imanı və müqaviməti

Bəzilərinin iki övladı, bəzilərinin üç övladı, bəzilərinin dörd övladı şəhid oldu. Biz gördük, əzizləri şəhid olan analar elə müqavimət və möhkəmlik göstərdilər ki, insan heyrətə gəlirdi. Allaha həmd olsun ki, mənim hörmətli şəhid ailələri ilə çox görüşlərim və məclislərim həmişə olub və indi də var. Düşünürəm ki, şəhid anaları qüvvə və qüdrət baxımından doğrudan da misilsizdirlər. Hansı güc duyğu və emosiyaları güclü olan, öz övladını aşiqcəsinə sevən bir qadına belə bir qüvvə bəxş edir ki, bir övladının, iki övladının, yaxud daha artıq övladının şəhidliyi qarşısında özündən belə qüvvə və qüdrət göstərir. Bu imandandır.

İlam vilayətinin şəhid ailələri ilə görüşdə çıxışdan; 3 yanvar, 1991

Allah yolunda ehsan

Bugünkü iranlı qadının həyat yoldaşı, yaxud övladı cəbhədə şəhid olduqda, bütün böyük insanlar kimi hiss edir ki, Allah yolunda özünün lazımi ehsanını vermişdir.

Ölkənin mədəniyyət işçisi olan qadınlarının nümayəndələri ilə görüşdə çıxışdan; 27 yanvar, 1985

Keyhan qəzeti

Şəhid analarının və həyat yoldaşlarının mücahidliyi

Cəbhəyə gedib şəhid olan bu gəncin təkcə özü mücahidlik etmədi. Ata olan sizlər də mücahidlik etdiniz və o getdi. Ana olan sizlər də mücahidlik etdiniz və o getdi. Bir gəncin təhlükə zonasına sarı getməsi təkcə onun mücahidliyi deyil. Onun getməsi ilə atası da mücahidlik edir. Onun anası da onun getməsi ilə mücahidlik edir. Onun həyat yoldaşı da mücahidlik edir. Onun övladları da mücahidlik edirlər. Onu sevən hər bir kəs mücahidlik edir.

Təəccüblüdür ki, bu mücahidliklər bitmir. Onun özü cəbhəyə gedir, bir müddət müqavimət göstərir və şəhid olur. Onun mücahidliyi bitir, amma bu ananın, atanın mücahidliyi davam edir. Onların dözümü cihaddır. Bu övladların cihadı davam edir. Gənc həyat yoldaşının cihadı davam edir.

Bunlar dözürlər, şikayət etmirlər. Bunlar Allahın hesabına yazırlar. Bunlar bu qanı özlərinə fəxr sayırlar. Bunlar öz dözümləri və şükürləri ilə mücahidlik ruhiyyəsini digər insanların arasında davam etdirirlər. Bunlar digərlərini cihada həvəsləndirirlər. Bunlar möhkəmliklərindən xəbər verən sözlərlə bir xalqın başucalığına səbəb olurlar. Bunlar səbəb olurlar ki, ölkə və xalq dünya düşüncələri meydanında bir örnək formasına düşsün (İran xalqı belədir). Bunlar mücahidlik edirlər.

Əgər şəhidlərin ataları, anaları və həyat yoldaşları dözümsüzlük göstərib şikayət etsəydilər, minnət qoysaydılar, ah-nalə etsəydilər, məgər bu xalqın siması bu qədər parlaq olardı?!

Silahlı qüvvələrin və Quruculuq cihadının əzəmətli şəhid ailələri ilə görüşdə çıxışdan; 28 sentyabr, 1998

Keyhan qəzeti

Şəhidin qanını qoruyan və bayrağını ucaldan

Siz əzizlər - əziz şəhid ailələri, ataları, anaları, həyat yoldaşları, övladları və digər qohumları! Özünüz üçün bu fəxri qoruyun. Siz şəhidin qanının qoruyucusu, yolunun davamçısı və bayrağını saxlayan olun. Bu, Allah yolunun, Allahın dininin bayrağı, ilahi və İslami dəyərlərin qorunmasıdır.

Silahlı qüvvələrin və Quruculuq cihadının əzəmətli şəhid ailələri ilə görüşdə çıxışdan; 28 sentyabr, 1998

Keyhan qəzeti

Şəhid analarının sevinci və fəxri

Misal üçün, İranda bizim xalqımız elə insanlar deyildilər ki, bir gəncləri öldürüldükdə şirniyyat paylasınlar. Sonra biz qəfildən gördük. Doğrudan da qəfildən gördük. Yəni işin içində olan bizlər belə bir şey görməmişdik. Öz gözlərimizlə gördüklərimiz budur ki, Məşhəddə və Tehranda polislə qarşıdurmada gəncləri öldürülür, əza məclisində gətirib şirniyyat paylayırlar.

Sonra inqilab qələbə çaldı. Müharibə başladı və bu minlərlə şəhid ata-analarının sevinci və fəxri ilə üzləşdi. Mən bir ananı gördüm, bu ana özünün iki gəncini öz əli ilə kəfənləyib dəfn etmişdi. Belə şeylər göründü. Şəhid anaları bəzəndilər. Belə bir hal da baş verdi ki, uşağının şəhid olması xəbəri veriləndə əza məclisinə şənlik məclisi kimi zinətlə daxil oldular.

Yəni Allah müsibəti verir, müsibətin dözümünü də verir. Bu onu göstərir ki, Allahın bərəkəti nazil olacaqdır.

Livan hizbullahının rəhbəri və üzvləri ilə görüşdə çıxışdan; 14 oktyabr, 1997

Keyhan qəzeti

Şəhid analarının nümunə olması

Bilin ki, bu gün dünyanın heç bir yerində bizim şəhid analarımız kimi, iki şəhid anası, üç şəhid anası, dörd şəhid anası kimi qadınlar yoxdur. Bizim cəmiyyətimizdə çox analar atalardan daha yaxşı, daha güclü və daha agah şəkildə bu meydanda dayandılar. Bu sözügedən İslam tərbiyəsidir. Bu Fatimeyi-Zəhranın (s) pak və nurlu tərbiyəsidir. Siz Fatimənin (s) qızlarısınız. Siz Fatimeyi-Zəhranın (s) övladlarısınız, o Fatimeyi-Zəhranın (s) ardıcıllarısınız. Ümidvaram vilayət, mənəviyyat və mərifətin müqəddəs nurları sizin hamınızın ürəyini aydınlaşdırsın. Müsəlman qadınlar İslam kimliyini qorumaq istiqamətində günbəgün iri və yaxşı addımlar atsınlar. Bu yolu bizim qadınlarımızın üzünə açan mərhum imamımızın pak ruhu ilahi lütf və mərhəmətlərə şamil olsun. İnşallah dövrün imamının xeyir-duaları mənim əziz və hörmətli bacılarım olan sizin hamınıza şamil olsun!

Ölkənin müsəlman qadın və qızları ilə görüşdə çıxışdan; 21 sentyabr, 2000

İslam Cümhuriyyəti qəzeti


Beşinci fəsil: Qadın və ailə

Ailə qurmağın əhəmiyyəti və şəraiti

İslamda ailənin əhəmiyyəti

Nikah və bu mərasim barəsində birinci məqam budur ki, İslama, bütün dinlərə və bəşəriyyətdə mövcud olan adət-ənənələrə görə, əsas məsələ ailə qurmaqdır. İslama görə, ailə möhkəm bir bünövrədir. Əgər o, sağlam və düzgün tərbiyəli olsa, cəmiyyətin, İslamın istədiyi formadakı inkişafında böyük təsir göstərəcək. İslam sağlam ailə mühitinin yaranmasını istəyir.

Dinlərin və xüsusən də, İslam dininin üstünlüyü bundadır ki, insanın cinsi ehtiyaclarını və bundan əlavə, onun həyat yoldaşına olan psixoloji ehtiyacını ailə qurmaqla ödəmiş olur. Bu dinlərə görə, ailə sözügedən ehtiyacları təmin etməklə yaranır və yaşayır.

Bəzilərinin xüsusi yaşlarda cinsi ehtiyacları olmaya da bilər. Amma onların həyat yoldaşına ehtiyacları var. Onların qarşı cinsdən bir yoldaşları olmalıdır. Bu işdə qadın və kişi arasında fərq yoxdur. Dinlər və ən çox da İslam bunları ailə qurmağın səbəbi bilir.

Əgər insanlar, cinsi ehtiyaclarını istədikləri kimi doyurmaqda azad olsalar, ya ailə təşkil edilməz, ya da süst, zəif və hər an dağılmağa hazır olan bir şey alınar. Hər bir xəfif meh onu dağıda bilər. Buna görə də, dünyanın harasında cinsi azadlıq görsəniz, oradakı ailələrin bir o qədər zəif olduğunu bilin. Çünki kişi və qadının, uyğun ehtiyaclarını doyurmaq üçün belə bir ocağa ehtiyacları qalmır. Amma dinin hakim olduğu və cinsi azadlıqların mövcud olmadığı yerlərdə kişi və qadın üçün hər bir şey var. Çünki ailə ocağı qorunur.

Məsələnin məğzi budur ki, gərək ailə təşkil olunsun. İslam bunu istəyir. Siz qız və oğlanlar hərəniz bir yerdən gəlirsiniz. Bir-birinizlə tanış olursunuz. Bir-birinizə qovuşursunuz. Bir ailə qurursunuz. Bu ailə çox xeyir və faydalar mənbəyidir. Ölkənin və bəşəriyyətin idarəsində bu ailənin üzərinə böyük vəzifələr düşür. Bu, çox əhəmiyyətli bir məsələdir. Siz bunu qorumalısınız!

Nikah mərasimində çıxışdan; 11 iyul, 1991

Ev mühiti – qadın və kişinin ruhi dinclik mərkəzi

İslam dini ev daxilini qadın və kişi cütlüyünün dincliyi üçün bir mərkəz etmişdir. Əlbəttə, övladlar da bundan bəhrələnirlər. Onlar da mənəvi, duyğusal və ruhi həzz alırlar. Lakin onlar üçün əsas ailə mühiti özləri ailə quracaqları zamandır. Ailə uşaq üçün böyümək və tərbiyə yeridir. Sonra buna toxunacağam. Quranda iki-üç ayə var, bu ayələrə diqqət yetirin. Biri Rum surəsindəki bu ayədir: Allahın ayə və nişanlarından biri budur ki, sizin sakin olmanız və aramlığınız üçün siz kişi-qadından və Adəm övladlarından bir cütlük yaratdı. Bu yalnız kişilərə aid deyil. Kimsə Allahın, qadını kişinin aramlığı üçün yaratdığını güman etməsin. Xeyr, kişini də qadının dincliyi üçün yaratmışdır. Bu ailə mühitidir. Ailənin daxili mühiti, yəni orada yaşayan qadın və kişinin ruhi aramlıq yeri. Başqa bir ayədə buyurur ki, sizin evinizi aramlıq və asayiş yeri etdi. Güman ki, bu da ailə mühitinə aiddir. Ailə mühiti insanın rahatlıq yeridir. Həm kişinin və həm qadının hər birinin öz növbəsində çalışması var, fəaliyyəti var, təhsili var, mübarizəsi var, ictimai işi var, yoxsullara köməyi var, Allah yolunda cihad üçün çalışması var, siyasi işi var, ictimai vəzifələr sahəsində fəaliyyətləri var, məhrumlara yardımı var, Allah yolunda cihad üçün səy göstərməsi var. Onların böyük cəmiyyətdə bir yuvaya, sakit yerə ehtiyacları var; orada fiziki rahatlıqdan əlavə mənəvi, ruhi və duyğu baxımından da dincəlsinlər. Bu ailə mühitidir. Buna görə İslam dini ailə üzərində - onun qurulması, qorunması, keyfiyyətli edilməsi üzərində çox təkid göstərir. Ailə barəsində geniş söhbətlər var. Həm kişi, həm də qadın öz növbəsində ailəni səmərəli etməyə, ailə həyatının şirinləşdirilməsinə və bu mühitin səmimiləşdirilməsinə borcludurlar. Bu, qadının və ərin vəzifəsidir.

Cümə namazı xütbəsindən; 11 oktyabr, 1986

Risalət qəzeti

Pozğunluq faciəsi – ailəyə marağın sönməsinin amili

İnsanı, qadın və kişini ailəyə bağlayan vasitələrdən biri budur ki, onların cinsi ehtiyacı və insani hisslərdən olan ehtirasları ailədə təmin olunur. Əgər qadın və kişi ailədən başqa bir mühitdə, cəmiyyətdə, təhsil aldığı, yaxud işlədiyi yerdə və ya hər hansı bir qanunsuz məkanda cinsi ehtiyaclarını təmin edə bilsə, bundan törəyəcək ən ağır nəticə odur ki, ailənin qadın və kişi arasında yaratdığı bağlılıq itib məhv olacaqdır. Ailə, öz həyat yoldaşından başqa bir xanımı tanımayan kişi və öz ərindən başqa bir kişini tanımayan iffətli və ismətli qadın üçün olduqca əhəmiyyətli və cazibəlidir. Ehtirasını bayırda təmin edən kişi və qadın üçün isə belə deyil. Məhz buna görə, cəmiyyətdə fəsad yayıldıqda, cinsi pozğunluq baş aldıqda, kişi və qadın ailə qurmağa rəğbət göstərməyəcək, cavanın ailə qurmağa meyli sönəcək, qız və oğlanın evlənməyə marağı qalmayacaq.

Bildiyiniz kimi, bugünkü dünyada və Qərb mədəniyyətində vəziyyət belədir. Əlbəttə, Qərb mədəniyyəti Qərb kapitalizminin mənfur üslublarından qaynaqlanır. Lakin təəssüf ki, bütün dünyaya hətta qeyri-kapitalist ölkələrə və üçüncü dünyaya da keçmişdir. Oralarda da bir mədəniyyət kimi formalaşmışdır və bildiyiniz kimi, oğlan və qızlar çoxdandır ki, ailə qurmağa meyl göstərmirlər. Nikah yaşı çox yuxarıdır. Halbuki İslam dinində bu yaş daha tez göstərilir. Əgər cəmiyyətdə fəsad yaransa, ailənin təməlləri zəifləyər, amma ailə məsələsinə əhəmiyyət verilsə, o cəmiyyətdə fəsadın inkişafı üçün şərait yaranmaz. Bu, cəmiyyətdə cinsi pozğunluğun yaranmaması və ehtirasların qeyd-şərtsiz, tam sərbəst təmin olunmaması üçün İslam dinində bəyan olunan ən əhəmiyyətli məsələlərdəndir. Bu, ailəni qorumaq üçün mühüm məqamdır. Ailə hər bir kişi və qadının hüzur və dinclik ocağı olmalıdır.

Cümə namazı xütbəsindən; 11 oktyabr, 1986

Risalət qəzeti

Ailə qurmağın meyarları

Ola bilsin deyəsiniz ki, indi məhərrəm ayıdır. Amma təmtəraqdan, israfçılıqdan və digər yanlış elementlərdən uzaq olan İslam nikahı məhərrəm və qeyri-məhərrəm tanımır. Belə nikah həmişə mübarəkdir. Ey cavanlar, ailə qurmağa tələsin. Ey ata və analar, ailə qurmağa hazır olan oğul və qızlarınızı evləndirin. Bu qədər çətin şərtlər qoymayın. Ey qız ataları, qızlarınızı pullu, kübar, vəzifəli və adlı-sanlı kürəkənlər üçün saxlamayın. Əgər bir cavan mömin, müsəlmandırsa, oğlan və qız hər ikisi müsəlman, eyni səviyyəlidirlərsə və nikah işləri hazırdırsa, onları evləndirin. Onların nikah yolunun qarşısında bu qədər maneələr yaratmayın. Ey oğul ataları, xüsusən də oğul anaları və ey kürəkən olmaq istəyən oğlanlar, nikah zamanı İslam meyarlarına diqqət yetirin. Həmişə gözəllik arxasınca getməyin. Nə qədər gözəl olmayan çöhrələr var ki, gözəl ürəklər üzərindədirlər. Gözəl olmadıqları üçün evdə qalmağa məhkum olan qızların nə günahı var?! Niyə bəziləri bu qədər zülm edirlər? Niyə İslam dəyərlərini görməzliyə vururlar? Nə üçün yaş və görkəm onlar üçün bu qədər təyinedicidir? Niyə bir qədər yaşlı olan, yaxud çox da gözəl olmayan mömin qızlar nikah nemətindən, ailə və uşaq tərbiyə etməkdən məhrum olmalıdırlar? Belə pak qadınlardan tərbiyə alan övladın xoş halına! Xoş o kişinin halına ki, evində belə bir pak və müqəddəs xanımı var! Şah dövrünün meyarlarını özünüzdən kənarlaşdırın. Atalar, analar, nikah məsələsində Allahdan qorxun. Quran bizə bu qədər deyir, İslam bizə bu qədər deyir ki, mehriyyəni ağırlaşdırmayın, ağır cehizlər dalınca getməyin, ad-san və vəzifə dalınca qaçmayın. Müsəlman oğlanın və müsəlman qızın hər ikisi dini görüşə sahib, hər ikisində mömin ürəyi... Bunlar bir-biri ilə eynidirlər. Qoyun müştərək həyatlarını başlasınlar! Bu məsələ haqqında mənə nə qədər müraciətlər olur! Cavanlar, oğlan və qızlar şikayət edib yola gəlməyən ailələrinin əlindən gileylənirlər; xüsusən də, bəzi qızlar ata və analarından. Mən bu müqəddəs zamanda, bu müqəddəs mövzu barəsində, bu böyük izdihamın qarşısında, cümə namazı xütbəsində xahiş edirəm ki, Allahın hökmünə qayıdın. Allahın sözünə dəyər verin.

Cümə namazı xütbəsindən; 28 noyabr, 1980

Gəlin və kürəkən seçimində İslam meyarlarına riayət etmək

Övladınız üçün seçdiyiniz qız və oğlanı təkcə İslam qaydalarına əsasən seçin. Baxmayın ki, oğlanın işi nədir, gəliri nə qədərdir, hansı ailədən və təbəqədəndir. Baxın, görün mömindirmi, inqilabçıdırmı, İslam və Qurana tabedirmi, nəcabətlidirmi; sonra qızınızı ona verin. Övladınız üçün qız seçərkən baxmayın ki, zahiri baxımdan, gözəllik və yaraşıq cəhətindən hansı həddədir. Baxın, əgər nəcibdirsə, mömindirsə, inqilabçıdırsa, bu qızı övladınız üçün seçin. Bu bir vəzifədir.

Cümə namazı xütbəsindən; 15 avqust, 1980

Nikahda yanlış meyarlar

Mənim təsəvvürümdə olan meyarlar bizim dindar təbəqə arasında olan meyarlardan çox da fərqli deyil. Mən bəzi meyarları inkar etməyə təkid göstərirəm. Yəni mənim təkid göstərdiyim məsələlər bir meyar çərçivəsi təqdim etmək deyil. Çünki bildiyiniz kimi, İslam dini meydanı açıq qoyub. Bu din birinci dərəcəli dəyərlər göstərsə də, xalqı yüz faiz həmin çərçivədə qalmağa məcbur etmir. Buna görə də, mən meyar təyin etmək istəmirəm. Lakin, bəzi meyarları rədd etməyə təkid göstərirəm.

Mənim kəskin surətdə rədd etmək istədiyim məsələlərdən biri var-dövlət məsələsidir. Yəni istər oğlan, istərsə də qız evlənmək istədikdə, yoldaşının və elçisinin var-dövlətinə diqqət yetirməməlidir. Məncə bu, azdırıcı bir məsələdir. Bu, real cazibə deyil və nəzərə alınmamalıdır. Bu, bizim özümüz haqda da belə olub. Mənim iki övladım ailə qurduqda, bu məsələ ümumiyyətlə diqqət mərkəzində olmayıb.

Diqqət yetirilməsi lazım olmayan başqa bir məsələ ictimai şəxsiyyət məsələsidir. Bu da meyar deyil. Mənim qulağıma çatır ki, bəziləri öz qızları üçün elə oğlan, yaxud oğlanları üçün elə qız axtarırlar ki, tanınmış bir şəxsiyyətə, yaxud tanınmış vəzifəyə bağlı olsunlar. Xoşbəxtlikdən, bu məsələ oğlan və qızların özündə çox da görünmür, əsasən ata-analar belə düşünürlər. Məncə bu da yanlış meyardır.

Bəzi məsələlər zahiri cəhətdən cavanların diqqətini cəlb edir. Amma məncə bunlar da nikah zamanı meyar seçilməməlidir. Məsələn, oğlan və qızlar çalışırlar gözləri tutanı və onları cəzb edəni seçsinlər. Bu da bizim kəskinliklə çəkindirmək istədiyimiz məsələlərdəndir. Biz istəyirik oğlan və qızlar belə tələlərə düşməsinlər. Bunlardan əlavə, mümkündür bir qız və ya oğlan öz gələcək yoldaşının ali təhsilli olmasını istəsin, amma başqa birisi buna əhəmiyyət verməsin. Mən müsbət meyarların məhdud olmadığından bir misal çəkdim. Yaxud məsələn, biri ölkənin filan bölgəsindəndir, həyat yoldaşının da mütləq o bölgədən olmasını istəyir. Yəni yol açıqdır. Bəzilərinin ürəyi istəyir ki, yoldaşları mütləq Allah yolunda fədakarlıq etmiş, zəhmət çəkmiş insanlardan, müharibə əlillərindən, yaxud şəhid ailələrindən olsun və s.

Bəziləri bunu öz meyarları bilmirlər. Mən ona görə müsbət meyar göstərmək istəmirəm ki, bu, onun məhdud olması kimi başa düşülməsin. Yalnız mənfi sərhədləri göstərmək istədim. Biz əlbəttə, öz övladlarımızda daha çox bu məsələlərə diqqət yetirmişik.

İranlı və xarici qadınlarla sual-cavab məclisindəki çıxışdan; 11 oktyabr, 1998

Qız və oğlanın zövq və istəyinin riayət olunması

Əlbəttə, mən lazım bilirəm ki, qız və oğlanın öz zövq və istəyinə riayət olunsun. Mən həqiqətən şərt bilirəm. Baxmayaraq ki, qızın və oğlanın razılığı nikah əqdinin düzgünlüyündə şərtdir. Amma hüquqi məsələlərdəki razılıq mənim iki nəfərin ailə izdivacının reallaşmasının şərti bildiyimdən başqadır.

İranlı və xarici qadınlarla sual-cavab məclisində çıxışdan; 11 oktyabr, 1998

İzdivacda məhəbbət

Mənim ürəyim istəyir şərait elə olsun ki, mütləq məhəbbət vücuda gəlsin. Yəni ümumiyyətlə məhəbbətsiz baş verməsin. Demirəm ki, nikahdan qabaq məhəbbət olsun, yox, bunu demirəm. Amma ümumilikdə bəyənmək olsun. Həm qız o oğlanı bəyənsin, həm oğlan qızı bəyənsin və bu bəyənmə uzunömürlü məhəbbətin yaranmasına şərait yaratsın. Düzdür, məhəbbət itə də bilər, amma dərinləşə də bilər. Bu, insanın öz əlindədir.



Geri   İrəli
Go to TOP