A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Qadın (Seyid Əli Xamenei)
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Şəhid ailələri ilə görüşdə çıxışdan; 2 fevral, 1987

İslam Cümhuriyyəti qəzeti

Fatimeyi-Zəhranın (s) həyatının örnək cəhətləri

İslam Fatiməni (s) - o dəyərli və üstün ruhani varlığını qadının nümunəsi və örnəyi kimi təqdim edir. Bu onun zahiri yaşayışı, cihad və mübarizə həyatı, elmi natiqliyi, fədakarlığı, evdarlığı, analığı, yoldaşlığı, mühacirəti, bütün siyasi, hərbi və inqilabi meydanlarda iştirak etməsi və böyük kişiləri qarşısında təvazökarlığa vadar edən hərtərəfli üstünlükləridir, bu da mənəvi məqamı, rükusu, səcdəsi, ibadət mehrabı, duası, səhifəsi, münacatı, ruhani mahiyyəti, parlaqlığı, Əmirəlmöminin (ə) və Peyğəmbərlə (s) bərabər və eyni mənəvi cəhətidir. Qadın budur. İslamın yaratmaq istədiyi qadın örnəyi budur.

İsfahan, Qum, Tehran və Kürd şəhərlərinin qadınları ilə görüşdə çıxışdan; 16 yanvar, 1990

Əzəmət və komplekslik baxımından Fatimənin (s) şəxsiyyətinin yeganəliyi

Fatimənin (s) şəxsiyyəti digər böyüklərə bənzəmir. Tək və yeganə bir şəxsiyyətdir. Yəni siz başqa heç bir şəxsiyyəti tapa bilməzsiniz ki, həzrət Zəhra (s) kimi bir müsəlmanın həqiqi və hərtərəfli kimliyini özündə canlandırsın.

Biz digər üstün qadınlar da tapa bilərik. Amma əvvəla nə əzəmət və üstünlük baxımından Zəhraya (s) çatırlar, nə də onların həyatının hərtərəfli olması baxımından. Bəli, biz həzrət Zeynəbi (ə) tanıyırıq. Amma Zeynəbi (ə) Kərbəlada tanıyırsınız, Məkkədən çıxdığı zaman tanıyırsınız, Şamda tanıyırsınız. Amma onun həyat yoldaşı Abdullah Cəfərlə xüsusi həyatını da bilirsinizmi? Halbuki bu bir qadının həyatının mühüm sahələrindən biridir. Müsəlman bir qadın evi bəzəmək və ailəni idarə etmək cəhəti olmadan kamil bir qadın və kamil bir müsəlman ola bilməz. Ümumiyyətlə məsələnin incəliyi bundadır. Qadın barəsində məsələnin incəliyi budur ki, onda bəzi xislət və xüsusiyyətlər var, onların hamısı təkamül istiqamətində inkişaf etməlidir və bu, müsəlman insandan başqasında mümkün deyil.

“Cəmiyyətdə qadın rolunun araşdırılması" seminarında çıxışdan; 2 mart, 1986

Risalət qəzeti

Fatimənin (s) uca məqamı

Biz bugünkü müsəlmanlar üçün həzrət Zəhranın (s) məqamı Peyğəmbər ailəsinin görkəmli şəxsiyyətlərindən başqa birisinin məqamından daha irəlidir. Bu, əlavə bir xüsusiyyətə malikdir. O da budur ki, bu böyük və əziz xanım bütün pis təlimlərə, qadını əxlaq bataqlığına yuvarlatmaq istəyən bütün siyasətlərə rəğmən, həzrət Zəhranın (s) davamçısı olmaq - yəni dindar, pak-pakizə, şücaətli, mübariz, vəfalı olmaq, eyni zamanda həyatın çətin meydanlarında bütün vücudu ilə çalışmaq istəyən iranlı qadın üçün bir örnəkdir. Fatimeyi-Zəhra (s) belə əziz və böyük varlıqdır.

Cümə namazı xütbəsindən; 1 fevral, 1985

Keyhan qəzeti

Uca bir insanın üstünlüklərini toplayan

Bu böyük qızda (Fatimeyi-Zəhrada) örnək olaraq mərifət, elm, ibadət, zahidlik, evdarlıq, cihad, şəhadət, uca və məsum bir insanın bütün xüsusiyyətləri mövcuddur.

Biz fəxr edirik ki, o həzrətin davamçısıyıq. Fəxr edirik ki, Fatimeyi-Zəhranı (ə) özümüzə nümunə və örnək seçmişik. Qadınlar, gənc qızlar və inqilabçı nəsil çalışıb özlərini bacardıqları qədər Fatimeyi-Zəhranın (s) bizim üçün müsəlman qadından yaratdığı təsvirə yaxınlaşdırsınlar.

Cümə namazı xütbəsindən; 2 fevral, 1985

Keyhan qəzeti

Müsəlman qadının həyat örnəyi

Həzrət Fatimeyi-Zəhranın (s) həyatı bir müsəlman qadının həyat örnəyidir. Çünki Peyğəmbər (s) qızının sadə yaşaması, qənaətcilliyi və istehlakçılıq ruhiyyəsinin olmaması bizim bugünkü cəmiyyətimizin qadınları üçün ən yaxşı nümunə ola bilər. Hərzət Fatimə (ə) İslam düşüncə və maarifi baxımından İslam təfəkkürünün öncüllərindən biridir. O öz övladları üçün bir müəllim və atası üçün bir şagird idi. O öz övladlarını İslam mühitində İslam təfəkkürləri ilə tərbiyə etdi. Onun evinin ab-havası İslam mənəviyyatı ilə qarışmışdı.

Bu dəyərli və möhtərəm şəxsiyyət lazımi yerlərdə, hətta xalqın toplantısında iştirak edirdi. Xalq üçün çıxış edərək məsələləri öz baxışından izah edirdi. O mübariz, fəal, məlumatlı və alim, eyni zamanda evdar və gözləntisi az olan bir qadın idi. O, dünyanın müsəlman qadınları üçün bir örnəkdir. Çünki onun uca düşüncəsi, övlad tərbiyəsi, meydanda hərtərəfli iştirakı, digərləri üçün danışması yaxşı dərs sayıla bilər. Onun ailə həyatındakı qənaətcilliyi yaxşı dərs ola bilər. Qadınlar zahidlikdə, təqvada, ibadətdə, şücaətdə, imanlı övlad tərbiyəsində, evdarlıqda, həyat mühitini səmimi etməkdə həzrətə Fatiməni (s) örnək seçə bilərlər.

Cümə namazı xütbəsindən; 24 yanvar, 1986

İslam Cümhuriyyəti qəzeti

Şəxsi, ictimai və ailə həyatında Fatimənin (s) davamçılığı

Müsəlman qadınlar özlərinin şəxsi, ictimai və ailə həyatlarında ağıllılıq, alimlik və bilgi cəhətindən Fatimeyi-Zəhranın (s) yaşayışını nümunə və örnək seçməlidirlər, ibadət, mücahidlik, böyük ictimai qərarlarda iştirak etmək, evdarlıq, həyat yoldaşılıq və saleh övladlar tərbiyəsi cəhətindən həzrət Zəhranın (s) ardıcılı olmalıdırlar. Çünki İslamın bu böyük xanımının həyatı göstərir ki, müsəlman qadın siyasət səhnəsinə, iş və fəaliyyət meydanına girmək və cəmiyyətdə fəal rol ifa etmək üçün təhsillə, ibadətlə, evliliklə və övlad tərbiyəsi ilə yanaşı Fatimeyi-Zəhranın (s) ardıcılı olub, Allahın böyük Peyğəmbərinin (ə) əziz qızını özünə örnək götürə bilər.

Müsəlman və inqilabçı qadınlarla görüşdə çıxışdan; 8 dekabr, 1993

İslam Cümhuriyyəti qəzeti

Fatimə (s) - bütün dünyanın bugünkü qadınının örnəyi

Bu gün dünyada qadın toplumu boşluq içindədir. Tarixin azğınları onun əlini tutub aldatmaq üçün tərifli sözlər deyirlər. Siz məddahlar həzrət Zəhranın (s) həyatının cəhətlərini xatırlatmalısınız.

Biz həzrət Fatimənin (s) mənəvi fəzilətləri və insani keyfiyyətləri barəsində illərlə söhbət etmişik, amma bugünkü qadına canlı örnək göstərmək və insani şəxsiyyətinin dünyanı idarə edə biləcək quruculuq cəhətlərinə az diqqət yetirmişik. Bu gün bu boşluğu doldurmalıyıq. Çünki həzrət Zəhranın (s) həyatı təkcə ölkəmizin müsəlman və inqilabçı qadınları üçün yox, hətta bütün dünya qadınları üçün örnək ola bilər.

Dünya xalqı həzrət Zəhranın (s) sözünü bilməlidirlər və bu inqilab həzrət Zəhranın (s) sayəsində dünyaya ixrac edilə bilər.

Əhli-beyt məddahları ilə görüşdə çıxışdan; 3 mart, 1986

Keyhan qəzeti

Fatimənin (s) şəxsiyyəti – qadının ən gözəl və ən cazibəli təsviri

Bu gün əzəmətli İslam inqilabının böyük faydalarından olan müsəlman qadının oyanışı, bu əzəmətli inqilabın bütün səhnələrində iranlı qadının fəal iştirakı və qadınlar arasında artan fikir inkişafı sayəsində bu xəyanətkar mədəniyyətin dağıdıcı seli qarşısında uca sədd vücuda gəlmişdir. Lakin bu səddin möhkəmliyi üçün müsəlman qadın örnəyini təqdim etməyə ciddi ehtiyac var. Həzrət Zəhranın (s) müsəlman qadının dəyərlərinin məcmusu olan şəxsiyyəti bütün qadınların, xüsusən də müsəlman qadınların baxışında qadının ən gözəl və ən cazibəli təsvirini yarada bilər.

“Cəmiyyətdə qadın rolunun araşdırılması" seminarında çıxışdan; 2 mart, 1986

İslam Cümhuriyyəti qəzeti

Fatimənin (s) yolu - İran qadınlarının yolu

Bizim ölkəmizin qadınları Fatimeyi-Zəhranın (s) həyatı, onun bilgisi, mübarizələri və hikmətamiz sözləri ilə tanış olaraq öz qarşılarında bir yol seçmiş, yolda hərəkət də etmişlər və daha artıq irəliləməlidirlər.

"Kövsər təvəllüdü" bayramı münasibəti ilə Azadlıq idman kompleksində xanımlarla görüşdə çıxışdan; 22 oktyabr, 1997

İran qəzeti

Elm, təqva, cihad və fədakarlığın birləşməsi

İslamın qadının şəxsiyyəti barəsində çox şərəfli, uca və dəyərli sözü vardır. Yaxşı olar ki, bu konfrans Fatimeyi-Zəhranın (s) şəxsiyyətini elm, təqva, cihad, zahidlik və fədakarlıq məcmusu kimi bütün dünyaya təqdim etsin və o müsəlman qadının örnəyi olsun.

"Qadın və İslam inqilabları" beynəlxalq konfransında çıxışdan; 6 fevral, 1988

İslam Cümhuriyyəti qəzeti

Qadının insani dəyərlərinin zirvəsi

Qadın günü elə bir gün olmalıdır ki, bizim cəmiyyətimizin qadınları Fatimənin (s) uca şəxsiyyətindən örnək götürsünlər. Biz Zəhranın (s) doğum gününü Qadın günü elan etmişiksə, mənası budur ki, qadının insani dəyərlərinin, qadın həyatının uca məqsədi elə bir zirvədir ki, onun başında Zəhra (s) dayanır.

Biz qadını elə dəyərlərə, istedadlara və gözəlliklərə malik bilirik ki, əgər potensialdan aktuala çevrilsə, Fatimə (ə) kimi olacaq. Nə yaxşı olar ki, o həzrətin həyatı müxtəlif cəhətlərdən müsəlman qadınların, xüsusən də iranlı qadınların toplumlarında araşdırılsın, mütaliə olunsun.

Cümə namazı xütbəsindən; 27 yanvar, 1989

Risalət qəzeti

Ən gözəl, ən uca və ən müqəddəs örnək

Belə bir günün Qadın günü kimi seçilməsinin mənası - müsəlman qadınlar, hətta bütün dünyanın qadınları üçün ən gözəl, ən uca və ən müqəddəs örnəyin seçilməsi deməkdir.

Şirazda Kövsər seminarına müraciətdən; 19 fevral, 1987

İslam ümmətinə Fatimə (s) kimi ali örnəyin verilməsində ilahi höccət

Müsəlmanlar arasında və İslam mədəniyyətində belə əzəmətli bir qadın yoxdur. Allah-Taala ən böyük və ən uca qadını digər xalqların və qabaqkı ümmətlərin arasından seçə bilərdi, eybi də olmazdı. Bu iş mümkün idi. Amma bunu İslam ümmətindən seçmişdir. Bu da bizim üçün höccət və bir xatırlatmadır. Bu ali və uca örnəyi göz önündə tutub izləmək olar. İnşallah siz əziz xanımlar müvəffəq olasınız! Bu mühüm yolu qüdrətlə və möhkəm şəkildə qət edəsiniz! Allah sizə də uğur bəxş etsin!

Qadınların mədəni-ictimasi şurasının üzvləri ilə görüşdə çıxışdan; 6 yanvar, 1991

İslamın dünyada yayılmasında Fatimənin (s) mövqeyi

Peyğəmbərin (s) kövsəri

Allah-Taala Qurani-Kərimdə buyurur: “Bismillahir–Rəhmanir-Rəhim! (Ey Peyğəmbər!) Həqiqətən, Biz sənə Kövsər bəxş etdik! Buna görə Rəbbin üçün namaz qıl və qurban kəs! Sənin düşməninin (As ibn Vailin) özü sonsuzdur!“

Peyğəmbərin (s) düşməni onu yalqız və tükənən güman edirdi. Çünki əziz Peyğəmbərin (s) oğul övladı yox idi. İslam düşmənləri fikirləşirdilər ki, Peyğəmbər dünyadan köçəndən sonra onun yerini tutacaq bir kəs yoxdur. Sevinirdilər ki, Peyğəmbərin (s) nəsli davam etməyəcək. Allah-Taala Peyğəmbərə (s) buyurdu ki, biz sənə kövsər əta etdik. Yəni biz sənə elə bir şey əta etdik ki, artandır, günbəgün böyüməkdə və genişlənməkdədir. O şey əgər Qurandırsa, əgər İslamdırsa, əgər Peyğəmbərin bərəkətli qızı, yəni həzrət Siddiqeyi-Tahirədirsə (ə), doğrudan da artan və inkişaf edən idi. Peyğəmbərin (s) düşməninin, Peyğəmbərin (s) məhv olması üçün vasitə bildiyinin özü Peyğəmbərin artmasına və böyüməsinə vasitə oldu. Fatimənin (s) övladları İslam dünyasını doldurdular. Həqiqi imamlar İslam bayrağını ucaltdılar. Böyük şəhidlər, İslam tarixinin Peyğəmbərin nəslindən və Fatimənin (s) övladları olan məşhur şəxsləri dünyanı İslamın ad-sanı ilə doldurdular.

Cümə namazından; 14 noyabr 1980.

Həzrət Zəhra (s) – Kövsər sözünün təvili

Şərafətli ayədə göstərilən Kövsər təbiri həzrət Zəhraya (s) təvil olunmuşdur. Sözün həqiqi mənasında hər bir tərəfdən baxsaq, bu həzrət kövsərdir. Kövsər - yəni dayanmadan artan, həmişə artmaqda olan böyük xeyir. Sizin özünüz o kövsərin şaxələrisiniz. O sözü və o mənəviyyatı hər hansı bir tərzdə irəliyə aparan və yayan hər bir şəxs o kövsərdəndir, yəni xalqın başına və üzünə süzülməkdə və nazil olmaqda olan həmin kövsərin damcılarıdırlar. Bu kövsər bu günə qədər davam etmiş, yenə də davam edəcəkdir.

Gənc həftəsi münasibəti ilə gənclərlə görüşdə çıxışdan; 27 aprel, 1998

Fatimənin (s) yolu ilə İslamın qalması

Həzrət Fatimeyi-Zəhranın (s) doğulması ilə İslam davam etdi. İslamın nüfuzu həzrət Fatimənin (s) tarixdə mövcud olması və Zəhranın övladlarının yolu ilə yaşadı. İslamın əsas davamı Fatimənin (s) yolu ilədir.

Həzrət Fatimeyi-Zəhranın (s) doğum gününün ildönümü münasibəti ilə Qum və Tehran məddahlarının toplantısında çıxışdan; 9 fevral, 1988

Bəşəriyyətin Fatimeyi-Zəhraya (s) borclu olması

Fatimeyi-Zəhranın (s) lütfləri insaniyyət qarşısında məhdud bir çevrə sayılan kiçik toplumda məhdudlaşmır. Əgər həqiqəti görən və məntiqli bir gözlə baxsaq, bəşəriyyət bütünlüklə Fatimeyi-Zəhraya (s) borcludur. Bu əbəs söz deyil, həqiqətdir. Necə ki, bəşəriyyət İslama, Qurana, peyğəmbərlərin və sonuncu peyğəmbərin təlimlərinə borcludur. Tarixdə həmişə belə olmuşdur, bu gün də belədir. İslam və Fatimeyi-Zəhranın (s) mənəviyyatı günbəgün daha da aşkar olacaq və bəşəriyyət onu duyacaq.

Həzrət Zəhranın (s) doğum günü münasibəti ilə Əhli-beyt məddahları ilə görüşdə çıxışdan; 26 dekabr, 1991

Fatimə (s) – müsəlman qadının simasının dünyaya təsviri üçün ən yaxşı nümunə

Fatimeyi-Zəhra (s) barəsində çox sözlər var. Onların hamısının izahı hətta bir kitabın işi də deyil. Amma bu gün İslam mədəniyyəti ilə azğın Qərb mədəniyyəti arasında bütün məsələlərdə, o cümlədən cəmiyyətdə və həyatda mühüm qadın məsələlərində böyük bir qarşılaşma günü olan bu gün nümunə qadın və İslamın böyük xanımı olan Fatimeyi-Zəhranın (s) şəxsiyyətinə dair daha artıq söhbət etməyə ehtiyacımız var.

Qərəzli və çirkin əllərdən əlavə, çoxları da var ki, hələ də İslamın qadın barəsində necə uca məqam nəzərdə tutduğundan tam xəbərdar deyillər. Dünyaya bu məsələni göstərmək və bu sahədə İslamın mütərəqqi və inkişaf etmiş mədəniyyətinə həvəsləndirmək üçün ən yaxşı nümunə İslamın görkəmli qadınlarının simasını təsvir etməkdir. Çünki onların şəxsiyyəti və həyatının özü İslamın qadın barəsindəki təfəkkürünün göstəricisidir. Tarix boyunca dünyanın bütün böyük qadınlarının başında Peyğəmbərin (s) qızı olan Fatimeyi-Zəhra (s) durur. Buna görə, biz bu sahədə işləmək istəsək, çox iş görməliyik.

Cümə namazı xütbəsindən; 24 yanvar, 1986

İslam Cümhuriyyəti qəzeti

Fatimə (ə) ardıcıllarının vəzifələri

Zəhranın adına və xatirəsinə hörmət

Pak imamların dövründən indiyədək heç bir dövrdə bugünkü kimi ümumxalq səviyyəsində böyük imamlara bu həddə hörmət göstərilməmişdir. Peyğəmbər (s) və Əli (ə) hökumətinin sayəsi olan İslam inqilabının müqəddəs cəmiyyətində Fatimeyi-Zəhra (s) o həzrətin layiq olduğu əzəmətlə yad olunur. Bu, qiymətli bir imkandır. Məsum və pak Əhli-beytin məddahları bunu faydalı bilməlidirlər.

Mədhiyyə və şeir mərasimində çıxışdan; 5 dekabr, 1993

İslam Cümhuriyyəti qəzeti

Fatimə yolunun əməli ardıcıllığı

Biz bu yolu getməliyik. Gərək biz də fədakarlıq göstərək. Allaha itaət edək, ibadət edək. Məgər demirikmi o qədər ibadət mehrabında dayandı ki, ayaqları şişdi?!

Biz də Allah məhəbbətini günbəgün ürəyimizdə artırmalıyıq. Məgər demirikmi taqətsiz halda məscidə getdi ki, bir haqqı sahibinə qaytarsın?! Biz də gərək heç kəsdən qorxmayaq. Məgər demirikmi təkbaşına öz dövrünün böyük cəmiyyəti qarşısında dayandı? Məgər demirikmi o həzrət elə bir iş gördü ki, onun barəsində, həyat yoldaşı və övladları barəsində “Dəhr” surəsi nazil oldu?! Özünün aclığı hesabına yoxsullara yardım, məhrum insanlara kömək göstərmək: “Özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar“. Biz də bu işləri görməliyik.

Həzrət Zəhranın (s) doğum günü münasibəti ilə Əhli-beyt məddahları ilə görüşdə çıxışdan; 26 dekabr, 1991

Məhəbbətin ardınca itaət

Gərək bu həzrətin həyatındakı hər bir söz, hər bir işarə bizim üçün bir dərs olsun. Uzaqdan məhəbbətlə və sevgi hissi ilə kifayətlənməməliyik. Bu hissi həyatda icra etməliyik. Əgər məhəbbət olmasa, bu əməli rabitə vücuda gəlməz. O məhəbbətin sayəsində əməli davamlılığın rabitəsini vücuda gətirmək olar? Amma bu davamlılıq və əməli birləşmə olmasa, o məhəbbətin özü də sual altına düşəcək: “(Ey rəsulum!) De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin“[7]. Məhəbbətin ardınca itaət də olmalıdır.

Əhli-beyt məddahları ilə görüşdə çıxışdan; 7 yanvar, 1991

Əməllə Peyğəmbər (s) xanədanına mənsub olmaq

Bizim vəzifəmiz budur ki, özümüzü bu ailəyə mənsub olmağa layiqli edək. Əlbəttə, risalət ailəsinə mənsub olmaq, onların qohumlarından sayılmaq, onların vilayəti ilə məşhur olanlardan olmaq çətindir. Ziyarətnamədə oxuyuruq ki, biz sizin məhəbbətiniz və dostluğunuzla tanınırıq. Bu bizim çiynimizə əlavə bir vəzifə qoyur. Allah-Taalanın mübarək “Kövsər” surəsində Peyğəmbərə müjdə verdiyi bu bollu xeyir-bərəkət Fatimeyi-Zəhradır (s). Həqiqətən də günbəgün Peyğəmbər dininin qaynağından bütün bəşəriyyətə və bütün məxluqlara enən bütün xeyirlərin toplandığı yerdir. Çoxları onu gizlətməyə, inkar etməyə çalışdı, amma bacarmadılar. Biz özümüzü bu nur mərkəzinə yaxınlaşdırmalıyıq. Nur mərkəzinə yaxınlaşmaq üçün nurlu olmaq lazımdır. Boş məhəbbətlə olmaz, gərək əməllə nurlanaq; elə bir əməl ki, o məhəbbət, o vilayət və o iman bu əməli bizə diktə edir və bizdən istəyir. Bu əməllə bu ailədən və bu ailəyə mənsub olmalıyıq.

Həzrət Zəhranın (s) doğum günü münasibəti ilə Əhli-beyt məddahları ilə görüşdə çıxışdan; 26 dekabr, 1991

Təşrifatdan, dəbdəbəçilikdən və ağır mehrlərdən çəkinmək

Biz öz ləyaqətimizi sübut etməliyik. Məgər demirikmi o həzrətin (Fatimeyi-Zəhranın (s)) cehizi elə sadə idi ki, insan onları eşidəndə gözü yaşarır?! Məgər demirikmi o böyük xanım, dünya üçün və dünyanın bər-bəzəyi üçün heç bir dəyər tanımırdı?! Məgər günbəgün təmtərağı, zadəganlığı, bər-bəzəyi və həyatın puç ünsürlərini artırmalı və qızlarımızın mehrini çoxaltmalıyıq?

Qabaqlar bəziləri nikah mehrini bu qədər artırdıqda biz zarafatla deyirdik sən bu qədər qızıl qoymaq istəyirsənsə, birdəfəlik de ki, 72 qızıl.

Amma indi görürük ki, 72 nədir, çox yüksək mehrlər həqiqətə çevrilmişdir. Doğrudan, nə olub? Siz qız atası iddia edə bilərsinizmi ki, Fatimənin (s) atasının ardıcılısınız? Belə olmaz! Biz bu vəziyyətimiz haqqında düşünməliyik.

Həzrət Zəhranın (s) doğum günü münasibəti ilə Əhli-beyt məddahları ilə görüşdə çıxışdan; 26 dekabr, 1991

Fatimə (s) məktəbindən bəhrələnmək və məqsəd öyrənmək

Möhtərəm bacılar! Biz özümüzə müsəlman qadın adını qoyub həzrət Fatimə (ə) məktəbindən bəhrəsiz qala bilərikmi? Həqiqi müsəlman qadının həyat örnəyi və nümunəsi Peyğəmbərin (s) əziz qızının uca şəxsiyyətidir. İslamın dəyərli və məşhur qadınlarının həyatı həmişə və hər bir halda İslam məktəbinin biz yolçuları üçün ibarətamiz və bütün mərhələlərdə müsəlman qadının həyat yolunu istiqamətləndirəndir.

Qadınlarla görüşdə çıxışdan; 12 mart, 1985

İslam Cümhuriyyəti qəzeti

İslam dünyasının ən qədim universitetinin Zəhranın (s) adından götürülməsi

İslam dünyasının ən qədim universiteti olan, Misirdə Fatimilər hökuməti dövründə təsis olunan Misir Əl-Əzhər universitetinin adı həzrət Zəhranın (s) mübarək adından götürülmüşdür və İslam dünyasında o həzrətə sevgi və məhəbbət ifadəsinin keçmişindən xəbər verir.

Əhli-beyt məddahları ilə görüşdə çıxışdan; 26 noyabr, 1994

Hüseyn (ə) və Zeynəb (ə) köməkçilərinin anaların tərbiyəsində böyüməsi

Bu gün bizim analarımız bilirlər ki, əgər Fatimənin (s) sədaqətli ardıcılları olmaq istəsələr, gərək Hüseyn (ə) və Zeynəb (ə) köməkçilərini tərbiyə etsinlər və onlar dövrün Kərbəlasında iman və izzətin qanlı bayrağını ucaltsınlar.

Şirazda Kövsər seminarına müraciətdən; 19 fevral, 1987

Fatimeyi-Zəhranın (s) şəhadətinin ildönümündə əzadarlıq

Həzrət Siddiqə-Kübranın (ə) uca məqamının anılması məqsədi ilə yaxşı olar ki, tacirlər və bazar adamları ona hörmət əlaməti olaraq, cəmadis-sani ayının o həzrətin şəhadətinin ildönümü olan üçüncü gününü tətil edib, əza məclislərinə qatılsınlar.

Həzrət Zəhranın (s) şəhadətinin əzadarlıq mərasimində çıxışdan; 5 oktyabr, 1997

İslam Cümhuriyyəti qəzeti


Dördüncü fəsil: Müsəlman qadının xüsusiyyətləri və dəyərləri

Müsəlman qadının xüsusiyyətləri

Dəyərli xüsusiyyətlər

Müsəlman qadın elm yolunda, mənəvi və əxlaqi özünüislah yolunda çalışsın, hər hansı bir növdən olan cihad və mübarizə meydanında öncül olsun, dünyanın bər-bəzəyinə və dəyərsiz dəbdəbəçiliyə etinasız yanaşsın. Onun iffəti, paklığı elə bir həddə olsun ki, yad nəzərləri uzaqlaşdırsın, evdə həyat yoldaşının və övladlarının sakit ürəyi, ailənin asayişinə və həyatın dincliyinə səbəb olsun, şəfqətli və mehriban ağuşunda, mənalı və məhəbbətli sözləri ilə ruhi cəhətdən sağlam övladlar tərbiyə etsin, pis adətlərdən uzaq, xoş əhval-ruhiyyəli, ruhi və sinir cəhətindən sağlam insanlar yetişdirsin, cəmiyyətin kişilərini, qadınlarını və şəxsiyyətlərini vücuda gətirsin! Ana hər bir qurucudan daha qurucu və daha dəyərlidir. Ən böyük bir alim çox mürəkkəb elektron cihazı ixtira edə bilər, qitələri qət edən raketlər və kosmik gəmilər düzəldə bilər. Amma bunların heç biri böyük insan yetişdirmək qədər əhəmiyyətli deyil. Ana insan yetişdirir. Bu, müsəlman qadının modelidir.

 Qadın günü münasibəti ilə ölkə qadınlarının bir qrupunun görüşdə çıxışdan; 15 dekabr, 1992

Agah şəkildə iman

Biz qadının şəxsiyyətini dəyərləndirərkən elm, təcrübə, ixtisas və bu gün dünyada qadın üçün dəyər sayılan digər məsələlərin ardınca getdikdə, gərək agah şəkilli iman ruhunu da axtaraq.



Geri   İrəli
Go to TOP