A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Qadın (Seyid Əli Xamenei)
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Bu, Fatimeyi-Zəhranın (s) çox əzəmətli, fövqəladə və həqiqətən bənzərsiz olan və şübhəsiz, bəşər zehnində istər bu gün, istər gələcəkdə parlaq və müstəsna bir nöqtə olan cihad həyatıdır.

İsfahan, Qum, Qəzvin və Kürd şəhərlərinin qadınları ilə görüşdə çıxışdan; 16 yanvar, 1990

Fatimeyi-Zəhranın (s) siyasi və ictimai hadisələrdə iştirakı

Fatimeyi-Zəhranın (s) istər uşaqlıq dövründə, istər Peyğəmbərin Mədinəyə hicrətindən sonra Mədinə daxilində fəaliyyətinin, bütün siyasi və ictimai hadisələrin mərkəzi olan atasının ogünkü ümumi hadisələrinin hamısında iştirak etməsinin özü İslam quruluşunda qadının rolunu göstərir. Əlbəttə, Fatimeyi-Zəhra (s) bu məsələlərin zirvəsindədir. Erkən İslam çağında digər görkəmli qadınlar da olmuşdur. Onlar elmlə, ağılla, müxtəlif hadisələrdə iştirak etməklə, hətta döyüş meydanlarına getməklə, fiziki qüvvəsi olan bəziləri müharibənin rəşadət meydanında qılınc vurmaqla fəaliyyət göstərirdilər. Əlbəttə, İslam bunu qadınlar üçün vacib etməyib və onların boynundan götürmüşdür; çünki onların fiziki xüsusiyyətləri, eləcə də duyğuları ilə uyğun deyil.

Ölkənin müsəlman qadın və qızları ilə görüşdə çıxışdan; 21 sentyabr, 2000

İslam Cümhuriyyəti qəzeti

İslamı, imaməti və vilayəti müdafiə

O həzrətin müxtəlif meydanlarda - İslamı müdafiədə, imaməti və vilayəti müdafiədə, Peyğəmbəri müdafiədə, İslamın ən böyük sərdarını, yəni həyat yoldaşı olan Əmirəlmöminini (ə) saxlamaqda olan cihadı nümunə bir cihaddır.

Ölkə qadınları ilə görüşdə çıxışdan; 16 dekabr, 1992

İslam Cümhuriyyəti qəzeti

Mübariz qız və vəfalı həyat yoldaşı

Həzrət Fatimə (s) Məkkənin mübariz qızlarından biri idi. Sonra peyğəmbər qızı olaraq onun digər qadınlarla, tabeliyində olanlarla, hətta öz xadimi ilə rəftarı ibrətamizdir. Evdar bir qadın olması cəhətindən, ailə qurmuş və həyat yoldaşı həmişə silahlı əsgər olan gənc qız olaraq görürük ki, o hətta bir dəfə də bu vəziyyətdən narahat və nigaran olmamışdır. Onun həyat yoldaşı həmişə silahlı əsgərlərdən biri olmuş, təxminən otuz döyüşdə iştirak etmiş, bu yolda yaralanmış və ölümün yaxınlığına qədər irəliləmişdir.

Ölkə qadınları ilə görüşdə çıxışdan; 16 dekabr, 1992

İslam Cümhuriyyəti qəzeti

Siyasi və ictimai işlərdə iştirak etmək

Fatimeyi-Zəhranın (s) Peyğəmbərin vəfatından sonra Mədinə məscidində söylədiyi nitq Əllamə Məclisinin sözünə əsasən, elə bir nitqdir ki, səlis və gözəl natiqlər və alimlər oturub bu çıxışın sözlərini və təbirlərini izah etməlidirlər; yəni bu qədər məzmunludur. Üslub gözəlliyi baxımından Fatimeyi-Zəhranın (s) bu sözü Nəhcül-bəlağənin sözləri kimi dəyərli, Əmirəlmömininin (ə) sözləri həddindədir. Fatimeyi-Zəhra (s) gedir Mədinə məscidində xalqın qarşısında dayanır və bədahətən danışır. O ən yaxşı və ən gözəl təbirlərlə, ən seçilmiş mənalarla bəlkə də bir saat söhbət etmişdir.

Ölkə qadınları ilə görüşdə çıxışdan; 16 dekabr, 1992

İslam Cümhuriyyəti qəzeti

Daimi mübarizə və həzrət Əlinin (ə) xəlifəliyini müdafiə

Həzrət Zəhra (s) Peyğəmbərin vəfatından sonra həzrət Əlinin (ə) xəlifəliyi üçün çalışan qrupun başında dururdu. O, bu yolda məsciddə mühacir və ənsardan olan müsəlmanların izdihamı qarşısında çıxış etdi. O, həyatın müxtəlif sahələrində daimi bir mübariz idi.

“Cəmiyyətdə qadın rolunun araşdırılması" seminarında çıxışdan; 2 mart, 1986

İslam Cümhuriyyəti qəzeti

Haqq müdafiəçisi və xalqın beynini aydınlaşdıran

O (Fatimeyi-Zəhra (s)) Allah tərəfindən imtahan olundu. Allahın bu saleh və seçilmiş bəndəsi özünün on səkkiz illik bütün qısa həyatı dövründə mömin və fədakar bir insan nümunəsidir. O, həqiqəti müdafiə və müsəlman xalqın beyinlərinin aydınlaşdırılması yolunda öz canını əldən verdi.

Tehranın cümə namazı xütbəsindən; 28 mart, 1980

Fatimeyi-Zəhranın (s) haqq yolunda şəhidliyi

Bizim şəhidlərimiz də İslamın böyük xanımı kimi parlaq haqq yolunda şəhadətə qovuşdular. Bu haqqı gizlətmək və örtmək üçün dövrün bütün vasitə və alətlərindən istifadə olunurdu.

Allahın dəyişilməz qanunu həzrət Zəhranın (s) gizli xəyallar pərdəsi arxasında qalmasına qoymadı. O qanlı parlaq ulduz zamanın ötməsi ilə işıqlı bir günəşə çevrildi. Bu gün onun adı və məzlumluğunun xatirəsi bütün gizlinlik hasarlarını aşmış, ürəklərin və canların dərinliyinə çatmışdır. Bu parlaqlıq və artım davam edəcək: "Biz sənə kövsər əta etdik..." Bizim əziz şəhidlərimizin adı və xatirəsi də qadınların sərvəri kimi zamanın ötməsi ilə daha nurlu və daha təsirli olacaq.

Fədakarların və şəhidlərin anım günü münasibəti ilə çıxışdan; 26 oktyabr, 1998

Keyhan qəzeti

Fatimeyi-Zəhranın (s) üstünlükləri

Fatimə - ən üstün qadın

Mən əvvəldə bəşər tarixinin böyük xanımının və bütün insaniyyət ömründə tanınmış ən üstün qadın olan həzrət Zəhranın (s) doğum gününün ildönümü münasibəti ilə siz qadınları, ölkəmizin bütün qadınlarını, müsəlman qadınları və bütün İslam ümmətini təbrik edirəm. Allah inşallah bizə uğur bəxş etsin, o həzrət üçün və onun pak ailəsi üçün yaxşı ardıcıllar ola bilək. O həzrətin övladları bizim imamlarımız və rəhbərlərimizdirlər. İnşallah biz o həzrət üçün yaxşı ardıcıllar olaq.

Qadınların mədəni-ictimai şurasının üzvləri ilə görüşdə çıxışdan; 6 yanvar, 1991

Fatimeyi-Zəhranın (s) elmi cəhəti

Bütün müsəlman qadınların və şəxsiyyətlərin dərs götürməli olduğu ən uca və ən yaxşı nümunə qadın Fatimeyi-Zəhradır (s). Elmi baxımdan bu əzəmətli şəxsiyyət bilgili insandır, məlumatsız və avam adam deyil. Elə bir şəxsdir ki, Peyğəmbər (s) məscidində Peyğəmbərin (s) bütün böyük səhabələrinin qarşısına çıxıb nitq söylədikdə, bu çıxış şagirdlərin qəlbini özünə cəzb edən böyük bir müəllimin dərsi kimi, məscidə toplaşanları cəzb etdi. Ustadlar, hədisşünaslar, uzun illər Peyğəmbərdən (s) dərs öyrənən şəxslər əzəməti indi də qalan, Peyğəmbərin (s) özünün və Nəhcül-bəlağənin sözləri kimi və İslam maarifi ilə dolu olan bu xütbədən istifadə edib bəhrələndilər.

Qadınlarla görüşdə çıxışdan; 12 mart, 1985

İslam Cümhuriyyəti qəzeti

Əxlaqi gözəlliklərin tərənnümü

Fatimənin (s) məqamına hörmət - imana, təqvaya, elmə, əxlaqa, şücaətə, fədakarlığa, cihada, şəhadətə, bir sözlə, atasının kamilləşdirmək üçün göndərildiyi əxlaqi gözəlliklərə hörmətdir. Əziz Peyğəmbər (s) Fatiməni (s) öz tənparəsi kimi təqdim etməklə bütün dünyaya öyrədir ki, insan ucalığının və İslam əxlaqının böyük gözəlliyini bu müqəddəs simada axtarsınlar. Dünyanın anaları bu parlaq günəşdən bir şüa götürsünlər və insanların həyatını isidib aydınlaşdırsınlar.

Kövsər seminarına müraciətdən; 9 fevral, 1988

Allah yolunda çalışmaq və mücahidlik

Özünün qısa və bərəkətli ömrünü Allah yolunda çalışmaqla və mücahidliklə keçirdi. Gənc yaşlarında bütün bəşər tarixinin ən üstün qadını oldu. Bu yalnız Allah üçün çalışmağın, mücahidliyin, dünya ləzzətlərinə göz yummağın və haqqı tanımağın sayəsində mümkün oldu. Bütün gücü ilə onun ardınca getdi.

Tehranın cümə namazı xütbəsindən; 1 yanvar, 1988

İslam Cümhuriyyəti qəzeti

Fatimeyi-Zəhranın (s) ibadəti

İbadət mehrabında o, saatlarla Allahla raz-niyaz edirdi. Onun ibadəti bizim üçün təsəvvüredilməz və dərkolunmazdır.

“Cəmiyyətdə qadın rolunun araşdırılması" seminarında çıxışdan; 2 mart, 1986

İslam Cümhuriyyəti qəzeti

 

İslam dünyasının abidlərindən və zahidlərindən biri olan Həsən Bəsri Fatimeyi-Zəhra (s) barəsində deyir: “Peyğəmbərin (s) qızı o qədər ibadət edir və ibadət mehrabında dururdu ki, ayaqları şişirdi”.

Ölkə qadınları ilə görüşdə çıxışdan; 16 dekabr, 1992

İslam Cümhuriyyəti qəzeti

Gecə vaxtı başqalarını dua etmək

İmam Həsən Müctəba (ə) buyurur ki, bir cümə gecəsi anam səhərə qədər ibadət etdi; gecədən dan yeri sökülənə qədər ibadətlə məşğul oldu. Mənim anam gecədən səhərə qədər ibadət, dua və münacat etdi.

İmam Həsən (ə) deyir: “Eşitdim ki, həmişə mömin kişi və qadınları dua etdi, xalqı dua etdi, İslam dünyasının ümumi məsələləri üçün dua etdi. Səhər olanda dedim ki, ey anam, özün üçün bir dua etmədin, gecədən səhərə qədər başqalarını dua etdin. Cavabda buyurdu: “Əvvəl başqaları, sonra özümüz”. Bu yüksək ruhiyyədir.

Ölkə qadınları ilə görüşdə çıxışdan; 16 dekabr, 1992

İslam Cümhuriyyəti qəzeti

Səxavət və yoxsullara yardım

Bu onun yoxsullara yardımıdır. Peyğəmbər (s) yoxsul bir qocanı Əmirəlmömininin (ə) evinə göndərib deyir ki, get istəyini onlardan al. Fatimeyi-Zəhra (s) Həsən və Hüseyni (ə) bir dərinin üzərində yatızdırırdı. Evində ondan öz övladlarının yatağı kimi istifadə edirdi. Ondan başqa bir şeyi yox idi. Götürüb onu bu yoxsula verir və deyir ki, bunu apar sat və pulundan istifadə et. Bu, Fatimeyi-Zəhranın (s) hərtərəfli şəxsiyyətidir. Bu örnəkdir. Müsəlman qadının örnəyi budur.

Ölkə qadınları ilə görüşdə çıxışdan; 16 dekabr, 1992

İslam Cümhuriyyəti qəzeti

Fatimənin (s) həyat sahələrinin Peyğəmbər (s) tərəfindən təsdiq və tərif olunması

Peyğəmbərin (s) əziz qızının həyatına diqqət yetirməyin xüsusi əhəmiyyəti vardır. Təkcə buna görə ki, o, nəinki erkən İslam çağının digər görkəmli qadınlarından üstün şəxsiyyətə malik olmuşdur, hətta bu uca məqamlı şəxsiyyətin həyatının müxtəlif sahələrinə diqqət göstərməklə aydın olur ki, bu böyük xanımın həyatında baş verən hər bir məsələ əziz Peyğəmbər (s) tərəfindən tərif və təsdiq olunmuşdur. Müsəlman qadının örnəyini tapmaq məsələsində həzrət Zəhranın (s) şəxsiyyəti xüsusi əhəmiyyətə malikdir.

Fatimeyi-Zəhranın (s) doğum gününün ildönümündə Dövlət Şurasının iclasında çıxışdan; 2 mart, 1986

Fatimeyi-Zəhranın (s) mənəvi əzəməti

Kamil insan nümunəsi

Allaha həmd olsun ki, ölkəmizin seçilmiş qadınlarının fikir istiqamətinin gələcəyi ümidverici və sevindirici olan bir səmtə yönəldiyini gördüm. Buna sevinirəm. Mən də qarşılıqlı olaraq tarix boyunca və bütün nəsillərin qadınlarına örnək, kamil və ilahi bir insan nümunəsi olan həzrət Zəhranın (s) doğum günü münasibəti ilə siz əziz bacıları, ölkəmizin bütün qadınlarını, bütün müsəlman qadınları və bütün dünya müsəlmanlarını təbrik edirəm.

Qadınların mədəni-ictimai şurasının üzvləri ilə görüşdə çıxışdan; 25 dekabr, 1991

Möhtəşəm əzəmət

İnsan həzrət Zəhra (s) barəsində nə qədər artıq fikirləşsə, o həzrətin həyatında nə qədər artıq düşünsə, daha çox təəccübə düçar olacaq. İnsanın təəccübü təkcə bundan ötrü deyil ki, bir insan gənclik yaşlarında necə belə mənəvi və maddi kamal dərəcəsinə nail ola bilər (əlbəttə, bunun özü də heyrətamiz bir məsələdir). Daha çox ona görə ki, İslam necə qəribə qüdrətlə öz uca tərbiyəsini elə bir həddə çatdıra bilmişdir ki, gənc bir qadın elə çətin şəraitdə bu ali məqama ucala bilsin. Həm bu varlığın və bu insanın uca əzəməti təəccüblü və heyrətamizdir, həm də bu uca məqamlı və əzəmətli varlığı yaratmış ideologiyanın əzəməti.

Ölkə qadınları ilə görüşdə çıxışdan; 16 dekabr, 1992

İslam Cümhuriyyəti qəzeti

Bəşər beyninin və bilgilərinin açılmayan tapmacası

Bu hara, bizim zehnimizdən olduqca əzəmətli olan həqiqətlər hara? Peyğəmbərin (s) qızı doğrudan da bəşər beyninin və bəşər bilgilərinin açılmayan tapmacasıdır. Bütün insanları bir tərəfə qoyun, övliyaları da başqa bir tərəfə. Övliyaların sayı az olsa da, çəkiləri bütün bəşəriyyətdən ağır gələcək.

Əhli-beyt məddahları ilə görüşdə çıxışdan; 7 yanvar, 1991

Vəsfolunmaz şəxsiyyət

Əlbəttə, mən o həzrətin (Fatimeyi-Zəhranın (s)) mənəvi, ruhi və ilahi cəhətləri haqda danışa bilmərəm. Mən bu məsələləri dərk etməyə kiçiyəm. Hətta əgər kimsə onu dərk edə bilsə də, layiq olduğu şəkildə təsvir edə bilməz.

Ölkə qadınları ilə görüşdə çıxışdan; 16 dekabr, 1992

İslam Cümhuriyyəti qəzeti

Mənəvi məqam qazanmaqda Fatimənin (s) əməllərinin təsiri

Bu mənəvi məsələlər çox həddə əməli fəzilətlərlə, həzrət Fatimənin (s) çalışmasından qaynaqlanan məsələlərlə əlaqədardır. Bu məqamı müftə vermirlər, dəlilsiz də bağışlamırlar. Mənəvi fəzilətlər kəsb etməkdə insanın əməli böyük həddə təsirlidir.

Ölkə qadınları ilə görüşdə çıxışdan; 16 dekabr, 2002

İslam Cümhuriyyəti qəzeti

Mələklərlə həmsöhbət olmaq

İmam Sadiqdən (ə) rəvayət olunmuşdur ki, Fatimə (s) mühəddəsə idi. Yəni mələklər onun yanına enər və onunla ünsiyyət qurub danışardılar. Bu barədə çox hədislər mövcuddur. Onun mühəddəsə olması şiəyə məxsus deyil. Şiə və sünni inanır ki, İslam dövründə mələklərin danışdığı, yaxud danışmasının mümkün olduğu şəxslər olmuşdur. Bizim rəvayətlərimizdə belə şəxsin real nümunəsi Fatimeyi-Zəhradır (s). İmam Sadiqin (ə) bu rəvayətində bəyan olunmuşdur ki, Allahın mələkləri Fatimeyi-Zəhranın (s) yanına gəlib onunla danışır, Allahın ayələrini onun üçün oxuyurdular. Quranda Məryəm (ə) üçün deyilən “Ey Məryəm, həqiqətən, Allah səni seçmiş, (eyiblərdən) təmizləmiş, aləmlərin (bütün dünyanın) qadınlarından üstün tutmuşdur“[6] təbirlərini mələklər Fatimeyi-Zəhraya (s) müraciətlə deyirdilər. Deyirdilər ki, ey Fatimə, Allah səni seçmiş, səni pak və dünya qadınlarından üstün etmişdir. Sonra İmam Sadiq (ə) həmin rəvayətdə buyurur: "Mələklərin o həzrətlə söhbət etdiyi və bu təbirlərləri işlətdiyi bir gecə Fatimeyi-Zəhra (s) onlara buyurdu ki, Allah-Taalanın dünya qadınlarından üstün bildiyi xanım Məryəm deyil? Mələklər cavabda Fatimeyi-Zəhraya (s) dedilər ki, Məryəm öz dövrünün qadınlarından seçilmişdi. Sən isə əvvəldən axıra qədər bütün dövrlərdəki qadınlardan seçilmişsən". Bu necə uca bir məqamdır! Bizim kimi adi bir insan bu əzəməti və dərəcəni hətta öz zehnində də düzgün təsəvvür edə bilməz.

İranın müsəlman və inqilabçı qadınlarla görüşdə çıxışdan; 16 dekabr, 1992

İslam Cümhuriyyəti qəzeti

Fatimiyyə səhifəsi - bütün mənəvi elmləri ehtiva edən

İmam Sadiqdən (ə) və bəzi imamlardan nəql olunmuşdur ki, insana aid olan bütün mənəvi elmlər Fatimə səhifəsi kitabında mövcuddur. Bu məqam onun mənəviyyatı, mərifəti və elmidir; bütün cəhətlərdə çoxcəhətli bir varlıq.

“Cəmiyyətdə qadın rolunun araşdırılması" seminarında çıxışdan; 2 mart, 1986

Fatimə müshəfi – bəşərin gələcək hadisələrini ehtiva edən kitab

Əmirəlmöminindən (ə) nəql olunmuş digər bir hədisdə göstərilmişdir ki, Fatimeyi-Zəhra (s) ona deyir: "Mələklər gəlib mənimlə danışır və mənə bəzi sözlər deyirlər". Əmirəlmöminin (ə) deyir: “Mələyin səsini eşidəndə mənə de, sənin eşitdiyini yazım”. Mələklərin Fatimeyi-Zəhraya (s) dediyini Əmirəlmöminin (ə) yazdı. Bu, imamların əlində olan bir kitab halına düşdü. Bu kitabın adı Fatimənin müshəfi, yaxud Fatimə səhifəsidir.

Çoxsaylı hədislərdə göstərilir ki, imamlar özlərinin müxtəlif məsələləri üçün Fatimə müshəfinə müraciət edirdilər. Sonra imam buyurur ki, bu kitabda hökmlər, halal və haram məsələləri yoxdur. Amma gələcək dövrlərdə bəşərin bütün cari hadisələri bu kitabda mövcuddur. Bu necə üstün bir elmdir? Bu necə bənzərsiz mərifət və hikmətdir ki, Allah-Taala gənc yaşında bir qadına bəxş edir? Bu, həzrət Zəhranın (s) mənəvi məqamıdır. Bu mənəvi məsələlər çox həddə əməli fəzilətlərlə əlaqədardır, həzrət Fatimənin (s) çalışmasından qaynaqlanan məsələlərlə əlaqədardır. Bu məqamı müftə vermirlər, dəlilsiz də bağışlamırlar. Mənəvi fəzilətlər kəsb etməkdə insanın əməli böyük həddə təsirlidir.

İranın müsəlman və inqilabçı qadınlarla görüşdə çıxışdan; 16 dekabr, 1992

İslam Cümhuriyyəti qəzeti

Cəbrayılın Fatimənin (s) yanına enməsi

Sənədli rəvayətlər aydın şəkildə göstərir ki, Siddiqeyi-Tahirə (ə) çox uca məqam və dərəcələrə yüksəlmişdi. Belə ki, Allahın ən əzəmətli və ən yaxın mələyi olan Cəbrayıl Əmin təsəlli vermək üçün o həzrətin yanına enirdi. Bu, İslam məntiqində və İslam meyarında bir insanın dəyərindən, əzəmətindən və zirvəsindən danışan bir həqiqətdir.

Həzrət Zəhra (s) zəhmət və mücahidliklə əzəmətin zirvəsinə ucaldı. O qədər irəlilədi ki, Allah-Taala onu razı salmaq üçün Cəbrayıl Əmini onun yanına göndərdi.

Zəhranın (s) doğum gününün ildönümündə məddahlıq mərasimində çıxışdan; 5 dekabr 1993.

Gənclik yaşlarında ali və irfani məqamlar

Həzrət Zəhranın (s) o hikmətə, nitqə, siyasi və ictimai qüvvəyə, gələcəyə baxışa, həmçinin öz dövrünün ən böyük məsələlərinə qarşı tədbir qüvvəsinə malik olan varlığı göstərir ki, müsəlman bir qadın gənclik yaşlarında da ali, mənəvi və irfani məqamlara ucala bilər.

Ölkənin mütəxəssis qadınları ilə görüşdə çıxışdan; 30 noyabr, 1993

Keyhan qəzeti

Zəhra (s) - nübuvvətin və vilayətin xülasəsi

Həzrət Fatimeyi-Zəhra (s) nübuvvət və vilayətin xülasəsi və elə uca şəxsiyyətə sahibdir ki, insanlar onun əzəmətini və genişliyini dərk etməyə acizdirlər. O həzrətin məqamı və dərəcəsi elə bir həddə idi ki, hətta onunla səmimi əlaqəsi olmayan şəxslər də ona mədh söyləmişlər.

Əhli-beyt məddahları ilə görüşdə çıxışdan; 26 noyabr, 1994

İslam Cümhuriyyəti qəzeti

İnsani paklığın zirvəsində olan gənc qız

Belə bir dünyada əziz Peyğəmbər (s) elə bir qız tərbiyə edir ki, bu qız Allahın Peyğəmbərinin (s) onun əlini öpməsinə layiq olur. Peyğəmbərin (s) Fatimeyi-Zəhranın (s) əlini öpməsini duyğusal bir mənada izah etmək əsla düzgün deyil. Əgər biz onun qızı olduğundan və onu sevdiyindən əlini öpdüyünü xəyal etsək, bu çox səhv və çox kiçik bir məsələ olar. Məgər belə bir dəyərli şəxsiyyət, özü də ədalətli və hikmətli olan, Allah vəhyinə və ilhamına arxalanan insan əyilib qızının əlini öpər? Xeyr, bu başqa bir məsələ, başqa bir mənadır. Bu onu göstərir ki, bu gənc qadın, dünyadan köçərkən on səkkizdən iyirmi beşə qədər (on səkkiz də deyiblər, iyirmi beş də deyiblər) yaşı olan bu xanım insani paklığın zirvəsində durmuş və qeyri-adi bir şəxs olmuşdur. Bu, İslamın qadına baxışıdır. Bunu araşdırın. Həm mədəniyyətə, ictimai məsələlərə və baxışlara aid olan araşdırmalarda (qadınların mədəni-ictimai şurasının üzvü olan bu xanımlar, bu iş üçün məsul şəxslərdirlər), həm də siz alim qadınların maraqlandığı elmi tərbiyələrdə bunu araşdırın.

Qadınların mədəni-ictimai şurasının üzvləri, tibbi mütəxəssislər və məsul şəxslərlə görüşdə çıxışdan; 25 dekabr, 1991

Bəşər beyninin açılmamış tapmacası

Peyğəmbərin (s) qızı doğrudan da bəşər beyninin və bəşər bilgilərinin açılmayan tapmacasıdır. Bütün insanları bir tərəfə qoyun, övliyaları da başqa bir tərəfə. Övliyaların sayı az olsa da, çəkiləri bütün bəşəriyyətdən ağır gələcək. Əgər ağırlığın və əzəmətin meyarını dünya həqiqətindən məlumatlı olmaq və Allaha - yəni bütün varlıqların mənbəyinə yaxınlıq bilsək, Allah övliyalarının biri bütün qeyri–övliyalardan və övliyaları çıxmaq şərti ilə bütün varlıqdan daha əzəmətli, daha ağır və daha böyükdür.

Övliyaların və Allahın saleh bəndələrinin sırasına baxdıqda elə zirvələr görürsünüz ki, o zirvələrin məna dünyasının digər böyük insanlarına nisbəti təsəvvürolunmaz və çox əzəmətli nisbətdir, fərq aydın fərqdir. Nübüvvət tarixində haraya göz diksəniz, bu zirvələr hər tərəfdən onları görəcəyiniz şəxslərdirlər: ulul-əzm peyğəmbərlər, bu qəbildən və bu həddə olan böyüklər. Onları yad etmək bizim üçün və mənim kimilər üçün dilin vərdişidir. Mənim kimilərin ürəyi, ruhu və canı bu mənəviyyatları dərk etməyəcək qədər çox kiçik, xırda və aşağıdır. Eləcə uzaqdan zehinlərində bir təsəvvür var və onu dilə gətirirlər. Bu təsəvvür də onların öz sözlərindəndir. Lakin bu əzəmətlərin məcmusunda və bu böyüklərin arasında bir neçə çox nadir nümunə vardır. Onlar mədh etmək və danışmaq həddindən yüksəkdirlər. Bunların biri Fatimeyi-Zəhradır (s). Onu yalnız Peyğəmbər (s) və Əmirəlmömininlə (ə) müqayisə etmək olar.

Əhli-beyt məddahları ilə görüşdə çıxışdan; 7 yanvar, 1991

Hərcəhətli örnək

Fatimənin (s) sözləri və hərəkətləri - işıqlı nümunə

Varlığın tənəzzülü məqamında ruhani əzəmətlərinin fiziki reallıqlara qovuşduğu yerdə bu bəşər qəlibləri o mənəviyyatları və ruhları daşıyır. O zaman bunların dilindən çıxan hər bir söz, hər bir işarə və hər bir hərəkət geridə olan bizlər üçün işıqlı bir nümunə olur. Bu bizim Fatimeyi-Zəhranın (s) bu dünyada hansı zirvədə və hansı əzəmətdə olduğunu, məna və ruhani aləmində hansı zirvədə olacağını bilməyimiz üçün kifayət deyil. Düzdür, bunu bilmək bizim üçün bir bilgidir. Əgər kimsə aydın bilgiyə nail olsa (o da əməldən qeyri bir yolla əldə olunmur), çox qiymətlidir. O mənəviyyatların xalis, aydın və səlis bilgisi hamıya nəsib olmur. Allahın böyük övliyaları onun bir hissəsini dərk edib görə bilirlər. Bizim dərk edib anladığımız miqdarı bizim üçün hərəkət və əməl nümunəsi olmalıdır. Şiələr bu məqamı unutmamalıdırlar. Əlbəttə, bütün müsəlmanlar bunda şərikdirlər. Lakin bəlkə də belə bir bilgi Əhli-beytə ardıcıl olmayanda az olar, nəinki heç olmaz. Ardıcıl olmayan bəzi şəxslər də Əhli-beytə (ə) mərifət məqamında çox öndədirlər. Amma bu miqdarı adətən və ümumi olaraq Əhli-beyt məktəbinin mənsublarına məxsusdur.

Əhli-beyt məddahları ilə görüşdə çıxışdan; 7 yanvar, 1991

Tarixin ən böyük qadını



Geri   İrəli
Go to TOP