A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Qadın (Seyid Əli Xamenei)
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


İranlı qadın - qadınların hicabda və ictimai hərəkətlərdə örnəyi

Bu gün iranlı qadın üçüncü dünya ölkələrinin və xüsusən də İslam ölkələrinin qadınları üçün bir örnək formasına düşmüşdür. Yəni sizin hicabınız digər ölkələrdə nümunə bir hicab kimi tanınmışdır. Müsəlman qadın fəryad çəkmək və İslam şüarları verməyi bilmirdi, ona adət etməmişdi. Hətta əgər bir məclisdə deyilsəydi ki, salavat çəkin, salavat çəkənlər yalnız kişilər olurdu. Qadınlar ümumiyyətlə salavat çəkmirdilər. Amma indi siz görürsünüz ki, böyük İslam toplantılarında - həm öz ölkəmizdə, həm də digər yerlərdə qadınların səsi bəzən kişilərin səsini üstələyir. Yəni qadınlar hiss etmirlər ki, yalnız onlar şüar verməlidirlər. Onlar cəmiyyəti idarə edirlər. Bu xüsusiyyəti yaradan iranlı qadındır. İranlı qadın həm özünü düzəltdi, həm də örnək təqdim etdi.

"Günün qadını" jurnalına müsahibədən; 4 mart, 1985

Dünya qadınlarının örnəyi

Bugünkü dünyada iranlı müsəlman qadınların öhdəsinə əzəmətli bir missiya düşür. Onlar dünya qadınlarının örnəyi kimi özlərinin üstün sözlərini bəşərin müxtəlif meydanlarında dünya xalqlarının qulağına çatdırmalıdırlar.

Qum şəhərinin tələbə və mədəniyyət mənsubu olan xanımları ilə görüşdə çıxışdan; 9 dekabr, 1995

Keyhan qəzeti

İran qadınlarının hərəkətinin xüsusiyyətləri

 Bu gün dünya sizi xatırlayacaq. İranlı qadının başladığı hərəkəti əldən verməyin. Bu hərəkətin dünyaya yeni sözü var, bu, yeni doğuşdur. Onun xüsusiyyəti qadının şəxsiyyət duymasıdır; tarixi idarə edən olmasını duyması və cəmiyyətdə həlledici rol ifa edə bilməsini hiss etməsidir.

Qadınlarla görüşdə çıxışdan; 12 mart, 1985

İranlı qadını örnək bilməyin artan dalğası

Müsəlman qadın üçün İslam inqilabının sayəsində vücuda gələn yeni doğuşu - maddi və Qərb mədəniyyətlərinin əksinə olaraq, İslamın daha təravətli və daha təmiz olmasını istədiyi yeni gülün açmasını doğrudan da təbrik etmək lazımdır. Bu gün iranlı qadın digər ölkələrin müsəlman qadınlarının nümunəsi və örnəyidir. Bugünkü İslam ölkələrinin çoxunda - istər ərəb ölkələrində, istər müsəlman olan qeyri-ərəb ölkələrində universitet qızları, tələbələr, xüsusən də gənc qızlar arasında iranlı qadının kimliyinə sarı dalğa yaranmışdır, misal üçün, hicabı, yaxud İslam elmlərinin əhatəliyini iranlı qadından öyrənirlər. Bu, hökumətlər tərəfindən müqavimətlərlə üzləşmişdir. Bir yerdə tələbə qızlara İslam elmlərini öyrənməyi qadağan etmişlər, başqa bir yerdə iranlı qadınlara xas hicabı yasaqlamışlar. Eyni zamanda, İslam ölkələrinin müsəlman qadınları arasında iranlı qadını örnək bilmək dalğası artmışdır. Bu, işin əvvəlidir. Amma onların çoxu iranlı qadını hələ yaxşı tanımırlar. Bu qədər bilirlər ki, iranlı qadın inqilab meydanlarında iştirak etmiş, mitinqlərdə şüar vermiş, kişilərini və övladlarını həvəsləndirmiş və özü də hər yerdə hazır olmuşdur. Amma dünya ölkələrinin müsəlman qadınlarının hələ o istedadlardan, bizim xalqımızın haqlı olaraq şəhid yetişdirmək adlandırdığı fədakarlıqlardan xəbəri yoxdur. Əlbəttə, bu da bilinəcək. Bizim qadınlarımızın mücahidlik və böyüklük parıltısı o qədər çoxdur ki, gizli qalmayacaq.

Qadınlarla görüşdə çıxışdan; 12 mart, 1985

İslam Cümhuriyyəti qəzeti

İranlı müsəlman qadının mənəvi gözəlliyi

Siz inqilabçı nəsil bu gün heç nəyin bahasına icazə verməməlisiniz ki, İslam Respublikasında qadının əldə etdiyi dərəcə və müsəlman qadın üçün bütün dünyada qazanılan ad-san düşmənlərin təxribatı nəticəsində sarsılsın. Bu gün Misirdən, Əlcəzairdən və İraqdan tutmuş İslam dünyasının şərq regionundakı ölkələrə qədər müsəlman ölkələrin qadınlarının hamısı iranlı qadına bir örnək kimi baxırlar. İranlı qadın bu gün cəmiyyətə və qadına aid məsələlərə diqqət yetirənlərin gözündə xüsusi gözəllik kəsb etmişdir. Mədəni məsuliyyətləri öhdəsinə götürən sizlər bu mənəvi gözəlliyin sarsılmasına imkan verməməlisiniz.

Ölkənin mədəniyyət mənsubu olan qadınların nümayəndələri ilə görüşdə çıxışdan; 27 yanvar, 1985

Keyhan qəzeti

Müqavimətdə və ailəni qorumaqda nümunə

Mən dözümlülükdə, müqavimətdə, evi və ailəni qorumaqda nümunə olduqlarına görə müharibə əlillərinin, həmçinin əsirlərin, əsirlikdən azad olmuşların və İslam döyüşçülərinin həyat yoldaşlarının əzəməti və fədakarlığı qarşısında, eləcə də öz övladlarını və həyat yoldaşlarını hazırlayıb şəhidlik meydanına göndərən fədakar xanımların və anaların qarşısında təzim göstərirəm.

Müsəlman və inqilabçı qadınlarla görüşdə çıxışdan; 8 dekabr, 1993

İslam Cümhuriyyəti qəzeti

Alim qadınların və aydın baxışlı məmurların gözəl örnəyi həyata keçirmək səyi

Əgər biz bu gün qadınlarımızın yeni İslam cəmiyyətində əldə etdiklərini İranın alim və fədakar qadınlarının, işi icraçı, qanunverici və məhkəmə hakimiyyətlərində olan ölkə məmurlarının aydın baxışı ilə təkmilləşdirə bilsək, dünya qadınları onu özləri üçün gözəl örnək seçə bilərlər.

Müsəlman və inqilabçı qadınlarla görüşdə çıxışdan; 8 dekabr, 1993

İslam Cümhuriyyəti qəzeti


Üçüncü fəsil: Fatimeyi-Zəhranın (s) həyatı və şəxsiyyəti

Təvəllüddən şəhidliyə qədərki həyat hadisələri

Həzrət Zəhranın (s) təvəllüdü

Məşhur nəzərə əsasən, Peyğəmbərin (s) böyük qızının təvəllüdü besətin (peyğəmbərliyin) beşinci ilində baş vermişdir. Bu hesabla, şəhid olduğu zaman həzrət Fatimeyi-Zəhranın (s) 18 yaşı olmuşdur. Bəziləri də deyiblər ki, bu həzrətin anadan olması besətin ikinci, yaxud birinci ilində olmuşdur. Bu nəzərə əsasən, bu həzrətin yaşı ən çox iyirmi iki, yaxud iyirmi üç olmuşdur. Siz müxtəlif cəhətlərdən onun üçün mümkün olan bütün məhdudiyyətlərlə (xüsusən də məhdudiyyətlərin çox olduğu bir dövrdə) bir qadını nəzərə alın. O zaman görün ki, bu şərafətli xanım o şəraitdə və bu qısa ömür boyunca necə əzəmət göstərmişdir.

Ölkə qadınları ilə görüşdə çıxışdan; 16 dekabr, 1992

İslam Cümhuriyyəti qəzeti

Yeniyetməlik dövrü, nicat mələyi və atasının həmdəmi

Peyğəmbərin (s) ağır mübarizələrinin qızğın çağında Məkkədə doğulan və Əbu Talib dərəsində atasının həmdəmi olan qız təxminən yeddi-səkkiz, yaxud bir, iki, üç (tarixi məlumatların ixtilafına əsasən bir qədər az, yaxud bir qədər çox) yaşı olan bir qız idi. Amma eyni zamanda həmin çətin şəraitə dözdü. Xədicənin dünyadan köçdüyü, Əbu Talibin dünyadan köçdüyü və Peyğəmbərin (s) yalqız və həmdəmsiz qaldığı, hamının da ona sığındığı bir şəraitdə onun üzündən qəm qübarını silən şəxs kim idi? Bir zaman Xədicə vardı, indi isə yoxdur; Əbu Talib vardı, indi isə yoxdur. Belə çətin şəraitdə Əbu Talib dərəsinin üç illik aclığında, susuzluğunda, isti və soyuğunda (bu dövr Peyğəmbərin (s) həyatının çətin dövrlərindəndir) bir dərədə azsaylı müsəlmanların hamısı ilə birgə icbari sürgün vəziyyətində yaşayırdılar. Bu şəraitdə bu qız Peyğəmbər (s) üçün nicat mələyi kimi, öz atasına bir ana kimi, o böyük insan üçün böyük bir şəfqət bacısı kimi çətinliklərə dözdü, Peyğəmbərin (s) həmdəmi oldu, yükü çiyninə aldı, Allahına ibadət etdi, öz imanını gücləndirdi, özünü düzəltdi, öz qəlbinə sarı ilahi bilgi və nur yolunu açdı. Bir insanı təkamülə çatdıran amillər buradadır.

Ölkə qadınları ilə görüşdə çıxışdan; 16 dekabr, 1992

İslam Cümhuriyyəti qəzeti

 “Atasının anası” ləqəbi - Fatimənin (s) atasına qarşı məsuliyyət hissinin göstəricisi

Cənab Əbu Talibin bir dərəsi vardı. Dedilər oraya gedək. İndi siz təsəvvür edin, şanlı Məkkədə isti günlərdə gecələr olduqca soyuq olur; yəni dözülməsi mümkün olmayan vəziyyət. Bunlar üç il biyabanlarda yaşadılar, Allah bilir nə qədər aclıq çəkdilər, nə qədər çətinlik gördülər, nə qədər qəm-qüssə gördülər. Peyğəmbərin (s) çətin dövrlərindən biri orada olanda idi. Bu dövrdə Peyğəmbərimizin məsuliyyəti təkcə bir cəmiyyəti idarə etmək mənasında olan rəhbərlik deyildi. O, çətinliyə düşmüş bu insanların yanında öz işini müdafiə etməyi bacarmalı idi. Bildiyiniz kimi, vəziyyət yaxşı olanda bir rəhbərin ətrafına yığışan insanlar da vəziyyətdən razı olurlar. Deyirlər Allah atasına rəhmət etsin ki, bizi belə yaxşı vəziyyətə çıxarıb. Amma çətinlik görəndə hamı tərəddüdə düşüb deyir ki, o bizi gətirdi, biz bu vəziyyətə düşmək istəmirdik.

Əlbəttə, güclü imanlılar dayanırlar. Hər halda, bütün çətinliklər Peyğəmbərin çiyninə düşmüşdü. Bu əsnada, çox çətin ruhi vəziyyətində onun arxası və ümidi olan cənab Əbu Talib və həmçinin Peyğəmbərə ən böyük ruhi kömək göstərən Xədiceyi-kübra bir həftənin içində dünyadan köçdülər. Çox qəribə bir hadisə idi. Yəni Peyğəmbər tək-tənha qaldı. İndiyədək bir işçi qrupun başçısı olsaydınız bir toplumun məsuliyyətinin nə demək olduğunu bilərdiniz. Belə bir şəraitdə insan doğrudan da çarəsiz qalır. Bu şəraitdə Fatimeyi-Zəhranın (s) rolunu görün. İnsan tarixə baxdıqda bu məqamları tapmalıdır. Lakin təəssüf ki, belə məsələlər üçün fəsil ayırmırlar.

Fatimeyi-Zəhra (s) Peyğəmbərə bir ana, müşavir və təbib kimi olub və burada ona “ümmü əbiha”, yəni atasının anası demişlər. Bu, o zamana aiddir, yəni altı-yeddi yaşlı bir qızın belə olduğu bir dövrə. Əlbəttə, ərəb mühitlərində və isti yerlərdə qızlar fiziki və ruhi cəhətdən daha tez inkişaf edirlər. Məsələn, bizim indiki 10-12 yaşlı qızlarımızın inkişafı qədər. Bu, məsuliyyət hissidir. Bu, bir cavan üçün örnək ola bilməzmi: böhran zamanı tez məsuliyyət hiss edib, fəaliyyətə başlamaq, vücudunda olan əzəmətli potensialı xərcləmək, yaşı misal üçün, 50-i ötmüş və təqribən qocalmış atasının üzündən qəm-kədər qübarını silmək.

Gənclərlə görüşdə çıxışdan; 27 aprel, 1998

Ən çətin qüssələrdə ən böyük insanların dayağı

Bu həzrət uşaq çağında, bütün yolların müsəlmanlara və İslam Peyğəmbərinin (s) müqəddəs varlığına bağlandığı Əbu Talib dərəsində - nə yaşayış imkanları, nə rifah imkanları, nə dinclik olan, daim düşmənlərin hücumu fikri, daim pis xəbərlər, uşaqların aclıqdan ucalan ağlaşması - o quru dərədə mövcud olan müxtəlif narahatçılıqlar içərisində bu qədər müsəlman ailəsi üç il orada qalmağa məcbur oldular. Nə qədər çətinlik çəkdilər və bütün bu çətinliklər də kiçikdən böyüyə qədər bütün insanların hər birindən başlayıb İslam Peyğəmbərinin (s) çiyninə otururdu; çünki rəhbər idi; çünki hamı ona arxalanmışdı. Bütün dərdləri onun yanına gətirirdilər, o bütün təzyiqləri hiss edirdi. Allah yoluna dəvətdən, Allah yolunda dözümlülükdən qaynaqlanan bu çətinliklər, qəm-qüssələr, təzyiq və narahatlıqlar dolu belə bir vəziyyətdə cənab Əbu Talib dünyadan köçür. Qısa bir müddətdən sonra cənab Xədicə-Kübra da Allahın razılığına və görüşünə qovuşur. Peyğəmbər (s) yalqız qalır. O zaman bu bir neçə yaşlı - beş, altı, yeddi, yaxud on yaşlı qız Peyğəmbərin (s) bütün əzəməti ilə arxalandığı yeganə şəxsdir. O, özünün böyük atasına bir ana kimi qulluq edir. Bu məsələ - Fatimənin “atasının anası” ləqəbi məsələsi buraya aiddir.

Bu əzəmətə baxın, azyaşlı bir qız uşağı ən çətin qüssələr dövründə ən böyük insanın fəryadına çatır. Zarafat deyil. Buna görədir ki, gənclik dövründə, 15, 16 və 18 yaşına, nəhayət qısa ömrünün sonuna qədər bu qədər mənəvi məqamları sınaqdan keçirir, bu qədər böyük iş görür, şiəlik və İslam tarixində bu qədər təsir qoyur və parlaq bir günəşə çevrilir. Nə qədər ki, dünya durur, pak Zəhranın (s) işıqlı günəşi parlayacaq. Bütün bu təsirlər bir gəncin həyatından, yaşayışından və xüsusiyyətlərindən qaynaqlanmışdır.

Keşikçilər Korpusunun komandanları və məsul şəxsləri ilə görüşdə çıxışdan; 16 may, 1997

Keyhan qəzeti

Qısa gənclik dövründə uca mənəvi məqamlar və fəxrlər qazanmaq

Bu günlər bir rəvayətə əsasən, həzrət Siddiqeyi-Tahirə Fatimə-Mərziyyənin (ə) şəhadət günlərinə təsadüf edir. Əgər diqqətlə baxılsa, bu münasibətlər dərslə doludur. Biz bəzən öz cari hadisələrimizin bu münasibətlərlə tətbiqi üzərində təkid göstərib dayanırıq (Baxmayaraq ki, qabaqcadan düşünülmüş bir şey deyil, təsadüfi bir işdir. İndi sizin bu toplantınız bu günlərə təsadüf edir). Bu ondan ötrüdür ki, bizim tariximiz İslamın ilk iki yüz əlli illik hadisələri sayəsində dərs və ibrətlə doludur. Əgər ibrət və dərs alan gözlə baxılsa, o böyüklərin getdiyi Allah yolu ilə hərəkət etmək istəyən insan üçün maarif, ruhiyyə və dərsdən tükənməz bir xəzinədir.

Həzrət Siddiqeyi-Tahirənin (ə) barəsində çox əhəmiyyətli məqamlar mövcuddur. Lakin siz mömin və inqilabçı gənclərin vəziyyəti ilə uyğun olan məqam budur ki, o uca insanın, bəşər tarixinin o misilsiz qadınının, dünya qadınlarının sərvərinin bütün bu böyük işləri, nailiyyətləri, uca mənəvi və əlçatmaz məqamları, eləcə də o dözümlülüklər, müqavimətlər, mövqeyi tanımaq, bu zamanlarda onun dediyi dəyərli sözlərin hamısı - bütün bu böyük hadisələr o həzrətin qısa gənclik dövründə baş vermişdir. Biz bu məsələni bir zaman bir mərsiyə mövzusu kimi irəli sürürük və deyirik ki, bu həzrətin yaşı az olmuşdur, yaxud gənc olmuşdur. Bu rövzə və mərsiyənin mövzusu olur. Bir zaman da bunu düşünməli və çox dərsləri ehtiva edən bir məsələ bilirik, ona bu gözlə baxırıq. O zaman bunun xüsusi əhəmiyyəti olur.

Bir insan özünün qısa həyatı dövründə, uşaqlığının başlanğıcından şəhadət dövrünə qədər (məşhurdur ki, o həzrətin on səkkiz yaşı olmuşdur, bəziləri də iyirmi iki və iyirmi dörd yaşa qədər demişlər) bu qısa müddətdə bütün bu bilgiləri, bütün bu uca mənəvi məqamları necə əldə etmişdir? Bu bir fövqəladə və fövqəlbəşər tərbiyədən xəbər verir.

Keşikçilər Korpusunun komandanları və məsul şəxsləri ilə görüşdə çıxışdan; 16 may, 1997

Keyhan qəzeti

Peyğəmbərin (s) vəfatından sonrakı mübarizələr

Şübhə yoxdur ki, Peyğəmbərin (s) vəfatından sonra başda Fatimeyi-Zəhranın (s) durduğu bir toplum səy göstərmişdir. Həmin ilk günlərdə ev hadisəsində və evin qapısının odlanması macərasında yaralanmış, sonra yenə də bu mübarizəni davam etdirmiş, məscidə getmiş, çıxış etmiş və o zamankı müsəlmanların fikir və baxışlarına təsir göstərmişdir. Peyğəmbərin (s) qızı, on səkkiz yaşlı gənc bir qız məscidin içində mühacir və ənsardan olan müsəlmanların izdihamı qarşısında hər bir kəlməsi yazılan, bizim tariximizdə və sənədlərimizdə mövcud olan möhtəşəm nitqi söyləmişdir.

“Cəmiyyətdə qadın rolunun araşdırılması" seminarında çıxışdan; 2 mart, 1986

İslam Cümhuriyyəti qəzeti

Vilayəti müdafiədə həzrət Zəhranın (s) xütbəsi

Peyğəmbərin vəfatından sonra məscidə gəlməsi və o xütbəni oxuması da çox əzəmətli hadisədir. Bizlər bədahətən nitq söyləyənlər olduğumuz üçün bu sözlərin nə qədər əzəmətli olduğunu anlayırıq. 18 yaşlı, 20 yaşlı, ən çoxu 24 yaşlı bir qadın, bütün müsibətlərinə və çətinliklərinə rəğmən, məscidə gəlir və izdiham qarşısında hicabla çıxış edir. Əlbəttə, o həzrətin yaşı dəqiq məlum deyil. Çünki doğulduğu il barəsində fikir ayrılıqları mövcuddur. Bu çıxışın bütün sözləri tarixdə qeyd olunmuşdur.

Gənclərlə görüşdə çıxışdan; 27 aprel, 1998

Həqiqəti müdafiə yolunda şəhadət

Peyğəmbərin (s) pak qızı Fatimeyi-Zəhranın (s) vəfatı günləri münasibəti ilə bu toplumun çox salam və rəhmətini bu məsum, mücahid və şəhid xanımın pak torpağına hədiyyə edirik.

Allahın bu layiqli və seçilmiş bəndəsi, aləmlərin Rəbbi tərəfindən imtahan olundu. O özünün on səkkiz illik bütün qısa həyatı dövründə mömin və fədakar bir insan nümunəsini hamıya göstərdi, tarixin mühakiməsinə təqdim etdi, həqiqəti müdafiə yolunda, müsəlman xalqın beyinlərinin aydınlaşdırılması yolunda öz canını əldən verdi. Allahın salamı və rəhməti onun pak torpağına olsun!

Cümə namazı xütbəsindən; 28 mart, 1980

Ailə məsələləri

Fatimənin (s) yoxsul vəziyyətdə ailə qurması

Hicrətdən sonrakı dövrdə və həddi-büluğ dövrünün əvvəllərində Fatimeyi-Zəhra (s) Əli ibn Əbu Taliblə (ə) ailə qurur. Fatimənin (s) mehri də bəllidir. Fatimənin (s) cehizi də bəllidir. Bəlkə də sizin hamınız bilirsiniz ki, İslam dünyasının birinci şəxsinin qızı, atası xalqın hakimi olan Fatimeyi-Zəhra (s) necə sadəliklə və yoxsul şəkildə öz nikahını təşkil etdi.

Ölkə qadınları ilə görüşdə çıxışdan; 16 dekabr, 1992

İslam Cümhuriyyəti qəzeti

Fatimeyi-Zəhra (s) - həyat yoldaşı

Bəzən insan elə bilir həyat yoldaşı odur ki, qadın evdə və mətbəxdə xörək bişirsin, otağı təmizləsin, döşəkləri səliqəyə salsın və qədimdə olduğu kimi, döşəkcəni qoyub kişinin idarədən, yaxud dükandan gəlməsini gözləsin. Həyat yoldaşı olmaq təkcə bunlar deyil. Siz baxın, görün Fatimeyi-Zəhra (s) necə həyat yoldaşı olub. Peyğəmbərin (s) Mədinədə olduğu 10 ilin təxminən 9-da həzrət Zəhra və həzrət Əmirəlmöminin (ə) ailə qurmuşdular. Bu 9 ildə kiçikli-böyüklü təqribən 60 müharibə baş vermişdir. Həzrət Əli (ə) onların əksəriyyətində iştirak edib. İndi siz baxın, bu xanım evdə oturub, əri isə daim cəbhədədir. Əgər cəbhəyə getməsə, işlər axsayar. Döyüş məsələləri ona sıx bağlıdır. Məişət baxımından da vəziyyətləri yaxşı deyil. Eşitdiyimiz kimi, “onlar öz iştahaları çəkdiyi halda yeməyi yoxsula, yetimə və əsirə yedirərlər”[5], yəni doğrudan da çox kasıb şəkildə yaşayırdılar. Halbuki o, həm də rəhbərin qızıdır, Peyğəmbərin (s) qızıdır. Bu baxımdan da bir növ məsuliyyət hiss edir. Görün belə bir ərə kömək göstərmək üçün xanımın necə güclü ruhiyyəsi olmalıdır. O, ərinin ürəyini ailə nigarançılığından və həyatın problemlərindən arxayın etməlidir, ona ürək-dirək verməlidir, onun uşaqlarını gözəl şəkildə tərbiyə etməlidir. Siz deyə bilərsiniz ki, İmam Həsən və İmam Hüseyn (ə) imam idilər. Axı Zeynəb imam deyildi. Fatimeyi-Zəhra (s) onu bu 9 ildə tərbiyə edib. Çünki o həzrət Peyğəmbərdən (s) sonra çox yaşamayıb. Belə evdar, belə həyat yoldaşı olub və bununla tarixin unudulmaz ailəsinin həyatında mərkəzə çevrildi. Məgər bunlar bir cavan qız üçün, bir evdar xanım üçün nümunə ola bilməzmi? Bunlar çox mühümdür.

Gənc həftəsi münasibətilə gənclərlə görüşdə çıxışdan; 27 aprel, 1998

 

Ailə işlərini görmək, xalqın və müsəlmanların müraciəti üçün mərkəz

Fatimeyi-Zəhranın (s) həyatı bütün cəhətlərdə bir insanın işi, çalışması, ruhi təkamülü və ucalmasıdır. Onun gənc həyat yoldaşı həmişə cəbhədə və müharibə meydanlarındadır. Cəmiyyətin və yaşayışın problemləri Fatimeyi-Zəhranı (s) xalqın və müsəlmanların müraciəti üçün bir mərkəzə çevirir. Peyğəmbərin (s) işləri düzəldən qızı bu şəraitdə həyatı tam başucalığı ilə idarə edir. Həsən (ə), Hüseyn (ə) və Zeynəb (ə) kimi övladlar tərbiyə edir, Əli (ə) kimi bir həyat yoldaşını saxlayır, Peyğəmbər (s) kimi bir atanın razılığını cəlb edir. Fəthlərin və qənimətlərin başladığı dövrdə də Peyğəmbərin (s) qızı dünya ləzzətlərindən, bərbəzəkdən, dəbdəbəçilikdən, gənc qızların və qadınların ürəklərinin yönəldiyi məsələlərdən bir zərrəsini də özünə yaxın buraxmır.

Universitet mənsubu olan ölkə qadınları ilə görüşdə çıxışdan; 16 dekabr, 1992

İslam Cümhuriyyəti qəzeti

Peyğəmbərin (s) özünün gənc qızına xüsusi hörməti

Peyğəmbərin (s) öz qızı olan bu gənc xanıma qəribə hörməti bu həzrətin əzəmətli şəxsiyyətinin dərinliyini göstərir. Rəvayətlərdə göstərilmişdir ki, İslam Peyğəmbəri hər bir səfərə getmək istəyəndə əvvəl həzrət Fatimə (s) ilə vidalaşırdı. Səfərdən qayıtdıqdan sonra görüşdüyü birinci şəxs də həzrət Fatimə (s) olurdu. Allahın elçisi gənc bir xanım olan qızına xüsusi hörmət göstərirdi. Bu, görənlərin nəzərində qeyri-adi bir iş sayılırdı.

Cümə namazı xütbəsindən; 24 yanvar, 1986

Keyhan qəzeti

Ərə tabe olmaq

Əmirəlmöminin (ə) bir dəfə Fatimeyi-Zəhra (s) barəsində buyurdu ki, bu qadın evlilik dövründə məni bir dəfə də qəzəbləndirmədi, bir dəfə də mənim əmrimdən boyun qaçırmadı. Fatimeyi-Zəhra (s) o əzəmətinə rəğmən, ev daxilində bir həyat yoldaşıdır.

Ölkə qadınları ilə görüşdə çıxışdan; 16 dekabr, 1992

İslam Cümhuriyyəti qəzeti

 

Övlad tərbiyəsində daha çox təsir

Sözügedən zəhmətli ailədə Fatimeyi-Zəhra (s) övlad sahibi olur və bu övladları ən gözəl şəkildə tərbiyə edir. Belə düşünmək olar ki, yaşadığı dövr boyunca Fatimeyi-Zəhranın (s) bu iki oğul və iki qız üzərində tərbiyəsinin təsiri Əmirəlmömininin (ə) tərbiyəsinin təsirindən çox olmuşdur. Çünki o həmişə uşaqlarla bir yerdə, Əmirəlmöminin (ə) isə səfərdə və hansısa işdə olurdu.

“Cəmiyyətdə qadın rolunun araşdırılması" seminarında çıxışdan; 2 mart, 1986

İslam Cümhuriyyəti qəzeti

Bənzərsiz ana

Bu xanımın analıq cəhəti bənzərsiz və nümunədir. İki məsum və iki böyük insan olan İmam Həsən (ə) və İmam Hüseyn (ə) kimi iki oğulun tərbiyəsi ananın şəxsiyyətindən ayrı ola bilməz. Qızı barəsində, misal üçün, həzrət Zeynəbin (ə) şəxsiyyətinin əzəmətini anasından götürə bilərik. İranlı qadının şəxsiyyəti belə olmalıdır. Dünyanın bütün müsəlmanları belə dəyərlərə sarı hərəkət etməlidirlər.

Xanımlarla görüşdə çıxışdan; 12 mart, 1985

İslam Cümhuriyyəti qəzeti

İctimai və siyasi cəhətlər

Siyasi və ictimai sahələrdə mübariz və görkəmli qadınların nümunəsi

Siyasi, ictimai və cihad sahələrində həzrət Zəhranın (s) şəxsiyyəti üstün və qabarıq bir şəxsiyyətdir. Belə ki, dünyanın bütün görkəmli siyasi, mübariz və inqilabçı qadınları onun qısa və dərin həyatından dərs götürə bilərlər. Bu qadın inqilab evində doğuldu. Bütün uşaqlıq dövrünü unudulmaz, qlobal və əzəmətli bir mübarizə halında olan bir atanın ağuşunda keçirdi. Bu xanım uşaqlıq dövründə Məkkə mübarizəsinin çətinliklərini daddı, Əbu Talib dərəsinə aparıldı, Məkkə mübarizəsi dövrünün acılığını, çətinliyini, qorxusunu və müxtəlif acılarını duydu. Sonra Mədinəyə hicrət etdikdə bütün həyatı Allah yolunda cihad olan bir insanın həyat yoldaşı oldu. Fatimeyi-Zəhra (s) ilə Əmirəlmömininin (ə) on bir ilə yaxın müştərək həyatında bir dövr olmadı ki, bu ər Allah yolunda cihada qalxmasın, döyüşə getməsin, bu böyük və fədakar xanım bir mücahid insana, əsgərə və müharibə meydanının daimi sərdarına ləyaqətli yoldaşlıq etməsin.



Geri   İrəli
Go to TOP