A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Qadın (Seyid Əli Xamenei)
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Başqa bir növ məqsəd də budur ki, biz danışmaqla, çalışmaqla və bəzən mübarizə aparmaqla qadın və kişi arasında bir növ düşmənçilik, ayrılıq və rəqabət vücuda gətirib, rəqabət əsasında bir dünya qurmaq istəyək. Sanki bəşər cəmiyyətində kişilər bir tərəfdə dururlar, qadınlar başqa bir tərəfdə. Bunlar bir-birinin nailiyyətləri üstündə çəkişirlər və qadın kişiyə qalib olmaq istəyir. Məqsəd budurmu?

Deməli, bu fəaliyyətin, bu hərəkətin, yaxud belə desək, bu hərəkatın məqsədi barəsində iki baxış təsəvvür etmək olar. Birinci baxış İslam baxışıdır. İkinci baxış isə dar düşüncə baxışıdır. Bu qərb ölkələrində göstərilən fəaliyyətlərdə biz ikinci məqsədin izlərini daha çox müşahidə edirik.

"Kövsər təvəllüdü" bayramı münasibəti ilə Azadlıq idman kompleksində xanımlarla görüşdə çıxışdan; 22 oktyabr, 1997

İslam üsulunu ciddi şəkildə və tam iradə ilə izləmək

Bizim özümüz İslamın əmrinə görə insan hüquqlarının tərəfdarıyıq. Çünki insan hüquqları İslamın prinsiplərindəndir. Lakin onların irəli sürdükləri məsələni bir hiylə və yalan bilirik. Bu onların qadın hüquqları tərəfdarlıqları, o da insan hüquqları tərəfdarlıqları. Dünyanın hegemonları, diktatorları, qarətçiləri, xalqların hüququna əhəmiyyətsiz yanaşanlar, zəif xalqların maraqlarını məhv edənlər və zəif ölkələrin torpaqlarını işğal edənlər bu gün insan və qadın hüquqlarının müdafiə bayrağını əllərində tutmuşlar. Bəllidir ki, müsəlman xalqlar bunlara diqqət göstərə bilməzlər. Mühüm olan budur ki, siz müsəlman qadınlar, xüsusən də gənc qadınlar, tələbə qızlar, elmi, ictimai və siyasi fəaliyyətlərlə məşğul olan xanımlar İslamın bu üsulunu ciddi və kamil şəkildə izləsinlər, onu buraxmasınlar. Müsəlman qadının islamçı və inqilabçı tərbiyəsi İslam Respublikasının fəxridir.

Ölkə qadınları ilə görüşdə çıxışdan; 16 dekabr, 1992

İslam Cümhuriyyəti qəzeti

Qadını xar etməkdə Qərbin müttəhim olması

Mən natiqlərə və təbliğatçılara dəfələrlə demişəm ki, qadın məsələsi barəsində öz mövqeyini müdafiə etməli olan biz deyilik. Süquta uğramış Qərb mədəniyyəti özünü müdafiə etməlidir. Bizim, qadın üçün təqdim etdiyimiz məsələlər elədir ki, heç bir insaflı, düşüncəli insan onun qadın üçün yaxşı olmasını inkar edə bilməz. Biz qadını iffətə, ismətə, hicaba, kişilərlə qeyd-şərtsiz qarışmamağa, insan məqamını qorumağa, yad kişi ləzzət alsın deyə onun qarşısında bəzənməməyə dəvət edirik. Məgər bu pisdir? Bu, müsəlman qadınının ucalığıdır. Bu, qadının ucalığıdır. Qadını bəzənib küçə və bazardakı kişilərin baxışını cəlb etməyə və onların ehtiraslarını doyurmağa çağıranlar cavab verməlidirlər ki, nə üçün onu bu qədər aşağılayıb xar etdilər.

Ölkə qadınları ilə görüşdə çıxışdan; 16 dekabr, 1992

Qərb və qadınların öz əmlakından istifadə haqqının qadağan olması

Keçmiş dövrlərdən bu günə qədər qadını bu qədər təhqirə məruz qoyan Qərb dünyası bizə borcludur. Siz baxın, Avropada və Qərb ölkələrində bir müddət öncəyə qədər qadınların müstəqil əmlak hüququ yox idi. Mən bir dəfə diqqətlə Qərbin statistikasını çıxardım və bir söhbətdə - deyəsən dörd-beş il bundan öncəki cümə namazında bəyan etdim. Misal üçün, irəli sürülən bütün iddialarla yanaşı, Qərbdə günbəgün daha artıq müşahidə olunan maraqlı və qəribə hicab açılımı ilə yanaşı, sonsuz və nəzarətsiz cinsi qarışmalarla (elə bilirlər ki, bu, qadına hörmət və dəyər bildirməkdir) yanaşı, eyni zamanda iyirminci əsrin əvvəllərinə qədər qərbli qadının özünə aid olan sərvətdən azad şəkildə istifadə etməyə haqqı olmamışdır, əri qarşısında özünün əmlakına malik olmamışdır. Yəni bir qadın ərə getdikdə onun sərvəti, əmlakı və mülkü ərinin ixtiyarına keçirdi, ondan istifadə etməyə haqqı çatmırdı. Nəhayət iyirminci əsrin əvvələrində tədricən qadınlara mülkiyyət hüququ, iş hüququ verildi. Yəni ən elementar insan hüquqlarından olan bu məsələ qadından əsirgənirdi. Amma İslamda diqqət göstərilən həqiqi dəyərlərin tam qarşı tərəfi üzərində daha çox təzyiq və təkid olunurdu. Bizim hicab barəsində bu qədər təkid göstərməyimizin səbəbi budur.

Qadınların mədəni-ictimai şurasının üzvləri və mütəxəssis həkim qadınlarla görüşdə çıxışdan; 25 dekabr, 1991

İyirminci əsrin əvvəllərinə qədər Qərbdə mülkiyyət hüququnun olmaması

Bu əsrin əvvəllərinə, yəni iyirminci miladi əsrinin ikinci və üçüncü onilliklərinə qədər Qərb ölkələrində qadınların həqiqi mənada mülkiyyət hüququ yox idi. Yəni qadın ərə getdikdə, ərinin icazəsi olmadan öz sərvətindən istifadə edə bilməzdi. Bunu qadını müstəqil bilən İslamın hökmləri ilə müqayisə edin. Məgər ərin haqqı çatırmı qadınına desin ki, sən öz malınla bu işi gör, bu işi görmə?! İslamda ərə belə bir haqq verilməmişdir.

İmam Xomeyninin məqbərəsindəki çıxışdan; 4 iyun, 1997

İslam Cümhuriyyəti qəzeti

İslamda qadının mülkiyyət hüququ

Bu gün iddia edilir ki, Avropada qadın azaddır. Amma yarım əsr öncəyə qədər həmin Avropada qadına öz şəxsi malından istifadə etməyə icazə verilmirdi. İslamda qadın öz sərvətinin sahibidir; əri razı olsun, yaxud olmasın; atası razı olsun, yaxud olmasın. Fərqi yoxdur. O öz sərvətindən, malından və əmlakından istifadə edə bilər. Başqa bir kəsə aidiyyəti yoxdur. İslamın fikri budur.

Xuzistan vilayətinin müdirləri və icraçı məsulları ilə görüşdə çıxışdan; 11 mart, 1997

İslamda qadına kamil hüquq və şəxsiyyətin verilməsi

Biz qadın hüquqları sahəsində Qərb mədəniyyəti qarşısında nəinki xəcalət hissi keçirmirik, hətta ona qarşı tələbkar ruhumuz da var. Düşünürük ki, Qərb mədəniyyəti qadınlara çox zülm etmişdir. 1920-ci ildən sonra Qərb ölkələrində tədricən qadınlar ictimaiyyət və siyasət səhnəsinə daxil oldular. Halbuki İslam 14 əsr öncə qadına kamil hüquq və şəxsiyyət bəxş etmiş, kişi və qadın arasında heç bir fərq və imtiyaz tanımamışdır.

"Qadın və qlobal İslam inqilabı" beynəlxalq konfransında çıxışdan; 6 fevral, 1988

İslam Peyğəmbəri (s) və qadınların insani hüququ

İslam hökuməti dövründə Mədinədə bir qadın Peyğəmbəri görməyə gəldi. Səhabələr gördülər ki, əziz Peyğəmbər (s) bu qadına çox məhəbbət göstərdi, özünün, ailəsinin halını soruşdu, onunla səmimiyyətlə və məhəbbətlə davrandı. O qadın gedəndən sonra Peyğəmbər (s) səhabələrin təəccübünü aradan qaldırmaq üçün buyurdu ki, bu qadın Xədicənin vaxtında (Məkkədə qorxu, nəzarət və şiddət dövründə) bizim evimizə get-gəl edirdi. Yəqin ki hamının Peyğəmbərin (ə) tərəfdarlarını mühasirəyə saldığı və Peyğəmbərin əziz həyat yoldaşı həzrət Xədicənin yanına heç kimin gəlmədiyi zaman bu xanım Xədicə ilə get-gəl edirmiş. Rəvayətdə də göstərilmir ki, bu qadın müsəlman olmuşdur, yoxsa yox. Güman ki, bu qadın hələ müsəlman da olmamışdı. Amma keçmişdə belə bir xüsusiyyətə malik olduğundan, belə səmimiyyət və məhəbbət göstərdiyindən, əziz Peyğəmbər (s) illərcə sonra ona belə minnətdarlıq bildirmişdir.

Cümə namazı xütbəsindən; 20 oktyabr, 1989

Qadının həqiqi hüququna riayət etməkdə İslam quruluşunun mütərəqqi olması

İran İslam ölkəsi qadının və ailənin həqiqi hüququna riayət baxımından qərblilərdən mütərəqqidir. Qərb ölkələrində, xüsusən də Amerikada qadınlara qarşı edilən zülmləri və hörmətsizlikləri məzəmmət edir.

Ölkə qadınlarının bir qrupu və məclisin qadın deputatları ilə görüşdə çıxışdan; 23 noyabr, 1994

İslam Cümhuriyyəti qəzeti

Qadın hüquqlarını müdafiədə qərblilərin və onların davamçılarının yanlış üsulu

Qərb dünyasında qadın barəsində düşünüb danışan şəxslər və onların buradakı bəzi təqlidçiləri təəssüf ki, yolu səhv getmişlər. Öz sözlərinə əsasən, onlar qadın hüquqlarını müdafiə etmək istəyirlər, lakin bu hüququ pis anlayırlar, İslamın baxışını pis yozurlar və bəzən cəhalət üzündən ən aydın İslam təfəkkürünü tənqid edirlər.

Qadının problem yaşadığı cəmiyyətlərdə (o cümlədən bizim öz cəmiyyətimizdə təəssüf ki, qadınlar ailədə problemlərlə üz-üzədirlər) qadın problemi necə deyərlər, qadın hüquqları tərəfdarlarının irəli sürdüyü işçilik, fəhləlik və qadın peşələri kimi məsələlərlə aradan qaldırılmayacaq. Qadın toplumunun ehtiyaclı olduğu məsələ bu gün İslam İranında bəzi qələm sahiblərinin və İslam əleyhinə olan qərb təfəkkürlərinin bəzi carçılarının söylədikləri deyil. Onlar tağut hökuməti dövründə bizim qadınlarımızı uçuruma çatdıran səhvləri təkrarlayırlar. Ölkə qadınlarının problemləri bu yollarla aradan qaldırılmayacaq.

Hörmüzqan vilayətinin qadınları ilə görüşdə çıxışdan; 18 fevral, 1998

Qərbli qadını model seçməklə qadın hüquqlarının yanlış müdafiəsi

Təəssüf ki, mən bəzən dillə qadın hüquqlarını müdafiə edən şəxslərin heç zaman qadınların xeyrinə olmayan səhvlər tələsinə düşdüyünü görürəm. Yəni qərbli qadına baxıb, ondan örnək götürmək istəyirlər. Halbuki onun baxışı İslam baxışı ilə kökündən fərqlidir. İslam baxışı o baxışdan qat-qat uca və qadınlar üçün mənfəətlidir. Biz ondan öyrənməyə çalışmamalıyıq. Bəziləri də təsirlənirlər. Onlar qadına zülm olunduğunu deyəndə bunlar bizim ölkəmizin daxilində qadına zülm olunmadığını sübuta yetirmək üçün elə sözlər danışır, elə işlər görür və elə fikirlər bildirirlər ki, qadına zülmlə əsla əlaqəsi yoxdur. Mən eşitdim ki, bəzi yerlərdə qadınların idman sahəsində bəzi qanun pozuntuları mövcuddur. Bunlar qanun pozuntularıdır, amma qadına zülmlə doğrudan da əlaqəsi yoxdur.

Qadınların mədəni-ictimai şurasının üzvləri ilə görüşdə çıxışdan; 5 noyabr, 1996

Qadın hüquqlarını müdafiədə Qərb mədəniyyətinə təmayülü ortadan götürməyin zəruriliyi

Mən xahiş edirəm verilən şüarlarda o məsələləri irəli sürməyək. Qərb mədəniyyətinə təmayülü öz mübarizənizin səbəbi etməyin. Çünki əvvəla uğursuzdur. Ona görə ki, xalq qulaq asmayacaq, çoxları qəbul etməyəcəklər. Cəmiyyətdə bu sözü qəbul etməmələri mümkün olan fikir sahibləri və şəxsiyyətlər var. Onlar qarşıda dayanacaqlar. Onlar da qadınların hüquqlarını müdafiə etmək istəyirlər.

İkinci isə hamı əl-ələ verib, qədimdən tapdanmış bir haqqı bərpa etmək istiqamətində çalışmaq əvəzinə, bir-biri ilə mübarizə aparmağa başlayırlar. O yanlış axın da öz vəziyyətində axacaq və faydası olmayacaq.

Üçüncüsü isə budur ki, məsləhət deyil, Allah-Taala razı deyil. İnsan gərək Allahın razı olduğu işi görsün. Bu mübarizədə, bu hökumətdə və indi gördüyümüz işlərdə bizim məqsədimiz Allahın razılığıdır. Əgər Allah razı olmasa, onun heç bir şeyini istəmirik. İnsan Allahı özündən razı etməlidir. Biz dörd gün burada yaşayırıq, nəfəs alırıq. Sonra elə bir yerə çatırıq ki, orada yeganə olan, əvvəl və son olan Allahın razılığı insana fayda yetirir. İnsan gərək Allah-Taalanı razı edən iş görsün.

İslam Şurası Məclisinin üzvü olan qadınlarla görüşdə çıxışdan; 21 iyul, 1997

Feminist görüşlərdən uzaq durmaq

Qadın məsələlərini ortaya qoymaqda və onların cəmiyyətdəki problemlərini həll etməkdə hər növ feminist və cinsiyyət əleyhinə təmayüllərdən çəkinmək lazımdır.

Məclis üzvü olan qadınlarla görüşdə çıxışdan; 6 oktyabr, 2001

Keyhan qəzeti

İslam cəmiyyətində qadın hüquqlarının bərpasının lazımlığı

İslam cəmiyyətində və bizim cəmiyyətimizdə qadınların hüququnun bərpası istiqamətində mütləq hərəkət edilməlidir. Lakin İslam əsasında və İslam məqsədi ilə. Qadın bütün cəmiyyətlərdə, o cümlədən bizim cəmiyyətimizdə zülmə və məcbur edilən çatışmazlıqlara düçar olur. Bu çatışmazlıq özbaşınalıq mənasında olan azadlıq çatışmazlığı deyil. Bu çatışmazlıq elm, bilgi, tərbiyə, əxlaq, inkişaf və istedadların çiçəklənməsi üçün meydanların və fürsətlərin çatışmazlığıdır. Bunu təmin etmək və axtarmaq lazımdır. Bu, İslamın təkid göstərdiyi məsələdir.

"Kövsər təvəllüdü" bayramı münasibəti ilə Azadlıq idman kompleksində xanımlarla görüşdə çıxışdan; 22 oktyabr, 1997

Qadınların hüququnun bərpası üçün düzgün hərəkətin xüsusiyyətləri

Hər bir ictimai hərəkətdə, hərəkət o zaman düzgün olacaq, düzgün nəticələrlə sonuclanacaq ki, ağıla, düşüncəyə, düzgün seçimə, məsləhətə, düzgün və əqli təməllərə əsaslansın. Qadınların hüququnun bərpası məqsədi ilə görülən hər bir hərəkətdə eynilə bu məsələ nəzərə alınmalıdır. Yəni hər bir hərəkət ağıllı və varlığın həqiqətlərinə əsaslanan bir baxış əsasında olmalıdır. Yəni qadının təbiəti və fitrəti, kişinin təbiəti və fitrəti, qadına məxsus məsuliyyət və peşələr, kişiyə məxsus məsuliyyət və peşələr və bunların arasında müştərək olan peşələr gözlənilsin, təsirlənməkdən və təqlidçilik üzündən bir iş baş verməsin. Əgər bir hərəkət təsirlənməkdən, təqlidçilikdən, kor-koranə və gözübağlı qərardan irəli gəlsə, zərərli hərəkət olacaq.

"Kövsər təvəllüdü" bayramı münasibəti ilə Azadlıq idman kompleksində xanımlarla görüşdə çıxışdan; 22 oktyabr, 1997

Qadını əxlaqi, qanuni və məntiqi müdafiə

Diqqət yetirilməsi lazım olan başqa bir məqam qadını əxlaqi və qanuni müdafiədir; xüsusən də ailə daxilində. Qeyd olunduğu kimi qanuni müdafiə qanunları düzəltməklə və lazımi qanunlar qəbul etməklə, əxlaqi müdafiə isə bu məsələni ortaya atmaqla, bunu düzgün anlamayan, qadını evdə kişinin zülmü altında olan və mənəvi özünüislah imkanından uzaq bir xidmətçi kimi düşünən və belə də əməl edən şəxslərlə mübarizə aparmaqladır.

Bu düşüncəyə qarşı güclü və şiddətli şəkildə mübarizə aparılmalıdır; sözsüz ki, tamamilə məntiqli və əqli formada.

"Kövsər təvəllüdü" bayramı münasibəti ilə Azadlıq idman kompleksində xanımlarla görüşdə çıxışdan; 22 oktyabr, 1997

İran qəzeti

Qadının cəmiyyətdə inkişafının düzgün hərəkəti

Hər bir ictimai hərəkətdə, hərəkət o zaman düzgün olacaq, düzgün nəticələrlə bitəcək ki, ağıla, düşüncəyə, düzgün seçimə, məsləhətə, düzgün və əqli təməllərə əsaslansın.

"Kövsər təvəllüdü" bayramı münasibəti ilə Azadlıq idman kompleksində xanımlarla görüşdə çıxışdan; 22 oktyabr, 1997

Qadın əleyhinə tarixi zülmlə mübarizədə peşəkarlığın lazımlığı

Məqsədim bu idi ki, zaman boyunca cəhalətlər səbəbindən hər birinin özü üçün mövqeyi nəzərə alınmamışdır. Bu üzdən kişi qüdrətli və güclü olduğuna görə hegemonluq və zülm etmişdir. Qadın tarixi bir zülm görmüşdür. Diqqət yetirin ki, məsələ tarixi bir zülmlə mübarizə məsələsidir. Buna görə, əgər bu mübarizə tələsik, naşılıqla, bəsit şəkildə və nə etmək istədiyimizi bilmədən görülsə, şübhəsiz, mübarizəni və onun qələbəsini geriyə salacaq. Buna görə çox peşəkarlıqla, lakin daim işləmək lazımdır.

İslam Şurası Məclisinin üzvü olan qadınlarla görüşdə çıxışdan; 21 iyul, 1997

İslamın qadına qarşı hörmətli, məsləhətli və ağıllı üsulu

İslamın və İran İslam Respublikası quruluşunun qadına qarşı üsulu hörmətli, məsləhətli, ağıllı və bəşəriyyətin xeyrinədir. Qərblilərin qadın barəsində icra etdikləri isə, qadının insani hüquqlarının ziddinədir.

Qərblilər ajiotaj yaratmaqla bizi öz haqq yolumuzu davam etdirməkdən saxlamaq istəyirlər. Amma İranın müsəlman, imanlı və inqilabçı qadınları İslam hökmlərinə və özlərinin dini vəzifələrinə əməl etməklə hegemonçu təbliğatçıların ağzından vuracaqlar.

Müsəlman qadınlarla görüşdə çıxışdan; 8 dekabr, 1993

İslam Cümhuriyyəti qəzeti

Qadınlarla rəftarda qanunları islah etməyin əhəmiyyəti

İslamın qadınlar barəsindəki fikri açıq və aydındır. Qadını müdafiə etmək üçün mövzudan kənar sahələrə daxil olmaqdan çəkinmək lazımdır. Qanunlarda düzəlişlər etmək və yeni qanunlar qəbul etməklə xüsusən ailələr daxilində qadını əxlaqi və qanuni cəhətdən müdafiə etmək lazım və zəruridir. Qadını evdə kişinin zülmü altında olan və mənəvi özünüislah imkanından uzaq bir xidmətçi kimi düşünən şəxslərə qarşı güclü və şiddətli, eyni zamanda tamamilə məntiqli və əqli şəkildə mübarizə aparılmalıdır.

"Kövsər təvəllüdü" bayramı münasibəti ilə Azadlıq idman kompleksində xanımlarla görüşdə çıxışdan; 22 oktyabr, 1997

İran qəzeti

Ailədə qadına zülm edənlərə qarşı qanuni və əxlaqi tədbir

Cəmiyyət qadına zülm etməyi özlərinin haqqı bilən şəxslərə qarşı həm qanuni, həm əxlaqi cəhətdən sərt tədbir görməlidir. Qanun da gərək bu sahədə sərt cəzalar nəzərdə tutsun. Mən burada deyirəm. Qərb ölkələrində bütün bu şüarları vermələrinə baxmayaraq, hələ bunu təmin edə bilməmişlər. Yəni ailələr daxilində ərləri tərəfindən döyülən qadınlar, atalarının əli ilə yaralanan və döyülən qızlar çoxdur. Bu sahədə dəhşətli və üzücü statistikalar mövcuddur. Lakin orada başqa bir şey də var və o, insan öldürməkdir. Asanlıqla qan tökürlər, rahatlıqla öldürürlər. İlahi təlimlərdən heç bir bəhrə götürməyən cəmyyətlərdə insan öldürmək, təəssüf ki, İslam cəmiyyətindəki kimi qəbahətli sayılmır. Qadınları öldürmək Qərb ölkələrində, xüsusən də Amerikada yayılmış çox çirkin və nifrət oyadan bəlalardan biridir. Xoşbəxtilkdən bunlar bizim ölkəmizdə bu səviyyədə deyil. Bəzi istisnaları çıxmaq şərti ilə belə şeylər görünmür. Amma hər halda, qadına qarşı hər hansı bir zülm, hər hansı bir fiziki şiddət çox ağır tədbirlə qarşılaşmalıdır. Bu zaman bizim İslam cəmiyyətimiz bu sahədə İslamın istədiyi səviyyəyə çatacaq.

"Kövsər təvəllüdü" bayramı münasibəti ilə Azadlıq idman kompleksində xanımlarla görüşdə çıxışdan; 22 oktyabr, 1997

Qanunun sayəsində qadının ər evində təhlükəsizlik hiss etməsi

Əgər qadının ər evində təhlükəsizlik hiss etməsi üçün qanunlar və qərarlar qəbul etdirə bilsəniz, çox yaxşıdır. İnsan çox zəhmətlə, məhəbbət və şəfqətlə, ata və anaya eşqlə bir qız böyüdür. Gənclik yaşına çatır. Hələ ata və ana evində uşaqdır, uşaq sayılır. Sonra ər evinə gedir. Hər bir şeyi anlamaq, hər bir işi görmək və hər bir işi bacarmaq gözlənilən bir xanım kimi yüngül bir səhv baş verdikdə, sərt reaksiyaya məruz qalır. Bu baş verməməlidir. Elə edin ki, qadın ər evinə getdikdə – hansı yaşda olursa olsun – təhlükəsizlik hiss etsin, hiss etsin ki, təzyiq görməyə bilər. Diqqət yetirirsiniz? Əgər bunu təmin edə bilsəniz, mənim fikrimcə çox böyük addım atmısınız. Əgər təzyiq görsə, özünü müdafiə edə bilsin. Onun ixtiyarında qanuni imkanlar olsun. Öz haqqını müdafiə edə bilsin. Əgər bu olsa, mənim fikrimcə çox böyük iş görülmüşdür. Mənim ən böyük istəyim və ən çox nigarançılığım budur ki, bu təmin olunsun. Görürəm ki, bu indi təmin olunmur, hətta mömin ailələrdə, təqvalı ailələrdə də yoxdur, bugünkü ailələrdə də yoxdur. Bir doktor xanım bir neçə il bundan öncə burada bizə şikayət etmişdi ki, elə də savadı olmayan əri bu doktor xanıma hegemonluq edir. Bu xanım da özünü müdafiə edə bilmirdi. Belə nümunələr var. Təəssüf ki, indi belədir. Əgər bacarsanız, bunu qayda və qanunlarla düzəldin.

İslam Şurası Məclisinin üzvü olan qadınlarla görüşdə çıxışdan; 21 iyul, 1997

Qərbin İran əleyhinə düşmən təbliğatına qarşı tədbir

Təbliğatın siyasi və qeyri-həqiqi olması

Bu gün İslam və inqilab düşmənlərinin İranda qadınların vəziyyətinə dair təbliğatı düşmən təbliğatı, hərtərəfli siyasi, qeyri-həqiqidir və İran İslam Respublikasına qarşı təzyiq xarakteri daşıyır. İndiki vəziyyətdə düşmənlərin təbliğatını zərərsizləşdirmək üçün İslam cəmiyyətinin qadınlarının vəzifəsi çox böyük və əhəmiyyətlidir.

Ölkə qadınlarının bir qrupu və məclisin qadın deputatları ilə görüşdə çıxışdan; 23 noyabr, 1994

İslam Cümhuriyyəti qəzeti

Qərbin mədəni hücumu

Hər bir xalqın kimliyi onun mədəniyyəti ilədir. Elmi üstünlük əldə edən qərblilər bütün dünyanı özününkü bilməyə çalışdılar. Bu yalnız mədəniyyətlə mümkündür. İndi sizin paltarınız haranındır? Kimin qalstuku, yaxud bantı olmasa, rəsmi məclisə buraxılmır. Bu, mədəniyyətin eksportudur. Məcburi mədəniyyət budur. Siz də onların yaşadığı kimi yaşamalısınız. Əgər qadın məsələsində sizin rəftarınız onlar kimi olmasa, sizə güclü hücum etməyə başlayırlar. Bunlar mədəni hücumun qlobal sahələridir.

İranın xaricdəki mədəni nümayəndələrilə görüşdə çıxışdan; 1 sentyabr, 1997

Keyhan qəzeti

Qərbin qadın barəsində mühakiməsi

Qadın məsələsi də belədir. İnqilabın əvvəlindən indiyə qədər 19 il ərzində İslam Respublikası quruluşunun və İslamın qadına baxışına qarşı ardıcıl olaraq mənasız sözlər danışırlar. İslam özünün qadınlara və qadınların cəmiyyətdəki roluna – fərdi roluna, ailə roluna, siyasi və ictimai roluna qarşı baxışına bütün iddiaçı xalqların əməl etməli olduğunu iddia edə bilər. Əgər bu sahədə Qərb ölkələri mühakimə stolu arxasında oturub cavab verməli olsalar, şübhəsiz, rüsvay olarlar.

İmam Xomeyninin vəfatının ildönümü mərasimində çıxışdan; 4 iyun, 1997

İslam Cümhuriyyəti qəzeti

Fəsad və çılpaqlığın qarşısını almaq – İranın qadına qarşı çıxdığını göstərmək üçün bir bəhanə

Bu bir neçə ildə İslam İranının qadına qarşı çıxmasını göstərmək istəyən hegemonçu və sionist təbliğatın bundan başqa bəhanələri olmayıb. Deyirlər ki, bugünkü İranda Qərbin muzdur rejiminin əli ilə düzəldilmiş məcburi fəsad dayandırılmış, çılpaqlıq, qadın və kişinin qeyri-sağlam qarışması ənənəsi ləğv edilmişdir.

“İmam Xomeyninin baxışında qadın şəxsiyyətinin araşdırılması” seminarına müraciətdən; 25 oktyabr, 1989

İranın qadın hüquqlarını pozmaqda ittiham edilməsinin səbəbi

Qadın hüquqlarının pozulması iddiası, hicabı və şəriət hüdudlarını qorumaqla ölkənin ən yüksək fəaliyyətlərində iştirak edən iranlı qadının uca məqamını bəyənməyən şəxslərin atdığı böhtandır. Onlar qadın və kişi münasibətlərinə hakim olan pozğunluğu və Qərb cəmiyyətlərində qadından namərdcəsinə istifadəni qadının ictimai həyatında ideal proqram sayırlar.

Hacılara müraciətdən; 29 may, 1993

İslam Cümhuriyyəti qəzeti

Müsəlman qadının şəxsiyyəti, izzəti və Qərbdən təsirlənənlərin ajiotajı



Geri   İrəli
Go to TOP