A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Qadın (Seyid Əli Xamenei)
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


İslam Şurası Məclisinin üzvü olan qadınlarla görüşdə çıxışdan; 21 iyul, 1997

Qərbdə ailə mühitində qadına zülm

Bəziləri zahirə baxırlar. Qərbdə ictimai mühitə baxıb görürlər ki, qadınlar gəlir və heç bir qorxu olmadan veyillənirlər. Elə bilirlər ki, bunlar ailə daxilində də belə qorxusuz hərəkət edirlər. Bu səhvdir. Ailədə qadınlara çox zülm olunur. İslam bunun qarşısını alır. Əgər bizim cəmiyyətimizdə bu sahədə nöqsan olsa, onun qarşısı alınmalıdır və qanunun qadını müdafiəsi güclü və kəskin şəkildə yerinə yetirilməlidir. Əlbəttə, ictimai yerlərdə elə fəaliyyətlər var ki, qadınlar orada daha fəaldırlar.

Şərqi Azərbaycan əhalisi ilə görüşdə çıxışdan; 19 sentyabr, 1996

Keyhan qəzeti

Qadının analıq sevgisini və şəfqətini ifadə etməkdən məhrum olması

Qərbdə ailə təməlinin zəifliyi o qədər nigaranedici olmuşdur ki, cəmiyyətin rəhbərlərinin fəryadı göyə ucalmışdır. Qərb qadına icazə vermir ki, təbii surətdə öz analıq sevgisini, bağlılığını və şəfqətini ifadə edib onunla inkişaf etsin.

İranın və dünyanın doqquz ölkəsinin müsəlman qadınları ilə görüşdə çıxışdan; 29 yanvar, 1989

Əbrar qəzeti

Ailə daxilində qadına zülm

Ailə - qadına ən çox zülmün yeri

Mənim fikrimcə, qadının bütün yerlərdən daha artıq zülmə məruz qaldığı yer ailənin daxilidir. Bacardığınız qədər bunun üstündə dayanın. Qadınların İslam vəzifələrinə yüksəlməsi sonrakı mərhələdir. Çox da diqqətəlayiq deyil. Amma ən mühüm məsələ ər və arvadın bir-biri ilə münasibətləri məsələsidir.

İslam Şurası Məclisinin üzvü olan qadınlarla görüşdə çıxışdan; 21 iyul, 1997

Dünyanın ailədə qadına zülmə diqqətsizliyi

Bu gün dünyada xüsusi məsələlərin üzərində həssaslıq var. Bu gün qadının əri tərəfindən döyülməsinə həssas yanaşılmır. Avropada və Amerikada, əlbəttə hamısı olmasa da, kişilər çox asanlıqla qadınları vururlar. Ailədə kişinin qadına zülm etməsinə dünyada həssas yanaşan yoxdur. Statistikalar göstərir ki, Amerika və Avropa ailələrində atalar və ərlər çox rahatlıqla övladlarını və həyat yoldaşlarını incidirlər. Dünyada bu məsələ üzərində ciddi dayanan yoxdur. Amma qadının geyimi üzərində həssaslıq var. Əgər bir insan, bir şəxsiyyət, bir filosof, bir sistem və bir siyasət qadının çılpaqlığına qarşı çıxsa, bunu dünya səviyyəsində böyük səs-küylə qarşılayacaqlar. Lakin fəsadların, adət və üslubların çoxunun üzərində həssaslıq yoxdur. Əgər bir ölkə öz siyasəti olaraq spirtli içkiləri qadağan etsə, bu, bütün dünyada rezonans doğuracaq. Onu mürtəce adlandırıb istehzalı təbəssümlə qarşılayacaqlar. Bu haranın mədəniyyətidir? Qadının bu çılpaqlığı və spirtli içkilərin yayılması, bir ənənə kimi, haraya aiddir? Bu, Avropaya məxsusdur və bu ölkələrin qədim mədəniyyətindən qaynaqlanır. Amma bu gün bu adət-ənənələr dünyanın başqa yerlərində də meyar götürülür və buna qarşı çıxanlar böyük günah etmiş sayılırlar.

Mazandaran vilayətinin ruhaniləri, cümə və camaat imamları ilə görüşdə çıxışdan; 12 may, 1990

Qadının ailədə məzlumluğunun tarixi və sosioloji amillərinin araşdırılması

Olduqca çox olan silsilə amillər qadına ev daxilində müstəqil və kişi ilə bərabər bir varlıq kimi rəftar etmək cürətini və cəsarətini vermirdi. Bəzən cəsarətli, amma ərköyünlük edib cəsarət göstərən zəif bir varlıq kimi, bərabər bir tərəf kimi yox; belə yox ki, iki insandır, iki şərikdir, bir yerdə bərabər münasibətdədirlər, bir-biri ilə danışırlar, bəzən dalaşır, bəzən barışırlar. Mən qadınların vəziyyəti və onların məzlumluğundan elə şeylər görmüşəm ki. Onlar indiyə aid deyil, uzun illər boyu bunu təcrübə etmişəm və həmişə bizim cəmiyyətimizdə qadının məzlum olduğunu düşünmüşəm. Düzdür, inqilabdan sonra bu məsələ çox fərqlənmişdir. İndi həm məhkəmələrin vəziyyəti yaxşıdır, həm kişi və qadının bir-birindən ayrılması vəziyyəti yaxşıdır. Bəli, İslam əxlaqıdır. Xanımlar meydana qoşuldular. Əvvəlkindən bir qədər artıq qüvvə, cəsarət və ruhi cəzbedicilik əldə etdilər. Amma bizim cəmiyyətimizdə ümumi olaraq qadın məzlumluğu hələ də bir reallıqdır. O zaman keçmiş rejim bunu çox səfehliklə, sizin bildiyiniz və bizim gördüyümüz yolla aradan qaldırmaq istəyirdi: qadının çılpaqlığı mədəniyyəti ilə. Bu tamamilə səhv idi. Ümumiyyətlə məsələ bu deyildi ki, qadın hicablı olduğundan məzlumdur. Xeyr, hicabsız və Qərb mədəniyyətinə aludə olan çox xanımlar da ərləri tərəfindən köhnə hərəmxana vəziyyətində, bir külfət, bir əsir və bir qul formasında döyülürdülər. Məgər Avropanın başıaçıq qadını əri tərəfindən döyülmür?! Buna görə problem hicab deyildi. Bizim ölkəmizin bir neçə əsrlik problemindən qaynaqlanırdı. Əgər kimsə sosioloji və tarixi baxımdan araşdırmaq istəsə, düzgün nəticə üçün çox işlər görməlidir. Hər halda, bizim cəmiyyətimizdə belə bir vəziyyət mövcuddur. Mən düşünürəm ki, bu vəziyyətin düzəlməsi üçün təlim və tərbiyəyə ehtiyac var, mədəni işə ehtiyac var. Bu, uzun müddətdə mümkün olacaq, lakin əgər mədəni iş görülməsə, heç zaman düzəlməyəcək. Həmçinin bəzi qanunlara da ehtiyac var. Əgər İslam Şurası Məclisində bu qanunlar qəbul olunmasa, onun düzəlməsi yenə uzanacaq. Buna görə məclisdə qadın deputatların, həmçinin Mədəni İnqilab Ali Şurasına bağlı olan ictimai-mədəni şuranın olması təsirli ola bilər.

Qadınların seçkilərdəki rolu barəsində "Günün qadını" jurnalı ilə müsahibədən; 4 mart, 1988

Tarixi hadisələrdə qadına zülm

Aşuradan sonra qadınların təhqirlə birgə olan əsirliyi

Məhərrəmin on birinci günündə sağ qalmış kişilər, qadınlar və uşaqlar əsir oldular; təhqirlə, hörmətsizliklə, aclıqla, soyuqla, isti ilə, əziyyətlə, küçə və bazarda gəzdirilməklə ən pis şəraitlərdə saxlanmaqla, rişxənd olunmaq və digər bu kimi işlərlə birgə olan əsirlik.

Xalqın müxtəlif təbəqələri görüşdə çıxışdan; 6 dekabr, 1989

Peyğəmbərin (s) həyat yoldaşına qarşı cinsi şayiə

Bu sırada çox mühüm bir xatirə və hadisə var. Mən dəfələrlə beynimdə bu barədə düşündüm. Quranda bu hadisənin ayələrinə müraciət etdim. Bu “İfk” hadisəsidir. Mübarək nur surəsində bu hadisəyə aid bir neçə ayə var. İfk hadisəsinin xülasəsi budur ki, döyüşlərin birində Peyğəmərin (s) həyat yoldaşlarından biri karvandan geri qalmışdı. Peyğəmbər o yoldaşını müharibəyə aparmışdı, qayıtdıqda gördülər ki, yoxdur. İndi hər hansı bir səbəbə görə - ya yuxuya qalmışdı, ya bir iş dalınca getmişdi, hər halda, müsəlmanlar gəldikdə gördülər ki, Peyğəmbərin həyat yoldaşı onların arasında deyil. Müsəlmanlardan biri peyda olub Peyğəmbərin həyat yoldaşını Mədinəyə gətirdi.

O qadının Peyğəmbərin (ə) hansı həyat yoldaşı olması sünni və şiə məzhəblərində ixtilaflı mövzudur. Şiə öz rəvayətlərində deyir ki, Mariyə-Qibtiyyə, Əhli-sünnə isə deyir ki, Ayişə olmuşdur. Peyğəmbərin (s) hansı həyat yoldaşının olması üzərində çəkişmək movzudan yayınmaqdır. Ümumiyyətlə söhbət bundan getmir ki, biz bu ayələrin Peyğəmbərin (s) hansı həyat yoldaşına atılan böhtan barəsində nazil olduğunu bilmək istəyək. Məsələ başqa bir məsələdir, çox mühüm olan əxlaqi və ictimai əmrdir.

O xanım Mədinəyə qayıtdıqdan sonra bəzi boşboğaz və pis danışan adamlar xalqın arasında belə bir söhbət yaydılar ki, bu xanım harada olub, nə üçün geri qalıb və onu gətirən şəxs kim idi?

Onlar açıq danışmadan, müəyyən bir ittiham irəli sürmədən xalq arasında şayiə yayırdılar. Məsələ bu deyil ki, o xanım Peyğəmbərin (s) xanımıdır və ona hörmət göstərmək lazımdır. Quran ayələrində məsələ başqa bir şeydir. Nur surəsinin İfk barəsində - yəni münafiqlərin, bədxahların və sağlam olmayan insanların cəmiyyətdə yaydığı həmin yalan söz barəsində olan ayələri çox həssaslıq nümayiş etdirir. Ardıcıl bir neçə ayədə çox sərt tonla müsəlmanlara söylənilir ki, nə üçün siz bu şayiəni eşitdikdə onu deyənə qarşı sərt davranmadınız. Ayələrin məzmunu budur: nə üçün bu şayiəni qətiyyətlə rədd etmədiniz? Bu ayədə iki yerdə “ləb la” ilə başlayan cümlə var. Ərəb qrammatikasını bilənlər anlayırlar ki, çox kəskin şəkildə qınamaq istəyən insan bu sözü öz dinləyicisinə deyir: nə üçün bu işi gördünüz? “Məgər o yalan sözü eşitdiyiniz zaman mömin kişilər və qadınlar öz ürəklərində yaxşı fikirdə olub: “Bu, açıq-aydın bir böhtandır!” – deməli deyildilərmi?“[11] Nə üçün siz müsəlmanlar - mömin kişi və qadınlar bu şayiəni eşitdiniz, bir-birinizə yaxşı güman göstərmədiniz və qətiyyətlə demədiniz ki, bu yalandır. Başqa bir yerdə buyurur: “Məgər siz onu eşitdiyiniz zaman: “Bizə bunu danışmaq yaraşmaz. Aman (Allah)! Bu, çox böyük bir böhtandır!” – deməli deyildinizmi?“[12] Nə üçün bu şayiəni eşitdikdə demədiniz ki, bizim bu şayiəni təkrarlamağa haqqımız yoxdur, bu böyük bir böhtandır?

Sonra bu ayələrin sonunda buyurur: “Allah sizə öyüd-nəsihət verir ki, əgər möminsinizsə, bir daha belə şeylər etməyəsiniz“[13]. Yəni Allah sizə moizə və nəsihət edir ki, daha heç zaman belə şayiələrin ətrafında dolaşmayın. Əgər möminsinizsə, daha İslam cəmiyyəti arasında belə bir hadisə yaranmasın; yəni imanın şərti budur.

Qeyd etdiyim kimi, məsələ bu deyil ki, bu şəxs Peyğəmbərin həyat yoldaşı idi. Əgər Peyğəmbərin həyat yoldaşı olmasaydı da, möminlər üçün həmin qınaq, müraciət və həmin vəzifə mövcud idi.

Cümə namazı xütbəsindən; 20 oktyabr, 1989

Bosniyada qadınlara təcavüz

Serblər və xorvatlar silahlı xalqlardır. Onlar Bosniyanın müsəlman və məzlum xalqına qarşı çox qarətlər və qətllər törətdilər; onların mallarını qarət, namuslarına təcavüz etdilər. Halbuki insan hüquqlarını, qadın hüquqlarını, uşaq hüquqlarını və hətta heyvanları müdafiə etdiklərini iddia edənlər bu cinayətlərə təkcə tamaşa etdilər. Gördükləri yeganə iş sülh pərdəsi altında Bosniyanın mühasirədə qalmış müsəlmanlarına silah ötürülməsinə mane olmaq idi.

Həzrət Məhəmmədin (s) doğum gününün ildönümündə xalqla görüşdə çıxışdan; 6 sentyabr, 1993

İslam Cümhuriyyəti qəzeti

Beynəlxalq qüdrətlərin hökmranlığı - qadınların və uşaqların aclığının və ölümünün amili

Uşaqların və qadınların yoxsulluğu, aclığı, ölümü və diktator hakimlərin zülmü dünya güclərinin beynəlxalq təşkilatlara hakim olmasının nəticəsidir.

Sərvətli Afrika xalqının, Amerika və Asiya xalqlarının başına gələnlər beynəlxalq hakim güclərin bu ölkələrin hakimlərini müdafiə etməsinin nəticəsidir.

Beşinci İslam təfəkkürü konfransındakı çıxışdan; 29 yanvar, 1987

Fələstin qadınlarına işgəncə

İşğal olunmuş Fələstində xəyanətkar sazişlərə etinasız halda boş əllə haqlı mübarizəni davam etdirən müsəlmanlar kobud və qeyri-insani üsullarla əzilirlər. Qadınları, uşaqları və qocaları, əmr almış sionist əsgərlərinin əli ilə işgəncəyə məruz qalır, tar-mar edilir, Qərb dövlətlərinin insan hüquqları iddiaçılarının heç birindən səs çıxmır. Amerika, İngiltərə və bəzi ölkələr əməli yardım edir və dillə həvəsləndirirlər də.

Bəsic (könüllü keşikçilik) həftəsi və inqilabın mərhum rəhbərinin məzlumlar bəsicinin təşkil edilməsi ilə bağlı müraciətinin ildönümü münasibəti ilə bəsic komandanlarının ümumrespublika toplantısına müraciətdən; 23 noyabr, 1989

Elm və bilgi sahəsində qadına zülm

Qadınlara müxtəlif mədəni zülmlər

Əgər qadını düzgün təhsilə, elm və bilgi əldə etməyə qoymasalar, bu zülmdür. Əgər şərait elə olsa ki, qadın işin çoxluğuna və müxtəlif işlərin təzyiqinə görə öz əxlaqı, dini və bilgisi ilə məşğul olmağa imkan tapmasa, bu zülmdür. Əgər qadın öz əmlakından müstəqil surətdə və öz iradəsi ilə istifadə edə bilməsə, bu zülmdür. Əgər qadın ailə qurarkən məcbur edilsə, ərin seçilməsində onun özü rol oynamasa, onun iradə və istəyinə diqqət göstərilməsə, bu zülmdür. Əgər övlad tərbiyəsi üçün istər evin daxilində, ailə ilə yaşadıqda, istər ərindən ayrıldığı surətdə öz övladından emosional baxımdan yetərincə bəhrələnə bilməsə, bu zülmdür. Əgər qadının istedadı varsa, misal üçün, elmi istedadı varsa, ixtira və kəşflər üçün istedadı varsa, siyasi istedadı varsa, ictimai işlər üçün istedadı varsa, lakin bu istedaddan istifadə etməyə, onları çiçəkləndirməyə qoymurlarsa, bu zülmdür.

"Kövsər təvəllüdü" bayramı münasibəti ilə Azadlıq idman kompleksində xanımlarla görüşdə çıxışdan; 22 oktyabr, 1997

Qadınların kişilərə nisbətən geri qalması

Bir qız məktəbə getməsə, savadsız qalacaq. Bu, onu məktəbə qoymayan ata və ananın təqsiridir, qadına işləmək icazəsi verməyən mühitin və cəmiyyətin təqsiridir. Nəticə bu olub ki, siyasi-ictimai məsələlərdə təhlil qabiliyyəti, zehni qüvvə, yaradıclıq və düşüncə qüvvəsi bizim cəmiyyətimizdə ümumi olaraq kişilərdə qadınlardan daha artıq olsun. Halbuki qeyd etdiyim kimi, iranlı qadının istedadı iranlı kişinin istedadı kimi yüksəkdir, yəni dünyanın orta səviyyəsindən yuxarıdır.

"Günün qadını" jurnalına müsahibədən; 4 mart, 1988

Elm və bilgi üçün imkanların və meydanların azlığı

Qadın bütün cəmiyyətlərdə, o cümlədən bizim cəmiyyətimizdə zülmə və məcbur edilən çatışmazlıqlara düçar olur. Bu çatışmazlıq özbaşınalıq mənasında olan azadlıq çatışmazlığı deyil. Bu çatışmazlıq elm, bilgi, tərbiyə, əxlaq, inkişaf və istedadların çiçəklənməsi üçün meydanların və fürsətlərin çatışmazlığıdır. Bunu təmin etmək və axtarmaq lazımdır. Bu, İslamın təkid göstərdiyi məsələdir.

"Kövsər təvəllüdü" bayramı münasibəti ilə Azadlıq idman kompleksində xanımlarla görüşdə çıxışdan; 22 oktyabr, 1997


On birinci fəsil: İslam quruluşu və qadınlar

Qadın məsələlərinə diqqətin zəruriliyi

Qadın məsələlərinə qarşı rəhbərin həssaslığı

Mənim bu 10-20 il boyunca İranda qadın məsələlərinə dair əziyyət çəkdiyim və narahat olduğum miqdarın hətta bir hissəsini də qadınların çoxusu anlamadılar və narahat olmadılar.

"Günün qadını" jurnalına müsahibədən; 4 mart, 1988

Qadına əməli hörmət

Bizim məqsədimiz bu idi ki, Qadın gününə bu formada hörmət göstərilsin. Allaha həmd olsun ki, ən yaxşı şəkildə hörmət bildirildi. Çünki ən yaxşı hörmət əməli hörmətdir. Sizin kimi məlumatlı, alim və görkəmli xanımların müxtəlif sahələrdə fəaliyyəti nəticəsində aydın oldu ki, Allahın lütfü ilə iranlı qadın uca bir səviyyədədir. Bu əhəmiyyətlidir.

İranlı və xarici qadınlarla sual-cavab məclisindəki çıxışdan; 11 oktyabr, 1998

Dünyada qadın məsələsinin həll olunmaması

Bu gün hələ də dünyada bir problem olan qadın problemi barəsində çox sözlər danışılıb və danışılır. Biz dünya xəritəsi və bəşər cəmiyyətlərinə baxdıqda - həm öz ölkəmiz və digər İslam ölkələri kimi İslam cəmiyyətlərinə, həm də qeyri-müsəlman, o cümlədən, necə deyərlər, sivil və inkişaf etmiş cəmiyyətlərə baxdıqda təəssüf ki, bu cəmiyyətlərin hamısında qadın problemi adlı bir problem hələ də mövcud olduğunu görürük. Bu, insan problemlərinə qarşı bir növ yanlış baxışın və yanlış gedişin göstəricisidir və insan problemlərinə qarşı bir növ dar düşüncədən xəbər verir. Bəlli olur ki, bəşər bütün iddiaları, ixlaslı və qayğıkeş insanların bütün səyləri, xüsusən qadın barəsində görülən böyük mədəni işlərlə yanaşı, hələ iki cinsin problemi, qadın məsələsi və onun ardınca digər formada irəli sürülən kişi məsələsi barəsində hələ də düzgün yol tapa bilməmişdir.

Qadınların mədəni-ictimai şurasının üzvləri ilə görüşdə çıxışdan; 25 dekabr, 1991

Qadın məsələlərinə qarşı yanlış baxış və dar düşüncə

Bəşər hələ qadın məsələsini, bu məsələnin ardınca iki cinsin, yəni qadın və kişinin məsələsini və zəruri olaraq insaniyyət məsələsini həll edə bilməmişdir. Başqa sözlə desək, ifratçılıqlar, yanlış getmələr, yanlış anlamalar və bunların ardınca təcavüzlər, zülmlər, psixoloji çatışmazlıqlar, ailəyə aid olan problemlər, iki cinsin qarışmasına və münasibət tərzinə aid olan problemlər hələ də bəşəriyyətin həll olunmamış problemlərindəndir. Yəni maddi sahələrdə, səma cisimlərində, dənizlərin dibində bu qədər kəşflər edən, psixoloji, ictimai, iqtisadi və digər sahələrin xırdalıqlarından bu qədər dəm vuran və doğrudan da bu fənlərin çoxunda inkişaf etmiş insan bu məsələdə aciz qalmışdır. Mən bu çatışmazlıqları hətta sadalamaq istəsəm, çox vaxt lazım olacaq və özünüz bunları bilirsiniz.

Qadınların mədəni-ictimai şurasının üzvləri, mütəxəssis həkim və məmur qadınlarla görüşdə çıxışdan; 25 dekabr, 1991

Qadınların problemlərini həll etmək üçün əməli intensivlik

Qadına zülm, onun təcrid olunması və kişiyə nisbətən geri qalması problemini həll edə bilən, yaxud hər halda, qadının cəmiyyətdəki həqiqi elmi mövqeyini müəyyən edə bilən əməli iş və əməli bir intensivlikdir. Bu sırf nəzəri bir məsələ deyil ki, insan oturub onun üzərində fikirləşsin və bir fərd kimi nəzəriyyə irəli sürüb ümumi məsələləri bəyan etsin.

"Günün qadını" jurnalına müsahibədən; 4 mart, 1988

Prioritetlər

Qərbdə qadın barəsində irəli sürülmüş şəxsiyyətin əsas elementlərinə yenidən baxış

Bu gün dünyada qadın şəxsiyyətinin əsas elementləri kimi irəli sürülən və əsas etibarilə Qərb mədəniyyətindən alınan məsələlərin yenidən ciddi və dərin bir baxışa ehtiyacı var.

"Qadın və qlobal İslam inqilabı" beynəlxalq konfransında çıxışdan; 6 fevral, 1988

Ettelaat qəzeti

Qadın məsələlərində, cəmiyyətin ümumi mədəniyyətinin düzəldilməsi

Qadınların problemləri sahəsində ən əhəmiyyətli olan əsas məsələlərdən biri cəmiyyətin qadınların siyasi məsələlərinə baxışındakı ümumi mədəniyyətini düzəltməkdir.

Məclis üzvü olan qadınlarla görüşdə çıxışdan; 6 oktyabr, 2001

Keyhan qəzeti

Qadınları ideal vəziyyətə yetirmək üçün İslam hökmlərindən ilham almaq

Əgər biz bu gün qadınları özlərinin ideal vəziyyətinə çatdıra bilmək üçün ölkəmizin qadınlarına dair həqiqi və əsaslı bir iş görmək istəsək, İslam hökmlərinə nəzər yetirməli və ondan ilham almalıyıq.

"Kövsər təvəllüdü" bayramı münasibəti ilə Azadlıq idman kompleksində xanımlarla görüşdə çıxışdan; 22 oktyabr, 1997

Qadın mövqeyinin gücləndirilməsi

Ailə ocağının, qadının ondakı mövqeyinin, eləcə də qadınların bütün sahələrdə dini və qanuni hüquqlarının təmininin gücləndirilməsinə və onların quruculuq roluna xüsusi diqqət (lazımdır).

Üçüncü inkişaf proqramının ümumi siyasətlərindən: 23 may, 1999

Keyhan qəzeti

Qadınların əsas istəyi - aramlıq və təhlükəsizlik duyğusu

Qadının əsas istəyi bu gün təəssüf ki, Qərbdə məhv edilmiş əsaslı məsələdir; yəni aramlıq və təhlükəsizlik duyğusu, istedadı inkişaf etdirmək imkanı, cəmiyyətdə, ailədə, ər evində, ata evində və digər yerlərdə zülm altında qalmamaq hissi.

"Kövsər təvəllüdü" bayramı münasibəti ilə Azadlıq idman kompleksində xanımlarla görüşdə çıxışdan; 22 oktyabr, 1997

Qadın və kişi məsələsinin həlli yolu

Qadın və kişi məsələsinin həlli üçün lazımi qanun və qərarlar qəbul edilməlidir. Müxtəlif elmi, ictimai, iqtisadi, ədəbi və incəsənət fəaliyyətləri ilə qadınların ağıl və düşüncə səviyyəsi yüksəldilməlidir. Cəmiyyətin düşüncə səviyyəsi də ümumi şəkildə inkişaf etdirilməlidir. Çünki ağıllı, düşüncəli və hikmətli bir cəmiyyətdə heç kəs ayrısının zülmünə məruz qalmaz.

Ölkənin məmur, mütəxəssis və incəsənət xadimi olan qadınları ilə görüşdə çıxışdan; 13 noyabr, 1995

Keyhan qəzeti

Qanunlar qəbul etməklə qadınların problemlərinin tədrici həlli

Qadınların olduqca çox olan problemləri tədricən bizim xalqımızın beyninə daxil olmuşdur və bunun silinməsi asanlıqla mümkün deyil. Qadınların mədəni məsələləri gərək tədricən və çox diqqətli qanunlar qəbul etmək sayəsində düzəlib xoşagəlməz vəziyyətdən çıxsın. Bu iş həll olunmamış bir neçə qısa sual müddətində və məclisdəki bir neçə azsaylı qadınların gücündə də deyil. Getdikcə baş verməlidir.

"Günün qadını" jurnalına müsahibədən; 4 mart, 1988

Savad və qanun - qadın iqtidarının alətləri

Qadın normalda fiziki quruluş baxımından kişi kimi qüvvətli deyil. Bu ona qarşı belə hegemonluğun edilməsinə səbəb olmuşdur. Bu üzdən, bu, bir tərəfdən bilgi və savadla və digər tərəfdən qanunla düzəldilməlidir. Yəni iqtidar alətləri qadının ixtiyarında olmalıdır.

Bu alətlər bəzən bilgi, savad və bu kimi məsələlərdir; bunlar qadının zülm altında qalmasına mane olur. Digər tərəfdən də qanundur. Əgər bu iki məsələ təmin olunsa, yaxşı olar. Qadınları dərs oxumağa vadar edin. Qızları ali təhsillərə vadar edin. Qanuni yollarla qızların ali elm mərkəzlərinə daxil olmaq məsələsini təmin edin və asanlaşdırın. Əgər bunlar olsa, mənim fikrimcə bütün işlər görülmüşdür.

İslam Şurası Məclisinin üzvü olan qadınlarla görüşdə çıxışdan; 21 iyul, 1997

Şəxsi məsələlərin qadınlar üçün prioritet olmaması

Düzdür, bizim ölkəmizdə inqilabdan sonra həm cəmiyyətin bir üzvü kimi, həm də qadınlıq vəzifələrinə - analıq, həyat yoldaşılıq və bu kimi vəzifələrə sahib olan bir şəxs kimi, qadının vəziyyəti keçmişdəkindən çox yaxşı olmuşdur. Baxmayaraq ki, qeyd etdiyim iki cəhətdən keçmişdə ölkənin bəzi qadınlarının (onların əksəriyyəti yox) şəxsi vəziyyətləri bəlkə də pis deyildi və bəzi xüsusi qadınlar cəmiyyətin ümumi sərvətlərinin bir qədərindən bəhrələnirdirlər. Lakin qadın üçün şəxsi məsələ birinci dərəcəli məsələ deyil. Əgər biz qadın həyatının cəhətlərinə baxsaq, doğrudan da onun varlığının ən mühüm cəhətləri və heysiyyətləri mütləq şəxsi olan məsələlər deyil.

Qadınların mədəni-ictimai şurasının üzvləri ilə görüşdə çıxışdan; 6 yanvar, 1991

Qadınların hüququnun təmin edilməsi

Qadınlar üçün mədəni hüquqi fəaliyyətin məqsədi

Qadını ideal nöqtəyə çatdırmaq üçün mədəni və hüquqi fəaliyyətlərə ictimai və fərdi baxımdan iki növ məqsəd təsvir etmək olar:



Geri   İrəli
Go to TOP