A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Qadın (Seyid Əli Xamenei)
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Ölkə qadınları ilə görüşdə çıxışdan; 16 dekabr, 1992

Qərb mədəniyyətinin insanın cinsi dözümlülüyünə qarşı çıxması

Bu mədəniyyətin tam qarşı tərəfi bugünkü Avropaya hakim olan Roma mədəniyyətidir. O hər şeylə razılaşır, iki-üç şeydən başqa. Onların biri və bəlkə də ən əhəmiyyətlisi qadın və kişi cinsi arasında qanun-qaydalı fasilənin qorunmasıdır; başqa sözlə desək, Qərbdə cinsi azadlıq adlandırılan məsələnin qarşı tərəfi olaraq, cinsi dözümlülük. Onlar bu prinsip qarşısında çox kəskin mövqedədirlər. Çünki onlara görə bu məsələ üzərində dayanan şəxs mürtəcedir. Əgər bir ölkədə qadınlar müəyyən qaydalarla kişidən ayrılsalar, bu, mədəniyyətin əksi olur. Doğru da deyirlər. Onların Roma sivilizasiyasının xarabalıqları üzərində qurulmuş sivilizasiyası bundan başqa bir şey deyil. Dəyər baxımından onların mədəniyyəti yanlış, əksi isə düzgündür.

Qadınların mədəni-ictimai şurasının üzvləri, mütəxəssis həkim və məmur qadınlarla görüşdə çıxışdan; 25 dekabr, 1991

Cinsi azadlığın qərbdən şərq ölkələrinə eksportu

Qərbdə qadın və kişinin məhdudiyyətsiz əlaqəsi adi bir haldır. Qadın və kişi münasibətlərində hicabın, vasitənin və fasilənin olmaması normal bir işdir. Demirik ki, Qərb ölkələrində bütün kişilər, yaxud qadınlar pozğundurlar. Yox, belə bir iddia etmirik, belə böhtan yaxmırıq, bunun həqiqəti də yoxdur. Heç şübhəsiz, onların arasında yaxşı və nəcabətli kişi və qadınlar da var, lakin ümumilikdə cinsi azadlıq Qərb cəmiyyətlərinə hakimdir. Bu, orada bir mədəniyyətdir. Qərb mədəniyyətində cinsi ehtirasların azadlığı icazəli və qeyd-şərtsiz bir məsələdir.

Bəzi Qərb ölkələri bu məsələdə çox inkişaf etmişlər, öz həyatlarını xəcalətli formalara salmışlar. Əlbəttə, peşmandırlar. Bu, Qərb ölkələrinin mütəfəkkirlərinin, siyasətçilərinin, ideoloqlarının və idarəçilərinin çarəsiz qaldığı və doğrudan da onlar üçün problem yaratdığı məsələdir.

Qərb bu mədəniyyəti, bu xarakteri və adəti bütün ölkələrə ixrac etdi. Başqa ölkələrdə belə fəsad yox idi, İslam ölkələrində və hətta Şərqin qeyri-müsəlman ölkələrində də belə bir şey mövcud deyildi. Bunu qərblilər idxal etdilər.

Cümə namazı xütbəsindən; 30 mart 1990.

Cinsi özbaşınalığın yayılması

Qərb cəmiyyətlərində fəsadın və cinsi özbaşınalığın günbəgün artması

Qərb mədəniyyəti çılpaqlıq və rüsvayçı fəsad deməkdir. Bu fəsad bu gün Qərb ölkələrində çox qadınların həyatına kölgə salmışdır. Onların yanlış təbliğatlarının təsirindən bu cəmiyyətlərdə fəsad və pozğunluq günbəgün artmaqdadır. Onlar özlərinin düçar olduqları fəsadı İslam ölkələrinə də ixrac etmək istəyirlər. Amma biz onu ictimai həyat üçün zərərli bilir, ən yaxşı üslub kimi İslam üslubunu öz həyatımıza örnək seçmişik.

Şəfqət bacıları və mədəni qurumların işçilərilə görüşdə çıxışdan; 13 oktyabr, 1994

İslam Cümhuriyyəti qəzeti

Cinsi azğınlıq - Qərbin hədiyyəsi

Xoşbəxtlikdən Qərbin hədiyyəsi və Qərb kapitalizminin xəbis təsirlərindən biri olan pozğun əxlaq və cinsi özbaşınalıq xalqın diqqət mərkəzindədir. Deməliyəm ki, bu, qərblilərin qəsdən bizim xalqımız üçün gətirdiyi və yerli olmayan bir məsələdir. Lakin bizim xalqımız müsəlman, təəssüblü, iffətə, paklığa və İslam örtüyünə sadiq olduğundan, bu iş sürətlə və asanlıqla baş tutmadı. Əgər keçmişə qayıtsaq, iyirminci illərdə bizim ölkəmizdə cinsi özbaşınalığın köçürülməsi başlanıldı; hətta hicabın açılmasından qabaq. Hələ bizim xalqımızın hicabı vardı, bizim qadınlarımız kamil örtüklə küçə və xiyabanlara çıxırdılar. Bu zaman Tehran şəhərinə fəsada və pozğunluğa həvəsləndirən filmlər gətirildi. Kinoteatrlara gedən şəxslər o filmlərdə ümumiyyətlə görmədikləri mənzərələri görürdülər: örtüyü olmayan qadınlar və kişilər, uyğun olmayan hərəkətlər, aşkarda baş verməsinin mümkünlüyü müsəlman kişi və qadının xəyalına belə gəlməyən mənzərələr. Belə filmlər nümayiş etdirilirdi. Əyan və əşraf məclislərinə məxsus olan, saray adamlarının, dövlət və səltənət adamlarının ixtiyarında olan fəsad və pozğunluq tədricən xalqın orta səviyyəsinə yayılırdı. Nəhayət 1935-ci ildə hicab qadağan olundu və müstəmləkə siyasətindən İrana möhkəm zərbə vuruldu. Rza xanın dövləti sayəsində kinoteatrlar, qəzetlər, təbliğat elanları və bütün təbliğat imkanları fəsad və pozğunluğun yayılması məqsədi ilə işə salındı. Rza xanın İrandan uzaqlaşmasından sonra hökumət və siyasət aparatının gücü zəif olduğundan fəsad və cinsi özbaşınalıq prosesi bir qədər dayandı və xalq yenidən öz hicabına qayıtdı.

Tehranın cümə namazı xütbəsindən; 23 avqust, 1986

İslam Cümhuriyyəti qəzeti

Cəmiyyətləri məhv etməkdə fəsadın təsiri

Qadın və kişinin eyş-işrətə, rifahlı və fəsadlı həyata yönəldiyi bir cəmiyyət, bilin ki, özünü müdafiə etməyə qadir olmayacaq. Belə bir cəmiyyət öz maraqlarını, şərəfini və heysiyyətini qoruya bilməyəcək.

Könüllü keşikçilər və ruhanilərlə görüşdə çıxışdan; 27 oktyabr, 1989

İnsanlara hakim olmaq üçün qadın və kişinin cinsi meylindən istifadə

Cinsi fəsad, cinsi özbaşınalıq, qaydalara və hədlərə riayət olunmaması, cinsi qərizələrdən istifadə... Bu bir qərizənin azğınlığa düçar olmasıdır. Biz görürük ki, kişi və qadının cinsi qərizəsindən müxtəlif səviyyələrdə yanlış istifadə etməklə və onu azğınlığa çəkməklə cəmiyyətlər üçün necə böyük problemlər vücuda gəlir. Bu gün dünya, xüsusən də Qərb cəmiyyətləri necə əlacsız ictimai, ruhi və fiziki xəstəliklərdə yaşayırlar. Təəssüf ki, bizim dövrümüzdə, yəni işğalçı müstəmləkəçiliyin və istismarçı siyasətlərin İslam ölkələrinə hakim olduğu bu bir neçə onillikdə böyük müsibət və bəla bu idi ki, müstəmləkəçilər müsəlman cəmiyyətlərinə hakim olmaq üçün hər bir yoldan istifadə etdilər, hər bir vasitədən bəhrələndilər. Hətta ən cinayətkar vasitələri də yaddan çıxarmadılar. Onların biri bu cinsi məsələ, cinsi təmayül və təbii olaraq hər bir qadın və kişidə olan meyl idi. Onlar insanda təbii surətdə mövcud olan bu hissdən qanunsuz və düzgün olmayan yolda istifadə etdilər.

Cümə namazı xütbəsindən; 2 avqust, 1986

Risalət qəzeti

Qadının fəsadı - cəmiyyətin fəsadı

Qadın fəsada çəkilsə, kişiləri fəsada çəkmək lazım deyil, onlar öz-özlərinə fəsada çəkiləcəklər. Əgər bir nəslin qadınlarını fəsada salsalar, o nəslin kişilərini fəsada salmaq üçün artıq xərcə ehtiyac qalmır. Çox çəkməyəcək ki, o nəslin bütün kişiləri fəsada uğrayacaqlar. Çünki qadın tərbiyəçidir. Ya fəzilətli və qorxmaz insanlar tərbiyə edir, ya da dəyərsiz, məqsədsiz insanlar. Analar, yəni cəmiyyətdə mühüm cəhəti analıq olan qadınlar islah olunmalıdırlar ki, tarix və gələcək də islah olunsun.

Qadınlarla görüşdə çıxışdan; 12 mart, 1985

Keyhan qəzeti

Həvəskarlığı və aktivliyi məhv etmək məqsədilə əxlaqi sərhədlərin uçurulması

Düşmən istəyir ki, gəncləri fəsada çəkməklə, qadın və kişinin həyatında ilahi və əxlaqi sərhədləri uçurmaqla İran xalqından həvəskarlıq, aktivlik və Allah yolunda çalışmaq ruhiyyəsini alsın. Çox təhlükəli olan bu tərxribatın qarşısında xalqın bütün təbəqələri, xüsusən də gənclər, xüsusən də şəhid ailələri, müharibə əlilləri, əsirlikdən azad olanlar və fədakarlar döyüş cəbhəsindən daha sayıq və iradəli şəkildə mübarizə aparmalıdırlar.

Şərqi Azərbaycan əhalisi ilə görüşdə çıxışdan; 19 sentyabr, 1996

Keyhan qəzeti

Özbaşınalığın əsas məqsədi: əxlaqi bünövrələri və ailə quruluşunu dağıtmaq

Hərçənd bu təxribat və xəyanət hərəkətində iqtisadi amillər də təsirli olub və Avropanın qadın örnəyindən qaynaqlanan israfçılıq Qərb şirkətlərinə sarı nəhəng qazanc selini axıdıb, lakin şübhə etmək olmaz ki, əsas məqsəd mədəni məqsəd olmuşdur. Məqsəd əxlaq bünövrələrini dağıtmaq, ailə quruluşunu pozmaq, gənc nəsli güclü cinsi cazibəyə qurşatmaq və xülasə, cəmiyyəti, xilası asanlıqla mümkün olmayan bir batlaqda qərq etmək olmuşdur.

“Cəmiyyətdə qadın rolunun araşdırılması" seminarında çıxışdan; 2 mart, 1986

İslam Cümhuriyyəti qəzeti

Cəmiyyətin fəsadı - ailənin zəifləməsinin amili

Əgər cəmiyyətdə fəsad olsa, ailə zəifləyər. Əgər ailə güclü olsa, fəsadın inkişafına şərait yaranmaz. Bu, İslamın ən mühüm istəklərindən biridir. Bunun üçün cəmiyyət miqyasında işlənir. Cinsi özbaşınalıq, ehtirasların azad və qeyd-şərtsiz təmin edilməsi olmasın.

Tehranın cümə namazı xütbəsindən; 10 oktyabr, 1986

Cinsi özbaşınalıq - ailə üçün təhlükə və gələcək nəsilləri viran edən

Ailə təhdid olunsa (şübhəsiz, cinsi fəsad və cəmiyyətdə cinsi özbaşınalığın yayılması ailəni təhdid edir) və zəifləsə, gələcək nəsillər etimadsız nəsillər olacaq.

Ailənin təməli zəiflədikdə, qanuni məhdudiyyətlər kənara qoyulduqda, cinsi özbaşınalıq yarandıqda, ata və ana ailəyə maraqsız olduqda, nəsil öz paklığından uzaqlaşdıqda, bu böyük təhlükə gələcək nəsilləri təhdid edəcək.

Tehranın cümə namazı xütbəsindən; 10 oktyabr, 1986

Daha çox sui-istifadə etmək üçün qadını pozğunluğa sürükləmək

İri kapitalistlər, xəbis və mənfur siyasətçilər və məxfi qurumların idarəçiləri fikirləşdilər ki, siyasi və iqtisadi işlər üçün bu vəziyyətdən daha yaxşı istifadə edə, qadını pozğunluğa sürükləyə bilərlər. Bəli, oralarda elm və siyasət də var. Qadınlar elm və siyasətdə də irəliyə gedirlər. Amma nəyin hesabına? İndinin özündə də ümumi qadınlar - doktor, mütəxəssis, yazıçı, yaxud görkəmli şəxs olan dörd xanım yox - qərb sivilizasiyasından çox həzz alan Avropa və Amerika ölkələrində çətin və acınacaqlı şəraitdə yaşayırlar. Həyat yoldaşlarının zülmünə, məcburən onların boynuna qoyulan ağır və çətin işlərin zülmünə dözürlər. Bununla yanaşı qadını cəmiyyətə daxil etdiklərini göstərmək istəyirlər. Halbuki onlar üçün düşünmək, fikirləşmək və qərar vermək imkanı da yoxdur.

Ölkə qadınları ilə görüşdə çıxışdan; 16 yanvar, 1990

Ehtiras cəhətinin gücləndirilməsi - məyusluq, üsyan və puçluq amili

Sənaye ölkələrində insanın ehtiras cəhətinin gücləndirilməsi onların bütün gənclərini məyusluğa, ümidsizliyə, bütün ənənələrə, müqəddəslərə və ictimai sistemlərə qarşı üsyankarlığa və nihilizmə sövq etmişdir.

İncəsənət işçisi olan qadınlarla görüşdə çıxışdan; 31 may, 1984

Sionizm özbaşınalığı - beynəlxalq hegemonluğun aləti

Dünyada fəsad törədən sionizm mədəniyyətinin məqsədi budur ki, iffəti, qadın və kişi arasındakı hicabı ortadan götürsün. Cinsi özbaşınalıq beynəlxalq hegemonluğun ən böyük alətlərindəndir. Dünyanın harasında bir xalqı fəsada sürükləmək istəsələr, onları pozğunluğa çəkirlər. Harada bir xalqı insani şəxsiyyətindən uzaqlaşdırmaq istəsələr, onları hüdudsuz çılpaqlığa yaxınlaşdırırlar. Bu iş dünyanın hər yerində mümkündür.

Cümə namazı xütbəsindən; 6 yanvar, 1984

Ehtirasları yaymaq üçün qərblilərin proqram hazırlaması

Bir yol şəhvətlərin yayılması və onun yollarının açılması idi. Təkcə İslam dini yox, bütün dünya dinləri (lakin İslam dini digər dinlərdən daha intizamlı və daha dəqiq idi) insanların şəhvətlərinin özbaşına buraxılmasına qarşıdırlar. Dinlər şəhvətlər üçün qayda və hədd müəyyənləşdirib. İnsan ruhunun yetişdirilməsi şəhvətləri məhdudlaşdırmadan mümkün deyil. İnsanın şəhvətləri heç bir sərhəd tanımasa, heyvan kimi olub insani tərəqqiyə nail olmayacaq. Buna görə də dinlər şəhvətpərəstliklə müxalifdir.

Deməli, hər bir cəmiyyətdə dinlərlə sadə və asan mübarizə yolu budur ki, şəhvətlərin özbaşına buraxılması üçün yolları açsınlar. İranda bu işi başladılar. Onun yollarından və bu sahədə görülən ən mühüm işlərdən biri hicabın qadağası idi. Onun yollarından biri şərabxorluğu yaymaq idi; onlar bu işi gördülər. Başqa birisi bu idi ki, qadınla kişi arasında olan məhdud rabitəni sındırsınlar. Bu, sınaqdan keçirilmiş işlərdəndir. Yeni cihazlar və sivilizasiyanın inkişafı, məsələn, kinoteatrlar, radio-televiziya və sair vasitələr də onlara bu işləri cəmiyyətdə asanlıqla görmək imkanı verirdi. Bu sadalananlar hələ elm, savad, düşüncə və zehnə aid olmayan işlərdir.

Bəziləri səhvən elə düşünürlər ki, şəhvətlərin yayılmasına səbəb olan amil elm və bilikdir. Xeyr, elm və bilik ikinci məsələdir. Birinci məsələ yalnız mədəni məsələlər - fikir, elm və cins fəsadının yolunu açmaq və xalqın həyatını pozğunlaşdırmaq idi. Bu birinci iş idi. Bunu etdilər. Buna görə də İranda, eləcə də digər ölkələrdə qərblilərin bu hücumu ilə yoldan çıxan ilk şəxslər savadlılar deyildilər. Savadsızların çoxu idi, indi də belədir.

Zalım şahlıq rejimi dövründə fəsada qərq olanların əksəriyyəti savadsızlar və cəmiyyətin orta təbəqəsi idilər. Bəli, rifah təsirlidir, kömək edir. Rifah, israfçılıq və məişətin asayişi onların izlədiyi və planlaşdırdığı fəsada kömək göstərirdi. Bu bir məsələ idi.

Elmi hövzə universitet tələbələri ilə görüşdə çıxışdan; 19 dekabr, 1990

Gənc nəsli kənarlaşdırmaq üçün fəsad və pozğunluğu yaymaq siyasəti

Bu məsələnin (pis hicablılığın) özü barəsində bir-birinin yanında iki məsələ mövcuddur, onları deməliyəm: biri budur ki, Qərbin bizim ölkəmizdəki istismarçı siyasəti fəsad və pozğunluğu yaymağa əsaslanmışdır. Heç kəs bu məsələdə şübhə etməməlidir. Onlar düşünürlər ki, bu vasitə ilə bizim nəsillərimizi, xüsusən də gənc nəsli, oğlan və qızları inqilabi şövqdən, inqilabi fəallıqdan, iş və quruculuqdan ayırıb, cinsi məsələlərə və pozğunluqlara məşğul etsinlər.

Əlbəttə, fikirləri düzgündür də. Əgər bir məmləkətdə belə hallar yayılsa, gənclər işlə, fəaliyyətlə və quruculuqla məşğul olmaq əvəzinə bəzənməklə, paltar geyinməklə, ehtiraslarını doyurmaqla, həvəsbazlıqla və bu kimi işlərlə məşğul olacaqlar. Bu məmləkətin aqibəti çox pis və acı olacaq. O xalqın işi bitəcək; xüsusən də bizim xalqımız kimi quruculuq dövründə olan bir xalqın.

Bizim quruculuq üçün bütün xalqın, xüsusən də gənc nəslin əzəmətli və hərtərəfli hərəkətinə ehtiyacımız var. Bizim məmləkətimizdə bu işləri görürlər. Bizim məlumatımız var ki, hal-hazırda İranda beynəlxalq güclər tərəfindən bu pis geyimlərə, hicabsızlığa, münasib olmayan libaslara, dünyada həm cinsi baxımdan, həm ehtiras baxımından azğın adamlar kimi tanınanların təbliğinə rəvac verilir. Biz bundan xəbərdarıq. Həmçinin xəbərimiz var ki, bizim bəzi qafil gənclərimizin sevdiyi və geyindiyi bəzi geyimləri və paltarları bəzi qruplaşmalara bağlı olan və müxtəlif adlarla fəaliyyət göstərən mağazalar satırdılar. Həm də ucuz qiymətə satırdılar. Halbuki digər paltarlar baha idi. Yaxud misal üçün, parçası çox ucuz deyil, amma bizim cəmiyyətimizdə bu paltarı bəzi mağazalarda çox ucuz satırdılar.

Bəli, bunlar nə üçündür? Ondan ötrüdür ki, xalqı, xüsusən də gənc nəsli və ən çox təhsilli gəncləri belə kiçik, dəyərsiz, inqilabın proqramından uzaq olan məsələlərlə məşğul etsinlər. Bunu hamı bilsin. Təbii ki, xalq bu hadisələrin qarşısında laqeyd qala bilər. Siz görün bu gün ölkə gənclərinin neçə mini, yaxud neçə milyonu mübarizə səhnələrində, quruculuq cihadında, savadlandırma hərəkatında və digər orqan və qurumlarda inqilab üçün və xalq üçün işləyirlər. Bu gənclər kimlərdir? Bu məmləkətin gəncləridirlər.

Müsahibə; 23 aprel, 1985

Qadını özbaşınalığa sarı sürükləməkdə istismarçılığın planı

Bizim ölkəmizdə qadın məsələsi və uzun illər boyu istismarçıların bu məmləkətdə məcburən icra etdiyi siyasətdə qadın məsələsi tamamilə siyasi bir məsələ idi.

Beynəlxalq hegemonluq və dünyanın siyasi ideoloqları qadını özbaşınalığa sürükləmək yolu ilə iki formada qazanc əldə edirdilər: biri budur ki, qadın nəslini və cinsiyyətini həyatın əsas məsələlərində ciddi mübarizə və fəaliyyət üçün hazırlıqdan saxlayırdılar; digəri budur ki, qadını meydana gətirməklə cəmiyyətin kişilərini təsirsizləşdirirdilər.

Təlim və Tərbiyə Naziri və qadın pedaqoji mərkəzlərinin tələbələri ilə görüşdə çıxışdan; 2 may, 1984

İslam Cümhuriyyəti qəzeti

Siyasi vəziyyətdən xəbərsizliyə görə çılpaqlıq mədəniyyətinin yayılması

Bu Tehranın və müxtəlif şəhərlərin inqilabdan qabaqkı illərinin vəziyyətinə bir nəzər yetirin, iranlı qadının və kişinin vəziyyətini görün. Demək lazım deyil ki, təkcə qadının, qadın qığılcımı yandırırdı, amma onda hamı yanırdı. Bu yolla cəmiyyətdə çılpaqlıq mədəniyyəti, çılpaqlığa təmayül mədəniyyəti, bütün hicab və iffət pərdələrini yırtmaq mədəniyyəti yayılırdı. Onlar bu qədər təzyiq altında saxladıqları, sərvətlərini qarət etdikləri, zülmə məruz qalan, mübarizləri həbsxananın küncündə çürüyən və dəstə-dəstə edam olunan xalqı bu şəraitdən və bu vəziyyətdən xəbərsiz saxlamaq istəyirdilər.

Qadınlarla görüşdə çıxışdan; 12 mart, 1985

28 mordaddan (19 avqustdan) sonra cinsi azğınlığın yayılması

28 mordaddan (19 avqustdan) sonra yenidən mərkəzi siyasət və Pəhləvi rejimi qüdrətləndi. Onlar bütün imkanları ələ alıb, bizim cəmiyyətimizi pozğunluğa, fəsada, özbaşınalığa çəkməklə, hicabı dəyərdən salmaqla, İslam ənənələrini təhqir etməklə yeni fəallığa başladılar. Bəli, bəlli idi ki, bir nəsil də yavaş-yavaş inkişaf edirdi. Onların İslam təlimlərindən qabaqkı nəsillər qədər xəbərləri yox idi. 1953-cü ilin 19 avqustu ilə İslam inqilabının arasındakı 26 illik dövrdə bu gənclərin, qız və oğlanların çoxu bu məmləkətdə mədəni mərkəzlərdə təhsil alırdılar. Onlar cinsi özbaşınalığın həqiqi mənasını doğrudan da bilmirdilər.

Bu kinoteatrları idarə edənlər, yaxud jurnal nəşr edənlər bizim cəmiyyətin ziyalıları sayılırdılar. Hamısı yox, amma onların çoxusu Qərb siyasətlərinin və Pəhləvi rejiminin xidmətində durdular. Onlar müxtəlif dillərlə hicabsızlığı, özbaşınalığı, qadın və kişi arasında sərhədləri götürməyi və cinsi azadlığı yayırdılar. Nəhayət İslam inqilabı baş verdi və bütün sahələrdə əzəmətli dəyişiklik vücuda gəldi. Təbii olaraq qızlar və oğlanlar, hətta əvvəllər hicabsız olan şəxslər İslam qaydalarına riayət etməyə başladılar. Halbuki heç bir natiq, yaxud yazıçı oturub xalqa yazmamışdı, yaxud deməmişdi ki, hicab lazım və vacibdir. İslam hakimiyyətinin özü İslam dəyərlərinə, o cümlədən hicab məsələsinə riayət etməyə sarı sövq etmişdi.

Cümə namazı xütbəsindən; 23 avqust, 1986

İslam Cümhuriyyəti qəzeti

Özbaşınalığın yayılmasında kütləvi informasiya vasitələrinin təsiri

Bu böyük Tehranda və digər şəhərlərin çoxunda bizim ölkəmizin və cəmiyyətimizin vəziyyəti elə bir yerə çatdı ki, bəzi yazıçılar, müşahidə edənlər və dünyanı görmüş şəxslər deyirdilər ki, Tehranda, xüsusən də bu şəhərin bəzi yerlərində və ölkənin bəzi bölgələrində çılpaqlığa və cinsi pozğunluğa sarı hücum hətta Avropa ölkələrindən artıq sürətlə irəliləyir. Bizim qadınlarımızın və kişilərimizin adi paltarlarını moda, yaxud azadlıq adı altında pozğunluğa və tüfeyliliyə sarı sövq etmişdilər. Avropa ölkələrində ən azı hər yerdə belə vəziyyət müşahidə olunmurdu. Bu gedib cəmiyyətin dərinliklərinə nüfuz edirdi. Qadının qəlbində və daxilində dəyərli gövhər kimi qorunan əxlaqı və iffəti qırdılar, onu məhv etməyə və cəmiyyətdə hicabı, qadın və kişi arasında pərdəni dəyərin ziddinə olan bir iş formasına gətirməyə çalışdılar. Buna səy göstərilirdi. Əlbəttə, bəlli idi ki, bu səy sünidir. Bəlli idi ki, hələ bizim cəmiyyətimizdə iffət, paklıq, İslam əxlaqı, hicab və cinsi sərhəd qorunur. Bəlli idi ki, müstəmləkəçiliyin əli bizim xalqımızın ruhiyyələrinin dərinliklərinə nüfuz edə bilməmişdi.

Cümə namazı xütbəsindən; 2 avqust, 1986

Risalət qəzeti

Özbaşınalıq təbliğatçılarının geriliyi

Hicabsızlığın və özbaşınalığın təbliğatçısı olan qadınlar adətən geri qalmış və savadsız şəxslərdirlər. Onların həyatında mövcud olmayan məsələ fədakarlıqdır.

Qadınlarla görüşdə çıxışdan; 12 mart, 1985

Pozğunluğu yaymaq - düşmənlərin İslam inqilabı ilə mübarizə yolu

Hegemonçu dövlətlərin bəzi casus şəbəkələri bildiriblər ki, İranla və İslam inqilabı ilə mübarizədə bizim üçün bir-iki yoldan artıq çarə qalmayıb. Biri budur ki, biz onların cəmiyyətində fəsadı və pozğunçuluğu yayaq, gənclərini məşğul edək, qadın və kişilərinə uca məqsədləri unutduraq. Onları fəsad, pozğunluq və ehtiras batlağına salaq, biri də budur ki, onların arasında ixtilaf yaradaq.

16 oktyabr, 1986

İslam Cümhuriyyəti qəzeti

Fəsadı yaymaqla inqilabı çürütmək

Düşmən fəsad mədəniyyətini - fəsadın hər hansı bir növünü, istər cinsi ehtiraslara aid olan fəsadların, istər maddi fəsadların, istər digər əxlaqi və əməli fəsadların mədəniyyətini yaymaqla bu inqilabı daxildən çürüdə bilməməlidir. Siz qadın və kişilərin hər biri evinin, ailəsinin və öz varlığının qarşısında sinəsini sipər və onu müdafiə edən o qorxmaz qeyrətli gənc kimi inqilabı, İslamı, məsul şəxsləri, nailiyyətləri və imanınızı qorumalı, onlara hücum edənlərin qarşısında dayanmalısınız.

Cümə namazı xütbəsindən; 20 oktyabr, 1989

Siyasi və hərbi təxribatlarda məğlubiyyətə uğradıqdan sonra qadın və kişiləri aludə etmək

Beynəlxalq hegemonluq özünün siyasi və hərbi təxribatlarının məğlubiyyətə uğradığını gördükdən sonra inqilabın gənc ağacına zərbə vurmaq və onun gözəl günlərinin digər müsəlman ölkələrinə ətir saçmasının qarşısını almaq üçün mədəni üsullara üz tutdu, kişi və qadınları əxlaqi azğınlıqlara aludə etmək məqsədi ilə tələlər qurdu. O bizim xalqımızdan bu sayıqlığı, ağıllılığı, paklığı, iffəti və üstün təqvanı almaq istəyir.

Şirazda Kövsər seminarına müraciətdən; 19 fevral, 1987

Pis hicablılıq və cinsi özbaşınalıq - pozğunluğun və gənclərin inqilabdan uzaqlaşmasının amili



Geri   İrəli
Go to TOP