A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Qadın (Seyid Əli Xamenei)
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Ölkənin qadın həkimləri ilə görüşdə çıxışdan; 16 yanvar, 1990

Qadınların məlumatsızlığı və hicabın açılması təxribatının uğuru

Bu böyük və təhlükəli təxribatın uğuru böyük həddə bu faciənin baş verdiyi zaman iranlı qadının İslam qadını örnəyi haqda aydın, gözəl, məntiqli və imana arxalanan təsvirinin olmamasına görə idi. Əgər o zaman cəmiyyətdə elmin və savadın genişlənməsi başlansaydı, İslamın belə bir örnəyi ictimai fikrin, xüsusən də qadınların ixtiyarında qoyulsaydı, o təxribat asanlıqla uğur qazanmazdı.

“Cəmiyyətdə qadın rolunun araşdırılması" seminarında çıxışdan; 2 mart, 1986

İslam Cümhuriyyəti qəzeti

Hicabın açılması əleyhinə mübarizədə iranlı qadının fəaliyyəti

İnqilabın möcüzəsi belə oldu: 1978-ci ildə, zalım rejimin aparatı bütün təbliğatları ilə hicabsızlığın başlanmasını, həqiqətdə iranlı və müsəlman qadının iffət və paklığının uçurulmağa başlanmasını elan etdikləri gün – yəni yanvarın 7-də qadınların bir qrupu hərəkət etdi, yürüşə çıxdı, şüar verdi, iranlı qadının hegemonçu rejim qarşısında ciddi və dərin mübarizə fəaliyyətini elan etdi. İmam o zaman öz müraciətində də müsəlman qadınların və bacıların bu hərəkətinə toxunmuşdu. Onlar bu iş üçün çox əhəmiyyətli bir günü seçmişdilər. Bu hadisədən təxminən bir il sonra Tasua və Aşura nümayişlərində insan baxdıqda bu qadın nümayişçilərin əzəmətli izdihamını görürdü. Çadralı və İslam hicablı bu qadınların bəzisi uşaqlarını əllərində tutmuşdular. Yüz minlərlə müsəlman qadın bütün şəhərlərin küçələrini doldurmuşdular və kişilərdən də güclü səslə şüar verirdilər. Hiss edirdik ki, uzun illər boyu biz necə böyük tələfat vermişik. İranlı müsəlman qadını sıradan çıxarmışdılar. Əhalinin yarısını birinci mərhələdə və o biri yarısını, yəni kişiləri ikinci mərhələdə düşünmək və cəmiyyətin ciddi işləri ilə məşğul olmaq meydanından çıxarmaq istəyirdilər. Təəssüf ki, böyük həddə uğur da qazanmışdılar.

Qadınlarla görüşdə çıxışdan; 12 mart, 1985

Hicabsızlıq – siyasi bir hərəkət

Bizim ölkəmizdə siyasi bir hərəkət qadınları hicabsızlığa, yəni cinsi özbaşınalığa çəkdi və bizim qadınlarımız tərəfindən bir inqilabi hərəkət qabaqkı hərəkəti zərərsizləşdirdi, qadını hicaba sarı və tüfeylilikdən uzaqlaşmağa sövq etdi. Bizim cəmiyyətimizdə tüfeylilik hərəkəti şübhəsiz, inqilab əleyhinə bir hərəkətdir; elə bir hərəkətdir ki, dünyanın siyasi ideoloqları onu idarə edirlər.

Təlim-tərbiyə naziri və qadın pedaqoji mərkəzlərinin tələbələri ilə görüşdə çıxışdan; 2 may, 1984

İslam Cümhuriyyəti qəzeti

İslamın təmiz mühitinin hicabsızlıqla ləkələnməsi

Bizim xalqımız gərək öz gözünü və qulağını açsın. Bizim inqilabçı və islamçı cəmiyyətimizdə mənfur və əskik Qərb mədəniyyətinə qayıdış qeyri-mümkün və qadağandır. Bizim xalqımızın və inqilabın məsul şəxslərinin xalqın rəftarının və yaşayışının yenidən fəsadlı Qərb mədəniyyətinin köçürdüyü və zorla bu xalqa sırıdığı səmtə getməsinə icazə vermələri imkansızdır.

Bizim cəmiyyətimizdə mənfur Pəhləvi xanədanının vasitəsi ilə qadınların hicabsızlığa və çılpaqlığa daxil olmasının tarixçəsini oxuyan şəxslər, yaxud yaşlarının çox olmasına görə o günləri görənlər bilirlər ki, hicabsızlığı, hədd və sərhəd tanımamanı, kişi və qadının qarışmasını ölkə daxilinə necə gətirdilər və xalqa necə sırıdılar.

Bizim xalqımız asanlıqla bu məsələni qəbul etmədi, amma təəssüf ki, İslam inqilabının qələbəsinə qədər Pəhləvi xanədanının ağır və mənfur sayəsi altında iki-üç nəslin dəyişməsi səbəbindən bəziləri bu mədəniyyətlə dünyaya gəldilər, onun pisliyini dərk etmədilər, əsl İslam mühitinin sağlamlığını və paklığını anlamadılar.

Bizim təbliğat qurumlarımız da Qərb mədəniyyətinin nöqsanlarını onlara göstərmək gücündə deyildi.

Həkimlər, feldşerlər, ölkənin ali tibb mərkəzlərinin işçiləri ilə görüşdə çıxışdan; 6 dekabr, 1989

Hicabsızlıq – İslam Respublikası əleyhinə siyasi hərəkət

Bu gün bizim ölkəmizdə bəzi şəxslərin vasitəsi ilə zərərli formada izlənilən antihicab hərəkəti İslam Respublikası əleyhinə siyasi bir hərəkətdir.

İncəsənət işçisi olan qadınlarla görüşdə çıxışdan; 31 may, 1984

Xəbis adamlarla qətiyyətli mübarizə

Hicabsızlıq sahəsində xəbislik edən bir qrupa qarşı qətiyyətli tədbir görməliyik və görəcəyik.

İncəsənət işçisi olan qadınlarla görüşdə çıxışdan; 31 may, 1984


Doqquzuncu fəsil: Qadın və tənəzzül amilləri

Qərb mədəniyyətinin yayılması

Məsələ belə idi ki, bu məmləkətdə Qərb mədəniyyətini, istehlakçılıq mədəniyyətini, dəbdəbəçilik mədəniyyətini, bərbəzək mədəniyyətini, qadını şəhvətpərəstlik oyuncağı etmək mədəniyyətini və kişini fəsad uçurumuna çəkmək, cəmiyyətin əsas məsələlərini cinsi cazibələrin kölgəsi altında saxlamaq mədəniyyətini planlaşdırmaq istəyirdilər və təəssüf ki, özlərinin bir neçəillik səyləri ilə çox həddə müvəffəqiyyət də qazandılar.

Qadınlarla görüşdə çıxışdan; 12 mart, 1985

İslam Cümhuriyyəti qəzeti

Bəzi ailələrdə Qərb təlimlərinin təsiri

Bizim xalqımıza qarşı bu işi mənfur Pəhləvi xanədanının şahlığından qabaq başlamışdılar. Amma o mənfur rejimin dövründə bu prosesi gücləndirdilər. Müstəmləkəçilik və hegemonluq bu muzdur ailənin şahlığı dövründə cəmiyyətdə Qərb mədəniyyətinin genişləndirilməsinə çox çalışdılar və təəssüf ki, müvəffəq də oldular. Bu gün  ölkə daxilindəki bəzi iranlı ailələrin o ənənələrə, işvələrə, geyim və davranışa təmayül göstərdiyini görürsünüzsə, həmin rəzil və xəyanətkar qərbli müəllimlərin təlimlərinin nəticəsidir. Bu proses bu ölkədə on illər boyu davam etmişdir.

İnqilab baş verib xalqın mədəniyyətində və təsəvvürlərində əzəmətli yenilik, dəyişiklik vücuda gətirsə də, hələ də ürəkləri Qərb həyatının həyat tərzinin ab-havasında olan bir çox şəxslər təəssüf ki, bulaşıq və çirkin bataqlıq olan Qərb mədəniyyətinin fəsadlarından, ailə, qadın və kişinin insani şəxsiyyəti kimi prinsipial bəşəri özüllərin heç birinin sağlam qalmadığı fəsadlardan xəbərsizdirlər.

Xalqın müxtəlif təbəqələri, həkimlər, feldşerlər və ölkənin ali tibbi təhsil mərkəzlərinin işçilərilə görüşdə çıxışdan; 6 dekabr, 1989

Yalançı dəyərlərin köçürülməsi

Qərb mədəniyyəti keçmiş rejimdə zinətpərəstlik, qızılpərəstlik və bəzi dəyərsiz əşyalara vurğunluq kimi yalançı dəyərləri bizim şəhər qadınlarımıza köçürmüşdü. İslam inqilabı bir tufan kimi o yalançı dəyərlərin çoxunu məhv etdi.

"Qadın və qlobal İslam inqilabı" beynəlxalq konfransının açılışında çıxışdan; 6 fevral, 1988

İslam Cümhuriyyəti qəzeti

Əskik Qərb mədəniyyətini yaymaqda məğlubiyyət

Həqiqi İslam cəmiyyətləri və onun təzahürü kimi böyük İran İslam cəmiyyəti yeganə yerdir ki, qərblilər qadınların əskik Qərb mədəniyyətinə uyğun həyat tərzini yaymaqda məğlubiyyətlə üzləşmişlər.

Xalqın müxtəlif təbəqələri və feldşerlərlə görüşdə çıxışdan; 13 noyabr, 1991

Dəyərlərdən uzaqlaşmaq

Qərbin üçüncü dünya qadınlarının amal istəyindən xoşlanmaması

Qərblilər istəmirlər ki, üçüncü dünya cəmiyyətlərində qadınlar amal istəyən aydın təfəkkürə və böyük məqsədlərə malik olsunlar. Buna görə bizim cəmiyyətimizdə gənc qadınlar Qərb mədəniyyətinin və təfəkkürünün bu gözəgörünməz və çox təhlükəli kəməndi sarıdan ehtiyatlı olmalı və ondan uzaqlaşmalıdırlar. Cəmiyyətdə qadınların islahının ardınca kişilərin islahı gəlir və bu arada qadınların öhdəsinə dəyərli rol düşür.

Xalqın müxtəlif təbəqələri və feldşerlərlə görüşdə çıxışdan; 13 noyabr, 1991

İslam Cümhuriyyəti qəzeti

Dəyərsiz işlərlə məşğul olmaqdan çəkinmək

Müsəlman qadının məqamı dəyərsiz işlərlə məşğul olmaqdan və onlarda qərq olmaqdan üstündür. Müsəlman və inqilabçı qadınlar şeytanların və düşmənlərin gizli və mənfur əllərindən ehtiyatlı olmalıdırlar.

Müsəlman və inqilabçı qadınlarla görüşdə çıxışdan; 8 dekabr, 1993

İslam Cümhuriyyəti qəzeti

Qadınları mənəvi prinsiplərdən və dəyərlərdən xəbərsiz etmək

Şəhidlərin, fədakarların və döyüşçülərin anaları və həyat yoldaşları müsəlman qadının dəyərli gözəlliklərini dünyaya göstərdilər. Bu, İslam düşmənlərinin qorxduğu həqiqətdir. Bu əsasla bu gün böyük səy göstərilməkdədir ki, qadınları İranın İslam cəmiyyətində mənəvi prinsiplərdən və dəyərlərdən xəbərsizliyə düçar etsinlər.

Feldşerlərlə görüşdə çıxışdan; 4 oktyabr, 1995

Keyhan qəzeti

İsrafçılıq və modabazlıq

Qadınlar və Pəhləvi rejimində israfçılıq və dəbdəbəçilik mədəniyyəti

Keçmişdə məqsəd qadınları siyasi məsələlərdən və ictimai məlumatlardan uzaq saxlamaq, onları dünya bəzəklərilə məşğul etmək və istehlakçı bir varlığa çevirmək idi. Lakin bu gün ölkəmizin müsəlman qadınları dərin siyasi dərkə malikdirlər.

Zeynəb (ə) cəmiyyətinin mərkəzi ofisinin üzvləri ilə görüşdə çıxışdan; 17 fevral, 1988

Ettelaat qəzeti

Qadınların istehlakçılıqdan və israfdan çəkinməsinin lazımlığı

Mən müsəlman qadınlara, cavan xanımlara və evdar qadınlara deyirəm: Qərbin dünya cəmiyyətlərinin, o cümlədən inkişaf etməkdə olan ölkələrin və bizim ölkəmizin canına xora kimi saldığı israfçılığın ardınca getməyin. İstehlak lazımi həddə olmalıdır, israf həddində yox. Həyat yoldaşları, yaxud özləri müxtəlif vəzifələrdə çalışan qadınlar israfdan çəkinmək baxımından digərlərinə nümunə olmalıdırlar.

Ölkə qadınları ilə görüşdə çıxışdan; 16 dekabr, 1992

Qadının zinətə, paltara və modaya bağlı olması

Tarix boyunca – istər qədim cahiliyyətdə, istər iyirminci əsrin cahiliyyətində qadını təhqir etməyə, aşağılamağa, onu zahiri zinətlərə və bəzəklərə vurğun kimi təqdim etməyə, modaya, paltara, bəzənməyə, qızıl-zinət əşyalarına bağlamağa, həyatın eyş-işrətləri üçün vasitəyə alışdırmağa və əməli formada bu yolla getmələrinə çalışan şəxslərin məntiqi Fatimeyi-Zəhranın (s) mənəvi məqamının günəşinin istiliyi qarşısında qar və buz kimi əriyir və məhv olur.

Tehran, Təbriz, İsfahan şəhərlərinin qadınları ilə görüşdə çıxışdan; 16 yanvar, 1990

Modabazlıq, cəmiyyətin düzgün yoldan yayınmasının amili kimi

Məncə modabazlığa və dəbdəbəçiliyə meyl göstərmək, hər şeyin yenisini istəmək və kişilərin qarşısında bəzənməkdə ifratçılıq bizim cəmiyyətimizin və qadınlarımızın yoldan sapmalarının ən böyük amillərindən biridir. Qadınlar bunun qarşısında müqavimət göstərməlidirlər.

Qərblilər qadını  rəzil məxluqa çevirmək üçün daim yenilənən modalar düzəltməyə, gözləri, ürəkləri və düşüncələri zahiri və aldadıcı gözəlliyə məşğul etməyə ehtiyaclıdırlar. Bunlarla məşğul olan insan həqiqi dəyərlərə nə zaman qovuşa bilər? İnsan bunlar haqqında düşünməyə macal tapmaz. Özünü kişilərin diqqətini cəlb etməkdə alətə çevrimək istəyən qadın mənəvi saflıq haqqında düşünməyə macal taparmı? Məgər bu mümkündür?

Şəfqət bacıları ilə görüşdə çıxışdan; 13 noyabr, 1991

Modabazlıq – hicabsızlığın və fəsadın kökü

Mənim fikrimcə, bu gün sizin toplumunuzun və qadınların müxtəlif formalarda və müxtəlif məqsədlərlə işləyən hər bir toplumunun öhdəsinə düşən vəzifə budur ki, Qərb və Avropa mədəniyyətinin son onillər boyunca iranlı qadının beyninə daxil etdiyi yanlış inamı siləsiniz. Düzdür, yanlış inam keçmişdə də olmuşdur; yəni istehlakçılığın və dəbdəbəçiliyin bəzi yanlış formalarına təmayül keçmişdə də mövcud olmuşdur. Avropa mədəniyyətinin gəlişi ilə istehlakda bu modabazlıq və yeniliyə təmayül qəribə formada gücləndi.

Bu düşünülmüş və planlaşdırılmışdı. Qərbin adətən sionistlərdən və müstəmləkəçilərdən ibarət olan siyasi başçıları bir məqsədlə və bir niyyətlə bu işi gördülər. Bu səhv inancları silməlisiniz. Bu yalnız İslam mövzularını və işlərini təqdim etməklə mümkündür. Əgər bu iş baş versə, bəzən irəliyə sürülən bu problemlərin – pis hicablılığın, fəsad və pozğunluğun yayılmasının kökü öz-özünə quruyacaq. Bunlar adətən nəticələrdir. Səbəblər isə sözügedən inamlar və mədəniyyətlərdir. Onların üzərində işləmək lazımdır.

Qadınların mədəni-ictimai şurasının üzvləri ilə görüşdə çıxışdan; 6 yanvar, 1991

Qadın – Qərb mədəniyyətində dəbdəbəçilik və eyş-işrət vasitəsi

Qadın tarix boyunca məzlum bir varlıq olmuşdur, çox müstəsna və nadir yerlərdən başqa. Bütün dövrlərdə qadına hörmətsizlik olmuşdur. Avropa ölkələrində isə vəziyyət qat-qat pisdir. Qadın çox peşəkar kələkbazlıqla təhqir olunur. Qərbin hakim mədəniyyətinin ideoloqları özlərinin maddi baxışları ilə elə şərait yaradıblar ki, həm qadın və həm kişi qadının dəbdəbəçilik və eyş-işrət vasitəsi olmasına inanmışlar. Əsrlərlə bu mədəniyyət üzərində işləmişlər. İki-üç əsr bundan öncə indiki Qərb sivilizasiyasının əsasını qoyanlar bu məsələ üzərində işləmişlər. Qadını elə bir tərəfə çəkirlər ki, orada əyləncə vasitəsi olsun.

Qadınlarla görüşdə çıxışdan; 12 mart, 1985

İslam Cümhuriyyəti qəzeti

Qadınların bəzənməsi və özünü göstərməsi

Əgər qadın və kişi əlaqələrində qeyd-şərtsiz münasibətlər və özbaşınalıq mövcud olsa, bu, fəsada səbəb olacaq. Əgər bu gözəlləşdirmə məsələsi - başa, görkəmə, paltara və bu kimi məsələlərə diqqət yetirmək həyatın əsas məşğuliyyəti olsa, yoldan azmaq və tənəzzüldür. Tağut dövründə əyan və əşrafın xanımları bəzənmə stolu arxasında otururdular. Sizcə neçə saat otururdular? Altı saat. Bu həqiqətdir. Bizim dəqiq xəbərimiz var ki, altı saat otururdular. Bir insan bəzənmək üçün bu qədər vaxt sərf edir. Misal üçün, toya getmək istəyir, saçını, yaxud üzünü filan formada düzəltmək istəyir. Əgər iş bu formaya düşsə, azğınlıq və tənəzzüldür. Lakin özlüyündə əgər özünü göstərmək və yadların qarşısında bəzənmək niyyəti ilə olmasa, başa, görkəmə və paltara diqqət yetirməyin eybi yoxdur. İslamda təbərrüc qadağandır. Təbərrüc, yəni cəlb etmək və fitnə yaratmaq üçün qadınların kişilər qarşısında özünü göstərməsi. Bu bir növ fitnədir və çox eybi var. Eybi təkcə bu deyil ki, bu gənc qız, yaxud gənc oğlan günaha düşəcək. Bu əvvəlidir. Bəlkə də deyə bilərəm ki, ən kiçiyidir, davamı ailələrə çatır.

Gənc günü münasibətilə gənclərlə görüşdə çıxışdan; 27 aprel, 1998

Qızıl və zinətin əsiri olmaqdan yüksəkdə duran müsəlman qadın

Müsəlman qadının dəyəri qızıl-gümüş və ləl-cəvahirat əsiri olmaqdan çox-çox ucadır. Demək istəmirəm ki, bunlar haramdır. Demək istəyirəm müsəlman qadınının məqamı o qədər ucadır ki, cəmiyyətimizin çox insanlarının köməyə ehtiyacları olduğu dövrdə pul verib qızıl almamalıdırlar, zinət əşyaları almamalıdırlar, növbənöv məişət əşyaları almamalıdırlar, müxtəlif sahələrdə israfçılıq etməməlidirlər. İsraf müsəlman qadının örnəyi deyil. Bu, bizim hegemonçu dünya qarşısında iddiaçı olduğumuz yerlərdəndir.

Ölkə qadınları ilə görüşdə çıxışdan; 16 dekabr, 1992

Qadınların dəbdəbəçiliyinin təhlükəsi

Dəbdəbəliyə meyl uzun müddət bizim cəmiyyətimizdə azalmışdı. İnqilabın əvvəllərində qadınlar dəbdəbə və zinətlərə etinasız yanaşırdılar. Lakin təəssüf ki, eşitdiymiz kimi, bu məsələlər indi bizim cəmiyyətimizdə inkişaf etməkdədir. Cəmiyyətimizin düşüncəli, mütəfəkkir və mərifətli qadınları bunu təhlükə bilməlidirlər.

Qadınlar dəbdəbəliyə sarı sövq olunmamalıdırlar. Əlbəttə, bu təhlükə kişilər üçün də var. Lakin uyğun potensial qadınlarda daha artıqdır. Bəzən bu məsələlərdə kişilərin çoxu qadınların təsiri altına düşürlər. Siz bu məsələyə qarşı ciddi mübarizə aparmalısınız. Özünüz də nəzarət edin.

Mən az, normal və çəkinməsi mümkün olmayan həddə dəbdəbəliyin əleyhinə deyiləm. Lakin bu ifrat şəkil alsa, olduqca əbəs bir işdir. Xanımlar növbənöv paltarlara, bəzənməyə və qızıl-zinət əşyalarına etinasız yanaşmağa, bu məsələlərdə ifratdan çəkinməyə əhəmiyyətli baxmalıdırlar. Allahın lütfü ilə belə zahiri gözəlliklərə yox, həqiqi gözəlliklərə daha artıq diqqət yetirin.

Qadınların mədəni-ictimai şurasının üzvləri və mütəxəssis həkim qadınlarla görüşdə çıxışdan; 25 dekabr, 1991

Yanlış azadlıqlar

Qadın azadlığı haqda paradoksal təsəvvürlər

Hal-hazırda Qərbdə şüar formasında mövcud olan məsələlərdən biri də Qadın azadlığı məsələsidir. Azadlıq geniş mənalara sahibdir: həm əsirlikdən, həm də əxlaqdan azad olmağa şamil edilə bilər. Çünki əxlaq da bir növ buxov və zəncir sayılır. Azadlıq qadını az muzdla zavoda çəkən sahibkarın sui-istifadəsindən, eləcə də onu əri qarşısında vəzifəli edən qanunlardan azad olmaq mənasında işlədilə bilər. Azadlıq bütün bu mənalarda ola bilər. İrəli sürülən bu şüarların böyük bir hissəsində bu istək və tələblər var. Onlar bəzən bir-biri ilə ziddiyyət təşkil edir. Bu azadlığın mənası nədir? Təəssüf ki, bu gün Qərb dünyasında azadlıq sözü yanlış və zərərli mənalarda işlədilir: ailə məhdudiyyətlərindən azad olmaq, kişinin mütləq nüfuzundan azad olmaq, qarşısında ötəri ehtiras məqsədi olduqda hətta nikah bağlamaqdan, ailə qurmaqdan və övlad böyütməkdən azad olmaq. Buna görə də Qərb dünyasında səslənən fikirlərdən biri  abortun azadlığı məsələsidir. Bu çox əhəmiyyətli məqamdır. Zahiri sadə və kiçik olsa da, əslində çox təhlükəli və ağır sözdür. Bu, Qərbdə irəli sürülən bir alət, şüar və istəkdir. Onlar bunların kompleksini Qadın azadlığı hərəkatı adlandırırlar. Düzgün sistemdə, düzgün tələb və mübarizədə məqsəd bu qədər geniş ola bilməz. Onun bir qismi haqqında qətiyyətlə deyə bilərik ki, zərərlidir. Başqa bir qismi faydalı da ola bilər. İndi daha yaxşı, daha münasib, daha düzgün və daha həlledici şüarlar axtarmaq lazımdır.

Azadlıq idman kompleksində xanımlarla görüşdə çıxışdan; 22 oktyabr, 1997

Qadın azadlığının yalançı iddiaçıları

İctimai və iqtisadi yenilik yaratmaq adı ilə, inkişaf və sivilizasiya niqabı altında özlərinin pis və mənfur modellərini dünya qadınlarına məcburən verən şəxslər nəinki təkcə qadınlara, hətta insana və insaniyyətə xəyaət edirlər.

Yalandan qadın azadlığı şüarı verən çirkin insanlar onu istehlakçılıq mədəniyyətinin əsiri, pis və dağıdıcı mədəniyyətin istehlakçısı etmək istəyirlər ki, belə anaların süst və zəif övladlarını və yetirmələrini iradəsiz alət kimi asanlıqla istismar edə bilsinlər.

Şirazda Kövsər seminarına müraciətdən; 19 fevral, 1987

Qərb azadlığının mahiyyəti - qadını kişilərin ləzzət vasitəsi etmək

Bu gün dünyada Qərbin əxlaqsız mədəniyyəti tərəfindən təbliğ olunan “qadın azadlığı” məsələsinin əsas məğzi bundan ibarətdir ki, qadınları, kişilərin cinsi ləzzət almaları üçün onların qarşısına çıxarsın. Kişilər ondan ləzzət alsınlar və beləliklə qadın kişinin bu işi üçün alət olsun. Bu, qadın azadlığıdırmı? Cahil, qafil və azğın Qərb sivilizasiyasında insan hüquqlarının tərəfdarı olmalarını iddia edənlər əslində qadına zülm edənlərdirlər.

Ölkə qadınları ilə görüşdə çıxışdan; 16 dekabr, 1992

Qadın - bugünkü dünyada şəhvəti təmin etmək aləti

Qadının yalnız ehtiras meyillərini təmin etmək üçün bir vasitə və alət olaraq istifadə edildiyi bugünkü dünyada İslamın qadın məsələləri, özəlliklə hicab məsələsi və iki cinsin münasibətləri barəsindəki baxışlarının yazılması lazımdır. Gərək dünyaya göstərilsin ki, İslamdan öyrənən və İslamla danışan İslam Respublikası nə deyir.

Şübhəsiz, dünyada, xüsusən də Qərbdə qadın azadlığı kimi irəliyə sürülən məsələ bu təbəqəni nəfsi istifadələrə sarı sövq etdirməkdən başqa bir şey deyil. Fəsadlı Qərb mədəniyyətində qadına öz istedadlarını çiçəkləndirmək üçün şərait yaradılmır. Onlar qadının fiziki xüsusiyyətlərindən və bu cinsin fiziki baxımdan malik olduğu gözəllikdən istifadə etmək istəyirlər. İslam müxtəlif qadın hüquqlarını bəyan edib təlimlər təqdim edəndə, qadın tarixin zülmətində qərq olmuşdu. İslam isə tarixin zülmətində parlayan bir nur idi.

Kövsər seminarına müraciətdən; 19 fevral, 1987

İslam Cümhuriyyəti qəzeti

Qadın - İslam inqilabından öncə televiziyada israfçılığın və pozğunluğun təbliğat aləti

Televiziyada təbliğat aparılırdı. Bir üsulla, misal üçün, xalqda israfçılığı gücləndirir və xalqı ona sövq edirdi. Eyni zamanda onları ehtirasa, pozğunluğa və fəsada sövq edirdi. Çılpaq bir qadını təhrikedici formada səhnəyə çıxarırdı ki, filan zinət əşyasını, yaxud filan gözəllik alətini, yaxud filan lazım, yaxud qeyri-lazımi məhsulu xalqa göstərsin. Həm də xalq lazım olmayan əşyaları almaq üçün istehlaka tamahlansınlar, sövq edilsinlər və cəmiyyət israfçı yetişsin.

Tehranın cümə namazı xütbəsindən; 11 yanvar, 1986

İslam Cümhuriyyəti qəzeti

Qərb sivilizasiyasında veyil kişilərin qadından bəhrələnmək azadlığı

Avropalılar yeni sənayeni yaratdıqlarında, yəni Qərb kapitalistlərinin böyük zavodlar açdıqları 19-cu əsrin əvvəllərində ucuz, iddiasız və başağrısız işçi qüvvəsinə ehtiyacları oldu. Bu zaman onlar qadın azadlığı şüarını ucaltdılar ki, qadını ailədən çıxarıb zavodlarda ucuz fəhlə kimi işlətsinlər, öz ciblərini doldursunlar, qadını hörmətdən və yüksək məqamından endirsinlər.



Geri   İrəli
Go to TOP