A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Qadın (Seyid Əli Xamenei)
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Tibbi şəriət meyarları ilə uyğunlaşdırma qrupunun üzvləri ilə görüşdə çıxışdan; 7 noyabr, 1995

Keyhan qəzeti

Qadınların qadın həkimə getməsini asanlaşdırmaq üçün hökumətin proqram hazırlamasının zəruriliyi

Birinci mərhələdə elə edin ki, İslam Respublikası quruluşunda hər hansı bir xəstə qadın əgər qadın həkimə getmək istəsə, onun üçün mümkün olsun. İkinci mərhələdə işi elə edin ki, əgər bir qadın kişi həkimə müraciət etmək istəsə, problemə düşsün. İndi demirik ki, qadağan olsun. Yox, hər halda, bu, şəriətə uyğun olan digər işlər kimi bir işdir. İnsanlar azaddırlar. Siz hökumət olduğunuzdan elə tərbiyə edin ki, halal işi asanlaşdırın, haram, məkruh, yaxud haramlıq və məkruhluq təhlükəsində olan işləri çətinləşdirin.

Tibbi şəriət meyarları ilə uyğunlaşdırma qrupunun üzvləri ilə görüşdə çıxışdan; 7 noyabr, 1995

Keyhan qəzeti

Kişi və qadının həkimlikdə dini əxlaqa və rəftara riayət etməsi

İslam bunun qarşısını almaq istəyir. Keçmişdə universitet Qərb mədəniyyətinin təbliği üçün bir mərkəz idi. Buna görə dindar adam da universitetə gedəndə dinsiz olurdu. Əlbəttə, səbəbi də belə şeylər idi. Çox aydındır ki, bizim o siyasəti - yəni qadın və kişinin həkimlikdə dini əxlaqa və rəftara riayət etməməsi məsələsini istər təhsil dövründə, istərsə də praktika və icra mərhələsində silib İslam və İslam əsaslarını gətirməyimiz çox təbii idi. Biz əslində gec başladıq. İndi o buyurur ki, mən 88-ci ildə demişəm. Əlbəttə, mən 88-ci ildən sonra da indiyə qədər bu yeddi-səkkiz ildə Səhiyyə Nazirliyinin məsul şəxslərinə dəfələrlə tövsiyələr etmişəm. Həkim və mütəxəssis cənablar gəlib otursunlar, orta və mümkün bir hədd tapsınlar.

Tibbi şəriət meyarları ilə uyğunlaşdırma qrupunun üzvləri ilə görüşdə çıxışdan; 7 noyabr, 1995

Keyhan qəzeti

Universitetdə əxlaq problemləri

Həqiqət budur ki, universitet xüsusi yaşlarda olan gənclərin, qadın və kişilərin çoxluğuna görə müxtəlif maraqların və qeyri-sağlam əxlaqi və mədəni təmayüllərin təhlükəsi qarşısında olan bir mərkəzdir.

Fəqih rəhbərin ölkə universitetlərində nümayəndələrinin mərkəzi şurası ilə görüşdə çıxışdan; 30 sentyabr, 1990

Beynəlxalq medianın qız və oğlan əlaqələrinin qeyri-münasib tərzini göstərməyə çalışması

Qız və oğlanların, qadın və kişilərin küçə və xiyabanlarda geyim tərzi və bəzənməsi elə olmalıdır ki, xalqın - şəhid vermiş xalqın duyğuları ilə ziddiyyət təşkil etməsin. Bütün dünyanın informasiya və digər vasitələri xalqlar üzərində işləyir, qadın və kişinin geyimi məsələsində onların taleyi üçün təhlükəli olan əxlaq və üsulu sırımağa çalışırlar.

Tehranın cümə namazı xütbəsindən; 19 aprel, 1985

İslam Cümhuriyyəti qəzeti

Qız və oğlanın qarışması beynəlxalq sionizmin təsir vasitələrindən biri kimi

Beynəlxalq sionizmin xalqların istismarı və zəncirlənməsi üçün işlətdiyi yollardan biri budur: fəsadı və pozğunluğu yaymaq, qız və oğlanları qarışdırmaq, cinsi münasibətləri azad etmək, nəcib cinsi əxlaqı ələ salmaq. Bu elə məsələlərdəndir ki, beynəlxalq hegemonluq dünya səviyyəsində məhv etmək üçün siyasi bir alət kimi ondan istifadə edir. Gəncləri müharibə və quruculuq cəbhəsində belə fədakarlıq göstərən inqilabçı bir xalqın arasında bir qrup adamın küçələrə pozğun şəkildə çıxıb, inqilabdan sonrakı müqəddəs və nəcabətli İslam ab-havasını ləkələmələrinə necə icazə verə bilərik?! Bəllidir ki, belə bir şey olmaz.

Tehranın cümə namazı xütbəsindən; 19 aprel, 1985

İslam Cümhuriyyəti qəzeti

İslam nəzərindən qadın və kişi münasibətlərini izah etməyin zəruriliyi

Biz fəsad, pozğunluq, qadın və kişi münasibətlərinin məhdudiyyətlərinin İslam baxımından izah edilməsinin lazım olduğunu dedikdə, bu təkcə dünya xalqı üçün deyil, bizim öz xalqımız üçün də belədir. Həqiqət budur ki, bizim İslam cəmiyyətimizdə cinsi özbaşınalıq məsələsi və cinsi fəsad və pozğunluğun qadağan olunması üzərində lazımi mədəni iş görülməmişdir.

Əlbəttə, bizim ümumi xalqımız hicaba və İslamın təyin etdiyi lazımi qoruyuculara kamil iman bəsləyir. Lakin hələ də hicab məsələsinin, qadın və kişi münasibətlərinin məhdudiyyətinin izah olunmadığı və aydınlaşmadığı bəzi şəxslər var. Buna görə, bu mövzunu öz xalqımıza izah etməyə də borcluyuq.

Tehranın cümə namazı xütbəsindən; 31 oktyabr, 1986

Risalət qəzeti

Qadın və kişi əlaqəsində təqvaya riayət

Namaz qılan bütün əziz qardaş və bacıları ilahi təqvaya riayət etməyə çağırıram. Onun bariz nümunələrindən biri, cinsi məsələlərdə və qadın-kişi əlaqələrində ilahi məhdudiyyətlərə və qaydalara riayət olunmasıdır. Bu barədə ilahi təqvaya riayət edin və şübhəsiz, Allah-Taala bu yolda çalışıb zəhmət çəkənlərə böyük mükafat ayırmışdır.

Tehranın cümə namazı xütbəsindən; 1 avqust, 1986

Risalət qəzeti

Hicab və geyim

Hicab, yəni qadını qoruyan zəruri geyim

Hicab qadın üçün həqarət deyil. O, qadının isməti və qorunması üçündür; təkcə qadının yox, həm qadının və həm kişinin isməti və qorunması üçün. Hicab çadra demək deyil. Lakin çadra biz iranlılar üçün qədimdən xanımlarımızın istifadə etdiyi ən yaxşı hicab növüdür. Çadrasız da hicablı olmaq mümkündür. Hicab düzgün örtünmək deməkdir, örtünməməyin örtünməkdən yaxşı olması yox. Hədislərin təbirincə desək, “çılpaq örtünmüş”, yəni örtündüyü halda çılpaq insan kimidir. Belə örtünmək faydasızdır, hicab deyil. Sağlam örtünmək budur ki, qadının başını, saçını, boynunu, bədənini örtsün. Əlbəttə, fəqihlərin çoxu üzü və iki əli örtməyi istisna ediblər. Amma üz bəzəksiz və sadə olmalıdır. Hicab bu deməkdir.

İranlı qadınlar çadraya üstünlük verirlər. Bu, çox yaxşı üsuldur. Həm gözəldir, həm qadının gözəlliyi ilə ziddiyyət təşkil etmir, həm də kamil hicab formasıdır.

Hər halda, hicabı istər iranlı formasında, istər ərəb formasında, istərsə də başqa bir ölkədəki formada kamil surətdə örtsələr, İslamın əmri yerinə yetirilmişdir. Çünki müsəlman ölkələrinin hər birində qadınlar xüsusi formada öz hicablarını qoruyurlar.

Cümə namazı xütbəsindən; 8 avqust, 1986

Risalət qəzeti

İslamın hicabda məqsədi

İslam hicab məsələsində geyim formasını müəyyən etməyib, məqsədi müəyyənləşdirib. Məqsəd budur ki, kişi və qadının görüşü və onların gündəlik həyatdakı təbii rastlaşması ehtirasları coşdurmasın. İslamın məqsədi budur.

Müsəlman ölkələrində qadınlar Quranın dediyi hicabı qorumağa çalışırlar. Amma gördüyünüz kimi, onların hamısı hicaba eyni formada əməl etmirlər. Mən onların dindarlarını deyirəm. Onlar Şimali Afrika ölkələrində bir cür hicab örtürlər, şərq ölkələrində, məsələn Hindistanda və Pakistanda isə başqa cür. Siz bunlarla tanış deyilsiniz. Bu, onların ictimai və mədəni şəraitindən qaynaqlanır.

“Qadınlar şahidi” jurnalına müsahibədən; 18 may, 1988

Hicab – qadına hörmət və təqva əlaməti

Kim harada olsa, paklıqla, zahidliklə, dindarlıqla və təqva ilə bu əzəmətli gənclik qüvvəsini işlətsin. Əlbəttə, bəzən təqvanın tələbi olur. Məsələn, xanımlar üçün əslində qadına hörmət olan hicabı və qadın qoruyucusunu təqvanın əlaməti bilirik. Düzdür, mən indi hicab məsələsi haqda söhbət etməyi lazım bilmirəm. Çünki sizin hamınız hicablısınız, hicaba inanırsınız. Hicab yaxşı bir şeydir. İndi bu hicabı necə təmin etsinlər? Bu işdə zövq və fikirlərin müxtəlif olması mümkündür.

Fəcr ongünlüyünün ikinci günündə gənclərlə görüşdə çıxışdan; 2 fevral, 1999

Hicabı qorumaqla İslam və iman xətti

Hicabı və iffəti qorumaq bizim xalqımızın imanını, İslamı və İslam xəttini qorumaqdır. Onlar Allahın vaciblərinə və haramlarına riayət etdikləri kimi hicaba da riayət edirlər.

Təlim və Tərbiyə Naziri və qadın pedaqoji mərkəzlərinin tələbələri ilə görüşdə çıxışdan; 2 may, 1984

İslam Cümhuriyyəti qəzeti

Hicab iffəti qorumağın vasitəsi kimi

İslam hicabı insan iffətini qorumaq vasitəsidir. Müsəlman qadının inqilabçı şəxsiyyəti ona icazə vermir ki, çılpaq bədənini göstərmək yolu ilə, zinətlərini və bəzəyini nümayişə çıxarmaqla özünü göstərsin.

Cümə namazı xütbəsindən; 4 iyul, 1980

Qadın hörmətinin qorunmasında hicabın rolu

İslam cəmiyyətində müsəlman qadın xüsusi hörmət və şəxsiyyətə malikdir. Hicab və qadın geyimi onun hörmət və şəxsiyyətinin təzahürü sayılır. Hicab qadının hörmət əlamətidir. İslam hicab arxasında olan bütün qadınlar üçün hörmət və məqam tanıyır.

Müsəlman və inqilabçı qadınlarla görüşdə çıxışdan; 9 dekabr, 1993

İslam Cümhuriyyəti qəzeti

Hicab - dəyər məsələsi və mənəvi dərəcələrə yüksəliş amili

Bizim cəmiyyətimizdə İslamın dəyərləri dirçəldilməlidir. Misal üçün, hicab məsələsi bir dəyərdir. Hicab məsələsi daha yüksək məsələlərə giriş olmasına baxmayaraq, özü bir dəyərdir. Bizim hicab üzərində bu qədər təkid göstərməyimiz ondan ötrüdür ki, hicabı qorumaq qadının öz uca mənəvi dərəcəsinə çata bilməsinə və yolunda yaradılmış çox təhlükəli uçurumlara yuvarlanmamasına kömək edir.

Qadınların mədəni-ictimai şurasının üzvləri, mütəxəssis həkim və məmur qadınlarla görüşdə çıxışdan; 25 dekabr, 1991

Qadın və kişi arasında fasilənin hikməti

Quranda, İslamın səhih hədislərində və Peyğəmbərin sözlərində qadın barəsində olanlar hikmətlidir. Doğrudan da ona diqqət yetirmək lazımdır. Bu məsələlərdən biri hicab məsələsi və kişi-qadın arasında fasilənin olmasıdır. Bu fasilə xüsusi yerdədir, hər yerdə deyil.

İslam Şurası Məclisinin üzvü olan qadınlarla görüşdə çıxışdan; 21 iyul, 1997

Hicab – qadın və kişinin təhlükəsizliyinin təminatçısı

Hicab təhlükəsizlik vasitələrindən biridir. Müsəlman qadın hicablı olduqda həm onun özü təhlükəsizlikdə olur, həm də müsəlman kişilər. Hicabın qadınlardan alındığı və qadının çılpaqlığa yaxınlaşdırıldığı yerdə ilk növbədə qadının özünün, sonrakı növbədə isə kişilərin və gənclərin təhlükəsizliyi onlardan alınmış olacaq.

Mühitin sağlam və təhlükəsiz olması üçün, qadının cəmiyyətdə öz işini görə bilməsi, kişinin də öz məsuliyyətlərini yerinə yetirə bilməsi üçün İslam hicabı müəyyən etmişdir. Bu hicab İslamın dəyərli hökmlərindən biridir.

Xuzistan vilayətinin müdirləri və icraçı məsulları ilə görüşdə çıxışdan; 11 mart, 1997

Çadra – milli müstəmləkəçiliyin qəzəbləndiyi milli əlamət

Qadınların hicabı təkcə çadra deyil, lakin çadra hicabın ən yaxşı növü və bizim milli əlamətimizdir. Qadınların siyasi, ictimai və mədəni işlərdə çalışması ilə ziddiyyət də təşkil etmir. Bu səbəbə görə, çadra həmişə istismarçı düşmənin qəzəb obyekti olmuşdur. Müstəmləkəçilər son bir-iki əsrdə öz əlaltılarının köməyi ilə çadraya qarşı birbaşa mübarizə apardılar. Rza xan öz ərbablarının əmri ilə hicabın açılmasını elan etdi və bu əmrin icrası üçün saysız-hesabsız kobudluqlar törətdi. Rza xanın məmurları süngü gücü ilə çadranı qadınların başından çəkirdilər. Hicabın açılmasına rəğmən, hətta qadınların papaq və yaylıq örtmələrinə hazır idilər, amma çadranı götürsünlər. Bu, müstəmləkəçiliyin əmri idi. Çünki bilirdi ki, bu işlər iranlı müsəlman qadını onun islamçı və milli şəxsiyyətindən uzaqlaşdırmasının birinci addımıdır. Bu layihənin uğur qazandığı təqdirdə, onların digər məqsədləri daha asan şəkildə həyata keçəcək. Lakin tarix xatırlayır ki, İranın qadınları ən ağır şəraitdə çadradan əl çəkmədilər.

Qadınların mədəni-ictimai şurasının üzvləri ilə görüşdə çıxışdan; 26 dekabr, 1991

Çadra əleyhinə gizli mübarizənin əlamətləri

Bu gün təəssüf ki, çadra ilə mübarizədə gizli əllərə şahid oluruq. Bəzən rənglərin psixologiyası və qara rəngin ümidsizlik və həvəssizlik rəngi olmasını demək yolu ilə, bəzən çadrasız olan ziyalı və təhsilli qadınlar qarşısında mədəniyyətsiz, savadsız və cahil olan çadralı qadınları nümayiş etdirən filmlərlə və bəzən də digər dolayı təbliğatlarla mübarizə aparırlar. Misal üçün, Məşhəddə ailə tənzimi mövzusunda keçirilən ilk ümumrespublika seminarının təbliğat dəftərçələrinin birində müasir görkəmli, manto və başörtüyü geyinmiş bir qadının şəkli çap olunmuşdu. Onun yanında iki övladı vardı. Aşağıdan da belə yazılmışdı: Daha çox elm, daha az övlad. Başqa bir dəftərçədə isə çox övladları olan çadralı bir qadın şəkli çap olunmuşdu. Onun altında da belə yazılmışdı: Daha az elm, daha çox övlad. Bununla dolayısı ilə çadranı savadsızlığın meyarı, ondan istifadə etməməyi isə savadlılıq əlaməti bilmişdilər.

Çox təəssüflüdür ki, keçmiş rejimdə müstəmləkəçiliyin çadra ilə birbaşa və dolayı mübarizələrini məğlub etdikdən sonra, bu gün biz öz əlimizlə müstəmləkəçiliyin bu mənfur məqsədinin icra olunmasına vasitə oluruq. Düzdür, biz çadradan başqa formada olan hicabı inkar etmirik, amma çadra bizim şüarımızdır, bizim islamçı və mədəni kimliyimizdir, bizim xalqımız üçün müqəddəsdir.

Qadınların mədəni-ictimai şurasının üzvləri ilə görüşdə çıxışdan; 26 dekabr, 1991

İslam Cümhuriyyəti qəzeti

İslamın hicab məsələsində hikmətli rəftarı

İslam hicab məsələsini çox hikmətli şəkildə araşdırmışdır. Hicab qadın və kişinin xüsusi yaşayışı çərçivəsində ortaya qoyulur. Bu arada çadra üstün hicab sayılır. Amma eyni zamanda bununla məhdudlaşmır. Müqəddəs İslam şəriəti hicab üçün müəyyən həddi göstərmişdir, ondan yayınmaq olmaz, ifrat və təfritçilik də lazım deyil.

Ölkənin məmur, mütəxəssis və incəsənət xadimi olan qadınları ilə görüşdə çıxışdan; 13 noyabr, 1995

Keyhan qəzeti

Qadının layiqli hicaba təbii təmayülünün yanında düzgün təbliğat

Mənim fikrim budur ki, iranlı qadınlar hicabı sevirlər, onu istəyirlər. Keçmişdəki düzgün olmayan hicabsızlıqlar da onlara məcburən sırınırdı. Məqsədim zor gücünə məcbur deyil, zehni məcburiyyətdir. Təbliğat dalğası o qədər güclü idi ki, əksəriyyəti özü ilə aparırdı. Mən düşünürəm ki, indiki vəziyyətdə qadının layiqli hicaba qarşı təbii istəyinin yanında İslamın nəzər nöqtəsini təmin edən bir növ düzgün təbliğat aparılsa, bizim qadınlarımız əsl İslam və şəriət hicabına üz tutacaqlar. Gördüyünüz kimi, inqilabdan sonra çoxları hicaba qayıtdılar.

“Qadın günü” jurnalının xüsusi buraxılışı ilə müsahibədən; 25 aprel, 1981

İslam Cümhuriyyəti qəzeti

Hicabsızlara tövsiyə

Ey İslam hicabına riayət etməyən əziz bacılar! Siz həmin şəxslərsiniz ki, İran xalqının mübarizəsi dövründə düşmənin istəyinə rəğmən, hicablı şəkildə nümayişlərdə iştirak etdiniz, İslama və İslam inqilabına etiqad bəslədiyinizi və vəfalı olduğunuzu göstərdiniz. Bu gün də inqilab sizin vəfadarlığınıza möhtacdır. Ey dövlət işçisi olan bacılar! Ey İslam inqilabı ilə heç bir düşmənçiliyi olmayan, lakin diqqətsizliklər üzündən inqilab vəzifələrinə lazımi şəkildə riayət etməyən şəxslər! İmam sizlərə müraciət edir. Dövlət idarələrini, inqilabçı cəmiyyəti ümumi iffət mühiti edin. Elə edin ki, sizin geyiminizlə, sizin zinətlərə, bərbəzəklərə, modlara, rəngarəng paltarlara eitnasızlığınızla düşmən bir daha hiss etsin ki, iranlı müsəlman qadın məğlubedilməzdir.

Cümə namazı xütbəsindən; 4 iyul, 1980

İnqilabdan sonra qadınların hicaba üz tutması

İnqilab olduqda xalq öz İslam dəyərlərinə qayıtdı, hicaba üz tutdu. İnqilabın sayəsində bizim cəmiyyətimizin bütün bədəninə yeni qan köçürüldü. O, İslam dəyərlərinə sarı hərəkət etdi. Yəni gənclər, qızlar, oğlanlar və ailələrin əksəriyyəti öz istəyi ilə qadın və kişi münasibətlərində İslam dəyərlərinə sarı qayıtdılar və bizim ictimai bünövrəmiz nisbətən sağlam formaya düşdü.

Cümə namazı xütbəsindən; 2 avqust, 1986

Risalət qəzeti

İslam cəmiyyətində hicab qanunlarının riayət olunması

Cəmiyyətdə hicabın icbari edilməsi qanunu lazımdır. Hicab bir İslam hökmüdür. Quranın aydın ayələri hicaba dəlalət edir. Bizim cəmiyyətimiz də İslam cəmiyyəti olduğundan bu hökm cəmiyyətdə icra olunmaya bilməz. İslam cəmiyyətində yaşayan bütün şəxslər bu cəmiyyətin din prinsiplərinə və qanunlarına riayət etməyə borcludurlar. Bu bir qayda və qanundur. Bu qanun bütün cəhətləri və tərəfləri ilə, o cümlədən hicaba zidd olan (misal üçün, pozğun paltarlar və sair) məhsulların istehsalının və bazara çıxarılmasının qadağan olunması kimi İslam Şurası Məclisində qəbul olunmalı, icraya çıxarılmalıdır. Bu qanunun icra təminatçısı da sözügedən mədəni işdir.

Cümə namazı xütbəsindən; 31 oktyabr, 1986

İslam Cümhuriyyəti qəzeti

Çılpaqlıq – cinsi özbaşınalığın və etiqadsızlığın amili

Qərb və ona bağlı olanlar İranda qadının çılpaq olmasını istəyirdilər. Onlar öz şeytani məqsədlərinə çatmaq, yəni bütün cəmiyyəti etiqadsız və qadını pozğun etmək istəyirdilər.

İranın və dünyanın doqquz ölkəsinin müsəlman qadınları ilə görüşdə çıxışdan; 29 yanvar, 1989

İslam Cümhuriyyəti qəzeti

Hicab – fəsadın qarşısını alan amil

İslamda barəsində bu qədər təkid göstərilən hicab, yaxud naməhrəmə baxış məsələsi (onun barəsində hədislər, Quran ayələri və müxtəlif söhbətlər mövcuddur) əslində cəmiyyətdə öldürücü vəziyə çevriləcək təhlükəli bir hüceyrənin inkişafının və fəlakətli bir xəstəliyin və bəlanın qarşısını almaq üçün bir hazırlıqdır. O bəla cinsi fəsaddan və pozğunluqdan ibarətdir.

Tehranın cümə namazı xütbəsindən; 10 oktyabr, 1986

Hicabı qorumağa tövsiyə

Qardaşlar və bacılar! Xüsusən əziz bacılar! Bu yay bir qarışqa kimi bizim inqilabımızın və cəmiyyətimizin içini yeyib boşaltmağa çalışan düşmənimiz üçün münasib meydan ola bilər. Əgər bu yayda müsəlman bacılar lazımi hicaba və iffətə riayət etməsələr, müsəlman qardaşlar nəfslərini qorumasalar və meydanın ortasında olan bir əsgərə yaraşan tərzdə lazımi intizamları olmasa, düşmən fürsətdən istifadə edəcək. Lakin, ey əziz bacılar, həmçinin ey əziz qardaşlar, imamın müraciəti ilə bizim üçün yaranmış bu fürsətin qədrini bilin.

İranlı müsəlman qadın özünü dünyanın bütün cəmiyyətlərinə - bütün kişi və qadınlara göstərmişdir. Ey müsəlman qadın! Ey körpə uşağını qucağına götürüb təhlükə meydanına gedən, özünün və uşağının canını təhlükəyə salan ana! Ey ana! Ey gəlin! Ey fədakarlıq göstərməyə hazır olan və nitəcədə inqilabı qələbəyə çatdıran bacı! Əgər sən müsəlman qadının iman və iradə gücü olmasaydı, inqilab qələbə çalmayacaqdı. Bu gün də inqilab sizə ehtiyaclıdır.

Cümə namazı xütbəsindən; 4 iyul, 1980

Düşmənlərin hicab əleyhinə təxribatına qarşı sayıqlıq

Və ey bacılar və qardaşlar! Düşmənin burnunu ovun. Düşmən bizim ölkəmizdə hər bir hadisədən istifadə etmək istəyir. Bu gün bizim cəmiyyətimizdə qadının məntiqli geyimi ilə İslam hicabına və iffətin qorunmasına diqqət başlanılmışdır. Düşmənlər buna görə təxribat aparırlar. Biz xəbərsiz deyilik. İslam ümmətinin həyəcanlı dalğası (bu gün bariz nümunəsini bütün İranda hamısı görmüşlər) - bu əzəmətli dalğa qarşısında bəzi muzdur və qərəzli, bəzən də sadəlövh və xəbərsiz ünsürlərdən istifadə etməyə çalışırlar, muzdur, sadəlövh və qafil ünsürləri onların qarşısında qoymaq istəyirlər. Ey sadiq bacılar və qardaşlar! Qafil olmayın.

Ey Allahın bəndələri! Ey mömin və müsəlman qadınlar və kişilər! Ey namaz qılanlar! Ey namazı ucaldanlar! Allaha təqvanız olsun. Ayıq olun. Düşmənin təxribatını tanıyın. İnqilabın zərurətini bilin. Bilin ki, cəmiyyətin iffətini və paklığını qorumaq, kişi və qadının paklığını qorumaq İranın inqilabçı cəmiyyətinin çox həssas olan bu dövründə böyük bir zərurət və vacib məsələdir. Həm idarələrdə, həm küçə və xiyabanlarda, həm cəmiyyətdə iffəti qorumağa çalışın.

Hicablı müsəlman bacılar ! Mən şübhəsiz ki, bu sözümlə razı olan bütün müsəlman xalq tərəfindən sizə təşəkkür edirəm. İmamın fərmanı ilə hazır olan, İslama uyğun formada və İslam hicabı ilə işə və cəmiyyətə çıxan müsəlman bacılar! Mən sizə minnətdarlıq edirəm.

Cümə namazı xütbəsindən; 4 iyul, 1980

İslam hicabının hikməti və Qərb bəzəyi

Baxın, İslamda qadın və kişi arasında hicab vardır. Bunu inkar etmək olmaz. Bu hicab var. Bu da hikmət əsasındadır. Deyilir ki, əgər qadın və kişi bir otaqda olsalar, pərdə çəkilmiş və qapı bağlanmışdırsa, bu haramdır. Bunun dərin və hikmətli bir mənası var. Bu düzgündür. Hamı bir kişi və bir qadın olaraq özünə müraciət etdikdə bu hökmün düzgün hökm olduğunu təsdiqləyir. Heç kim inkar edib deyə bilməz ki, bu hökm düzgün hökm deyil. Qadının bəzənmiş və zinətli halda kişilərin qarşısına və kişi toplantılarına çıxmamasını deyirlərsə, bu düzgün hökmdür.

Qərb mədəniyyəti bunun tam ziddinədir. Deyir qadın özünü bacardığı ən yaxşı tərzdə gözəlləşdirsin, hətta malik olmadığı gözəllikləri də özünə yapışdırsın. Belədir, bu kosmetika vasitələrinin çoxu o gözəlliklərə malik olmayan bir qadına bu gözəllikləri vermək üçündür. Ona görə ki, kişinin qarşısına çıxdıqda, kişi onu gözəl görsün, ona meyl etsin. Baxmayaraq ki, bu meyl bir anlıqdır. Yəni əgər o kişi bu qadına yaxınlaşsa, (gözəlliyinin) həqiqi olmadığını görəcək. Amma baxması və gözəlliyini tərifləməsi Qərb mədəniyyətində gözəl bir işdir.

İslam mədəniyyətində bu həyat yoldaşından başqası üçün qınanılmışdır. Mənim fikrimcə bunları bilmək lazımdır. Bunlar hikmətdir.

İslam Şurası Məclisinin üzvü olan qadınlarla görüşdə çıxışdan; 21 iyul, 1997

Hicab - qeyd-şərtsiz qarışmaya maneə



Geri   İrəli
Go to TOP