A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Qadın (Seyid Əli Xamenei)
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


İslam Cümhuriyyəti qəzeti, 17 mart, 1992


Səkkizinci fəsil: Qadının ictimai fəaliyyətinin xüsusiyyətləri

İffət və həya

Paklıq, iffət, həya və məsuliyyət hissi

Qadınların inqilabdakı rolu sübut etdi ki, qadının fəxri və əzəməti sionizmin çirkli əllərinin indiki fəsadlı dünyada onun üçün hazırladığı məsələlərdə deyil. Qadın paklıq, iffət və məsuliyyət hissinin sayəsində kişilərlə çiyin-çiyinə və bəzən onlardan irəlidə addımlaya bilər.

İmam Xomeyninin (ə) vəfatının qırxıncı günü münasibətilə müraciətdən; 14 iyul, 1989

Hicab qadın iffətini qoruyan amil kimi

Bu hicab məsələsi, məhrəm və naməhrəmlik, baxmaq və baxmamaq ondan ötrüdür ki, iffət toxunulmaz qalsın.

İslam dini qadının iffətinə əhəmiyyətlə yanaşır. Əlbəttə, kişinin iffəti də əhəmiyyətlidir. İffət təkcə qadınlara xas deyil. Kişilər də iffətli olmalıdırlar. Lakin cəmiyyətdə kişi öz fiziki gücünə arxalanaraq qadını əzmək potensialına malik olduğundan və onun istəyinin əksinə hərəkət etməsinin mümkünlüyündən, qadın iffəti üzərində daha artıq təkid göstərilmişdir.

Siz bu gün də dünyaya baxsanız, görərsiniz ki, Qərb dünyasında, xüsusən də Amerika Birləşmiş Ştatlarında qadınların problemlərindən biri budur ki, kişilər öz güclərinə arxalanaraq qadın iffətinə təcavüz edirlər. Mən Amerikanın rəsmi orqanları tərəfindən nəşr olunan statistikaları gördüm. Onlardan biri Amerikanın Ədliyyə nazirliyinə, digəri isə başqa bir rəsmi quruma aid idi. Rəqəmlər doğrudan da dəhşətli idi. Amerikada hər altı saniyədə bir təcavüz baş verir. Görün iffət məsələsi nə qədər əhəmiyyətlidir!

"Kövsər təvəllüdü" bayramı münasibəti ilə Azadlıq idman kompleksində xanımlarla görüşdə çıxışdan; 22 oktyabr, 1997

Cəmiyyətin iffətini və paklığını qorumaq – böyük zərurət!

Ey Allahın bəndələri! Ey mömin və müsəlman qadınlar və kişilər! Ey namaz qılanlar! Ey namazı ucaldanlar! Allaha təqvanız olsun. Sayıq olun. Düşmənin təxribatını tanıyın. İnqilabın zərurətini bilin. Bilin ki, cəmiyyətin iffətini və paklığını qorumaq, kişi və qadının paklığını qorumaq İranın inqilabçı cəmiyyətinin çox həssas olan bu dövründə böyük bir zərurət və vacib məsələdir. Həm idarələrdə, həm küçə və xiyabanlarda, həm cəmiyyətdə iffəti qorumağa çalışın.

Cümə namazı xütbəsindən; 4 iyul, 1980

Cəmiyyətdə iffət neməti

Bu gün bütün qadınların iffətlə yaşaya bilməsi şəraitinin qədrini bilin. Bu gün cəmiyyətin şəraiti elədir ki, bizim qadınlarımız, bizim gənc qızlarımız, iffət və paklıqla yaşamaq istəyənlər bu şəraitdə iffətlə yaşaya bilirlər. Bu bir cəmiyyət üçün çox böyük nemətdir.

Cümə namazı xütbəsindən; 6 yanvar, 1984

İran qadınlarının zirvədə olan fəaliyyət və iffəti ilə yanaşı inqilab bayraqdarlığı

İslam, inqilab və imam gəlib bu ölkədə qadını siyasi fəaliyyətlərin mərkəzinə daxil etdi, inqilabın bayrağını qadınlara tapşırdı. Halbuki qadın həmin halda öz hicabını, vüqarını, İslam mətanətini, iffətini, dinini və təqvasını da qoruya bildi. İranlı və müsəlman qadının boynunda heç bir kəsin bundan böyük haqqı yoxdur.

Tehran, Təbriz, İsfahan, Kerman, Qum, Qəzvin, Yəzd, Kərəc şəhərlərinin, Çahar-Mahal və Bəxtiyari və Mazandaran vilayətlərinin qadınları ilə görüşdə çıxışdan; 16 yanvar, 1990

Hicab və iffətin əlaqəsi

Biz həmişə hicab və iffətdən danışdıqda bəziləri deyirlər ki, hicabın iffətlə nə əlaqəsi var? Çoxlarının hicabı var, amma iffətləri yoxdur. Çoxlarının iffətləri var, lakin hicabları yoxdur. Halbuki bu, düzgün fikir deyil. İffət bir şeydir, hicab isə başqa bir şey. Lakin iffət insanda əlçatmaz, dəyişilməz və sınmaz bir şey deyil. İnsanın digər xarakterləri kimi, o da təsirə məruz qala bilər. Onu təsirlərdən uzaq saxlayan, qadının iffətini, paklığını, təqvasını və ismətini qoruyan amillərdən biri həyatda, işdə və cəmiyyətdə yanlış münasibətlərin olmamasıdır. Yanlış münasibətlər mədəni və əxlaqi münasibətlərin riayət olunmadığı məsələlərdir. Bu arada, bu qorunmaya kömək edə biləcək amil hicabdır. Ən yaxşı şey hicabdır: qadın və kişinin hicabı.

Kişinin hicabı baxmamaqdır. Hicab maneə deməkdir.

“Qadının cəmiyyətdə rolu” seminarında çıxışdan; 2 mart, 1986

Risalət qəzeti

Hicab – qadının mədəni və əxlaqi cənnətinin keşikçisi

Hicab qadının həyatında lazım olan bu dəyərli xarakterləri, qadının mədəni və əxlaqi cənnətini qoruya bilən bir amil idi. Lakin bunu götürdülər. Əvvəldən də bu işdə məqsədlərinin nə olduğu bəlli oldu. Bu, hicabın açılması idi.

“Qadının cəmiyyətdə rolu” seminarında çıxışdan; 2 mart, 1986

Risalət qəzeti

Cəmiyyətdə hicaba və iffətə təmayül

Bu gün bizim cəmiyyətimizdə xalqın iffətə, paklığa və hicaba meyli var. Kişilər və qadınlar pak və hicablı şəkildə yaşayırlar. Düzdür, bəziləri də özlərinə nəzarət edə bilmirlər. Amma bütün bunların yanında fəsad şəbəkələri mövcuddur.

Cümə namazı xütbəsindən; 2 avqust, 1986

Risalət qəzeti

İran xalqının iffətə boyun əyməsi

Bizim cəmiyyətimizin vəziyyəti dünyanın çox yerləri, bəlkə də bütün yerləri ilə fərqlidir. Bəlkə dünyada az yer tapmaq olar ki, kişi və qadın ümumilikdə bizim xalqımız qədər əxlaqi və cinsi iffətə və paklığa malik olsunlar. Xüsusən də böyük inqilabımız Qərb mədəniyyətinin təməllərini dağıtmaqla bizdə bu İslam duyğusunu dirçəltmişdir.

Cümə namazı xütbəsindən; 8 avqust, 1986

Risalət qəzeti

Ümumi iffəti qorumaq üçün ümumi səy

Bacılar və qardaşlar ümumi iffətin yaranmasına kömək etsinlər. Bir dəfə də dedim ki, düzgün hicabı olmayan bacılar müsəlmandırlar, amma bu günahı edirlər. Onlar da Allaha görə, inqilaba görə, bu xalqa görə çalışsınlar, bu həssas şəraitdə bizim cəmiyyətimizin simasını ümumi iffətin əksinə və İslamın ziddinə olan bir simaya çevirməsinlər; qardaşlar da həmçinin. Qardaşlar da çalışıb iffət yolundan yayınmasınlar. Əlbəttə, icraçı qurumlar hamıdan çox məsuliyyət daşıyırlar. Lakin siz xalq icraçı qurumları yalqız qoymamalısınız.

Cümə namazı xütbəsindən; 2 may, 1980

İffət – qadını müdafiənin əsas sütunu

Növbəti məsələ qadın iffətinə əhəmiyyət vermək məsələsidir. Qadını müdafiə adı ilə baş verən hər bir hərəkətin əsas sütunu qadın iffətinin qorunması olmalıdır. Qeyd etdiyim kimi, Qərbdə bu məqama diqqət yetirilmədi. Yəni qadınların iffəti məsələsi diqqətdən kənarda qaldı, ona etinasızlıq göstərildi. Bu səbəbdən işləri pozğunluğa sürükləndi. Qadın şəxsiyyətinin ən mühüm elementi olan qadın iffətinin diqqətdən kənarda qalmasına imkan verilməməlidir. Qadın iffəti digərlərinin, hətta şəhvətpərəst və pozğun kişilərin gözündə də qadının şəxsiyyətini, ucalığını və möhtərəmliyini göstərir. Qadının iffəti onun hörmətinə və şəxsiyyətinə səbəb olur.

"Kövsər təvəllüdü" bayramı münasibəti ilə Azadlıq idman kompleksində xanımlarla görüşdə çıxışdan; 22 oktyabr, 1997

İffət – İran filmlərinin dünyada maraq oyatmasının amili

Siz baxın, indi bizim beynəlxalq festivallara çıxan bu filmlərimizin hakimlər və tamaşaçılar üçün daha maraqlı cəhəti hələlik İran filmlərində olan iffətdir. Bəzi rejissorlar və prodüsserlər bunu təbii şəkildə edirlər, bəziləri də məcburən edirlər, qadın-kişi səhnələrini və ailə münasibətlərini indi İslam Respublikası şəraitinin bəyəndiyi formada hazırlamağa məcburdurlar. Bunlar dünyada gül kimi açır. Çoxlarının təsəvvürünün əksinə olaraq dünya bu pozğunluqlardan, tüfeylilikdən və avaralıqdan xoşlanmır, yorulmuşdur. Bu iffət, nəciblik, sağlamlıq, həya və belə məsələlər iranlıların təbiətində də var, İslam da bunu tövsiyə etmişdir.

Gənc günü münasibətilə Böyük Rəhbərin gənclərlə görüşdə çıxışından: 27 aprel, 1998

İffəti və hicabı sıradan çıxarmaqda sirli əllər

Bu gün sirli əllər fəaliyyətdədirlər. Bəzi şəxslər düşünülmüş şəkildə hərəkət edirlər, qadınların iffətini, paklığını və hicabını tədricən sıradan çıxarmaq və inqilabdan öncəki vəziyyəti qaytarmaq istəyirlər.

Təlim-tərbiyə naziri və qadın pedaqoji mərkəzlərinin tələbələri ilə görüşdə çıxışdan; 2 may, 1984

İslam Cümhuriyyəti qəzeti

Qadın və kişi münasibətləri

İslamın baxışından qadın və kişi arasında sərhəd

Müsəlman qadın və kişi arasında hicab və sərhəd müəyyənləşdirilmişdir. Qadın və kişinin qarışması, kişilərin bir-biri ilə və qadınların bir-biri ilə qarışması kimi deyil. Buna riayət etmək lazımdır; həm kişi riayət etməlidir, həm qadın. Əgər İslamın kişi və qadın münasibətlərinə, kişi və qadın qarışmasının tərzinə olan həssaslığı riayət olunsa, kişilərin ictimai sahədə görə bildiyi bütün işləri qadınlar da fiziki gücləri, həvəsləri və imkanları daxilində görə bilərlər.

Xuzistan qadınları ilə görüşdə çıxışdan; 11 mart, 1997

Müxtəlif dünya görüşləri - qadın və kişi münasibətlərində baxış fərqlərinin səbəbi

Sizin indi irəli sürdüyünüz mövzu əsasən qadın və kişi münasibətlərinə, əlaqələrinə və rəftar tərzlərinə aiddir. Kişi və qadın münasibətlərində qərblilərin baxışı İslamın İslam dünyagörüşündən qaynaqlanan baxışı ilə fərqlənir. Onların dünyagörüşü insani məsələlərdən qaynaqlanır. Əlbəttə, köklü məsələ deyil, lakin əsas işlərlə sonuclanır. İslamın hicab məsələri barəsindəki görüşü isə çox yaxşı və aydın görüşdür.

Qadınların inqilab rəhbərilə səmimi sual-cavab məclisində söhbətlərdən; 10 oktyabr, 1998

İslamın qadın və kişi münasibətləri üçün məhdudiyyəti

Qərb və onun mədəniyyəti baxımından qadın üçün təsəvvür olunan dəyərlərdən biri budur ki, öz vücudu və şəxsiyyəti ilə digərlərinin ləzzət almasına və bəhrələnməsinə şərait yaratsın. Buna görə biz İslam mədəniyyəti əsasında, İslamın qadın və kişi münasibətləri üçün məhdudiyyət tanıdığını, qadın və kişinin qeyd-şərtsiz əlaqələrini icazəli bilmədiyini elan etdikdə, bizi qadınları təhqir etməkdə ittiham edirlər. Halbuki təhqir Qərb mədəniyyətində qadının şəxsiyyətinə qarşı ediləndir.

"Qadın və qlobal İslam inqilabı" beynəlxalq konfransında çıxışdan; 6 fevral, 1988

İslam Cümhuriyyəti qəzeti

Uyğun olmayan münasibət

Uyğun olmayan münasibət odur ki, onda xüsusi mədəni və əxlaqi cəhətlər riayət olunmasın.

“Cəmiyyətdə qadının rolu" seminarında çıxışdan; 2 mart, 1986

İslam Cümhuriyyəti qəzeti

Qadın və kişi əlaqəsində ilahi təqvaya riayət

İlahi təqvanın bariz nümunələrindən biri, cinsi məsələlərdə və qadın-kişi əlaqələrində ilahi məhdudiyyətlərə və qaydalara riayət olunmasıdır. Bu barədə ilahi təqvaya riayət edin və şübhəsiz, Allah-Taala bu yolda çalışıb zəhmət çəkənlərə böyük mükafat ayırmışdır.

Cümə namazı xütbəsindən; 2 avqust, 1986

Risalət qəzeti

Bəzi qeyri-müsəlmanların İranda müsəlman qadın və kişi əlaqələrinin hüdudları barədə yanlış təsəvvürləri

Bizim müəyyən etdiyimiz  hüdudlar – misal üçün, naməhrəm qadın və kişi bir-biri ilə fiziki təmasda olmamalıdırlar, bir-birinə ehtirasla baxmamalıdırlar, bir-biri ilə qeyd-şərtsiz münasibətləri olmamalıdır, bağlı və xəlvət otaqda yalqız qalmamalıdırlar - dünyanın bəzi yerlərində digər xalqlar arasında  bəzən pis qarşılanır. Bizim düşmənlərimiz də bu yanlış təsəvvürü qızışdırırlar. Biz misal üçün, bir yerdə, yaxud rəsmi bir toplantıda bir qadına əl vermiriksə, bunu qadına, yaxud xüsusi olaraq o qadına hörmətsizlik kimi izah edirlər.

Cümə namazı xütbəsindən; 10 oktyabr, 1986

İslam Cümhuriyyəti qəzeti

Pozğun rabitə - qadının əxlaqi məsələlərdən, siyasi və mədəni səhnələrdən uzaqlaşması amili

Qərb mədəniyyətinin məzmunu qadınların məqamına təhqirlə doludur. Bu gün dünyanın bir çox yerlərində qadın və kişi əlaqələri bayağı və əyləncə formasına düşmüşdür. Bu, qadının əxlaqi məsələlərdən, siyasi və mədəni səhnələrdə fəal iştirakdan uzaqlaşmasına bais olmuşdur. Təbiidir ki, İslam buna qarşıdır.

"Qadın və qlobal İslam inqilabı" beynəlxalq konfransında çıxışdan; 6 fevral, 1988

İslam Cümhuriyyəti qəzeti

Qadın və kişi münasibətində fəsaddan uzaqlaşmaq

İslam baxışından qadın və kişi münasibətlərində əsas prinsip budur ki, İslam cinsi fəsad və pozğunluqla və bu gün dünyada adı cinsi azadlıq qoyulan məsələ ilə kəskin müxalifdir.

Əgər qadın və kişi ailədən kənarda, cəmiyyətdə, təhsil, iş və digər qeyri-qanuni yerlərdə öz cinsi ləzzətləri ilə məşğul olsalar, vücuda gələn ən böyük tələfat budur ki, qadın və kişi arasında və ailədə olan güclü bağlılıq qırılıb məhv olacaq.

Tehranın cümə namazı xütbəsindən; 10 oktyabr, 1986

İslam Cümhuriyyəti qəzeti

Cəmiyyətdə hicabı qorumaqla qadın və kişinin həmkarlığı

İslam məktəbində qadın və kişi arasında bir qoruyucu və hicab vardır. Bunun mənası o deyil ki, qadınların kişilərdən fərqli bir aləmləri var. Xeyr, cəmiyyətdə birgə yaşayırlar, iş yerində birgə yaşayırlar, hər yerdə birgədirlər. İctimai problemləri qadınlar və kişilər birgə həll edirlər. Müharibəni qadınlar və kişilər birgə edirlər və etdilər. Ailəni birgə idarə edirlər və yetişdirirlər, övladları tərbiyə edirlər. Lakin ev və ailədən bayırdakı qoruyucu və hicab mütləq qorunur. Bu, İslamın model qurmasında əsas məqamdır. Əgər bu məsələyə riayət olunmasa, bu gün Qərbin düçar olduğu pozğunluq qarşıya çıxacaq. Əgər bu məsələyə riayət olunmasa, qadın İslam İranında görünən vəziyyətdən, yəni dəyərlərə sarı hərəkətdə öncüllükdən qalacaq. Qərblilər bütün gücləri ilə bu məsələyə təsir göstərmək istəyirlər; hər bir yerdə və hər bir kəsə qarşı bir yolla.

Xalqın müxtəlif təbəqələri və feldşerlərlə görüşdə çıxışdan; 13 noyabr, 1991

Kişilərin qadınlarla mətanətli və möhtərəm əlaqəsi

Qadınların münasib geyimi, kişilərin iş yerində qadınlarla mətanətli və möhtərəm şəkildə əlaqəsi, müraciət edənlərlə layiqli rəftar, İslam qaydalarına riayət etmək və zöhr vaxtında namaz qılmaq iş yerinin sağlamlığının və islamçılığının əlamətlərindəndir. Bu mühüm məsələ bir tərəfdən sözlə, çıxışla, yaxşı işlərə dəvət və pis işlərdən çəkindirməyə münasib olan broşürləri yaymaqla və digər tərəfdən zərərli amillərlə mübarizə formasında həyata keçəcək.

İslam birliklərinin üzvlərilə görüşdə çıxışdan; 26 avqust, 1992

 

İranda qadın və kişi münasibətlərində aydın qaydalar

Biz bütün dünya ölkələri arasında təxminən yeganə xalq və yeganə ölkəyik ki, ümumi şəkildə cəmiyyətdə və gündəlik münasibətlərdə kişi və qadın əlaqələri üçün müəyyən qayda-qanunlar tanıyırıq. Digər ölkələrdə - istər cinsi fəsadın yayıldığı ölkələrdə, istərsə də cinsi fəsadın bir siyasət kimi yayılmadığı ölkələrdə qadın və kişi əlaqələrinin hüdudları üçün aydın qayda və çərçivə qoyulmamışdır.

Tehranın cümə namazı xütbəsindən; 10 oktyabr, 1986

İslam Cümhuriyyəti qəzeti

Qadının kişilərə qarışmadan cəmiyyətdə quruculuq fəaliyyəti

Qadınların geyimi barəsində bizim əsaslı nəzərimiz var. Düşünürük ki, qadın cəmiyyətin yarısını və hər bir cəmiyyətin inqilabçı fəaliyyətinin və hərəkətinin yarısını təşkil edə bilər. Bizim öz ölkəmizdə də bu məsələ olub və var. Əgər bu gün kimsə bizim ölkəmizə gəlsə, ölkəmizin böyük ümumi və inqilabçı fəaliyyətlərinin hamısında qadınların rolunu müşahidə edər. Buna görə, biz düşünürük ki, qadın fəal ola bilər, cəmiyyətdə quruculuq işi görə bilər. Biz bu prinsipə sadiqik. Lakin Qərb sivilizasiyasının məkrli məqsədlərlə, zorla  qadınlara qəbul etdirdiyi geyimlə müxalifik.

Təbii ki, qeyri-müsəlman ölkələrində qadınların bizim etiqad bəslədiyimiz geyimləri yoxdur. Lakin biz qadınların cəmiyyətin bütün sahələrində quruculuq və çox təsirli fəaliyyətlərində münasib geyimə malik olmasını düşünürük. Bu gün Avropada və Qərb cəmiyyətlərində adi olan kişi və qadın qarışmasını qəbul etmirik.

Zimbabve radio və televiziyasına müsahibədən; 21 yanvar, 1986

İslamda qadın və kişinin qarışmaması mədəniyyəti

İslam ailəyə olduqca böyük əhəmiyyət vermişdir. Ailə təməlinin sarsılmasına mane olmaqdan ötrü cəmiyyətdə bəzi qaydalara və sərhədlərə riayət olunmasını lazım və zəruri bilir.

İslam mədəniyyəti qadın və kişinin qarışmaması mədəniyyətidir. İslam qadın və kişinin xoşbəxtliyini və həyati inkişafını təmin etmək məqsədi ilə bu məsələ üzərində möhkəm dayanmışdır. Bu, dünyanın şəhvətpərəst qüdrətlərinin və sərvət toplayanlarının istəyinin qarşı tərəfidir. Onlar qadın və kişi arasında hicabın götürülməsinə çalışırlar.

Mədəni qurumların işçiləri və müəllimlərlə görüşdə çıxışdan; 13 oktyabr, 1994

İslam Cümhuriyyəti qəzeti

Qadını kişidən ayırmaq - Qərb sivilizasiyasının əksi

Əgər bir ölkədə qadınlar müəyyən hüdudlarda kişilərdən ayrı olsalar, sivilizasiyanın əksi olur. Doğru da deyirlər. Çünki onların Roma sivilizasiyasının xarabalıqları üzərində qurulmuş sivilizasiyası bundan başqa bir şey deyil. Dəyər baxımından onların mədəniyyəti yanlış, əksi isə düzgündür.

Qadınların mədəni-ictimai şurasının üzvləri, mütəxəssis həkim və məmur qadınlarla görüşdə çıxışdan; 25 dekabr, 1991

Qadın və kişi əlaqələrində İslam qaydalarının qorunması

Tehranda və ölkənin bütün şəhərlərində yaşayan bütün bacıları, qardaşları, qadınları və kişiləri qadın və kişi əlaqələrinə aid məsələlərdə, onları fəsada və pozğunluğa yaxınlaşdıran işlərdə ilahi təqvaya riayət etməyə çağırıram. Ehtiyatlı olun ki, İslamın hədlərindən kənara çıxmayasınız. Ehtiyatlı olun ki, fəsad mikrobları bizim cəmiyyətimizin sağlam bədəninə yenidən daxil olmasın. Ehtiyatlı olun ki, bizim sərt və kəskin siyasi və hərbi mübarizəmizlə qaçan və məğlubiyyətə məcbur olan düşmənlər gözəl-göyçək ilanlar qəlibində qayıdıb yenidən İslam Respublikasının cənnətinə daxil olmasınlar.

Qadınlarla görüşdə çıxışdan; 12 mart, 1985

Naməhrəm kişi ilə söhbətdə təkəbbürlü olmaq və kiçilməmək

Təkəbbürlülük hər bir halda qəbahət sayılır. Amma qadınların naməhrəm kişi qarşısında təkəbbürlülüyü belə deyil. Qadın naməhrəm kişi qarşısında təkəbbürlü olmalıdır. “(Yad kişilərlə) Yumşaq (əzilə-əzilə) danışmayın!”[9] Qadın başqa kişi ilə danışdığı zaman özünü kiçiltməməlidir. Bu, qadının hörmətini qorumaq üçündür. İslam bunu istəyir və bu, müsəlman qadının örnəyidir.

Ölkə qadınları ilə görüşdə çıxışdan; 16 dekabr, 1992

İslam Cümhuriyyəti qəzeti

Cinsi münasibətlər - çətin bir sınaq

Bu gün dünya cinsi münasibətlər sahəsində çətin bir sınaq yaşayır. Heç bir yerdən bir düyünü aça biləcək bir ideya, tezis və təklif irəli sürülmür. Bizim bir təklifimiz, bir tezisimiz, bir qurucu və dəlilli nəzəriyyəmiz var. Bunu izah etməliyik. Dünya xalqları bunu bilməlidirlər.

Tehranın cümə namazı xütbəsindən; 10 oktyabr, 1986

İslam qaydalarını qorumaqla qadın və kişinin söhbət və toplantılarda iştirak etməsinin icazəli olması

Qadının tağut dövrünün mədəniyyətinə bulaşmasının qarşısını almaq üçün instinktiv yollarla fəsada səbəb olan amillərin nüfuzunun qarşısını almalıyıq. Bunun üçün ən yaxşı iş düzgün geyim məsələsi, bəzənməkdən və bütün mühitlərdə bəlli məclislərdən və münasibətlərdən çəkinməkdir. Əlbəttə, bunun mənası o deyil ki, kişi və qadının ümumiyyətlə bir-biri ilə danışmamasını, toplantılara getməməsini deyək. Əgər kimsə bu sözləri belə izah etmək istəsə, bir hiylədir.

"Günün qadını" jurnalına müsahibədən; 4 mart, 1985

Qız və oğlan arasında məsum məhəbbəti istiqamətləndirmək

Dastan qoşmağın özünün cazibəsi var və şirindir. Mənim fikrimcə bundan istifadə etmək lazımdır. Əgər dastanda cinsi cazibə olmasa da, özünün cazibəsi var. Bundan əlavə, həmin cinsi cazibələri eyibsiz və dərdi-sərsiz onun içinə salmaq olar. Yəni qız və oğlanın bir-birinə qarşı məsum məhəbbətləri varsa və bu məhəbbət də nəhayət ailə qurmaqla sonuclanırsa, heç bir eybi yoxdur. Hətta dərs də ola bilər. Çünki hər halda, məhəbbət var, siz dünyada məhəbbətin kökünü kəsə bilməzsiniz. Hər halda, var, bunu istiqamətləndirmək lazımdır, yönəldə bilərsiniz.

Uşaq və yeniyetmələrin fikir tərbiyəsi mərkəzinin məsul şəxsləri ilə görüşdə çıxışdan; 9 avqust, 1997

Keyhan qəzeti

Qadın və kişi həmkarlığının icazəli olması ilə yanaşı cinsi fitnədən qorunmaq

Sizin bu gün Qərbdən təsirlənmiş qeyri-qərb dünyasında və hətta bir çox Qərb ölkələrində gördüyünüz qadın və kişi məsələsi, yəni bu pozğunluqlar əsl Qərb mədəniyyətindən deyil. Əsl Qərb mədəniyyətində iki cinsin İslamda da göstərilən çəkinməməsi var. Onun bir hissəsi onların məsihilik haqda yanlış düşüncələrinə aiddir, bir hissəsi də tarixi və coğrafi məsələlərə.



Geri   İrəli
Go to TOP