A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Qadın (Seyid Əli Xamenei)
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Mənim Səhifeyi-Səccadiyyənin bəzi duaları arasından əldə etdiyim budur ki, Allah-Taalanın çətinliklər üçün insana verdiyi (bu da ən böyük çətinliklərdəndir) savab bəzən ibadətlərin savabından çox artıqdır. Belə ki, bu problemə düçar olan şəxsin özü Allah-Taalanın ona hansı savabı nəzərdə tutduğunu gördükdə inanmayacaq. Bu savab bu qədər böyükdür.

Buna görə, düzdür, sizlər narahatsınız. Qürbət yerlərdə əzizlərinizi əldən vermisiniz. Din düşmənlərinin əli ilə şəhadətə qovuşublar. Sizi qəmgin ediblər. Amma sizin Allah-Taala yanında savabınız çox yüksəkdir. Çalışın bu savabı özünüz üçün qoruyun, naşükürlük etməyin. Əlbəttə, naşükürlük etməyin mənası bu deyil ki, insan ağlayıb əza saxlamasın. Yox, bunların eybi yoxdur. Amma insan bilməlidir ki, Allah tərəfindəndir və dözməlidir.

Şəhid ailələri ilə görüşdə çıxışdan; 7 oktyabr, 1997

Keyhan qəzeti

İranın şərəf və izzətində şəhidlərin həyat yoldaşlarının rolu

Əgər inqilabdan sonra bu səkkizillik məcburi müharibə dövründə bu xalqın bu fədakar gəncləri olmasaydılar, əgər bu fədakarlar, bu könüllü keşikçilər, bu ordu və keşikçilər korpusu, bu ailələr, ərlərini döyüş cəbhələrinə göndərməyə hazır olan, onlardan ayrı qalan və sonda da cəsədlərini təhvil alan, yaxud almayan bu gənc gəlinlər, özündən keçən bu ata və analar olmasaydılar, siz elə bilirsiniz İran xalqı üçün başucalığı qalardı?! İran xalqını təhqir edərdilər.

Bu gün siz izzətli və başıucasınız. Mənim çox məlumatım var ki, dünyanın ucqar yerlərində müharibəyə görə bəzi şəxslər İslama diqqət yetirmişlər, bəziləri Əhli-beyt (ə) məktəbinə yönəlmişlər. Bizim təbliğatımıza görə yox, inqilaba görə yox, müharibəyə görə; bu böyük müdafiəyə, bu əzəmətli və təntənəli müdafiəyə görə. Yəni sizin gənclərinizin gördüyü bu işlərə görə İranın adı əzəmət qazandı, dünyada izzət əldə etdi. Bu böyük nailiyyətin fəxri şəhidlərə, müharibə əlillərinə, əsirlikdən azad olanlara, fədakarlara və onların ailələrinə məxsusdur. Fəxr bunlarınkıdır.

İran xalqı bunların qarşısında hörmət bildirməli və özünü borclu bilməlidir. Məmurlar birinci növbədə gərək özlərini borclu bilsinlər. Gərək özümüzü onlara hörmət və xidmət göstərməyə borclu bilək.

Kərəc şəhərinin şəhid və fədakar ailələri ilə görüşdə çıxışdan; 16 oktyabr, 1997

Keyhan qəzeti

Qadınların mübarizədə mühüm rolu

Bu gün bizim ölkəmizin qadınları bu fəal və çalışqan cəmiyyətin işlərinin yarısını öhdəsinə götürmüşdür. Əgər bizim müsəlman qadınlarımız olmasaydı, bizim döyüş meydanlarımız döyüşçülərin və gənclərin belə şücaəti, qorxmazlığı və fədakarlığı ilə qarışmazdı. Əgər qəhrəman analar olmasaydılar, əgər çətinliyə dözən və fədakar həyat yoldaşları olmasaydılar, övladlar və ərlər bu çətin işlərə girişə bilməzdilər. Bu gün ölkədə quruculuq işi və beynəlxalq hegemonluqla mübarizə işimiz də qadın və kişilərin çiynindədir. Qadınların mühüm rolu vardır. Bizim qadınlarımız və kişilərimiz diqqətli olub bu böyük neməti qorumalıdırlar.

Qadınlarla görüşdə çıxışdan; 12 mart, 1985

İslam Cümhuriyyəti qəzeti

Qadınların müharibədə çox təsirli və dəyərli rolu

Demək istədiyim başqa bir məsələ qadınların bu müharibədəki rolu barəsindədir. Biz inqilabda da qadının öz cəmiyyətimizdəki rolunu gördük. Bu müharibədə də müharibə hərəkətinin sürətləndirilməsində qadınların rolunu görməkdəyik. İnanın ki, İran xalqının bu hərəkətində qadınlar çox təsirli rol ifa etdilər. Bu əzəmətli rolun qədrini, qadını cəmiyyətin fəal əlindən ayrı bir üzv formasına salmağa, yaxud onu kiçik və dəyərsiz işlərlə məşğul etməyə çalışan keçmiş müstəmələkə siyasətini görənlər bilirlər. Onlar bacıların bu fəal hərəkətinin qədrini bilirlər. Mən yada salmaq üçün əziz bacılarıma deyirəm ki, sizin rolunuz çox dəyərlidir. Arxa cəbhədə çalışmaq, kişiləri həvəsləndirmək, həyat yoldaşlarının, övladların, qardaşların və ataların fədakarlığından həzz almaq, cəbhəyə lazım olan bir çox əşyaları hazırlamaq, bu gün çox bacıların cəbhədə, yaxud arxa cəbhədə öhdələrinə götürdüyü şəfqət bacılığı və tibbi yardım rolu bizim inqilabımızın faydalarındandır. Ümidvarıq ki, Allah-Taala bizim qadın və kişilərimizə uğur bəxş etsin və onlar bu dəyərli rolu beləcə irəliyə apara bilsinlər.

Cümə namazı xütbəsindən; 19 dekabr, 1980

Qadınların işləməsi

Ailə təməlini qorumaq şərti ilə qadınların ictimai adlar qazanması

Qadınlar İslamda ailə təməlini qorumaqla məhkəmə hakimliyi kimi bəzi istisnaları çıxmaq şərti ilə kişilərin çalışdığı bütün işlərdə çalışa bilərlər. İslam qadınlardan istəyir ki, ailə təməlinin möhkəm qalmasına çalışsınlar.

Qadın mübariz, döyüşçü və Allah yolunda mücahid kimi cəmiyyətə çıxa bilər. Bu işlərin hamısı icazəli və gözəldir. Bu şərtlə ki, cəmiyyətin əsas elementi olan ailə dağılmasın.

"Qadın və qlobal İslam inqilabı" beynəlxalq konfransında çıxışdan; 6 fevral, 1988

Ettelaat qəzeti

İslamda qadınların işləməsinin şərtləri

İslam nəinki qadınların işləməsi ilə müvafiqdir, hətta onun əsas peşəsi ilə (onun ən mühüm peşəsi övlad tərbiyəsi və ailəni qorumaqdır) ziddiyyət təşkil etməsə, hətta lazım da bilir. Bir ölkə müxtəlif sahələrdə qadınların işçi qüvvəsindən ehtiyacsız ola bilməz. Amma bu iş qadının mənəvi və insani hörməti və dəyəri ilə ziddiyyətdə olmamalıdır, qadını aşağılamamalıdır, onu kiçilməyə vadar etməməlidir.

İnqilab rəhbərinin “Qadın günü” münasibətilə ölkə qadınları ilə görüşündəki çıxışından: 16 dekabr, 1992

İslam Cümhuriyyəti qəzeti

Qadınların qadınlıq xüsusiyyətləri ilə münasib işdə çalışması

Allah-Taala dəyərli lütf, aramlıq və mərhəmət xəzinəsini qadının varlığında qoymuşdur. Qadınlar cəmiyyətdə elə məsuliyyətlərdə və peşələrdə vəzifə yerinə yetirməlidirlər ki, bu mahiyyət xüsusiyyətləri ilə ziddiyyətdə olmasın.

Məclis üzvü olan qadınlarla görüşdə çıxışdan; 6 oktyabr, 2001

Keyhan qəzeti

Qadınların işləməsində qadın təbiətinin və fitrətinin riayət olunması

Qadının təbiəti və fitrəti, kişinin təbiəti və fitrəti, qadına məxsus məsuliyyət və peşələr, kişiyə məxsus məsuliyyət və peşələr və bunların arasında müştərək olan peşələr gözlənilsin, təsirlənməkdən və təqlidçilik üzündən bir iş baş verməsin.

"Kövsər təvəllüdü" bayramı münasibəti ilə Azadlıq idman kompleksində xanımlarla görüşdə çıxışdan; 22 oktyabr, 1997

Qadının ağır işə məcbur edilməsi

Qadının ağır işə məcbur edilməsi qadına zülmdür. İslam bunu tövsiyə etmir. Amma elmi iş, iqtisadi, siyasi və ictimai fəaliyyətləri də qadağan etmir. Əlbəttə, əziz İslam Peyğəmbərindən (s) bir hədisdə buyurur ki, sizin qadınınız güldür, fəhlə deyil. Yəni qadın sizin evinizdə incə bir gül kimidir. Onunla çox incə və diqqətlə rəftar etməlisiniz. O sizin xidmətçiniz deyil ki, ağır işləri həvalə etməyi düşünəsiniz. Bəziləri evlənmək istədikdə şərt edirlər ki, qadın mütləq işləməlidir, peşəsi və gəliri olmalıdır. Bu kökündən yanlışdır. İslam belə bir söz deməmişdir. Qadını ağır işlərə, çətin iqtisadi, ictimai, yaxud siyasi fəaliyyətlərə məcbur etməsinlər. İslam bunu da tövsiyə etməmişdir. İslamın nəzəri orta bir nəzərdir. Yəni əgər qadının imkanı və vaxtı olsa, uşaq sahibi olmaq ona mane olmasa, həvəsi və fiziki qüvvəsi olsa, iqtisadi və siyasi fəaliyyətlər göstərmək istəsə, eybi yoxdur. Amma İslam məcbur etməyi istəməmişdir.

Şərqi Azərbaycan əhalisi ilə görüşdə çıxışdan; 19 sentyabr, 1996

Keyhan qəzeti

Qadının evdə və ailədə təsirli fəaliyyəti - evdən bayırda işləməyin şərti

Sizin işiniz də var, həm də bayırdasınız, cərrahiyyə əməliyyatı da aparırsınız, xəstənizi də görürsünüz, elmi iş də görürsünüz, layihə də yazırsınız, universitetdə dərs də deyirsiniz. Bunların hamısı öz yerində, amma evin payını da nəzərə almalısınız. Əlbəttə, evin payında digər bütün məsələlər kimi kəmiyyəti keyfiyyətinə qurban vermək olar. Yəni qadının evdə 24 saat olması kəmiyyətini azaltmağın bir mənası var. Amma o 24 saatı azaltdıqda, keyfiyyətini yüksəltsəniz, o zaman başqa bir məna kəsb edəcək. Əgər o işinizin bu məsələyə zərər yetirdiyini görsəniz, onun üçün bir şey düşünməlisiniz. Bu əhəmiyyətli və əsaslıdır. Məcbur qaldıqda isə heç. Bütün məsələlərdə qayda həddindən xaric olan zəruri işlər olur. Mən qaydanı deyirəm, istisnalarla işim yoxdur.

Qadınların mədəni-ictimai şurasının üzvləri və mütəxəssis həkim qadınlarla görüşdə çıxışdan; 25 dekabr, 1991

İşdə şəriət hədlərinin riayət olunması

Bu gün bizim cəmiyyətimizin qadınları şəriət sərhədlərinə riayət etmək istəyirlər. Bunun özü bizim müsəlman və dindar qadınlarımızın inqilabçı hərəkətinin fəxrlərindən və nailiyyətlərindən biridir. Belə bir şəraitdə şəfqət bacılığı peşəsi ilə dindar yaşamaq həm mümkün, həm icazəlidir.

Keşikçilər Korpusunun könüllü keşikçilərin (bəsicin) qadın üzvlərinin və şəfqət bacılarının İslam birliyinin üzvləri ilə görüşdə çıxışdan; 2 fevral, 1983

İslam Cümhuriyyəti qəzeti

Şəfqət bacılığının əhəmiyyəti

Məcburi müharibə səbəbindən şəfqət bacılığı məsələsi xüsusi əhəmiyyətə malikdir. Şəfqət bacıları, qadın və kişilər bu ilahi xidmətin qədrini bilsinlər. Qızlar və oğlanlar da feldşerlik təhsili üçün özlərini daha artıq hazırlasınlar. Ferdlşerlik cəmiyyətin zəruri ehtiyaclarından biridir. Belə ki, bu şərəfli və həssas peşəyə etinasızlıq cəmiyyətin sağlamlığına etinasızlıqdır.

Keşikçilər Korpusunun könüllü keşikçilərin (bəsicin) qadın üzvlərinin və şəfqət bacılarının İslam birliyinin üzvləri ilə görüşdə çıxışdan; 2 fevral, 1983

Qadın və kişilər üçün feldşerliyin əhəmiyyəti

Bir xəstənin sağalmasında bir feldşerin məharəti bəzən həkimliyin və təbabətin məharətindən də artıq olur... Feldşerlik təkcə qadın toplumuna məxsus deyil. Gələcəkdə feldşerlik işində qadın və kişilər arasında tarazlığın yaranmasına çalışılmalıdır.

Keşikçilər Korpusunun könüllü keşikçilərin (bəsicin) qadın üzvlərinin və şəfqət bacılarının İslam birliyinin üzvləri ilə görüşdə çıxışdan; 2 fevral, 1983

Feldşerlik rolunun ifasında şəfqətin və məharətin sintezi

Bu feldşerlik sənəti doğrudan da qəribə tərkibə malikdir. Mən feldşerlərə hörmət ifadə etmək və xalqın ictimai fikrini bu şərəfli təbəqəyə yönəltmək üçün bir cümlə deyirəm. Bu sənət bir tərəfdən mərhəmət, şəfqət, mehribanlıqdan və digər tərəfdən elmdən, bilgidən, təcrübədən və məharətdən təşkil olunmuşdur. Təkcə mehribanlıq kifayət deyil, qayğıkeş olmaq feldşerliyin hamısı deyil. Feldşerin öz işini düzgün və yerində görə bilməsi üçün elm lazımdır. Şəfqət və mehribanlıq olmadan elm kifayət etmir. Bu elmin incə insan ruhiyyəsi ilə, məhəbbətlə, məsuliyyət hissi ilə, xəstəyə qarşı qayğıkeşliklə yanaşı olması lazımdır. Bu iki cəhət feldşerlərdə toplanmışdır. Buna görə, əgər təbabət olsa, amma feldşerlik olmasa, təbabət də xəstənin xəstəliyini müalicə edə bilməyəcək. Bizim xəstələrimizin vəziyyətinin yaxşılaşmasının mühüm bir hissəsi feldşerlərin nəvazişli əllərinə borcludur.

Feldşer və müharibə əlilləri ilə görüşdə çıxışdan; 10 sentyabr, 1997

Keyhan qəzeti

Təbabətlə eyni çəkidə olan müqəddəs feldşerlik peşəsi

Feldşerlik insaniyyət və İslam peşəsidir. Müxtəlif şəfqətlərlə dolu olan, şəfqətlərin həmişə dəyərli rola malik olduğu bizim kimi bir cəmiyyət və ölkə möhkəm əqli və elmi əsaslara malik olan bu böyük duyğusal hərəkətə hörmət gözü ilə baxmalıdır.

İstər qadın, istər kişi olan feldşerlər öz qədirlərini bilsinlər, bu peşəni müqəddəs saysınlar. Bir feldşerin xəstə üçün hər bir insani hərəkəti bir savabdır, köməyə ehtiyacı olan insana köməkdir; özü də həssas bir şəraitdə. Feldşerlik təbabətin yanında və təbabətlə eyni çəkidədir.

Xalqın müxtəlif təbəqələri və feldşerlərlə görüşdə çıxışdan; 13 noyabr, 1991

İslam Cümhuriyyəti qəzeti

"Qadının problemi etimadlı, duyğusal və ruhi dayağın olmamasıdır, peşənin olmaması yox!"

Bəzi adamlar elə bilirlər ki, qadının çatışmazlığı böyük və səs-sədalı peşəsinin olmamasıdır. Qadının problemi bu deyil. Hətta böyük vəzifəsi olan qadın da ailədə təhlükəsiz bir mühitə, mehriban və məhəbbətli bir ərə, onun həyat yoldaşı və kişisi olan etimadlı, duyğusal və ruhi bir dayağa ehtiyacı var. Qadının xisləti, emosional və ruhi ehtiyacı budur. Bu ehtiyac təmin edilməlidir.

"Kövsər təvəllüdü" bayramı münasibəti ilə Azadlıq idman kompleksində xanımlarla görüşdə çıxışdan; 22 oktyabr, 1997

Qadınların yüksək vəzifələri

Kişilərin müraciət etdiyi yüksək vəzifələrin tutulması

Əgər qadın yüksək hökumət vəzifələrinin birini, çox kişilərin müraciət etdiyi çox mühüm bir vəzifəni tutsa (əlbəttə, demirəm hansı vəzifəni, çünki vəzifələrin xüsusiyyətləri çox aydın və dəqiq deyil. Lüzumu da yoxdur ki, insan səbəbsiz olaraq barmağını bir vəzifənin üstünə qoysun), bunun heç bir eybi yoxdur. Bu, qadının fəaliyyətinə heç bir maneə törətmir. Qadın bu vəzifədə minlərlə kişini və müraciət edəni həkimcəsinə qəbul edə bilər, o vəzifədən gözlənilən qanuni və hüquqi istəklərini təmin edib hamısını yola sala bilər. Heç bir eybi və məhdudiyyəti yoxdur. Mübarizə və müharibə meydanında da belədir, həzrət Zeynəbin (ə) daxil olduğu, həzrət Zəhranın (s) daxil olduğu, cənab Həkimənin (ə), yaxud həzrət Sadiqin (ə) bacısının daxil olduğu o meydanda da belədir. Həzrət (ə) buyurdu ki, gedin bu məsələni ondan soruşun.

Bəzi imamların bacıları və həyat yoldaşları, yaxud Peyğəmbərin (s) həyat yoldaşları müxtəlif elmi, mədəni, siyasi, hərbi, mübarizə və inqilab meydanlarına qoşuldular. Diqqət etdiniz? Bu meydanların heç birində fəaliyyət göstərməyin heç bir eybi yoxdur. Amma hicab mövcuddur. Ona riayət edin və mübarizələr meydanına qoşulun.

İslam Şurası Məclisinin üzvü olan qadınlarla görüşdə çıxışdan; 21 iyul, 1997

Qadınların ictimai postlar tutmasının ictimai qəbulluğu

Sual: Sizin fikrinizcə müsəlman qadınlar İslam inqilabından sonrakı doqquzillik dövrdən sonra bu qədər işgüzar və bacarıqlı olmuşlarmı mühüm yerlərdə, misal üçün, bir nazirlikdə bir vəzifə tutub təsirli ola bilsinlər?

Cavab: Deməyin ki, iranlı qadınlar belə olmuşlarmı, deyin ki, qadınların arasında belə şəxsiyyətlər varmı. Mən düşünürəm ki, var, bəzi nazirliklər üçün mövcuddur, lakin bizdə ictimai qəbulluq yoxdur. Siz bilin ki, əgər biz bir qadını ona münasib bir nazirliyə nazir qoysaq, bizim cəmiyyətimizdə buna qarşı çıxan ən təəssüblü şəxslərdən bəziləri qadınlar olacaqlar. Çox qadınlar müxalifətçilik göstərəcəklər ki, siz nə üçün bir qadını nazir qoymusunuz. Bu bəllidir ki, qadın və kişi söhbəti deyil, cəmiyyətimizin mədəniyyətinin elementlərinə uyğun olaraq bu məsələlərə qarşı çıxmaq oturuşmuşdur. Ola bilsin kişilərin çoxu razı olsunlar, amma qadınların özlərinin bəziləri, şübhəsiz, müxalifət edəcəklər. Bizim ictimai vəziyyətimiz hələ uyğun və hazır deyil.

"Günün qadını" jurnalına müsahibədən; 4 mart, 1988

Açar vəzifələr və idarəçiliklər

Mənim fikrimcə bu gün xanımların bu işinin əhəmiyyəti onların ölkə miqyasında adi peşələrinin əhəmiyyətindən az deyil, hətta onların çoxundan artıqdır da. Bəli, siz sualı belə qoyun ki, nə üçün qadınların açar vəzifələri və idarəçilikləri yoxdur. Bu sual məqbuldur. Belə ki, qadınlarda yaxşı səlahiyyətlər var. Biz təəssüblə demirik ki, qadın İslamın qadağan etmədiyi hansısa bir yerdə mütləq məsul şəxs olmalıdır. Çünki bəzi yerlərdə İslamın qadağası ola bilər. İslamın qadağası olmayan yerlər də yüksək səviyyələrə qədər şamil olur. Belə yerlər üçün araşdırıb səlahiyyətli şəxsləri seçmək istədikdə qadınları da kişilərin yanında və bu toplum arasında görsünlər və heç təəssübkeşlik olmadan daha layiqlisini seçsinlər. Əlbəttə, bu bir ənənə və bir mədəniyyətdir. Bu məsələlər sərəncamla baş vermir ki, sərəncam verək. Xeyr, bunlar cəmiyyətin mədəniyyətindən və inamlarındandır. Gərək o qədər deyilsin, o qədər təkrar olunsun və dəlil göstərilsin ki, oturuşsun.

Qadınların mədəni-ictimai şurasının üzvləri ilə görüşdə çıxışdan; 6 yanvar, 1991

Müsəlman qadının ictimai həyatın yüksək pillələrində durması

Qərb və Amerika cəmiyyətlərində qadın əri və övladları tərəfindən təhqir və zülmə məruz qalır, həqiqi mənasında olan analıq haqqından məhrumdur.

Lakin İran İslam cəmiyyətində bizim qadınlarımız ictimai həyatın yüksək pillələrində durur və müharibə meydanında, quruculuq fəaliyyətlərində, rol ifa etməkdə, İslamın və İslam quruluşunun məqsədlərinin həyata keçirilməsində, özlərinin ruhi qüvvələrində öz insani dəyərlərini göstərmişlər.

Mədəni qurumların işçilərilə görüşdə çıxışdan; 13 oktyabr, 1994

İslam Cümhuriyyəti qəzeti

Təhsilli qadınların sürətli inkişafının lazımlığı

Mənim fikrimcə təhsilli qadınlar ictimai və siyasi fəaliyyətlərdə iştirak etmək baxımından orta səviyyədə inkişaf etmişlərsə də, lakin bu inkişaf sürətli formada deyil. Halbuki iranlı qadınların məcmusu üçün əzəmətli və möhtəşəm bir inkişaf yaranmışdır.

"Günün qadını" jurnalına müsahibədən; 4 mart, 1985

Məclisdə qadın deputatların artırılmasının zəruriliyi

Məclisə seçilə bilən xanımların sayı həm məsləhət baxımından, həm də xarici reallıq baxımından dörd nəfərdən çox artıq ola bilər. Əgər məclisin qırx qadın deputatı olsa da, məclis üçün pis deyil. Bu iş reallıqda da mümkün ola bilər. Əlbəttə, bu məsələ üzərində bir qədər artıq düşünmək lazımdır. Lakin şübhəsiz, İslam Şurası Məclisində nümayəndəlik rolunu ifa etməyə layiq olan xanımlar az deyil. Nə eybi var ki, dörd nəfərdən artıq olsunlar. Mütləq gərək dərk etsinlər ki, qadınlar məclisdə sözün həqiqi mənasında deputatlıq rolunu ifa etmək istəsələr, dörd nəfərlə olmur. İslam Şurası Məclisində daha artıq olmalıdırlar ki, bizim indiki dövrümüzdə deputat qadın üçün İslam Şurası Məclisində irəli sürüləcək fikri həyata keçirə bilsinlər.

"Günün qadını" jurnalına müsahibədən; 4 mart, 1988

Məclisdə qadınların fəaliyyətinin keyfiyyəti

Əvvəla çox sevinirəm ki, Allahın lütfü ilə bacıların İslam Şurası Məclisində nəzərəçarpacaq keyfiyyətli və kəmiyyətli bir toplum vücuda gətirdiyini görürəm. İstədiyim bu deyil ki, misal üçün, iki yüz yetmiş deputatdan yüz neçəsi qadın olmalıdır. Xeyr, ümumiyyətlə söhbət bundan getmir ki, vəzifələrin nə qədərini qadınlar və nə qədərini kişilər tutsunlar.

Təsadüfən mənim fikrimcə, bu sahəyə diqqət mənfi məqamdır. Biz düşünək ki, kişilərin müəyyən sayda təmsil olunduğu hər bir səhnədə qadınlar da həmin kəmiyyətdə olsunlar. Bu ibtidai, bəsit və uşaqcasına bir düşüncədir. Bu baxımdan sevindiyimi demirəm. Ona görə sevinirəm ki, xoşbəxtlikdən, qadın şəxsiyyətinin bərpası üçün ciddi və həqiqi bir hərəkətin vücuda gəldiyi duyulur.

İslam Şurası Məclisinin üzvü olan qadınlarla görüşdə çıxışdan; 21 iyul, 1997

İslam Cümhuriyyəti qəzeti

Məclisdə qadın deputatların rolu

Ümumi deputatlıq baxımından deputat qadının rolu, deputat kişi ilə əsla fərqlənmir. Məclisin qanuni bir məqamı var. Bundan əlavə, başqa bir heysiyyəti də var. İslam Şurası Məclisi bu məclisin səkkiz-doqquzillik tarixinin üzə çıxardığı cəhətlərə görə o heysiyyət əldə olunmuşdur. Məclisin əsas işi qanunvericilikdir və bu işdə qadınla kişi arasında heç bir fərq yoxdur. Hər ikisi təklif olunan qanunlar, onların ekspert araşdırması, faydalı olub-olmamasının dəyərləndirilməsi və nəhayət qəbul olunmasında şərik ola bilərlər.

İslam Şurası Məclisinin tarixinin bu səkkiz ildə əldə etdiyi ikinci məqam siyasi məqamdır. Yəni məclisin bizim cəmiyyətimizdə siyasi yeri vardır. Bu siyasi yer az əhəmiyyətli məsələ deyil.

"Günün qadını" jurnalına müsahibədən; 4 mart, 1988

Xanımların məclisdə missiyası

Mənim fikrimcə məclisdəki xanımların öhdəsinə böyük bir missiya və böyük bir vəzifə düşür. O da budur ki, bizim cəmiyyətimizdə qadınla bağlı olan yanlış ənənələrin təsirindən vücuda gələn boşluqlar vardır. Onlar qadın olduqlarına görə belə məsələləri kişilərdən daha yaxşı dərk edirlər. Qanun qəbul etməklə o boşluqları dodurmalıdırlar. Bu, kişilərin işi deyil. Kişilər qadınlara qarşı nə qədər duyğulu olsalar da və İranda qadınların həyatının anormal cəhətlərini aradan qaldırmaq istəsələr də, onları düzgün dərk edə və qanunlarda qadınların vəziyyətini nəzərə ala bilməzlər.

Qadınlar İslam Şurası Məclisində bu çatışmazlığı düzəltməlidirlər. Yəni əgər bizim qanunvericilik dövrümüzdən on-on beş il ötsə və qadınlar məclisdə olsalar, gərək biz qanuni baxımdan və qanuni yolla cəmiyyətin qadınlara aid problemlərini həll etmiş olaq. Mənim fikrimcə, İslam Şurası Məclisində qadınların missiyası budur. Əlbəttə, nəinki digər siyasi, iqtisadi və başqa məsələlərdə vəzifələri yoxdur. Amma bu vəzifə onlara məxsusdur və heç kim onların yerini tuta bilməz.

"Günün qadını" jurnalına müsahibədən; 15 fevral, 1992

Qadınların məclisdə və BMT-də fəaliyyəti

Sual: Bəziləri düşünürlər ki, xanımların məclisdə təmsil olunması, hətta onların seçilmək üçün tanıtdırılması daha çox formal xarakter daşıyır. Siz bu barədə nə buyurursunuz?

Cavab: Əgər belə bir şey olsa, çox pisdir. Formal xarakterin mənası budur ki, məclisin işində bunların heç bir təsiri olmasın. Yalnız gedib orada otursunlar və gəlsinlər. Düşünmürəm ki, belə olsun. Amma əgər kimsə araşdırsa və xanımların komissiyalarda heç bir fəaliyyətinin olmadığını desə, deyə bilmərəm. Lakin belə olduğunu güman etmirəm. Əlbəttə, mən sizə bunu da deyim ki, ictimai məsələlərdə qadının məqamını və rolunu nümayiş etdirmək baxımından qadınların iştirakı pis bir şey deyil. Əgər yalnız nümayişkaranə olsa, pisdir. Amma nümayiş etdirmənin eybi yoxdur. Çünki İslam Respublikasını siyasi işlərdə qadınlara etinasız yanaşmaqda ittiham edirlər. Bu ittiham da aradan qalxmalıdır.



Geri   İrəli
Go to TOP