A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Qadın (Seyid Əli Xamenei)
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


İslam inqilabının qələbəsində qadınlar iki müsbət və təsirli rola malik idilər. Onların birinci rolu öz mübarizələrində müsbət və düzgün fəaliyyət, daha çox əhəmiyyətə malik olan ikinci rolları isə mübarizədən irəli gələn problemlərə dözüm, təmkinlik və kömək idi.

İslam inqilabında qadınların çoxu öz həyat yoldaşlarını həvəsləndirirdilər. İnqilabda ən çox problemlər adətən mübarizlərin həyat yoldaşlarına aid idi.

Mübarizənin son iki-üç ilində inqilabın və xalqın əzəmətli qiyamının qələbəsində qadınların rolu birdən-birə möhtəşəm şəkildə qabardı. Qadınlar birinci təhlükəli yürüşə başladılar, təhlükə dolu mübarizə meydanlarında fəal və nəzərəçarpacaq şəkildə iştirak etdilər.

Qadınlar İslam inqilabının qələbəsindən sonra da inqilabın bütün böyük dəvətlərinə cavab verən ilk şəxslərdən idilər. Qadınlar fəaliyyət və mübarizə meydanında bu günə qədər də kişilərdən qat-qat öndədirlər.

"Qadın və qlobal İslam inqilabı" beynəlxalq konfransında çıxışdan; 6 fevral, 1988

İslam Cümhuriyyəti qəzeti

İnqilabın qadınlara ehtiyacı

Ey müsəlman qadın! Ey körpə uşağını qucağına götürüb təhlükə meydanına gedən, özünün və uşağının canını təhlükəyə salan ana! Ey ana! Ey gəlin! Ey fədakarlıq götərməyə hazır olan və nəticədə inqilabı qələbəyə çatdıran bacı! Əgər sən müsəlman qadının iman və iradə gücü olmasaydı, inqilab qələbə çalmayacaqdı. Bu gün də inqilab sizə ehtiyaclıdır.

Cümə namazı xütbəsindən; 4 iyul, 1980

Qadınların ardınca kişilərin canfəşanlığı

Əgər qadınlar inqilaba qoşulmasaydılar, inqilab qələbə çalmayacaqdı. Gənclər inqilabın sıralarına qoşulmaq üçün evdən çıxmayacaqdılar, anaları qoymayacaqdı, anaları ən azı, onları həvəsləndirməyəcəkdi. Əgər qadınlar inqilaba könül verməsəydilər, kişilər belə azad şəkildə inqilab sıralarında canfəşanlıq göstərməzdilər.

Xalqın müxtəlif təbəqələri və feldşerlərlə görüşdə çıxışdan; 13 noyabr, 1991

Qadınların inqilabdakı qəhrəmanlığı

İnqilabda qadınların rolu çox olmuşdur. İnqilabın qələbəsindən sonra bu günə qədər də doğrudan da ölkə qadınları bütün səhnələrdə böyük rol oynamışlar. Bu çox böyük və heyrətamiz bir hadisədir. Mən düşünürəm ki, qadınlar inqilabdan qabaqkı dövrdə və o rejimin zamanında siyasi və mədəni zülmə məruz qalmışlar; hətta bəzi ailələrdə məruz qaldıqları zülmdən daha artıq. Onları rol ifa etmək yerinə işsizliyə və pozğunluğa sövq edirdilər. İnqilab doğrudan da bir meydan açdı və xanımlar bu hadisələrdə kişilərdən çox fəaliyyət göstərib qəhrəmanlıq yaratdılar.

Fəcr ongünlüyündə gənclərlə görüşdə çıxışdan; 2 fevral, 1999

Qadınların səhnədə fəal iştirakı

Bu gün İslam ölkəsinin hər bir yerində mömin və hizbullahçı gənclər, mömin və yüksək ruhiyyəli qadınların və kişilərin inqilabın prinsiplərinə möhkəm bağlanan ailələri fəal iştirak edir və ölkəni, İslamı, İslam quruluşunu, öz heysiyyətlərini və müstəqilliklərini hər bir düşmən qarşısında müdafiə edirlər.

Şəfqət bacıları və mədəni qurumların işçilərilə görüşdə çıxışdan; 13 oktyabr, 1994

İslam Cümhuriyyəti qəzeti

Qadının fəaliyyəti – mübarizədə bütün ailənin fəaliyyətinin amili

İnqilabın qələbəsində qadın toplumunun rolu böyük ehtimalla kişilərə məxsus toplumdan çox olmuşdur. Evin xanımı mübarizədə özünü şərik bilib meydana atıldıqda, əslində bütün evi mübarizə meydanına çəkirdi. Müharibədə də əgər şəhidlərin anaları və həyat yoldaşları belə dözümlü olmasaydılar, müharibə çox ağır problemlərlə üzləşərdi. Cəmiyyətdə qadınların rolu bizim qadınlarımızın siyasi məlumatlanmasına və inkişafına bais oldu. Qadın savadlanıb siyasi məlumat əldə etsə, heç kəs ona hegemonluq edə bilməz.

Şərqi Azərbaycan əhalisi ilə görüşdə çıxışdan; 19 sentyabr, 1996

Keyhan qəzeti

Qadınların üstün və təyinedici rolu

Mən burada qadınların bu əzəmətli və heyrətamiz hadisədəki rolunu mütləq vurğulamalıyam. Çünki əgər biz öz cəmiyyətimizin qadınlarının bu hadisələrdəki təyinedici rolunu düzgün bilməsək, insafsızlıq olar.

Doğrudan da İslamın, bizim İslam inqilabımızda aşkaralanan ən böyük möcüzələrindən biri bu idi. Siz görün Qərb müstəmləkəçiliyi bizim qadınlarımız üçün necə dəhşətli yuxular görmüşdü, qadınları haraya sövq etmək, onları hansı mədəniyyətə bulaşdırmaq istəyirdi. Amma görün bu gün bizim qadınlarımız necədirlər. Əgər biz nailiyyətlərin və qələbənin yarısının qadınlara məxsus olduğunu desək, şübhəsiz, mübaliğə etmiş olmarıq. Mən deməliyəm ki, bəzi yerlərdə qadınların rolu kişilərdən çox olmuşdur.

Cümə namazı xütbəsindən; 14 mart, 1986

İslam Cümhuriyyəti qəzeti

İranlı qadının fədakarlığı və əzəmət yaratması

İslam qadını yolu düzgün gedən, məqsədi düzgün seçən və bu yolda fədakarlığa hazır olan qadındır. Belə bir qadın əzəmət yaradır; necə ki, İran qadınları əzəmət yaratdılar. Bunlar kompliment deyil.

Xalqın müxtəlif təbəqələri və feldşerlərlə görüşdə çıxışdan; 13 noyabr, 1991

İslam Cümhuriyyəti qəzeti

İnqilabın irəliləməsində qadının iştirakının əlaməti

Allaha həmd olsun ki, ictimai qərarlarda, inqilabın irəliləməsində və gələcəyin qurulmasında - hər yerdə qadının iştirakının əzəmətli əlamətləri görülür.

Bu ölkənin hər bir yerində bizim toplantılarımız, cümə namazlarımız, mitinqlərimiz və nümayişlərimiz qadınların iştirakı ilə, onların fəaliyyəti və inqilabçı ruhiyyəsi ilə bəzənmişdir. Bunu qoruyun. Bu, inqilabın, İslamın və iffətin faydalarındandır.

Cümə namazı xütbəsindən; 6 yanvar, 1984

İnqilabın ön xətt əsgərləri

Xanımlar inqilabın ön xəttinin əsgərləri idilər. Bu, sözün həqiqi mənasında belə idi, mən bunu şişirtmirəm. Biz inqilabın gedişində görürdük ki, qadın ölkəmizdə inqilabın ön xəttinin əsgəridir. Əgər qadınlar inqilaba razı olmasaydılar, bu inqilabı qəbul edib ona inanmasaydılar, əmin olun ki, bu inqilab baş verməyəcəkdi. Mən belə düşünürəm. Əvvəla əgər onlar olmasaydılar, inqilabçıların yarısı meydanda olmayacaqdı. İkincisi isə, dolayısı ilə, evdə çox mədəni təsirlərə malik olduğuna görə, qadınlar övladları, həyat yoldaşları, qardaşları və ev adamları üzərində təsir qoyurdular. Düşmənin fəqərə sütununu sındıra bilən və mübarizəni sözün həqiqi mənasında irəliyə aparan onların bu fəaliyyəti idi.

Qadın həkimlərlə görüşdə çıxışdan; 6 yanvar, 1990

İlahi yeniliyin öncülləri

İslam inqilabının qələbəsi ilə bizim cəmiyyətimiz ilahi dəyişikliyə uğradı. Bu dəyişiklikdə qadınlar öncül idilər. İranlı qadının həqiqi zinəti budur ki, bu inqilab yükünün yarısını çiyninə ala bilsin. Bu o haldadır ki, əxlaq, təqva, iffət, əmanətdarlıq, iman, paklıq və Allah yolunda fədakarlıq baxımından öz borcunu ödəsin.

Şəfqət bacılarının İslam birliyinin üzvləri və könüllü keşikçi olan qadınlarla görüşdə çıxışdan; 20 fevral, 1983

İman və məlumat sayəsində tarixi yeniliklərdə birinci rol

Qətiyyətlə deyirəm ki, əgər bizim ölkənin qadınları belə fədakarcasına fəaliyyət göstərməsəydilər, məlumat, iradə və fədakarlıq nümayiş etdirməsəydilər, inqilabın və İslam Respublikasının taleyi başqa cür olacaqdı. Nə inqilabın qələbəsində, nə də ondan sonrakı hadisələrdə bu böyük tarixi uğurlar əldə olunacaqdı. Qadınların inqilabdakı rolu sübut etdi ki, qadın iman və elmi sayəsində  Qərb dünyasının onun üçün düzəltdiyi fəsad bataqlığından uzaq durmaqla tarixi yeniliklərdə birinci rolu ifa edə bilər; sübut etdi ki, qadının fəxri və əzəməti sionizmin çirkli əllərinin indiki fəsadlı dünyada onun üçün hazırladığı məsələlərdə deyil. Qadın paklıq, iffət və məsuliyyət hissinin sayəsində kişilərlə çiyin-çiyinə və bəzən onlardan irəlidə addımlaya bilər.

Həzrət İmam Xomeyninin vəfatının qırxıncı günündə hörmətli İran xalqına müraciətdən; 14 iyul, 1989

Qərb mədəniyyətinin antidəyərlərinə etinasızlıq

İslam Respublikası quruluşunda qadınlar İslamın onlara verdiyi əzəmətin qədrini bilməlidirlər. Onlar gərək beynəlxalq qarətçi kapitalistlərin dünyanın bugünkü qadınının ətrafına toxuduğu istehlakçılıq tələsini tamamilə yırtsınlar, Qərb mədəniyyətlərinin antidəyərlərinə – çılpaqlığa, kişilərlə bayağı münasibətlərə, inkişaf etmiş ölkələrdə və geri qalmış ölkələrin əksəriyyətində qadınların həyatına hakim olan müxtəlif fəsadlara bulaşmaya təhqir və nifrət gözü ilə baxsınlar.

Həzrət İmam Xomeyninin vəfatının qırxıncı günündə hörmətli İran xalqına müraciətdən; 14 iyul, 1989

İnqilabdan sonra qadınların siyasi-ictimai sıçrayışı

Mənim fikrimcə, qadınlar inqilabdan sonra ictimai-siyasi sahələrdə ümumi şəkildə çox uğur əldə etmişlər. Belə ki, İranda qadınların və qadın toplumunun nailiyyətlərini bənzərsiz bir sıçrayış adlandırmaq olar. Bunun mənası o deyil ki, inqilabdan sonra bizdə, keçmişdəki qadınlarda olmayan siyasi düşüncəyə malik qadınlar peyda olmuşdur. Ümumiyyətlə söhbət bir, yaxud bir neçə qadından və ya bir qrupdan, yaxud təhsilli, ziyalı və universitet bitirmiş qadın təbəqəsindən getmir. Söhbət qadın toplumundan gedir. Biz bir toplum kimi iranlı qadını nəzərə aldıqda görürük ki, onun inqilabdan sonra əldə etdiyi nailiyyət bütün keçmişin nailiyyətləri ilə müqayisə olunası deyil. Buna görə ümumi şəkildə deyə bilərik ki, o zaman qadınlar arasında siyasi faəliyyət çox məhdud olmuşdur. İctimai fəaliyyət də müəyyən həddə məhdud idi, bu sahədə ali təhsil almış qadınlara və xüsusi bir qrupa aid idi. Halbuki bu gün qadınlar arasında ictimai və siyasi fəaliyyət milyonlarla iranlıya - savadlıya, ali təhsilliyə, orta təhsilliyə, hətta savadsıza, gənc qadınlara, orta yaşlı qadınlara, qoca qadınlara, qızlara, tehranlı qadınlara və misal üçün, Kermanın filan ucqar kəndinin qadınlarına aiddir.

“Qadın günü” jurnalının xüsusi buraxılışı ilə müsahibədən; 4 mart, 1985

İnqilabın qadınların mədəniyyətinə dərin təsiri

Bizim qızlarımız və qadınlarımız bu barədə fikirləşmirdilər. Bu gün isə qadınlar bəzənmək haqqında düşünmürlər, qızıl-zinət əşyaları barədə düşünmürlər. Mən bəzən baxdıqda görürəm ki, o zaman qadınların o qədər təkid göstərdikləri zinət əşyaları onların gözündə nə qədər qiymətsiz olub, onlara sarı getmirlər də. İnsan hiss edir ki, inqilab bütün qadınlara hakim olan mədəniyyətə dərin təsir göstərmişdir. Bu davam etdirilməlidir.

Cümə namazı xütbəsindən; 6 yanvar, 1984

Qadınlar – inqilabda kişilərin  dayağı

İnqilab boyunca bizim ölkəmizin qadınları kişilərin hərəkətinin dayağı olmuşlar. Əgər qadınların güclü duyğuları və imanları olmasaydı, bəlkə də bizim kişilərimizin çoxu müxtəlif mübarizələrin çətin meydanlarında iştirak etmək üçün belə qüvvə əldə etməzdilər. Həmin məsuliyyət bu gün də qadınların üzərindədir.

Siz bilirsiniz ki, bizim düşmənlərimiz inqilaba zərbə vurmaq fikrindədirlər. Xəbəriniz var ki, bizim ölkəmizdə yaranmış vəhdət nə qədər dəyərlidir, bizim xalqımızın inqilab səhnələrində iştirak etməsi necə əhəmiyyətə malikdir. Bunu qorumalısınız. Kişiləri, övladlarınızı, həyat yoldaşlarınızı və qardaşlarınızı bütün səhnələrdə güclü şəkildə iştirak etməyə, vəhdəti qorumağa, inqilabın, böyük imamımızın bizdən istədiyi əziz amalları təmin etməyə vadar edin.

Ölkənin müxtəlif şəhərlərindən qadınların beyət mərasimində çıxışdan; 6 iyul, 1989

İnqilabın bütün mərhələlərində aktiv və güclü iştirak

Xanımların inqilabın bütün mərhələlərində iştirakı aktiv və güclü idi. Onlar ağır vəziyyətə dözüb böyük müsibətləri aşa bildilər. İslam tarixi boyunca bizim qadınlarımız kimiləri nadir və az olmuşdur. Şübhəsiz, əgər ölkəmizin qadınlarının dayağı və himayəsi olmasaydı, müharibə dövründə və ondan öncə inqilabın bütün mərhələlərində bu qələbələr əldə olunmayacaqdı.

Ölkənin müxtəlif şəhərlərindən qadınların beyət mərasimində çıxışdan; 6 iyul, 1989

Qadının cihad və müdafiədə rolu

Qadın erkən İslam çağında

Erkən İslam çağında qadın döyüş meydanında yaralıların yarasını bağlamaqdan əlavə (bu iş daha çox qadınların öhdəsinə düşürdü), hətta bəzən niqabla döyüşə girib o günün çətin döyüş meydanında qılınc da çalırdılar. Eyni zamanda evin daxilində öz övladlarını ağuşlarına da alır, İslam tərbiyəsi də göstərir və öz hicablarını da qoruyurdular. Çünki bunların bir-biri ilə ziddiyyəti yoxdur.

Xuzistan vilayətinin müdirləri və icraçı məsulları ilə görüşdə çıxışdan; 11 mart, 1997

Fədakar insanlar yetişdirən böyük qadınlar

Bizim öz cəmiyyətimizdə də belə qadınlardan çox olmuşdur. Qorxu və qaranlıq dövründə də az-çox olmuşdur. Mübarizələr dövründə, İslam quruluşu dövründə şəhidlər yetişdirməyi bacaran bu böyük qadınlar öz həyat yoldaşlarını, yaxud övladlarını ölkəni və inqilabı müdafiə edən, xalqın varlığını və heysiyyətini müdafiə edən fədakar insanlar kimi yetişdirən bu qadınlar əzəmətli qadınlardırlar.

Bu böyük işi görə bilən bu qadınlar idi. Mən çox nümunələrinə şahid olmuşam.

"Kövsər təvəllüdü" bayramı münasibəti ilə Azadlıq idman kompleksində xanımlarla görüşdə çıxışdan; 22 oktyabr, 1997

İslam Cümhuriyyəti qəzeti

Qadınlar - müharibə və inqilabın qəhrəmanlıq nəğməsi

Biz müharibədə və inqilabda müşahidə etdik ki, xanımların rolu əgər kişilərdən çox olmasaydı da, az deyildi. Əgər qadınlar müharibə qəhrəmanlığını bəstələməsəydilər və müharibəni evlərdə bir dəyər saymasaydılar, kişilər döyüş meydanına getməyə iradə və maraq əldə etməyəcəkdilər. Onlarla amil əl-ələ verib əzəmətli bəsici (könüllü keşikçi) izdihamını cəbhəyə yola salır. Bu amilin ən mühümlərindən biri anaların, həyat yoldaşlarının və qadınların ruhiyyəsidir.

Mən iddia edə bilərəm ki, əzəmətli şəhid ailələri ilə görüşlərdə ana ruhiyyəsini sınıq görməmişəm. Baxmayaraq ki, hamı bir deyil, bəziləri daha qüvvətli, bəziləri isə zəifdirlər. Bəziləri məsələni çox aydınlığı ilə dərk etməyiblər. Bəziləri onu həqiqət aydınlığının zirvəsində dərk ediblər. Amma ailələrin çoxunda qadının ruhiyyəsini kişidən yaxşı görmüşəm. Bu bizim cəmiyyətimizdə qadının vəziyyətidir. Lakin qərblilər təkcə qadını yox, hər iki cinsi fəsad bataqlığına sövq etdirirlər.

Həkimlər, feldşerlər, ölkənin ali tibb mərkəzlərinin işçiləri ilə görüşdə çıxışdan; 6 dekabr, 1989

Qadınlar müharibədə həvəsləndirici amil kimi

Cəbhələrdə tikilmiş, ütülənmiş paltarları, yaxud bağlanmış qida məhsullarını, çox mehriban şəkildə bişirilmiş qidaları, turşu, mürəbbə və bu kimi yeyintiləri gördükdə anlayıram ki, arxa cəbhədə analar və qadınlar tərəfindən çox işlər görülür. Daha maraqlısı budur ki, müharibə münasibəti ilə hədiyyələrlə birgə bacılardan əlimə məktublar da çatır. Onların bəzisi hətta bildirirlər ki, övladlarımızı Allah yolunda əldən vermişik və bu hədiyyəni də veririk. Yaxud bəzi qadınlar özlərinin zinət əşyalarını müharibə cəbhələrinə göndərirlər. Onların arasında toylarından yadigar qalmış xatirəli yadigarlar da görünür. Mənim fikrimcə, müharibənin səmimi və həvəskar mühitinin mühüm bir hissəsi bacıların düşüncəsinə görədir. Əgər bizim qadınlarımız belə düşüncələrin ab-havasında olmasaydılar, bu həvəsin yarısı da olmazdı.

“Qadın günü” jurnalının xüsusi buraxılışına müsahibədən; 25 aprel, 1981

İslam Cümhuriyyəti qəzeti

Zinət əşyalarının döyüşçülərə təqdim olunması

Azadlıq budur ki, siz tağut mədəniyyətlərinə və ənənələrinə çox həddə qələbə çala bildiniz. Qızıl toplamaq fikrində olan qadınlar bu gün dəstə-dəstə öz zinət əşyalarını İslam inqilabının müdafiəsinə təqdim edirlər.

Cümə namazı xütbəsindən; 28 dekabr, 1980

İraqlı bacının məktubu

İraqlı qardaşların birinin vasitəsi ilə bir iraqlı bacı tərəfindən mənə məktub və bir qədər qızıl verildi: “Biz qadınlar siz kişilərin yanında iraqlı muzdurlarla döyüşə bilmədiyimizdən səbirsizliklə gözləyirik. Çünki bizim kişilərimiz və gənclərimiz Bəs rejimində əsirdirlər”. Bu məktubda yazılır ki, Hüseyn Kərbəlada sizdən kömək istəyir. İraqın məzlum xalqı sizdən yardım istəyir. Sizin bizə sarı gələcəyiniz gün biz sizin yolunuza güllər düzəcəyik.

Cümə namazı xütbəsindən; 3 aprel, 1981

Qadın bəsici (könüllü keşikçiləri) cəbhədə

Siz bacılar öz qədrinizi bilməlisiniz. Çünki qadın keşikçiliyi tanınmaz qalmaqla yanaşı, xüsusən cəbhədə və arxa cəbhədə mühüm təsirlərə səbəb olmuşdur. Qadın könüllülüyünün iki cəhəti var: biri hərbi könüllülükdür, digəri isə arxa cəbhədə hansısa bir yolla görülən digər işlərdə olan könüllülük. Əgər qadınların böyük toplantılarında könüllü bacılardan bir kəs olmasa, bir çox mərhələlərdə çatışmazlıqla üz-üzə qalacağıq.

Könüllü qadın keşikçilərin və şəfqət bacılarının İslam birliyinin üzvləri ilə görüşdə çıxışdan; 2 fevral, 1983

Bir qadının könüllülüyü – bir ailənin könüllülüyü

Bir qadın İslamı müdafiə etməyi qəbul etdikdə mənası budur ki, bir ailə və bir toplum onu qəbul etmişdir. Bir qadının könüllü olması əslində bir ailənin könüllü olması deməkdir. Qadın könüllülüyü cəmiyyətdə simvolik bir hərəkətin göstəricisidir, imanın zirvə nöqtəsini göstərir. Bu gün İslam quruluşunu və Quranı qorumaq məsələsi söhbətin mövzusudur. Bu işdə qadın, kişi, qoca və gənc arasında fərq yoxdur. Bu hamının üzərində vəzifədir.

Könüllü keşikçilərdən olan bacı və qardaşlarla görüşdə çıxışdan; 31 dekabr, 1986

Qadınların hərbi hazırlığı

Bu ölkənin bütün gəncləri, qocaları, qadınları və kişiləri şərəfi, istiqlaliyyəti, İslamı və İslam Respublikası quruluşunu müdafiə etməyə hazırdırlar. Heç kəs düşünməsin ki, müharibə bitdi, könüllülük də bitdi. Əsla! Məgər müharibə bitəndə ordunun və keşikçilər korpusunun hərbi qüvvələri də bitirmi?! Xeyr, imamın buyruğuna əsasən, İslam məmləkətinin hamısı hərbçidir. Qadın və kişinin hərbi hazırlığı olmalı və hərbi müdafiə üçün təlim görməlidir.

İmam Həsən Müctəba (ə) qarnizonunda bəsic (könüllü keşikçilik) günü münasibəti ilə tədbirdəki çıxışdan; 26 noyabr, 1990

Evdar qadının bəsici olması

Tacir, idarə işçisi, şagird, tələbə və hətta evdar xanım da bəsic üzvüdür.

Ali Baş Komandanlıq Komitəsinin müdirləri ilə görüşdə çıxışdan; 12 mart, 1990

Əsgərlərin həyat yoldaşlarının rolu

Qorxmaz əsgərlərin, zabitlərin həyat yoldaşları bu mübarizədə əsgərlər qədər rola malikdirlər.

Dezful şəhərində 4-cü hərbi bazasının şəxsi heyəti ilə görüşdə çıxışdan; 3 aprel, 1999

Keyhan qəzeti

Ananın döyüşçü övladı həvəsləndirməsi

Keçmişdə müharibə də olmayanda bir gənci əsgərliyə apardıqda anası iki il ağlayır və dözümsüzlük edirdi. Amma bu gün həmin ana uşağı cəbhəyə getməyə həvəsləndirir. Bu nə qədər əzəmət istəyir. İnqilab iranlı qadını dəyişdirmişdir.

Qadınlarla görüşdə çıxışdan; 12 mart, 1985

İslam Cümhuriyyəti qəzeti

Övladının şəhidliyinə görə ananın şükür etməsi

Bir ana məktub göndərib yazır ki, mən bir şəhid anasıyam. Şəhidin adını da şəkib. Bu, Şəhid Mütəhhəri qərargahının korpus keşikçilərindən biri olmuşdur, cəbhəyə gedib və şəhid olub. Bu ana yazır ki, uşağımın şəhid olduğuna şükür etmək üçün sizə on iki min rial təqdim edirəm, bunu şəhid ailəsinin hədiyyəsi kimi qəbul edin. Övladının Allah yolunda şəhid olmasına şükür edir və öz şükrünü bu yolla bildirir. Buna deyirlər qadının tərəqqisi və ucalması!

Hələ də bu dəyərləri dərk etmək istəməyən şəxslər haradadırlar?

Tehranın cümə namazı xütbəsindən; 14 mart, 1986

İslam Cümhuriyyəti qəzeti

Fədakar ailələrin böyük imtahanda uğuru

Səkkizillik məcburi müharibədə istər özünün, yaxud övladlarının və əzizlərinin iştirakı ilə fəaliyyət göstərənlər, xüsusən əziz şəhid ailələri, müharibə əlilləri və əziz əsirlər bilməlidirlər ki, böyük bir imtahanda iştirak etmiş və ondan başıuca çıxmışlar. Bu böyük uğura görə Allaha şükür etsinlər. Əzəmətli nemət olan İslamın müdafiə ruhiyyəsini özlərində qorusunlar.

Şəhid, əsir və itkin düşmüş döyüşçülərin ailələrinə müraciətdən; 14 sentyabr, 1989

Sizin ruhiyyəniz və müqavimətiniz – xalqlar üçün dayaq

Mən sizə deyirəm: Ey şəhidlərin ataları, anaları, həyat yoldaşları, övladları, qardaşları və bacıları! Özünüzdə bu hörməti və bu ruhiyyəni qoruyun; necə ki, Allahın lütfü ilə qorumusunuz. Dünya qaranlıq və zülmlə doludur. Xalqlar yalqızdırlar və dayağa ehtiyacları var. Sizin ruhiyyəniz, sizin hərəkatınızın davam etməsi və sizin müqavimətiniz xalqlar üçün ruhiyyə və dayaqdır. Siz müsəlman qadınlar fələstinli qadınlar və İslam ölkələrinin qadınları üçün təsəllisiniz. Açıq şəkildə deyirlər ki, biz sizdən, xüsusən də siz gənclərdən öyrənmişik. Bu müqaviməti qoruyun və bu dirənişin qədrini bilin. Müqavimətinizlə, birliyinizlə, müxtəlif siyasi, iqtisadi, quruculuq və ölkə idarəsi səhnələrindəki fəaliyyətinizlə, işlərin irəli aparılması, məmurların arxasında dayanmaqla İslama verdiyiniz şərəfi davam etdirin. Sizlər İslamı diriltdiniz.

Buşehr vilayətinin şəhid və itkin ailələri və müharibə əlilləri ilə görüşdə çıxışdan; 1 yanvar, 1992

Şəhidlərin ailəsinin əziyyətinə görə ibadətdən üstün savab



Geri   İrəli
Go to TOP