A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Qadın (Seyid Əli Xamenei)
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Qadınlarla görüşdə çıxışdan; 21 sentyabr, 2000

İslam Cümhuriyyəti qəzeti

Təbii xüsusiyyətlərini qorumaq şərti ilə qadının müxtəlif fəaliyyətlərə həvəsləndirilməsi

Bu İslamın nəzəridir. Qadının həm qadınlıq xüsusiyyəti (onun bütün duyğuları və istəkləri bu qadınlıq istəkləri əsasındadır) qorunmuşdur. O, məcbur edilməmişdir. Qadın olmaq təbii və fitri bir xüsusiyyət və bütün qadınlıq duyğularının və fəaliyyətlərinin əsasıdır. İslamın baxışında bu qorunmuşdur. Həm eyni zamanda onun üzünə elm meydanı, mənəviyyat meydanı, təqva meydanı və siyasət meydanı açılmışdır. O həm elm öyrənməyə həvəsləndirilmişdir, həm də müxtəlif ictimai və siyasi sahələrdə fəaliyyət göstərməyə. Sonra ailə daxilində kişiyə deyilmişdir ki, vəzifə göstərmək, məcbur etmək, həddini aşmaq, cahilanə və qeyri-qanuni güc göstərmək haqqın yoxdur. Bu, İslamın baxışıdır.

Qadınlarla görüşdə çıxışdan; 21 sentyabr, 2000

İslam Cümhuriyyəti qəzeti

Qadınların İslam cəmiyyətinin bütün sahələrində böyük rolu

Bizim ölkəmizdə qadınlar təyinedicidirlər. Bizim ölkəmizin mühüm məsələlərində qadının iştirak etmədiyi bir yer yoxdur. Əgər qadınlar olmasaydı, müharibə olmazdı. Əgər qadınlar inqilabla əlbir olmasaydılar, inqilab ümumiyyətlə qələbə çalmazdı. Əgər qadınlar olmasaydılar, bu əzəmətli tədbir belə təntənə ilə vücuda gəlməzdi. Ümumiyyətlə bizim inqilabımızın əlli faizi qadınların sayəsində olub. Biz qadınlar üçün dəyər tanıyırıq. Əgər məclisdə qadın olsa, biz gedirik. Bizim İslam Şurası Məclisimizin daxilində qadın var. Bizim İslam cəmiyyətlərimizdə qadın var. Bizim cümə namazımızda qadın var. Bizim məscidlərimizdə qadın var. Biz heç bir yerdə qadının iştirakına qarşı çıxmırıq. Biz qadının uyğun olmayan geyiminə qarşı çıxırıq. Biz qadının qeyri-düzgün rəftarına qarşı çıxırıq. Qadın və kişi şərab içmək istədikləri yerdə, təbii ki, biz iştirak etmirik.

Tehranın cümə namazı xütbəsindən; 24 yanvar, 1986

Keyhan qəzeti

Qadınların cəmiyyətdə təyinedici və qurucu təsiri

Əgər müsəlman qadınlar çalışmasaydılar, İslam hökmlərini və təlimlərini, İslamın əzəmətli məsuliyyətlərini özlərinə yönəlik bilməsəydilər və ona əməl etməsəydilər, bu inqilab qələbə çalmazdı, bu məcburi müharibə və İranın müsəlman xalqının səkkizillik müdafiəsi nəticə əldə etməzdi. Bu gün də əgər müsəlman qadınlar səhnədə olmasalar, quruculuq meydanı nöqsanlı olacaq və quruculuq işi ləngiyəcək.

Məsələ təkcə bundan ibarət deyil ki, qadınlar ölkə əhalisinin yarısını təşkil edirlər. Bu məsələyə kəmiyyət gözü ilə baxmaq olmaz. Bəli, qadınlar ölkə əhalisinin yarısıdırlar. Amma qadının bu yarı təsiri bu ölkənin tale məsələlərinə qarışmaq istədikdə, bütün əhalinin yarı təsirindən artıq olur. Bir zaman biz insanların bir məcmusunu təsəvvür edirik, onların yarısının əlli faiz miqdarında rolu vardır. Lakin cəmiyyətdə qadın faktoru belə deyil, bundan yüksəkdir.

Əgər bir cəmiyyətdə qadınlar bir düşüncəyə bağlanıb, bir yolda addımlasalar və maneələrə baxmayaraq, o yolu davam etdirsələr, onların öz övladları, həyat yoldaşları, hətta qardaşları və ataları üzərində təyinedici və qurucu təsiri olacaq. Gəncləri tərbiyə edib müxtəlif yollara qoşan ilk növbədə analardır. Düzdür, başqa amillərin də rolu var, çox rolları da var. Amma ananın rolu o rollardan az deyil və bəzən artıq olur. Qadının təkcə özü bir yolla getmir, kişiləri də o yolla aparır. Bir cəmiyyətdə qadınların təfəkkürünün əhəmiyyəti bundadır.

Hörmüzqan vilayətinin qadınları ilə görüşdə çıxışdan; 18 fevral, 1998

İslam Cümhuriyyəti qəzeti

Qadının bütün ictimai səhnələrdə iştirakı

Qadın bütün ictimai səhnələrdə iştirak edə bilər: dərs oxuya bilər, dərs verə bilər, pul qazana, idarə işində çalışa, fəhləlik edə bilər. Kişinin cəmiyyətdə gördüyü bütün ictimai-siyasi fəaliyyətləri və mübarizələri qadın da hicabla görə bilər.

Cümə namazı xütbəsindən; 31 oktyabr, 1986

İslam Cümhuriyyəti qəzeti

Müsəlman qadın üçün ictimai, siyasi və elmi fəaliyyət hüququ

İkinci meydanda – ictimai, siyasi, elmi və müxtəlif fəaliyyətlər meydanında müsəlman qadının müsəlman kişi kimi haqqı var; haqqı var ki, dövrün tələbini, hiss etdiyi boşluğu və öz üzərində duyduğu vəzifəni yerinə yetirsin. Necə ki, misal üçün, bir qız həkim olmaq, yaxud iqtisadi fəaliyyət göstərmək, yaxud elmi sahələrdə işləmək, yaxud siyasi işlərə qoşulmaq, yaxud jurnalist olmaq istədikdə, meydan onun üçün açıqdır.

İffətə riayət etmək və qadın və kişinin qarışmaması şərti ilə İslam cəmiyyətində meydan qadın və kişi üçün açıqdır.

Xuzistan qadınları ilə görüşdə çıxışdan; 11 mart, 1997

Qadınların müxtəlif elmi və siyasi konfranslarda iştirakı

Bu gün İslam Respublikası dövründə tələbə qızların sayı, ali təhsil mərkəzlərində təhsil almış qadınların sayı, səhiyyə mərkəzlərində, elm və tədqiqat işlərində çalışan qadınların sayı, eləcə də ölkə və beynəlxalq siyasət səhnəsində iştirak edən qadınların sayı keçmişlə müqayisəedilməzdir. Bu gün iranlı müsəlman qadın beynəlxalq toplumlarda, müxtəlif elmi və siyasi konfranslarda güclü şəkildə iştirak edir, öz ölkəsinin və xalqının hüququnu və fikrini müdafiə edir.

Şəfqət bacıları və mədəni qurumların işçilərilə görüşdə çıxışdan; 13 oktyabr, 1994

İslam Cümhuriyyəti qəzeti

Qadın - cəmiyyətin islahının vasitəsi

Bu gün qadın nəinki fəsad vasitəsi olmur, hətta cəmiyyətin islahı vasitəsidir və inqilab səhnəsində görünür.

Ölkənin mədəniyyət mənsubu olan qadınlarının nümayəndələri ilə görüşdə çıxışdan; 27 yanvar, 1985

Keyhan qəzeti

Cəmiyyətin islahında qadının və ailənin dəyərli rolu

Əgər qadının varlığı sayəsində ailə sağlam yer olsa, cəmiyyət bütünlüklə islah olunacaq. Cəmiyyətin islahında qadınların çox dəyərli rolu vardır.

Feldşerlərlə görüşdə çıxışdan; 4 oktyabr, 1995

Keyhan qəzeti

Cəmiyyətdə qadının dəyərinin yüksəldilməsi

Sabah bizim xalqımız, xüsusən qadınlar öz nümayişləri ilə Qadın gününü hörmətlə yad edəcəklər. Amma mən qadınlara və cəmiyyətimizin bütün insanlarına tövsiyə etmək istəyirəm ki, nümayişlə kifayətlənməsinlər. Sabahı elə bir gün etsinlər ki, cəmiyyətdə qadının dəyərinin yüksəldilməsi yolunda addım atılsın. Həqiqət budur ki, qorxu və qaranlıq dövründə İslam əleyhinə olan əcnəbi mədəniyyətin hökmranlığı boyunca bizim kişi və qadınımızı, xüsusən də qadınlarımızı öz uca insani şəxsiyyətindən endirmişdilər. Bu gün həmin tənəzzüllərin islahı günüdür. Qadın cəmiyyətinin inkişafı üçün əvvəla evlərdə, təhsil ocaqlarında, təlim və tərbiyə mərkəzlərində qadınların elm və təhsilinə xüsusi diqqət göstərilsin. Qadını evdə cəmiyyətin bilgilərindən uzaq halda saxlamayaq, evini onun üçün məktəb edək. Kitab və təhsili onun ixtiyarına qoyaq. İkincisi isə, inqilab cərəyanlarında və cəmiyyətin inqilab və quruculuq işlərində qadınların ictimai fəaliyyəti üçün yol açaq. Atalar və analar övladlarının və qızlarının inqilab fəaliyyətlərinə imkan əldə etmələri üçün kömək etsinlər. Əlbəttə, həm də ehtiyatlı olsunlar, çünki inqilab düşmənləri cəmiyyətin həssas nöqtəsini, yəni qadınları hədəf seçmişdir. Diqqətlərini toplasınlar. Qızlar və qadınlar onların dağıdıcı təbliğat sahəsinə girməsinlər, amma ictimai fəaliyyətlərlə məşğul olsunlar.

Terrordan qabaqkı cümə namazının son xütbəsi: 24 aprel, 1981

Ailə məsuliyyətini önə keçirməklə qadınların ictimai məsuliyyəti

Qadının ailə və daxili məsuliyyəti haqda söhbət etdikdə məqsədimiz bu deyil ki, qadının üzərindən ictimai məsuliyyət götürülməlidir. İctimai məsuliyyət də onun üzərindədir. Ailə məsuliyyəti bundan ayrıdır, lakin burada birincilik mövcuddur. Necə ki, kişi barəsində də birincilik vardır.

Kimsə düşünürmü kişi evin çörək qazananı olduğuna görə heç bir ictimai məsuliyyət daşımır? Ümumiyyətlə belə bir şey təsəvvür etmək mümkündürmü? Halbuki biz bilirik ki, ictimai məsuliyyətləri qəbul etməkdə məqsəd çörək qazanmaq deyil, hətta bəzən onunla ziddiyyət də təşkil edir. Yəni bəzən kişi ictimai məsuliyyətləri üzərinə götürmək istəsə, ailəsinin çörək qazanması ilə məşğul olmaması da mümkündür. Buna görə orada minimumla razılaşır. Bu sözü eynilə qadın barəsində də deyirik. Yəni qadının ailə məsuliyyəti və daxili məsuliyyəti haqda söhbət etdikdə məqsədimiz bu deyil ki, ictimai məsuliyyət qadının üzərindən götürülsün. İctimai məsuliyyət də onun boynunadır və o bundan başqadır. Lakin burada birincilik mövcuddur; necə ki, kişi barəsində də birincilik var. Buna əsasən, "qadınların ailə məsuliyyətləri var və evin daxili işləri onun öhdəsindədir" - dedikdə mənası bu deyil ki, ictimai məsuliyyət onların üzərindən götürülmüşdür. Onlar bu məsuliyyəti qorumaqla bacardıqları qədər ictimai və siyasi işlərlə məşğul olmalıdırlar.

"Günün qadını" jurnalına müsahibədən; 4 mart, 1988

Qadınlarda ictimai şəxsiyyət hissi

Bu əzəmətli toplumun bir üzvü kimi qadının ictimai şəxsiyyəti çox əhəmiyyətə malikdir. Qadınlar keçmişdə ümumiyyətlə bu məsələyə diqqət yetirmir və əhəmiyyət göstərmirdilər. Cəmiyyətin ümumi işlərində qadınlar üçün rol düşünülmürdü; heç özləri də bir rol fərz etmirdilər, xüsusən də bu gün deyilən geniş miqyasda. İndi siz baxın, ucqar kəndlərin və şəhərlərin bütün qadınları bu inqilabın keşikçilər toplumunun üzvləri və onun sahibləri olaraq özlərinə məqam tanıyırlar. Bu baxımdan qadın və kişi arasında heç bir fərq yoxdur. Hətta bəzən qadınlar cəmiyyətin işlərinə qarşı daha həvəskar, daha inamlı və daha aydın baxışlıdırlar, ölkəni və onun işlərini özlərininki bilirlər.

Bizim qadınlarımız arasında, özü də cəmiyyətin belə geniş miqyasında belə bir hiss nə zaman mövcud olmuşdur? Bu, inqilabın faydasıdır. Kişilərdə vücuda gələn özünüdərk və ictimai şəxsiyyət hissi demək olar ki, qadınlarda daha sürətlə vücuda gəlmişdir. Əvvəllər belə bir şey olmamışdır, lakin bu gün geniş şəkildə mövcuddur. Həmçinin qadınlara xas iş və peşələr, ana və həyat yoldaşı olmağın qədrini bilmək - diqqət göstərilən məsələlərdəndir.

Qadınların mədəni-ictimai şurasının üzvləri ilə görüşdə çıxışdan; 6 yanvar, 1991

İslamın qadınları dini, siyasi və elmi fəaliyyətlərdə iştirak etməyə həvəsləndirməsi

İslam dini, siyasi, elmi və mədəni fəaliyyətlərdə iştirak etməyi qadınlara qadağan etmir, hicaba və İslam qaydalarına riayət etməklə ona həvəsləndirir də.

Günbəzin şəhid ailələrinin toplantısında çıxışdan; 19 oktyabr, 1995

İslam Cümhuriyyəti qəzeti

Qadın əzəmətinin və azadlığının zirvəsi

Öz idealları, inqilabi amalları və imanı üçün bu qədər fədakarlıq göstərməyə hazır olan bu qadın fəxrin, əzəmətin və azadlığın zirvəsindədir, yoxsa işi-gücü özünü bərli-bəzəkli bir məhsul kimi həris gözlərin və həris əllərin ixtiyarında qoymaq olan qadın? Bu cəmiyyətin anaları və xanımları belə qadınlardır.

Xütbələrdən: 14 mart, 1986

Keyhan və İslam Cümhuriyyəti qəzetləri

Siyasi və elmi işlərdə qadınların fəaliyyətinin çoxalması

Biz siyasi meydanlarda da elə xanımlar görmüşük və görürük ki, təhlil və nitq qabiliyyətinə malikdirlər və İslam quruluşunda məsuliyyət qəbul etməyə hazırdırlar. Bu yenə də artmalı və irəliləməlidir. Elmi sahədə sizin özünüz bunun real nümunələrisiniz. Müxtəlif fənlərdə sizin kimilərdən mövcuddur.

Ölkənin qadın həkimləri ilə görüşdə çıxışdan; 16 yanvar, 1990

İslam məqsədilə qadınların ictimai fəaliyyət müsabiqəsi

Qadınların müxtəlif yerlərdə - müharibə səhnələrində, siyasi hadisələrdə, nümayişlərdə, elm və quruculuq işlərində iştirakı və təsiri İranda qadınların ictimai fəaliyyətinin daim artmaqda olmasının göstəricisidir. İslam məqsədləri ilə qadınların İran cəmiyyətinin müxtəlif səhnələrində fəaliyyət müsabiqəsi İslam inqilabının qələbəsindən qabaqkı dövrə qayıdır.

Ölkə qadınlarının bir qrupu ilə görüşdə çıxışdan; 23 noyabr, 1994

İslam Cümhuriyyəti qəzeti

Qadının siyasi və ictimai faəliyyətlərdə sıçrayışı

Bu gün iranlı qadın inqilabdan öncə kişilərin də iştirak etmədiyi səsvermədə iştirak edir və siyasi fəaliyyətlərə qoşulur. İranlı qadın cümə namazlarında iştirak edir, müxtəlif hadisələr zamanı şüar və fikir bildirir. Müharibə barəsində fikir yürüdür, fəal iştirak edir, övladını, qardaşını və həyat yoldaşını cəbhəyə göndərir. Əgər qadınların çoxu həvəsləndirməsəydilər, həyat yoldaşları və övladları müharibə meydanına getməzdi. Xülasə budur ki, xanımlar ictimai və siyasi məsələlərdə geniş fəaliyyət göstərirlər. Baxmayaraq ki, bu gün bizdə çox fəal olan Qadınlar cəmiyyəti, yaxud Qadınlar komitəsi adlı bir təşkilat yoxdur. Amma qadınlar arasında ümumi bir fəaliyyət mövcuddur. Bu xüsusi cəmiyyətə aid deyil, iranlı qadına və iranlı cəmiyyətə məxsusdur, bu qadının siyasi və ictimai fəaliyyətlərdəki irəliləyişindən bir nümunədir.

"Günün qadını" jurnalına müsahibədən; 4 mart, 1988

Ölkə quruculuğunda qadınların əsaslı rolu

İslam ölkəsinin quruculuğu dövründə həm xalq, həm məmurlar böyük İranı həm maddi, həm ictimai quruluş baxımından, həm də mənəvi cəhətlərdən həqiqi formada yenidən qurmaq fikrindədirlər. Biz bu dövrdə ən çox, insan qüvvəsinə arxalanırıq.

İnsan qüvvəsindən söhbət düşdükdə diqqət yetirməliyik ki, ölkə əhalisinin və insan qüvvələrinin yarısı ölkənin qadınlarıdır. Əgər qadın barəsində yanlış baxış mövcud olsa, həqiqi mənasında və geniş səviyyədə quruculuq mümkün olmayacaq.

Xuzistan qadınları ilə görüşdə çıxışdan; 11 mart, 1997

İctimai fəaliyyətin zəruriliyi

Qadının müxtəlif qanuni fəaliyyətlərdə iştirakı

Qadın ümumi iş və cihad meydanında, ümumi qanuni fəaliyyətlərdə, düşmənlə mübarizə səhnəsində və quruculuq işlərində müxtəlif formalarda və geniş miqyasda iştirak etməlidir.

“Qadın günü” jurnalının xüsusi buraxılışı ilə müsahibədən; 25 aprel, 1981

İslam Cümhuriyyəti qəzeti

İqtisadi və siyasi fəaliyyətlərdə qadının məsuliyyəti

Qadınların ictimai sahədə fəaliyyəti tamamilə icazəli və istənilən fəaliyyətdir. Onlar İslam qaydalarını qorumaqla bunları yerinə yetirsinlər və cəmiyyətin fəal qüvvəsinin yarısını cəmiyyətə təqdim etsinlər.

Quruculuq fəaliyyətində, iqtisadi fəaliyyətdə, ölkənin, bir şəhərin, bir kəndin və bir toplumun işləri üçün və ailənin şəxsi işləri üçün mütaliə etməkdə, proqram hazırlamaqda və düşünməkdə qadınla kişi arasında fərq yoxdur. Hamı məsuliyyət daşıyır və hamı işləməlidir.

Xuzistan qadınları ilə görüşdə çıxışdan; 11 mart, 1997

Müsəlman qadının ictimai fəaliyyətlərlə məşğul olması

Qadını və kişini eyni formada ictimai məsuliyyətlərə malik edən bütün İslam vəzifələridir. “Kim müsəlmanların vəziyyətinə laqeyd halda səhər etsə, müsəlman deyil” hədisi təkcə kişilərə məxsus deyil. Qadınlar da müsəlmanların vəziyyəti, İslam cəmiyyəti, İslam dünyasının işləri və dünyada baş verən bütün məsələlər qarşısında məsuliyyət hiss etməli və çalışmalıdırlar. Çünki bu, İslam vəzifəsidir.

Xuzistan qadınları ilə görüşdə çıxışdan; 11 mart, 1997

Qadının səhnədə olması – yəni ailənin səhnədə olması

Əgər ölkə qadın toplumunu İslam təlimlərinə arxalanmaqla İslamın istədiyi təlimlərlə tanış edə bilsə, mənim şübhəm yoxdur ki, ölkənin inkişafı, tərəqqisi və ucalması qat-qat güclənəcək. Qadınlar məsuliyyət hissilə hansı meydana qoşulsalar, o meydanda inkişaf bir neçə qat artıq olacaq. Xanımların müxtəlif meydanlarda iştirak etməsinin xüsusiyyəti budur ki, ailənin qadını meydana qoşulduqda, həm kişi, həm də övladlar meydana qoşulurlar. Kişinin fəaliyyəti belə deyil, lakin qadının fəaliyyəti belədir. Qadın hansı meydana daxil olsa, evin xanımı olan qadın əslində o evin hamısını həmin meydana daxil edir. Qadınların müxtəlif sahələrdə fəaliyyəti çox əhəmiyyətlidir.

"Kövsər təvəllüdü" bayramı münasibəti ilə Azadlıq idman kompleksində xanımlarla görüşdə çıxışdan; 22 oktyabr, 1997

Analıq və həyat yoldaşı rolunu ifa etməklə yanaşı ictimai fəaliyyətin zəruriliyi

Qərb cəmiyyətlərinin əksinə olaraq, İslam cəmiyyətdə anaların və qadınların rolu üzərində çox təkid göstərir. Düşünür ki, gələcək tarixin təmin olunması üçün cəmiyyətin anaları islah olmalıdırlar. İslamda kim qadını savadsızlığa, ictimai işlərdə iştirak etməməyə, ana və həyat yoldaşı olmağa etina göstərməməyə həvəsləndirsə, xəyanət etmişdir.

Qadınlarla görüşdə çıxışdan; 12 mart, 1985

Qadının və İslam inqilabının qarşılıqlı təsirləri

İmam Xomeyninin nəzərində qadının İslam inqilabında rolu

İnqilabın böyük müəllimi həzrət İmam Xomeyni qadının inqilabda – istər inqilabın baş verməsində, istər onun davam etdirilməsində rolunu, həmçinin İslam cəmiyyətinin təkamülündə, İslam və inqilab tərbiyəsində onun mövqeyini çox böyük sayırdı. Doğrudan da belədir. Bunun üçün iranlı və müsəlman qadın çürük Qərb mədəniyyətinin qurduğu tələlərdən qurtulmaq üçün möhkəm iradə ilə öz işini davam etdirməli, qadını özlərinin dağıdıcı və əsarətli siyasətlərini icra etmək üçün vasitə etmək istəyən şəxslərin hiylələrinə əsla uymamalıdır.

“İmam Xomeyninin baxışında qadın şəxsiyyətinin araşdırılması” seminarına müraciətdən; 25 oktyabr, 1989

İslam inqilabının qələbəsində və davam etdirilməsində qadınların rolu

Qadınlar inqilabın qələbəsində, davam etdirilməsində və onillik dövrün böyük hadisələri qarşısında ən bariz və ən parlaq rollardan birini ifa etmişlər. Bizim böyük və mərhum imamımız bu həssas rola görə dəfələrlə İslam Respublikası qadınlarını mədh etmiş və bu sahədə gələcək nəsillər üçün özünün mühakiməsinin dəyərli yadigarlarını qoymuşdur.

Həzrət İmam Xomeyninin vəfatının qırxıncı günündə hörmətli İran xalqına müraciətdən; 14 iyul, 1989

Qadınların iştirakı və fədakarlığı – İslam inqilabında və müharibədə qələbənin amili

İslam hərəkatı İslam inqilabı mərhələsinə çatdıqda qadınlar İslamın qadın toplumuna dair təsəvvürü əsasında irəliyə düşdülər və imam haqlı olaraq buyurdu ki, əgər qadınlar bu hərəkatda həmkarlıq göstərməsəydilər, inqilab qələbə çalmazdı. Şübhəsiz, əgər qadınlar küçələrdə və əzəmətli nümayişlərdə iştirak etməsəydilər, inqilab dövründə qadınların əzəmətli və təntənəli iştirakı olmasaydı, inqilab qələbə çalmazdı. Əgər məcburi müharibədə şəhid anaları və şəhidlərin həyat yoldaşları (mən bunların min nəfəri ilə görüşüb, söhbət etmiş və onların xüsusiyyətlərini müşahidə etmək şərəfinə nail olmuşam) öz imanlarını, öz dözümlərini, öz müqavimətlərini, öz bilgilərini, müharibənin tələfatları, gənclərin və kişilərin fədakarlıqları qarşısında öz aydın baxışlarını nümayiş etdirməsəydilər, müharibə qələbəyə çatmazdı. Əgər şəhid anaları, şəhidlərin həyat yoldaşları dözümsüzlük etsəydilər, kişilərin ürəyindəki Allah yolunun cihad və şəhadət şövqü quruyardı, belə qaynamazdı, cəmiyyətə belə təravət bəxş etməzdi. Müharibə meydanında da qadınlar birinci dərəcəli rolları ifa etdilər. Əgər inqilab boyunca qadınların vəfadarlıqları, qadınların duyğuları, qadınların müxtəlif meydanlarda, yürüşlərdə və seçkilərdə iştirakı olmasaydı, şübhəsiz, bu əzəmətli xalq hərəkatı belə formalaşıb davam edə bilməzdi. Bu, İslamın baxışıdır.

Qadınlarla görüşdə çıxışdan; 21 sentyabr, 2000

İslam Cümhuriyyəti qəzeti

İslam inqilabından sonra qadınların məqamının ucalması

İslam inqilabının qələbəsindən sonra qadınların cəmiyyətdəki məqamı yüksəlmiş və müxtəlif məsələlərdə onların əsaslı rolu müəyyən olunmuşdur.

Məclis üzvü olan qadınlarla görüşdə çıxışdan; 6 oktyabr, 2001

Keyhan qəzeti

İslam inqilabı – qadınların yeni yolunun başlanğıcı

İnqilab səddi sındırdı, qadınlar üçün yeni yol açdı. Onlar inqilabın işlərində güclü və geniş fəaliyyət göstərə bildilər. Baş verən əzəmətli nümayişlər, toplantılar və seçkilərdə iştirak bu yeni yolun başlanğıcı idi. Lakin bu, şübhəsiz ki, keçmişdəki uzun dövrün geriliklərini düzəldə bilməzdi və bilmir.

"Günün qadını" jurnalına müsahibədən; 4 mart, 1988

İslam inqilabında müsəlman qadının dəyəri

İnqilab müsəlman qadınlara elə dəyər bəxş etdi ki, iranlı qadın özünün tarixi boyunca heç zaman bu qədər mövqe və dəyərə malik olmamışdı.

Qadınlarla görüşdə çıxışdan; 12 mart, 1985

Qadın və onun dəyərləri sahəsində fikirlər təqdim etmək

Bəli, bu gün İran xalqı inqilabın sayəsində qadın və onun dəyərləri barəsində yeni fikirlər təqdim etməyə, dəyərli və üstün qadının yeni modelini yaratmağa qadir olmuşdur. Bu böyük uğur, həmişəyaşar və təqlidə layiq bir hərəkətdir. Qərb qurumları və mətbuatı tərəfindən qadağa və müqavimət qalmaqalına rəğmən, bu hərəkətin təsirlərini dünyada müşahidə etmək olar.

İslam İranının mütəfəkkir və məlumatlı qadınları öz aydın yollarını davam etdirməli, möhkəm addımlar atmalıdırlar. Olmasın ki, bəsit və qafil insanlarda göründüyü kimi, inqilabçı nəsil və mömin qadınlar da yenidən puç istehlaka, dəbdəbəçiliklərə və qeyri-inqilabçı təmayüllərə üz tutsunlar, yaxud kişilərlə sərhədsiz qarışmaqda cahiliyyət ənənəsini yenidən dirçəltsinlər.

Siz belə seminarlarda və toplantılarda imamın və inqilabın qadın barəsindəki yolunu davam etdirmək üçün düzgün üsulları yazmalı və bu yolun davam etdirilməsini təmin etməlisiniz.



Geri   İrəli
Go to TOP