A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Qadın (Seyid Əli Xamenei)
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Buşehr əhalisinin toplantısında çıxışdan; 1 yanvar, 1992

Elm və mədəniyyət meydanında öncüllük

Bizim müsəlman qadınlarımız bilməlidirlər ki, bu gün Qərb dünyasının cahil vəziyyəti qarşısında İslam dəyərləri səngərinin keşikçisidirlər. Gərək İslam tərbiyəsi ilə, elm, mədəniyyət, siyasət və iqtisadiyyat meydanında öncül olmaqla İslam mədəniyyətinin möhkəm qalasını qorusunlar.

Xalqın müxtəlif təbəqələri və feldşerlərlə görüşdə çıxışdan; 13 noyabr, 1991

İslam elmlərini öyrənmək – müsəlman qadınlar üçün ən fundamental iş

Əgər sizin işinizi dəyərləndirmək istəsək, nə deməliyik? Deməliyik ki, cəmiyyətdə vücuda gəlmiş şərait əsasında gələcək üçün mümkün olan ən güclü iş bu yolla görülür. Yəni əgər siz bacılar gördüyünüz bu işi, oxuduğunuz bu dərsi, davam etdirmək istədiyiniz bu İslam elmləri fənnini düzgün davam etdirsəniz, bilməlisiniz ki, bu iş inqilabdan sonra indiyədək qadınlar tərəfindən görülən ən möhkəm, ən fundamental, ən perspektivli bir işdir.

Bir işin daha artıq şövqü və həyəcanı, başqa bir işin isə daha az şövqü və həyəcanı ola bilər. Amma ola bilsin az həyəcanı olan bir işin daha artıq dərinliyi və təsiri və daha yaxşı gələcəyi olsun. Sizin işiniz bu qəbildəndir.

Süleyman məscidinin tələbə qızları ilə görüşdə çıxışdan; 26 avqust, 1982

İslam hüququnu öyrənmək və əməl etmək – ailədə qadına zülmə maneə

Kitabla ünsiyyətdə olmaq və maariflə tanışlıq İslamın ailədə müsəlman qadınlar üçün nəzərdə tutduğu hüququnu bilməyə səbəb olacaq. Əgər bizim xanımlarımız İslamın nəzərdə tutduğu yolla getsələr, şübhəsiz, tarix boyunca müxtəlif cəmiyyətlərdə qadına olunan zülm sona çatacaq və ondan əsər-əlamət qalmayacaq.

Hörmüzqan vilayətinin qadınları ilə görüşdə çıxışdan; 18 fevral, 1998

İslam Cümhuriyyəti qəzeti

Evdarlıq məharətlərini öyrənməyin lazımlığı

İslam quruluşunda qadınların siyasi dərki olmalıdır. Onlar evdarlıq və həyat yoldaşılıq məharətini bilməlidirlər, ictimai, siyasi elmi və xidmət fəaliyyətləri səhnəsində paklıq və mətanət tərənnümü olmalıdırlar və bu mühüm məsələyə diqqət yetirməlidirlər ki, hicab birinci şərtdir. Çünki hicab olmadan qadın yüksək dərəcələrə nail olmaq üçün lazımi imkanları əldə etməyəcək.

Müsəlman və inqilabçı qadınlarla görüşdə çıxışdan; 8 dekabr, 1993

Keyhan qəzeti

Qadınların yüksək elmi səviyyələrdə ixtisasa yiyələnməsi

Ölkədə dəyərli alim və mütəxəssis qadınların olması

Allaha həmd olsun ki, çox görkəmli xanımlarımız var. Mənim doğrudan da həmişə xatırladıqda həm Allaha şükür etdiyim, həm ona bais olanlara və şəxslərinə dua etdiyim məsələlərdən biri bu xanımların varlığıdır. Allaha həmd olsun ki, belə alim və mütəxəssis qadınların sayı bu gün çoxdur. Bəzilərini yaxından tanıyıram, bəzilərini yox. Amma bilirəm ki, var. İndi söhbət bunların barəsində deyil. Desinlər ki, bunların ixtisasları azdır. Xeyr, çoxları öz peşələrində yüksək ixtisas həddindədirlər. Mən bir dəfə dedim ki, bu qadınlar təkcə qadınlara məxsus fənlərin dalınca getməsinlər. Bu da var. Bizim kişi diş həkimlərinə, ürək həkimlərinə, mədə-bağırsaq həkimlərinə, ortopedist və göz həkimlərinə hər bir yerdə ehtiyacımız olduğu kimi, bu işlərdə qadınlara da ehtiyacımız var. Fərqi yoxdur.

Tibbi şəriət meyarları ilə uyğunlaşdırma qrupunun üzvləri ilə görüşdə çıxışdan; 7 noyabr, 1995

Keyhan qəzeti

Mömin qadınların ən yüksək elmi dərəcələrdə olması – İslam quruluşunun fəxri

Universitetdə ən yaxşı elmləri tədris edən və ən yüksək elmi dərəcələr alan mömin və hizbullahçı qız və qadınlar, eləcə də İranın yaxın gələcəkdə fiqhdə, fəlsəfədə və digər sahələrdə yüksək elmi dərəcələr alacaq çox gənc qadınları İslam quruluşunun fəxrlərindən sayılırlar.

Şəfqət bacıları və mədəni qurumların işçilərilə görüşdə çıxışdan; 13 oktyabr, 1994

İslam Cümhuriyyəti qəzeti

Universitetlərdə yüksək dərəcələrin əldə edilməsi

Bizim qadınlarımız universitetlərdə elm öyrənərkən yüksək dərəcələr əldə etdikdə, yaxud ümumrespublika konkurslarında müxtəlif fənlərdə birinci və ikinci yeri tutduqda İslam Respublikası başıuca olur və fəxr edir.

Ölkə qadınları ilə görüşdə çıxışdan; 16 dekabr, 1992

İslam Cümhuriyyəti qəzeti

Parlaq istedadların yetişdirilməsi

Xülasə budur ki, parlaq istedadların yetişdirilməsi bizim məqsədlərimizin biri olmalıdır. Bununla qadınların düşüncə səviyyəsini yüksək həddə çatdırmalıyıq. Düşünürəm ki, bütün elmi fənlərdə və incəsənət sahələrində əgər kütləni yamaca çatdırmaq istəsək, gərək zirvədə nümunələr olsun, yoxsa mümkün olmayacaq. Yəni yola çıxmaq istəyənləri həvəsləndirmək üçün hamının imkanından xaric olan dəyərli nümunələr olmalıdır. Sözsüz ki, hamı o zirvəyə çatmayacaq, çoxları yamacda dayanacaqlar.

Əz-Zəhra Universitetinin məsul şəxsləri ilə görüşdə çıxışdan; 15 oktyabr, 1992

İslam quruluşunda böyük qadınların yetişməsi

İndiyə qədər İslamın ağuşunda böyük alim qadınlar yetişmişlər. Bu gün bizim cəmiyyətimizdə mütəxəssis, alim, həkim, tədqiqatçı və incəsənət xadimi olan qadınlar çoxdur. Onların bir çoxu dəyər yaradan düşüncə sahibi, siyasət, icra və qanunvericilik sahəsində fəal iştirak edən insanlardırlar.

Xalqın müxtəlif təbəqələri və feldşerlərlə görüşdə çıxışdan; 13 noyabr 1991.

İslam Cümhuriyyəti qəzeti

Qadınların alim olması

Elm çox əziz bir şeydir. Mən bizim cəmiyyətimizdə qadınların bütün fənlərdə alim olmasının tərəfdarıyam. Əlbəttə, ötən il, yaxud ondan qabaqkı il keçirilən iclasda mən tibb fənnini prioritet göstərdim. Ona görə ki, həkimlik bizim aktual və təcili zərurətimizdir. Lakin əslində qadınlar bütün fənlərdə öz yüksək istedadlarını işlətməlidirlər.

Qadınların mədəni-ictimai şurasının üzvləri ilə görüşdə çıxışdan; 25 dekabr, 1991

Qadınlara məxsus universitetlərin təşkil edilməsinin zəruriliyi

Eşitdim qadınlara məxsus universitet yaratmaq barədə söhbətlər gedir; yəni müəllim, rektor, tələbə, hətta idarə işçilərinin hamısı qadın olsun, xüsusən də tibb universitetlərində. Bu çox yaxşı fikirdir. Mən beləcə uzaqdan baxıram, məsələnin tərəflərini düzgün araşdırmadan (çünki bu işə imkanım yoxdur) görürəm ki, icmali olaraq bu iş qadının cəmiyyətimizdəki hərəkətinin ümumi və dəyər məqsədləri ilə tam uyğun və çox yaxşıdır. Ümidvaram inşallah uğur qazanasınız.

Qadınların mədəni-ictimai şurasının üzvləri və mütəxəssis həkim qadınları ilə görüşdə çıxışdan; 25 dekabr, 1991

Elm sahələri – qadınların ictimai fəaliyyətinin ən münasib sahəsi

Hər bir növdə olan universitet və elm işləri qadın üçün münasibdir. Qadın əgər müəllim olmaq, tədris etmək, kitab yazmaq, mədəni işlər görmək istəyirsə, hansı fəndə olmasının fərqi yoxdur, istər humanitar elmlər olsun, istər təcrübi, yaxud dini elmlər, fərqi yoxdur. Yəni qadın bütün fənlərə daxil olub fayda yetirə bilər. Sözügedən bu məqsədlə icraçı işlərdə təlim və tərbiyə ən yaxşı işdir. Səhiyyə və müalicə işləri də belədir. Mən ictimai sahələrdə bu işləri bir xanımın, misal üçün, tikinti, yaxud yol mühəndisi olmasından daha faydalı bilirəm. Əlbəttə, bu sahə, misal üçün, neft mühəndisliyi qadına qadağan deyil, amma lüzumu da yoxdur.

"Günün qadını" jurnalına müsahibədən; 4 mart, 1988

Qadın həkimlərin çoxalması

Bizim cəmiyyətimiz tibbin müxtəlif sahələrində kişi həkimlər qədər qadın həkimlərə də ehtiyaclıdır. Ölkədə qadın həkimlərin sayı elə bir həddə çatmalıdır ki, İran qadınları öz xəstəliklərini müalicə etdirmək üçün yalnız qadın həkimlərə müraciət edə bilsinlər.

Ölkənin mütəxəssis həkim qadınları ilə görüşdə çıxışdan; 30 noyabr, 1993

Keyhan qəzeti

Həkimlikdə ilahi hədlərə riayət etmək

Həkimlik sahəsində ilahi hədlərə riayət etmək zəruridir. Bu məqsədlə qadınların ixtisaslaşmasının çox əhəmiyyəti var. Prioritet olan sahələrdə qadın həkimlər yetişdirmək üçün lazımi sərmayələr qoyulmalıdır.

Səhiyyə naziri və nazirliyin əməkdaşları ilə görüşdə çıxışdan; 14 oktyabr, 1993

Xanımlar üçün tibb fənninin prioritet olması

Əlbəttə, mən burada deyim ki, tibb fənni xanımlar üçün prioritetdir. Biz ictimai münasibətlərdə qadın və kişi arasında bir fasilənin olmasını düşünürüksə, qadın və kişinin qeyd-şərtsiz qarışmamasına təkid göstəririksə və sözün həqiqi və tam mənasında hicaba inanırıqsa, həkimlik məsələsinə laqeyd yanaşa bilmərik. Yəni kişi həkimlərin sayı qədər qadın həkimlər də lazımdır. Qoy qadınlar öz tibbi işlərində qadın həkimə müraciət etsinlər. Bizim bu fasiləni götürməməyimizə heç bir lüzum da yoxdur.

Gərək elə bir iş görək ki, qadınlar heç bir problemlə üzləşmədən həkimə müraciət edə bilsinlər və o həkim qadın olsun. Bəzi xanımlar elə bilirlər ki, əgər qadınlar tibb dərsi oxuyursa, gərək yalnız qadınlara və doğuş məsələlərinə məxsus xəstəliklər sahəsində oxusunlar. Halbuki belə deyil. Xanımlar tibbin müxtəlif ixtisaslı sahələrini - ürək, mədə-bağırsaq, sinir və digər sahələri öyrənməyə borcludurlar. Bu vacibdir. Bu gün bu, kişilərdən çox qadınların vəzifəsidir. Baxmayaraq ki, cəmiyyətimizi qurmaq üçün lazım olan müxtəlif fənlərdə təhsil almaq bu cəmiyyətdə hamıya vacibdir. Bu gün elm öyrənməyin şəriət baxımından həqiqətən vacib olduğu günlərdəndir. Bundan əlavə, bu, həm də ictimai baxımdan vacibdir.

Ölkənin qadın həkimləri ilə görüşdə çıxışdan; 16 yanvar, 1990

Tibb və təlim-tərbiyə təhsilində qadınların artmasının zəruriliyi

Mənim fikrimcə həkimlik mühüm və lazım olan işlərdən biridir. Çox yaxşı olar ki, bizim bütün sahələrdə qadın həkimlərimiz olsun və qadınlar asanlıqla bir qadın həkiminə müraciət etsinlər, onun yaxşı həkim olmaması barədə nigaranlıq çəkməsinlər. Mən əvvəllər eşitmişdim, deyirdilər qadın xəstəlikləri üçün bir kişi həkim var və bir neçə qadın həkim. Amma qadınlar kişi həkimə müraciət edirdilər və deyirdilər ki, o, qadınlardan daha güclüdür və daha yaxşı müalicə edir. Yəni qadınların özləri qadın doktorları qəbul etmirdilər. Bu, mədəniyyətin aşağı olmasıdır. Halbuki şübhəsiz, o qadınlar qadın xəstəliklərini daha yaxşı dərk edirlər. Çünki onların özləri də bu halı yaşayırlar və nə etmək lazım olduğunu yaxşı anlayırlar. Şübhəsiz ki, həkimin ağrı və xəstəliklə tanış olması onun təbabətində təsirlidir. Öz əl-ayaqlarının sümükləri sınmış ortopedistlər daha yaxşı ortopedistlərdir, yəni sümüyü sınmış xəstə ilə nə etməli olduqlarını bilirlər. Öz sümüyü sınmayan şəxs sümük sınmağın nə olduğunu bilmir. Qadın da özü hiss etdiyindən və yaşadığından, qadınların xəstəliklərini necə müalicə etməli olduğunu bacarmazmı? Amma təəssüf ki, qadınlar bunu qəbul etmirlər. O zamanlar belə idi. Bilmirəm indi də belədir, yoxsa yox. Buna əsasən, qadın həkimlərin sayı çox olmalıdır ki, qadın xəstələr qadın həkimə müraciət etsinlər, yada və naməhrəmə möhtac olmasınlar. Təlim və tərbiyə sahələrdində də belədir. Bəlkə başqa sahələr də var, mənim yadımda deyil.

"Günün qadını" jurnalına müsahibədən; 4 mart, 1988

Qadının fətvasının qadınlar üçün höccət olması

Mənim fikrimcə, qadın fəqihlər bu sahədə işə girişməli və mövzunu təyin etməklə üç qan məsələsini onlar araşdırmalı və yazmalıdırlar. Güman ki, qadının fətvası ən azı qadın üçün höccətdir. Belə nəzərə çarpır. Yəni qəzavət məsələsində deyilən iradlar fəvta məsələsində güman ki, yoxdur. Belə nəzərə çarpır ki, eybi olmasın.

Məşhəd həkimləri ilə görüşdə çıxışdan; 4 mart, 1997

Keyhan qəzeti

Mütəxəssis və alim qadınların vəzifələri

Qadınların qadına aid mədəni işinin zəruriliyi

Qadın toplumu qadına aid olan mədəni işi öz işlərinin prioriteti seçməlidir. Qadın təbəqəsini məlumatlandırmaqla onları İslam düşmənlərinin mədəni hücumu qarşısında gücləndirməlidirlər. Qadınlar özlərinin həqiqi şəxsiyyətinin inkişafının çiçəklənməsinin və dirçəldilməsinin maneələrini kamil surətdə dərk etməli və bilməlidirlər.

Ölkə qadınları ilə görüşdə çıxışdan; 13 may, 1992

İslam Cümhuriyyəti qəzeti

Təhsilli və alim qadınların qadın problemlərinin həllindəki rolu

Mən bir müddət öncə dedim. Bilmirəm xanımlar bunu məndən eşidiblərmi. Bəlkə də sizin bəziləriniz eşitmiş olasınız. Mənim fikrimcə, bu sahədə ən böyük müqəssir qadınların özləridirlər; yəni savadlı və təhsilli xanımlar. Qadın məsələsi üçün düzgün mübarizə meydanına girməli olan alim qadınlar, mənim fikrimcə, səhlənkarlıq edirlər. İşləri avam, məlumatsız və ürəkləri bəzən yalnız danışmaq istəyən şəxslərin öhdəsinə buraxırlar. Bu düzgün deyil. İş gərək düzgün şəkildə peşəkar, ağıllı və hikmətli şəxslərin əlində olsun.

İslam Şurası Məclisinin üzvü olan qadınlarla görüşdə çıxışdan; 21 iyul, 1997

Müsəlman qadınların mədəni sıçrayışını dünyaya göstərmək

Dünya qadının məqamını kiçiltmişdir. Siz qadınların vəzifəsi budur ki, yerinə yetirdiyiniz bu böyük və inqilabçı işlərlə - istər feldşerliklə, istər elmi mühitlə, istər həkimliklə, istər tələbəliklə, istər mədəni və müxtəlif xidmətlərlə qadını və qadının mədəni-islami sıçrayışını dünyaya göstərin. Bilin ki, dünya sizdən öyrənəcək.

İslamın əziz xanımı həzrət Zeynəbin (ə) doğum günü münasibəti ilə şəfqət bacıları ilə görüşdə çıxışdan; 6 yanvar, 1987

İranlı qadının həyatını öyrənməyin lazımlığı

Bu böyük təvəllüd münasibəti ilə pak və mənəviyyatlı əzəmət kəsb etmiş Qadın günü - bizim cəmiyyətimizin mütəfəkkir və inqilabçı qadınlarının iranlı qadın, onun həyat həqiqətləri, böyük məqsədləri, yolları və arzuları, həmçinin maneələri və məsələləri barəsində fikirləşməsi, İslamın maarif çeşməsindən istifadə etməklə bu gün təkcə müsəlman qadının yox, hətta dünyanın hər bir yerindəki qadının qarşısına çıxan sualları cavablandırması üçün gözəl fürsətdir.

İranın və dünyanın doqquz ölkəsinin müsəlman qadınları ilə görüşdə çıxışdan; 29 yanvar, 1989

Cəmiyyətin dini bilgilərdə tədqiqatçı qadınlara ehtiyacı

İndi müxtəlif elmlərdə təhsil almış ziyalı və modern qadınlar mühitin dini mühit olduğuna görə dini cəhətdən düşüncə problemləri ilə rastlaşırlar. Bir nəfər bu problemləri onlar üçün həll etməlidir. Əgər bir şəhərdə dini maarifə, təhlil və tədqiqat qüvvəsinə malik olan bir xanım olsa, doğrudan da çox yollar açılacaq. Qadınlar onun yanına gedəcəklər və o cavab verəcək.

Əz-Zəhra Universitetinin məsul şəxsləri ilə görüşdə çıxışdan; 15 oktyabr, 1992

Cəmiyyətin mədəniyyətində alim qadınların rolu

Əgər bizim bütün ölkəmizdə o xanım (banu Müctəhidə İsfahani) kimi İslam maarifini bilən beş yüz alim qadınımız olsa, belə nəzərə çarpır ki, biz dini maarif və təbliğat baxımından çox irəlidə olacağıq. Bu çox mühüm olacaq.

Əz-Zəhra Universitetinin məsul şəxsləri ilə görüşdə çıxışdan; 15 oktyabr, 1992

Elmli qadınların ağır məsuliyyəti

Siz bacı və qardaşlar Allaha həmd olsun ki, elmlisiniz, dərs oxumusunuz. Elm mərhələlərini keçmisiniz, kitabla və bəzən əcnəbi bilgilərlə tanış olmusunuz. Sizin üzərinizdə daha ağır məsuliyyət vardır.

Həkimlər, feldşerlər və ölkənin ali tibbi təhsil mərkəzlərinin işçilərilə görüşdə çıxışdan; 6 dekabr, 1989

Tələbə qızların həvəsləndirilməsinin və tərbiyəsinin zəruriliyi

Siz bacardığınız qədər xüsusən qız tələbələri həvəsləndirin, yetişdirin və elm sahələrində irəliyə aparın. Bu iş inqilabı və ölkəni öz məqsədlərinə yaxınlaşdıracaq.

Xalqın sizin xidmətlərinizə ehtiyacı var; necə ki, sizin üsulunuza, şəxsiyyətinizə, məsuliyyətinizə və dinə sadiqliyinizə də ehtiyaclıdırlar.

Ümidvaram Allah sizə uğur bəxş etsin. Dediyiniz kimi, Fatimeyi-Zəhranı (s) öz örnəyiniz seçin, müsəlman qadınların təhsil problemləri qabaqkından daha artıq aradan qaldırılsın. Bəzi problemlər bəzi təhsil mərkəzlərində hələ də kəskin formada mövcuddur. İnşallah, bu problemlər aradan qaldırılsın. Bizim müsəlman qız və qadınlarımız bu elm yolunu daha artıq və daha güclü şəkildə gedə bilsinlər və biz İslam meyarlarını qorumaqla istər elmi baxımdan, istər siyasi və ictimai baxımdan bəşər istedadının ən uca zirvələrinə çatan xanımlarla fəxr edək.

Ölkənin qadın həkimləri ilə görüşdə çıxışdan; 16 yanvar, 1990

Qadının mədəni və elmi işlərdə rolu

Mədəni və elmi işlər qadınların rol oynaya biləcəyi mühüm məsuliyyətlərdəndir. Siz həssas vəzifənizə uyğun olaraq məktəblərdə şagirdləri mömin yetişdirməlisiniz; zahirən və məcburi mömin yox. İncəliklə, diqqətlə və mehribanlıqla iman şərbətini uşaqların vücudunun dərinliklərinə qədər süzməyə çalışın. Bu gün beynəlxalq hegemonluğun bizim əleyhimizə işlətdiyi yalnız iki vasitədir: biri qısamüddətli iqtisadi təzyiq vasitəsi, digəri isə daha təhlükəli olan uzunmüddətli mədəni fəsad vasitəsi.

Peşələrin dəyər sırasında müəllimlər başda dururlar. Siz öz şagirdlərinizə cihadı, fədakarlığı və gələcəyə baxışı öyrətməlisiniz ki, inqilabın gələcəyi təmin olunsun.

Ölkənin mədəniyyət mənsubu olan qadınlarının nümayəndələri ilə görüşdə çıxışdan; 27 yanvar, 1985

Qadınların idmanı

Qadınlara uyğun idman

Mən bütün xalqa, qadın və kişilərə özlərinə uyğun idmanı lazım bilirəm. Bu idman zəruri olaraq qəhrəmanlıq göstərmək və yarışlarda iştirak etmək mənasında deyil. Bəziləri elə bilirlər idmançı olmaq odur ki, mütləq yarışlarda iştirak etsinlər. Əgər qadınların idman etməsini istəyiriksə, mütləq yarışlarda iştirak etməlidirlər? Xeyr, xörək yedikləri kimi, gündəlik işlərini gördükləri kimi, dərs oxuduqları kimi idman da etsinlər. İdman həyatın qəti proqramlarından biri olmalıdır.

Gənclərlə görüşdə çıxışdan; 2 fevral, 1999

Qadınların idmanında prinsiplərə və inanclara riayət etmək

Dediyim bu sağlam, məqsədli və mənalı idman etməyə qadınların da haqqı var. Siz düşünür və kənar təhriklərin nəticəsində soruşursunuz ki, nə üçün idman sahəsində qadınlara diqqət göstərilmir. Bu, idman anlayışına qarşı qeyri-düzgün baxışdan irəli gəlir. Siz sanki idmanı yarış meydanlardan digər yerlərdə mümkün bilmirsiniz. İdmançı qadınların yarışlarda qadın və kişilərin gözü qarşısında görünməməsi sual yaradır ki, qadınlar nə üçün idman etmirlər? Halbuki qadınların yarış meydanlarına çıxmamaları idman etməmələrinə dəlil deyil. Məsələnin həqiqəti budur. Biz idmanı dəyərli bilməklə yanaşı, özümüzün digər inanclarımıza və prinsiplərimizə etinasızlıq göstərməyi icazəli bilmirik. Buna görə düşünürük ki, kişi kimi qadın da idman etməlidir. Necə ki, şübhəsiz, qadın həyatın müxtəlif səhnələrində kişi ilə qarışmaqdan da çəkinməlidir. Biz kişi məşqçilərin qadın və qızlara idman öyrətməsini qəbul edə bilmərik. Amma asanlıqla qəbul edirik ki, qadın məşqçilər ağır, yaxud yüngül idmanın bütün növlərində qadınlara və qızlara da fiziki təlim keçsinlər.

İslam Cümhuriyyəti qəzeti ilə müsahibədən; 12 dekabr, 1981

Qadınların idman etməsində hüdudların riayət olunması

Qadınların idman mərkəzi elə olmalıdır ki, orada İslam sərhədinə dəqiqliklə riayət olunsun. Qadınların idmanında qadının bəzənməsi və özünü göstərməsi qadağandır. Çünki əgər cəmiyyət qadının özünü göstərdiyi yerə çevrilsə, cəmiyyətin ailə, sağlamlıq, gənclərin iffəti və paklığı kimi ciddi məsələləri zərbə alacaq.

Ölkənin idman məmurları ilə görüşdə çıxışdan; 29 dekabr, 1996

Ettelaat qəzeti


Yeddinci fəsil: Qadın və ictimai fəaliyyət

İslam quruluşunda qadının ictimai yeri

İctimai quruluşlarda qadının layiqli yerinin izah olunmasının zəruriliyi

İctimai quruluşlarda və cəmiyyətdə qadının yerinin qadınlara layiqli şəkildə izah olunması fikri bizim dövrümüzün ən zəruri məsələlərindən biridir. Çünki bizim fikrimizcə bu iş indiyədək görülməmişdir.

"Qadın və qlobal İslam inqilabı" beynəlxalq konfransında çıxışdan; 6 fevral, 1988

İslam Cümhuriyyəti qəzeti

İslam və qadının ictimai yeri

İslam baxışından qadın bir insan olaraq bütün təkamül mərhələlərini keçməlidir. Qadın kişi kimi bir alim, ixtiraçı, filosof, siyasət, idarə və dövlət işlərində fəal element kimi cəmiyyətə xidmət göstərə bilər.

"Qadın və qlobal İslam inqilabı" beynəlxalq konfransında çıxışdan; 6 fevral, 1988

İslam Cümhuriyyəti qəzeti

Beyət - qadının siyasi və ictimai işlərdə fəaliyyəti



Geri   İrəli
Go to TOP