A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Qadın (Seyid Əli Xamenei)
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
  İrəli


Qadın

 

 

(İslam İnqilabının Böyük Rəhbəri Cənab Ayətullah Xameneinin çıxışlarından seçmələr)


Kitаbın аdı:...............................................Qadın

Tәrtib еdәn:............Əmirhüseyn Banki Purfərd

Nәşr еdәn:..................................."Üfüqe-fərda"

Çаp tаriхi:..................................................2013

Çаp növbәsi:...........................................Birinci

Tirаj:..........................................................3000

 

 


Birinci fəsil: İslamda qadının məqamı və rolu

Qadının insani məqamı

Qadın və kişinin İslam tərzinə qayıdışı

Əvvəldə öz İslam etiqadımı bəyan etməyi lazım bilirəm. Biz düşünürük ki, kişi və qadın özlərinin layiqli ictimai məqamlarını əldə etmək istəyirlərsə, gərək islami kimliyə malik qadın və kişiyə çevrilsinlər.

Doğrudur, qadına qarşı tarixi zülm kişidən çox olmuşdur. Lakin bir çox cəmiyyətlərdə kişilər də çox zülmə məruz qalmışlar; əlbəttə, qadın cinsi tərəfindən yox, müstəmləkə quruluşları, zorla yeridilən mədəniyyətlər və bütün insaniyyətə qarşı icra olunan əzici üsullar tərəfindən. Buna əsasən, demək olar ki, kişi də qadın kimi tarix boyu özünün həqiqi insani şəxsiyyətinin əsas hissəsini əldən vermiş və özünə özgələşmişdir. Kişi də özünün əsl kimliyinə qaytarılmalıdır. Bu qaydaya əsasən, belə nəzərə çarpır ki, həm qadın və həm kişi İslam kimliyi olan kişi və qadın formasına qayıtmalıdırlar.

“Qadın günü” jurnalının xüsusi buraxılışı ilə müsahibədən; 25 aprel, 1981

İslam Cümhuriyyəti qəzeti

İslamın qadın haqqında dəyərləndirməsi

Fatimeyi-Zəhranın (s) doğum günü xatirəsi İslamın baxışında və İslam quruluşu sayəsində müsəlman qadının kimliyinə və qadınların uca dəyərinə diqqət yetirilməsi üçün müsəlman qadınlara faydalı bir fürsətdir...

İslam həm mənəviyyat, düşüncə və insani dəyərlər meydanında, həm siyasi fəaliyyətdə, həm də hamısından üstünü, ailə sahəsində qadına zülm edən cahiliyyətin qarşısında dayandı. Qadın və kişi zəruri olaraq ailə adlı kiçik bir cəmiyyət təşkil edirlər. Əgər cəmiyyətdə düzgün dəyərləndirmə olmasa, qadına zülm olunan birinci yer ailənin daxili olacaq. İslam hər üç meydanda dəyərləndirmə aparmışdır.

Ölkənin müsəlman qadın və qızları ilə görüşdə çıxışdan; 21 sentyabr, 2000

İslam Cümhuriyyəti qəzeti

İslamın qadınlara aid yanlış ənənələrlə mübarizəsi

İslam özündən öncədən qalmış ənənələrlə iki növ rəftar etmişdir: bəzi yanlış ənənələri ümumiyyətlə qadağan edib sıradan çıxarmışdır; yanlış ənənə olduğuna görə. Məsələn, ərəblər İslamdan öncə öz qızlarını saxlamırdılar, yaxud qeyri-müsəlman xalqların çoxu qadın cinsini təhqir edirdilər. İslam bu ənənəni ümumiyyətlə məhv etdi, çünki kökündən yanlış idi.

Lakin İslam bəzi ənənələri məhv etməmişdir, onun formasını saxlayıb, ruhunu və məzmununu dəyişdirmişdir. Məsələn, həcc mərasiminin bir çox əməlləri belədir.

İmam Rizanın (ə) məqbərəsində çıxışdan; 21 mart, 1998

Keyhan qəzeti

Qadın və kişinin yaradılışında Allahın hikməti

Əgər bəşər cəmiyyətləri qadın və kişinin bəşər təbiətindəki yerini düzgün tanısa və onu icra etsələr, kamil ilahi quruluş həyata keçəcək; bu quruluşda hər bir varlıq öz varlığının faydasını lazım olduğu kimi bəxş edəcək, heç kəsə zülm olunmayacaq, heç bir istedad tələf olmayacaq, bəşəriyyət qadın və kişinin düzgün həmkarlığının və birləşməsinin xeyrindən çox faydalar götürəcək.

İlahi quruluşda qadın və yaxud kişinin özünü digərindən daha vacib, daha zəruri və daha faydalı bilməsinə haqqı çatmır. Bu baxışda hamı bir səviyyədədir. Həyatda qadın və kişinin vahid rolu, bəşər həyatı sistemində varlıq aləmini təkmilləşdirmək məqsədi ilə iş görməyə əsaslanacaq. Bu mühüm məsələ qadın və kişinin yaradılışında ilahi hikmət baxışıdır.

Ölkənin məmur, mütəxəssis və incəsənət xadimi olan qadınları ilə görüşdə çıxışdan; 13 noyabr, 1995

Keyhan qəzeti

Qadın və kişinin yaradılış həqiqətləri

İslamın qadın barəsində fikri qadın və kişinin yaradılış həqiqətlərinə və insan təkamülü zirvəsinə çatmaq üçün onların ehtiyaclarına əsaslanır. Şübhə yoxdur ki, İslamın fikrini dəqiq öyrənməklə və ona düzgün əməl etməklə bir çox problemlər həll olunacaq. Amma əfsus ki, bəzi insanlar əcnəbi ənənələrə, adətlərə və əcnəbi mədəniyyətlərin hədiyyələrinə daha çox əhəmiyyət verir, yanlış və səhv yol da davam etdirilir. Buna əsasən, qadının özünün həqiqi məqamında dura bilməsindən ötrü çox çalışmaq, fəaliyyət göstərmək və təbliğat aparmaq lazımdır.

Hörmüzqan vilayətinin qadınları ilə görüşdə çıxışdan; 18 fevral, 1998

İslam Cümhuriyyəti qəzeti

İslam hökmləri sayəsində qadınların uca məqamı

İslam uca məqamı qadının zəruri mövqeyi bilmiş, ona sarı hərəkət etməyi lazım saymış, dəyər verməklə, qanunlarla və hökmlərlə yolunu açmışdır. Qərb mədəniyyəti və onun təməli olan baxış qadına həmin məqamı bəxş etsə də (əlbəttə, maddi baxış, mənəvi mənzərələrin genişliyinə malik deyil), onun şəxsiyyətini ləzzətlərdən, şəhvətlərdən və dəyərsiz məşğuliyyətlərdən ayırmaq gücündə deyil. O bunun əsasında cəmiyyətlər və ideologiyalar haqqında mühakimə yürüdür.

“İmam Xomeyninin(r) baxışında qadın şəxsiyyətinin araşdırılması” seminarına müraciətdən; 25 oktyabr, 1989

Qadına qarşı real baxışla ideal nöqtəyə sarı hərəkət

İslamın qadına, kişiyə və bütün yaranmışlara real, fitrətə, təbiətə və həqiqi ehtiyaclara söykənən baxışı vardır. Yəni heç kəsdən imkanından və ona veriləndən artıq bir şey gözləmir. Ümumiyyətlə İslamın qaydası budur: həqiqi və məntiqli bir gözləntisi var. Cümə gecələrinin duasında deyilir ki, Allah-Taalanın hər bir kəsə bəxş etdiyi və verdiyi imkanlar - ilahi hüququ yerinə yetirmək üçün kifayət həddindədir.[1] Ümumiyyətlə hər bir kəsin reallıqlarını öyrənmək ondan gözlənilənlə münasibdir.

Deməli, İslam insani və qeyri-insani ehtiyaclara və istəklərə diqqət yetirib hökm vermişdir. Amma bu o demək deyil ki, insanlar üçün heç bir ideal yoxdur. Biz təbiət zindanının dustağı və əsiriyik, onun qanunları çərçivəsində hərəkət edirik. Bizim hərəkət etdiyimiz bu çərçivədə bizim qarşımıza bir məqsəd qoyub deməyiblərmi buna sarı hərəkət etməlisiniz?!

İslamda amalçılıq, zirvələrə və ideallara doğru hərəkət qəti və zəruri bir məsələdir. Qadın kişi kimi və digər varlıqlar kimi bu istiqamətdə hərəkət etməlidir. Bu, hərəkətin kəskin və tamamilə şəxsi və dəyərsiz təmayüllərinə uyğun gəlmir. Əlbəttə, İslam quruluşunda onların kökünü kəsmək lazımdır. İslam cəmiyyətində cahil cəmiyyətlərdə inkişaf etdirilən israfçılığa və dəbdəbəçiliyə təmayülün kökü kəsilməlidir. Yaxud ən azı orta səviyyədə olmalı, onda ifratçılıq görünməməlidir. Lakin təəssüf ki, indi xalqın bəzi təbəqələrində yenə də bu tendensiya müşahidə olunur. Bu işlər İslamdan, mənəviyyatdan və həqiqətdən uzaq cəmiyyətlərin işidir. Bu səhvdir.

Qadınların mədəni-ictimai şurasının üzvləri ilə görüşdə çıxışdan; 6 yanvar, 1991

Müsəlman qadınının fitrətə qayıdışı

Siz görün müsəlman qadın öz fitrətinə və əsl mahiyyətinə qayıtdıqda necə möhtəşəm möcüzə baş verir! Bu, Allahın lütfü ilə bizim İslam inqilabımızda və quruluşumuzda müşahidə olunub və bu gün də müşahidə olunur.

Ölkə qadınları ilə görüşdə çıxışdan; 15 dekabr, 1992

İslamın qadın barəsindəki düşüncələrinin parlaqlığı

Bu gün Allaha həmd olsun ki, İslam və bütün İslam düşüncələri, o cümlədən qadına aid olanlar dünyada parlayır. Ümidvarıq ki, Allah-Taala bizə uğur bəxş etsin və biz bu İslamı düzgün tanıtdıra bilək. Mən siz müsəlman və inqilabçı qadınlara tövsiyə edirəm ki, harada olsanız, bacardığınız qədər özünüzün imanınızı və İslam bilgilərinizi inkişaf etdirin, dərinləşdirin, öz məlumatlarınızı günbəgün artırın. Bu inşallah İslamın daimi izzətini təmin edəcək.

Tehran, Təbriz və İsfahan qadınları ilə görüşdə çıxışdan; 16 yanvar, 1990

Qadınlarda insani və mənəvi cövhərin canlandırılmasının və inkişafının zəruriliyi

Bizim ölkəmizin əlli milyon əhalisi arasında müxtəlif yaşlarda bu ölkəyə fayda yetirə bilən otuz, yaxud otuz beş milyon insan varsa, təbii ki, bu otuz beş milyonun yarısı qadınlardır. Məgər bunların varlığındakı ilahi xəzinələri görməzdən gələ bilərikmi?! Bunların arasında alim də olmalıdır, lakin elm bütün əzəmətinə rəğmən, Allah-Taalanın qadına verdiyi mənəvi şəxsiyyətin qarşısında bir şey deyil.

Siz elmin yüksək səviyyəsində olan, lakin insan məsələlərində və bəşər münasibətlərində iki cinsiyyətdən biri olaraq pozğunluğa düçar olmuş bir qadını təsəvvür edin. Siz elə bilirsiniz bunun dəyəri var? Düzdür, alim olan qadın müəyyən mənada bu pozğunluqlara daha az düçar olur. Savadsızlığın zərərlərindən biri budur ki, qadınları pozğunluğa daha çox çəkir. Lakin pozğunluq həddi məhdud bir hədd deyil. Hətta yüksək elmi səviyyədə olan bir xanımda da əziz insani gövhərin qədri bilinməyə (o gövhər kişidə də əzizdir, qadın və kişi özlərində canlandırmaq üçün çalışıb elm və hikmət öyrənirlər), diqqətdən və hörmətdən kənarda qala bilər. Bunun nə dəyəri var?! Qadında və kişidə olan insani gövhər inkişaf etdirilməlidir. Bu bir dəyər məsələsidir. Bizim cəmiyyətimizdə İslamın dəyər məsələləri dirçəldilməlidir.

Qadınların mədəni-ictimai şurasının üzvləri ilə görüşdə çıxışdan; 25 dekabr, 1991

Qadının məqamı barəsində yanlış təsəvvür və düşüncələr

Nə üçün bəşəriyyət qadın və kişi məsələsində həmişə yanlış düşünüb bunun qarşısında dayanmaq istəyir? Peyğəmbərlərin (ə) təlimlərindən başqa, bəşərin bütün təsəvvürlərində, təhlillərində və təfəkkürlərində qadın və kişiyə səhv mövqe tanınmışdır. Hətta qədim dünyanın Roma, yaxud İran mədəniyyətləri kimi çox yüksək mədəniyyətlərində də qadın haqqında təsəvvür yanlış olmuşdur. Mən bunun xırdalıqlarını açmaq istəmirəm, yəqin ki, özünüz bilirsiniz və baxa da bilərsiniz.

Ölkənin qadın həkimləri ilə görüşdə çıxışdan; 16 yanvar, 1990

Qadının müxtəlif sahələrdə xüsusiyyətləri

Bizim inqilabçı cəmiyyətimizdə qadının məqamı kişidən çox olmasa da az deyil. Bu prinsipə əsasən, qadının müxtəlif sahələrdə, o cümlədən elm öyrənməkdə, cihad etməkdə, kişi ilə münasibətlərdə və analıq rolunda olan xüsusiyyətləri araşdırılmalıdır. Bütün bunlarda Həzrət Zəhranın (s) həyatı bir nümunədir.

“Cəmiyyətdə qadın rolunun araşdırılması" seminarında çıxışdan; 2 mart, 1986

İslam Cümhuriyyəti qəzeti

İslam mədəniyyətində qadının uca məqamının dünyaya çatdırılması

İnsan bütün dünyada xalqın mövcud təsəvvürləri ilə tanış olanda bu məqamı dərk edir ki, İslam mədəniyyəti bütün sahələrdə, xüsusən də qadın məsələsi kimi sahələrdə dünya üçün tanınmaz qalmışdır. İslamın bəşəriyyət üçün daşıdığı mesaj və missiya – yəni insanın ucalması, təkamülə çatması, inkişaf etməsi, onun dünya həyatı və dünyanın inkişafı üçün faydalı olması - qadının və kişinin uca insan məqamını müəyyən surətdə təyin etmişdir. Qərb dünyası bunu hələ yaxşı başa düşmür. Düzdür, insanlar əleyhinə təxribat hazırlayan beynəlxalq təxribat mərkəzləri bütün düzgün məfhumları, o cümlədən qadın həyatı məfhumunu və İslamın qadın barəsindəki fikrini təhrif etmişlər. İndi bunlarla işimiz yoxdur. Belə qərəzli və çirkin əllərdən əlavə, çoxları İslamın qadına necə uca məqam nəzərdə tutması haqda hələ yaxşı məlumatlı deyillər. Bunu dünyaya göstərmək, İslamın bu sahədəki mütərəqqi və inkişaf etmiş mədəniyyətinə həvəs yaratmaq üçün ən yaxşı yol İslamın görkəmli qadınlarının şəxsiyyətini tanıtdırmaqdır. Çünki onların şəxsiyyətinin və həyatının özü İslamın qadın barəsindəki təfəkkürünü göstərir. Tarix boyu dünyanın bütün görkəmli qadınlarının başında Peyğəmbərin qızı olan Fatimeyi-Zəhra (s) durur. Buna görə, əgər biz bu barədə işləyib araşdırmaq istəsək, çox işlər lazımdır.

Tehranın cümə namazı xütbəsindən; 24 yanvar, 1986

Keyhan qəzeti

Şəhid Mütəhhəri və müsəlman qadın

Şəhid Mütəhhəri müsəlman qadının insani şəxsiyyətinin ona qaytarılması hərəkatının bayraqdarı idi.

Təlim və Tərbiyə Naziri və qadın pedaqoji mərkəzlərinin tələbələri ilə görüşdə çıxışdan; 2 may, 1984

Qadın və kişi arasında bərabərlik və fərq

Yaradılışda qadının zərifliyi

İlahi yaradılışa əsasən, qadın öz quruluşuna görə kişiyə nisbətən daha zərifdir. Buna görə qanunsuz, yaxud ağıl və məntiq hakimiyyətinin zəif olduğu bir mühitdə fiziki baxımdan daha qüvvəli və möhkəm olan zəif olanı zülm altında saxlayıb istismar edəcək. Təəssüf ki, bəşər həyatının əvvəlindən bu vəziyyət qarşıya çıxmışdır. Bu gün dünyada qadın və kişi münasibətlərində bu acınacaqlı vəziyyət müşahidə olunur.

Ölkənin məmur, mütəxəssis və incəsənət xadimi olan qadınları ilə görüşdə çıxışdan; 13 noyabr, 1995

Keyhan qəzeti

Qadın və kişinin müştərək və özəl məsuliyyətləri

Qadın və kişinin müştərək və həmçinin özəl vəzifə və məsuliyyətləri vardır. Onlar diqqətlə öyrənilməli və təbliğ edilməlidir. Qadın öz həyat yoldaşı üzərində bir yük deyil. Qadın Qərb və qeyri-islami örnəklərə uyğun şəkildə tanıtdırılmamalıdır.

Bilal məscidində televiziya və radio verilişləri şirkətinin müdirləri və işçiləri ilə görüşdə çıxışdan; 1 avqust, 1996

Keyhan qəzeti

İnsani dəyərlərin əldə edilməsində qadın və kişi arasında fərqin olmaması

Hər bir insanın yaradılışında məqsəd ümumbəşəri yaradılışda olan məqsəddir: yəni insani təkamülə və bir insanın çata biləcəyi ən üstün dəyərlərə ucalmaq. Buna görə də, qadınla kişi arasında heç bir fərq yoxdur. Bunun göstəricisi birinci növbədə Fatimeyi-Zəhra (s) və sonra tarixin digər böyük qadınlarıdır. Yəni Fatimeyi-Zəhra (s) bəşəriyyətin zirvəsindədir və ondan yuxarı heç kim yoxdur. Bildiyimiz kimi, bu xanım bir müsəlman qadın olaraq özünü bu zirvəyə qaldırmaq imkanı əldə etdi. Deməli, qadınla kişi arasında fərq olmamalıdır. Bəlkə də məhz buna görə Allah-Talala Qurani-Kərimdə yaxşı və pis insanlara misal çəkmək istədikdə onlardan hər ikisinə qadınlardan nümunə göstərir; birinə Fironun həyat yoldaşını, digərinə isə Nuh və Lutun həyat yoldaşını misal çəkir: "Allah iman gətirənlərə isə Fironun zövcəsini misal çəkdi". Pis, bədbəxt, yanlış yolda hərəkət edən insanlar üçün isə Nuhun və Lutun həyat yoldaşlarını misal göstərir. Burada sual oluna bilər ki, misal vurduqda nə üçün həm kişi və həm qadın nümunələr göstərilmir. Quranın hər bir yerində iman gətirən insanlara misal çəkildikdə, yaxud kafirlərə misal göstərildikdə hər iki misal qadındandır. Bu onun üçün deyil ki, biz bəşər tarixi boyunca qadının məqamına qarşı yanlış və təəssüf ki, davamlı təsəvvürlərə İslamın dililə cavab verək? İslam tarix boyu qadın haqqında mövcud olan bu qeyri-obyektiv anlayış tərzinin, yanlış təsəvvür və üslubların qarşısını almaq istəyir.

Ölkənin qadın həkimləri ilə görüşdə çıxışdan; 16 yanvar, 1990

Mənəviyyat və bilgi dəyərlərində qadın və kişinin bərabərliyi

İslamın baxışında qadın bilgi, düşüncə, fikir və Allaha yaxınlıq baxımından kişi kimidir. Qadınla heç zaman ifrat-təfritçilik əsasında və onun məqamından uzaq rəftar etmək olmaz. Qadın və kişi müştərək və özəl vəzifələrə və məsuliyyətlərə malikdirlər. Bunlar diqqətlə öyrənilməli və təbliğ edilməlidir.

Televiziya və radio işçilərilə görüşdə çıxışdan; 1 avqust, 1996

Keyhan qəzeti

İnsani dəyərlərdə bərabərlik, özəl vəzifələrdə fərq

İslam dini qadın və kişi arasında insani dəyərlər baxımından bərabərliyi qəbul edir, amma özəl vəzifələr baxımından yox. İslam qadına onun özünə məxsus rol tanıyır. Bu rol əsla kişinin rolundan kiçik deyil. Diqqət yetirmək lazımdır ki, qadının fizioloji və psixoloji quruluşu onu xüsusi vəzifələr üçün yararlı edir. Qadın və kişi bu vəzifələrin sərhədləri vasitəsi ilə bir-birindən ayrılırlar.

İranın və dünyanın doqquz ölkəsinin müsəlman qadınları ilə görüşdə çıxışdan; 28 yanvar, 1990

Fizioloji quruluşda fərq, bu fərqin iş və fəaliyyətdə təzahürü

Tamamilə aydın bir məqama diqqət yetirmək lazımdır. O da qadının fizioloji quruluşu ilə kişinin fizioloji quruluşu arasındakı fərqdir. Bu fərq əbəs deyil. Allah-Taala hikmətlidir. O bunların hər ikisini yaratmış və bu fərqi qoymuşdur. Əlbəttə, dedik ki, ictimai, siyasi, mədəni, insani və İslam sahələrində heç bir fərq yoxdur. Lakin iş mərhələsində bir-biri ilə fərqlənirlər. Misal üçün, kişilər bənnalıq edirlər. Qadın və kişi hüquqlarının bərabər olması, qadına hörmətsizlik edilməməsi üçün biz deməliyik ki, qadınlar da gedib bənnalıq etsinlər?! Bu iş ümumiyyətlə qadın üçün münasib deyil. Mən Hindistanda bir mənzərə gördüm. Bunu xatırlayanda həmişə narahat oluram. İnqilabdan sonra Hindistanın Banqalor şəhərində yaşayan bir dostumuzun evində qonaq idik. Bir gün günortadan sonra gəzintiyə çıxmaq istədim. Gördüm ki, bunların evinin arxasında təxminən əlli yaşlı bir qadın əlinə bir külüng götürüb daşları sındırır. Əvvəlcə anlamadım, soruşdum ki, o nə üçün belə edir? Dedilər ki, fəhlədir, işləyir. Elə isti havada tosqun bir qadın belə çətin bir işi görürdü. Bu mənzərəni görəndə çox naharat oldum. Dedim nə üçün bu işi görür? Dedi ki, əgər bunu etməsə, acından ölər. Soruşdum ki, nə qədər pul alır? Dedilər ki, səksən rupi. Bu qadına xidmətdirmi?! Bəzən məcbur olur və çarəsizlik üzündən işləyir. Bunun eybi yoxdur. Amma indi qadınlar üçün proqram hazırlamaq istəyiriksə, bu xidmətdirmi deyək ki, gərək qadınlar da ağır işlər görsünlər?! Nə lüzumu var ki, öz fizioloji vəziyyətləri ilə münasib olmayan işləri görsünlər?!

Qadının rolu barəsində “Günün qadını" jurnalı ilə müsahibədən; 4 mart, 1988

İslamda qadın və kişi hüquqları arasında ədalətə riayət etmək

İslamda irəli sürülən məsələ ədalətdən ibarətdir; yəni bütün insanlar, o cümlədən qadın və kişi cinsi arasında mütləq ədalətə riayət etmək.

Hüquqda bərabərlik məsələsi irəli sürülür. Lakin bəzi yerlərdə qadının hökmləri kişinin hökmlərindən fərqlənə bilər. Necə ki, qadının təbiəti bəzi xüsusiyyətlərdə kişinin təbiətindən fərqlidir.

"Kövsər təvəllüdü" bayramı münasibəti ilə Azadlıq idman kompleksində xanımlarla görüşdə çıxışdan; 22 oktyabr, 1997

İran qəzeti

İlahi atributları əldə etməkdə eynilik

Allah İslam ümmətinin ardıcılları üçün on xüsusiyyət sayır. Birincisi İslamdır, yəni Allahın qarşısında təslimçilik. Sonuncusu zikr və Allahı yad etməkdir. Bunların heç birində qadınla kişi arasında fərq qoyulmur. Ayədə belə deyilir: "Müsəlman kişilər və müsəlman qadınlar, imanlı kişilər və imanlı qadınlar, sadiq kişilər və sadiq qadınlar..."

Cümə namazı xütbəsindən; 4 iyul, 1980

Qadın və kişinin mənəvi dəyərlər meydanında bərabərliyi

İmandan, İslamdan, dözümlülükdən, sədaqətdən, insan, İslam və mənəviyyat dəyərlərini əldə etmək yolunda çalışmaqdan söz düşdükdə buyurur: “Müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar, müti kişilər və müti qadınlar, sadiq kişilər və sadiq qadınlar, dözümlü kişilər və dözümlü qadınlar...“[2] Bu ayədə mənəvi dəyərlər üçün on xüsusiyyət sayılır: İslam, iman, mütilik, sədaqət, dözümlülük, Allahdan qorxmaq və digər məsələlər. Qadın və kişi bu meydanda çiyin-çiyinə hərəkət edir və irəliləyirlər. Hər ikisini deyir. İslam bu ayələrdə cahil cəmiyyətlərdə həmişə kişilərin və hətta qadınların vasitəsi ilə pərəstiş olunan kişi hökmranlığı bütünü sındırır. Siyasi və ictimai məsələlərdə qadının beyət etməsini lazımi və aktual bir iş kimi təqdim edir.

Ölkənin müsəlman qız və qadınları ilə görüşdə çıxışdan; 21 sentyabr, 2000

İslam Cümhuriyyəti qəzeti

Elmi və ictimai nailiyyətlərdə eyni rolun ifa edilməsi

Biz düşünürük ki, qadınlar hər bir sağlam insan cəmiyyətində öz payları qədərincə elmi, ictimai və quruculuq nailiyyətlərində və bu dünyanın idarəsində öz səylərini öhdələrinə götürməyə, bu yarışa qatılmağa qadirdirlər. Bunun üçün onlara imkan yaradılmalıdır. Bu baxımdan qadın və kişi arasında heç bir fərq yoxdur.

Ölkənin qadın həkimləri ilə görüşdə çıxışdan; 16 yanvar, 1990

Fiziki qüvvə - kişilərin qadınlar üzərində hegemonluq qaynağı

Qadın bəzən zehni baxımdan kişidən güclü olsa, yaxud təfəkkür, elm, hissiyyat və digər baxımdan kişi ilə fərqlənməsə də, normalda qadının bədəni kişidən daha zəifdir.

Kişilər boylarının hündür, səslərinin yoğun, bədənlərinin güclü və sümüklərinin iri olmasına görə sümükləri xırda, səsləri incə, boyları qısa və bədənləri zəif olan qadınlara hegemonluq etmişlər. Bu bir həqiqətdir. Mənim fikrimcə siz də məsələnin kökünə varsanız, bu qənaətə gələcəksiniz. Hegemonluqların qaynağı budur.

Qadınların mədəni-ictimai şurasının üzvləri ilə görüşdə çıxışdan; 5 noyabr, 1996

Özəl sahələrə rəğmən, qadın və kişinin müştərək məsuliyyətləri

İlahi və İslami baxışa əsasən, qadın və kişinin hər birinin, öz həyatının xüsusi çərçivəsində əməl etməli olduğu əsaslı vəzifələr vardır. Amma eyni zamanda hər ikisi geniş bir sahədə müştərək, uyğun və öz bacarıqlarından istifadə etməklə bəzi məsuliyyətləri yerinə yetirirlər.

Ölkənin məmur, mütəxəssis və incəsənət xadimlərindən olan qadınlarla görüşdə çıxışdan; 13 noyabr, 1995

Keyhan qəzeti



  İrəli
Go to TOP