A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Azadlıq (Seyid Əli Xamenei)
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
  İrəli


AZADLIQ

İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Xameneinin nəzərindən

Kitаbın аdı:...........................................Azadlıq

Tərtib edən:...........................Doktor Mənuçöhr

Tәrcümә еdәn:............................İbrahim Mirzə

Nәşr еdәn:..................................."Üfüqe-fərda"

Çаp tаriхi:..................................................2012

Çаp növbәsi:...........................................Birinci

Tirаj:..........................................................3000

 

 

Birinci fəsil: Azadlığın tərifi

Azadlıq nə deməkdir?

Mövzunun aydınlaşması üçün “azadlıq” sözünün mənası və İslamın bu barədə görüşü haqda danışmaq zərurəti yaranır. Ümid edirəm söhbətlərin məcmusu ictimaiyyətin məlumatlandırılması, habelə bizim kimi məsul şəxslərin əməl etməsi üçün faydalı olacaq.

İlk öncə azadlığın mənasını aydınlaşdırmalıyıq. Azadlıq nə deməkdir? Dünyada adlı-sanlı dövlətlərin təxminən hamısı, Şərq və Qərb blokları azadlıqdan ağız dolusu danışır. Həm Qərb demokratiyası azadlıq iddiasındadır (əlbəttə, Qərbdəki azadlıq fərdi azadlıqdır), həm də Şərq bloku ölkələri, sosialist quruluşları, yaxud sosializm iddiasında olanlar azadlıq və demokratiyadan dəm vururlar. Şərq ölkələrinin əksəri dövlətin adına azadlıq mənasını ifadə edən “demokratik” sözünü əlavə edirlər. İddia edirlər ki, bu quruluşlarda əsas məqsədlərdən biri də azadlıqdır. Əlbəttə, azadlıq dedikdə onların məqsədi fərdi yox, cəmiyyət miqyasında azadlıqdır. Yəni fərdi azadlığın ictimai azadlıq saydıqları bir şeydə qarışıb həll olması.

Görürsünüz ki, dünyada azadlıq iddiası var; hər dövlət, hər rejim, hər məktəb, hər quruluş azadlığa xüsusi tərzdə tərif verir və hamı iddia edir ki, öz cəmiyyətlərində azadlığı təmin etmişlər. İslam cəmiyyətləri daxilində, o cümlədən bizim cəmiyyətimizdə də bəziləri azadlıqdan dəm vururlar. Bunların arasında olan inqilabçı və mömin adamlar azadlıq sözünü müqəddəs bir söz kimi işlədirlər. Onlar müxtəlif formalarda olan siyasi, iqtisadi və digər azadlıqların təmin edilməsinin tərəfdarıdırlar. Həmçinin onların sırasında azadlığı və azadlıq tələblərini, siyasi məqsədlərini ört-basdır etmək üçün vasitə edənlər də var.

Ölkə daxilində ziyalı qrupları və bu günlər Allahın lütfü ilə yüksək siyasi bilgilərə yiyələnmiş adi xalq arasında azadlıq sözü müxtəlif mənalarda işlənir. Hər kəsin zehnində azadlığın bir mənası canlanır, onun çərçivəsi müəyyən deyil.

Əlbəttə, müxtəlif pozğunluqların - cinsi və əxalqi pozğunluqların tərəfdarı olan bəzi insanlar azadlıq şüarı ilə və “biz azadıq, istədiyimiz hər bir işi görə bilərik!” – deyə, təəssüf ki, Qərbdə azadlıq adlandırılan mövzunu ortaya atırlar. Bizim cəmiyyətdə də çox vaxt azadlıq deyəndə Qərbin bu növ azadlığı yada düşür.>

Dünyada azadlıq haqqında iddiaların çoxu sual altındadır. Yəni nə Qərb ölkələrində, nə bu demokratik quruluşlarda, nə də qəzetlərin zahiri baxımdan hər bir sözü yazdığı və televiziya kanallarının hər bir sözü dediyi yerlərdə həqiqi azadlıq var. Orada azadlığın görüntüsü mövcuddur, oradakı totalitar rejimlərin və diktatorların çirkin üzünə çəkilmiş qalın kosmetik bəzəkdir əslində. Orada da əsl azadlıq yoxdur. Bu mövzu, necə deyərlər, azad olan çox ölkələrin xalqları üçün ipucu ola bilər ki, özlərinin azad olmalarına şəkk etsinlər və azadlıqlarını tələb eləsinlər.[1]

“Azadlığın fəlsəfəsi nədir?” və “İnsan nə üçün azad olmalıdır?” suallarının mahiyyəti, kökü və sübutu olmalıdır. Müxtəlif sözlər deyilib: fayda, ümumi xeyir, ümumi ləzzət və maksimum, mədəni hüquqlardan biri. Bunların hamısına irad tutmaq olar. Onların özləri də irad tuturlar.

Əgər son illər liberalizm haqqında yazılanlara baxsanız, görərsiniz ki, azadlıq barəsində nə qədər əbəs, faydasız və orta əsrlər dövrünə aid sözlər deyilib. Biri bir söz deyib, o birisi cavab verib. Sonra daha biri gəlib və onun cavabına şərh verib. Doğrudan da, üçüncü dünya ziyalıları üçün pis əyləncə deyil: biri bu nəzəriyyənin tərəfdarı olsun, biri də o nəzəriyyənin; biri bunun arqumentlərini qəbul etsin, biri onun dəlillərini izah etsin, başqa biri də nəzəriyyəni öz adından başqasına sırısın. Ən çoxu budur ki, azadlığın fəlsəfəsi və mənşəyi bir insani hüquqdur.[2]

Azadlıq Allahın və inqilabın hədiyyəsidir. Azadlıq xalqa məxsusdur və xalqın fitri duyğularındandır.[3]

Azadlıq və istiqlaliyyət

Azadlıq mövzusunda danışarkən,  bizim şüarlarımızdan  olan istiqlaliyyət sözünü işlətməliyik; yəni müstəqil düşünək, düşüncədə təqlidçi olmayaq. Əgər əksər problemlərimizin və inkişafımızın bünövrəsi olan bu sahədə başqalarını yamsılasaq, gözlərimizi təkcə qərb təfəkkürünü göstərən bacaya açsaq, böyük səhv etmiş olacağıq və bizi acı nəticələr gözləyəcək.[4]

Nə istiqlaliyyət azadlığın qarşısını ala bilər, nə azadlıq istiqlaliyyətin. Bu, çox möhkəm prinsipdir. Əgər kimlərsə azadlıq adı ilə, azadlıq şüarı ilə düşmənə yol açmaq istəsə, bu, azadlıq deyil, düşmənin istəyidir, düşmənin qurduğu tələdir. Bu gün çox həssas gündür. Bu dövr həssas dövrdür.[5]

Azadlıq - verilməli, alınmalı, yoxsa öyrənməli?

Bu gün universitetdə azadlıq məsələsi çox müzakirə olunur. Bəzən deyirlər ki, azadlıq verilmir, alınır. Mən deyirəm azadlıq həm verilir, həm alınır, həm də öyrənilir. “Azadlıq verilir” nə deməkdir? Bu o deməkdir ki, hökumət məmurlarının təbii azadlıq haqqını, yəni qanuni azadlıqları heç kimdən almağa ixtiyarları yoxdur. Əlbəttə, bu, hökumətlər tərəfindən bir mərhəmət deyil. Onlar azadlığı təmin etməyə borcludurlar. Bu, onların vəzifəsidir.

“Azadlıq alınır” nə deməkdir? Yəni cəmiyyətdə hər bir agah və şüurlu insan öz azadlıq haqqı və hüdudları ilə tanış olmalı, onları tələb etməli və almalıdır. “Azadlıq öyrənilir” nə deməkdir? Yəni azadlığın mədəniyyəti və qayda-qanunları var. Bunları öyrənmək lazımdır. Azadlıq mədəniyyəti və qaydaları olmadan bu böyük nemət heç kəs üçün, heç bir cəmiyyət üçün lazımi həddə mövcud olmayacaq. Əgər cəmiyyətdə azadlıq qaydaları olmasa və insanlar bundan istifadə qaydasını öyrənməzsə, heç şübhəsiz, fəal, çalışqan və öncül bir cəmiyyət üçün zəruri olan azadlıq əldən veriləcək. İslam nöqteyi-nəzərindən bu, bir cəmiyyət üçün faciədir. Azadlığın əldən çıxması faciədir.

İslamda hər növ avtoritarizm və diktatura – fərdi, yaxud ictimai diktatura (ictimai diktatura da fərdi diktatura kimidir, partiya diktaturası da belədir, bəzən bundan da pisdir), yəni bir nəfərin öz nəfs istəkləri əsasında xalqa hakimiyyəti ələ alması qəbuledilməzdir. Bu, hər hansı bir yerdə görünsə faciədir. Əgər azadlıqla davranmaq qaydalarını və mədəniyyətini bilməsək, belə olacaq. Bəziləri də məhz belə olmasını istəyir.

Bəziləri istəmir ki, biz azadlıq mədəniyyəti ilə tanış olaq, onlar da aranı qarışdırıb, xalqda güclü bir müstəbidə meyl yaratsınlar. Bəzi cəmiyyətlərdə hərc-mərclik, nizam-intizamsızlıq və iğtişaşlar elə bir həddə çatır ki, xalq güclü  despotun meydana çıxıb nizam-intizam yaratmasını arzulayır. Bəziləri  cəmiyyəti sözügedən vəziyyətə aparmaq istəyirlər: azadlıqdan ən pis və yanlış şəkildə istifadə edir, xalqın imanı, duyğuları və düşüncələri ilə, cəmiyyətin ehtiyacları ilə oynayıb, onu təlatümə gətirirlər. Bunlar azadlığın düşmənləridirlər. Azadlığı bədnam etmək olmaz. Azadlıqdan süngü düzəldib, onun əsil keşikçilərinin sinəsini hədəfə almaq olmaz. Azadlıqla oynamaq olmaz. Azadlığı vasitəyə çevirib, onun mədəniyyətinə əsla tabe olmayan şəxslər azadlığa zərbə vururlar. Onlar azadlıq tərəfdarı deyillər, azadlığa xəyanət edirlər. Azadlıq qanunları pozmaq və İslam Respublikası sisteminin kökünə balta çalmaq üçün vasitə edilməməlidir! Dünyanın şərq və qərbində heç bir quruluş, onun kökünü kəsmək istəyənlərə hörmət etmir. Amma İslam Respublikası bu hörməti etdi. Uzun müddət bəzi şəxslər azadlıq adı altında xalqın imanına və müqəddəsliklərinə istədiklərini etdilər. İslam Respublikası isə hər hansı səbəbə görə susdu, hakimiyyət dözdü və hörmət göstərdi.[6]

Azadlığın hüdudları

Söhbət azadlığın hüdudları barəsindədir. Mütləq azadlıq nəhayət haradasa məhdud olmalıdır. İnsan gözəl və rahat yaşayış istəyirsə, bəzi azadlıqları qurban verməlidir. İctimai filosof, mütəfəkkir və bu sahədə nəzər sahibi olan alimlər arasında müzakirə predmetlərindən biri budur ki, azadlığın sərhədi haradır? Yəni insanlar haraya qədər və hansı çərçivə daxilində azaddırlar? Haraya çatdıqda onların azadlığının qarşısı alınmalıdır?[7]

İslam Respublikası azadlığı onun həqiqi mənasında cəmiyyətimizə daxil edir. Lakin azadlıqdan istifadə etməyin üsulu var. Biz azadlıqdan istifadə üsulunu da öyrənməli və öyrətməliyik. Bu da İslam Respublikasının vəzifəsidir. Bəziləri azad fikir adı altında həqiqətin sərhədlərini tapdayır, azad fikir və yenilik adı ilə bütün həqiqi və müqəddəs prinsipləri görməməzliyə vurur, təhqir və məsxərə edirlər. Bəziləri də reaksiya olaraq, yaxud zehinlərindəki başqa bir məsələyə görə yeniliyə ehtiyacı olan təməllərdən yapışmışlar. Deyilənlərlə kifayətlənmək olmaz; yəni sərhədi aşanlar qarşısında qapalılıq və aza qane olanlar qarşısında ifratçılıq...[8]

Mütləq azadlıq məqbul deyil

Birincisi, bilməmiz lazımdır ki, hər növ qeyd-şərtdən azad olmaq, qarşıda heç bir maneə görməmək, sevdiyi hər bir işi görə bilmək mənasında olan azadlıq heç bir ideologiyada, mədəniyyətdə, fəlsəfi və ictimai nəzəriyyədə dəyər sayılmır. Dünyada heç kəs mütləq və sərhədsiz azadlığı müdafiə etmir. Ondan bəhrələnməkdə kiminsə uğur qazanması da mümkün deyil. Əgər  insanın könlü istədiyi hər bir işi yerinə yetirməkdə azad olduğunu, qarşısında heç bir maneə dayanmadığını fərz etsək, bu azadlığın özü təbii olaraq başqalarının azadlığını məhdudlaşdıracaq, onların asayişini və təhlükəsizliyini pozacaq. Buna əsasən, bəşəriyyətin və insan cəmiyyətlərinin mütləq şəkildə azadlığı, ümumiyyətlə nə mümkündür, nə də kimsə onun tərəfdarıdır.

Hətta 19-20 əsrlərdə Avropada peyda olan, bütün qanunlardan və ictimai şərtlərdən azad olmaq devizini rəhbər tutan anarxistlər də bəzi məhdudiyyətləri tanıyır və onlara riayət edirdilər. Qısası, mütləq mənada olan azadlıq, yəni insanın istədiyi hər bir işin icazəli olması nə məntiqə uyğundur, nə mümkündür, nə də dünyada kimsə bunu müdafiə edir.[9]

Azadlığın sərhədləri var. Azadlıq o deyil ki, insan ondan sui-istifadə etsin. Dünyada bu iş baş verib, azadlıq adı ilə insanlara ən böyük zülmlər olunub, cinayətlər törədilib, insan nəsilləri əxlaqsızlığa və pozğunluğa sövq edilib. Qərb mədəniyyətlərində və məktəblərində azadlıq adı ilə insanların beynindən həqiqi azadlığı siliblər. Azadlıq adı ilə onların gözlərini və ağızlarını bağladılar, istədiklərini yeritdilər. Bu, müasir dünyada müşahidə etdiyimiz həqiqətdir. Bu, həm Qərb blokunda və fərdi azadlığın tərəfdarı olan demokratik quruluşlarda, həm də Şərq quruluşlarında və ictimai azadlıqların tərəfdarı olan, fərdi azadlığın ictimai azadlıqda əriməsinə çalışan sosialist sistemlərdə mövcuddur. Humanizm və digər cərəyanlar da bu azadlığa zərbə vurmuşlar.[10]

Azadlığın mehvəri

Düzgün sərhədlərə riayət etmək lazımdır. Bu sərhədlər bir hökumətin və ya quruluşun istədiyi, öz maraqlarına əsasən təyin etdiyi sərhədlər deyil. Əgər dünyada bəzi hökumətlər varsa (əslində doğrudan da var) və maraq əsasında hədd təyin edirlərsə, İslam Respublikası quruluşu belə deyil. İslam Respublikası quruluşunun əsası ədalətdir. Yəni əgər rəhbər ədalətdən uzaqlaşsa, avtomatik olaraq və başqa bir amilə ehtiyac duyulmadan rəhbərlik məqamından enir. Belə bir quruluşda hər hansı bir qrupun, təbəqənin, yaxud hakimiyyətə aid görüşlərin xeyrinə sərhəd müəyyənləşdirməyin mənası yoxdur. Burada sərhəd İslamın sərhədləridir. Quranda, hədisdə və düzgün din təlimlərində göstərilən sərhədlərdir. Bunlar mötəbərdir, onlara riayət olunmalıdır, riayət olunmasa, bütün məmurlar – məhkəmə məmurları, icraçı məmurlar, mədəniyyət nazirliyi və digərləri məsuliyyət daşıyırlar. Əgər vəzifələrinə əməl etməsələr, günah etmiş və qanunu pozmuşlar. Bu sərhədlərə riayət etmək onların vəzifəsidir. O sərhədlərin daxilində (əlbəttə, o sərhədlər istisnalardır) həmin gözəl və parlaq azadlıq prinsipi var. Ondan istifadə olunmalıdır.[11]

İslam və Məsihiyyətdə azadlığın hüdudları

Dinlərdə azadlığın hüdudları barədə çox sözlər var. Bizcə, bu gün İslam və Məsihiyyət dinlərinin diqqət yetirməli olduğu məsələlərdən biri də budur. Biz bu gün bu sahədə diqqətsizliyin və ifratçılığın şahidiyik. Diktaturalar, gözəgörünən və gözəgörünməz təzyiqlər həyatın bəzi sahələrində xalqın azadlığını əlindən alırlar. Başqa bir sahədə isə insanlara, adı azadlıq yox, pozğunluq olan çoxlu azadlıqlar verilir. Dinlərə görə, məsələnin hər iki tərəfi həqiqətdən yayınmaq hesab olunur. Mən belə düşünürəm ki, həqiqi azadlığın ifratçılıq və azla kifayətlənmə tərəflərinin inkar edilməsində Məsihiyyətin və İslamın baxışları bir-birinə yaxındır. Güman edirəm, bəşəriyyətin və cavan nəslin taleyilə maraqlanan bütün insanların bugünkü mühüm və ümdə vəzifələrindən biri budur ki, dünya miqyasında günbəgün artan fəsad və pozğunluqlarla mübarizə aparsınlar.[12]

Azadlığın sərhədlərini qanunun müəyyənləşdirdiyi Qərbdə həmin qanun ictimai məsələlərin həllinə yönəlib. Yəni qanun deyir ki, heç bir insanın azadlığı digərlərinin azadlığını təhdid etməməli, onların mənafeyini təhlükəyə salmamalıdır. İslamda isə sərhəd təkcə bu deyil. Yəni (İslamda) insan azadlığını məhdud edən qanun deyir ki, azadlıqdan yararlanarkən digərlərinin azadlığını təhlükəyə salmamaqdan, cəmiyyətin və digərlərinin mənafeyini təhdid etməməkdən əlavə, insanın və o şəxsin özünün mənafeyi də təhlükəyə atılmamalıdır. Bəşər qanunları, insanın işinin cəmiyyətlə əlaqəli olmadığı təqdirdə, şəriət vəzifəsi sayılmır; tövsiyə edir, lakin icbari vəzifə təyin etmir. İslam və ilahi dinlər digərlərinin hüquq və azadlıqlarını nəzərə alıb, bir insanın azadlıq bəhanəsilə digərlərinin hüququnu təhdid etməməli və təhlükəyə salmamalı olduğunu deməklə yanaşı, həm də vurğulayır ki, bir insan azad və ixtiyar sahibi olmasını bəhanə edib öz şəxsi mənafelərini təhlükəyə ata bilməz. Onun özü də öz azadlığındən ziyan görməməlidir![13]


İkinci fəsil: İslamda azadlıq

İslamda azadlığın mənası

Ümumiyyətlə, İslam maarifində və İslam mətnlərində azadlıq adlı bir şey var, yoxsa yox? Ola bilsin bəziləri belə təsəvvür etsinlər ki, dinlər azadlıq və hürriyyət adlanan məsələ ilə müvafiq deyillər, iddia etsinlər ki, ictimai azadlıq, fərdi azadlıq və ümumiyyətlə insanın azad olması məsələsi ilk dəfə Avropada ortaya çıxıb, təxminən 200 il bundan öncə, məsələn böyük Fransa İnqilabında insan azadlığı, hər bir insanın azad doğulması məsələsi ortaya atılıb. Ola bilsin kimsə deyər ki, sizin, azadlıq mövzusunu İslamla əlaqələndirmək cəhdləriniz əbəsdir, İslamın və digər dinlərin azadlıqla heç bir rabitəsi yoxdur; bu gün dünyada geniş yayılmış bu ictimai-siyasi anlam Avropaya və Qərbə aiddir, Böyük Fransa İnqilabından, Qərbin inqilab və məktəblərindən yaranıb.

Biz müəyyənləşdirməliyik ki, ümumiyyətlə İslamda azadlıq adlı məfhum var ya yox? Bu sualın cavabında deməliyəm ki, əksinə, insanların azad olması məsələsi Avropadan, Avropa müttəfəkkirlərinin, ziyalılarının, inqilabçı və rəhbərlərinin insan azadlığını bəşərin prinsipial haqlarından saymaq fikrinə düşmələrindən əsrlərcə öncə İslamda ortaya qoyulub>. Əgər azadlığı uca və zərif mənasında, yəni insan ruhunun çirkinliklərindən, nəfs istəklərindən və maddi buxovlardan azad olması kimi nəzərə alsaq, bu, hələ də ilahi məktəblərin inhisarındadır. Qərb və Avropa məktəbləri bunun nə demək olduğunu da bilmirlər.

18-ci əsrdə Böyük Fransa İnqilabının ardınca, daha sonra isə Qərbdə meydana çıxan azadlıq Allah peyğəmbərlərinin və ilahi məktəblərin bəyan etdiyi azadlıqdan çox kiçik, məhdud və dəyərsiz azadlıq idi. Əgər azadlığı əsil mənasında götürsək, bu, ilahi məktəblərə məxsusdur. Lakin hazırda azadlığı siyasi məktəblərdə göstərilən siyasi, ictimai və iqtisadi azadlıqlar, fikir, düşüncə və əqidə azadlıqları mənasında nəzərə alsaq, bütün bunlar haqqında müxtəlif izahların olmasına rəğmən, İslam dini bu məsələlərdə də Avropa inqilablarından və məktəblərindən əsrlərcə öndədir.[14]

Azadlıq din hökmlərinin çətiri altında

Səadət – din hökmlərinə əməl etməkdir. Çünki ədalət din hökmlərinə əməl etməkdədir; çünki azadlıq, insanın azad olması din hökmlərinə əməl etməkdədir. Azadlığı harada tapmaq istəyirlər? İnsanların bütün istəkləri din hökmlərinin çətiri altında həyata keçir.

Günün adamının əsas ehtiyaclar baxımından min il, on min il bundan öncənin adamı ilə heç bir fərqi yoxdur. İnsanın əsas ehtiyacları bunlardır: o, dinclik, azadlıq, mərifət və rahat həyat istəyir, ayrıseçkilikdən və zülmdən qaçır. Zamanın ehtiyacları bunların çərçivəsi daxilində və bunların sayəsində təmin oluna bilər. Bu əsas ehtiyaclar yalnız və yalnız Allahın dini vasitəsilə təmin oluna bilər.[15]

İslam xalqlara müstəqillik və azadlıq verir. Həm öz yaşayış mühitlərində azadlıq – diktator və tiranlardan, xurafat və cahilliklərdən, sapqın təəssüblərdən azadlıq, həm də iqtisadi qüdrətlər buxovundan və siyasi imperializmin təzyiqlərindən azadlıq. İslam dini xalqlara rifah və iqtisadi tərəqqi ilə yanaşı ictimai ədalət verir.[16]

Bu gün dünyanın qəbul etdiyi mənada azadlıq, yəni köləlikdən, əsirlikdən və digərlərinin hakimiyyətindən azad olmaq və insan iradəsinə dəyər vermək məsələsi İslamda da var. Bu azadlığın 2-3 əsr bundan qabaq meydana çıxdığını düşünmək yanlışdır. Quran ayələri və hədislər göstərir ki, məhz belə geniş mənada  azadlıq İslamda çoxdan var. Bu, hətta digər dinlərdə də var. Lakin gündəmdəki azadlığın miqyası İslam azadlığı ilə tam uzlaşmır. İslam azadlığının əhatəsi daha genişdir, bəzi cəhətlərdə daha dəqiq və həssasdır.[17]

Deməli, İslamda azadlıq məsələsi prinsipial məsələlərdən biridir. Əgər kimsə İslamı, ictimai və fərdi azadlıqları məhdudlaşdıran bir din kimi tanısa və ya təsəvvür etsə və onda azadlığın olmadığını düşünsə, səhv edir. Əlbəttə, azadlıq özbaşınalıqdan fərqli bir şeydir. Azadlıq digərlərini aldadıb yoldan azdırmaq deyil. Azadlıq ağlına gələni etmək və eqoizm deyil. Azadlıq bu deyil ki, insan ürəyi istədiyi hər bir işi görsün; cəmiyyətdə qəbul olunmuş normalarla, cəmiyyətin və digər insanların hüquqlarına zidd olsa belə. >

Azadlığın sərhədləri var. Azadlıq bu deyil ki, şəxs azadlıq bəhanəsi ilə imkanlardan> >sui-istifadə etsin. Dünyada bu iş baş verib, azadlıq adı ilə insanlara ən böyük zülmlər olunub, cinayətlər törədilib, insan nəsilləri əxlaqsızlığa və pozğunluğa sövq edilib. Qərb mədəniyyətlərində və məktəblərində azadlıq adı ilə insanların beynindən həqiqi azadlığı siliblər. Azadlıq adı ilə onların gözlərini və ağızlarını bağladılar, istədikləri siyasəti yeritdilər. Bu, hazırda dünyada müşahidə etdiyimiz həqiqətdir. Bu, həm Qərb blokunda və fərdi azadlıq tərəfdarı olan demokratik quruluşlarda, həm də Şərq quruluşlarında və ictimai azadlıqların tərəfdarı olan, fərdi azadlığın ictimai azadlıqda əriməsinə çalışan sosialist sistemlərində mövcuddur. Humanizm və digər cərəyanlar da bu azadlığa zərbə vurmuşlar.>

Buna əsasən, İslamda olan bu uca və fərqli məsələ düzgün izah olunmalıdır. Əgər bir azadlıq barəsində İslamın baxışını düzgün bəyan etsək, dünyada uduzmayacağıq, yalançı, aldadıcı və saxta azadlıqlardan dəm vuran ölkələrin yanında deməyə sözümüz olacaq və deyəcəyik ki, niyə insana azadlıq verilmir? Nə üçün azadlıq adı ilə insanlara zülm və cəfa olunur? Buna görə, İslamın azadlıq haqqındakı görüşü bilinməlidir. Bu, xalqa və beynəlxalq məsələlərlə əlaqədə olanlara lazım olan bir mövzudur. Bu, bizim özümüzə, ölkəmizin vəzifəli şəxslərinə də örnək ola bilər. Bu hüdudların əsasında vəzifələrimizi daha artıq tanıya bilərik inşallah.[18]

Azadlıq və ilahi missiya

Bu gün dünyada səsləndirilən şüarlardan biri peyğəmbərlik mövzusundadır. Çox vaxt bu şüarların yanında heç bir əməl görünmür; dövlətlərin, xalqların, fikir və ideologiya sahiblərinin səsləndirdiyi sosial ədalət, azadlıq, elm, tərəqqi, yaşayış səviyyəsinin yüksəldilməsi və digər şüarlar kimi.>

Bu şüarların özü peyğəmbərlərin və son peyğəmbərin (s) sayəsində meydana çıxıb. Bunun natamam forması xalqın əlində var və bəziləri ona doğru hərəkət edirlər.[19]>>>>

Bu torpağın, bu məmləkətin hər bir qarışı Allah Rəsulu (s) və onun fədakar, nurani səhabələrinin dövründən bir xatirə yada salır. Bu yerdə İslam doğdu, cihad bayrağı ucaldı və bəşəriyyətin cahilliyyət zəncirlərindən azadlığı başlandı. >

Bir neçə əsr tənəzzül, gerilik və təhqirdən sonra bu gün müsəlman xalqlar İslam dünyasının dörd bir tərəfində oyanışa və Allah üçün qiyama üz tutmuşlarsa, azadlıq, istiqlaliyyət, İslama və Qurana qayıdışın ətri İslam ölklərinin çoxunda duyulursa, müsəlmanların həmişəkindən daha çox ehtiyacı var ki, o parlaq və ecazkar keçmişlərilə, Allah üçün qiyam və ilkin İslam dövrünün mübarizə çağı ilə öz bağlılıqlarını daha da möhkəmləndirsinlər.[20]>>>>

İslam Mədinə şəhərində, sözün əsl mənasında azadlığı, bugünkü təbirlə desək, demokratiyanı təmin edirdi. Mədinədə, Peyğəmbərin vətənində və qüdrətli mədəniyyət mərkəzində belə idi. Lakin ucqar yerlərdə, məsələn filan Əməvi sərkərdəsinin hakim olduğu Xorasanda, İsfahanda, yaxud Farsda belə məsələlər yox idi.[21]>>>>

Azadlıq və Quran ayələri

“Əraf” surəsinin “onların ağır yükünü yüngülləşdirər və üstlərindəki buxovları açar”>[22]>>>>  - ayəsi qızıl lövhələrə yazılıb, dünyada insan hüquqları uğrunda mübarizə aparan bütün təşkilatların qapısından asılmağa layiq olan ayələrdəndir. >

Ayə Peyğəmbərin (s) şəxsiyyəti və Quranda onun şəxsiyyətinin xüsusiyyətlərindən biri barəsindədir. Quranda Peyğəmbərin (s) şəxsiyyəti və səhabələri barəsində bir neçə ayə gəlib. Bu ayələrin hər biri o şəxsiyyətin əzəmətli cəhətlərindən birini bəyan edir. Sözügedən ayə onların ən ümdələrindən biridir. Bu ayədə göstərilən məqamlardan biri budur ki, Peyğəmbər (s) insanların ayağından buxovları qoparır. İnsanların ayağına ağırlıq edən, onların hərəkətinə, sıçrayışına, yüksəlişinə və təkamülünə mane olan bu zəncirləri onların boyunlarından və ayaqlarından açır. “İsr” lüğətdə çadırın aşağısını yerə çalınmış mıxlara bağlayan iplərə deyilir. Bu iplər çadıra bağlanıb, onu möhkəm saxlayır. Bu gün dünyada müasir formada mövcud olan növbənöv zorakılıqlar, ayrıseçkiliklər, məhdudiyyətlər, təlqinlər insanları heyvan şəklinə salır. >

Qərb cəmiyyətlərinin çoxunda insan bir heyvan formasında yaşayır, onda ümumiyyətlə insanlıq dəyərləri görünmür. Onu belə əsir edən nədir? Bəzən elə bu insan elmi, dünyəvi baxımdan zirvələrə ucalır. Amma siz həmin insanın dəyərsiz maddi meyllərin, zülmlərin, aşağılayıcı ayrıseçkiliklərin, təlqinlərin və xarlığın qulu olduğunu görürüsünüz. Bu, sözügedən “isr”lərdir. Bu, həmin zəncirlərdir. >

Peyğəmbərlər cəmiyyətə daxil olduqda onların ilk işləri bu dustağın boynundan zəncirləri açmaq olur. Azadlıq budur. Deməli, azadlıq məsələsi Qurani-kərimdə, hədislərdə və İslam ədəbiyyatında bəyan olunub. >



  İrəli
Go to TOP