A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İslam şəriətində sağlamlıq və uzun ömürlülük elmi və tibbi sübutlarla
Müəllif: Mehdi Tahiri
Naşir: Əsre-rəhayi
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Üçüncüsü: Adətən zina ilə məşğul olan şəxslər, cinsi əlaqəylə ilgili gigiyenik məlumata kifayət qədər malik deyillər. Bir tərəfdən də yalnız son dərəcə ləzzətin və şəhvətpərəstliyin fikrində olduqlarından, cinsi əlaqə gigiyenasını öyrənməyi ya bacarmır və ya istəmirlər. Bu şəxslər əsasən hansı yolla olursa-olsun ləzzət almaq istəyirlər. Bunlar İslamın qəbul etdiyi cinsi bir əlaqədə (evlənmədə) mövcud deyildir. Çünki ər-arvad arasındakı sevgi-məhəbbət onları təkcə şəhvətpərəstlik haqqında yox, bir-birinin sağlamlıqları haqqında da düşünməyə vadar edir. Bundan əlavə, ərlə arvad evlənməzdən öncə adətən uyğun kitablar və gigiyena mərkəzlərinin informasiyası vasitələrilə, lazımi cinsi biliklərə yiyələnirlər, halbuki adətən bu məlumatlar zinada yoxdur.

Dördüncüsü: Zinanın zərərləri yalnız onun cismi ziyanlarında təxsislənməyib, çox sayda ruhi, mənəvi, ictimai və s. ziyanları da vardır.

İmam Rza (ə) buyurub: "Zina, əhatə etdiyi fəsadlardan dolayı, o cümlədən: adam öldürmək, soy kökünün itməsi və ləkələnməsi, uşaq tərbiyəsinin tərk edilməsi, irs məsələsinin korlanması və bu kimi fəsadlar ucbatından haram edilmişdir".[38]

İtlə oynamaq

İslamda it nəcis sayılmış və zəruri hallardan başqa onu saxlamaq yasaq edilmişdir (Qeyd edək ki, İslamda itin dəyəri gözardına vurulmamışdır). Bu tip itlə oynamaq, fəqihlər tərəfindən də caiz hesab edilmir.

Hər hansı bir şəxs zəruri halda evdə it saxlamaq istəyərsə, itləri ilə yatan, onu öpən, bəzən bir insandan daha artıq ona dəyər verib ailə üzvlərindən hesab edən və onunla dərdlərini bölüşən bir sıra qərblilərin əksinə olaraq İslamın müvafiq göstərişlərinə uyğun olaraq, itin yaşayışının ev əhlindən uzaq olması üçün mənzilin bir tərəfində onun üçün ayrıca bir daxma hazırlamalıdır. İmam Sadiq (ə) buyurur: "Ov itini, səninlə onun arasında ayrıca bir qapı olmadığı surətdə evində saxlama"[39] (yəni öz yaşayışını itin yaşayışı ilə qarışdırmamaq üçün ona ayrca bir koma düzəlt).

Bəzi qərb ailələrində it, ailə üzvlərindən biri sayılır. Onunla yaşayır, hətta onunla xörək yeyir, bir-biri ilə bir yorğanın altında yatır və hətta bir-birləri ilə iyrənc cinsi əlaqədə də olurlar. Son zamanlar bəzi şərq qərbpərəstləri itlə oynamağı və onu evdə saxlamağı sivilizasiya hesab edir və bəzən bu işi gördüklərinə görə fəxr də edirlər. Bu insanlar bir şeydən xəbərsizdirlər ki, bu iş eynilə nadanlıq, sivilizasiyasızlıq və mədəniyyətsizlikdir. Bəzi qərblilərin və qərbpərəstlərin nadanlığına varmaq üçün, itlə oynamaq və onunla oturub-durmaq vasitəsilə keçən xəstəliklərin kiçik bir hissəsinə işarə edirik.

İt xəstəlikləri

1. Dəri xəstəlikləri

"Qoturluq",[40] "keçəllik" və digər dəri xəstəlikləri, eləcə də, müxtəlif növ bit, ağcaqanaq itdə çoxdur. İt, mikrobla dolu bədənini agzı ilə yalayır və müxtəlif mikroblar dilinə yığışır, daha sonra dilini kasaya, kuzəyə, pərdəyə və xalçaya və ya öz sahibinin bədəninə, əlinə sürtür və bu vasitəylə mikrobları ötürür. [41]

2. Quduzluq

İtdə quduzluq xəstəliyi ilk günlərdə çox gizlidir, lakin az-az üzə çıxmağa başlayır. Mikrobun qarşısı alınmazsa, it ya pişik vasitəsiylə insan bədəninə daxil olub təqribən 40 gündən sonra insanı faciəli şəkildə öldürür.[42]

İt xəstə olduqda bilinir

İt, pişik kimi heyvanları evdə saxlayan şəxslər, bu heyvanlara son dərəcədə bağlılıqlarından dolayı, bu heyvanların onları xəstəliyə yoluxdurmasına əsla diqqət etmirlər. Bu məsələ səbəb olur ki, heyvanlar vasitəsilə yoluxaraq xəstəxanaya yollanmış infeksion xəstəliklərin daşıyıcılarının sayı artsın.

Demək olar ki, hamımızın tanıdığı yayılmış xəstəliklərdən biri də, quduzluqdur. Bu xəstəlik əksəriyyətin itin dişləməsi vasitəsilə keçiciliyi təsəvvürünün əleyhinə olaraq, bədənin təması vasitəsilə (ağız suyunun yara və ya şəxsin bədəninin selikli qişası ilə təması yolu ilə) ötürülür. Hətta bədənində yara olan şəxsin dərisini yalamaq da, quduzluq xəstəliyinə mübtəla edə bilər. Bu xəstəlik üzə çıxdığı surətdə, 100% öldürücüdür, çünki xəstəliyin amili beyin çürüməsinə səbəb olaraq, xəstəni sürətlə məhv edir.

Bir çoxları belə düşünürlər ki, heyvan quduzluğa düçar olduğu surətdə, onu bilmək, müəyyənləşdirmək mümkündür, çünki heyvan son dərəcə vəhşiləşir. Lakin bir çox hallarda, heyvan, sahibini təəccübləndirəcək qədər başıaşağı və müti olur və bu heyvanlarda da quduzluğa yoluxmaq ehtimalı vardır.[43]

"İransəlamət" xəbər agentliyinin verdiyi məlumata görə, Kanadanın Guelv İntaryo baytarlıq universitetinin alimlərinin araşdırmalarının nəticələrinə görə, xəstələrin halının yaxşılaşması məqsədilə itləri xəstəxanalara gətirmək, xəstəliyin yayılmasına səbəb olur.

Fransa xəbər agentliyinin yaydığı məlumatda isə deyilir ki, bu alimlərin, 18 növ xəstəliyi araşdırmaq üçün 102 it üzərində aparılmış təcrübələri isbatlamışdır ki, zahirən sağlam nəzərəçarpan itlərin 58% "Klosterdyum Difisil" bakteriyasını özündə daşıya bilər, digər hissəsi isə, başqa mikrobları o cümlədən, "Salmona", dərmanaqarşı "İkolay", "Pastorlaas" pipinin daşıyıcısıdırlar. Xəstəxana mikrobları jurnalında bu alimlərin tədqiqatlarının nəticələri göstərdi ki, itlər, xəstəxanalardan qaynaqlanmış müxtəlif çeşidli bakteriyaları xəstələrə ötürə bilirlər.[44]

3. İt solityoru

Kist Hidatik[45] bir növ solityordan əmələ gəlir. Bu yastı qurddan törənən xəstəlik, "ekinokok" adlanır. İtdə bu xəstəliyin əlaməti başgicəllənməsidir.

İt gənəsi çobanlara, evlərində it saxlayan və itlə ünsiyyətdə olanlara hücum edir.

Bu qurd öncə bağırsağa daxil olur, sonradan qaraciyərə, ağciyərə, dəriyə, böyrəyə və s. daxil olması da mümkündür. Bu xəstəlik kəskin ağrılara səbəb olur, əgər cərrahlıq vasitəsilə sadalanan üzvlərdən onun kökü kəsilməzsə, ölümlə nəticələnir.[46]

4 - Vərəmin (tuperkulyozun) ötürülməsi

Fransanın görkəmli alimlərindən sayılan "Nokard" sübut etmişdir ki, tuperkulyoz xəstəliyi insandan itə və itdən insana çox keçir. O eləcə də isbatlamışdır ki, cavan şəhər itləri daha artıq vərəmə düçar olur və hava yolları və həzm borusu vasitəsilə mikrob bədənə daxil olur. Çünki it "daxma basilləri"ni yəni, zibillikdə olan vərəm mikrobunu yalayır. Əgər bir şəxsin evində it vərəmli olarsa, o məntəqə, hətta o şəhər üçün təhlükəlidir.[47]

Elmi tədqiq

İtin yaladığı və ya maye içdiyi qab, öncə təmiz torpaqla sürtülməli, daha sonra bir dəfə kürr ya axar suda və yaxud iki dəfə qəlil suda yuyulmaldır.

İtin yaradanı, mikrobu dəf etməyə göstəriş verərək buyurur: İtin mikrobunu yalnız, təmiz torpaq aradan apara bilər.

Bu xüsusda görkəmli alimlərdən birinin kəşfi oxunaqlıdır. Bu kəşf heç də səs-küysüz başa gəlmədi.

Bu kəşfin izahı, Fransanın Sentatin şəhərində çap edilən "Luşasor Fransa" adlı jurnalında dərc edlimişdir.

Kəşf bundan ibarət idi ki, itin qabı dili ilə yalayaraq mikroba bulaşdırdığı surətdə, bu mikrobun məhv edilməsinin yeganə yolu, qabı torpaqla sürtməkdir.[48]

 

Qızıl və gümüş

A) Qızıl və gümüş qablar:

Müctəhidlərin haramlığına dair fətva verdikləri əməllərdən biri də, qızıl və gümüş qablardan istifadə etməkdir.

Qızıl və gümüş qabların zərərləri haqda, aidiyyatı kitablarda[49] söz açılmışdır. Biz isə, ruhi-psixoloji zərərlər arasından, yalnız cismi zərərlərə toxunacağıq.

Bu qabların başlıca zərəri, yeməklə qarışmasıdır. Misal olaraq, gümüş qaşığı yumurtanın sarısında yerləşdirsək, sürətlə oksidləşərək rəngi dəyişməyə başlayır; yəni yumurtanın sarısı gümüşlə reaksiyaya girir.[50]

Qızıl və gümüş qabların zərərlərinə misal olaraq göstərmək olar ki, gün ərzində C vitamininin bədənə çatması gərəkdir, qızıl və gümüş kimi ağır metallarda isə, istər xörək çiy şəklində olsun, istərsə də bişmiş, C vitamini məhv olur.[51]

B) Kişilərin qızıldan istifadə etməsi:

Qızıl üzük, boyunbağıdan istəfadə etmək kişilər üçün haram, qadınlar üçün isə caiz edilmişdir. Hazırda tibb elmi, qızıldan istifadənin kişilər üçün zərəli, qadınlar üçün isə faydalı olduğunu sübuta yetirmişdir.[52]

Bəlkə də bunun səbəbini belə izah etmək olar ki, qızıl bədəndə qan hazırlanmasına yardım edir və bildiyiniz kimi hər ay qadınların bədənindən bir miqdar qan xaric olur və bu qan hazırlanması isə, itirilmiş qanın əvəzləyicisidir. Halbuki kişidə belə deyildir,[53] əslində kişi üçün qızılın istifadəsi ümumiyyətlə əlacsız xəstəliklərlə tamamlanır! Bu barədə ətraflı məlumat üçün oxucular, Harisonun yazdığı "Hemotoloji xəstəliklər" kitabına müraciət edə bilərlər.[54]

Qumar

İslam dinində böyük günahlardan hesab edilən qumar, xeyli sayda psixoloji, cismi xəstəliklərin və cinayətlərin amilidir. Biz bu əməlin bəzi cismi xəstəliklərinə işarə edəcəyik.

Qumar – Stressin başlıca amili

Psixoloqlar yekdilliklə bu qənaətdədirlər ki, stresslər – psixoloji həyəcanlar, bir çox xəstəliklərin əsas faktorudur. Misal olaraq, vitaminlərin azalması, mədə yarası, ruhi xəstəlik, dəlilik, xəfif və kəskin formada əsəb xəstəlikləri və buna bənzər xəstəliklər, bir çox hallarda, həyəcandan, təşvişdən qaynaqlanır. Qumar isə həyəcanın ən böyük yaradıcı səbəblərindəndir. Amerikalı alimlərdən biri bu barədə deyir: Hər il bu ölkədə 2000 nəfər qumarın həyəcanı nəticəsində ölür, orta hesabla bir pokerbazın (qumarbazın) ürəyi dəqiqədə yüz dəfədən artıq döyünür, qumar bəzən ürək və beyin infarktı da yarada bilər və şübhəsiz ki, tez qocalmağa da səbəb olacaqdır.

Bundan əlavə alimlərin dediklərinə əsasən, qumarla məşğul olan şəxsin, yalnız ruhu gərginlik içərisində deyil, bütün bədən üzvləri qeyri-təbbi bir durumda yaşayır. Ürək döyüntüləri artdıqca, şəkər xəstəliyinə tutulma ehtimalı artır, daxili vəzilərin ifrazında anomaliya-pozğunluq yaranır, üzün rəngi qaçır, iştahasızlığa düçar olur və psixoloji müharibə və böhranla nəticələnən qumardan sonra yuxuya gedir. Adətən belə şəxslər əsəb sistemlərində təskinlik, aramlıq yaratmaq üçün spirtli içkilər və narkotik maddələrdən də istifadə edirlər. Belə olduqda, bu əməllərin zərərlərini də qumarın zərərlərinə əlavə etmək lazımdır.[55]

Qumarın cinayətləri və intiharlarından statistika

Beynəlxalq statistika müəssisələrindən biri isbat etmişdir ki, cinayətlərin 30%-i qumarla birbaşa əlaqədədir. Qumar eləcə də, digər 70% cinayətlərin amilləri sırasındadır.[56]

Çox görülmüşdür ki, neçə saatlıq qumarda neçə illik zəhmətini uduzan bir kişi, xüsusilə möhtərəm, abırlı şəxs olduqda, özü ilə düşünür ki, artıq boş əllə işə başlaya və qazanc üçün fəaliyyətə başlaya bilməz, çünki şeytani əməllə öz sərvətini itirmiş, heysiyyəti təhlükəyə düşmüşdür. Belə şəraitdə nicat yolunu yalnız intiharda görən şəxs, sonda bu fikri reallaşdıraraq öz düşüncəsinə əsasən, özünü cürbəcür fikirlərdən və daxili sıxıntılardan qurtarır.[57]

Nəql edilmişdir ki, dünyanın tanınmış qumar mərkəzlərindən sayılan Montikarlo şəhərində, bir şəxs 19 saatlıq qumarbazlıqda, dörd milyon dollar pulunu əldən verir, qumarxananın qapıları bağlandıqda, yaxınlıqda olan meşəyə tərəf üz tutur və beyninə açdığı bir güllə atəşi ilə həyatına son qoyur.[58]

Həftəlik jurnallardan biri yazır: "Qumardan doğan intiharların sayı artmaqdadır, bu xəbərin doğruluğunu Qalub müəssisəsinin nəşr etdiyi statistikadan öyrənmək olar, çünki sözügedən müəssisənin statistikası göstərdi ki, 1961-ci ildə başqa illərdən daha artıq qumarbazlar intihar etmiş və 1960-cı ildə, təkcə Parisdə 12 qumarbaz özünü öldürmüşdür".[59]

Qumarbazlıq haqda maraqlı əhvalat

Tarixdə yazılıb: Məmun, qardaşı Məhəmmədəminin qətlindən sonra bir gün, Zübeydənin (Əminin anası) yanından keçərkən, Zübeydənin dodağının tərpəndiyini, özü ilə nəsə dediyini gördü. Məmun soruşdu: Ey ana mənə qarğış edirsən?

Dedi: And olsun Allaha ki, xeyr.

Məmun dedi: Bəs nə deyirdin?

Zübeydə dedi: Deyirdim ki, Allah inadkarlığa lənət etsin.

Məmun bu lənətin səbəbini soruşduqda, Zübeydə həqiqəti açıqlamaqdan boyun qaçırdı. Məmun israr etdikdə isə, Zübeydə dedi: Bir gün atan mənə əmr etdi ki, onun qarşısında lüt yeriyim, bu göstəriş isə, qumarda ona uduzduğumun şərtinə əsasən idi. O məni udduğundan istəyinə əməl etməli idim.

Mən çarəsiz saçlarımı daradım, onun qarşısından keçdikdə, saçlarımı qarşıma tökür və ona arxa çevirdikdə isə, saçlarımı başımın arxasına atırdım, şərtimə əməl etməyimə baxmayaraq, atan məni lüt görə bilmədi.

Ancaq buna baxmayaraq əsəbi və qəzəbli idim, elə həmin şərtlə yenidən oyunu davam etdirməyi istədim (mən udsaydım mənim istəyimə əməl olunmalı idi). Bu dəfə oyunu aparmağa çalışdım və sonda oyunu apardım, narahat olduğuma görə atana dedim: Bu dəqiqə aşpaz, kənizlərin ən çirkini, qaraüzlü və aybaşı halında olan ... Faizə ilə cinsi əlaqədə olmalısan. Atan çox yalvardı ki, onu üzrlü hesab etsin və mənə ləl-cəvahirat bağışlamaq vədəsi verdi. Lakin mən qəbul etmədim və inadkarlığım üzündən, ona dedim: Bütün var-dövlətini mənə bağışlasan da faydasızdır. Mən öz şərtimə israr etdim və nəhayət atan o kənizlə əlaqədə oldu. Bu əlaqəylə sənin nütfən bağlandı və nəhayət sən dünyaya gəldin və mənim oğlumu qətlə yetirdin.[60]

Pasur oyunu (kart oyunu)

Fəqihlər kartla oynamağı, hətta udub-uduzmaq olmasa da, düzgün hesab etmirlər. Bu fətvanın dəlillərindən biri də, pasurun qumar aləti sayılmasıdır. Əgər o, cəmiyyət arasında qumar alətlərindən sayılmazsa, caiz olacaqdır.

Cismi zərərləri

Əziz oxucular, deməyin ki, məgər şərtsiz kartla oynamaq nə kimi zərərə malik ola bilər? Çünki mən bu cümləyə inanan çoxlarını tanıyırdım ki, gecənin yarısına kimi kartla oynayır və səhər görəcəyi işdən qalırdılar, tədricən şərtlə oynamaq (hətta bir kq şirniyyat üçün) ortaya gəldi və daha sonra az-az şərab, siqaret, narkotik maddələrin büsatı açılaraq yaşayışları aradan getdi.

Bu oyunun cismi zərərləri misal olaraq, sadalanan ziyanlardan (narkotika, şərab, siqaretə... qurşanmaq) əlavə bu oyunun yaratdığı yüksək stressi göstərmək olar. Bu həyəcan bir çox ürək, beyin, həzm və qan təzyiqi xəstəliklərinə səbəb olur. Kitabın müxtəlif yerlərində alimlərin nəzərində həyəcanın törətdiyi əngəllərdən söz açdıq.

LƏVAT (Homoseksualizm)

Homoseksualizm, kəskin yasaq qoyulmuş böyük günahlardan biridir. Ləvat edən və edilən şüurlu və həddi-büluğa çatmış olarsa, şəri cəzası onu qılıncla ya daşqalaq etməklə yaxud diri-diri yandırmaqla və ya əl-ayağını bağlayaraq yüksəklikdən yerə atmaqla öldürməkdir. Qətlin növünü isə, şəriət hakimi seçməlidir.

Bu əməldə zinada qeyd etdiyimiz bir çox xəstəliklərdən əlavə, anus dəliyində yığışan mikroblar vasitəsilə ötürülən xeyli sayda xəstəliklər də vardır.

SPİD (QİÇS)[61] və homoseksualizm (ləvat)

QİÇS xəstəliyinin keçici yollarından biri də, homoseksualizm və zinadır.

Amerikanın C.N.N kanalının, ölkənin səhiyyə nazirliyinin son araşdırmalarına istinadən bildirdiyinə görə, Amerikada hər 13 dəqiqədə bir nəfər QİÇS virusuna yoluxur.

Bu araşdırmalara əsasən, hazırda hər 100 amerikan kişisi və 800 qadınından biri QİÇS virusunun daşıyıcısıdır.

Azərbaycan QİÇS-lə Mübarizə Mərkəzindən bildirilir ki, 1997-ci ildə ölkəmizdə 13 nəfər QİÇS virusuna yoluxmuşdusa, hal-hazırda 587 nəfər bu xəstəliyə mübtəla olub. Həmin xəstəliyə tutulanların 80 faizi kişi, 20 faizi qadındır. Qanköçürmə zamanı virusla yoluxmanın bu xəstəliyin ölkədə yayılmasının başlıca səbəbi olduğu da qeyd edilən mərkəzin açıqlamaları arasındadır.

Bunu tam elə də demək olmaz. QİÇS-in açılışı Qazanılmış İmmun Çatışmamazlığı Sindromudur. Bu o deməkdir ki, insan, məhz, bu virusun hesabına bu və ya digər xəstəliyə qarşı immunitetini (davamlılığını) itirir və orqanizm o xəstəliklərə qarşı mübarizə aparmağa qadir olmadığı üçün insan ölür. Demək ki, istənilən halda bu virus günahkardır.

İnsanlığı ucuruma sürükləyən AİDS bütün dünyanın diqqət mərkəzindədir. Bəşəriyyət hələ də AİDS qarşısında acizdir. Son 20 il ərzində bu fəlakət bütün qitələri əhatə etmişdir. Hazırda 42 mln insan HİV daşıyıcısıdır. Hər 11 saniyə 1 nəfər, hər dəqiqə 25 yaşınadək 6 nəfər HİV ilə yoluxur. Hesablamalara görə planetin hər 100 nəfər sakinindən biri artıq HİV-ə yoluxmuşdur və 3-5 ildən sonra 20-29 yaşlı insanlar arasında ölümün əsas səbəbi AİDS olacaq. Dəhşət də elə bundadır ki, yoluxanların əksəriyyəti gəncdir və ömrün bahar çağında insan həyatına son qoyulur. AİDS nəticəsində 14 mln uşaq ailə sevgisindən məhrum olaraq yetim qalmışdır. Axı bu körpələrin günahı nədir?! Çox əfsuslar olsun ki, bu epidemiya Azərbaycandan da yan keçməyib. Rəsmi məlumatlara əsasən respublikamızda 680 nəfər HİV daşıyıcısı qeydə alınıb, amma təbii ki, real göstəricilər bu rəqəmdən qat-qat yüksəkdir və bütün bunlar narahatçılıq üçün kifayət edir (mütərcim).

QİÇS xəstəliyi insan bədəninə daxil olduqdan sonra, ikidən səkkiz ilədək bir dövrədən sonra xəstənin qoruyucu sistemini işdən salaraq, onun bədənini infeksion xəstəliklər qarşısında müdafiəsiz edir və sonda, əsasən cinsi azadlıq yolu ilə yoluxmuş bu virusun qurbanları, xəstəliklərin ağırlığından həlak olurlar.[62].

Məlum araşdırmaya görə, Amerikada homoseksualizmin mərkəzi kimi şöhrət qazanmış Kaliforniya ştatının San Fransisko şəhəri, QİÇS virusunun daşıyanların ən yüksək faizini təşkil edir.[63]

Aybaşı dövründə yaxınlıq etmək

"Səndən heyz (aybaşı) barəsində sual edənlərə söylə: "Heyz əziyyətli bir haldır. Heyz zamanı qadınlardan kənar olun, (heyzdən) təmizlənməyənə qədər onlarla yaxınlıq etməyin!"[64]

Quranın bu ayəsinə əsasən, haram olan əməllərdən biri də, aybaşı zamanı qadınlarla yaxınlıq etməkdir. Bu əməl ruhi ziyanları ilə yanaşı, cismi zərərlərə də malikdir. Onlardan bəzilərinə işarə edirik.

Qadınlar arasında yayılan xəstəliklərdən biri də, uşaqlıq boynu xərçəngidir.[65] Bu xəstəlik Amerikada əhəmiyyəti baxımından, qadın xərçəngləri arasında ikinci yeri tutur. Əldə olan sənədlərə əsasən, bu rəqəm avropa ölkələrində də eynilədir.

Xərçəngin heç bir növü qarşısında toxunulmazlığa malik olmayan yəhudi qadınlarında, kürək xərçəngi adlanan bu xərçəng müşahidə edilməmişdir (çünki yəhudilər aybaşı zamanı qadını çirkin sayır və onlardan uzaqlıq edirlər, xristianlar isə, heyz zamanı hətta onlarla yaxınlıq da edirlər. Bu arada İslam dini, ortaq xətti tutur və yəhudilər kimi ümumiyyətlə qadını çirkin deyil, yalnız aybaşı zamanı onlarla yaxınlıq etməyi haram bilir).

Bu xərçənglərin yaranma səbəblərindən biri də, elə aybaşı dövrü qadınlarla cinsi əlaqədə olmaqdır. Başqa bir səbəbi isə kişilərin sünnət edilməməsidir (aidiyyatı bölmədə bu barədə qısa söz açılacaq).[66]

Kaliforniya universitetinin ustadı professor Donald Smit deyir: "Kəskin artirit yaxınlıqdan sonra yaranır və əsasən qadının aybaşı zamanı onunla yaxınlıq etmiş şəxslərdə görünür; çünki aybaşı zamanı vajenin flor mikrobu çox olur".

( Aybaşı zamanı vajen mikrobları başqa zamanlardan daha artıq olur).[67]

Cəmdək (leş)

İslam dinində günah sayılan əməllərdən biri də, leş yeməkdir. Bu əməl bəzən heyvanın şəri üsulla kəsilmədiyi və bəzən də ümumiyyətlə heyvanın kəsilmədiyi zamanı baş verir. İslami baxımdansa hər ikisi leş sayılır.

Bu əməlin gigiyenik zərəri, biri leşdə yığılmış qana görədir (qan yemək bölməsində bu barədə danışıldı), digəri isə, həzm sisteminin leşdən sağlam qan hazırlaya bilməməsinə görədir.

İmam Sadiq (ə) leş ətinin zərərləri haqda buyurur: "Leş yeyən şəxsin bədəni zəifləyər, əzginləşər, enerjisi azalar, nəsli kəsilər, bu işi davamlı olaraq həyata keçirən şəxs, infarkt və ani ölümlə dünyadan köçər".[68]

Alkoqollu içkilər[69]



Geri   İrəli
Go to TOP