A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Qeyb dövrü
Müəllif: Pur Seyyid Ağayi
Naşir: Mo’ce-elm
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Bə’zən Abbasi xilafətinin sütunları o qədər zəifləyirdi ki, xəlifə kimi vəzir seçəcəyini də tə’yin edə bilmirdi. Vəzirliyi bir neçə gün çəkmiş adamlar olmuşdur. Bu barədə Məs’udi yazır: «On səkkizinci abbasi xəlifəsi Müqtədir öz vəzirlərini on altı dəfə dəyişmişdi. On doqquzuncu abbasi xəlifəsi Qahir isə bir il ərzində dörd vəzir dəyişmişdi.

Bu tələsik yerdəyişmələr bir daha göstərir ki, Abbasilər hökuməti zəifləməkdə imiş. Xəlifələr dövlət idarəçiliyində bir o qədər də rol oynamır, dövlət vəzifələrinə tə’yinatlar zamanı qadınların tə’siri altına düşürdülər. Tarixçilərin bildirdiyinə görə Müqtədirin anası Seyyidə dövlətin bütün işlərinə müdaxilə edirdi. Hicri 304-cü ildə vəzir Əli ibn Əysanı da vəzifəsindən uzaqlaşdıran bu qadın olmuşdur. Süyutinin yazdığına görə, təqvalı, iffətli bir şəxs olan vəzir ədalətə riayət edir, İslam hökmlərinə diqqət göstərirdi.

İbn-Əsir yazır: «Müqtədirin anası Səyyidənin xadiməsi Ümmü-Musa vəzirin evinə gedib xidmətçilərin xərcləri haqqında söhbət etmək istədi. Vəzir yatdığından keşikçi dedi: «Bir qədər gözlə, vəzir yuxudan oyansın». Amma Ümmü-Musa qəzəbləndi və Müqtədirin anası Səyyidənin yanına qayıdıb şikayət etdi. Vəzir yuxudan oyandıqdan sonra Ümmu-Musanın gəldiyini eşidib, təşvişə düşdü, keşikçi ilə oğlunu üzr istəmək üçün Ümmü-Musanın yanına göndərdi. Amma xəlifənin anası bu üzrü qəbul etmədi və Müqtədirə şikayətləndi. Nəticədə, abbasi xəlifəsi öz vəzirini işdən kənarlaşdırıb, bir qədər sonra isə həbs etdi».

Əbül-Abbas Xətibin vəzirlikdən uzaqlaşdırılması da Səyyidənin göstərişi ilə baş verdi. Xəlifənin işlərinə onun anasının bu səviyyədə müdaxilə etməsi xəlifənin zəifliyinin aşkar sübutudur.

Amma xəlifələr nə qədər zəif olsalar da, müsəlman xalqa qarşı öz zülmlərini günbəgün artırırdılar. Onlar öz hakimiyyətlərini qorumaq üçün heç bir cinayətdən çəkinmirdilər. Haqqında danışdığımız dövrdə xalq rejimin ciddi sıxıntısı altında yaşayırdı. Xüsusi ilə Mö’təzidin dövründə Şeyx Tusinin tə’birincə, qılınclardan qan damırdı».

Deyilən vəziyyət kiçik qeyb dövründən əvvəl də mövcud idi. İndi isə kiçik qeyb dövründə baş vermiş hadisələr haqqında danışacağıq.

XİLAFƏT MƏRKƏZİNİN SAMİRRADAN BAĞDADA KÖÇÜRÜLMƏSİ

Kitabın üçüncü fəslində qeyd etdik ki, hicri 220-ci ildə abbasi Mö’təsim xilafət mərkəzini Bağdaddan Samirraya köçürdü. O belə bir tədbir görməklə düçar olduğu çətinlikləri və xilafətin zəifliyini aradan qaldırmaq istəyirdi. Amma paytaxtın köçürülməsi xilafətin uğradığı tənəzzülün qarşısını ala bilmədi. Əksinə, bu tədbir yeni problemlər yaratdı. Belə ki, hicri 279-cu ildə, Bağdadda abbasi Mö’təsim ilə bey’ət edildi və xilafət mərkəzi yenidən Bağdada köçürüldü. Xəlifə Müktəfi növbəti dəfə Samirranı paytaxt etmək istədiyi vaxt vəziri bu işin ağır xərclər tələb etdiyini bəhanə edərək uyğun işin qarşısını aldı. Bundan sonra Samirra diqqətdən kənarda qaldı və xarabaya çevrildi.

QƏRAMİTƏNİN ZÜHURU

Kiçik qeyb dövründə İslam dünyasında baş vermiş əsas fitnələrdən biri batiniyyə əqidəsinin ifratçı qolu olan Qəramitənin qiyamı oldu. Qəramitə hicri 277-ci ildə tüğyan qopardı və İslam dünyasında otuz ildən çox xalqa zülm etdi. Bu firqədən olanlar o qədər amansız idilər ki, heç bir qoşun onlarla üz-üzə gəlməyə cür’ət etmirdi. Qəramitənin hücum xəbəri bir məntəqəyə çatdıqda həmin məntəqə əhlini qorxu bürüyərdi.

Xüsusi bir məzhəb təşkil etmiş bu insanlar başqa müsəlmanların canını, malını və namusunu halal sayırdılar. Onlar öz hücumlarına Kufədən başladılar. İraqda, Suriyada, Bəhreyndə xalqa divan tutdular.

Qəramitə hicri 294-cü ildə Zəkrəviyyənin başçılığı ilə Xorasan həcc karvanına hücum edərək karvandakıları qətlə yetirdi. Hicri 311-ci ildə bu firqə Əbu-Tahirin başçılığı altında Bəsrə xalqına hücum etdi və on yeddi gün ərzində xalqı qılıncdan keçirdi, onların var-yoxunu qarət etdi, namusunu ayaq altında qoydu.

Hicri 312-ci ildə Əbu-Tahirin qoşunu həcc karvanını qarət edərək karvan əhlini susuz səhralarda əliboş qoydu. Səhrada qalmış insanlar aclıq və susuzluqdan həlak oldular. Növbəti il Qəramitə həcc karvanının qarşısını kəsib bac aldı və bu bacın müqabilində onlara Məkkəyə getmək icazəsi verildi. Hicri 317-ci ildə isə bu qoşun vəhşicəsinə Məscidul-hərama hücum etdi, hacılar qətlə yetirildi, onların cənazələri zəm-zəm quyusuna atıldı. Əbu-Tahir Kə’bənin örtüyünü çəkib qopardı və tikə-tikə edib döyüşçülərinə payladı. O, Həcərul-əsvədi (Kə’bədəki qara daşı) yerindən qoparıb Həcərə (Bəhreynə) apardı. Bu firqə Həcərul-əsvədi otuz il Bəhreyndə saxladı.

Hicri 315-ci ildə bu şəxs Kufəyə hücum edib, şəhər əhlini qarət etdi, çoxlarını qılıncdan keçirdi. Bu fitnəkarlıq hicri 318-ci ildə Süleymanın qətlə yetirilməsi ilə aradan qalxdı.

ƏLƏVİ QİYAMLARININ AZALMASI VƏ ŞİƏLƏRƏ QARŞI SIXINTILARIN GÜCLƏNMƏSİ

Həm Qəramitə, həm də Sahibe-zənc firqələrinin cinayətləri bilərəkdən şiələrin ayağına yazılırdı. Abbasi xəlifələri bu bəhanələrlə şiələri sıxıntıya salırdılar. Uyğun iki qiyam nəticəsində şiələrə qarşı təzyiqlər gücləndi və şiələr silahlı qiyam etmək imkanından məhrum edildilər. Məsələn, həzrət Höccətin (ə) üçüncü səfiri Hüseyn ibn Ruh Qəramitə firqəsi Bəsrə əhalisinə hücum etdikdən və Bağdad hacıları qarət edildikdən sonra hicri 311-ci ildə həbs edildi. Abbasilər bəhanə edirdilər ki, Qəramitə firqəsi şiədir və şiələr bu qiyama görə müqəssirdirlər. Xilafətin zəhərli təbliğatları nəticəsində Bağdad əhalisi şiələrə qarşı çıxdı. Hətta İbn-Fərat və oğlu yalnız şiə olduqları üçün Qəramitə ilə həmkarlıqda təqsirləndirildi və vəzirlikdən uzaqlaşdırılaraq qətlə yetirildi.

Bununla belə, ələvilərin qiyamları davam edirdi. Həmin dövrdə bir neçə dəfə ələvilər ayağa qalxdılar və onlardan bə’ziləri hansısa müvəffəqiyyətlər qazana bildilər.

Həmin dövrdə baş vermiş ələvi qiyamlarını nəzərdən keçirək:

Həsən ibn Yəhyanın qiyamı: Bu şəxs hicri 278-ci ildə Yəməndə Abbasilərə qarşı qiyam qaldırdı;

İbn Ər-Rizanın qiyamı: Möhsün ibn Cə’fər Dəməşq vilayətində hicri 300-ci ildə qiyam qaldırdı. Məs’udi bu barədə yazır: «Hicri 300-ci ildə İbn Ər-Riza ilə Əbül-Əbbas Əhməd arasında savaş oldu. Onu qətlə yetirdilər və oğlunu Bağdada apardılar. O, qərb səmtində yeni körpünün başında dara çəkildi;

Həsən ibn Əli hicri 301-ci ildə Təbəristan və Deyləm məntəqələrində qiyam qaldırdı. O, Təbəristan və Deyləm məntəqələrini nəzarətə aldıqdan sonra Reyə üz tutdu. Yerli hakim qaçmağa məcbur oldu. Nəhayət, Həsən ibn Əli döyüşlərdən birində abbasi xəlifələri tərəfindən öldürüldü;

Həsən ibn Qasimin qiyamı; Bu şəxs hicri 317-ci ildə böyük bir qoşunla Gil və Deyləmdən Reyə üz tutdu. Reyin böyük bir məntəqəsini-Qəzvini, Zəncanı, Qumu, Əbhəri və digər şəhərləri özünə tabe etdi;

Əhməd ibn Məhəmməd Talibinin qiyamı: Bu şəxs Misirdə Əhməd ibn Tulunun qoşunu ilə döyüşdü və öldürüldü.

AFRİKANIN ŞİMALINDA BİR ŞƏXSİN MEHDİLİK İDDİASI

Hicri 296-cı ildə Übeydullah Məhdi adlı bir şəxs Afrikanın şimalında əsrin imamı olduğunu iddia etdi. Əbu-Əbdüllah Hüseyn ibn Əhməd ibn Məhəmməd ibn Zəkəriyya adlı bir şiənin vasitəsi ilə bu şəxs güc topladı və böyük bir məntəqəyə hakim oldu. Həmin məntəqədəki Ale-əğləb dövlətini məğlub etdi və həmin dövlətin son hakimi Ziyadətüllah ibn Məhəmmədi məntəqədən çıxardı. Bu şəxs Afrikanın şimal hissəsini, Əl-Cəzair, Tunis və bir sıra digər məntəqələri hakimiyyəti altına aldı.

Übeydullah Mehdi Afrikanın şimalında Məğrib adlı məntəqədə «Mədinətul-Məhdi» adı ilə özünə paytaxt seçdi. O, hicri 303-cü ildə bu şəhərdə zil-qə’dənin beşində öz hakimiyyətinə başladı. 322-ci ildə Übeydullah dünyasını dəyişdi, oğlu Məhəmməd «Qaim» ləqəbi ilə onun canişini oldu.

MÜSTƏQİL DÖVLƏTLƏRİN YARANMASI

Abbasilər xilafəti günbəgün zəiflədiyindən müxtəlif məntəqələrin vali və hakimləri fürsətdən istifadə edərək öz müstəqilliklərini e’lan edirdilər. Müxtəlif qiyamlar nəticəsində abbasi hakimləri tutduğu mövqedən uzaqlaşdırılır və ya qətlə yetirilirdilər. Qiyamlar nəticəsində xilafəti tanımayan müstəqil dövlətlər yaranırdı.

Kiçik qeyb dövründən əvvəl baş qaldırmış müstəqillik hərəkatları bu dövrdə daha da gücləndi. Hələ kiçik qeyb dövründən əvvəl təşkil olunmuş dövlətləri nəzərdən keçirək:

Hicri 224-cü ildə Misir və Şamda Əhməd ibn Tulun vasitəsi ilə Tuluniyyə dövləti yaradıldı. Bu dövlət hicri 270-ci ilədək yaşadı.

Hicri 184-cü ildə İbrahim ibn Əğləb ibn Salimin vasitəsi ilə Ali-Əğləb inqilabı baş verdi və müstəqil bir dövlət yaradıldı. Bu dövlət 296-cı ilədək hakimiyyətdə qaldı.

Hicri 221-ci ildə Mərakeşdə İdris Həsəni tərəfindən inqilab baş verdi və 312-ci ilədək yaşamış bir müstəqil dövlət təşkil edildi.

Hicri 138-ci ildə Qurtubə məntəqəsində dövlət təşkil edildi və bu dövlət hicri 422-ci ilədək hakimiyyətdə qaldı. Bu dövlət Əməvilər adlanırdı.

Əvvəlki dövrlərdə təşkil olunmuş müstəqil dövlətlərdən əlavə, bu dövrdə də muxtar dövlətlər yaranırdı və bu dövlətlər abbasi xilafətini tənəzzülə uğradırdı.

Əvvəlki müstəqil hökumətlərə sonradan qoşulmuş dövlətləri nəzərdən keçirək:

Yə’qub ibn Ləys Səffari tərəfindən Xorasanda Səffariyan adlı müsətqil dövlət təşkil edildi. Yə’qub hicri 254-cü ildə Bağdad hakimləri tərəfindən Xorasana vali tə’yin edilmişdi. İlk əvvəl öz məqsədlərini gizləyən bu şəxs bir müddət Abbasilərlə dostluq əlaqələrini saxladıqdan sonra ölüm astanasında öz iç münasibətini açıqladı. Ondan sonra qardaşı Əmr ibn Ləys Səffariyan hökumətinə rəhbərlik etdi. Bu istiqlal hərəkatı hicri 290-cı ilədək davam etdi.

Mavəraunnəhr, Xorasan və mərkəzi İranın bir hissəsində Saman Xudat və oğlanları tərəfindən Samanilər dövləti təşkil olundu. Bu dövlətin hakimiyyəti hicri 261-ci ildən hicri 389-cu ilədək davam etdi.

Hicri 296-cı ildə Misir və Məğrib məntəqəsində Übeydullah Mehdi Fatimi dövlətini yaratdı. Bu hakimiyyət hicri 567-ci ilədək davam etdi.

Hicri 319-cu ildə Nasiruddövlə Həmdaninin vasitəsi ilə Mosul və Hələbdə Həmdanilər dövləti yaradıldı. Bu dövlət hicri 394-cü ilədək yaşadı.

Buyə övladları Əli, Həsən və Əhməd vasitəsi ilə hicri 320-ci ildə Təbəristan, Rey, Həmədan, İshfahan və İranın cənub əyalətlərində Ale-Buyə dövləti yaradıldı. Bu dövlət hicri 338-ci ilədək davam etdi.

Hicri 323-cü ildə Misir və Şam məntəqələrində Məhəmməd ibn Təcul-İxşid tərəfindən İxşidiyyə dövləti yaradıldı və bu dövlət hicri 334-cü ilədək davam etdi.

EYNİ DÖVRDƏ ÜÇ XƏLİFƏ

Maraqlıdır ki, kiçik qeyb dövründə İslam dünyasında eyni bir vaxtda Xilafət adı altında üç dövlət mövcud idi. Eyni bir zamanda üç şəxs xəlifəlik iddiası edir və İslam dünyasına rəhbərlik uğrunda mübarizə aparırdılar. Abbasilər Bağdadda, Əməvilər Əndəlosda və Qurtubihdə, Fatimilər Misirdə xilafət qurmuşdular.

Hicri 296-cı ildə Misirdə xalq Übeydullah Mehdi ilə Xəlifə kimi bey’ət etdilər. Əndəlosda isə bəni-Üməyyə hakimləri xilafət təşkil etmiş və öz rəhbərlərini sultan adlandırmışdılar. Hicri 317-ci ildə əldən çıxmış xilafəti geri qaytarmaq istəyən Əməvilər Əbdür-Rəhmanı əmirəl-mö’minin adlandırdılar.

Beləcə, hicri 317-ci ildə İslam tarixində ilk dəfə olaraq üç şəxs eyni vaxtda xəlifəlik iddiası edirdi.

İCTİMAİ VƏZİYYƏT

Yetmiş illik bu dövrdə ictimai vəziyyət ötən dövrdəki ictimai vəziyyətdən fərqlənirdi. Əvvəlki dövrdə göstərilmiş fəaliyyətlər sonrakı dövrdə də eynən təkrarlanırdı. Əgər kiçik qeyb dövründən əvvəl xalq ağır iqtisadi üzüntülər içində yaşayırdısa, sonrakı dövrdə də eyni vəziyyət davam edirdi. İndi isə həmin dövrün ağır ictimai vəziyyətindən danışan bə’zi hadisələri xatırlayacağıq.

MƏZHƏBLƏR VƏ FİRQƏLƏR ARASINDA İXTİLAFLAR

Kiçik qeyb dövründə İslam cəmiyyətində əvvəlki dövrdə olduğu kimi firqələr və məzhəblər arasında çəkişmələr mövcud idi. Bu ixtilaflar təkcə şiə və sünni arasındakı ixtilaflarla məhdudlaşmırdı. Sünnilərin öz arasında da ciddi təfriqələr vardı.

Hicri 310-cu ildə tanınmış sünni təfsirçisi və yazıçısı Məhəmməd ibn Cərir Təbəri dünyasını dəyişdi. Onu Bağdadda dəfn etmək istəsələr də, Təbəri ilə qarşıdurmada olan Hənbəlilər buna icazə vermədilər. Hicri 318-ci ildə Hənbəlilər Bağdadda çaxnaşma saldılar və bu çaxnaşmanın məzhəbi əsasları vardı. Çaxnaşmanın əsas səbəbi hənbəlilərin bir cür başa düşdüyü Qur’an ayəsinin digər sünni əhli tərəfindən başqa cür qəbul edilməsi idi. Belə bir təfsir ixtilafına görə çaxnaşma düşdü və xeyli insan qırıldı.

QOHUMLUQ VƏ QƏBİLƏ İXTİLAFLARI

Bu dövrdə Abbasilər hökumətinin fəaliyyətində Abbasilər və türklərdən savay əhəmiyyətli rol oynayan yox idi. Hakimlər qalan qövmlərə yuxarıdan aşağı baxdıqlarından Abbasilər hökumətinin ikinci dövründə ələvi qiyamları zirvə nöqtəsinə çatdı. Kiçik qeyb dövründən əvvəl alovlanan ələvi qiyamları müəyyən səbəblərdən güclənə bilmirdi. Amma ümumi şəkildə istiqlal tələbi güclənmişdi. Yuxarıda qeyd olunduğu kimi, uyğun dövrdə İslam torpaqlarında ona yaxın müstəqil dövlət fəaliyyət göstərirdi. Bu müxalifətlərin müxtəlif səbəbləri vardı. Əsas səbəblərdən biri isə qəbilələr arası ixtilaf idi.

TƏBƏQƏ İXTİLAFLARI

İslam fəthlərinin mahiyyəti dəyişdiyindən artıq bu döyüşlərdə məqsəd xalqları zülmdən qurtarmaq yox, şəxsi mənafelərin qorunması idi. Abbasi xilafətinin qoşunları İslami məqsədlərlə vuruşmurdu. Xalqlar zülmdən azad edilmək əvəzində əsarətə alınır, onların insanlıq hüquqlarına riayət edilmirdi. Xilafətin belə bir mövqeyi nəticəsində bir çox islami dəyərlər yaddan çıxarılmışdı. Doktor Həsən İbrahim öz yazılarında bildirir ki, həmin əsrdə ixtilafların əsas səbəbi təbəqələr arasındakı çəkişmələr idi. Qullar, qulamlar və kənizlərdən ibarət olan əzilənlər təbəqəsi uyğun çaxnaşmaların mərkəzində dayanırdı. İslami dəyərlər ayaq altına atıldığından nəğməkar və rəqqasə kənizlər böyük qiymətlərə satılırdı. Hicri 325-ci ildə İbn-Raiq xoş səsli bir kənizi dörd min dinara almışdı.

ƏYYAŞLIQ

Xəlifələr, vəzirlər, əmirlər və varlılar arasındakı eyş-işrət ağlasığmaz bir həddə çatmışdı. Belə bir təzahür əvvəlki dövrün də əsas xüsusiyyətlərindən idi. Süyutinin bildirdiyinə görə, yalnız abbasi xəlifəsi Qahir eyş-işrət məclislərini qadağan etmişdi. Onun göstərişi ilə xanəndə kənizlər həbs olunur, musiqi alətləri sındırılırdı. Yalnız Qahirin iki illik hakimiyyəti dövründə harınlıqların qarşısı alındı.

Eyş-işrət məclisləri təkcə Bağdad və Samirrada yayılmamışdı. Xilafətin hakimiyyəti altında olan bütün ərazilərdə eyni vəziyyət hakim idi. Misirdə Tuluniyyə əmirləri kef məclislərinə qərq olmuşdular. Tuluni hakimi Xumar-vəyh qızıldan otaq tikdirmişdi və bu otaqda yalnız kefə məşğul olardı.

İSRAFÇILIQ VƏ BƏDXƏRCLİK

Abbasi hakimlərinin israfçılığı və bədxərcliyi elə bir həddə olmuşdur ki, bunu təsəvvür etmək çətindir. Məs’udi yazır: «Mö’təzid dörd yüz min dinar xərc çəkərək özünə bir qəsr tikdirmiş və onun adını «Sürəyya» qoymuşdur. Mənbələrdə qeyd olunur ki, bu qəsrin uzunluğu dörd fərsəxə çatırmış. Bu rəqəm inandırıcı görünməsə də, abbasi hakimlərinin xərcləri təəccüb doğurası bir həddə olmuşdur. Təkcə onu qeyd etmək kifayətdir ki, Mö’təzid Bağdadda çay kənarında əyləşib o qədər yemişdi ki, ürək ağrısı tutmuş və dünyasını dəyişmişdi. Misir hakimi Əhməd ibn Tulun da hicri 270-ci ildə çox yeməkdən ürək ağrısına tutulub dünyaya vida demişdi.

Əhməd ibn Tulundan sonra Misir və Şamda taxta çıxmış Əbul-Ceyş Xumarvəyh yalnız eyş-işrət üçün qəsr tikdirmişdi. O, qızı üçün elə bir toy məclisi keçirmişdi ki, hətta ətrafındakılar da ona nifrət etmişdilər. Məs’udinin yazdığına görə, bu toydan sonra ona nifrət edənlər hakimi öldürmüş, bə’zi qulamları isə onun ətini şişə çəkmişdilər.

Tulunun Mö’təzidin arvadı olmuş qızı haqqında deyirlər: «Tulun Misir beytül-malını qızının toyuna xərclədi, ona misli görünməmiş cehiz verdi. İbn Xəlkan yazır: «Bu qızın mehriyyəsi bir milyon dirhəm idi. Hansı ki, bu məbləğ qıza verilmiş cehizin müqabilində cüz’i bir şey idi». Tulunun qızına cehiz almaqla məşğul olan İbn Cəsas bazarlıq etdikdən sonra yerdə dörd yüz min dinar qalmışdı. Tulun bu məbləği ona bağışlamışdı.

Bu toy münasibəti ilə Bağdadda və Misirdə böyük xərclər hesabına xeyli bayram tədbirləri keçirilmişdi. Çox qiymətli libaslar geymiş abbasi qadınları bu eyş-işrət məclislərində iştirak edirdilər. Sanki dünyanın bütün qızıl gümüşü bu məclislərə toplanmışdı. Bu insanların azğın nəfs istəklərini doyurmaqdan başqa hədəfləri yoxdu. Xumarvəyh ayda öz aşpazxanasına iyirmi üç min dinar pul xərcləyirdi.

Yuxarıda deyilənlər abbasi xəlifələrinin, vəzirlərin, hakimlərin, valilərin və varlıların həmin dövrdəki isrfaçılıqlarının mindən bir nümunəsi idi. Ötən söhbətlərdə qeyd edildiyi kimi, Abbasilərin belə bir həyat tərzi nəticəsində Sahibe-zəncin çaxnaşmaları kimi çaxnaşmalar cəmiyyəti bürüyürdü.

İdeoloji vəziyyət;

Əş’əri məktəbinin yaranması

Uyğun dövrün əqidə durumu ilə bağlı iki məsələni qeyd etmək lazım gəlir. Bu məsələlərdən biri Əş’əri məktəbinin yaranmasıdır. Hicri ikinci əsrin birinci yarısında yaranmış bu məktəblərdən birinin baxışına görə ağıl dəyərsiz bir şeydir, İslami maarifin və məsələlərin dərk olunmasında ayə və rəvayətlərin zahiri bilgisi kifayət edir. Onlar əqlə zidd olan bir hökmü də ayə və hədislərin zahirinə əsaslanaraq qəbul edirdilər. Məsələn, Qur’anın «Allahın əli onların əli üstündədir» ayəsinə əsaslanaraq deyirdilər ki, Allahın da əli var. Hansı ki, ayədə Allahın qüdrətinə işarə olunur. Mə’lum məsələdir ki, Allah cisim deyil və onun əli və ya başqa üzvləri ola bilməz. Bu qrupun adı əhli-hədis idi.

Bu baxışa qarşı çıxan ikinci qrup əqlə ifrat şəkildə əsaslanır və bütün həqiqətlərin əldə olunmasında ağılı əsas götürürdülər. Bu firqə xəlifə Mə’munun dövründə çox gücləndi və əhli-hədisə qalib gəldi. İkinci qrup Mö’təzilə və e’tizal adlanırdı.

Kiçik qeyb dövründən əvvəlki dövrdə əhli-hədis və e’tizal məzhəbləri arasında böyük qarşıdurmalar baş vermişdi. Bə’zən abbasi hakimlərinin himayəsi sayəsində e’tizal məzhəbi qalib gəlirdi, bə’zən isə xəlifənin rə’yinə əsasən o biri məzhəb güclənirdi. Bu qarşıdurmalar hicri IV əsrin əvvəllərində Əbül-Həsən Əş’əri meydana çıxanadək davam etdi. Qırx yaşınadək e’tizal məktəbinin davamçısı olmuş bu şəxs həmin məzhəbə arxa çevirdi və əhli-hədis əqidəsinin əsasları üzərində yeni bir məktəb yaratdı. Bu məktəb onun banisinin adı şərəfinə əş’əri adlandırılırdı. Bu məktəb Müqtədirin himayəsi sayəsinə formalaşmışdı. Onun iyirmi beş illik hakimiyyəti dövründə əş’əri məktəbi e’tizal məktəbi ilə qarşıdurmada oldu. Həmin dövrdən başlayaraq e’tizal məktəbi tənəzzülə uğradı və əş’ərilik hakim məzhəbə çevrildi.

RƏVAYƏT KİTABLARININ TƏRTİBİ

Hicri I əsrdə ikinci xəlifə Ömərin göstərişi ilə İslam tarixi və İslami hədislər barədə kitabların tərtibi qadağan olunmuşdu. 1-ci əsrdə bu siyasət ardıcıl olaraq davam etdi. 2-ci əsrin əvvəllində əməvi xəlifəsi Ömər ibn Əbdül-Əziz bu qanunu ləğv etdi və Mədinə hakimi Əbu-Bəkrə məktub yazıb göstəriş verdi ki, alimlər islami hədisləri toplasınlar. Hicri 2-ci əsrin əvvəllərində bu iş davam etdirilirdi. Abbasilər dövründə, xüsusi ilə xəlifə Mə’munun zamanında bu istiqamətdə xeyli kitab yazıldı.

Kiçik qeyb dövründə də bu iş davam etdirilirdi. Sünnə əhlinin altı mühüm kitabından dördü məhz bu dövrdə yazılmışdı. Həmin dörd kitab Məhəmməd ibn Yəzid ibn Macə Qəzvininin «Sünəne-ibn Macə», Əbu Davud Süleyman ibn Əş’əs Səcəstaninin «Sünəne-Əbu Davud», Termizinin «Əlcameul-Səhih» və Əhməd ibn Şüeyb Nəsainin «Sünəne-Nəsayi» kitablarından ibarətdir.

Bu kitablardan əlavə yüzlərlə başqa kitablar da tərtib olunmuşdur. Bu kitablara misal olaraq «Futuhul-buldan», «Əxbarul-Təval», «Tarixe-Yə’qubi», «Tarixe-Təbəri», «Əl-futuh», «Kafi» və sair kitabları göstərmək olar.

QEYB TARİXİ VƏ ONUN XÜSUSİYYƏTLƏRİ

Əvvəlcə imam Mehdinin (ə) qeyb dövrünün necə başlaması ilə tanış olaq. İslam alimləri arasında bu başlanğıc haqqında bir neçə baxış mövcuddur:

Bə’ziləri kiçik qeyb dövrünün sərdabədən başlandığını bildirirlər. Onların fikrincə, Mö’təmədin mə’murları həzrətin Samirradakı evinə basqın etdiyi vaxtdan həzrətin kiçik qeyb dövrü başlamışdır. Biz qarşıdakı söhbətlərimizdə sərdabə əhvalatı haqqında danışacağıq. Biz bu baxışı düzgün hesab etmirik. İmam Mehdi (ə) Abbasilərin hücumu zamanı qeybə çəkilməmişdir. Bu qeyb həmin basqın hadisəsindən qabaq baş vermişdir.

Bə’zi alimlər, eləcə də, şeyx Müfid kiçik qeyb dövrünün həzrətin dünyaya gəlişi zamanından başladığını bildirirlər. Amma əksər imamiyyə alimləri bu baxışı qəbul etmirlər.

Üçüncü baxışa əsasən, kiçik qeyb dövrü imam Həsən Əsgərinin (ə) şəhadətindən və birinci səfir Osman ibn Səid Əmri tə’yin olunduqdan sonra başlamışdır. Bu hadisələr hicri 260-cı il rəbiül-əvvəl ayının səkkizinə təsadüf edir. Kiçik qeyb dövrü son səfir Əli ibn Məhəmməd Səməri hicri 329-cu il, şə’banın on beşində dünyasının dəyişdiyi vaxt başa çatmışdır. Beləcə, kiçik qeyb dövrü 69- il davam etmişdir.

Bu baxışı əksər imamiyyə alimləri qəbul edirlər. Kiçik qeyb dövrü həzrətin imamət dövrüdür və bu dövrdə həzrətin dörd səfiri fəaliyyət göstərmişdir.

Həzrətin öz atasının həyatı dövründə məxfi yaşadığı müddət həzrətin imamət dövrüdür. Başqa sözlə, kiçik qeyb dövrünün iki xüsusiyyəti vardır. Onlardan biri həzrət Mehdinin (ə) imamlığı, digəri isə dörd naibin səfirliyidir. Bu iki xüsusiyyətə əsasən, imam yalnız kiçik qeyb dövründə qeybə çəkilmişdir. Hansı ki, imamın xəlvətə çəkildiyi dövrdə bu iki xüsusiyyət olmamışdır.

İMAM HƏSƏN ƏSGƏRİNİN (Ə) ŞƏHADƏTİ

Abbasi xəlifəsi Mö’təməd imam Həsən Əsgərinin (ə) nüfuz və məqamından çox narahat idi. Xəlifə məhdudiyyət tədbirlərinin səmərə vermədiyini, əksinə, bu tədbirlər nəticəsində imamın daha çox sevildiyini gördükdə onu qətlə yetirmək qərarına gəldi. Mö’təməd imam Həsən Əsgəriyə (ə) gizli bir şəraitdə zəhər verərək, şiələri imamın hidayət nurundan məhrum etdi.

Bu sayaq şəhadətlər əvvəllər də baş vermişdi. Əməvi və abbasi xəlifələri daim bu siyasətdən yararlanmışlar. İmamlar isə bu planları açıqlamağa çalışaraq, xəlifələrin iç üzünü xalqa göstərmək istəmişlər.

İmam Həsən Əsgəri (ə) öz qeyri-adi biliyi ilə əvvəlcədən hiss etmişdi ki, qarşıda onu ölüm gözləyir. O öz şəhadəti haqqında anasına xəbər verərək demişdi: «Hicri 260-cı ildə bir hadisə baş verəcək; bu, həqiqətən də, imamın abbasi hökuməti tərəfindən şəhadətə yetirilməsi olacaq». Bu xəbər imamın anasını qəm dəryasına qərq etmişdi. İmam ağlayan anasına təsəlli verərək demişdi: «Ana! Allahın hökmü qətidir, dözümsüzlük göstərmə». İmamın xəbər verdiyi kimi, hicri 260-cı ildə bu şəhadət həqiqətə çevrildi.

İmamın şəhadətindən bir neçə gün əvvəl onu dövrün zalım hakimi Mö’təmədin yanına gətirdilər. Bütün xalqın imama tə’zim etdiyini bilən Mö’təməd çox narahat idi. Xalq, doğrudan da, onu bütün ələvi və Abbasilərdən üstün tuturdu. Ona görə də Mö’təməd həzrəti qətlə yetirmək qərarına gələrək, ona öldürücü zəhər içirdi.

İmam ona verilən zəhəri içən kimi bütün bədəni od tutub yanmağa başladı. İmam yatağa düşdü və bu, ölüm yatağı idi. Mö’təmədin göstərişi ilə onun beş mə’muru imamın evinə nəzarət edirdi. Bu evdə baş verən bütün hadisələr izlənilirdi. Eləcə də həkimlərə göstəriş verilmişdi ki, imamın vəziyyətindən gecə-gündüz xəbərdar olsunlar. Hadisədən iki gün keçmiş Mö’təmədə imamın vəziyyətinin ağır olduğunu bildirdilər. Xəlifənin göstərişi ilə həkimlər imamın evini tərk etmirdilər. Mö’təməd qazilər qazisini on nəfərlə birlikdə imamın evinə göndərdi və onlara göstəriş verdi ki, gecə-gündüz orada qalsınlar. Bu insanlar imamın təbii şəkildə dünyasını dəyişdiyinə şahid durmalı idilər. Buna baxmayaraq, daha on beş mə’mur həzrətin evində keşik çəkirdi.

İmam Həsən Əsgəri (ə) rehlət gecəsi bir otaqda, hökumət mə’murlarından gizli şəkildə məktublar yazıb şiələr yaşayan müxtəlif məntəqələrə göndərdi. İmamın vəziyyəti getdikcə ağırlaşırdı və hər an onu ölümə yaxınlaşdırırdı. Həzrət ömrünün son anlarında Allahın zikrinə məşğul idi. O, Allaha həmd oxuyur, Qur’an ayələri tilavət edirdi. Nəhayət, imam üzünü qibləyə tutdu və mübarək ruhu Allah dərgahına pərvaz etdi. Bu canyandırıcı hadisə hicri 260-cı il, rəbiul-əvvəl ayının səkkizi, cümə günü sübh namazından sonra baş verdi.

İmamın dünyasını dəyişməsi müsəlmanlar üçün böyük bir itki idi. Onlar öz rəhbərlərini, sevimli xeyirxahlarını əldən vermişdilər. Daim zəiflərin, yetimlərin, yoxsulların həmdərdi olan bir şəxs dünyasını dəyişmişdi. İmamın evindən nalələr ucaldı. Əli (ə) ailəsinin fəryadları bütün Samirrada eşidilməkdə idi. İmamın dünyasını dəyişməsi xəbəri ildırım sür’əti ilə şəhərə yayıldı və müsəlmanlar öz imamlarının mənzilinə üz tutdular. İmamın evi ətrafında ah-nalə səsləri dövrə vururdu. Bütün dövlət idarələri işini saxlamışdı. İmama hörmət əlaməti olaraq bazarlar bağlanmışdı. Bütün şəhər əzadarlıq içində idi. Samirra şəhəri sanki qiyamət səhnəsinə dönmüşdü.



Geri   İrəli
Go to TOP