A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Qeyb dövrü
Müəllif: Pur Seyyid Ağayi
Naşir: Mo’ce-elm
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Xəlifələr onların və onların hakimiyyətlərinin haqq olduğunu, xəlifələrin peyğəmbərlərə imamlardan da yaxın olduğunu nəzmə çəkən, öz şe’rlərində ələvilərə qarşı nifrət oyadan şairlərə də böyük mükafat verirdilər. Mütəvəkkil onun xəstəlikdən şəfa tapması haqqında qəsidə yazmış İbrahim ibn Müdəbbirə əlli min dirhəm hədiyyə verdi. Bundan əlavə vəzirə göstəriş verildi ki, İbrahim qazanclı bir işə tə’yin olunsun. Əbül-Şəbəl Əlbürcəmi xəlifəni mədh edən şe’rinə görə otuz min dirhəm pay aldı. Xəlifəyə şərab badəsi verən qulu mədh etmiş şe’rinə görə Hüseyn ibn Zəhhak Xəli öz şe’rinin hər beytinə görə min dinar hədiyyə aldı. Əbül-Şəmt öz qəsidəsinə görə iki yüz min dinar mükafat əldə etdi. O, Mütəvəkkildən dəfələrlə belə mükafatlar almışdı.

İbn-Əsir Əbül Şəmtin dilindən belə nəql edir: «Mən Mütəvəkkilə rafiziləri (ələviləri) təhqir edən şe’rlər oxudum. O məni Bəhreyn və Yəmamə əmiri tə’yin etdi və başqa dörd xələt verdi. Müntəsirdən də xələt aldım. Sonra Mütəvəkkil məni üç min dinarla mükafatlandırdı. Daha sonra əvvəlki şe’rimə oxşar bir şe’rimə görə Mütəvəkkildən on min dirhəm hədiyyə aldım».

Mütəvəkkil onun işrət məclislərini qızışdıran təlxəkləri də səxavətlə mükafatlandırardı.

Bir gün Mütəvəkkil soyuq bir qış günü göstəriş verdi ki, saray xonsası[4] İbadəni suya atsınlar. İbadə ölümlə çarpışdığı vaxt xəlifə onu sudan çıxartmağı əmr etdi. Sonra ondan soruşdu: «Halın necədir?» İbadə dedi: «O dünyanı görüb gəldim». Mütəvəkkil güldü və dedi: «Qardaşım Vasiqin halı necə idi?» İbadə dedi: «Yolum cəhənnəmdən düşmədi». Mütəvəkkil güldü və İbadəyə xələt verdi.

Mütəvəkkilin digər əyləncələrindən biri bu idi ki, çirkin və cahil bir şəxs olan şair Əbül-Übəri mancanağa qoyub göyə atsın. Şair havaya qalxanda xəlifə deyərdi: «Yolu açın, yolu açın!» Şair havada uçub suya düşərdi, sonra onu balıq kimi torla tutardılar. Bu əyləncənin müqabilində Mütəvəkkil ona hədiyyə verərdi. Məs’udi yazır: «İstənilən bir sahədə ixtirası, baməzəliyi olan adam Mütəvəkkildən hədiyyə alırdı».

 

 

SÜFRƏLƏR

Abbasi xəlifələrinin, onların vəzirlərinin və əmirlərinin xüsusiyyətlərindən biri də yemək-içməkdə israfa yol vermələri idi. Onlar əlvan süfrələr açar, bu süfrələri qızıl-gümüş qablarla bəzəyərdilər.

Xəlifə Mə’munun gündəlik xərci altı min dinar idi. Bu məbləğin böyük hissəsi xörəklərin hazırlanmasına sərf edilirdi. Xəlifə Harun Ərrəşid hər gün otuz növ xörək bişirtdirərdi. Onun süfrəsi on min dirhəmə başa gələrdi. Onlar bu süfrələr haqqında şe’rlər yazdırardılar.

Doktor İbrahim Həsən «Tarixul-İslam» kitabında və Doktor Şövqi «Əl əsrul-əbbasiyyune-sani» kitabında xəlifələrin qarınqululuğu haqqında ətraflı mə’lumat vermişlər. Abbasilərin aşpazxana israfçılığı haqqında Doktor Zəhravi də öz kitabında ətraflı şəkildə bəhs etmişdir.

Abbasi xəlifələri çeşidli təamlara ağılasığmaz məbləğlər xərcləməkdən əlavə, öz arvadlarına, övladlarına, kənizlərinə böyük məbləğdə pullar xərcləyərdilər. Onlar xilafətə çatmaq üçün bey’ət almaq məqsədi ilə xeyli rüşvət paylayardılar. Əlbəttə ki, bütün bu xərclər məşəqqətlər içində üzülən xalqın üzərinə düşürdü. Sadə bir ailənin ailə xərci iyirmi beş dirhəmdən çox olmurdu. Amma xəlifələrin, məsələn, Mütəvəkkilin illik şəxsi xərci yetmiş altı milyon beş yüz iki min dirhəmi aşırdı.

Haqqında danışılan fəsad və israfçılıqlar əksər dövlət mə’murlarına xas bir xüsusiyyət idi. Xəlifə Vasiq hicri 229-cu ildə öz dövlət katiblərindən bir çoxunu zindana saldı. Əhmədi ibn İsraildən səksən min dinar, Süleyman ibn Vəhəbdən dörd yüz min dinar, Həsən ibn Vəhəbdən on dörd min dinar, İbrahim ibn Reyhandan yüz min dinar, Əhməd ibn Xəsibdən bir milyon dinar, Əbül-Vəzirdən yüz qırx min dinar müsadirə olundu.

Mütəvəkkil öz xəlifəliyinin qırxıncı günü vəziri Əbul-Zəyata qəzəblənərək onun bütün var-yoxunu müsadirə etdi. Yeni tə’yin olunmuş vəzir Əbul-Vəzirin də saray ömrü çox çəkmədi. Hicri ikiyüz otuz üçüncü ildə xəlifə onu da işdən kənarlaşdıraraq, var-yoxunu müsadirə etdi. Təbərinin nəql etdiyinə görə Mütəvəkkil böyük dövlət katiblərindən olan Ömər ibn Fərəc Zuxxəciyə qəzəbləndiyi vaxt onun mülkünü müsadirə etdi, evindən əlli dəvə yükü qiymətli xalçalar və başqa əşyalar çıxarıldı. Müsadirə olunmuş malın qiyməti yüz iyirmi min dinar həddində göstərilir. Vəzirin qardaşının da yüz əlli min dinarlıq mülkü müsadirə edildi. Adi bir katibin mülkü belə bir həddə çatdıqda, vəzirlərin-əmirlərin var-dövləti haqqında danışmağa dəyməz.

Mütəvəkkil hicri iki yüz otuz yeddinci ildə öz qazisi Əhmədə qəzəblənərək onun bütün mülkünü müsadirə etdi və övladlarını zindana saldı. Qazinin oğlu Əbul-Vəlid yüz iyirmi min dinar nağd və iyirmi min dinar dəyərində cəvahir verib öhdəsinə götürdü ki, mülkünü satmaqla on altı milyon dirhəm xəzinəyə ödəyəcəkdir. Yalnız bundan sonra xəlifə onu azad etdi. Xəlifə cəzalandırdığı qazinin yerinə Yəhya ibn Əksəmi tə’yin etdi. Üç il sonra Yəhya da əvvəlki qazinin aqibəti ilə rastlaşdı. Hicri iki yüz altımışıncı ildə o işdən kənarlaşdırıldı, yetmiş beş min dinar pul və Bəsrədə böyük torpaq sahəsi müsadirə edildi.

Maraqlıdır ki, o bu sərvəti üç il ərzində necə toplaya bilmişdi? Şair bu barədə gözəl demişdir:

 

Şah xalqın bağından alma dərərkən,

Qullar ağacını çıxarar kökdən.

Doktor Şövqi öz kitabında bə’zi vəzir və əmirlərin, eləcə də katiblərin qazancları, torpaq sahələri, oğurluğu, rüşvətxorluğu, bağları, mənzilləri, kənizləri, xidmətçiləri, mühafizləri, süfrələri, geyimləri haqqında mə’lumat vermişdir.

O, öz kitabının sonunda bildirir: «Bəli, dövlətin malı bu sayaq talan edilir. Oğrular isə yalnız vəzirlər, əmirlər və katiblərdir. Xalqın yoxsulluqdan əzab çəkdiyi bir vaxtda bu insanlar rifah içində yaşayırlar. Ölkədəki fəsad mərkəzi elə saraydır.

Belə görünür ki, həmin dövrdə əksər dövlət işçiləri oğurluq və rüşvətxorluqla məşğul imişlər. Hər bir dövlət mə’muru vəzifə əldə etmək üçün xeyli rüşvət verir və sonradan verdiyi məbləği qazanmağa çalışırdı. Bə’ziləri vəzirlik məqamına görə beş yüz min dinar verirdi. Onlar yaxşı bilirdilər ki, qısa bir zamanda verdikləri məbləği çıxaracaqlar. Bu hissənin sonunda yoxsul təbəqənin halını nəzərdən keçirmək yaxşı olardı. Bu zümrəni əkinçilər, fəhlələr, qulluqçular, sənətkarlar təşkil edirdi. Bu təbəqənin min bir əzabla əldə etdiyi qazancın böyük bir hissəsi dövlətin harın hakimlərinin əlinə keçirdi. Söhbətimizin əvvəlində yada saldığımız qiyamların da əsas bir hissəsini həmin bu məzlum təbəqənin yaşamaq arzusu alovlandırırdı.

Həmin dövrün məşhur şairlərindən olan Cahiz öz yoxsulluğunu belə bəyan edir:

 

Alim daxmasında şükür qılırkən

Varlı qan ağlayır tamah qəmindən.

Aqil bir tikəyə qane olası,

Nadan yağ içində haray salası.

Zəmanə insanı alçatmış necə,

Ucalmazdım Allah istəməyincə.

Ölümü yatmaqdan üstün tutan mən

Arabir aldanıb umdum da yerdən.

Təbəssümlə varın qoruyan kəsə

Baxıb yenə döndüm ilkin həvəsə.

 

Öz dövrünün böyük ədiblərindən olan Cahiz ağır yoxsulluq içində yaşayırdı. Hansı ki, düşüncəsiz və nadan insanlar dövlət qurumunda yer tutaraq, rifah içində ömür sürürdülər. Cahiz əvvəlcə bir miqdar ruzi xatirinə onlara üz tutmaq istəyir. Amma bir qədər sonra anlayır ki, bu iş onun insanlıq şərafətinə sığmır. Əgər uyğun dövrdə məşhur bir şair belə bir fəqirlikdə yaşayırsa, adi tələbələrin, təhsil ardınca gedənlərin haqqında danışmağa dəyməz. Həmin dövrün üzücü fəqirliyini təsvir edən, öz yoxsulluğundan danışan digər bir şair Əbul-Ə’yandır. O deyir:

 

Şükr olsun, atım, qulamım var,

Qulamım övladdır, kənizim arvad.

Qaşqabaqlı üzə ehtiyacım yox,

Əyilməkdən xoşdur kasıb bir həyat.

Başqa bir şe’rdə isə belə oxuyuruq:

Böyüklər at üstə, mən ayaqyalın,

Süvarilər baxır üstdən aşağı.

Ya Rəbb, ya mənə minik əta et,

Ya alçaqları et mənim sayağı.

Həmin dövrün digər tanınmış bir şairi Səid ibn Vəhəb fəqirlikdən fəryad edərək belə deyir:

Kimi bu dünyadan alır kamını,

Kimi oturub seyrinə ancaq.

Alçaqlar yuxarı ucalır hər an,

Ucalar nədənsə sayılır alçaq.

 

Uyğun dövrün ədibləri elə bir sarsıntıya düçar olmuşdular ki, hətta elmin yalnız fəqirliklə nəticələnməsi qənaətinə gəlmişdilər. Bu qeydlərdən birində deyilir:

Ey elmin təkinə baş vuran insan,

Bir sənət ardınca tələs durmadan.

And olsun insana ruzi bölənə,

Düşmən olasıdır biliyin sənə.

 

Növbəti bir şe’rdə deyilir:

Soyuq külək dolur iliklərimə,

Bir şey tapmıram bürüyəm tənə.

Çöhrəmi qaraltmış qışın sazağı,

Hansı dərddən qorxdum durdu ayağı.

Başqa bir şe’rdə fəqirlik belə təsvir olunur:

   Susuz səhralarda sığınacaqsız

Qəmli bir yolçuyam odsuz-ocaqsız.

Aman, bu yerlərə kimsə tutmaz üz.

İsti külək əsər gecə gündüz.

Həmin dövrün ədiblərindən biri də Yə’qub ibn Yəzid Təmmar olmuşdur. O, hökumətin mülkü olan bir evdə yaşayır və iki ayda yetmiş dirhəm icarə ödəyərmiş. Kasıblıq səbəbindən bu icarəni ödəyə bilməyən şair belə gileylənir:

Ya Rəbb, məni üzən bu fəqirliyin

Dünyada çarəsi tapıla çətin.

Bu zəhərli borcdan haraya qaçım,

Qüssədən, kədərdən ağardı saçım.

Şair öz dözülməz yoxsulluğunu yuxarıdakı misralarla təsvir edir. Bir cəmiyyətdə ki, düşüncə sahibləri fəqirlik girdabında çabalayır, həmin cəmiyyətin sadə adamlarının həyatı haqqında danışmağa ehtiyac qalmır. İslam dünyasının sərvətləri saraylarda xanəndələrə, rəqqasələrə xərclənirdi. Abbasilər öz işrət məclislərinə xalqın alın təri ilə rövnəq verirdilər.

İDEOLOJİ VƏZİYYƏT

İdeoloji durum baxımından həmin dövrdə diqqəti cəlb edən odur ki, Mütəvəkkil dövlətin rəsmi məzhəbi sayılan e’tizal əqidəsindən əhli-hədis əqidəsinə keçdi. O aşkarcasına Mö’təzilə və şiələri əzmək və əksəriyyəti sünnə əhli olan əhli-hədisə yol açmaq siyasəti yeridirdi.

E’tizal əqidəsinin yaranışı haqqında müxtəlif fikirlər var. Bə’zilərinin nəzərincə, bu əqidə hicrətin ilk əsrində, əməvilər dövründə Vasil ibn Ətanın öz ustadı Həsən Bəsridən ayrılması nəticəsində yaranmışdır. Deyilənlərə görə, bu əqidə İraqda formalaşmış və beş əsasa malik olmuşdur.

E’tizal məktəbində ağıla ifrat şəkildə istinad edilir. Onlar bu xüsusiyyətlərinə görə hətta avropada intibah dövründə formalaşmış ağılı əsas götürən bə’zi cərəyanlara oxşadılırlar. Xəlifə Mə’munun dövrünədək e’tizal məzhəbi ölkənin siyasi həyatında heç bir rol oynamırdı. Amma Mə’mun bu əqidəni dövlətin rəsmi məzhəbi seçdi və onun himayəsi ilə e’tizal məktəbi çiçəkləndi. Bə’zi tədqiqatçılar tarixi dəlillər göstərərək bildirirlər ki, Mə’munun əsil məqsədi şiə imamlarını, əsasən də, imam Rizanı (ə) siyasi səhnədən götürmək idi. Mə’mun məcburi şəkildə imam Rizanı (ə) özünə vəliəhd tə’yin etdi. Digər bir tərəfdən yunanların fəlsəfə və məntiq kitablarını tərcümə etdirməklə müəyyən məqsədlər güdürdü. İmamın vəliəhdliyə tə’yin olunmasında məqsəd xalqın imama münasibətini dəyişmək idi. Mə’mun çalışırdı ki, imam Rizanı (ə) vəliəhd tə’yin etməklə onu dünyapərəst bir insan kimi tanıtdırsın. O, yunan mətnlərini tərcümə etdirməklə əhli-beyt maarifini ikinci plana keçirməyə çalışırdı. Amma ilahi elmdən bəhrələnən imam onun bütün istəklərini puça çıxarırdı. Buna görə də Mə’mun imamı öldürməkdən başqa çarə görmürdü.

Əba-Silət deyir: «Mə’mun müxtəlif şəhərlərdən mütəkəllimləri (filosofları) ətrafına yığırdı ki, imamla mübahisədə onu məğlub edə bilsin. Amma yəhudilərdən, məsihilərdən, məcusilərdən və digər əqidə nümayəndələrindən kim imamla mübahisəyə girirdisə, məğlub olurdu. Mə’mun bu yolla öz məqsədinə çata bilmədiyindən imama zəhər içirməklə onu qətlə yetirdi».

Mə’mun özü e’tizal məzhəbini qəbul etdikdən sonra xalqı da bu yola sürükləməyə çalışdı. O xalqa qəbul etdirmək istəyirdi ki, Qur’an yaradılmış bir şeydir. Bu isə mö’təzilə məktəbinin nəzəriyyələrindən biri idi. Mə’mun hicri iki yüz on səkkizinci ildə Bağdad hakiminə məktub yazıb Qur’anın yaranmış olması məsələsinin təsdiqi üçün alimlər arasında mübahisələr təşkil etməsini istədi. Bağdad hakiminə tapşırdı ki, bu əqidəyə qarşı çıxanları sıxıntıya salın. Mə’munun nəzərdə tutduğu əqidədə olmayanların, şəhadətlərinin qəbul edilməməsi tapşırılırdı. Mə’munun əslində əqidə təftişinin bir növü olan bu hərəkəti tarixdə «Mihnətul-Qur’an» adı ilə məşhurdur. Mə’mun öz vəliəhdi Mö’təsimə də vəsiyyət etmişdi ki, xalqa bu əqidəni qəbul etdirsin. Elm və bilikdən xəbərsiz olan Mö’təsim də öz növbəsində uyğun əqidəyə qarşı çıxanları cəzalandırırdı. Hətta bə’zi alimlərə şallaq da vurulurdu.

Mö’təsimdən sonra eyni yolu Vasiq davam etdirdi. Onun təzyiqləri Bağdad xalqında ciddi narazılıq yaratmışdı. Vasiq müsəlman əsirlərlə Rum əsirləri dəyişilərkən müsəlmanlıq ölçüsü kimi Qur’anın məxluq olması inancını əsas götürürdü. Əsirlərdən hər hansı biri bu əqidəyə qarşı çıxdıqda müsəlman sayılmır və dəyişdirilmirdi.

Hər halda abbasi xəlifələrinin zülmü bir həddə çatmışdı ki, müxaliflərə olmazın işgəncələri verilir və zindanlar ağzınadək doldurulurdu. Əhməd ibn Hənbəl uyğun nəzəriyyəyə müxalif olduğu üçün şallaqlandı və bir müddət həbs edildi. Vasiqin hakimiyyəti dövründə Bağdad əhli Əhməd ibn Nəsr Xüzainin başçılığı altında qiyam qaldırdı. Vasiq qiyamı yatırdı və qiyamın rəhbərini qətlə yetirdi. Şafeinin şagirdlərindən olan Yusif ibn Yəhya Buvəyti işgəncələrə mə’ruz qalaraq dünyasını dəyişdi. Xəlifələrin bu sayaq tədbirləri xalqda e’tizal əqidəsinə nifrəti artırırdı.

Nəhayət, Vasiq dünyasını dəyişdi, hakimiyyətə Mütəvəkkil gəldi. Mütəvəkkil mö’təzilə və şiə əqidəsinə qarşı çıxaraq əhle-hədis üsulunu himayə etməyə başladı. O, bu yolla xalqın rəğbətini qazana bildi. Uzun illər xəlifələrin mö’təzilə əqidəsini müdafiə etməsindən cana yığılmış xalq Mütəvəkkilin tədbirini razılıqla qarşıladı. Xalq Mütəvəkkilə münasibətdə ifrata vararaq, ona bid’əti aradan qaldırmış, ilahi sünnəni bərpa etmiş bir şəxs kimi sitayiş edirdi.

Mütəvəkkil bu yolla onun üçün daha böyük təhlükə yaradan ələvilərin qarşısını aldı. O, mö’təzilə və şiə əqidəsini aradan qaldırmaq üçün xüsusi tədbirlər planı hazırlayırdı. O, əvvəlcə Mə’munun əqidə təftişini aradan qaldıraraq, şiələrə zidd şüarlar verməyə başladı. Sonra Vəzir ibn Zəyatı işdən uzaqlaşdırıb, onun yerinə şiə əqidəsinə qarşı barışmaz mövqedə olan Cürcərayi və İbn-Xaqanı tə’yin etdi.

Mütəvəkkilin üçüncü işi yeni ordunun yaradılması oldu. Orduya ələviyə müxalif mövqedə dayanan Suriya, Əlcəzair, Cəbəl, Hicaz, hətta Əbna əhli cəlb edildi. O öz şiə müxaliflərinə qarşı sərt tədbirlər görərək, hətta imam Hüseynin (ə) qəbrini xaraba qoymağa cür’ət etdi.

Onun başqa bir tədbiri sünni əqidəsinə əsaslanaraq rəvayət mənbələrinin tərtibi oldu. İbn Əbu-Şeybənin «müsənnəfi», Buxarinin «Səhihi», Müslümün «Səhihi» bu qəbildəndir.

XÜLASƏ

Kitabın bu fəslində qeyb dövrünün bə’zi səbəblərinin anlaşılması, ikinci Abbasilər dövründə ictimai-siyasi vəziyyət və ideoloji baxışların nəzərdən keçirilməsi üçün, eləcə də, imamın qeybi ərəfəsində Samirradakı vəziyyətlə tanış olmaq üçün zəruri məsələləri sadaladıq:

1.Xilafət mərkəzinin Bağdaddan Samirraya köçürülməsi;

2.Türklərin nüfuz və hakimliyi;

3.Davamlı vəzifə dəyişiklikləri;

4.Qadınların xilafət hakimiyyətində nüfuzu;

5.Vəzirlərin və əmirlərin zülmü;

6.Daxili çaxnaşmalar;

7.Nüfuz altında olan məntəqələrin muxtariyyatı;

8.İslam fəthlərinin mahiyyət və hədəflərinin dəyişdirilməsi.

İctimai vəziyyəti araşdırarkən qeyd etdik ki, cəmiyyət imkanlılardan və məhrumlardan ibarət olmaqla iki qütbə bölünmüşdür. Xəlifələrin, vəzirlərin, əmirlərin harın həyat tərzi ilə fəqirlərin həyat tərzi müqayisə edildi.

İdeoloji vəziyyəti nəzərdən keçirərkən Mütəvəkkilin e’tizal əqidəsindən əhli-hədis əqidəsinə üz tutması haqqında danışdıq, mö’təzilə əqidəsinin siyasi səhnədən çıxarılmasının və əhli-sünnə əqidəsinin dövlətin siyasi üsulu seçilməsi proseslərini nəzərdən keçirdik. Uyğun gedişlərin səbəbləri də müəyyən həddə aydınlaşdırıldı.

Dördüncü fəsil

Kiçik qeyb dövrü astanasında şiələrin ictimai-siyasi və düşüncə durumu

Kitabın bu fəslində qeyb dövrü astanasında şiəliyin ictimai-siyasi vəziyyəti və ideoloji durumunu nəzərdən keçirəcəyik. İslamın mühüm və əsil bir qrupu olan şiəlik zalım xəlifələr və onların hakimiyyəti ilə ən barışmaz müxaliflərdən idilər.

Bu dövrdə düşüncə baxımından mə’sum imamların tərbiyəsi altında formalaşmış mübariz şagirdlər çox olmuşdur. Mə’sum imamların bu şagirdlərə tə’lim olunmuş üsulu «dörd yüzlük» kitablarda öz əksini tapmışdır. Şiəliyin e’tiqadi və fiqhi əsasları məhz bu kitablarda toplanmışdır.

Siyasi baxımdan vəziyyət son həddə böhranlı olmuşdur. Şiə imamları mühasirədə saxlanılmış, ciddi təqiyyə etmələrinə baxmayaraq, nəzarət məqsədi ilə Mədinədən Samirraya gətirilmişlər. Şiələr öz imamları ilə çox çətinliklə əlaqə yaradırdılar. Bu mərhələdə mübarizənin çətinliyi səbəbindən şiələrin məxfi vəkalət qurumu formalaşmışdır. Bu qurumun əsasları imam Sadiq (ə) tərəfindən qoyulmuşdur. Qurum imam Həsən Əsgərinin (ə) dövründə ən nüfuzlu dövrünə çatmışdır. Ciddi mütaliə və araşdırmasız məxfi vəkalət qurumunun bu dövrdəki rolunu anlamaq çətindir. İmam (ə) bu mərhələdə dəqiq və gizli təmaslarla uyğun qurumu genişləndirə bilmiş və nəticədə şiəliyin yayılmasına müvəffəq olmuşdur.

Abbasilərin hakimiyyətini sarsıtmaq məqsədi güdən bə’zi ələvi qiyamlarının imamları tərəfindən himayə olunması onların bu mərhələdə tarixi əhəmiyyətli mübarizələrindəndir.

İctimai baxımdan şiələr xəlifələrin ciddi təzyiqi altında olmuşlar. Onların var-dövlətləri müsadirə, canları ölüm təhlükəsi altında olmuşdur. Şiələr mühüm vəzifələrdən uzaqlaşdırılmış və dözülməz həddə sıxıntıya salınmışlar. Bə’zi şiələr təqiyyə (əqidəni gizləmək) yolu ilə sarayda vəzifə tuta bilmiş və bu vəzifədən məqamında istifadə etmişdir.

Bu dövrdə azad fəaliyyət göstərə bilməsə də, digər imamlar kimi xalq arasında böyük nüfuza malik olmuşlar.

Kuleyni Bust və Sistan əhalisindən olan bəni-hənifəli bir şəxsin adından belə nəql edir: «Mö’təsimin xilafətinin əvvəllərində imam Cavad (ə) həccə gedərkən mən də onunla idim. Bir gün süfrə başında əyləşdiyimiz vaxt saray adamlarından da orada vardı. Mən imama dedim: «Sənə fəda olum, bizim hakimimiz əhli-beyti sevən bir insandır. Onun divanında mənim üçün vergi tə’yin olunmuşdur. Əgər məsləhət bilsəniz, ona bir namə yazar və tapşırarsız ki, mənə yaxşılıq etsin». Əbu-Cə’fər (imam Cavad) buyurdu: «Mən onu tanımıram». Mən ərz etdim: «Sənə fəda olum, sizə dediyim kimi, o, siz əhli-beyti sevənlərdəndir. Əgər ona məktub yazsanız mənim üçün faydalı olar». İmam kağız götürüb yazdı: «Bismillahir-Rəhmanir-Rəhim. Bu naməni gətirən şəxs sənin gözəl məzhəb və məramın haqqında danışdı. Həqiqətən, yalnız xeyirli olası bir əməl sənin üçün faydalıdır. Qardaşlarına yaxşılıq et və bil ki, Allah-təala səndən bir buğda və xardal dənəsinin ağırlığında da sorğu edəsidir». Həmin şəxs sözünə belə davam edir: «Sistana varid oldum. İmamın məktub məsələsi şəhər hakimi Hüseyn ibn Əbdüllah Nişaburiyə çatdığından hələ şəhərə iki fərsəx qalmış özü məni qarşıladı. Məktubu ona verdim. Məktubu öpüb gözlərinin üstünə qoydu və mənə dedi: «İstəyin nədir?» Dedim: «Sənin divanında mənim üçün vergi nəzərdə tutulmuşdur». Göstəriş verdi ki, məni həmin vergidən azad etsinlər və dedi: «Nə qədər ki, mən hakiməm, vergi ödəməyəcəksən». Sonra ailə üzvlərimin sayı haqqında soruşdu. Mən onun sualına cavab verdim. Göstəriş verdi ki, ailə ehtiyaclarımın tə’mini üçün mənə maaş ayrılsın. Nə qədər ki, bu hakim sağ idi vergi ödəmədim və tə’yin olunmuş məbləği aldım.

DÜŞÜNCƏ DURUMU

Uyğun dövrdə şiələr əqidə baxımından üstün bir mövqeyə malik idilər. İmam Sadiq (ə) tərəfindən ciddi məzhəb proqramı hazırlanmış, hədislər əsaslı şəkildə toplanmışdı. Hədislərin düzgünlüyü imamlar tərəfindən müəyyənləşdirilirdi. Eləcə də, hədis tanıyan və şiə e’tiqadını, fiqhini başqa firqələrin qarşısında müdafiə edə bilən şagirdlər, səhabələr tərbiyə olunmuşdu.

İmamların vəzifələrindən biri də İslam və vəhy mədəniyyətinin hifz və dinin uydurma hədislərdən qorunması idi. Uyğun dövrün səciyyəvi xüsusiyyətlərindən biri bu dövrdə imam Həsən Əsgərinin (ə) düşüncələri sufiyyə, vaqifiyyə və sair yanlış baxışlardan qoruması olmuşdur. E’tiqadi və fiqhi sualların imam tərəfindən yetərli şəkildə cavablandırılması şiələri onları hədələyən büdrəmələrdən qoruyurdu.

İmam Hadi (ə) şiələrdən birinin Qur’anın məxluq olması barədə verdiyi suala belə cavab yazmışdı: «Bismillahir-Rəhmanir-Rəhim. Allah bizi və səni bu sayaq fitnələrdən qorusun. Bu halda böyük bir ne’mətə çatmış olarıq. Əks-təqdirdə fəlakətə və azğınlığa düçar olasıyıq. Bizim nəzərimizcə, Qur’anın məxluq və ya qədim olması barədə mübahisə etmək elə bir bid’ətdir ki, bu bid’ətə sual verən də, onu cavablandıran da şərikdir. Çünki belə bir sual verən ona layiq olmayan bir şeyin axtarışındadır, cavab verən isə gücündə olmayan bir mövzunu aydınlaşdırmaqdan ötrü zəhmət çəkir. Allahdan başqa xaliq yoxdur. Ondan başqa hər şey məxluqdur. Qur’an da Allahın kəlamıdır. Qur’ana özündən bir ad vermə ki, azğınlardan olarsan. Allah-təala buyurur: «Müttəqilər o kəslərdir ki, batinlərində öz Allahından qorxar və cəza günündən çəkinərlər». Allah bu buyuruğunu bizim halımıza şamil edəydi!»

İmam Həsən Əsgərinin (ə) mühüm işlərindən biri də şiələri qeyb dövrünə hazırlamaq idi. Şiələrin qeyb haqqında rəvayətlərdən bəhrələnməsi, onlara həzrət Höccətin (ə) dünyaya gəlişi barədə müjdə verilməsi, şiələrin vəkillərə müraciət edə bilməsi, bə’zi üsul və fiqh kitablarının təsdiq olunması həmin hazırlığın tərkib hissələrindən idi. Hətta Samirra şəhərində imamlar onlara ünvanlanmış suallara nümayəndələr vasitəsi ilə cavablar verirdilər. Onlar bu yolla öz şiələrini qeyb dövrünə, imamla vasitəli əlaqə saxlamağa hazırlayırdılar. On ikinci imam (ə) kiçik qeyb dövründə məhz bu üsulla fəaliyyət göstərir və öz şiələrini böyük qeyb dövrünə hazırlayırdı.

 

SİYASİ VƏZİYYƏT; İMAM HƏSƏN ƏSGƏRİNİN (Ə) MƏDİNƏDƏN SAMİRRAYA KÖÇÜRÜLMƏSİ VƏ CİDDİ NƏZARƏT ALTINA ALINMASI



Geri   İrəli
Go to TOP