A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Qeyb dövrü
Müəllif: Pur Seyyid Ağayi
Naşir: Mo’ce-elm
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Təkcə Mütəvəkkil yox, elə başqa abbasi xəlifələri də şiə imamlarının və onların tərəfdarlarının qanına susamışdılar. Bu dövrdə şiə imamları qısa ömür sürmüş, xəlifələr tərəfindən şəhadətə yetirilmişlər. İmam Cavad (ə) 25 il, imam Hadi (ə) 41 il, imam Həsən Əsgəri (ə) 28 il həyat sürmüşdür. Hansı ki, imamların hər hansı qiyamda iştirak etməsi haqqında heç bir dəlil sübut olmamışdır.

Biz bə’zi qiyamlarda imamların rolundan, onların abbasi xilafətinin sütunlarını sarsıtmaq üçün gördüyü işlərdən, ələvilərin müdafiəsində tutduqları mövqedən danışmadan, həmin dövrdə baş vermiş qiyamları və bu qiyamların rəhbərlərinin adlarını sadalamaqla kifayətlənirik. Bu qiyamlar Mö’təsimin xəlifəliyindən Mö’təmidin xəlifəliyinin sonunadək yarım əsri əhatə edir:

1. Məhəmməd ibn Qasimin qiyamı; bu şəxsin künyəsi Əbu-Cə’fər olmuşdur. O daha çox sufi ləqəbi ilə tanınır. Çünki həmişə ağ yundan libas geyərmiş. Məhəmməd elm, fiqh, din və zöhd əhli olmuş, gözəl əxlaqı ilə seçilmişdir. O öz danışıqlarında daim ədalət və tövhidin müdafiəsinə qalxmış, zeydiyyə, carudiyyə əqidəsinin tərəfdarı olmuşdur.

O, Mö’təsimin dövründə Taliqanda qiyam qaldırdı. Əbdüllah ibn Tahir hicri 219-cu ildə onu həbs etdi və Mö’təsimin hüzuruna göndərdi. Məhəmməd xalqı peyğəmbər əhli-beytinin yoluna də’vət edirdi. Bə’zilərinin fikrincə, ona zəhər verilmişdir. Bə’zi zeydiyyə ardıcılları onun imam olduğuna inanırlar. Bə’ziləri isə onun sağ olduğuna və bir gün zühur edəcəyinə inamlı idilər. Məhəmməd zeydiyyə firqəsi tərəfindən qeybdə olan Mehdi (ə) kimi qəbul olunur.

2. Məhəmməd ibn Salehin qiyamı; künyəsi Əbu-Əbdüllah olmuş bu şəxs öz şücaəti ilə tanınmışdır. O, Əbu-Talib ailəsinin mədhində şe’rlər yazmışdır. Məhəmməd Mədinə yaxınlığındakı bir məntəqədə Mütəvəkkilə qarşı qiyam qaldırmışdır. Mütəvəkkil onun üzərinə qoşun göndərmiş və bu qoşun Məhəmmədi məğlub edərək, məntəqə əhlinə divan tutmuş, Məhəmmədi isə Samirraya gətirmişdir. Mütəvəkkilin göstərişi ilə Məhəmməd Samirrada zindana salınmışdır.

3. Yəhya ibn Ömərin qiyamı; künyəsi Əbül-Hüseyn olan bu şəxs Müstəinin xilafəti dövründə Kufədə qiyam qaldırmışdır. Yəhya zahid, müttəqi, abid, alim, çox şücaətli bir insan olmuşdur. Yəhya öz qiyamından qabaq imam Hüseynin (ə) qəbrini ziyarət etmiş və zəvvarları öz məqsədindən xəbərdar etmişdir. Həmin vaxt Kufəyə daxil olmuş və öz qiyam məqsədini aşkarlamışdır.

Bə’zi tarixçilər Yəhyanın qiyamının əsas səbəbi kimi onun Mütəvəkkil və türklər tərəfindən sıxıntıya salınmasını göstərirlər. Amma Əbül-Fərəc İsfəhani öz «Məqatilut-Talibin» kitabında bildirir ki, Yəhyanın qiyamının məqsədi yalnız Allahın razılığı olmuşdur. O, Kufədə xalqı peyğəmbər əhli-beytinin yoluna də’vət etmiş və ona çoxları qoşulmuşdur. Hətta Bağdad əhalisinin böyük bir hissəsi Yəhyanı rəhbər seçmişlər. Hansı ki, Bağdad əhli heç vaxt Yəhyadan qeyrisini dini rəhbər kimi qəbul etməmişdir. Kufənin bir çox düşüncəli və tədbirli insanları Yəhyaya bey’ət etmişlər.

Hüseyn ibn İsmail onunla vuruşmuş və bu böyük insanı öldürüb başını Samirraya, Müstəinə göndərmişdir. Müstəin də öz növbəsində Yəhyanın başını Bağdada göndərmişdir ki, xalqın ibrət götürməsi üçün onun başını meydanda dirəyə taxsınlar.

Yəhyanı böyük məhəbbətlə sevən xalq onun ölümünə ağlamış, müsibətinə şe’rlər qoşmuşlar. Əbül Fərəc İsfəhani deyir: «Abbasilər xilafəti dövründə qətlə yetirilmiş heç bir ələvi üçün belə əzadarlıq keçirilməmiş, haqqında bu qədər şe’rlər yazılmamışdır».

4. Həsən ibn Zeydin qiyamı; bu şəxs hicri 250-ci ildə Təbəristanda qiyam qaldırdı və həmin məntəqəni özünə tabe etdi. Sonra Amul və Reyə hücum edərək həmin şəhərləri də özünə tabe etdi. Sonra Təbəristandan Qorqana hücum edildi. Qorqan böyük qurbanlar hesabına ələ keçirildi. Həsənin ölümündən sonra qardaşı Məhəmməd onun canişini oldu. Məhəmməd 277-ci ildə Deyləmi tutdu. Bu iki qardaşın hər ikisi xalqı peyğəmbər əhli-beytinin yoluna də’vət etmişlər. Həsən ibn Zeyd fəqih, abid, səxavətli bir insan olmuşdur.

5. Həsən ibn Əli Həsəninin qiyamı; bu şəxs Məhəmməd ibn Zeyddən sonra Təbəristanda hakim olmuş, dünyasını dəyişdikdən sonra oğlu onun yerini tutmuşdur. Sonra isə qiyama Həsən ibn Qasim başçılıq etmişdir. Bu şəxs Təbəristanda qətlə yetirildi. Hər üç şəxs peyğəmbər ailəsinin razılığı üçün qiyam qaldırmışdı.

6. Məhəmməd ibn fər ibn Həsənin qiyamı; o hicri 250-ci ildə Reydə qiyam qaldırdı və xalqı Təbəristan hakimi Həsən ibn Zeydin tabeçiliyinə də’vət etdi. O, Xorasan əhli ilə savaşda məğlub oldu və əsir düşdü. Onu Nişabura Məhəmməd ibn Əbdüllah ibn Tahirin yanına apardılar. Məhəmməd zindana salındı, zindanda da dünyasını dəyişdi.

7. Əhməd ibn İsanın qiyamı; bu şəxs hicri 250-ci ildə Rey şəhərində Ərəfə günü bayram namazından sonra qiyam qaldırdı, xalqı əhli-beytin yoluna də’vət etdi. Əhməd Məhəmməd ibn Tahirin qoşunu ilə vuruşdu və onu məğlub etdi.

8. Həsən ibn İsmailin qiyamı; bu şəxs hicri 250-ci ildə Qəzvin və Zəncanda qiyam qaldırdı və hökumət nümayəndələrini bu şəhərdən qovdu. Hicri 252-ci ildə Sahib Deyləm və İsa ibn Əhməd ibn Ələvi ilə birlikdə Reyə hücum etdi və şəhəri ələ keçirdi. Şəhər əhli onlara iki milyon dirhəm məbləğ ödəyərək canlarını xilas etdilər. Hicri 253-cü ildə Musa ibn Buğa Qəzvində onunla döyüşdü və onu məğlub etdi.

9. Hüseyn ibn Məhəmmədin qiyamı; bu şəxs 251-ci ildə Kufədə qiyam qaldırdı və xəlifənin hakimini şəhərdən sürgün etdi. Müstəin Hüseynin qiyamını yatırmaq üçün Məzahim ibn Xaqanı onun üstünə göndərdi. Qiyam yatırıldı və şəhər yandırıldı. Məs’udi deyir: «Tərəfdarları onu tənha qoyduğundan Hüseyn gizlənməyə məcbur oldu».

10. Məhəmməd ibn fərin qiyamı; o əvvəldə adı çəkilmiş Hüseyn ibn Məhəmmədin canişini olmuşdur. Kufədə qiyam qaldırmış Məhəmmədi Məhəmməd ibn Tahir hiylə işlədərək Kufə hakimi tə’yin etmiş, sonra həbs edərək Samirraya göndərmişdir. O ölənədək zindanda qalmışdır.

11. İraqın Neynəva məntəqəsindəki ələvi bir şəxsin qiyamı; Bu şəxs hicri 251-ci ildə qiyam qaldırmışdır. Onun üzərinə göndərilmiş qoşun qiyamı yatırmış və bu şəxsi həbs edərək Kufəyə göndərmişdir.

12. İsmail ibn Yusifin qiyamı; bu şəxs hicri 251-ci ildə Məkkədə qiyam qaldırmış, həmin il də dünyasını dəyişmişdir. Ondan iyirmi yaş böyük qardaşı Məhəmməd ibn Yusif onun canişini olmuşdur. Bu insanlar Məkkə əhlinə olmazın məşəqqətlərini vermişlər. Müəttəz Əbul-Sacı onun üzərinə göndərmiş və qiyam yatırılmışdır. Məhəmməd Məkkədən qaçaraq, Bəhreynə üz tutmuşdur. İsmail ibn Yusiflə Məkkə əhli arasında baş vermiş döyüşdə İsmailin qardaşı Həsən ibn Yusif və Cə’fər ibn İsa öldürülmüşdür.

13. İbn Musa ibn Əbdüllahın qiyamı; bu şəxs İsmail ibn Yusifdən sonra Mədinədə qiyam qaldırmışdır.

14. Əli ibn Əbdüllah Talibin qiyamı; bu şəxs Mər’əşi adı ilə tanınmışdır. O hicri 251-ci ildə Amulda qiyam qaldırmış, Əsəd ibn Cəndan tərəfindən məğlub edilmişdir.

15. Əhməd ibn Məhəmmədin qiyamı; bu şəxs hicri 255-ci ildə Bərqə və İsgəndəriyyə arasındakı məntəqədə qiyam qaldırmış və xilafət iddiasında olmuşdur. Misir əmiri Əhməd ibn Tulun bu qiyamı yatırmaq üçün onun üzərinə qoşun çəkmişdir. Əhməd böyük fədakarlıqlardan sonra öldürülmüşdür. Onun başı Misirə ibn Tuluna göndərilmişdir. O da öz növbəsində qiyamçının başını Mö’təmədə çatdırmışdır.

16. Əli ibn Zeyd İsa ibn fər ələvinin qiyamı; bu iki şəxs hicri 255-ci ildə Kufədə qiyam qaldırmışlar. Müəttəz onların üstünə böyük bir qoşun göndərmişdir. Səhabələri dağıldığından hər iki şəxs məğlub edilmişdir.

17. Əli ibn Zeydin qiyamı; bu şəxs ikinci dəfə təklikdə hicri 256-cı ildə Kufədə qiyam qaldırdı. Xəlifənin nümayəndəsini qovub şəhəri ələ aldı. Mö’təmidin onun üzərinə göndərdiyi qoşun məğlub edildi. Xəlifənin göndərdiyi ikinci qoşun böyük çətinliklərdən sonra Əli ibn Zeydi məğlub etdi. Əli və onun tərəfdarlarının bir çoxu qətlə yetirildi.

18. İbrahim ibn Məhəmmədin qiyamı; bu şəxs ibn Sufi adı ilə tanınmışdır. O hicri 256-cı ildə Misirdə qiyam qaldırmış və Əsna şəhərini tutmuşdur. Misir hakimi onun üzərinə qoşun göndərmiş, amma ibn Sufiyə məğlub olmuşdur. Növbəti dəfə göndərilən qoşun qiyamı yatırmış və qiyamçıların böyük əksəriyyəti qətlə yetirilmişdir. İbrahim qiyam yatırıldıqdan sonra qaçıb meşələrdə gizlənmişdir. Hicri 259-cu ildə növbəti dəfə Misirdə qiyam qaldırmış və xalqı qiyama çağırmışdır. Misir hakimi ibn Tulun növbəti dəfə onun üzərinə qoşun çəkmiş və onu məğlub etmişdir. İbrahim Məkkəyə qaçmış, Məkkə valisi tərəfindən tutulub ibn Tulunun hüzuruna göndərilmişdir. İbn Tulun onu bir müddət zindanda saxlayıb, sonradan azad etmişdir. İbn Sufi azad edildikdən sonra Mədinəyə getmiş və ömrünün sonunadək orada qalmışdır.

NÜFUZ ALTINDA OLAN MƏNTƏQƏLƏRİN MUXTARİYYATI

Bura qədər deyilənlər Abbasilər xilafətinin daxili vəziyyətini işıqlandırdı. Abbasilərin xarici siyasəti, onların nüfuzu altında olan məntəqələr haqqında iki xüsusiyyəti qeyd etmək olar: Əvvəla, Abbasilər xilafətinin nüfuzu altında olan məntəqələrin muxtariyyatı vardı. Onlar bir çox işlərdə mərkəzi hökumətə tabe deyildilər. Onlar istədikləri vaxt azad şəkildə savaşa qalxırdılar. Bu məsələ onların fatehlik arzuları ilə bağlı idi. Söhbətimizin bu hissəsində Abbasilərin nəzarəti altında olan Əndəlos, şimali Afrika, İran, Misir kimi məntəqələrin vəziyyəti ilə tanış olacağıq.

ƏNDƏLOS

Əndəlos İspaniyanın cənubunda yerləşən tarixi vilayətin adıdır. Əndəlos təkcə uyğun dövrdə yox, bu dövrdən əvvəl və sonra da müstəqil olmuşdur. «Əddaxil» adı ilə məşhur olan birinci Əbdürrəhman Əndəlosə nəzarət etdiyi vaxt yalnız iyirmi ay müddətində öz xütbələrində abbasi xəlifəsinin adını çəkmişdir. Bununla belə, Əndəlos heç bir cəhətdən abbasi xilafətindən asılı olmamışdır.

ŞİMALİ AFRİKA (TUNİS VƏ DİGƏR MƏNTƏQƏLƏR)

Şimali Afrika Ali-Əğləb əmirlərinin hakimiyyəti altında müstəqil olmuşdur. Bu ölkədə yalnız xütbələr zamanı abbasi xəlifəsinin adı çəkilər və pul sikkələrinin üzərində xəlifənin nəqşi əks olunardı. Bu vəziyyət Fatimilərin babası Əbu-Əbdüllah, «Məhdiye-Afrikayi» hökumətini təşkil edənədək davam etdi. Ale-Əğləbin hakimiyyəti hicri 296-cı ildə başa çatdı. Bu hadisələr zamanı Samirra və Bağdad hökumətlərinin bu məntəqədə heç bir rolu yox idi.

 

 

İRAN

Mö’təsimin dövründə Fars və Mavəraun-nəhr məntəqələri savaş meydanına çevrilmişdi. Zəncan, Ərdəbil, Azərbaycan məntəqələrində Babək xürrəmi ilə xəlifə nümayəndələri Afşin və Buğay arasında silahlı qarşıdurma yaranmışdı. Bu cərəyan 221-ci ildən 223-cü ilədək davam etdi. Nəhayət, Babək Mö’təsimin əmri ilə öldürüldü və başı Xorasana göndərildi. Babəkin bədəni Samirrada dardan asıldı.

Hicri 224-cü ildə Mazyar Təbəristanda Mö’təsimin əleyhinə qiyam qaldırdı və onun qoşunu ilə savaşa qalxdı. Hicri 234-cü ildə Mütəvəkkilin zindanından qaçmış Məhəmməd ibn Buəys səkkiz il müddətində Azərbaycanda çaxnaşmalar yaratdı. Nəhayət, hökumət nümayəndəsi Buğaye-Şərafi onu məğlub edib şəhəri geri qaytardı.

Buğa ibn-Buəysi Samirraya apardı, zindanda onun boynundan ağır bir daş asdı. İbn-Buəys elə bu halda da dünyasını dəyişdi.

Hicri 238-ci ildə Tiflisdə İshaq ibn İsmail ilə Buğanın qoşunu arasında qarşıdurma oldu. Buğa şəhəri yandırdı. Şəhər sənubər şaxələrindən hazırlandığı üçün qısa bir müddətdə yanıb külə döndü. Şəhərdə əlli minə yaxın insan tələf oldu. Canını qurtaranlar əsir götürüldü. Buğanın döyüşçüləri hətta meyitləri də tikə-tikə doğrayıb, pal-paltarlarını qarət edirdilər.

Hicri 253-cü ildə, Müəttəzin dövründə Həmədan kənarında Əbdül Əziz ibn Əbu Delf ilə iyirmi min qiyamçı füqəra və xəlifə ordusu arasında döyüş oldu. Xəlifə ordusuna Musa ibn Buğa rəhbərlik edirdi. Bu döyüşdə Əbdül Əziz məğlub oldu və onun tərəfdarları öldürüldü.

Yə’qub Ləys Qəffar dünyasını dəyişdikdən sonra Fars və İraq şəhərləri Yə’qub qoşununun hücumlarına mə’ruz qaldılar. Yə’qub Ləys onunla döyüşmək gücündə olmayan abbasi xəlifələrinə dostluq münasibətləri göstərmək istəyirdi. Çarəsiz qalmış xəlifələr onunla müdara edir, istəklərini nəzərə alırdılar. Yə’qub daim İranı Abbasilərin hakimiyyəti altından azad etmək istəyirdi. Sadəcə, bu istəyini aşkarlamırdı. Yalnız ölüm yatağında olduğu vaxt qasidlə xəlifəyə belə bir xəbər göndərdi: «Hazırda mən xəstə və gücsüzəm. Əgər ölsəm, mən sənin əlindən rahat olaram, sən də mənim əlimdən asudə olarsan. Yox əgər sağalıb ayağa dursam, aramızda döyüş öz sözünü deyəcək». Yə’qubun ölümündən sonra qardaşı Əmr ibn Ləys onun canişini oldu. Amma Əmr xəlifəyə məktub yazıb ona itaətini bildirdi.

Hicri 261-ci ildən başlayaraq Nəsr ibn Əhməd Samani böyük istiqlal əldə etdi və Mavəraunnəhrdən Buxaraya, Səmərqənddən Xorasanadək nəzarəti əlinə aldı. Nəsr hicri 279-cu ildə dünyasını dəyişdi və qardaşı İsmail ibn Əhməd onun canişini oldu.

MİSİR

Misir hakimi Əhməd ibn Tulun türk idi və türk Babəxyal hicri 254-cü ilə Müəttəzin dövründə onu hakim göndərmişdi.

Əhməd müstəqil fəaliyyət göstərirdi və işləri günbəgün irəli gedirdi. O ölüm gününədək xəlifəyə heç bir ehtiyac duymasa da, onunla düşmənçilik etmədi.

SURİYA

Suriya və onun Hələb, Həməs, Dəməşq kimi şəhərləri başqalarının hədəfinə çevrilmişdi və bu ərazilərdə qanlı döyüşlər gedirdi.

MOSUL

Mosul və onun ətrafındakı şəhərlər, eləcə də, həmin məntəqənin kürd əhalisi digər İslam şəhərləri kimi hücumlara mə’ruz qalırdı. Mosul hicri 253-cü ildə qətl-qarət olundu. Xəlifənin qüvvələri tərəfindən işgəncələrə mə’ruz qalan bu əhali qiyam qaldırdı. Nəhayət, xəlifənin nümayəndəsi Mosuldan çıxarıldı. Mosul xəlifənin hakimiyyətini qəbul etmək istəmədiyindən uzun illər boyu savaş meydanına çevrildi.

FƏTHLƏRİN MƏQSƏDLƏRİNİN DƏYİŞMƏSİ

Şübhəsiz ki, İslam fəthlərinin əsas məqsədi insanların zülm-sitəmdən xilas edilməsi və ilahi nizam altında yaşaması olmalı idi. İslam qanunlarına əsasən hər hansı bir məntəqəyə qədəm qoymuş İslam qoşunu əvvəlcə xalqı İslama də’vət etməli, onların doğru yola gəlməsinə çalışmalıdırlar. İslamda cihadın xüsusi şəraiti vardır. Təəssüf ki, haqqında danışdığımız dövrdə fəthlərdə uyğun məqsədlərdən əsər-əlamət görünmür.

İbn Əsir deyir: «Abbas ibn Fəcr ibn Yə’qub hicri 237-ci ildə İbn-Sur qalasına hücum etdi, oradakı əhalini əsir götürərək, var-dövlətini qarət etdi. Xeyli insan qılıncdan keçirildikdən sonra Abbas Qəsryannə şəhərinə üz tutdu, bu şəhəri də qarət edib yandırdı.

O hicri 237-ci ildə Qəsryannəni növbəti dəfə qarət etdikdən sonra Qətaniyyə, Sərqusə, Növtəs, Rəxus şəhərlərinə qoşun çəkdi. Xeyli qənimət ələ keçirdikdən sonra şəhərləri yandırdı. Bu şəxs hicri 243-cü ildə yenidən Qəsryannə şəhərinə hücum etdi. Özünü müdafiə etmək istəyən xalq qılıncdan keçirildi və Abbas növbəti dəfə Sərqusə şəhərinə üz tutdu. Bu şəhərdə də eyni cür rəftar etdikdən sonra Qəsrul-Hədid məntəqəsinə hücum edildi. Həmin qəsrdə yaşayan rumlular ona on beş min dinar verib sülh bağlamaq istəsələr də, Abbas onların təklifi ilə razılaşmayıb onları təslim olmağa vadar etdi. O şəhər əhlindən yalnız iki yüz nəfərini azad edib, qalanlarını əsir götürdü və qəsri viran qoydu».

Gördüyümüz kimi, uyğun dövrdə xəlifələr və onların nümayəndələri tərəfindən həyata keçirilmiş fəthlərdə İslam prinsipləri köklü şəkildə pozulmuşdur. Nə döyüşdən əvvəl, nə də döyüşdən sonra hücuma mə’ruz qalmış xalqlar İslama də’vət olunmamış, İslam qanunlarının ziddinə olaraq, əsirlər qılıncdan keçirilmiş, şəhərlər yandırılmışdır.

İbn-Əsir digər bir yazısında qeyd edir ki, abbasi xəlifəsi Müntəsir hicri 248-ci ildə türk Vəsifi rumlularla döyüşə göndərdi. Belə bir məsləhəti ona vəziri Əhməd ibn Xəsib verdi. Vəsifin bu döyüşə göndərilməsinin səbəbi vəzir ilə onun arasındakı ixtilaf idi. Xəlifə öz vəzirinin tə’kidi ilə Vəsifi on iki min döyüşçü ilə dörd il müddətinə sərhəd keşiyinə və rumlularla döyüşə göndərdi.

Deyilənlərdən belə görünür ki, İslam fəthi adı altında şəxsi məqsədlər güdülürdü, hakimiyyətin başında duranlar öz çirkin niyyətlərini həyata keçirdilər.

İCTİMAİ VƏZİYYƏT

İctimai vəziyyət deyəndə cəmiyyəti təşkil edən ayrı-ayrı təbəqələrin müxtəlif baxımlardan mövqeləri nəzərdə tutulur. Cəmiyyətdə mövcud olan adət-ənənələr, bayramlar, ev və geyim formaları, yemək çeşidləri cəmiyyətin simasını əks etdirir.

Biz yuxarıda sadalanan bütün səciyyələri araşdırmaq fikrində deyilik. Həmin dövrün ictimai vəziyyəti ilə tanış olmaq üçün yalnız təbəqələrin vəziyyətini nəzərdən keçirəcəyik. Həmin dövrdə xəlifələrin eyş-işrətə aludə olması səbəbindən cəmiyyətdə köklü şəkildə bir-birindən fərqlənən iki təbəqə yaranmışdı: fəqirlər və varlılar. Cəmiyyətin əksəriyyətini məhrum təbəqə təşkil edirdi. Xəlifə və onun ətrafında olanlarla adi xalq kütlələri arasında böyük uçurum yaranmışdı.

Söhbətimizin bu hissəsində xəlifələrin eyş-işrətə aludəliyindən, onların saysız-hesabsız əyləncə məclislərindən qısaca danışmaq fikrindəyik. Həmin dövrdə xəlifə və onun ətrafındakıların dünyapərəstliyi, gecələri işrət məclislərində keçirməsi, qadına və azğın həyat tərzinə aludəçiliyi diqqəti cəlb edir. Biz saray adamlarının həyatından yalnız bə’zi səhnələri təsvir etməklə kifayətlənəcəyik.

ƏYYAŞLIQ

Əyyaşlıq bütün abbasi xəlifələrinin səciyyəvi xüsusiyyəti idi. Qeyd etməliyik ki, həmin dövrdə abbasi xəlifələrinin harınlığı vəsvəgəlməz dərəcədə iyrənc idi. Abbasi xəlifələri öz ömürlərinin böyük bir hissəsini əllərində şərab camı, kənizlərin ağuşunda keçirmişlər. Onlar üçün ən qiymətli şey ağılı başdan çıxaran şərab və ay üzlü kəniz idi. Bəsrə qazisi abbasi xəlifələrinin halını belə nəzmə çəkmişdir:

 

Xalqa hakim olan bu kəslər əslən

Tar-kaman, rəqqasə quludur bilsən.

 

Bir çox şairlər xəlifələrin, eyş-işrət məclisləri haqqında şe’rlər yazmışlar. Məs’udinin bildirdiyinə görə dünya işrətinə qapılmış Mütəvəkkilin dörd min kənizi vardı. Bu xəlifə o qədər harınlamışdı ki, hətta bir gecə öz eyş-işrət məclisinə imam Hadini (ə) məcburi şəkildə gətirmişdi. O, əlindəki şərab camını imama uzatdıqda imam buyurmuşdu: «Mənim ətim-qanım heç vaxt şərab görməyib . . .» Bu istəyindən əl çəkən Mütəvəkkil imamdan bir şe’r oxumasını istəmişdi. İmam elə bir şe’r oxumuşdu ki, xəlifənin işrət məclisi əzadarlığa çevrilmişdi.

 

 

QƏSRLƏR

Abbasi xəlifələri və onların ətrafındakılar gözəl, əzəmətli qəsrlər tikməyə böyük maraq göstərirdilər. Həmin dövrdə xəlifələrin qəsrləri öz genişliyi ilə bir şəhəri xatırladırdı. Qəsrin ərazisini müxtəlif tikililər, bağlar, arxlar bəzəyirdi. Mütəvəkkil bir qəsri tikib qurtaran kimi o birinin tikintisinə başlayırdı. O iyirmiyə yaxın qəsr tikmişdi. Qəsrlərə «Şah», «Gəlin», «Bürc», «Mütəvəkkiliyyə» kimi adlar verilirdi. Bu qəsrlərin xərci iki yüz yetmiş dörd milyon dirhəmi aşırdı. Mütəvəkkilin ən gözəl qəsri «Bürc» qəsri idi. Bu qəsr qızıl və gümüş təsvirlərlə bəzədilmişdi. Onun xərci bir milyon yeddi yüz min dinarı aşmışdı.

ŞADLIQLAR

Abbasi xəlifələri ardıcıl şəkildə ağılasığmaz xərclər aparan kef məclisləri və şadlıqlar keçirərdilər. Mehdi Abbasi oğlu Harunu evləndirərkən onun şadlığına əlli milyon dirhəm pul sərf etmişdi. Toy gecəsi onun gəlini Zübeydənin libası tamamilə dürdən idi. Hələ o vaxtadək belə bir libas görən olmamışdı.

Hişam ibn Əbdül Məlikin arvadı özünə başdan ayağa qızıldan olan libas hazırlatmışdı. Bu libasda o qədər cəvahirat vardı ki, xəlifənin arvadı onu geydikdə yeriməyə çətinlik çəkirdi.

«Əddiyarat» kitabında nəql olunur ki, Mehdi Abbasi öz qardaşı qızı Ümmi-Cə’fəri öz oğlu Rəşidə alarkən misilsiz bir hazırlıq görmüşdü. Ümmü-Cə’fər üçün hazırlanan ləl-cəvahir, zər-ziba taclar, əklillər, qızıl və gümüş qübbələr, ətirlər heç bir toyda görünməmişdi. Onun öz arvadı üçün ləl-cəvahirdən hazırlatdırdığı köynək haqqında tarixi mənbələrdə qeyd olunmuşdur.

Mənbələrdə xəlifələrin beytül-malı israf etməsi barədə mə’lumatlar verilir. Qeyd olunur ki, Mehdi Abbasi oğlu Hadi onun əlini öpərkən oğluna üst-üstə dağ tək qalaqlanmış və başında otuz min dinarlıq qırmızı yaqut olan bir xəzinə bağışladı.

Mütəvəkkil oğlu Əbdüllah Müəttəzin sünnət məclisində elə bir xərc çəkmişdi ki, dövrün tarixçiləri bu barədə ətraflı şəkildə yazmışdılar. Uzunluğu yüz, eni əlli addım olan xalça döşənmiş qəsrdə dörd min qonaq qəbul olunmuşdu. Məclisdə qızıl taxtlar düzülmüşdü. Mütəvəkkilin əmri ilə məclisdəkilərin başına iyirmi milyon dirhəm səpilmiş, üzərində sünnət mərasimi qeyd olunmuş bir milyon dirhəm bər-bərlərin, sünnət edənin, qulamların və xidmətçilərin başına səpilmişdi. Müəttəzi sünnət edən şəxsdən həmin gün nə qədər qazandığı barədə soruşulduqda o demişdir: «Səksən neçə min dinar, qızıl üzük və cəvahir». Beləcə bu sünnət mərasiminin xərci səksən altı milyon dirhəmi aşmışdır. Doktor Şövqi bu əhvalatı danışdıqdan sonra deyir: «Bu qayda ilə hesabsız halda milyonlarla dinar və dirhəm xərclənirdi. Məclisdəkilər özlərini min bir gecə əfsanələrində hiss edirdilər. Xalqın yolunda sərf olunası xəzinəni bu sayaq axmaqcasına israf edirdilər. Hansı ki, xalq olduqca kasıb yaşayır, qan-tər içində üzülürdü. Xalqın qan-təri sayəsində toplanmış xəzinə xəlifənin haram məqsədləri yolunda havaya sovrulurdu. Xəlifə sarayı şərab badələrinin dövrə vurduğu meyxanaya döndərmişdi.

Məs’udi yazır ki, tarixin heç bir dövründə Mütəvəkkilin xilafəti dövründəki kimi bədxərclik olmamışdı.

Bir gün Mütəvəkkil öz saraylarından birində eyş-işrət məclisi qurmuşdu. Öz xidmətçilərindən farsların keçirdiyi «Şad kolah» məclisləri haqqında soruşur. Ona deyirlər ki, bu məclislərin gül-çiçəksiz keçirilməsi mümkün deyil. Həmin vaxt gül-çiçək fəsli olmadığından Mütəvəkkil vəziri Übeydüllah ibn Yəhyanı çağırıb deyir: «Göstəriş ver ki, mənim üçün iki buğda dənəsi ağırlığında dirhəmlər hazırlansın». Übeydüllah soruşur: «Ya əmirəl-mö’minin, nə qədər dirhəm istəyirsiniz?» Mütəvəkkil deyir: «Əlli milyon dirhəm». Übeydüllahın göstərişi ilə həmin dirhəmlər hazırlanır. Mütəvəkkil göstəriş verir ki, bu dirhəmlərin bir hissəsini qırmızı, bir hissəsini sarı, bir hissəsini isə qara rəngə boyasınlar. Sikkələrin bir hissəsi isə öz rəngində saxlanılır. Mütəvəkkil yeddi yüz xidmətçini yanına çağıraraq onlara göstəriş verir ki, rəngarəng geyinsinlər. Küləkli bir gündə qırx qapısı olan xeymələr qurulur. Mütəvəkkil gündə bir yerdə süfrə açdırıb əlvan libaslı xidmətçilərin arasında kefə məşğul olur və göstəriş verir ki, hazırlanmış dirhəmləri ətrafdakıların başına səpsinlər. Külək əsdikcə yüngül dirhəmlər havada gül ləçəkləri kimi fəzaya qalxır. Doktor Şövqi bildirir ki, bütün bu əhvalatlar xəlifələrin dəlilik həddinə çatmış rahatlığından doğurdu. Amma xalq xəlifənin gözü qarşısında yoxsulluğun son həddində yaşayırdı.

KEF MƏCLİSLƏRİ

Abbasilərin gündəlik kef məclisləri, rəqqasələrə ağılagəlməz hədiyyələri, mütrüb musiqilər və harın şadlıqlar min bir gecə nağıllarını xatırladırdı. Bir sözlə, xəlifələrin qəsrləri eyş-işrət yuvasına çevrilmişdi. Onlar günün böyük hissəsini sərxoş olardılar. Təkcə xəlifələrin yox, eləcə də vəzirlərin, əmirlərin qəsrləri şeytənət yuvasına çevrilmişdi.

Hadi Abbasi İbrahim Mosulini öz sarayına də’vət edib saatlarla onun nəğmələrini dinləyər və böyük hədiyyələr verərdi. Bir dəfə xəlifə ona yüz əlli min dinar bağışlamışdı.

İbrahimin səsindən vəcdə gələn xəlifə məclisin sonunda İbrahimi xidmətçiyə qoşub xəzinəyə göndərmiş və istədiyi şeyi götürməyə icazə vermişdi. İbrahimin öz sözünə görə, o beytülmal xəzinəsinə daxil olub, cəmi əlli min dinar götürmüşdü. İbrahim deyir ki, əgər Hadi uzun ömür sürsəydi evimizin divarları da qızıl və gümüşdən olardı.

Mütəvəkkil də əvvəlki xəlifələrdən geri qalmırdı. Təbəri nəql edir ki, Mütəvəkkil «Cə’fəri» adlı qəsrini tikib qurtardıqdan sonra xanəndələri və rəqqasları oraya toplayıb kef məclisi keçirdi və məclisin sonunda onlara iki milyon dirhəm bağışladı.

HƏDİYYƏLƏR



Geri   İrəli
Go to TOP