A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Qeyb dövrü
Müəllif: Pur Seyyid Ağayi
Naşir: Mo’ce-elm
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Bə’zi alimlərin araşdırmalarına əsasən daha çox ehtimal etmək olar ki, on ikinci imam öz uşaqlıq dövrünün əsas hissəsini Mədinədə keçirmişdir. Çünki imam Həsən Əsgəri (ə) övladının İraqda qalacağı təqdirdə onu gözləyən təhlükəni düzgün qiymətləndirmişdi.

Biz növbəti söhbətlərimizdə Abbasilərin imam Mehdini (ə) ələ keçirmək üçün göstərdikləri sə’ylər haqqında danışacağıq.

KİÇİK QEYB («ĞEYBƏTE-SUĞRA»)

Hicri 260-cı ildə imam Həsən Əsgərinin (ə) şəhadətindən sonra qısa müddətli qeyb dövrü başlandı və imamın bu qeybi hicri 329-cu ilə qədər davam etdi. Demək, kiçik qeyb dövrü yetmiş il çəkmişdir. Bu dövr nisbətən qısa zamanı əhatə etdiyindən ona kiçik qeyb dövrü demişlər. Böyük qeyb dövrünə şiələrin hazırlığında kiçik qeyb dövrü mühüm rol oynamışdır.

Kiçik qeyb dövründə imam insanların nəzərlərindən qeybdə olsa da, imamla təmasda olanlar var idi. Həmin bu dövrdə imamın xüsusi naibləri onunla əlaqə saxlayırdılar. Hər bir şiə müsəlman həmin naiblər vasitəsi ilə imama müraciət edib, öz müşkülünü həll edə bilirdi. Bə’zən bu naiblər vasitəsi ilə insanlar qrup şəklində imamla görüşə gəlmişlər. İmamın xüsusi naibləri dörd nəfər olmuşdur və onları «nəvvabe-ərbəə» adlandırmışlar. Böyük şiə alimlərindən ibarət olan bu insanlarla tanış olaq:

1. Əbu Əmr (Osman ibn Səid Əmri) hicri 260-267-ci illərdə, naiblik vəzifəsini yerinə yetirmişdir; 2. Əbu Cə’fər (Məhəmməd ibn Osman Əmri) hicri 267-305-ci illərdə imamın səfiri olmuşdur; 3. Əbül-Qasim (Hüseyn ibn Ruh Növbəxti) hicri 305-326-cı illərdə naiblik vəzifəsini icra etmişdir; 4. Əbül-Həsən (Əli ibn Məhəmməd Səmmuri) hicri 326-329-cu illərdə imamın naibi olmuşdur.

Bu dörd şəxsin həyat və fəaliyyətləri ilə kitabın altıncı fəslində tanış olacaqsınız. Onlar öz məxfi vəkillik qurumları vasitəsi ilə şiələri böyük qeyb dövrünə hazırlamışlar.

BÖYÜK QEYB («ĞEYBƏTE-KÜBRA»)

İmam Mehdinin (ə) həyatının üçüncü mərhələsini böyük qeyb dövrü təşkil edir. Kiçik qeyb dövrü başa çatdıqdan sonra böyük qeyb dövrü başlamışdır və bu günədək davam edir. Həzrət imamın qəbulu, rəhbərliyi və bütün yer üzünə hakimiyyəti üçün şərtlər ödəndiyi vaxt həzrət zühur edəsidir.

Böyük qeyb dövrü insanlar üçün geniş imtahan meydanıdır. Məhz bu mərhələdə insanlar, mö’minlər və onların iman və əməlləri sınaqdan keçirilir. Böyük qeyb dövrü ərzində Allahın höccəti olan imam Mehdi (ə) bulud arxasındakı günəş tək qeyb pərdəsi arxasından bəşəriyyəti öz nurundan faydalandırır.

Qeyb özü iki mərhələyə bölündüyü kimi, naiblik də iki mərhələyə bölünür: Kiçik qeyb dövründəki xüsusi naiblik və böyük qeyb dövründəki ümumi naiblik. Xüsusi naiblik dövründə imam müəyyən şəxsləri özünə naib tə’yin edir və onların adlarını bildirir. Ümumi naiblik dövründə isə imam naibliyin şərtlərini bəyan edir və bu şərtlərə malik olan hər bir insan imamın naibi sayılır. İmamın naibi cəmiyyətin dini və dünyəvi işlərinə rəhbərlik edir.

Şeyx Tusi, Şeyx Səduq, Şeyx Təbərsi İshaq ibn Əmmarın belə dediyini nəql edirlər: «Mövlamız həzrət Mehdi (ə) şiələrin qeyb dövründəki vəzifələri haqqında belə buyurmuşdur: «Baş vermiş hadisələr zamanı bizim hədislərimizi nəql edənlərə üz tutun ki, onlar mənim höccətim sayılırlar, mən isə Allahın onlara olan höccətiyəm». Təbərsi öz «Əl-ehticac» kitabında imam Sadiqin (ə) belə buyurduğunu nəql edir: «Fəqihlərdən hər biri nəfsini qorusa, dininə nəzarətçi olsa, nəfs istəklərinə qarşı çıxsa, mövlanın əmrlərinə müt’i olsa, ona təqlid etmək vacibdir».

Bu yolla böyük qeyb dövründə müsəlmanlara rəhbərlik vəzifəsi vəliyye-fəqihin üzərinə düşmüşdür. Onun göstərişlərini yerinə yetirmək vacibdir. Fətva vermək, mühakimə etmək, hökm çıxarmaq səlahiyyətləri fəqihlərə çox-çox əvvəllər mə’sum imamlar tərəfindən verilmişdirsə də, fəqih hakimiyyəti qeyd olunan tarixdən rəsmi şəkil almışdır və həzrətin zühurunadək davam edəsidir. Həzrət Mehdinin (ə) zühurundan sonra bütün hakimiyyət Allah övliyalarının ixtiyarına veriləsidir.

XÜLASƏ

Bütün şiə və sünni tarixçilərinin və mühəddislərinin dediyinə əsasən, imam Mehdi (ə) şiələrin on ikinci imamı və peyğəmbərin son canişinidir. O hicri 255-ci (256) ildə, 15 şə’ban tarixində Samirra şəhərində cümə günü sübh erkən dünyaya göz açmışdır. Atası imam Həsən Əsgəri (ə), anası dövrünün ən pak qadınlarından sayılan Nərcis olmuşdur.

Həzrətin ən məşhur ləqəbi Mehdidir və üzüyünün qaşında onun «höccət» ləqəbi nəqş olunmuşdur.

Həzrətin əksər xüsusiyyətləri sadalandığından yalan iddialara yer qalmır. Onun həyatı bir neçə dövrə bölünmüşdür:

İxtifa dövrü-bu dövr imam Həsən Əsgərinin şəhadətinədək beş il davam etmişdir. Bu dövrdə həzrəti yalnız peyğəmbər ailəsinə yaxın insanlar görə bilmişlər;

Həzrətin həyatının ikinci dövrü yetmiş il davam etmiş kiçik qeyb dövrüdür. Bu dövr imam Həsən Əsgərinin (ə) şəhadət anından başlayaraq hicri 329-cu ilədək davam etmişdir. İmamın dörd xüsusi naibindən sonuncusu da məhz həmin ildə dünyasını dəyişmişdir.

Həmin bu dövrdə şiələr öz sualları ilə həmin dörd naib vasitəsi ilə həzrətə müraciət etmişlər. Həmin dörd şəxs böyük şiə alimlərindən olan təqvalı şəxslərdir. Osman ibn Səid, Məhəmməd ibn Osman, Hüseyn ibn Ruh Növbəxti, Əli ibn Məhəmməd Səmmuri.

Həzrətin həyatının böyük qeyb dövrü adlanan dövrü hicri 329-cu ildən başlayaraq bu günədək davam etməkdədir. Onun yer üzünə rəhbərliyi üçün şərait yarananadək bu dövr davam edəsidir. Həmin bu dövrdə imam öz naiblərinin xüsusiyyətlərini sadalamışdır. Bu xüsusiyyətləri daşıyan hər bir şəxs onun naibi sayılır. Belə bir məqam imamın özü və digər imamlar tərəfindən layiqli şəxslərə verilir.

 

Üçüncü fəsil

Kiçik qeyb dövründən qabaq Abbasilər zamanında ictimai-siyasi və ideoloji vəziyyət

Kiçik qeyb dövrünün siyasi tarixini daha yaxşı bilmək, on ikinci imamın (ə) qeybə çəkilməsinin səbəblərini və şəraitini öyrənmək üçün həmin dövrün ictimai-siyasi ideoloji vəziyyətini araşdırmaq zəruridir.

Abbasilər sülaləsinin xilafəti beş əsrdən uzun çəkdi (hicri 132-656; miladi 794-1258). Bu xilafət Əbül-Əbbas Səffahın hakimiyyətindən başladı və bu hakimiyyət Bağdadda tatarlar tərəfindən süquta uğradılanadək davam etdi. Tarixçilər Abbasilərin xilafət tarixini dörd hissəyə bölürlər:

Hicri 132-232; miladi 749-847; ilkin Abbasilər dövrü və ya farsların nüfuz dövrü;

Hicri 232-334; miladi 846-945; ikinci Abbasilər dövrü və ya türklərin nüfuz dövrü;

Hicri 334-447; miladi 945-1055; üçüncü Abbasilər dövrü və ya farslardan Ali-Buyə dövrü;

Hicri 447-656; miladi 1055-1258; dördüncü Abbasilər dövrü və ya Səlcuq türklərinin nüfuz dövrü.

Biz ikinci Abbasilər dövrünü, yə’ni Mütəvəkkilin xilafət zamanını, türklərin nüfuz dönəmini araşdırmaq fikrindəyik. Həmin dövrdə Mö’təsimin xilafəti zamanı türklər xilafət qurumuna daxil oldu, xilafət mərkəzi Bağdaddan Samirraya köçürüldü və kiçik qeyb başladı. Bu araşdırma Samirra şəhərinin mərkəzə çevrilməsi prosesinə bir baxışdır. Bu dövr bə’zi xüsusiyyətlərinə görə ilkin Abbasilər dövrünə bənzəsə də, onun fərqli cəhətləri çoxdur. Həmin dövrün özünəməxsus xüsusiyyətlərini sadalamaq olar. Bu xüsusiyyətlər uyğun dövrün ictimai-siyasi vəziyyətini və ideoloji durumunu əks etdirir. Həmin dövrdə şiələrin vəziyyətini və rəhbərliyin ictimai qurumunu ayrıca nəzərdən keçirəcəyik.

SİYASİ VƏZİYYƏT

1. Mərkəzin Bağdaddan Samirraya köçürülməsi.

Samirra şəhəri («Surrə mən rəa») hicri 220-ci ildə abbasi xəlifəsi Mö’təsim tərəfindən paytaxt seçildi və hicri 221-ci ildə onun göstərişi ilə abad edildi. Elə həmin il də paytaxt bu şəhərə köçürüldü.

Bəs bu şəhərin salınmasında məqsəd nə idi? Mö’təsim hakimiyyətə gəldikdə anası Mardə türk kənizi olduğundan və Mö’təsim türklərin köməyi ilə hakimiyyətə gəldiyindən türklərə qarşı xüsusi bir münasibət bəsləyirdi. Mö’təsim türk qulamları almağa maraqlı idi. Onun bu marağı nəticəsində Bağdadda dörd min türk vardı. Onlar xəlifənin göstərişi ilə fərqli libaslar geyinir və öz görkəmləri ilə başqa döyüşçülərdən seçilirdilər. Xəlifə onlara Bağdad küçələrində süvari hərəkət etməyə icazə vermişdi.

Bağdad əhalisi türklər tərəfindən incidilirdi. Onlar şəhər əhli ilə olduqca kobud rəftar edirdilər. Camaat bə’zən türk döyüşçülərinə hücum edib onları öldürürdü. Canı boğaza yığılmış Bağdad əhli Mö’təsimə müraciət edərək dedi: «Əgər türk qoşununu bizdən uzaqlaşdırmasan, səninlə savaşa qalxacağıq». Mö’təsim təəccüblə soruşdu: «Necə savaşacaqsınız?» Dedilər: «Sübhün oxları ilə!» Mö’təsim soruşdu: «Bu sözdə məqsədiniz nədir?» Cavab verdilər: «Sənə lə’nət yağdıracağıq!»

Məşhur tarixçi İbn-Əsir bildirir ki, Mö’təsimin paytaxtı Bağdaddan Samirraya köçürməsinin əsas səbəbi onun öz qoşununa inanmaması idi. İbn-Əsir yazır: «Hicri 220-ci ildə Mö’təsim Samirra məhəllinə gələrək, burada şəhər salmaq qərarını verdi. O, açıq-aşkar bildirirdi ki, öz qoşunundan qorxur. Deyirdi ki, əgər qoşun bir dəfə ayağa qalxsa, onun bütün qulamlarını qətlə yetirər. Mö’təsim elə bir yer seçmək istəyirdi ki, bir hadisə baş verdiyi təqdirdə səhra vasitəsi ilə qiyamçılara hücum edə bilsin.

Elə həmin vaxtdan da Abbasilər xilafətinin mərkəzi əlli doqquz il müddətində Samirraya köçürüldü. Samirra xilafətin mərkəzi olduğu vaxt çox inkişaf etdi. Samirra tarixində yazıldığına görə şəhərdəki binanın uzunluğu səkkiz fərsəxdən uzun idi. Amma xilafət mərkəzi Bağdada qaytarıldıqdan sonra Samirra sür’ətlə xarabaya çevrilməyə başladı. Samirrada qalan imam Hadi (ə) və imam Həsən Əsgərinin (ə) qəbirləri və imam Mehdinin (ə) qeyb məkanı oldu. Hicri VII əsrin əvvəllərində dünyasını dəyişmiş Yaqut Həməvi Samirra xarabalıqlarını belə təsvir edir: «Həzrət Mehdinin (ə) sərdabəsi və Kərx məhəlləsindən savay bütün Samirra xarabaya dönmüşdür. Şəhəri seyr edən insanı dəhşət bürüyür. Hansı ki, yer üzündə belə bir gözəl və geniş şəhər olmamışdı.

Samirra Abbasilər xilafətinin mərkəzi olduğu vaxt hakimiyyətdə yeddi xəlifə oldu: Mö’təsim (hicri 218-227), Vasiq (hicri 227-232), Mütəvəkkil (hicri 232-247), Müntəsir (hicri 247-248), Müstəin (hicri 248-252), Muəttəz (hicri 252-255), Möhtədi (hicri 255-256), Mö’təməd (hicri 254-279).

Hicri 279-cu ildə Mö’təməddən sonra Mö’təzəd hakimiyyətə gəldi. Onun hakimiyyəti dövründə xilafətin mərkəzi yenidən Bağdada köçürüldü.

TÜRKLƏRİN NÜFUZU VƏ HAKİMİYYƏTİ

Uyğun dövrün mühüm xüsusiyyətlərindən biri türklərin xilafətdəki bütün əsas işləri əllərinə alması idi. Xüsusi ilə qoşun türklərin əlində idi. Ona görə də ikinci Abbasilər dövrü türklərin nüfuz dövrü adlandırılır. Əsasən Mö’təsimin dövründə türklərə yaranmış marağın əsas səbəbi farsların hakimiyyətindən qurtarmaq arzusu idi. Türklər Mütəvəkkili qətlə yetirməklə öz nüfuzlarını zirvəyə qaldırdılar. Türklər öz döyüşkənlikləri ilə seçilir, idarəçilik işlərində isə özlərini göstərə bilmirdilər. Xəlifələrin əyyaşlığı səbəbindən onların nüfuzu günbəgün artırdı. Xilafətin idarəçiliyində Buğayi-Şərafiye-Küçək və Vəsif ibn Baqir Türki adlı iki türk başqalarından seçilirdilər. Bu iki şəxsin xəlifəyə tə’siri haqqında, hətta belə bir şe’r də qoşulmuşdur:

 

Xəlifə oturmuş bağlı qəfəsdə,

Vəsiflə Buğanın məhbusu olmuş.

Onların dediyin höccələyərək

Tutu tək oturub xəyala dalmış.

 

İbn-Təbatəba deyir: «Türklər Mütəvəkkili öldürdükdən sonra ölkəyə nəzarəti tam ələ aldılar. Onlar o qədər qüdrətlənmişdilər ki, xəlifə onların əlində sanki əsir olmuşdu. Onlar istədikləri vaxt xəlifəni öldürə bilərdilər».

Aşağıda nəzərinizə çatdırılacaq əhvalatlar türklərin xilafətdə nüfuzunu və qüdrətini əyani şəkildə göstərir.

Bir gün Müəttəz xəlifəlik taxtına oturdu. O, yaxınlarını ətrafına toplayıb münəccimləri də’vət etdi və onlardan xəlifəliyinin nə qədər çəkəcəyi barədə soruşdu. Məclisdəkilərdən biri dedi: «Mən xəlifənin ömrünü münəccimlərdən də dəqiq deyə bilərəm. O, türklər istəyənə qədər yaşayacaq». Bütün məclisdəkilər onun sözlərini gülüşlə qarşıladılar . . .

Bir gün bir qrup türk abbasi xəlifəsi Müttəzin qəsrinə daxil oldu. Türklər xəlifəni onun öz otağında yerə yıxıb bəs deyincə kötəklədilər, əynindəki pal-paltarlarını cırıb-dağıtdılar, özünü isə qəsrin həyətində günəşin altında saxladılar. Günəşin istisindən xəlifə bir ayağını götürüb o birisini qoyurdu. Sonra ona yenidən işgəncə verərək otağına apardılar. Bir qrup adam də’vət edib xəlifənin xilafətdən uzaqlaşması barədə şəhadət aldılar. Sonra onu ac-susuz saxlayıb yarıcan halda diri-diri sərdabədə dəfn etdilər.

TƏLƏSİK TƏ’YİNATLAR VƏ QADINLARIN BU İŞDƏ ROLU

Hər hansı bir siyasi quruluşun zəifləməsinin səbəblərindən biri, yersiz tə’yinatlar və aramsız vəzifə dəyişiklikləridir. Abbasilər dövlətinin nazirlər qurumundakı dəyişikliklər, bu işdə rol oynayan rüşvətxorluq uyğun xilafətin tənəzzülünün əsas səbəblərindəndir. Bu işdə xəlifələrin arvadlarının və analarının da xüsusi rolu olmuşdur. Xəlifələrin həvəsbaz arvadlarının bu işdəki rolunu unutmaq olmaz. Məsələn, Mütəvəkkilin arvadı Müstəini hakimiyyətdən uzaqlaşdırıb, öz oğlu Müəttəzi onun yerinə tə’yin etdi. Doktor İbrahim Həsən qadınların hakimiyyətdə rolunu ətraflı şəkildə araşdırmış, onların müdaxilələri haqqında ətraflı mə’lumatlar vermişdir.

VƏZİRLƏRİN VƏ ƏMİRLƏRİN ZÜLMÜ

Əksər abbasi vəzirləri və əmirləri zalım adamlardı. Onlar xalqı təhqir edir, var-yoxunu əlindən alır, bütün haqlarını tapdayırdılar. Onlar öz azğınlıqlarında kimsədən çəkinmirdilər. Həmin dövrdə baş vermiş haqsızlıqlar dillər əzbəri idi. Müxtəlif xəlifələrin və onların vəzirlərinin zülmü yerə-göyə sığmırdı.

Abbasi Müntəsirin dövründə onun vəziri Əhməd ibn Əlxəsib süvari halda yol ilə gedərkən bir kişi ona yaxınlaşıb şikayət edir. Vəzir atdan düşmədən ayağı ilə həmin adamın sinəsinə bir təpik vurur. Kişi yerindəcə keçinir. Həmin dövrün şairlərindən biri bu hadisəni qələmə da almışdır:

 

Xilafət kürsüsündə oturana söyləyin:

Vəziri harınlayıb təpik atır millətə.

Qoy ayağın bağlayıb, canımızı qurtarsın,

Xalqın malı-puluyla çatmışdır o sərvətə.

 

Xəlifə Vasiqin dövründə də onun vəziri Məhəmməd ibn Əbdül Məlik Əzzəyat xalqa işgəncə vermək üçün təndir düzəltmiş və onun içində mıxlar qurmuşdu. Maraqlıdır ki, bu şəxs nəhayətdə özü həmin təndirdə canını əldən verdi.

Xilafətin başqa mə’murları da vəzirlərdən az zülm etmirdi. Bu zülmlər səbəbindən ayrı-ayrı məntəqələrdə tez-tez qiyamlar qalxırdı. Bu barədə azca sonra danışacağıq. Söhbətimizin davamında həmin dövrün ictimai vəziyyətini araşdıracaq, cəmiyyəti bürümüş rüşvətxorluq, satqınlıq, mə’mur özbaşınalığı haqqında söhbət edəcəyik.

DAXİLİ E’TİRAZLAR VƏ QİYAMLAR

Bir tərəfdən xəlifə və onun mə’murlarının əyyaşlığı, beytül-malı qarət etməsi, digər bir tərəfdən geniş xalq kütlələrinə edilən zülm ölkə daxilində çaxnaşmalar yaradırdı. Bütün bu qiyamların səbəbi xilafətin zalımlığı və zəifliyi idi.

Bə’zən ölkə daxilindəki çaxnaşmalar şər insanlar tərəfindən törədilirdi. Xaricilərin («Xəvaric») qiyamını buna misal göstərmək olar. Bə’zi hərəkatların səbəbi isə xalqa verilən dözülməz işgəncələr, türklərin istilası idi. Üçüncü qisim e’tirazların əsasını peyğəmbər ayinlərinin ələvilər tərəfindən müdafiəsi təşkil edirdi. Əlbəttə ki, bu sayaq qiyamlar da bir-birindən fərqlənirdi. Qiyamı qaldıranların xalisliyi onun necəliyində də tə’yinedici rol oynayırdı. Ümumi şəkildə peyğəmbər ayinlərinin müdafiəsinə qalxanlar böyük qəhrəmanlıqlar göstərir, zalım xəlifələrə e’tirazlarını bildirirdilər. Söhbətimizin davamında həmin dövrün diqqəti daha çox cəlb edən e’tirazlarını nəzərdən keçirəcəyik.

BAĞDAD ÇAXNAŞMASI

Bağdad həmin dövrdə xilafət mərkəzi olmasa da, bir çox fitnə və çaxnaşmalar məhz orada baş verirdi.

Hicri 249-cu ildə Bağdadda döyüşçülər və şakiriyyə qiyam qaldırdı. Bütün xalq qiyamçılara qoşuldu. Qiyamçılar zindanlara hücum çəkib məhbusları azad etdilər. Kütlə Bağdadın hər iki körpüsünü məhv etdi. İki dövlət nümayəndəsinin də imarəti qarət edildi. Bu qiyamın səbəblərindən biri Mütəvəkkili qətlə yetirmiş türklərə e’tiraz idi. Çünki türklər istədikləri xəlifəni öldürür, istədikləri şəxsi onun yerinə tə’yin edirdilər. Bu məsələlərdə müsəlmanların və dinin məsləhəti nəzərə alınmırdı. Hicri 252-ci ildə Bağdad qoşunu öz haqqını tələb edərək qiyama qalxdı. İlk əvvəl onlara müəyyən məbləğ pul verməklə sakitləşdirə bildilər. Amma çox keçmədi ki, qiyam yenidən qızışdı. Onlar özlərinə başçı tə’yin edərək, xəlifə Müəttəzin xətibini dinləmək istəmirdilər. Qiyamçılar Bağdad körpüsünü ələ keçirib, ətrafdakı dükanları qarət etdilər. Bütün Bağdad od tutub yanırdı. Nəhayət, qiyamçılardan ikisinin xəyanəti nəticəsində qiyam Məhəmməd ibn Əbdüllah ibn Tahir tərəfindən yatırıldı.

SAMİRRA ÇAXNAŞMALARI

Hicri 249-cu ildə bir qrup namə’lum şəxs Samirrada qiyam qaldıraraq, zindanlara hücum etdi və məhbuslar azad edildi. Xilafətin ixtiyarında olan qulamlar qiyamçılara hücum etsələr də, xalq qiyamçılara qoşularaq onları məğlubiyyətə uğratdı.

Hicri 251-ci ildə Samirrada xalq qiyam qaldırdı. Bütün zərgər bazarı qarət edildi. Qarət edilmiş insanlar İbrahim Muəyyidə şikayət etdilər. Bir iş görməkdə aciz olan bu şəxs «yaxşı olardı ki, mallarınızı və pullarınızı evlərinizdə saxlayaydınız» deyərək onları özündən kənarlaşdırdı.

XƏVARİC FİTNƏSİ

Xəvaric fitnəsi hicri 252-ci ildə başladı. Onların qiyamının başlanğıc nöqtəsi rəhbərləri Müsavirin ayağa qalxması oldu. Müsavir hicri 254-cü ildə uyğun məntəqənin əksər yerlərini istila etmişdi. Onun qarşısını almaq istəyən xəlifə nümayəndəsi məğlub olduqdan sonra Müsavir daha çox nüfuz qazandı, əmirin evinə od vurub, məscidə gəldi və camaat namazında pişnamaz dayandı. Hicri 255-ci ildə Müsavirlə döyüşə çıxan xəlifə qoşunu da müvəffəq ola bilmədi. Müsavir o qədər qüvvə əldə etdi ki, İraqın əksər şəhərləri onun hakimiyyəti altına keçdi. Artıq xəlifəyə xərac da göndərilmirdi. Nəhayət, hicri 263-cü ildə saysız-hesabsız qarətlərdən sonra Müsavir dünyasını dəyişdi.

Müsavirdən sonra xəvaric arasında rəhbərlik məsələsində ixtilaf yarandı. Onlar bir-biri ilə savaşa qalxdılar. Nəhayət, Harun ibn Əbdüllah başçı seçildi. Ətrafında xeyli qüvvənin toplandığını görən Harun bir çox məntəqələri nəzarət altına aldı.

SAHİBE-ZƏNCİN QİYAMI

Bu qiyam uyğun dövrün ən təhlükəli qiyamlarından idi. Bu qiyam Abbasilər xilafəti üçün türklərdən daha təhlükəli sayılırdı. Qiyam Bəsrədə başladı və Bağdad darvazalarınadək irəlilədi. İraqın böyük bir hissəsi bu qiyamın tə’siri altında idi. Abbasilər xilafətinin süqutu üçün real zəmin yaranmışdı. Bu qiyamda on minlərlə insan öldürüldü, minlərlə insanın namusu ayaq altda qaldı, onlarla şəhərə od vuruldu.

Sahibe-zənc hicri 255-ci ildə Bəsrədə qiyam qaldırdı. Onun adı Əli ibn Məhəmməd idi. Özü bəni-Əbdül-Qeys qəbiləsindən idi. Bə’zi tarixçilər onun əsil adının Behbud olduğunu və əslən İranın Rey vilayətindən gəldiyini bildirirlər. O, ətrafına adam toplamaq məqsədi ilə özünü Ələvi kimi təqdim edir və İslamın əbədi şəhidi Zeyd ibn Əli ibn Hüseynin nəvəsi olduğunu bildirirdi. Belə bir şəxsin özünü İslam aləmində müstəsna xidmətləri olmuş bir ailəyə aid etməsi böyük zülm idi. İmam Həsən Əsgəri (ə) onun ələvi olduğunu rədd edərək buyurdu: «Sahibe-Zənc biz əhli-beytdən deyil». Bu şəxs on beş il müddətində ara vermədən xalq arasında fəsad törətməklə məşğul oldu. Nəhayət hicri 270-ci ildə öldürüldü; o, özünü ələvilərə aid etməkdən əlavə, məzlum xalqlara rəhbər olduğunu bəyan edirdi. Zalım hakimlərin sitəmi altında əzilən kütlələr onun bu şüarlarına aldanırdılar. O xalqın diqqətini cəlb etmək məqsədi ilə özünə «Sahibe-Zənc» adını götürmüşdü. Bu sözün mə’nası «qulların rəhbəri» deməkdir. Bə’zi tarixçilərin fikrincə Sahibe-Zəncin əqidəsinin kökləri Xəvaricdən olan Əzariqə firqəsinin əqidəsinə gedirdi.

O ilkin olaraq Bəsrə qullarını ayağa qalxmağa çağırdı. Bütün qullara azadlıq və’d etdiyindən Sahibe-Zəncin ətrafında böyük kütlələr toplanırdı. O, kütlələrin qarşısında xütbə oxuyur, onlara azadlıq və sərvət və’d edirdi. Sahibe-Zənc kütlələr qarşısında and içirdi ki, heç vaxt onlara münasibətdə hiylə işlətməyəcək.

Qullar əlli, beş yüz nəfərlik qruplar şəklində ona qoşulurdular. O, qullardan əlavə, əkinçiləri, kəndliləri və Abbasilərin digər müxaliflərini də qiyama çağırırdı.

İş o yerə gəlib çatmışdı ki, qul sahibləri hər qulun müqabilində Sahibə-Zənc beş dinar ödəməyə razılaşmışdılar. Ağaların bu də’vətindən sonra Sahibe-Zəncə göstəriş verdi ki, hər bir ağaya və ağanın nümayəndəsinə beş yüz şallaq vurulsun. Fitnə beləcə alovlandı. Qullarda böyük bir inqilabi ruhiyyə yaranmışdı. Qiyamçılar Bəsrəni tutmaq qərarına gəldilər. Bəsrə əhli onların qarşısında üç gün müqavimət göstərsə də, axırda onların hiylələrinə aldanaraq təslim oldu. Qiyamçılar Bəsrə əhlinə toxunmayacaqlarını və’d etsələr də, şəhərə daxil olduqdan sonra şəhər əhlini qırmağa başladılar. Bütün şəhər və şəhərdəki məscidlər yandırıldı. Qiyamçılar Abadan, Əhvaz, Abilə, Əbül-xəsib şəhərlərində də eyni cür rəftar etdilər.

Hökumətin göndərdiyi qoşunun başçıları, o cümlədən Musa ibn Buğa qiyamçılarla döyüşdə məğlub oldu. Qiyamçıları yalnız Əbu Əhməd Müvəffəq Təlhə ibn Mütəvəkkil məğlub edə bildi. Bu şəxs elə bir müvəffəqiyyət qazandı ki, onun qardaşı xəlifə Mö’təmidin yalnız adı qaldı. Qoşun başçıları Müvəffəqin ölümündən sonra onun oğlu Əbül-Abbasa bey’ət etdilər və ona Əl-Mö’təzid Billah ləqəbini verdilər. Şübhəsiz ki, Mö’təzid də malik olduğu şöhrət və qüdrəti Sahibe-Zənclə döyüşlərdə əldə etmişdi. Xilafət Bağdada köçürüldükdən sonra ilkin xəlifə də məhz bu şəxs oldu.

ƏLƏVİLƏRİN QİYAMLARI

Həmin bu dövrdə peyğəmbər ayinlərini əsas tutaraq ələvilər də bir çox qiyamlar qaldırdılar. Onlar öz qiyamları ilə xəlifələrin həddi aşmış zülmünə e’tiraz edir, xəlifələrin bütün nöqtələrində səslərini qaldırırdılar.

Uyğun qiyamlar haqqında danışmazdan qabaq xəlifələrin bu dəstədən olan insanlara etdiyi zülmlərə nəzər salaq. Xəlifə Mütəvəkkil rəsmi olaraq Əli (ə) övladlarını düşmən tuturdu. Mütəvəkkilin ələvilərə etdiyi zülmün bütün xəlifəlik dövründə misli görünməmişdi. O, ələviləri iqtisadi mühasirəyə alır, onlara ehsan edilməsinə icazə vermir, göstərişini pozanları ciddi cəzalandırırdı. Onun cəzasından qorxan xalq ələvilərə yardım etməkdən çəkinirdi. Ələvilər elə bir yoxsulluq həddinə çatmışdılar ki, bütün ələvi qadınların yalnız bir köynəyi vardı. Onlar bu köynəyi növbə ilə geyib namaz qılardılar. Bəli, çılpaq qalmış qadınlar çadırları tərk edə bilmirdilər. Elə həmin dövrdə Mütəvəkkil eyş-işrətə kisə-kisə pul xərcləyib, rəqqasələrin ayağı altına qızıl dinarlar səpirdi.

Həmin dövrün böyük yazıçısı Əbu Bəkr Xarəzmi Abbasilərin ələvilərə etdiyi zülmləri qələmə alaraq, Mütəvəkkilin cinayətləri haqqında belə deyir: «Hidayət rəhbərlərindən bir rəhbər, Peyğəmbər ailəsindən bir seyyid dünyadan getdikdə kimsə onun dəfnində iştirak etmir, ona qəbir qazılmır. Amma Abbasilərin təlxəyi öləndə özünü ədalətli sayan böyüklər, qazılar onun dəfnində iştirak edirlər. Peyğəmbər ailəsinin fədakar nümayəndələri məzlumiyyətdə qaldığı halda, təlxəklər üçün əzadarlıq mərasimləri qurulur! Yolunu azmışlar Abbasilərin əzizidir. Onlar yalnız şiələri qətlə yetirir, övladının adını «Əli» qoyanı qanına qəltan edirlər.

Mütəvəkkilin on iki min kənizi vardı. Amma peyğəmbər ailəsindən olan seyyidlər bir kəniz saxlamaq imkanından məhrum edilmişdi. Xümsün halal, sədəqənin haram olduğu peyğəmbər ailəsi fəqirliyin son həddində həlak olurdu. Biri qılıncını, o biri libasını girov qoyurdu. Onların yeganə günahı peyğəmbər nəslindən olmaları idi. Onlar yalnız Fatimə (s) övladları olduqları üçün əzaba düçar edilirdilər. Axı imam Hüseynin (ə) qəbrini şumlamış, oranı əkin sahəsinə çevirmiş bir qövm haqqında nə deyim!»

Mütəvəkkil Misirdəki hakiminə ələvilərlə aşağıdakı qaydalarda rəftar etməyi göstəriş vermişdi: «Heç bir ələviyə heç bir mülk verilməsin, heç bir ələvi atla gəzməsin və başqa şəhərlərə getməsin; ələvilərin birdən artıq qulu ola bilməz; əgər ələvi ilə qeyri-ələvi arasında mübahisə olarsa, qazı əvvəlcə qeyri-ələvini dinləsin, sonra ələvinin dediklərinə qulaq assın».



Geri   İrəli
Go to TOP