A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Qeyb dövrü
Müəllif: Pur Seyyid Ağayi
Naşir: Mo’ce-elm
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


 

BÖYÜK QEYB DÖVRÜNDƏ ŞİƏ QİYAMLARI VƏ DÖVLƏTLƏRİ

Zülmə qarşı İslamda ilkin olaraq şiələr qiyam bayrağı qaldırmışdır. Şiə nəzəriyyələri daim inqilabi ruha malik olmuşdur. Şiələrin imamət məsələsinə dərin inancı olanların zalım hakimlər qarşısında mübariz mövqe tutması ilə müşayiət olunmuşdur. Şiə tarixi bu həqiqətin aşkar göstəricilərindəndir.

Şiə e’tiqadına görə, mə’sum imamın və onun naibinin rəhbərlik etmədiyi hakimiyyət qəsbkar və zalımdır. Bu səbəbdən də şiələr daim öz inqilabi hərəkatları ilə tarixi zənginləşdirmişlər.

Şiə mübarizləri və rəhbərləri zalım hakimlərdən heç zaman çəkinməmişlər. Onlar təqiyyə etməklə, sirr saxlamaqla ən çətin şəraitlərə dözmüş, sarsıdıcı tufanlar qarşısında diz çökməmişdilər.

Şiələrin siyasi mübarizələri mə’sum imamların dostlarının rəhbərliyi altında aşkar və gizli şəkildə davam etmişdir.

Əzəmətli şiə qiyamları xalq kütlələri və böyük şəxsiyyətlər tərəfindən himayə olunmuş, ona böyük din alimləri başçılıq etmişlər.

Şiə hərəkatları öz inqilabi təlaşlarını həzrət Peyğəmbərin vəfat etdiyi gündən başlamışdır.

Bu inqilabların bir çoxu İraqda və Hicazda baş vermişdir. Şiələr azğın xəlifələrə qarşı mübarizə səngərini heç vaxt boş buraxmamışlar.

Şiələr öz mübarizələrində məzhəbi qruplara yox, əzilən xalq kütlələrinə arxalanmışlar. Ona görə də onların əməvilərə və Abbasilərə qarşı qiyamları geniş xalq kütlələri tərəfindən rəğbətlə qarşılanmışdır. Əslində Əhli-beyt ardıcıllarının parlaq simasını yalnız şəhadət meydanlarında axtarmamalıyıq. Bu çöhrələr mədəniyyət inqilabları çərçivəsində də şö’lələnməkdədir. İdris ibn Həsən Müsənna məğrib məntəqəsini təbliğ vasitəsi ilə fəth etdi. Eləcə də, İndoneziya və İslam dünyasının uzaq şərqi təbliğ yolu ilə haqqı tapdı. Hicri beşinci əsrdə Hindistan xalqının böyük bir hissəsi yalnız iki şiənin təbliği ilə İslamı qəbul etdi. Hansı ki, Abbasilər üç yüz il müddətində əllərində qılınc qan tökməklə İslamı yaymağa çalışmışdılar.

İnqilabi şiə hərəkatları bütün dünyada hərəkat ruhu yaratdı. Bu hərəkatlar ardıcıl məğlubiyyətlərə uğradıqdan sonra, nəhayət, hicri dördüncü əsrdə əhəmiyyətli nəticələr qazandı. İslam dünyasında bir sıra inqilabi dövlətlər formalaşdı.

İnqilabi İdrisilər dövləti iki əsr, Ələvilər dövləti yarım əsr, Ali-Buyə dövləti bir əsrdən çox Fatimilər dövləti üç əsrədək yaşaya bildi. Eləcə də, Həmdanilər, Bəni-Mərdas, Bəni-Əmmar hicri dördüncü əsrin əvvəllərindən hicri altıncı əsrin əvvəllərinədək Şamat məntəqəsində hakimiyyətdə oldu və şiə dəyərləri təbliğ edildi.

Bu növ dövlətlər nəzəri baxımdan ideal tövhidi dövlətlə müqayisədə əməvi və Abbasilərin bir sıra səhvlərini təkrarlasalar da, onların əsas məqsədləri İslam nizamını qorumaq olmuşdu. Bu dövlətlər elm, ədəbiyyat sahəsində qiymətli xidmətlər göstərmiş, böyük İslam alimlərini himayə etmişdilər.

Ali-Buyə öz hakimiyyətində İslam mədəniyyəti və əhli-beyt tə’limlərinə əsaslanırdı.

Onlar başqa məzhəb nümayəndələri ilə yaxşı davranır, onlara qarşı mərhəmətsizlik göstərmirdilər. Bu xüsusiyyətlər əksər şiə dövlətlərinə aiddir. Hansı ki, qeyri-şiə dövlətlərində şiələr daim tə’qib olunur, bə’zən də qılıncdan keçirilirdilər.

Buna görə də şiə inqilabi dövlətləri əsri sayılan hicri IV əsr İslam mədəniyyətinin çiçəklənmə dövrü sayılmışdır. Bu yüksəlişin yeganə səbəbi şiə dövlətləri sayəsində yaranmış və elmi inkişafa aparan düşüncə azadlığı olmuşdur. Uyğun tərəqqinin ən böyük amili məhz hakim dövlətlərin tə’sisçilərinin uca idealları olmuşdur. İslam mədəniyyətini tənəzzülə uğradansa müxtəlif hakimlərin addım-addım İslami amallardan uzaqlaşması sayılmalıdır.

Rəhbərlər arasındakı ixtilaf, dövlət xadimlərinin inqilabi ideallardan uzaqlaşması nəticəsində İslam dünyası hicri VI-VII əsrlərdə Abbasilər dövlətinin süqutuna, siyasi hakimiyyətin bölüşdürülməsinə, kiçik dövlətlərin formalaşmasına, əbləhanə keməkeşlərin, qardaş qırğınlarının və rəqabətlərin şahidi oldu.

Hicri 489-cu ildə təşkilatlanmış səlib yürüşlərinin ilk dövrü başladı. Hansı ki, xilafət mərkəzində eyş-işrətdən başqa bir şey haqda düşünən yox idi. Belə bir şəraitdə Monqolların İslam dünyasına hücumu başladı. İslam hökuməti monqolların istilaları altında uçulub dağıldı.

İslamı bu istilalardan başıuca çıxaran siyasi hakimiyyətdə heç bir payı olmayan müsəlman alimlərin qalib monqolların qəlbinə yol tapıb, onları İslam qarşısında müt’iliyə sövq etmələri oldu. Əgər Bağdad əhlindən doqquz yüz min nəfəri qətlə yetirən monqol Hulaku xan imam Kazimin (ə) məqbərəsinin bərpası barədə göstəriş vermişdisə, bunun səbəbkarı Müəyyəd-din əl Qəmə və Xacə Nəsirəddin Tusi kimi şücaətli İslam alimləri olmuşdu. Hansı ki, bu insanlar olmazın böhtanlarına tuş gəldilər.

Xacə Nəsirəddinin məqsədi qırğınların və mə’nəvi dağıntıların qarşısını almaq idi. O, monqol təşkilatına nüfuz etməklə bir çox İslam alimlərinin həyatını xilas edə bildi. O, altmışdan çox əsər yazmaqla İslamın ən qatı düşmənlərini bu dinə və şiə məzhəbinin şüarlarına iman gətirməyə məcbur etdi. Nəticədə İslamın əyilmiş qəddi düzəldi, o vəhşi istilalara qalib gəldi. Bəli, elm və din keşikçilərinin məqamı o qədər yüksələ bilər ki, onlar hakimiyyət dairələrini öz nüfuzu altına alar və öz tədbirləri ilə mədəniyyət düşmənlərinə məscid və kitabxanalar tikdirərlər.

Monqollar İslam məmələkətlərinə gələrkən özləri ilə budda və məsihi dinlərini də gətirmişdilər. Çünki onlar öz siyasətlərini bu dinlərlə əlaqələndirmişdilər. Bütün müqavimətlər qırıldığı bir vaxtda İslam dünyasını hansı aqibət gözləyirdi?!

Amma şiə alimlərinin alovlandırıcı inqilabi qiyamları monqolların ayağı altında qalmış dini onların qəlbinə hakim etdi. İslama qənim kəsilmiş istilaçılar İslamın inkişafında vasitəyə çevrildi.

Hicri VIII və IX əsrlərdə İranın şimalı və şərqi bir sıra inqilabi hərəkatların şahidi oldu. Şiə nəzəriyyəsi üzərində qurulmuş səfəvilər dövləti bir çox zəifliklərinə baxmayaraq məzəhəbi şüarları canlandırırdı. Səfəvilərin hakimiyyəti altında olan sünnilər, məsihilər, yəhudilər və zərdüştilərlə müdara edilirdi.

Əkinçiliyin inkişafı nisbi də olsa xalqın rifah halının yaxşılaşması səfəvilər dövlətinin iqtisadi siyasətinə qarşı xalqda rəğbət oyadırdı. Səfəvilər dövründə elm və sənət inkişaf edir, eləcə də, İslami maarifin genişlənməsinə xidmət göstərirdi.

Hökumətin siyasi və idarəçilik sistemindəki dəyişikliklərin yaranması və alimlərin siyasi işlərə qatılması üçün münasib zəmin olması bu dövrün digər səciyyəvi xüsusiyyətlərindəndir. Şiəlik istiqlalı və şəxsiyyətinin geri qaytarılması, biganə qorxusundan qurtuluş və dinin varlığının kamil şəkildə hidayət edilməsi səbəbindən şiə alimləri səfəvi sultanlarının siyasi hakimiyyətini təsdiqlədilər.

Amma sonradan səfəvi hakimlərinin dünya zövqünə aldanması, daxili və xarici savaşlar bu dövləti tənəzzülə uğratdı, iki əsr yarımdan sonra səfəvilər dövlətinin mərkəzi İsfəhan əfqanların hücumu qarşısında diz çökdü. Belə bir şəraitdə İslami hərəkatların formalaşması labüd idi. İranın bir çox şəhər və kəndləri qiyam qaldırdı və cəsarətlə döyüş meydanına atıldı. Səfəvi başçıları ruhdan düşsələr də, xalq partizan müharibələri ilə fatehlərin qələbəsinə acı qatdı.

Zəndilər hökuməti Nadir şahı terror etdikdən sonra hərəkatlar üçün yaranmış şərait aradan getdi. Amma hicri 1164-cü ildə Kərim xan Zəndinin qələbəsi ilə məzhəbi dəyərlər canlanmağa başladı və ruhanilər Kərim xan hökuməti tərəfindən himayə edildi. Amma çox çəkmədi ki, Zəndilərlə qacarilər arasındakı rəqabət yenidən İranı savaş səhnəsinə çevirdi. Xalqın e’tiqadlarına və istəklərinə diqqətsizlik, eləcə də, qədim səlibçi düşmənlərin tamahkarlığı nəticəsində İran qərbin müstəmləkəsi olaraq süquta uğradı.

Qərbin İslam dünyasına siyasi, iqtisadi, mədəni və hərbi hücumları şərqin oyanışında əhəmiyyətli rol oynadı. Bu istilalar nəticəsində islami hərəkatlar sür’ətləndi, daxili istibdadlar problemləri bir az da üzə çıxardı və mübarizələrə xəlqilik verdi. Son əsrdə baş vermiş islami hərəkatlar arasındakı bağlılıq bu hərəkatları nəhayətdə vahid inqilabi oyanışa çevirmişdir. Əzəmətli oyanış və mübarizə dalğası İslam dünyasının çox böyük bir hissəsini əhatə etmişdir. Misir, Suriya, Livan, İran, Türkiyə, Əfqanıstan, Pakistan, Əlcəzair, Tunis, Mərakeş, Hicaz, İndoneziya, Hindistan və İran kimi ölkələrdə İslam prinsiplərinə əsaslanan yeni bir siyasi düşüncə yaranmışdır.

Bir çox İslam ölkələrində ruhaniyyətin xəlqiliyi onların üzərinə rəhbərlik məs’uliyyəti qoymuşdur. Bütün bu hərəkatların fövqündə imam Xomeyninin (r) İslami hərəkatı dayanır. Dünyada baş vermiş islami hərəkatların idealları məhz bu hərəkatda gerçəkləşmişdir.

 

BÖYÜK QEYB DÖVRÜNDƏ ŞİƏ ALİMLƏRİNİN İDEOLOJİ VƏ SİYASİ MÜBARİZƏLƏRİ

İslam təfəkkür, düşüncə, elmi və mə’nəvi təkamül dinidir. Qur’an ayələri, İslam peyğəmbəri və onun haqq canişinlərinin hədisləri başdan başa elm və mə’rifət, hidayət və qurtuluşdur.

İslam dini insan və Allah, insanla onun özü, insanla cəmiyyət və təbiət arasındakı düzgün rabitəni müəyyənləşdirir. İlahi kəlamlarda insanın mə’nəvi təkamülünün tə’mini üçün ən üstün elmi və tərbiyəvi, ictimai və siyasi nizam tanıtdırılır. Agahlıq və dəlillər yolu ilə insanın inkişafı üçün şərait yaradılır. Mə’nəvi inkişafa mane ola biləcək daxili və xarici səbəblər insana tanıtdırılır və bu maneələrin aradan qaldırılmasında insanın bütün imkanları səfərbər edilir.

Ona görə də insanın ağıl, fitrət kimi daxili imkanları önə çəkilir, sonra isə diqqət ailə və cəmiyyət kimi xarici amillərə yönəldilir. İnsanın təkamülünə mane olacaq cəhalət, qürur, nəfsə itaət kimi xarici və daxili amillərlə mübarizəyə çağırılır.

Həmin bu məqamda da təkamülün maneələri ilə ideoloji və siyasi mübarizə başlayır. Təhrif olunmamış Məhəmmədi İslam qanunlarının hakimiyyəti İslamın son məqsədi kimi tanıtdırılır.

İnsanların ideoloji və siyasi baxışlarının formalaşdırılması həzrət Peyğəmbərin dövründə onun öhdəsinə idi. Həzrət Peyğəmbər dünyasını dəyişdikdən sonra bu vəzifə imamların çiyninə düşdü. Qeyb dövründə isə ləyaqətli alimlər imamət və mərcəiyyət (ideoloji və siyasi istiqamətləndirmə) kimi iki mühüm əsası öhdəyə götürdülər. Mə’sum imamların vəzifələri məcmusuna nəzər salmaqla böyük qeyb dövründəki nümayəndələrin də vəzifəsi mə’lum olur.

İslam Peyğəmbəri insanın dünya həyatı və axirət səadətinin tə’mini üçün kamil bir din gətirməkdən əlavə, siyasi bir nizam, ilahi bir dövlət də tə’sis etdi. Elə bir ümmət formalaşdırdı ki, bu ümmət onun tə’limlərindən agah oldu, Allah və onun rəsulunun göstərişlərinə itaət etdi. Peyğəmbər dünyasını dəyişdikdən sonra kamil dinin, yeni tə’sis olunmuş dövlətin hifzi onun haqq xəlifələrinə tapşırıldı. Qur’ni-kərimin təfsiri, cəmiyyətin ehtiyaclı olduğu hökmlərin aydınlaşdırılması, dövlət və ümmətin təhlükələrdən qorunması, e’tiqadi, əxlaqi və əməli dəyərlərin müdafiəsi mə’sum imamların vəzifələrindəndir. İmamların ideoloji və siyasi rəhbərliyi tarixdə aydın şəkildə əks olunmuşdur. Bəli, onların İslam cəmiyyəti üçün layiqli rəhbər olmasına tarix şahiddir.

İmamların ağır missiyası, onların böyük qeyb dövrü və onun tələblərindən xəbərdar olmaları bu dövrdə insanların ideoloji və siyasi baxımdan istiqamətləndirilməsi üçün onlardan yeni bir münasibət tələb edirdi. Onların sə’ylərinin əsas bir hissəsi İslam dünyasının gələcəyi üçün rəhbər kadrların tərbiyəsinə həsr olunmuşdu. Bu əsasla da şiələr və mə’sum imamların ardıcılları bütün islami elmlərin banisi sayılmış, uyğun istiqamətdə mühüm rol oynamışlar. İslamın həqiqi simasının ilkin müdafiəçiləri şiə alimləri olmuşlar. Onların bir çoxları bu yolda canlarından keçmiş, şəhadət şərbətini içmişlər.

Şiə alimlərinin mübarizəsi ictimai həyatın müxtəlif sferalarını əhatə etmişdir. Onlar xarici və daxili düşmənlərlə həm silah, həm də elm vasitəsi ilə vuruşmuşlar. Belə ki, qeyb dövrünün müxtəlif mərhələlərində ali məqamlı şiə alimləri mübarizə meydanını boş qoymamışlar.

 

QEYB DÖVRÜNDƏ ŞİƏ ALİMLƏRİNİN İDEOLOJİ MÜBARİZƏSİ

Şiə alimlərinin böyük qeyb dövründə apardığı elmi və ideoloji mübarizələr haqqında danışarkən ustad Seyyid Məhəmməd Təbatəbainin fəaliyyətlərini xatırlamaq kifayət edər. Əllamə Təbatəbai İslam elmlərində şiə üsulunu bəyan etdikdən sonra İslam elmlərinin inkişafında şiələrin rolunu aydınlaşdırmağa çalışmışdır. Əllamə buyurur:

«Şiələr hədis, kəlam və fiqh elmlərində var qüvvələri ilə çalışmış, bu və bununla bağlı dirayə, rical və üsul elmlərini kamal həddinə çatdırmışlar».

Əllamənin olduqca dəyərli «Əl-mizan» təfsiri, bu kitabda toplanmış elmi məcmuələr onu digər sünni və şiə təfsirlərindən fərqləndirir və çox-çox uca bir mərtəbəyə qaldırır. Şəhid Sədr kimi mütəfəkkirlərin, Əllamə Təbatəbai məktəbi şagirdlərinin elmi əsərləri İslam elmlərinin inkişafında mühüm rol oynamışdır.

İslam hökumətinin qurulması və siyasi, mədəni fəzaların azad olunması, elmi araşdırmalar üçün şərait yaranması şiə elmi cəmiyyətini xeyli irəli aparmış və müxtəlif elmləri rövnəqləndirmişdir.

 

QEYB DÖVRÜNDƏ ŞİƏ FƏQİHLİYİ VƏ FİQH MƏRKƏZLƏRİ

Fiqh və fəqihlik İslam elmlərinin ən mühüm sahələrindəndir. Dini mərcəiyyət fiqh və fəqihlik üzərində möhkəmlənmişdir. Başqa elm sahələrində eniş-yoxuşlar olsa da, fiqh elmi günbəgün inkişaf etmiş və güclənmişdir. Deyilənləri böyük İslam filosofu ustad Şəhid Mürtəza Mütəhhərinin sözləri bir daha təsdiq edir. Alim buyurur: «Üçüncü əsrdən başlayaraq bu günədək fiqh ardıcıl bir həyat yaşamış və heç vaxt qət olmamışdır. Fiqhi hövzələr, mərkəzlər on bir əsr yarım ərzində dayanmadan fəaliyyət göstərmişdir. Ustad və şagird rabitəsi bütün bu müddət ərzində qırılmamışdır. Zahirən heç bir mədəniyyətdə İslamdakı bu on bir əsr yarımlıq davamlı həyat olmamışdır. İslam mədəniyyətindən savay heç bir mədəniyyət belə bir uzun müddət ərzində nizamlı və ardıcıl şəkildə vahid ruha malik olmamışdır. Tarixdə daha çox davam etmiş mədəniyyətlərdə qırılmalar, qət olmalar müşahidə edilir.

Kiçik qeybin təsadüf etdiyi hicri üçüncü əsri fiqh üçün başlanğıc götürməyimiz üçüncü əsrdən əvvəl fiqhin olmaması demək deyil. Üçüncü əsrdən qabaq şiə fəqihlərinin imamların nəzarəti altında olması səbəbindən onun başlanğıcını qeyb dövründən götürdük. Əslində ictihad və fəqihliyin başlanğıcı, eləcə də, fiqh kitablarının tərtibi səhabələr dövründən başlamışdır.

 

İMAMLARIN DÖVRÜNDƏ FİQH VƏ FƏQİHLİK

Şiə fiqhi imamların dövründən kiçik qeyb dövrünədək və kiçik qeyb dövründən bu günədək müxtəlif mərhələlər keçmişdir. Həzrət Əlinin (ə) imamətindən imam Həsən Əsgərinin (ə) rehlətinədək mə’sum imamlar məcmusu İslam cəmiyyətində elmi bir hərəkat və düşüncə cərəyanı yaratmışlar. Bu iş qeyb dövründə dini mərcəiyyət tərəfindən davam etdirilmişdir.

İmamların dövründə Peyğəmbər əhli-beytinin xəttinə müvafiq düşüncə məktəbinin bünövrəsi qoyulmuşdur. İmamlar tərəfindən səpilmiş toxum qeyb dövründə cücərib ərsəyə gəlmişdir.

Bu məktəb üç əsas üzərində qurulmuşdur: elm və düşüncə cövhəri, tə’lim-tərbiyə üsulu, bu yükü daşıyacaq şəxsiyyətlər.

Bu məktəbin əsil mürəbbi və müəllimləri mə’sum imamlar olmuşdur. Onların tərbiyə etdiyi şəxslərə nümunə olaraq Zürarəni, Məhəmməd ibn Müslimi, Əbanı, Əbu-Həmzə Kəmalini, Yunis ibn Əbdürrəhmanı göstərmək olar.

Məktəb üçün zəruri olan mətnlər (təfsir, fiqh, üsul və s.) mə’sum imamlar tərəfindən ravilərə və səhabələrə çatdırılmışdır. İmamların səhabələri də öz növbələrində onların göstərişləri əsasında rəvayətləri toplamış və zaman keçdikcə kitab halına gətirmişlər. Həmin maarif əsasında bir çox dəyərli şəxsiyyətlər tərbiyə olunmuş, əhli-beyt ardıcılı olan fəqih məktəbləri formalaşmışdır.

 

KİÇİK QEYB DÖVRÜNDƏ ŞİƏ FİQHİ VƏ FƏQİHLİYİ

Kiçik qeyb dövründə mə’sum imamlarla birbaşa rabitə kəsildi. Hələ kiçik qeyb dövründən bir qədər əvvəl imam Hadi (ə) və imam Həsən Əsgəri (ə) xalqı əhli-beyt məktəbinin fəqihlərinə müraciət etməyi öyrədirdilər. Fəqihlər cəmiyyətin müstəqil şəkildə idarə olunmasına hazırlanırdılar. Həmin dövrdə bir çox hədis kitablarının məhv olmaq təhlükəsi vardı. Çünki şiələr ciddi təzyiqlərə mə’ruz qalırdılar. Dini mətnlərin vahid bir mətn şəklində olması istiqamətində sə’ylər göstərilirdi. İlk hədis məcmuəsini Məhəmməd ibn Yə’qub Kuleyni «Kafi» kitabında topladı.

Hədis rəvayətçiləri (ravilər) dərəcə e’tibarı ilə mərtəbələrə bölündülər. Hər bir rəvayətçinin e’tibarı nəzərdən keçirilirdi. Bu yolla imkan həddində dəqiq mə’lumatlar əldə etmək mümkün olurdu. İmamların səhabələrinin tərtib etdiyi məcmuələrin qeydə alındığı mündərəcatlar hazırlanırdı. Zaman ötdükcə dəlillərə əsaslanan fiqh formalaşırdı. Bir çox elm və araşdırma mərkəzləri tə’sis olunurdu.

Həmin iki dövrdə əsas iki fiqh məktəbi formalaşdı. Bu məktəblərdən biri Qumda mərkəzləşmiş «hədis raviləri» məktəbi, digəri isə Bağdadda mərkəzləşmiş mütəkəllimlər məktəbi idi.

 

BÖYÜK QEYB DÖVRÜNDƏ ŞİƏ FİQHİ VƏ FƏQİHLİYİ

Şeyx Müfid məktəbi əvvəldə adı çəkilən iki məktəbin bəhrəsi idi. Bu məktəb böyük qeyb dövründən bu günədək təkamül yolu keçmiş, zaman ötdükcə daha bəhrəli, möhkəm və əsaslı olmuşdur.

Şeyx Müfiddən sonra onun dəyərli şagirdləri seyyid Mürtəza və Şeyx Tusi üsul fəqihləri məktəbinin bünövrəsini qoydular. Şeyx Tusi şiə fiqhini yeni bir mərhələyə daxil etdi. Bu məktəb fəqihliklə bağlı bütün elmi sahələrdə yenilik və ixtira ardınca gedirdi. Bu məktəb bizim üçün olduqca dəyərli əsərlər miras qoymuşdur.

Şeyx Müfid, Seyyid Mürtəza, Şeyx Tusi şiə mərcəiyyətini guşənişinlikdən çıxardılar. Sünnə əhlinin fiqhini, kəlamını, təfsirini üstələyən şiə mərcəiyyəsi Bağdadda kəlam və fiqh ustadlıq kürsüsünü tutdu. Bu məhzəblərdən olan alimlər şiə fəqihlərinin biliyindən bəhrələnməyə başladı.

Çox çəkmədi ki, firqələrarası ixtilaflar və siyasi vəziyyət Şeyx Tusini mühacirətə vadar etdi. Həmin vaxtdan başlayaraq Nəcəf fəqihlik mərkəzi oldu. Dini mərcəiyyət bu əsrdə şiə təhsil mərkəzlərinin elmi və maddi ehtiyaclarını öz üzərinə götürdü. Ən yüksək təhsil dövrün mərcə’sinin öhdəsinə idi. Vəkillərin tə’yini, qəzavət mərcəiyyətin vəzifələrindən sayılırdı. Ünvanlanmış suallara da mərcə’ cavab verməli idi. Şiə fiqhi hazırkı əsrdə də Şeyx Müfid məktəbinin davamıdır. Əsrin fiqhi Şeyx Müfid məktəbinin bəhrələrindən faydalanır.

 

BÖYÜK QEYB DÖVRÜNDƏ ELMİ HÖVZƏLƏR VƏ ŞİƏ FƏQİHLİK MƏRKƏZLƏRİ

Böyük qeyb dövrünün başlanğıcında Bağdad fiqh və fəqihlik mərkəzi idi. Şeyx Tusinin Nəcəfe-Əşrəfə mühacirəti ilə hicri 448-ci ildə bu şəhər bir əsrə qədər ən böyük fiqh mərkəzi oldu. Nəcəflə yanaşı Hələb şəhəri də Şeyx Mürtəzanın şagirdi Səllar tərəfindən mərkəzə çevrilmişdi. Bu mərkəz əsrin ortalarınadək fəaliyyət göstərdi. Bu hövzənin məşhur böyüklərindən biri «Əl-Ğəniyyə» kitabının müəllifi Seyyid Əbül-Məkarim ibn Zöhrə olmuşdur.

Nəcəf hövzəsində elmi durumun zəifləməsi ilə ibn İdris Hilli Hillə şəhərində fiqhi hərəkata başladı. Beləcə, şiə fiqhinin elmi mərkəzi İraqın Hillə şəhəri oldu. Mühəqqiq Hilli, Əllamə Hilli kimi şöhrətli fəqihlər Şeyx Tusidən sonra şiə fəqihliyinin yeni mərhələsinin bünövrəsini qoyanlardan sayılırdı. Onlar şiə fiqhini mükəmməl vəziyyətə gətirib Şeyx Müfidin xəttini davam etdirdilər.

Hillə şəhərindən sonra fəqihlik mərkəzi Cəbəle-Amil və Şam məntəqəsinə köçürüldü. Əllamə Hillinin oğlu Fəxrul-Mühəqqiqinin şagirdi Şəhide-Əvvəl, sonra isə Şəhide-Sani bu mərkəzin məşhur fəqihləri olmuşlar. Onlar Şeyx Müfidin fiqh məktəbini Cəbəle-Amilə gətirdilər və güclü bir hövzə yaradıldı.

Şiə fiqhinin Şəhide-Əvvəl, sonra Şəhide-Sani və onların şagirdləri tərəfindən nizamlanması şiə aləmində yeni bir hərəkat vücuda gətirdi. Şiə dövlətinin rəhbəri üçün «Lümə» mətnini yazıb göndərən Şəhide-Əvvəl bu siyasi baxışına görə şəhadətə yetirildi.

Şəhid Mütəhhəri Cəbəle-amil fəqihlərinin, Səfəvilər dövlətinin və İran elmi hövzələrinin xəttindəki rolu barədə yazır: «Cəbəle-Amil fəqihləri səfəvilər xəttində mühüm rol oynamışdır. Bildiyimiz kimi, səfəvilər dərviş idilər. Əgər səfəvilərin ilk öncə tutduğu dərvişlik xətti Cəbəle-Amil fəqihləri tərəfindən dəyişdirilməsəydi, onların işinin sonu Türkiyə və ya Şamdakı ələvilərin mövqeyinə gedib çıxardı. Uyğun tə’sirdən əvvəla, İran dövlət və millətinin gedişi büdrəmələrdən amanda qaldı. İkinci, şiə təsəvvüfü orta bir yol tutdu. Ona görə də Mühəqqiq Kərzki, Şeyx Bəhayi kimi Cəbəle-Amil fəqihlərinin İsfəhan fiqhi hövzəsinin tə’sisində böyük haqqı vardır. Həmin vaxt Müqəddəs Ərdəbili və başqa alimlər vasitəsi ilə canlandırılmış Nəcəf hövzəsi bu gün də işini davam etdirir. İran şəhərlərindən yalnız Qum şəhəri Bağdad fəqihlik mərkəzi olduğu zaman fiqhi mərkəz şəklinə gətirildi. Bu mərkəz Qacar dövründə Mirza Əbül-Qasim Qummi tərəfindən canlandırıldı. Bu mərkəzin növbəti dəfə həyat əldə etməsi Hacı Şeyx Əbdül-Kərim Hairi Yəzdinin xidmətləridir. Qum hazırda iki böyük şiə mərkəzindən biridir».

Nəcəf elmi mərkəzinin daimi olaraq hücumlara mə’ruz qalması, hövzə rəhbərlərinin şəhadətə yetirilməsi səbəbindən digər alimlər və tələbələr İrana hicrət etdilər. Növbəti dəfə şiə fəqihlik mərkəzi Qum oldu. Nəcəf hövzəsində böyük alimlər olmasına baxmayaraq, hazırda hərəkat və təravət Qumdadır.

Şəhid Mütəhhəri buyurur: «Tarix, xüsusi ilə səfəvilərdən sonra İranın Həmədan, Şiraz, Yəzd, Kaşan, Təbriz, Zəncan, Qəzvin, Tus kimi şəhərlərində elmi mərkəzlər tə’sis olundu. Qum, İsfəhan və kiçik bir müddət Kaşan istisna olmaqla İran şəhərlərindən heç biri fiqh mərkəzinə çevrilmədi.»

Səfəvilər dövründən sonra Nəcəf hövzəsində yeni bir ruhiyyə yarandı və Kərbəla bir müddət şiə mərkəzi oldu. Sonradan şiə mərkəzi yenidən Nəcəfə köçürüldü. İran İslam inqilabında da ilk sözü Nəcəf elmi mərkəzində tərbiyə almış fəqihlər söylədi.

ŞİƏ ALİMLƏRİNİN MÜBARİZƏLƏRİ, SİYASİ FƏALİYYƏT ÜÇÜN ŞƏRTLƏR

Böyük qeyb dövründə şiə alimlərinin siyasi mübarizələri məcmusunu iki mövzuda xülasələşdirmək olar: 1. Siyasi fəaliyyət zəminəsi; 2. Siyasi fəaliyyət mərhələləri və hər mərhələdə onun növləri.

Siyasi fəaliyyət iki istiqamətdə aparılır:

İslam dövləti sərhədləri daxilində və müsəlman, qeyri-müsəlman müstəbid hakimlər qarşısında mübarizə;

İslam dövləti sərhədləri xaricində xarici və istilaçı qüdrətlərlə mübarizə.

Ölkə daxilində siyasi fəaliyyətləri nəzərdən keçirək:

İslam ümmətinin əlindən alınmış siyasi hüquqların tələbi;

Hakimlərin azğınlıqları ilə mübarizə;

İslami birliyin hifzi;

Cəmiyyətin islami simasının qorunması;

İdeoloji və əxlaqi azğınlıqlarla mübarizə.

Ölkə sərhədlərindən kənarda aparılan mübarizə növlərini nəzərdən keçirək:

İslam düşmənlərinin ideoloji və e’tiqadi hücumlarına cavab;

İslam ölkələrinə edilən silahlı hücumlara qarşı müqavimət;

Super dövlətlərin siyasi və iqtisadi hegemonluqlarına qarşı mübarizə;

İslam dünyasını parçalayan təfriqələrə qarşı mübarizə;

Super dövlətlərin məğlubedilməzlik mifinə qarşı mübarizə.

 

BÖYÜK QEYB DÖVRÜNDƏ ŞİƏLİK DİNİ MƏRCƏİYYƏTİ, MƏRCƏİYYƏTİN ƏSASI VƏ İMAMƏT XƏTTİNİN DAVAMI

İslam kamil, ümumbəşəri və əbədi bir dindir. İslam insan vücudunun müxtəlif həyat mərhələlərində bütün yönümlərinə diqqət yetirir. Bu baxışda cəmiyyət də bir fərd, dünya da axirət kimi bir yer tutur. İslam bəşəriyyət üçün ən münasib həyat proqramını bəyan edir.

İslamın ümumbəşəriliyi və əbədiliyi İslam nizamında rəhbərlik məsələsini olduqca əhəmiyyətli edir.

Həzrət Peyğəmbərin İslam cəmiyyətinin gələcəyindən və bəşəriyyətin İslama üz tutacağından xəbər verməsi, özündən sonra insanların diqqətini on iki imama yönəltməsi, on ikinci imamın uzun çəkəcək qeybi haqqında danışması nəzərə alınarsa, İslam dəyərlərini qoruyacaq rəhbərliyin zəruriliyi də qəbul olunar. Əgər bu gün imam qeybdədirsə, demək, onun hər hansı bir nümayəndəsi İslam dinini təhlükələrdən qorumalıdır. Ona görə də on ikinci imamın qeyb dövründə rəhbərlik məsələsi məntiqi, ağılabatan və zəruri bir məsələdir. Belə bir əsasın inkar olunması kamilliyin, şəriətin idarəçilik gücünün inkar olunmasıdır. İmam qeybdə olduğu bir dövrdə zəruri şərtlərə malik fəqihin rəhbərliyi mövcud vəziyyətdən ən gözəl çıxış yoludur. Bu səbəbdən də fəqih hakimliyi haqqında dini mətnlərdə, Qur’an və peyğəmbər sünnəsində mə’lumatlar verilmişdir. Belə bir qurumun tə’sisi İslam cəmiyyətinin qeyb dövründəki bir çox problemlərini aradan qaldırmışdır. Fiqh və fəqihlik sayəsində tarixin ən eniş-yoxuşlu dövrlərində belə şiə düşüncəsi öz təravətini itirməmişdi.



Geri   İrəli
Go to TOP