A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Qeyb dövrü
Müəllif: Pur Seyyid Ağayi
Naşir: Mo’ce-elm
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


İmamın qüsl, kəfən və dəfn işləri ilə Osman ibn Səid Əmri məşğul oldu. Şiə e’tiqadına görə hər bir imamı ondan sonrakı imam dəfn etməli, onun üçün namaz qılmalıdır. Amma imam Həsən Əsgərinin (ə) vəfatından sonra xüsusi bir şərait yaranmışdı və təqiyyə gözlənilirdi. İkinci bir tərəfdən Osman ibn Səid Əmri həzrət Mehdinin (ə) naibi olaraq bu işləri görürdü. Əlbəttə ki, imamın vəfat etdiyi dövr və şərait əvvəlkilərdən fərqlənirdi. Übeydullah ibn Xaqan deyir: «İmamın cənazəsi dəfnə hazır olduqda xəlifə imamın cənazəsinə namaz qılmaq üçün qardaşı Əbu-İsa ibn Mütəvəkkili göndərdi. Cənazə namaz üçün yerə qoyulduqda Əbu-İsa cənazəyə yaxınlaşdı və həzrətin üzünü açıb onu ələvilərə, Abbasilərə, qazilərə, alimlərə və digər şahidlərə göstərdi və dedi: «Bu Əbu-Məhəmməd Əsgəridir ki, təbii şəkildə dünyasını dəyişmişdir. Onun təbii şəkildə öldüyünə qazilər, həkimlər, mə’murlar şəhadət verirlər». Sonra cənazənin üzünü örtdü, ona namaz qıldı və göstəriş verdi ki, cənazəni dəfn üçün aparsınlar.

Bu üsul abbasi hakimlərinin şiə imamlarına münasibətdə təcrübədən keçirdiyi bir üsul idi. Xalq, xüsusi ilə də şiələr bu üsulla az-çox tanış idilər.

Şeyx Səduqun nəql etdiyinə görə, bu namazdan qabaq evin daxilində həzrət üçün başqa bir namaz da qılındı. Xadim yataqdan bayıra çıxdı və imamın qardaşı Cə’fərə müraciətlə dedi: «Ey mənim ağam, qardaşınız kəfən edildi. Ona namaz qılın». Bu vaxt imam Mehdi (ə) göründü və dedi: «Mən atamın namazını qılmağa daha layiqəm».

Məşhur bir rəvayətə görə, imam Həsən Əsgəri (ə) Mö’təməd tərəfindən zəhərləndikdən sonra xəstələndi və rəbiul-əvvəlin səkkizində dünyasını dəyişdi. Buna əsasən də, imam Mehdinin (ə) imaməti həmin tarixdən götürülməlidir. Həzrət elə həmin vaxtdan da pərdə arxasındadır. Şübhəsiz ki, həzrət bir gün zühur edər və yer üzünü ədalətlə doldurar.

İMAM MEHDİNİN (Ə) AXTARIŞI

Kitabın beşinci fəslində qeyd etdiyimiz kimi, on iki imamın xəbərləri həzrət Peyğəmbərdən və onun ailəsindən nəql olunmuşdur. Abbasi xəlifələri bu inamla mübarizə aparır, şiələri belə bir inamdan çəkindirməyə çalışırdılar. Onlar həzrət Musanın dünyaya gəlişindən qorxaraq bu doğumun qarşısını almaq istəyən Fir’on kimi həzrət Mehdinin (ə) dünyaya gəlişindən narahat idilər. Mö’təbər rəvayətlərin və’d etdiyi kimi, nə vaxtsa zühur edən həzrət imam zalım hökumətlərin əyyaşlığına son qoymalı idi.

Bu səbəbdən də imam Həsən Əsgərini (ə) nəzarət altına aldılar, onun dünyaya gələsi övladını qətlə yetirmək fikrinə düşdülər. Onlar haqqında Peyğəmbərin xəbər verdiyi Mehdini (ə) aradan götürməklə öz harın həyatlarını qorumağa çalışırdılar.

Daha üstün biliyə malik olan Əhli-beyt imamları həzrət Mehdinin (ə) qeybi haqqında öncədən xəbər vermişdilər. Bu isə Abbasilərin planlarını pozurdu. Qarşıya çıxacaq maneələri öncədən bilən imamlar həzrət Mehdinin (ə) viladətini məxfi saxlamaq kimi tədbirlər görürdülər. Yalnız xüsusi şiələr bu məsələdən xəbərdar idi. İmam Həsən Əsgəri (ə) şəhadətə çatdıqdan sonra bu xəbər yayılmağa başladı. Mə’lum oldu ki, imamın övladı olmuşdur və bu övlad on ikinci imam, və’d edilmiş Mehdidir. Bu xəbər Abbasiləri qorxuya saldı. İmam Həsən Əsgəridən (ə) sonra onun övladının qalması xəbəri Mö’təmədin on ikinci imamı qətlə yetirmək fikrinə saldı. Həzrətin evində axtarış aparıldı, sonra isə mənzil möhürləndi. Mö’təməd azğın bir hərisliklə imamın övladını axtarmağa başladı. Hətta imam Həsən Əsgərinin (ə) arvadları və kənizlərinin hamilə olub-olmadığı yoxlanıldı. Kənizlərdən birinin hamil olduğu ehtimal edildiyi üçün onu uzun bir müddət nəzarət altında saxladılar. Nəhayət, mə’lum oldu ki, kəniz hamilə deyilmiş.

Tarixi mənbələrdə qeyd olunur ki, imamın anası Nərcis Xatun nəzarət altına alındı. Onlar Nərcis xatunun vasitəsi ilə imamı tapmaq istəyirdilər. Amma həmin dövrdə ardıcıl olaraq baş verən hadisələr abbasi hakimlərinin başını qatdı.

Farslara qalib gəlmiş Yə’qub ibn Ləys Səffari Bağdada hərəkət etdi. Mö’təməd və Mütəvəkkil Samirradan çıxıb Yə’qub Ləyslə qarşılaşmaq üçün Bağdada səfər etdilər. Mö’təmədin vəziri Übeydullah ibn Yəhya ibn Xaqan və Nərcis Xatuna nəzarəti öhdəsinə götürmüş qazilər qazisi dünyasını dəyişdi. Bu hadisələrin ardınca Sahibe-Zənc qiyam qaldırdı və Abbasilərin müşkülləri daha da artdı.

’FƏRİN HƏRƏKƏTLƏRİ

İmam Həsən Əsgərinin (ə) qardaşı Cə’fər öz atası və qardaşının əqidəsinə zidd hərəkət etdi. İmam Hadidən (ə) oğlu Cə’fər haqqında rəvayət olunmuşdur ki, həzrət bə’zi səhabələrinə buyurmuşdur: «Oğlum Cə’fərdən uzaq olun. Çünki o mənim üçün Nuhun oğlu kimidir». Cə’fər qardaşı imam Həsən Əsgərinin (ə) vəfatından sonra şə’ninə layiq olmayan işlər gördü. O, qardaşının cənazəsinə onun oğlu imam Mehdi (ə) namaz qılmalı olduğu halda bu namazı özü qılmaq istədi. Cə’fər abbasi vəziri Übeydullah ibn Yəhya ibn Xaqana dedi: «Qardaşımın məqamını mənə verin. Mən ildə buna görə sizə iyirmi min dinar verərəm». Vəzir Cə’fərə dedi: «Ey axmaq! Sultan sənin atanı və qardaşını imam hesab edənlər üçün qılıncını hazırlamışdı. Bununla belə onları öz əqidəsindən döndərə bilmədi. Əgər şiələrin yanında atanın və qardaşının məqamına malik olsan, sultanın təsdiqinə ehtiyac yoxdur. Yox əgər belə bir məqamın yoxdursa, sultan o məqamı sənə verə bilməz.

Sonra vəzir Cə’fəri təhqir etdi və bir daha onu yanına buraxmadı. Vəzirdən ümidini üzmüş Cə’fər sultanın yanına getdi. Amma xəlifədən də eyni cavabı eşitdi. Bu səbəbdən də imam Kazimin oğlu Cə’fər tarixdə «Cə’fəre-kəzzab», yə’ni yalançı Cə’fər kimi tanınmışdı.

Cə’fərin digər ləyaqətsiz işi imam Həsən Əsgərinin mülkünə sahib olmaq istəməsi idi. O deyirdi ki, qardaşımın övladı yoxdur və onun yeganə varisi mənəm. Abbasilər Cə’fərə qardaşının mülkünə sahib olmaq icazəsi verdilər.

İMAM MEHDİNİN (Ə) HƏBSİ ÜÇÜN GÖRÜLƏN TƏDBİRLƏR

Qardaşı imam Həsən Əsgərinin (ə) övladı olduğunu bilən Cə’fər canişinlikdən ümidini üzdükdən sonra imam Mehdini (ə) Abbasilərə təhvil vermək istədi. Bu hadisə Qumdan gəlmiş hey’ətlə görüşdən sonra baş verdi. Bu hey’ətin suallarını cavablandıra bilməyən Cə’fər xəlifənin yanına gedib onlardan xəbərçilik etdi. Xəlifə Qumdan gəlmiş hey’ətə dedi: «İmam Həsən Əsgəri (ə) üçün gətirdiyiniz pulu Cə’fərə verin. Onlar dedilər: «Biz müəyyən şərtlər daxilində pulu verə bilərik. Çünki bu pulun sahibləri qarşımıza şərtlər qoyublar». Cə’fər bu insanların həbsi üçün çalışsa da, xəlifə onun istəyinə mənfi cavab verib hey’əti azad etdi. Qum hey’əti şəhərdən çıxdıqdan sonra imam Mehdi (ə) öz xidmətçisini onların görüşünə göndərdi. Xidmətçi imamın sözlərini onlara çatdırdıqdan sonra hey’ət gətirdiyi məbləği xidmətçiyə təhvil verdi.

Cə’fər yenidən Mö’təmədin yanına gedib dedi: «Qumdan gəlmiş hey’ət gətirdiyi məbləği Mehdiyə (ə) təhvil verdi». Beləcə, imamın evinə basqın edildi. Ev qarət olundu. Onların başının qatıldığını görən imam (ə) mənzildən xaric oldu. Amma Nərcis Xatunu həbs edib, sorğu-suala çəkdilər.

’FƏRİN TÖVBƏSİ

Qeyd etməliyik ki, imam Mehdi (ə) şiələrin Cə’fər haqqında verdiyi suala cavab olaraq Məhəmməd ibn Osman ibn Səid Əmriyə yazdı ki, əmisi Cə’fər və onun övladları həzrət Yusifin qardaşları tək nəhayətdə tövbə etmişlər.

SƏRDABƏ ƏHVALATI

Bəs həzrət Mehdi (ə) harada və necə qeybə çəkildi? Doğrudanmı imam atasının mənzilindəki sərdabədə qeybə çəkilmiş və hələ də oradadır?

Bu mövzu ilə bağlı şiələrə qarşı bir çox ittihamlar irəli sürülmüşdür. Müxaliflər deyirlər: «Şiələrin e’tiqadına görə, abbasi xəlifəsinin mə’murları Samirrada həzrətin mənzilinə hücum etmişlər ki, onu həbs etsinlər. Həmin vaxt sərdabədə olan həzrət insanların nəzərindən qeybə çəkilmişdi. Hələ də o sərdabədədir və yemək-içməksiz yaşayır. Bir gün oradan zühur edəcək». Əlbəttə ki, deyilənlər böhtandır. Bu uydurma əhvalat o qədər yayıldı ki, hətta həzrətə «Sərdabə sahibi» ləqəbi verildi.

Hansı ki, şiə mənbələrində sərdabə sözü iki dəfədən artıq işlədilməmişdir. Uyğun kələməni öz qeydlərində xatırladan sünnə əhli eyni əhvalat vasitəsi ilə şiələrə hücum edirlər. Onlar güman edirlər ki, şiələr öz imamlarını sərdabədə axtarıb və sərdabədən zühur edəcəyini gözləyirlər. Belə bir əhvalatı danışanlar şiə mənbələrinə müraciət etmək istəmirlər.

Hansı ki, şiə tarixinə və rəvayətlərinə görə imam Mehdi (ə) doğulduğu gündən məxfi olmuşdur. İmamın həyatının bu dövrü «ixtifa» dövrü adlandırılır. O, yalnız atasının vəfatından sonra qeybə çəkilmişdir. Kiçik qeyb dövrü imam Həsən Əsgərinin (ə) vəfatından sonra başlayır. Atasının dəfnindən sonra mənzilə qayıdan imamı bir daha cəmiyyət arasında görən olmamışdır.

Şiə rəvayətlərinə əsasən həzrət insanlar arasında yaşayır, həcc mərasimində iştirak edir. Sadəcə, insanlar onu tanımırlar. Haqqında danışılan evin iki hissəsi olmuşdur. Evin bir hissəsi kişilərə, digər bir hissəsi isə qadınlara aid imiş. Otaqların altında isə sərdabə yerləşirmiş. İsti günlərdə ev əhli sərdabədə yaşayırmış. Şiələr bu evi və həmin sərdabəni möhtərəm sayırlar. Çünki onların imamları bu evdə yaşamışdır. Bu evdə imam Hadi (ə), imam Həsən Əsgəri (ə), eləcə də, imam Mehdi (ə) Allaha ibadət etmişlər. Təbii ki, rəhbərə olan sevgi ona aid olan başqa şeylərə də diqqəti artırır. Bütün dinlərdə və məzhəblərdə belədir. Şiələr məhz ilahi eşq əsasında müqəddəs məkanları qoruyurlar. Amma belə bir ehtiram müxaliflərin töhmətlərinə əsas ola bilməz.

Həqiqət budur ki, həzrət Mehdinin (ə) Samirrada sərdabədə qeybə çəkilməsi yalan və böhtandır. Heç bir şiə alimi belə bir əqidədə deyil.

SƏRDABƏ HAQQINDA İKİ TARİXİ MƏ’LUMAT

Abbasi Mö’təzidin xilafətinin başlanğıcında, hicri iki yüz yetmiş doqquzuncu ildə imam Həsən Əsgərinin (ə) evində iki dəfə axtarış aparıldı. Bir dəfə Mö’təzid üç nəfəri məxfi olaraq həzrətin evinə göndərdi və göstəriş verdi ki, evdə kimi görsələr, öldürsünlər və başını xəlifəyə gətirsinlər. Bu üç nəfər evə daxil oldular və evdə gözəl pərdəli bir məxfi otaq tapdılar. Pərdəni qaldırdıqları vaxt sanki coşub-daşan bir dərya gördülər. Bu dəryanın qurtaracağında bir şəxs ayaqlarının altında həsir, suyun üzərində dayanıb namaz qılırdı. Otağa daxil olmuş mə’murlardan ikisi suya girib irəli getmək istədilər. Amma qərq olmaq təhlükəsi ilə üzləşib geri qayıtdılar. Nəhayət, bu üç nəfər arasındakı başçı namaz qılan şəxsdən üzr istədi. Amma namaz qılan şəxs onlara əhəmiyyət vermədən namazına davam etdi. Xəlifənin göndərdiyi adamlar geri qayıdıb gördüklərini ona danışdılar. Xəlifə dedi: «Gördüklərinizi kimsəyə danışmayın».

Başqa bir dəfə də Mö’təzid bu evə basqın etdi. İmam Həsən Əsgərinin (ə) evinə soxulmuş dəstə sərdabədə Qur’an qiraəti səsi eşitdilər. Sərdabədən kiminsə çıxacağını gözləməyə başladılar. Sərdabədə olan şəxs isə onların diqqətsizliyindən istifadə edib sərdabədən çıxdı. Dəstənin rəisi ətrafdakılara göstəriş verdi ki, sərdabəyə daxil olub, Qur’an oxuyan şəxsi tutsunlar. Onlar dedilər: «Məgər onun çıxıb getdiyini görmədinmi?» Dedi: «Bəs nə üçün onu tutmadınız?» Dedilər: «Biz düşündük ki, sən onu görürsən. Ona görə də hərəkət etmədik».

Şiə rəvayətlərində həzrət Mehdi (ə) ilə bağlı yalnız bu iki rəvayətdə sərdabə sözü işlədilmişdir. Bu iki rəvayət isə kiçik qeybdən on doqquz il sonraya aiddir. Həm də rəvayətlərdə həzrətin sərdabədən çıxdığı bildirilir. Bu əhvalatlarda deyilənlərlə müxaliflərin uydurduğu əhvalatlardakı iddialar heç vəchlə uyuşmur. Şiələrin hər sübh və axşam sərdabənin qarşısında dayanıb, imamlarının zühurunu gözləmələri tamamilə əsassız bir böhtandır.

QEYBİN FƏLSƏFƏSİ

Qeyb fəlsəfəsi, intizarın rolu, imam Mehdinin (ə) xüsusiyyətləri, onun ömrünün uzunluğunun səbəbi, zühur zamanı və zühurdan sonrakı hadisələr kimi tarixi çaları olmayan mövzulardan söhbət getdikdə bu mövzuları geniş izah etmək lazım gəlir. Amma mövzular kitabımızda tarixi baxımdan araşdırıldığından uyğun mövzular haqqında xülasə şəkildə danışmağa məcburuq. Həzrət Peyğəmbər (s) və onun girami Əhli-beytinin (ə) imam Mehdinin (ə) qeybinə münasibəti ilə tanış olmaq üçün bə’zi rəvayətlərə ötəri nəzər salacağıq.

Müsəlmanların həzrət Mehdinin (ə) bəşəriyyətin xilaskarı olmasına, gələcəkdə zühur edib qiyam qaldıracağına, yer üzünü ədalətlə dolduracağına olan inamı həzrət Peyğəmbər dövründən vardı. Bu inam islami e’tiqadlar sırasında idi. Həzrət Peyğəmbərin əhli-beytindən və Fatimə (s) övladlarından olan Mehdinin (ə) qiyamına e’tiqad həm şiə, həm də sünni məzhəbində qəbul olunmuş bir e’tiqaddır. Sadəcə, sünni əhlinin fikrincə, həzrət Mehdi (ə) hələ ki doğulmayıb və dünyanın sonunda zühur edəsidir. İmamiyyə şiələri isə həzrət Mehdinin (ə) hal-hazırda qeybdə olduğuna e’tiqadlıdırlar. İmamın qeybdə olması xalqın hazırlığı və intizarı ilə əlaqəlidir. Buna görə də şiələr uyğun zühura hazırlığı və imamın intizarında olmağı ən fəzilətli əməllərdən sayırlar.

İmamiyyə məzhəbinin haqq olmasının dəlillərindən biri də mə’sum imamların uzun illər boyu həzrət Mehdinin (ə) qeybi haqqında xəbər verməsidir. Tarix şahiddir ki, on ikinci imam həzrət Peyğəmbər və əvvəlki imamların buyurduğu şəkildə qeybə çəkildi. Artıq kimsə iddia edə bilməz ki, on iki imamçı şiələr həzrət Mehdinin (ə) qeybi haqqında hədislər düzəltmişlər. Həzrətin qeybinin gerçəkliyi Allahın şiələrə əta etdiyi bir ne’mətdir.

Bəs həzrət Mehdinin (ə) qeybinin hikməti və fəlsəfəsi nədir? Nə üçün həzrət Mehdi (ə) əvvəlki imamlar tək xalq arasında aşkar yaşamamışdır? Bu sualların cavabında deyə bilərik ki, bu hadisəyə təbii bir hadisə kimi baxsaq, qeybin səbəbi kimi Abbasilərin taliblərə yönəlmiş təzyiqlərini nəzərdən qaçırmamalıyıq. Bu baxımdan, imamın xəlvətə çəkilməsi və qeybi həmin dövrün imamlara qarşı günbəgün sərtləşən siyasətinin nəticəsidir. Daha aydın desək, imamlar Abbasilərin uyğun siyasətinə qarşı ixtifa və qeyb üsulundan faydalanmışlar. Bu işdə əsas məqsəd son imamı dövrün təhlükəli hadisələrindən qorumaq olmuşdur. İmam Cavadın (ə) dövründən başlayaraq mə’sum imamlara qarşı yönəldilmiş siyasi təzyiqlər günbəgün artmışdı. Bu təzyiqlər nəticəsində on ikinci imamın fəaliyyətləri son dərəcə məhdudlaşdırılmışdı. Artıq on ikinci imamın fəaliyyəti üçün heç bir şərait qalmamışdı. Belə bir məqamda Allahın iradəsi ilə həzrət Mehdi (ə) qeybə çəkildi. Doktor Casim Hüseyn bu barədə yazır: «Abbasi hökumət başçıları imamların fəaliyyətlərini məhdudlaşdırmaq fikrində idilər. Ona görə də imamları öz saraylarına aparır, nəzarət altında saxlayırdılar. Onlar bu yolla imamların öz ardıcılları ilə əlaqə saxlaması imkanını aradan qaldırırdılar. İmam Rizanın (ə) dövründə imamlara qarşı başlamış məhdudlaşdırma fəaliyyətləri on birinci imamın dövründən davam etdi. Nəticədə imamlar da öz son canişinlərini mövcud şəraitdən qorumaq üçün siyasət seçdilər. İmamlar belə bir nəticəyə gəldilər ki, on birinci imamın övladı Abbasilərin nəzərlərindən gizli qalsın. O yalnız bu yolla, gizli şəkildə fəaliyyətini davam etdirə bilərdi. Hədislərdə elə bir imamın vücudu haqqında öncədən xəbər verilir ki, o, nəzərlərdən gizli qalsın, öz siyasətlərini ardıcılları arasında məxfi şəkildə yerinə yetirsin. Bu imam on ikinci imamdır. Belə tədbirlər əvvəlcədən görülmüşdür ki, imamiyyə şiələri səfirləri vasitə olaraq qəbul etməyə hazır olsunlar».

Casim Hüseynin dilindən bəyan olunmuş qeyb fəlsəfəsi İslam rəvayətlərində başqa bir formada nəql olunmuşdur. Mə’sum imamlar müxtəlif məqamlarda bu məsələyə toxunmuşlar. İndi uyğun mövzuları işıqlandıran İslami rəvayətlərə nəzər salaq. İmam Mehdinin (ə) fəlsəfəsi haqqında peyğəmbər əhli-beytinin buyuruqları ilə tanış olaq.

İLAHİ SİRLƏRDƏN BİRİ

İmam Mehdinin (ə) qeybə çəkilməsi Allahın sirlərindən biridir. Bu hadisənin əsil hikməti bəndələr üçün məxfidir. Bu məsələ yalnız həzrətin zühurundan sonra aydınlaşasıdır. Həzrət Peyğəmbər buyurur: «Ey Cabir! Bu Allahın öz bəndələrinə məxfi saxladığı işlərindən və sirlərindəndir». İmam Sadiq (ə) buyurur: «Həqiqətən də, Sahibul-əmr üçün (imam Mehdi (ə)) qarşısıalınmaz bir qeyb vardır. Hər batil axtaran onda şəkkə düşər. Bunun səbəbini bəyan etməyə icazəmiz yoxdur. Bu qeybin hikməti əvvəlki qeyblərin hikmətidir və zühurdan sonra aydınlaşacaq. Necə ki, Xızrın körpə oğlanı öldürməsi, uçmuş divarı bərpa etməsi Musa üçün qaranlıq qalmışdı və yalnız ayrıldıqda aydın oldu. Qeyb Allahın işlərindən və sirlərindəndir».

SALEH İNSANLARIN SINAĞI VƏ SEÇİLMƏSİ

Bə’zi rəvayətlərdə bildirilir ki, əsrin imamının qeybinin hikməti saleh insanların xəlbirdən keçirilməsi və sınağa çəkilməsidir. Əmirəl-mö’minin Əli ibn Əbi-Talib (ə) buyurur: «And olsun Allaha, mən də, bu iki övladım da şəhid olacağıq. Allah-təala axır zamanda mənim övladlarımdan birini bizim qanımızı almaq üçün ayağa qaldırar. O bir müddət qeybə çəkilər ki, xalq seçilsin, azğınlar mə’lum olsun. İş bir yerə çatar ki, nadanlar deyər: «Allahın artıq ali-Məhəmmədlik bir işi qalmayıb».

İmam Hüseyn (ə) buyurur: «İmam Mehdi (ə) üçün qeyb dövrü vardır. Bu qeyb dövründə bə’ziləri dindən çıxar, bə’ziləri möhkəm dayanar. Kim bu qeyb dövründə düşmənlərin yaratdıqları çətinliklərə səbr etsə, Allah ona elə bir savab verər ki, sanki peyğəmbərlə yanaşı qılınc çəkib düşmənlərlə döyüşmüşdür».

İmam Baqir (ə) Fərəclə (zühurla) bağlı verilən sualı belə cavablandırır: «Şiələr ciddi bir ilahi imtahandan keçməyincə həzrət zühur etməyəcək». İmam Sadiq (ə) buyurur: «İmam Mehdinin (ə) qeybi şiələrin imtahana çəkilməsidir». İmam Musa ibn Cə’fər (ə) buyurur: «Bu qeyb Allah-təalanın öz bəndələrini imtahana çəkməsi üçündür.

 

İNSANLARIN ZALIMLIĞI

Bə’zi rəvayətlərdə qeybin fəlsəfəsi kimi insanların zalımlığı göstərilir. Əmirəl-mö’minin Əli (ə) Kufə məscidində buyurdu: «Yer üzü ilahi höccətsiz olmur. Amma Allah-təala insanların zalımlığı səbəbindən onları öz höccətinin vücudundan məhrum edər».

DÜNYANIN HAZIRLIĞI

Həzrət Mehdinin (ə) sonuncu canişin və bəşəriyyətin xilaskarı ünvanı ilə zühur edib yer üzündə İslamı başqa dinlərə qalib etməsi üçün, şübhəsiz ki, dünyanın hazırlığı və şərait lazımdır. Belə bir məqsədin gerçəkləşməsi üçün yer üzündə münasib şərait yaranmalıdır. Buna əsasən də yer üzündə hazırlığın olmamasını imam Mehdinin (ə) qeybinin fəlsəfəsi kimi qəbul edə bilərik.

DÖVRÜN ZALIMLARINA BEY’ƏT VƏ ƏSARƏT BOYUNDURUĞUNDAN AZAD OLMAQ

Bə’zi islami rəvayətlərdə bildirilir ki, imam Mehdinin (ə) qeybinin səbəbi onun bu yolla zalımların bey’ətindən azad olmasıdır. Həzrət heç bir zalım hakimə bey’ət etməmiş, onun hakimiyyətini tanımamışdır. Ona görə də o qiyam edəcəyi vaxt azad olasıdır. Digər imamlar təqiyyə səbəbindən öz dövrlərinin hakimiyyətini tanımışlar. İmam Mehdi (ə) isə heç bir hökumət qarşısında öhdəçilik götürməmişdir. Əgər imam qeybə çəkilməzdisə, şübhəsiz ki, dövrün zalım hökumətlərinə bey’ətə vadar edilərdi.

İmam Həsən Müctəba (ə) bu barədə buyurur: «Bizim hər birimiz öz dövrümüzdə təqiyyə səbəbindən dövrün hakiminə bey’ət etmişik. Yalnız İsa ibn Məryəmin iqtida edəcəyi imam Mehdi (ə) belə olmayacaq. Allah onun dünyaya gəlişini məxfi saxlayacaq və onu qeybə çəkəcək. O qiyam etdiyi vaxt öhdəsində heç bir hakimə bey’ət olmayacaq».

Digər mə’sum imamlardan da bu mövzuda rəvayətlər nəql edilmişdir.

Müqəddəs nahiyədən Məhəmməd ibn Osman Əşri vasitəsi ilə İshaq ibn Yəquba belə bir namə gəldi. Həzrət namədə buyururdu: «Allah-təala qeybin nə üçünlüyü barədə buyurur: «Ey mö’minlər! Cavabı sizə xoş gəlməyəcək şeylər barədə soruşmayın. Mənim atalarımın hamısı təqiyyəni gözlədilər və öz dövrlərinin hakiminə bey’ət etdilər. Amma mən qeyb pərdəsi arxasında olduğumdan kimsəyə bey’ət etmədim. Vaxtı çatanda azad şəkildə qiyam edəcəyəm».

İMAM MEHDİNİN (Ə) QORUNMASI

Allah-təala on ikinci imamı düşmənlərin fitnələrindən qeyb vasitəsi ilə qorumuşdur. Əgər imam Mehdi (ə) qeybə çəkilməsəydi, onun qanına susamış, ata-babalarını qətlə yetirmiş abbasi xəlifələri, şübhəsiz ki, onu da şəhid edəcəkdilər. Belə olduqda yer üzü höccətsiz qalardı. İmam son imam olduğundan yer üzü höccətsiz qala bilməzdi. Bu barədə əhli-beyt imamlarından xeyli rəvayət nəql olunmuşdur. İmam Baqir (ə) buyurur: «Bizim qaimimiz üçün qiyam etməzdən qabaq qeyb vardır. Bu qeybin səbəbi onun qətlə yetirilməsinin qarşısının alınmasıdır».

Şeyx Tusi qeybin fəlsəfəsi haqqında bir neçə rəvayət nəql etdikdən sonra yazır: «Qeybin hikməti və fəlsəfəsi haqqında xəbərlərdə deyilənlər əslində qeybin öz fəlsəfəsi haqqında yox, onun nəticələrinin fəlsəfəsi haqqındadır. Qeybin səbəbi isə imamın həyatının düşmənlərdən qorunması olmuşdur».

KİÇİK QEYB DÖVRÜNÜN XÜSUSİYYƏTLƏRİ

Qeyd etdiyimiz kimi, imam Mehdinin (ə) ixtifa dövründən və imam Həsən Əsgərinin (ə) rehlətindən sonra iki növ qeybi olmuşdur. Kiçik qeyb adlanan birinci dövr ixtifa dövrü başa çatdıqdan sonra başlamış və altmış doqquz il davam etmişdir. Kiçik qeyb dövrü başa çatdıqdan sonra böyük qeyb dövrü başlamış və bu dövr hazırda da davam etməkdədir.

İmam Həsən Əsgərinin (ə) şəhadəti və həzrət Mehdinin (ə) imaməti ilə başlayan kiçik qeyb dövrü həzrətin dördüncü səfiri Əbül-Həsən Əli ibn Məhəmməd Səmərinin vəfatı ilə başa çatmışdır. Bu dövrün səciyyəvi xüsusiyyətlərini nəzərdən keçirək:

1. Kiçik qeyb dövrü məhdud olmuşdur və yetmiş ilə qədər davam etmişdir. Bu dövr məhdud olduğu üçün kiçik qeyb dövrü adlanmışdır. Böyük qeyb dövrü hazırda da davam etdiyindən və onun müddəti yalnız Allaha mə’lum olduğundan bu dövrü böyük qeyb dövrü adlandırmışlar.

2. Kiçik qeyb dövründə imam Mehdi (ə) əksər insanlardan məxfi şəkildə yaşasa da, öz vəkilləri, səfirləri ilə təmasda olmuşdur. Hətta bu səfirlər bə’zi insanları imam Mehdi (ə) ilə görüşdürmüşlər.

Xalq öz suallarını dörd səfir vasitəsi ilə imama çatdırmış və onlardan cavab almışdır. Uyğun dövrdə müqəddəs nahiyədən dörd səfir vasitəsi ilə şiələrə göstərişlər verilmişdir.

Amma dördüncü səfir Səmərinin vəfatından sonra böyük qeyb dövründə bütün rabitələr kəsilmişdir. Səmərinin ölümündən bir neçə gün qabaq imam Mehdi (ə) ona həyatının başa çatması haqqında xəbər vermişdir. Yetmiş il əvvəl davam etmiş bu sayaq rabitələrə böyük qeyb dövründə təsadüf edilmir. İmamın bu izahatı haqqında növbəti söhbətlərimizdə danışacağıq.

3. Kiçik qeyb dövründə imamın dörd vəkil və ya nümayəndəsi olmuşdur. Bu dörd şəxs üçün biri o birinin ardınca vəkillik hökmü çıxarılmışdır. İmamın digər nümayəndələri bu dörd səfirdən göstəriş almışlar. Amma kiçik qeyb dövrü başa çatdıqdan sonra xüsusi bir nümayəndə olmamışdır. Mə’sum imamların göstərdiyi şərtlərə malik olanlar həzrətin ümumi nümayəndələri sayılmaqdadırlar. Ona görə də kiçik qeyb dövründən sonrakı dövrü fəqihlərin rəhbərlik və ya vəkillik dövrü kimi təqdim etmək olar.

4. Kiçik qeyb dövründə bə’zi insanlar həzrəti görüb tanıya bilərdilər. Böyük qeyb dövründə isə kimsə onu görmür, görənlər isə tanımırlar.

Hətta bə’zi xüsusi insanlar həzrəti görüb tanısalar, bu barədə başqalarına danışmaq haqqına malik deyillər. Yalnız həzrətin öz icazəsi ilə e’tibarlı şəxslərə bu barədə mə’lumat vermək olar.

İMAM HƏSƏN ƏSGƏRİNİN VƏFATINDAN SONRA FİRQƏLƏRARASI İXTİLAFLAR

Abbasi hakimləri mahiyyət e’tibarı ilə zülm-sitəm yolu seçmişdilər və günbəgün xalq arasındakı nüfuzlarını itirirdilər. Əksinə, mə’sum imamlar öz keçmişləri və bugünki rəftarları ilə İslam ümməti arasında daha çox sevilməkdə idilər.

Abbasi hakimləri vaxt ötdükcə ictimai dayaqlarını itirirdilərsə, şiə imamları daha çox ictimai dəstək qazanırdı.

Belə bir gediş zalım abbasi hakimlərinə ağır gəldiyindən onlar günbəgün öz zülmlərini artırırdılar. Onların imamlara münasibətdə düşmənçiliyi elə bir həddə çatmışdı ki, hətta imam Həsən Əsgərinin (ə) mənzili nəzarət altına alınmışdı. Şiələr öz imamları ilə görüşməkdə çətinlik çəkirdilər. Abbasilər imam Həsən Əsgəridən dünyaya gələcək körpəni öldürmək qəsdində idilər.

Təbii ki, Abbasilərin belə siyasəti imam Həsən Əsgərini (ə) ehtiyatlı olmağa, təqiyyəni gözləməyə sövq edirdi. Bəli, imam Həsən Əsgərinin (ə) dövründə təqiyyə ən yüksək həddinə çatdı. İmam Həsən Əsgəri (ə) əvvəlki imamlardan daha çox təqiyyə edir, xüsusi ilə də, imam Mehdinin (ə) dünyaya gəlişini gizli saxlayırdı.

İMAM HƏSƏN ƏSGƏRİDƏN (Ə) SONRA YENİ ŞİƏ FİRQƏLƏRİ

Həzrət Mehdinin (ə) dünyaya gəlişinin məxfiliyi imam Həsən Əsgərinin (ə) vəfatından sonra imamət məsələsinə münasibətdə şiələr arasında tərəddüdə səbəb oldu. Şiə əqidəsinə görə imamət məqamına seçilmək üçün on birinci imamın oğlu olmalı idi. İmam Həsən Əsgərinin (ə) övladından xəbərsiz olanlar bu barədə şəkk-şübhəyə düşdülər. Mənbələrdə bildirildiyinə görə imam Həsən Əsgəridən (ə) sonra onun ardıcılları on dörd və ya on beş firqəyə bölündülər. Bu firqələrin sayının iyirmiyə çatdığını bildirənlər də var.



Geri   İrəli
Go to TOP