A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İslamda qəhraman qadınlar
Müəllif: Məhəmməd Məhəmmədi İştiharidi
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


İmperator məclisin xətm olmasını e`lan etdi və hamı dağıldı. Sonra əmr etdi ki, yerə düşmüş çırağı, qəndili, taxtı və digər əşyaların hamısını öz yerinə qoysunlar.

İmperator bu dəfə qərara gəldi ki, Məleykəni digər qardaşı oğlu ilə evləndirsin və öz-özünə dedi: “Bu zəlzələ hadisəsi onun üçün idi ki, Məleykə birinci qardaşı oğlu ilə deyil, ikinci qardaşı oğlu ilə evlənsin”.

Sarayı məclis keçirmək üçün ötən dəfəki kimi bəzədilər. Qapıçılar və xidmətçilər özlərinə məxsus yerdə durdular. Taxtı da öz yerinə qoydular. Möhtərəm məsihi ruhaniləri xüsusi paltarlarda əllərində şamdanlar taxtın kənarında durdular. İkinci qardaşı oğlu da özünə məxsus taxtda oturdu. Nikah mərasimi başladı. Keşişlər nikahı oxumaq istəyəndə yenə də zəlzələ baş verdi. Bütün məclisdəkilər pərişan oldular, rəngləri qaçdı və məclis bir-birinə dəydi, taxtlar çevrildi. İmperator və ikinci qardaşı oğlu da taxtdan yerə yıxıldılar. Hamı dəhşətli halda sarayı tərk edərək öz evinə getdi. İmperator qəm-qüssə və fikir içində qərq oldu. Bir an da olsun belə bu iki təəccüblü hadisəni unutmurdu.

NƏRGİZİN (Ə) MARAQLI YUXUSU

Məleykə pak təbiətli bir qız olduğu üçün o cür adamlarla evlənməyə razı deyildi. Onun arzusu allahpərəstlik, mə`nəviyyat və səfa-səmimiyyətlə dolu olan evə getmək idi. Amma baş vermiş bu iki hadisə, onu da fikir içində qərq etdi. O öz-özünə deyirdi: «Mənim axırım necə olacaq? Axırda hara gedəcəm? Pərvərdigara mənə kömək ol və mənə nicat ver».

O daim fikirli və qəmgin olardı. Bir gecə onu yuxu apardı. Yuxu aləmində gördü ki, cəddi Şəm`un Həzrət Məsihlə (ə) və Həzrət Məsihin (ə) ən yaxın sirdaşlarıyla birgə saraya daxil oldular. Birdən imperatorun taxtının yerində əzəmətli bir minbər qoyuldu. Sonra gördü ki, on iki nəfər çox xoş simalı, nurani və gözəl kişi saraya daxil oldular. Yuxu aləmində Məleykəyə deyildi: “Saraya daxil olan bu adamlar İslam Peyğəmbəri (s), İmam Əli (ə), İmam Həsən (ə), İmam Hüseyn (ə), İmam Səccad (ə), İmam Baqir (ə), İmam Sadiq (ə), İmam Kazim (ə), İmam Rza (ə), İmam Cavad (ə), İmam Hadi (ə) və İmam Həsən Əsgəridir (ə)”.

Birdən müşahidə etdi ki, İslam Peyğəmbəri (s) üzünü Həzrət Məsihə (ə) çevirərək dedi: “Biz bura Məleykəni Şəm`undan oğlum Həsən Əsgəriyə (ə) almaq üçün gəlmişik”.

Həzrət Məsih (ə) Şəm`una dedi: “Bəh-bəh! Səadət sənə üz gətirib. Özünü Məhəmmədin (s) ailəsi ilə qohum et”.

Şəm`un bu təklifdən çox sevindi. Sonra Həzrət Məhəmməd (s) minbərə qalxdı, nikah xütbəsini oxudu və Məleykə ilə İmam Həsən Əsgərinin (ə) kəbinlərini kəsdi. Sonra Həzrət Məsih (ə), Şəm`un və Həzrət Məsihin (ə) yaxın sirdaşları bu nikaha şəhadət verdilər (şahid olduqlarını bildirdilər).

YUXU ALƏMİNDƏ İSLAMI QƏBUL ETMƏSİ

Məleykə deyir: “Yuxudan oyandım. Ancaq mənə təhlükə yaranmaması üçün yuxumu heç kimə, hətta cəddim (babam) Rum imperatoruna belə demədim. Lakin gecə-gündüz bu maraqlı yuxu barəsində fikirləşirdim və öz-özümə deyirdim: “Mən buradayam. İmam Həsən Əsgəri (ə) isə buradan çox uzaq bir şəhərdədir. Onun evinə necə gedib çıxa bilərəm? İmam Həsən Əsgərinin (ə) məhəbbəti tamam qəlbimi bürümüşdü. Yalnız onun barəsində fikirləşirdim. Axırda xəstələnib yatağa düşdüm. Bütün Rum həkimlərini mənim başımın üstünə gətirdilər. Ancaq onların müalicəsi nəticəsiz qaldı. Çünki mənim xəstəliyim cismi xəstəlik deyildi ki, onların müalicəsi ilə sağalsın. Bir gün atam məndən naümid olub dedi: “Sənin bir arzun varmı ki, onu yerinə yetirim?”

Ona dedim: Arzum budur ki, döyüşdə əsir düşmüş müsəlman dustaqlara çətinlik yaratmayasınız, onlara işgəncə verməyəsiniz. Bəlkə bu yaxşı işə görə Allah mənim halımı yaxşılaşdıra, sağlamlığımı mənə qaytara, Həzrət Məsih (ə) və anası Məryəm (ə) bu yaxşı işə görə mənə lütf və mərhəmət edələr.

Atam mənim istəyimi yerinə yetirdi. Müsəlman dustaqlarının bir hissəsini azad etdi. Bə`zilərinin də cəzasını və işgəncələrini bağışladı. Mən çox sevindim. O gündən sonra mənim halım günbə-gün yaxşılaşırdı. Bu səbəb oldu ki, atam müsəlman dustaqlarından çoxunun ürəyini ələ almağa, bağışlamağa və onları razı salmağı əmr etdi. Bu hadisədən on dörd gecə ötdü. Bir gecə yatdım və yuxuda gördüm ki, dünya və axirətin əziz və möhtərəm xanımı Fatimeyi-Zəhra (ə), Həzrət Məryəm (ə) və bir neçə digər qadınla mənim yanım gəldilər. Həzrət Məryəm (ə) mənə dedi ki, bu xanım sənin ərinin anasıdır. İxtiyarsız həyat yoldaşım İmam Həsən Əsgərini (ə) xatırladım. Ürəyim üzüldü və Fatimeyi-Zəhraya (ə) ərz etdim ki, İmam Həsən Əsgəridən (ə) gileyliyəm. Mənə baş çəkmir. Daha ağlamaq mənə aman vermədi, zarzar ağladım. Həzrət Fatimə (ə) buyurdu: “Nə qədər ki, sən xaçpərəstsən, oğlum sənin sorağına gəlməyəcək. Əgər Allah və Həzrət Məsihin (ə) səndən razı qalmasını istəyirsənsə, İslam dinini qəbul et, gözlərin İmam Həsən Əsgərinin (ə) camalını görməklə aydınlaşsın”.

Mən dedim: “Ey möhtərəm xanım! Bütün vücudumla İslamı qəbul etməyə hazıram”.

Həzrət (ə) buyurdu: “De, əşhədu ənla ilahə illəllahu və əşhədu ənnə Məhəmmədən (s) rəsulullah”.

Mən dedim: “Allahın birliyinə və Həzrət Məhəmmədin (s) peyğəmbərliyinə şəhadət verirəm”.

Bu zaman Fatimeyi-Zəhra (ə) məni məhəbbətlə dolu bağrına basıb nəvaziş etdi və buyurdu: “Sevin! Sənə müjdə verirəm ki, bundan sonra İmam Həsən Əsgəri (ə) görüşünə gələcək və sən onun ziyarətinə müvəffəq olacaqsan!”

Yuxudan oyandım. Çox sevinirdim. Daim Allahın birliyinə və Məhəmmədin (s) peyğəmbərliyinə şəhadəti dilimə gətirirdim. İmam Həsən Əsgərinin (ə) intizarında idim. Hər gecə həmin fikir və düşüncəylə yatırdım. Bir gecə yuxuda gördüm ki, İmam Həsən Əsgəri (ə) görüşümə gəldi. Onunla görüşdən çox sevindim. Gileyləndim ki, niyə mənim görüşümə gəlmirdin? Mənim qəlbim sənin məhəbbətində qərq olmuşdu.

O buyurdu: “Ayrılığa səbəb bu idi ki, sən İslam dinində deyildin. Bundan sonra Allah səni zahirdə mənim həyat yoldaşım edənə kimi görüşünə gələcəm”. Yuxudan oyandım. Hər gecə o böyük insanı yuxuda görərdim. Bundan sonra halım yaxşılığa doğru gedirdi. Allahın mərhəməti ilə öz sağlamlığımı yenidən əldə etdim.

RUMLULARLA MÜSƏLMANLARIN DÖYÜŞÜ

Məleykə arzu edirdi ki, bir gün Rum imperatoru ailəsindən uzaqlaşsın, bu ailənin dünyapərəstlik mühitindən nicat tapsın və İmam Həsən Əsgərinin (ə) evində xidmət və iftixar səadətinə nail olsun. Bu zaman rumlularla müsəlmanlar arasında uzunmüddətli müharibə davam edirdi. Bu müharibələrdə bəzən müsəlmanlar qalib gəlirdilər, bə`zən də rumlular. Təbiidir ki, müharibədə insanlar əsir alınıb, əsarətə düşərdilər. Bu uzun müddətli döyüşlərdə bə`zən müsəlmanlar rumlulara əsir düşər, bə`zən də əksinə, rumlular müsəlmanlara əsir olardılar. O zaman adət-ən`ənə belə idi ki, əsirləri kəniz və qul kimi satar, ya da öz əsirləri ilə dəyişərdilər. Səfərlərin birində, Məleykə bir neçə qadınla imperatorla birlikdə olan zaman İslam ordusuyla rastlaşdılar. Rumlularla İslam ordusu arasında toqquşma baş verdi. Bu savaşda müsəlmanlar qalib gəldilər. Qadınların bir hissəsi, o cümlədən Məleykə müsəlmanlara əsir oldular. Əsirləri gəmilərlə Dəclə çayı ilə satmaq üçün Bağdada gətirdilər. Alverçilərdən biri, Əmr ibn Yəzid adlı tanınmış qul alverçisi idi.

İMAM HADİNİN (Ə) TƏ`YİN ETDİYİ NÜMAYƏNDƏ

Bir gün İmam Həsən Əsəgərinin (ə) əziz və möhtərəm atası İmam Hadi (ə) Samirra şəhərində təcrübəli qul alverçisi olan dostu Buşr ibn Süleymanla görüşərək ona altında öz imzası olan rum dilində yazılmış bir məktub verdi. Həmçinin ayrıca bir pul kisəsi də verərək buyurdu: “İstəyirəm Bağdada gedib bu pul kisəsi ilə bir kənizi alıb bura gətirəsən”.

Buşr ibn Süleyman dedi: “Çox yaxşı. Hər nə əmr etsəniz itaət edərəm”.

İmam Hadi (ə) buyurdu: “İndi isə eşit, sənə izah edim kənizi necə alacaqsan. Filan gün buradan Bağdada tərəf hərəkət edərsən. Çalış ki, filan gün dan yeri sökülməmişdən qabaq Bağdadın tanınmış çay körpüsünün yanına yetişəsən. Ora çatanda görəcəksən ki, bir neçə gəmi öz yükünü boşaltmaq üçün çayın kənarına gəlirlər. Bu arada əsir düşmüş qadınların gəmidən düşürülüb, kəniz kimi satışa qoyulduğunu görəcəksən. Müştərilər gəlib kənizləri alıb özləri ilə aparacaqlar. Diqqət et. Görəcəksən ki, gəmilərdən birində Əmr ibn Yezid bir qızı satır. Qul alverçiləri kənizləri alıcılara göstərəcəklər. Amma o qız özünü göstərməyə icazə verməyəcək. Öz hicab və iffətini qoruyacaq. O, iki ipək paltar geyinmiş olacaq və çiynində dəridən qiymətli bir paltarı varıdır. Qul alanlar onu görüb almaq üçün israr edərlər. O narahat olub rumca deyər: “Amandır, hicabım əldən getməsin!”

Alıcılardan biri deyər: “Mən bu kənizi üç yüz dinara alıram”.

Qız ona cavab verər: “Süleymanın mülkü qədərincə var-dövlətin olsa, sənin kənizin olmağa razı deyiləm”.

Əmr ibn Yezid o qıza deyər: “Çarə yoxdur, gərək səni satam”.

O deyər: “Tələsmə! Mən istədiyim müştəri tapılacaq. Gərək müamilə iki tərəfin razılığı ilə olsun”.

Bu zaman Əmr ibn Yezidin yanına get. De ki, bu qadın üçün rum dilində yazılmış bir məktub var. Bu məktubu o qadına ver oxusun. Əgər razı olsa, onu nişanə və əlamətləri bu məktubda yazılmış şəxs üçün alacam. Məktubu ona verəndə o, razı olacaq. Bu zaman onu al və buraya gətir”.

Məleykə bir neçə qadınla birlikdə əsir olanda, onu heç kəsin tanımaması üçün özünü Nərgiz adlandırdı (onun ərəbcə tələffüzü Nərcisdir).

Buşr ibn Süleyman İmam Hadinin (ə) tapşırığı əsasında müəyyən olunmuş gün Bağdada gələrək səhər tezdən çaydakı körpünün yanına getdi. O, burada gəmilərin körpüyə çatdığını və kənizlərin satışa qoyulduğunu gördü. Bu zaman İmam Hadinin (ə) buyurduğu xüsusiyyətlərə malik olan kənizi gördü. Müştərilər onu almaqda israr etsələr də o, onların kənizi olmağa meyilli deyildi. Buşr qabağa gəldi və satıcının icazəsi ilə İmam Hadinin (ə) məktubunu Nərgizə verdi. Nərgiz o məktubu oxuyanda ixtiyarsız əhvalı dəyişdi və gözləri yaşardı. Sevincindən qəhər boğazını tutduğu halda sahibi Əmr ibn Yezidə dedi: “Məni bu məktubun sahibinə sat”.

O israr və tə`kidlə hökmən məktub sahibinə satılmasını tələb etdi. Əmr ibn Yezid dedi: “Çox yaxşı. Mane yoxdur”.

Sonra qiymət barəsində Buşr ibn Süleymanla söhbət etdi. O, İmam Hadinin (ə) göndərdiyi kisədəki həmin miqdar pulla razılaşdı. Buşr deyir: “Pul kisəsini verib kənizi aldım və onunla birlikdə oradan çıxıb yola düşdük. O tez-tez məktubu çıxardıb öpür və gözlərinə sürtürdü. Mən təəccüblənib dedim: “Sən ki, məktub sahibini tanımırsan, niyə məktubu bu qədər öpürsən?”

O dedi: “Sənin mə`rifət və agahlığın azdır. Əgər Peyğəmbəri (s) və onun canişinlərini tanısaydın, belə deməzdin?”

Sonra öz əhvalatını əvvəldən axıra kimi mənim üçün danışdı. Mən Həzrət Nərgizin (ə) ali və uca düşüncəli, mə`nəvi şəxsiyyətini və paklığını anladım. Bundan sonra ona çox ehtiram etdim. Samirraya çatdıq. Onu İmam Hadinin (ə) hüzuruna apardım. İmam Hadi (ə) ona “xoş gəldin” dedi və əhvalını soruşdu. Sonra bacısı Həkimə Xatuna xəbər verdi və ona buyurdu: “Bu, intizarında olduğun o möhtərəm qadındır”.

Həkimə onu bağrına basdı, xoş gəldin və təbrik dedi. İmam Hadi (ə) ona buyurdu: “İslamın izzətini, xristianlığın zillətini necə gördün?”

O ərz etdi: “Sizin məndən daha yaxşı bildiyiniz şeyi mən necə deyə bilərəm”.

Sonra İmam Hadi (ə) bacısı Həkiməyə buyurdu: “Onu evə apar və İslam dininin hökmlərini öyrət. O, oğlum Həsənin həyat yoldaşı və Ali Məhəmmədin (s) Məhdisinin (ə) anası olacaq”.

İMAM HADİNİN (Ə) NƏRGİZƏ (Ə) MÜJDƏSİ

İmam Hadi (ə) üzünü Nərgizə tutaraq dedi: “Müjdə olsun sənə, dünya zülmə qərq olduqdan sonra onu başdan-başa ədalət dolu hökumət nuru ilə dolduracaq bir övladla!”

Bəli, belə pak və ağıllı bir qız, şahların çirkin həyat tərzi ilə dolu sarayından xilas olaraq, anasının cəddi (ulu babası) Şəm`unun yolunu getdi və həmin müqəddəs əqidə və hədəfi davam etdirdi. Allah da ona bu işdə yardım etdi. Sonra o, İmam Həsən Əsgərinin (ə) həyat yoldaşı və Həzrət İmam Zamanın (ə) anası olmaq ləyaqət və iftixarına nail oldu. İmam Hadinin (ə) bacısı onu Seyyidə (Xanım) kimi çağırardı. Bu xoş səadətli qadın hicri 261-ci ildə, bə`zi rəvayətlərə əsasən İmam Həsən Əsgəridən (ə) qabaq dünyadan getdi. Onun qəbri Samirra şəhərində İmam Həsən Əsgərinin (ə) məzarının yanındadır.[186] Bu qadının iste`dad və ləyaqəti onun şəxsiyyətini elə bir məqama çatdırdı ki, bəşəriyyət aləminə nicat verən Ali Məhəmmədin (s) Qaimi (ə) onun tə`lim-tərbiyəsi ilə böyüdü.

BİR NEÇƏ GÖRKƏMLİ ŞƏXSİYYƏT VƏ ALİM QADINLARDAN XATİRƏ

İslam tarixi boyunca digər bir neçə görkəmli alim qadınlar da olmuş və onların hər biri öz dövründə parlayıb nur saçmışlar. Burada sizin nəzərinizi onlardan bir neçə nümunəsinə cəlb edirik.

ÜMMÜ XALİD

Ümmü Xalid Mə`bədiyyə yaxşı və mə`rifətli şiə qadınlarından idi. Bir zaman o, mə`də xəstəliyi tapdı. Müalicə üçün təbibin yanına getdikdə, təbib ona bildirdi: “Bir az şərabla qarut (buğda ya noxud) ununu bir neçə gün ye, yaxşılaşacaqsan”.

Bu qadın öz-özünə dedi: “Sağalmaq üçün şərab içmək olar, yoxsa yox?”

Qərara gəldi ki, bu məsələni İmam Sadiqdən (ə) soruşsun. O, Həzrətin (ə) hüzuruna gəldi və əhvalatı Həzrətə (ə) ərz etdi. İmam Sadiq (ə) buyurdu: “Səni onu içməməyə nə məcbur edir?”

O dedi: “Mən sizə itaət etmək ipini öz boynuma salmışam” (Yə`ni qiyamət günü deyəcəm ki, Məhəmməd ibn Cəfər (ə) məni əmr və nəhy edəndə, mən də onun əmrlərinə itaət etdim).

İmam Sadiq (ə) üzünü ona çevirdi və buyurdu: “Ondan hətta bir damcısını da dadma. Yox, and olsun Allaha! Sənə ondan bir damcı da olsun belə içməyə icazə verməyəcəm”.

Sonra üç dəfə buyurdu: “Ölüm boğaza çatanda (əliylə boğazına işarə etdi) peşiman olacaqsan, anladınmı?”[187]

ŞƏHİDİ-ƏVVƏLİN HƏYAT YOLDAŞI ÜMMÜ ƏLİ

Şəhidi-Əvvəl (fiqh kitabı “Lüm`ə”nin müəllifi) kimi tanınmış Şəmsuddinin (876-cı hicri qəməri ilində vəfat edib) həyat yoldaşı Ümmü Əli müctəhidə və pərhizkar qadınlardan idi. Şəhidi-Əvvəl onu tə`rifləyər və qadınlara, dini məsələləri öyrənmək üçün ona müraciət etmələrini tapşırardı. Onun Rəziyuddin (Məhəmməd), Ziyauddin (Əli) və Cəmaluddin (Həsən) kimi müctəhid oğlanları bu qadının tə`lim-tərbiyəsi ilə boya-başa çatmışdılar. Onun Fatimə (Ümmül-Həsən) adlı bir qızı da var idi. O da ata-anasının yolunu getmiş, elm və təqvada, ictihad və pərhizkarlığın sərhəddinə kimi çatmışdı. Şəhidi-Əvvəlin göstərişiylə qadınlar din elmlərini ondan öyrənərdilər. O, Şəhidi-Əvvəlin tapşırığı ilə öhdəsinə qoyulmuş şagirdləri yetişdirməkdə elə bir həddə çatdı ki, onu “Sittul-Məşayix” (hədis ustadlarının Xanımı) çağırardılar.[188]

MİRZƏ KUÇİK XANIN HƏYAT YOLDAŞI

Qəhrəman, vəfalı və düşüncəli qadınlardan biri də (ingilis istismarçıları ilə mübarizə aparmış meşə sərdarı) Mirzə Kuçik Xanın həyat yoldaşı idi. Bu xanım ərinin həyatının ən çətin anlarında onunla idi və onunla birlikdə çiyin-çiyinə mübarizə aparırdı. Mirzə ona dedi: “Sən həyatımda mənim üçün elə bir qadınsan ki, ən çətin şəraitdə dağ kimi müqavimətli olmusan və eyni halda mənə olan məhəbbətin bir zərrə də azalmayıb. Həyatda yoldaş və həyatımın, ömrümün şəriki olmağın mə`nası budur. Sənə minnətdaram! Uca Allahdan sənin üçün ən böyük mükafatı arzu edirəm”.

Bu sözü dedi, həyat yoldaşı ilə xudafizləşdi və daha qayıtmayıb şəhid oldu.[189]

PƏRVİN E`TİSAMİ

Alim və nümunəvi qadınlardan biri də şe`r divanının müəllifi, şairə qadın Pərvin E`tisamidir. O, 1285-ci hicri şəmsi ilində Təbrizdə anadan olub. Hələ ömrünün 35-ci baharını yaşamamış hicri şəmsi 1320-ci il fərvərdin ayının 16-sı, şənbə gecəsi dünyasını dəyişib. Bu qadın çox dərin mə`nalı şe`rlərdən ibarət olan divanını özündən yadigar qoyub. Onun məzarı müqəddəs Qum şəhərində Həzrət Xanım Mə`sumənin (ə) hərəminin böyük səhnində (Astanə meydanı tərəfdən hərəmə daxil olanda, sağ tərəfdəki ikinci otaqda) yerləşir. O xanımın şe`rlərindən bir neçə sətri sizə təqdim edirik.

Bil ki, İran qadının nadanlıq etmişdir əsir,

Həm ərə, həm arvada elmin nuru bir rütbədir.

Həmçinin buyurub:

Qadınla kişinin vəzifəsi nə?

Dənizçi gəmini aparır önə.

Gəmi möhkəmdirsə, dənizçi aqil

Tufandan qorxu yox, əldədir sahil.

BÖYÜK MƏQAM SAHİBİ VƏ MÜCTƏHİDƏ QADIN XANIM İSFƏHANİ

Haqqında qeyd etdiyimiz qadınlardan biri də möhtərəm alim, filosof, müctəhid, zamanədə nadir və müasir qadın kimi tanınmış Xanım İsfəhani Nüsrət Əmindir. O, 1274-cü hicri şəmsi ilində İsfahanda anadan olub. Atası mərhum Hacı Seyyid Məhəmməd Əli Əminut-Tuccar idi. Onun anası da abidə və pak bir qadın, üç oğlundan sonra həmin bu qızı vardı. O, on beş yaşında İsfahanın tanınmış və mö`təbər tacirlərindən olan öz əmisi oğlu Hacı Muinut-Tuccarla evlənib. O uşaqlıq dövrlərindən iste`dad sahibi və İslam elmlərini öyrənməyə çox meyilli idi. Onun ustadlarından biri mərhum Ayətullah Hacı Mir Seyyid Əli Nəcəfabadidir. O deyir: “Bir gün eşitdim ki, Xanım İsfəhaninin uşağı dünyadan gedib. Öz-özümə dedim, yəqin Xanım İsfəhani dərsi tə`til edəcək. Ancaq iki gündən sonra xəbər göndərdi ki, mənzilinə gedib tədris edəm”.

Bu qadın İslam elmlərindən fiqh, üsul, fəlsəfə və irfanda ictihadın ali dərəcəsinə nail oldu. Böyük alimlərin ona verdiyi icazələr buna aydınlıq gətirir.[190]

XANIM İSFƏHANİNİN ƏSƏRLƏRİ

O, bir çox kitabların müəllifidir. Onun çap olunmuş əsərləri bunlardır:

1. Məxzənul-ləali (İmam Əlinin (ə) şə`ninə yazılıb).

2. Seyru-süluk dər rəveşe Ənbiya (ə).

3. Məad ya axərin seyre bəşər.

4. Əxlaq və rahe səadəte bəşər.

5. Rəveşe xöşbəxti.

6. Təfsire Qur`an be name “Məxzənul-irfan” dər 15 cild.

7. Nəfəhatur-rəhmaniyyə.

8. Camiuş-şətat.

9. Ərbəinul-Haşimiyyə (bu kitab ərəbcə yazılıb və Xanım İsfəhaninin şagirdlərindən biri “Ələviyyə Humayuni” onu tərcümə və çap edib yaymışdır. Bu, Xanım İsfəhaninin ilk əsərlərindəndir).

Xanım Əmin İsfəhaninin tə`sis etdiyi “Əmin” qızlar məktəbi və dini dərslər tədris olunan “Fatimə (ə) məktəbi” mədrəsəsi kimi digər işləri də vardı. O xanımın özü də bu mədrəsədə tədrislə məşğul olardı. O, Ələviyyə Humayuni (“Ərbəinul-Haşimiyyə” kitabının mütərcimi) və “Fatimə (ə) məktəbi”nin müdiri kimi şagirdlər yetişdirdi. Xanım İsfəhani 87 yaşında 1361-ci hicri şəmsi ilində İsfahan şəhərində dünya ilə vidalaşdı.[191]

Beləliklə, nəticə alırıq ki, “Tövbə” surəsinin 31-ci ayəsində “Onlar kişilərlə bərabər fəsadla mübarizə və əmr be mə`ruf, nəhy əz münkər meydanına gələr” buyurulduğu kimi, qadınlar müxtəlif sahələrdə ali dərəcədə elmi və siyasi tərəqqilərə nail ola bilər, ağır məs`uliyyətli işləri öhdəsinə almaq ləyaqətini tapar və böyük şəxsiyyətli kişi və qadınlar yetişdirib cəmiyyətə təhvil verə bilərlər.

İMAM XOMEYNİNİN QADININ ŞƏ`NİNƏ BUYURDUĞU MÖHTƏŞƏM BƏYANATLAR

Qadın kimdir və tarix dünyada necə qadınların olduğunun şahididir. Biz də İslamın necə qadınlar yetişdirdiyini görmüşük.

İslam tərbiyəsi almış bu qadınlar qan, can verməklə, küçələrdə yürüşlər edərək bu hərəkatı qələbəyə çatdırdılar. Bu hərəkat qadınların sayəsində qələbə qazandı. Çünki kişilər küçələrdə yürüş edəndə, qadınlar onları bu işə sövq edirdilər. Qadın elə bir məxluqdur ki, məhv olunmayan (İlahi) bir qüdrətlə şeytani qüdrəti aradan apara bilər. Həmin bu qadını Rzaxan və oğlunun dövründə öz məqamından aşağı səviyyəyə endirmişdilər. Ey möhtərəm qadınlar! Bu cür şeytanlara aldanmayın. Bunlar sizləri pozğunluq bataqlığına çəkmək istəyirlər. Bunlar hiyləgərlik yolundadırlar. İslam dini isə sizin üçün xoş səadət yaradır. Sabah (cəmadiəs-sani ayının 20-si, Fatimə Zəhranın (ə) anadan olduğu gün) qadınlar günüdür. Elə bir qadın günüdür ki, iki aləm onunla fəxr edir və qızı (Zeynəb (ə)) zalım hökumətlər qarşısında durub, niqt söylədi. Elə bir adamın qarşısında durdu ki, əgər kişilər onun qarşısında nəfəs alsaydılar, hamısını öldürərdi. Lakin o qorxmayıb Yezidin hökumətini məhkum etdi və ona dedi: “Sən adam deyilsən”.

Qadın gərək belə bir məqama malik olsun.[192]

Qadın da kişilər kimi bütün sahələrdə hüquqa malikdir. Lakin həm kişiyə bə`zi şeylər haramdır (bə`zi fəsadların yaranmasına görə), həm də qadına. İslam istəyir ki, qadın kişinin əlində oyun-oyuncağa çevrilməsin.[193]


 

Yeddinci fəsil

QADINLARIN ƏMƏL ETMƏLİ OLDUĞU BİR NEÇƏ VƏZİFƏ

Bu fəsildə qadınların və qızların inkişaf amili, tərəqqisinin əsası, kamilləşməsi və hərtərəfli səadətə nail olmaları üçün İslamda lazım sayılan doqquz mühüm əməli xülasə şəklində nəzərinizə çatdırırıq.

1-Qadın üçün ən yaxşı şey

Qadın üçün hər şeydən mühüm hicab və iffətdir. O, öz şəxsiyyətini dərk edəndə oyun-oyuncağa, alış-veriş əşyasına çevrilməz, öz gözəlliyini çirkin adamların tamaşasından qoruyub saxlayar və yalnız ərinə məxsus olar. İslam hicabı və iffətli olmaqla, təlaq və ayrılıq, qeyri-şər`i əlaqələr, ana bətnindəki uşaqların siqtinin (vaxtsız salınmasının), uşaqların başsız qalmasının və onlarla digər fəsadın qarışısı alınar.

Hicab mədəni və əxlaqi inqilabın çarxlarının hərəkətə gəlməsi üçün güclü amil, nəsillərin süqutu təhlükəsinin qarşısını almağın əsas bünövrəsi və ailə mühitinin qorunması amilidir.

İslam hicabı qadınlar üçün məhdudiyyət deyil, qadınların alış-veriş əşyası olmasının qarşısını alaraq, onları cəmiyyətin müxtəlif sahələrində, xüsusən tibdə, maarifdə (yə`ni cismin və ruhun sağlamlığında) müsbət və fəal bir qüvvəyə çevirir. Qur`ani-Məcid iki yerdə hicabı qadınlara vacib edir. Peyğəmbər (s) və imamlar (ə) da həmçinin buna çox tə`kid edirlər.

Hicab həqiqi azadlığın aradan getməsi üçün səbəb deyil, əksinə insanın həqiqi azadlığının carçısı, amili və onları əyri yollardan, tüfeyli həyat sürməkdən doğru və düzgün yollara sövq edir.

Bir gün səhabələr Həzrət Rəsulullahın (s) hüzurunda idilər. Həzrət (s) onlardan soruşdu: “Qadın üçün ən yaxşı şey nədir?”

Heç kəs düzgün cavab verə bilmədi. Həzrət Əli (ə) Peyğəmbərin (s) sualını Fatimədən (s) soruşdu. Fatimə (ə) buyurdu: “Qadın üçün ən yaxşı şey odur ki, özgə kişiləri görməsin və özgə kişilər də onu görməsin”.

Peyğəmbər (s) bu sözləri eşidəndə sevindi, cavabı bəyəndi və buyurdu: “Fatimə (ə) mənim bədənimin yarısıdır”.[194]

İran və Əlcəzair inqilablarında qadının hicabı düşmən əleyhinə şəhidlərin qanından da güclü silah idi. Beləliklə, hicab bədbəxtlik və fəlakət amili deyil. Əksinə hicabsızlıq bədbəxtlik amilidir. Hicab isə inkişaf və ümidverici amildi.

2-Qızların və qadınların ailə qurması

Qız həddi-büluğa çatanda oğlanlar kimi evlənmək onun üçün də təbii olur. Bundan imtina etmək axar suyun əksinə üzmək kimi bir işdir. Bu, təkcə onun inkişafının qarşısını almaqla nəticələnmir, onu süquta uğradır. Xülasə, ailə qurmaq məsələsində qadının hüququna kamil şəkildə riayət olunmalıdır. Hər şeydən mühüm budur ki, evlənmək məsələsində toyu çətinləşdirmək, bərbəzəkli keçirmək, boş və mə`nasız xərclərə yol vermək kimi lazımsız əməlləri hər iki tərəf aradan qaldırmalıdır. Toy İslamın ilk vaxtlarındakı kimi çox sadə keçirilməlidir ki, hər iki tərəfdən heç kəs məşəqqətə düçar olmasın. Kişi azad olduğu kimi qız və qadınlar da özlərinə həyat yoldaşı seçməkdə azaddırlar. Belə işlərdə gərək qız və qadının şəxsiyyəti sınmasın. İki həyat yoldaşının razılığı və mehriban olmaları üçün gərək lazım olan tədbirlər görülsün. Bir sözlə, əgər kişi ilə qadının İslami hüquqlarına riayət olunsa, bir çox problemlər öz düzgün həllini tapacaq.

Həzrət Peyğəmbər (s) buyurub: “İslamda Allah yanında evlənmək kimi sevimli heç bir əməl yoxdur”.[195]

İmam Sadiq (ə) buyurub: “Evlənməkdə əsas götürülən ölçü iffət və namuslu olmaqdır.[196]

Həzrət Peyğəmbər (s) buyurub: “Qızınız üçün elçi gələnin yaxşı əxlaqı və dinindən razı qalsanız, ona müsbət cavab verin. Əgər belə etməsəniz, böyük bir fitnə-fəsad bərpa olacaq”.[197]

Əlbəttə, oğlanın razılığı lazım olduğu kimi, gərək qızın da razılığına kamil şəkildə riayət olunsun. İndi isə bu əhvalata diqqət yetirin:

Peyğəmbərin dövrü idi. Cavan bir qızın atası, məsləhətləşmədən onun ailə qurması üçün toy tədarükü gördü. Cavan qız Peyğəmbərin (s) hüzuruna gdərək atasının bu əməlinə şiddətlə e`tiraz etdi. Peyğəmbər (s) o kişini hüzuruna çağırıb danladı və bu növ ailə qurmanı batil saydı. Qız Peyğəmbərin (s) və sonra da qohum-əqrəbasının yanına getdi və dedi: “Mən həqiqətdə bu evlənməyə razı idim. Ancaq istəyirdim qızlar başa düşsünlər ki, atalarının qızlarını ərə verməkdə tam ixtiyarları yoxdur”.[198]



Geri   İrəli
Go to TOP